Super User

Super User

Четверг, 06 Февраль 2025 10:44

Aberdində 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

Şotlandiyanın Aberdin şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Diaspor fəalı Billurə Bayramova-Bernardın ailəsinin təşəbbüsü və Aberdin Universiteti Azərbaycan Cəmiyyətinin (ASUA) iştirakı ilə baş tutan tədbirdə Azərbaycanın musiqiləri, milli adət-ənənələri, zəngin mətbəxi nümayiş olunub.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan diasporunu bir araya gətirən tədbirin keçirilməsində məqsəd ölkə xaricində təhsil alan gənclərimizi bir araya gətirmək, onlarda Azərbaycançılıq ideologiyasının yaşaması və milli birlik hissinin daha da gücləndirilməsinə imkan yaratmaqdır.

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq tədbirin təşkilinə dəstək göstərib, ASUA-nı müxtəlif təbliğat materialları, milli geyimlər və bayraqlarla təmin edib.

Qeyd edək ki, diaspor fəalı Billurə Bayramova-Bernard və ASUA mütəmadi olaraq bu cür tədbirlər təşkil edir, xaricdə yaşayan gənc soydaşlarımızın öz köklərindən uzaq düşməməsinə, Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliğinə töhfə verir.  

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Четверг, 06 Февраль 2025 10:33

Dünən onun məzarı tər güllərə bürünmüşdü

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Dünən onun növbəti onsuz keçən doğum günüydü, I Fəxri Xiyabandakı məzarı tər gül-çiçəyə bürünmüşdü. İnsanlar bu böyük sənətkarı anmağa gəlmişdilər...

 

Sənət elə bir möcüzədir ki, ona toxunan hər kəs ya onun sehrinə düşür, ya da özü bu sehri yaradanlardan birinə çevrilir. Azərbaycan muğamının nəhəng simalarından biri, unudulmaz xanəndə Əlibaba Məmmədov da məhz belə bir sənətkar idi. O, öz səsi və ifa tərzi ilə insan ruhuna toxunur, dinləyicilərini bəzən hüznə, bəzən də ilahi bir rahatlığa qərq edirdi. Onun muğama gətirdiyi yeniliklər və yaratdığı musiqi xəzinəsi yalnız Azərbaycan mədəniyyəti üçün deyil, bütün Şərq musiqisi üçün əvəzsiz mirasdır.

 

Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989),musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi, ictimai xadim, Şöhrət,  Şərəfİstiqlal ordenli Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının qədim, sənətə möhkəm bağlı Maştağa kəndində dünyaya göz açıb. O torpağın nəfəsi, küləyin qoxusu, dar küçələrində səslənən muğam ona beşiyindəcə sirayət etmişdi. Bəlkə də elə buna görə idi ki, səsi həm ana laylası kimi sakitlik bəxş edir, həm də yurd həsrəti kimi qəlbi göynədirdi.

128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib. Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

 

Uşaq yaşlarından musiqiyə olan marağı onu böyük ustadların dərgahına apardı. Seyid Şuşinski kimi bir dühanın tələbəsi olmaq, ondan muğamın sirlərini öyrənmək, sanki qədim bir irsi daşımaq demək idi. Amma Əlibaba Məmmədov bu irsi yalnız qorumaqla kifayətlənmədi, onu yeni çalarlarla zənginləşdirdi. Bir müddət sonra onun səsi təkcə ustadlarını deyil, bütöv bir xalqı heyran qoydu.

 

Onun ifasında muğam yeni bir həyat qazanırdı. Hər bir səs, hər bir titrəyiş qəlbin dərinliklərindən süzülüb gəlirdi. "Rast", "Bayatı-Şiraz", "Şur" muğamlarını elə oxuyurdu ki, adam sanki bir qədim dastanın içində özünü tapırdı.

Amma Əlibaba Məmmədov təkcə möhtəşəm bir xanəndə deyildi, o, həm də bəstəkar idi. "Azərbaycan", "Bənövşə", "Qoca dağlar" kimi mahnıları xalqın ruhuna hopmuşdu. O, mahnılarında təkcə melodiyanı deyil, torpağın nisgilini, suyun şırıltısını, yellərin pıçıltısını da canlandırırdı.

Onun bəstələdiyi "Vətən yaxşıdır" təsnifi illər sonra yeni bir ruh, yeni bir anlam qazandı. Şəhid Xudayar Yusifzadənin səsində bu təsnif başqa bir ahəng tapdı, başqa bir fədakarlıq simvoluna çevrildi. O gün Əlibaba Məmmədovun musiqisi Vətənin torpağına qarışdı, şəhid qanına, qəhrəman ruhuna bələndi. Bəlkə də bu, sənətin əbədiliyinin ən böyük sübutu idi: bir sənətkar dünyadan köçsə də, onun səsi yeni nəsillərin ruhunda yenidən doğulurdu.

 

Ömrü Boyu Muğama Bağlılıq və Əbədi Yaşayan Səs

 

Əlibaba Məmmədov muğamın keşikçisi idi. Onun səsi hələ də  köhnə lent yazılarında, radio dalğalarında səslənir və hər dəfə insanlara keçmişin şirin xatirələrini, muğamın əbədi sehri ilə dolu dünyasını xatırladır.

Amma mənim üçün o, sadəcə bir böyük sənətkar deyil. Mən onun doğulduğu torpağın adamıyam. Eyni küçələrdə addımlamışıq, eyni küləyin sərtliyini hiss etmişik. Onun səsi mənə tanışdır, çünki o, bu torpağın səsidir.

Əlibaba Məmmədov 25 may 2022-ci ildə 92 yaşında bu dünyadan köçdü.

Birinci Fəxri Xiyabanda dəfn olundu.

Amma onun səsi hələ də yaşayır. Və bilirsinizmi, muğam heç vaxt susmaz… Çünki onu oxuyan torpaq, onu dinləyən xalq sağdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Rubrikanı təqdim edir:

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Davud Nəsib həftəsi davam edir.

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.

Bu gün sizlərə “Əkizlər” şeirini təqdim edəcəyik.

 

Atasız böyüyüb ata oluram,
Sanki bir palıd da ucalır yerdən.

Ay keçir,
İl ötür yaşa doluram,
Deyirlər, atama oxşayıram mən.

Atamtək yaşasam,
Kamımı allam, —
Deyərəm, ay ellər,
Bilin, varam mən.

Darıxma, vaxt gələr bir ata ollam —
Dünyaya bir ata qaytararam mən.

Mənə, sənsiz-sənsiz açılır səhər,
Keçər sənsiz-sənsiz il aram-aram.

Şair gördüyündən yazar deyiblər,
Mən səni görməyib səndən yazıram.

Mənim xəyalımda sən də bir zaman
Dağı dağ üstünə qoyardın, ata
Sən ki, cavan getdin o vaxt dünyadan,
Qalsan: “Qocalmışam” deyərdin, ata.

İllər niyə, belə aşıb-daşdınız?

Dərdə də, qəmə də
Biz sirdaş olduq.

Ata, siz həyatda üç qardaşdınız

Biz isə,

Böyüyüb beş qardaş olduq.

Günlər tez ötsə də əsən yel təki,
Mən sənsiz böyüyüb yaşa dolmuşam.
İllər elə keçib,
Coşqun sel təki,
Ata, səninlə mən
Yaşıd olmuşam.

Evləri atasız
Edəndə zaman, —
Neçəsi mənimtək batıbdır yasa.
Sənə oxşayıram boydan-buxundan,
Nə dərdim,
Əməlim sənə oxşasa.

Çağırsam,
Harayım sənə çatarmı?
Axı, bilməyirəm
Harda qalmısan?

Ay ötüb,
İl keçib — xəbərin varmı?

Oğlunun yaşında baba olmusan.

Sənə oxşayıram,

Sirdən-sifətdən.

Durmuşuq səninlə evdə üz-üzə,
Ata,
Şəklimizi böyütmüşəm mən —
Şəkildə  “ ekizlər “ deyirlər bizə.

 

 “Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bildiyiniz kimi, “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.

Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərovanın və media rəhbəri Turab Teymurovun mediaya 

verdikləriaçıqlamaya görə, bu il ölkəmizi İsveçrənin Bazel şəhərində “Mamagama” qrupu təmsil edəcək.

 

Deyəcəksiniz, bu nə qrupdur belə? Əlbəttə ki, çoxunuz onun adını ilk dəfədir ki, eşidirsiniz. 

2021-ci ildə yaradılan “Mamagama” qrupu rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır. Azərbaycanın musiqi səhnəsində ən yenilikçi qruplardan biri olaraq özünü təsdiq edib. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb. Hətta daha əvvəl qrup Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. 

“Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.

İndi “Mamagama” 3 nəfərdən ibarətdir: 

Asəf - frontmen və əsas vokalçı, 

Hass - gitara ifaçısı, 

Arif - zərb alətləri.

Azərbaycanı təmsil etmələrindən danışan Asəf belə bir açıqlama verib: “Bu qədər böyük bir səhnədə Azərbaycanın mədəniyyətini təmsil etmək mənim üçün böyük bir şərəfdir. Doğulduğum torpağa dərin sevgi bəsləyirəm və bu müsabiqə, onun gözəlliyini və ruhunu bütün Avropa ilə paylaşmağım üçün bir fürsətdir. Yaxın zamanda açıqlanacaq mahnımız ölkəmizin ruhunu tam əks etdirir. Biz inanılmaz dərəcədə həyəcanlıyıq. İnanıram ki, çıxışımız yaddaqalan bir təəssürat yaradacaq”.

 

Bazeldə keçiriləcək 69-cu Avroviziya mahnı müsabiqəsi mayın 13-dən 17-nə qədər davam edəcək. “Mamagama” mayın 13-də birinci yarımfinal mərhələsinin ikinci hissəsində çıxış edəcək.

Təmsilçi qrupun müsabiqədə hansı mahnı ilə çıxış edəcəyi və səhnə performansıyla bağlı əlavə məlumat yaxın günlərdə açıqlanacaqsa belə, qrup haqda ilkin peşəkar rəylər heç də ürəkaçan deyil. Ölkə mediasında, eləcə də TV-lərin şou xəbərlərində “Mamagama” qrupunun doğru seçim olmadığını, hətta finala belə vəsiqə qazanmayacağını bildirənlər çoxdur. 

Bu qrupun YouTube kanalına yüklədiyi kliplərinin baxış sayının cəcmi 5-7 min olması elə çox şeydən xəbər verir. 

Və ümumiyyətlə, qitədə müsabiqənin nüfuzi düşdükcə Azərbaycanda da seçim məsələsi bayağılaşdırılır. Bü münvalla “Avroviziya-2030”-a Azərbaycandan hansısa bir kənd klubunun solistinin gedib çıxacağı da istisna deyil. 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan-sovet bəstəkarı və pedaqoqu Qara Qarayevin növbəti doğum günü qeyd edildi. Qara Qarayev adı Azərbaycanda böyükdən kiçiyə hamıya tanışdır. Azərbaycanın musiqi xəzinəsini “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” kimi ölməz baletlərlə zənginləşdirən bu şəxsə sevgimiz və sayğımız əbədidir.

 

Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub. 1925-ci ildə o, konservatoriya yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç Kozlov ilə tanış olub. Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi. Bu haqda o belə demişdi: "O Bakıda çıxış etmiş bütün artistlərlə çalmışdı və çoxları bilirdi ki, Bakıya akkompaniatorsuz da yollanmaq olar".

Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs almışdır. Üzeyir Hacıbəyovun sinfində "Azərbaycan xalq musiqisinin əsasları" fənnini keçirdi. Hacıbəyov ilk andan onun gələcəkli istedadını aşkarlaya bilmişdi. Sonralar Qara Qarayev belə söyləyirdi:"O, əgər belə desək, mənim milli ruhum uğrunda çarpışırdı."

1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələmişdir. Həmin ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.

1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləmişdir. 1943-cü ildə birinci simfoniyanı yazmışdır.

Qara bəyin yaradıcılığında vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil etmişdir. İkinci simfoniya, Cövdət Hacıyevlə yazdığı "Vətən" operası, "Ürək mahnısı" kantatası, "Səadət mahnısı", "Azərbaycan" süitası belə əsərlərdəndir. 

Saysız-hesabsız tələbə yetişdirirdi. Onun tələbələri yüksək professionallığı və individuallığı, xüsusi, özlərinə məxsus dəst-xətti ilə seçilirlər.

Onun yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət edilmişdi, o, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır.

 

Operaları

 

Vətən (1945)

Zəriflik (1972)

 

Baletləri

 

Yeddi gözəl (1952)

İldırımlı yollarla (1958)

Leyli və Məcnun (1969)

 

Müziklları

 

Çılğın qaskoniyalı (1973)

 

Xor, solistlər və orkestr üçün — kantata və oratoriyaları

 

Könül nəğməsi (1938)

Səadət nəğməsi (1947)

Partiyamızdır (1959)

Lenin (1970)

Dostluq himni (1974)

 

Orkestr üçün — simfoniyaları

 

Birinci simfoniya (Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə) (1944)

İkinci simfoniya (1946)

Alban rapsodiyası (1952)

Üçüncü simfoniya (kamera orkestri üçün) (1965)

Qoyya (Yaşlılar və uşaq xorları və simfonik orkestr üçün) (1979)

Don Kixot (1960)

 

Gördüyünüz kimi, çox zəngin bir isdir.

Böyük bəstəkar 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. Bəstəkarın qəbir daşını memar Tələt Xanlarov hazırlamışdır.

Allah rəhmət eləsin. Amin” 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Четверг, 06 Февраль 2025 08:30

İctimaiyyət Qara Qarayevin məzarını ziyarət edib

Ötən gün, fevralın 5-də dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin doğum günündə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək böyük ustadın xatirəsini ehtiramla yad edib, onun məzarı üzərinə gül dəstələri düzüblər.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, bəstəkar Tural Məmmədli, bəstəkar İlahə Qismət həmçinin onun dahi bəstəkarın milli musiqimizin inkişafında müstəsna rolunu vurğulayıb, onun zəngin yaradıcılığından bəhs ediblər.

 

Bildirilib ki, Qara Qarayev milli və ümumbəşəri miqyasda tanınan yaradıcılığı ilə yeni yollar açan yenilikçi bəstəkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatında xüsusi əlamətdar hadisəyə, bayrama, Azərbaycan mədəniyyətində dönüş nöqtəsinə çevrilib. Dünyaşöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və başqa ölkələrdə keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub.

 

Bəstəkarın Nizaminin eyniadlı poeması əsasında hazırladığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında bəstələdiyi “İldırımlı yollarla” baletləri dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyulub. Azərbaycanda bu janrda yaradılmış əsərlər sırasında Qara Qarayevin ilk simfoniyası mühüm yer tutur. “Don Kixot” simfonik qravüraları, Nizaminin poeması əsasında hazırlanmış “Leyli və Məcnun” simfonik poeması, “Vyetnam süitası” kimi əsərlər bəstəkarın yaradıcılığının dəyərli səhifələridir. O, bir çox filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında dastan”, “Uzaq sahillərdə” və digər ekran əsərlərinə musiqi yazıb.

 

Qara Qarayev “Vətən” (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında hazırlanmış “Zəriflik” operalarının müəllifidir. Bəstəkar 24 prelüddən ibarət silsiləsini, skripka və fortepiano üçün sonatasını, simli kvartetləri kamera-instrumental musiqi janrına çevirib. Qara Qarayevin A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Ürək nəğməsi”, “Xoşbəxtlik mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

 

Firəngiz Əlizadə jurnalistlərə müsahibəsində bildirib ki, Qara Qarayev təkcə dahi bəstəkar deyil, həm də gözəl insan, görkəmli pedaqoq olub. O əlavə edib: “Hər zaman deyirəm ki, Azərbaycanda Qara Qarayev kimi bir neçə bəstəkar olsaydı, çox gözəl olardı”.

 

Bəstəkarın qızı, pianoçu Züleyxa Qarayeva jurnalistlərlə söhbətində atası ilə bağlı xatirələrini bölüşüb. O deyib: “O, çox yaxşı və dürüst insan, intizamlı, gözəl ata idi. Hər il buraya gəlirik, çoxlu insan toplaşır. Sonra onun doğulduğu ev-muzeyində doğum günü şərəfinə konsert verəcəyik”.

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişdirilməsində mühüm rol oynayan Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuzun özbək  dilində  yeni kitabı işıq üzü görüb. 

 

Yunus Oğuzun “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, nəfis şəkildə  tərtib olunan "Çinqizxon və Jaloliddin" adlı kitab Özbəkistanın  "BAYOZ" MMC şirkəti tərəfindən çap edilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

"Əlisa Nicat mənim atam Rəsul Rza haqqında da ağzına gələni danışırdı, ona şər atırdı. Halbuki sağlığında atamın yanından əl çəkmirdi, ətrafında fırlanırdı. Həmin Əlisadır. İndi də Səməd Vurğunu şərləyir". 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib. O, Xalq şairi ilə bağlı Əlisa Nicatın dediklərinə etiraz edib:

“Səməd Vurğun haqqında danışmaq üçün gərək adamın ləyaqəti olsun. Hər küçədən keçən böyük bir yazıçı haqqında ağlına gələni deyə bilməz. Təsadüfü adamların, cızma-qaraçıların böyük klassikləri təhqir etməsinə, küçə söyüşləri söyməsinə nə zaman son qoyulacaq?

Səməd Vurğunun oğulları yoxdur, mən sağam. İmkan verməyəcəm ki, Səməd Vurğun haqqında ağızlarına gələni danışsınlar. 

Səməd Vurğun şöhrətli adamdır. Bilirlər ki, onun adını çəkib, 2 gün gündəmdə olacaqlar. Gündəmdə olmaq üçün təkcə Səməd Vurğunu yox, elə dədələrini də satarlar”.

Yazıçı Əlisa Nicata təqaüd verilməsindən də söz açıb:   

“Əlisa Nicata 1 il təqaüd verdik. Ona görə də Yazıçılar Birliyini söyür. Bu da nanəcibliyin nümunəsidir. Əvvəlcə gəlib yalvarırlar, deyirlər, ehtiyacım var və s.  Sonra da məlum olur ki, ehtiyacları da yoxdur. Tonlarla kitablarını nəşr edirlər. Əlisa təqaüdü alandan sonra deyir ki, Yazıçılar İttifaqı lazımsızdır. Əgər lazımsızdırsa, gəl üzvlükdən  çıx da”. 

Qeyd edək ki, yazıçı Əlisa Nicat Lent.az-a müsahibəsində Xalq şairi Səməd vurğunu yaltaq adlandırıb:

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. “Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb.

 Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.

 Daha sonra sözlərinə belə davam edib: “Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam”.

Yazıçının S.Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

 

Azərbaycan Respublikası Milli Məclisi İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitədə keçirilən görüşdə ictimai birliklərlə iş sahəsində mövcud durum və perspektivlər müzakirə olunub. Yeni çağırışlara uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra qanunlarda müvafiq əlavə və dəyişikliklərin edilməsinə zərurət olması barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə Komitə sədrinin müavini Sahib Alıyev, Komitənin üzvü Azər Allahverənov, Komitənin eksperti Əkbər Qoşalı, Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı, Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, mətbuat xidmətinin rəhbəri Ülviyyə Qarayeva iştirak edib. 

Sonda İcraçı direktor Aygün Əliyeva Agentliyin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bir sıra nəşrləri komitə sədri Fazil Mustafaya təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

 Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Osmanlı tarixində sərt qaydaları və dəmir iradəsi ilə tanınan Sultan IV Murad 1623-cü ildə - cəmi 11 yaşında taxta çıxmış və qısa, lakin təsirli hakimiyyəti dövründə imperiyanı yenidən gücləndirmişdir. Onun adı qanun-qaydanı bərpa etməsi, içki və tütün qadağaları, eləcə də Bağdad səfəri ilə tarixə həkk olunub.

 

IV Muradın taxta çıxdığı illər Osmanlı tarixinin ən çətin dövrlərindən biri idi. Sarayda qətllər, xəzinənin tükənməsi və anarxiya hökm sürürdü. Dövlətin faktiki idarəsi əvvəlcə anası Kösem Sultan və vəzirlər heyətinin əlində idi. Lakin Murad böyüdükcə gücü ələ alaraq sərt idarə üsulu ilə ölkədə sabitliyi bərpa etdi.

 Sultan IV Muradın hakimiyyətinin ən diqqətçəkən cəhətlərindən biri sərt qaydaları idi. O, dövlətin zəifləməsinin əsas səbəblərindən birinin tütün, içki və əxlaqsız həyat olduğunu düşünərək bu vərdişlərə qarşı sərt tədbirlər gördü. Axşamlar küçələrdə içki içən və ya tütün çəkənlərə qarşı ciddi cəzalar tətbiq etdi. Hətta bəzi rəvayətlərə görə, Murad bəzən gecələr paltarını dəyişib adi bir vətəndaş kimi şəhərdə gəzərək qaydaları pozanları öz gözləri ilə görürdü. Onun sərtliyi nəticəsində bir müddət paytaxtda asayiş tamamilə bərpa olundu.

IV Muradın ən böyük hərbi uğuru 1638-ci il Bağdad səfəri idi. O, uzun illər Səfəvilərin əlində olan Bağdadı almaq üçün böyük bir ordu topladı. Qışın sərt soyuğuna baxmayaraq, özü ön cəbhədə döyüşərək Osmanlı əsgərlərinə ruh verdi. Bağdad 40 günlük mühasirədən sonra Osmanlının əlinə keçdi. Bu qələbə Muradın həm sərkərdə, həm də döyüşçü kimi nə qədər güclü olduğunu göstərdi.

Sultan IV Murad cəmi 27 yaşında vəfat etdi. Bəzi mənbələr onun serroz xəstəliyindən öldüyünü desə də, digər mənbələr onun ölümünü saray içindəki zəhərlənmələrlə əlaqələndirir. Onun hakimiyyəti qısa sürsə də, Osmanlı dövlətinin zəifləməsinin qarşısını aldı və imperiyanı yenidən gücləndirdi.

Sultan IV Murad təkcə sərt hökmdar deyil, həm də musiqiyə, şeirə və sənətə marağı olan bir padşah idi. Əsərlərində “Muradi” təxəllüsündən istifadə edirdi.

 O, Osmanlı tarixində qorxusuz döyüşçü, sərt qanunları olan padşah və nizam-intizamı sevən bir hökmdar kimi yadda qaldı. Əgər uzun müddət yaşasaydı, bəlkə də Osmanlı imperiyası daha uzun müddət gücünü qoruyub saxlaya bilərdi.

 


 Sultan IV. Murad və qorxmaz gənc

 Sultan IV Muradın adını eşidən hər kəs onun sərt qanunlarını, qorxmaz döyüşçü ruhunu və gecələr şəhəri təkbaşına gəzdiyini bilirdi. Bir gün o, yenə adi bir insan kimi paltarını dəyişib İstanbul küçələrinə çıxdı. Küçələr sakit idi, amma dar bir dalanda bir qrup adam pıçıltı ilə söhbət edirdi. Sultan səssizcə onlara yaxınlaşdı və qulaq verdi.

— Padşah çox sərtdir, bizə nəfəs almağa belə imkan vermir, — deyə biri dilləndi.

— Amma qorxuram, eşitmişəm ki, qanunu pozanları özü cəzalandırır, — digəri əlavə etdi.

 Sultan Murad gülümsədi. İnsanların qorxduğunu bilirdi, amma o, ölkənin qayda-qanunla idarə olunmasını istəyirdi. Elə bu anda arxadan cəsarətli bir səs eşidildi:

— Padşah nə edirsə, xalq üçün edir! Osmanlı dövlətinin güclü olması üçün dəmir yumruq lazımdır!

 Sultan Murad dönüb baxdı. Cavan bir oğlan idi. Gözü qətiyyətlə yanır, baxışları qorxu tanımırdı. Murad yaxınlaşdı və soruşdu:

— Sən niyə qorxmursan?

— Haqq olan yerdə qorxu olmaz! — oğlan inamla cavab verdi.

 Sultan bir anlıq dayandı, sonra gülümsədi. Oğlanın çiyninə toxunub dedi:

— Sən qorxmazsan, cəsarətlisən. Sabah saraya gəl, səni görmək istəyirəm.

 Ertəsi gün oğlan saraya getdi və Sultan Murad onu öz qvardiyasına qəbul etdi. O gündən sonra həmin gənc Osmanlının ən şücaətli əsgərlərindən birinə çevrildi. Murad isə bir daha anladı ki, xalq içində hələ də cəsarətli və sadiq insanlar var.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

 

           

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.