Super User

Super User

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

AzərTAC xəbər verir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

 

Fərmana əsasən, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

ABŞ-nin Nevada ştatının Las Veqas şəhərində "UFC Fight Night" 251 turniri keçirilib.

Turnirdə qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıxov UFC promouşenində növbəti qələbəsini qazanıb. Yüngül çəkidə çıxış edən azərbaycanlı döyüşçü Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.

İlk raundun sonunda həkimlər Nazim Sadıxovun rəqibinin aldığı zərbələrdən sonra döyüşü davam etdirə bilməcəyinə qərar veriblər və soydaşımız TKO (texniki nokaut) ilə qalib gəlib.

UFC-də 10-cu qələbəsini qazanan Nazim Sadıxovun döyüşdən sonrakı müsahibəsini aşağıdakı linkdə izləyə bilərsiniz:

https://youtu.be/oxDwm1-KCL8?si=TnMzoum00B1nNw7Z

 

"Ədəbiyyat və incəsənət"

(18.02.2025)

Xəbər verdiyimiz kimi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının həyata keçirilməsinə vətəndaş yardımı məqsədilə "Yüksək Mədəniyyətli Azərbaycan Vətəndaşı" adlı innovativ kulturoloji layihə həyata keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalına “Simurq” AMA-dan verilən məlumata görə, 14 fevral 2025-ci il tarixində, Azərbaycan Atatürk Mərkəzində, “Simurq” AMA-nın sözügedən layihə üzrə təşkil olunmuş növbəti Kulturoloji elmi oxunuşlar keçirilmişdir. Layihə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının ruhi mədəniyyətinin prioritet inkişafının zəruriliyi haqqında tövsiyyələrini həyata keçirilməsini təşviq etmək məqsədi daşıyır. Layihə həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra, “Yeni dövr”ə nəzərdə tutulan, Azərbaycanın yeni sosial-mədəni strategiyası vəzifələrinin həyata keçirilməsinə vətəndaş yardımı missiyasını daşıyır və Azərbaycan Mədəniyyət Nazirliyinin qrantı ilə həyata keçirilir.

Fevralın 14-də keçirilən oxunuşlarda üç kulturoloji məruzə dinlənilib. Oxumalarda tanınmış elm və incəsənət xadimləri, universitet professorları, məktəb müəllimləri, jurnalistlər, qeyri-hökumət təşkilatlarının və dini icmaların nümayəndələri, muzey və kitabxana işçiləri, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidentləri, Azərbaycan kulturoloqlar Cəmiyyətinin üzvləri iştirak ediblər. Tədbiri “Simurq” AMA-nın vitse-prezidenti, professor Səlahəddin Əyyubov idarə edib.

“Yüksək mədəniyyətli insan davamlı inkişaf üçün bərpa olunan strateji resurs kimi” mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, Azərbaycanda kulturologiya elminin banisi Fuad Məmmədov çıxış edib. Natiq cəmiyyətin həyatının müxtəlif sahələrini təmsil edən, tam sosial sistem olan mədəniyyət fenomeninin düzgün başa düşülməsinin vacibliyini vurğulayıb. O, ölkənin rəqabətədavamlı insan kapitalının özəyi, Azərbaycan cəmiyyətinin və dövlətinin davamlı və təhlükəsiz inkişafı üçün əsas hərəkətverici qüvvə olan, yüksək mədəniyyətli azərbaycanlıların formalaşması və inkişafında Azərbaycanın mədəni elitasından dövlətə göstərilən yardımın aktuallığını vurğulayıb.

Fuad Məmmədov milli inkişafın tələblərinə və müasir sivilizasiyanın çağırışlarına uyğun olaraq, Azərbaycan kulturologiya elminin nailiyyətlərindən ölkənin sosial-mədəni inkişafında, dövlət quruluşunda və idarə olunmasında praktiki istifadəyə yönəlmiş elmi tövsiyələr verib. 

Professor onu da qeyd edib ki, bu layihə Azərbaycanda kulturologiya elminin nailiyyətlərini və onun dünya kulturologiyasının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən tanınmış xarici alimlərin marağına səbəb olub. Livanlı alim, akademik Süheyl Fərəh qeyd edib ki, “Azərbaycanda kulturologiya elminin banisi, professor Fuad Məmmədov dünya əhəmiyyətli əfsanəvi şəxsiyyətdir. Bu gün Fransanın kulturoloji məkanında belə alimlər yoxdur. Onun yaratdığı fundamental kulturoloji əsərlər dünyanın bir çox ölkələri üçün nümunə ola bilər”.

 Tanınmış kulturoloq-yaponşunas, “Bakinskiy raboçiy” qəzetinin baş redaktor müavini, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü Əbülfəz Babazadə “Kulturologiya və müasir siyasi mədəniyyət kontekstində Azərbaycanın davamlı inkisaf perspektivləri” mövzusunda məzmunlu məruzə edib. O, çıxışında XXI əsrdə Azərbaycanın mədəni və siyasi strategiyaları arasında əlaqəni, milli mədəniyyətin qorunub saxlanılması və ölkənin qlobal siyasi arenada mövqelərinin möhkəmləndirilməsi məsələlərini təhlil edib. Cəmiyyətin inkişafında mədəniyyətin əsas rolu və onun davamlı inkişaf konsepsiyasında əhəmiyyəti vurğulanıb. Məruzədə intellektual və mənəvi yetkinlik, analitik və tənqidi təfəkkür, estetik zövq, ünsiyyət bacarığı və sosial məsuliyyət kimi keyfiyyətləri ilə seçilən yüksək mədəniyyətli insan anlayışı da təhlil edilib. Yüksək mədəniyyətli şəxsiyyətin formalaşmasının əsas yolları arasında təhsil, tarixi-mədəni irsin qorunub saxlanılması, sosial-mədəni layihələr, fərdi yanaşma, beynəlxalq mədəni inteqrasiya və siyasi idarəetmə xüsusilə vurğulanıb.

Əbülfəz Babazadənin sözlərinə görə, siyasi mədəniyyətin inkişafında yüksək mədəniyyətə malik olan şəxsin rolu - demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi etikaya təsir, siyasi dialoqun inkişaf etdirilməsi və münaqişələrin həlli, eləcə də liderlik keyfiyyətlərinin yüksəldilməsi deməkdir. O qeyd edib ki, sabit və praqmatik siyasət yürüdən Azərbaycan mədəni diplomatiya vasitəsilə beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Bu kontekstdə o, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən beynəlxalq təşəbbüslərin – Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının, humanitar forumların, eləcə də BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) əhəmiyyətini vurğulayıb ki, bu da Azərbaycanın mədəniyyət siyasətinin uğurlarını nümayiş etdirir. Məruzədə, Azərbaycanın davamlı inkişaf kontekstində, mədəni və siyasi strategiya sahəsində əldə etdiyi nailiyyətlərin təhlili də öz əksini tapıb, burada davamlı inkişafın təmin edilməsində mühüm amil olan mədəni startaplara və innovativ layihələrə dövlət tərəfindən dəstək verilməsinə xüsusi diqqət yetirilib.

Daha sonra tanınmış kulturoloq-alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü, dosent Sədaqət Əliyeva “Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafında qadınların rolu” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Sədaqət xanım tənqidi kulturoloji təhlilə, müqayisəli və sistemli yanaşmaya əsaslanaraq, Qərbdə və Şərqdə qadınların cəmiyyətin inkişafında rolunun qiymətləndirilməsinin müxtəlif tarixi aspektlərini və ənənələrini önə çəkib, Azərbaycan qadınının tarix boyu milli mədəniyyətimizin inkişafına verdiyi töhfələri üzə çıxarıb, cəmiyyətin mənəvi dirçəlişində mühüm rolunu vurğulayıb. Eyni zamanda məruzəçi qeyd edib ki, Azərbaycanda qadın problemlərinin kulturoloji tədqiqi bütövlükdə milli mədəniyyətin sistemli şəkildə öyrənilməsi kimi intensiv şəkildə aparılır, lakin Qərb dünyasında aparılan araşdırmalarla müqayisədə Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlarda yeni ideyaların, yeni perspektivlərin və nəticədə yeni biliklərin yaranması prosesi hələ də bizim istədiyimiz qədər fəal hiss olunmur.

Müzakirələrdə Akademik Nizami Cəfərov, “Simurq” AKA-nın vitse-prezidentləri, professor Səlahəddin Eyyubov, politoloq Svetlana Bayramova, Valideyn-Müəllimlər Assosiasiyasının direktoru, kulturoloq Şain Rəcəb, Turizm Assosiasiyasının nümayəndəsi Rüfət Əliyev, Gülbəniz Kulman və başqaları məruzələri dəyərləndirmiş, maraqlı fikir və təkliflərlə çıxış etmişlər. 

Yüksək elmi və mədəni səviyyəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur. Təqdim olunan məruzələr, aparılan müzakirələr və irəli sürülən təkliflər gələcək tədqiqatlar və ictimai təşəbbüslər üçün mühüm baza təşkil edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 “Ədəbiyyat və incəsənət” portalının HƏR BİR SAHƏDƏ MƏDƏNİYYƏT

 

rubrikasında bu dəfə mövzumuz səhiyyə ilə bağlıdır. Səhiyyə sistemində mədəniyyətdən danışarkən, təbii ki, başlıca yerdə vətəndaş məmnunluğuna nail olmaqdır. Burada keyfiyyətli müalicə və müayinə xidməti ilə yanaşı, səhiyyə işçisi ilə pasient arasındakı nəzakətli davranış da basilica rol oynayır.

 

 

 

Sözü İsmayıllı RMX-nın PHŞ-in terapiya şöbəsinin həkim terapevti, ehtiyatda olan ədliyyə tibb xidməti mayoru Mehman Qədirova veririk.

 

 

 

Ölkəmizin inkişaf tempinin sürətlə irəliləməsi səhiyyə sektorunda da öz təsirini göstərmişdir. Hər il yeni səhiyyə tibb ocaqları mərkəzlərinin açılması, ən müasir tibbi avadanlıqlarla təhciz olunması, Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrin daha da sıx aparılması, beynəlxalq arenada öncül sıralarda mövqe tutmagımız səhiyyə sisteminin xidməti  işinin keyfiyyətinin yüksəlməsinə, kadr potensialının artırılmasına, əlaqələrin sıx bilgi mübadilələri ilə davam etdirilməsinə səbəb olmuşdur, səhiyyəmizin davamlı ardıcıl olaraq  inkişafı dövlətimizin diqqət və qaygısının bariz nümunəsidir.

 

Səhiyyə  xidmətinin inkişaf tempinin hər il yüksəlməsi nəinki paytaxtda, o cümlədən respublikamızın bütün şəhər və rayonlarında öz bəhrəsini verir. Eyni zamanda dövlət səhiyyə sektoru ilə yanaşı özəl səhiyyə sektorunun xidmətinin də beynəlxalq standartlara cavab verən kompleks şəkildə təmin olunmuş tibbi avadanlıqlarının və həkim kadr hazırlığının  peşəkar səviyyəsinin artırılması halına gətirilməsi ölkəmizin səhiyyə sektorunda böyük nailiyyətlər qazanmasının bir göstəricisidir. Səhiyyəmizin inkişaf etmiş dövlətlər arasında birgə irəliləməsi qürurverici bir hadisədir.

 

Tarixin səhifələrini vərəqləsək, görərik ki, çox da keçmis olmayan dövrdə, müstəqilliyimizin ilk illərində  vətəndaşlarımız respublikamızdan kənara digər regionlara öz səhhətləri ilə əlaqədar axın edirdilər. Dövlətimizin ilk müstəqillik illərində bu proses davam etsə də, artıq dövlətimizin bu günündə vətəndaşlarımız əsasən öz səhiyyə ocaqlarımıza müraciət edirlər, onların sağlamlıqlarının bərpasında, səhhətlərində olan çatışmazlıqların aradan qaldırılmasında, müayinə və müalicəsində ən yüksək xidmət səviyyəsinin şahidi oluruq.

 

Bununla da artıq digər dövlətlərin səhiyyə xidmətlərindən istifadə etmək ehtiyacı qalmır.

 

Onu da qeyd  etmək istəyirəm ki, aparılan səhiyyənin təşkili istiqamətləri  mükəmməl  səviyyə həddinə çatıb. ÜST standartlarına da tam uyğundur. 

 

Peşəkar ixtisaslı həkim heyətinin pasientlərin səhhətlərində baş verən mürəkkəb proseslərin araşdırılması, beynəlxalq standartlara uyğun  olaraq aparılması vətəndaş məmnunluğunu artırır, onların sosial rifahını yüksəldir, ölkəmizdən kənara çıxaraq digər səhiyyə xidmətlərinə müraciətlərə lüzum qalmadığından artıq vaxt  və maliyyə itkisinin qarşısını alır.

 

Onu da qeyd etmək olar ki, respublikamızın əksər rayonlarında çox müasir beynəlxalq tələblərə, standartlara uyğun xəstəxanalar, poliklinikalar inşa olunub, müasir avadanlıqlarla təmin olunub. Bütün bunlarla yanaşı, onuda qeyd etmək lazımdir ki, qarşıda hələ çox işlər də görülməlidir.

 

Vətəndaş məmnunluğunun regionlarda  artırılması üçün davamlı işlərin görülməsi vacibdir.

 

İlk növbədə aşağıda sadalanan mərhələlərin inkişafına yol açmaq nəzərdə tutulur:

 

 

 

1.Regionlarda ixtisaslı peşəkar iş təcrübəsi olan həkim kadr potensialının işə cəlb edilməsinin əsaslarının hazırlanması;

 

2.Alqoritmik proseslərin səhiyyədə tətbiqinin sürətləndirilməsi və tibbi protokollarla uzlaşdırılması;

 

3.Regionlarda yerləşən tibb məntəqələrinin fəaliyyətlərinin keyfiyyətinin artırılması, vətəndaşların sağlamlıq uçotunun alqoritmik qaydalarla aparılması;

 

4.Tibb məntəqələrində sakinlərin eyni qaydaya uyğun uçotunun aparılmasında ilkin olaraq xəstəlik agırlaşmalarının qarşısının alınması məqsədilə 

 

risk qrupuna aid  xəstələrin davamlı müayinə və müalicəsi üçün  müşahidə cədvəllərinin tərtibi;

 

5.Vətəndaş müraciətlərinin mobil rabitə onlayn qaydada təşkil edilməsi ilə səhiyyə xidmətinin təşkilinin keyfiyyətinin artırılması;

 

6.Regionlarda mərkəzi xəstəxanalarda  intensiv terapiya şöbələrinin fəaliyyətinin təşkil olunması;

 

7.Region xəstəxanalarına ixtisaslı həkim briqadalarının dəvət olunması qaydalarının hazırlanması;

 

8.Regionlarda fizioterapiya xidmətinin genişləndirilməsi, ambulator və stasionar otaqlar olmaqla avadanlıqların artırılması;

 

10.Kurort-sanatoriya işinin fəaliyyət mexanizmlərini yüksəltmək qaydalarının tətbiqi.

 

 

 

Ulu Öndərimizin Siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının iqtisadiyyatımızın inkişafında hər bir sahəsində olduğu kimi  səhiyyəyə verdiyi töhvəsi vətəndaşlarımızın sosial rifahı naminədir. Vətəndaşlarımıza bu şəraitin təşkili Ölkə başçısının dəstəyi qayğısı yorulmaz iş rejimindən fədakarlıgından irəli gəlir. Bu ili Prezidentimiz ölkəmizdə Konsitutsiya ili, Suverenlik ili elan edib.

 

Bu isə Şərqin qapısı sayılan Azərbaycan Respublikasının demokratiyaya qucaq aşmasından, öz müstəqilliyinə qovuşan dünya dövlətlərinin  ön sırasında olmasından xəbər verir.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(17.02.2025)

 

 

 

 

Bazar ertəsi, 17 Fevral 2025 18:11

2.5 milyonu kim udsa yaxşıdır?

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

Facebook sosial mediasında bir paylaşım diqqətimizi çəkdi. “Bizim Salyan” səhifəsi yazır ki, “Azərlotereya" sədrinin müşaviri Mikayıl Nəcəfov  lotoreyada 2,5 milyon dollar udub. 

 

Təbii ki, Azərlotereya özü bu xəbəri paylaşmaz. Amma Mikayıl Nəcəfovun salyanlı olması səbəbindən bu xəbər bax bu cür ictimailəşib.

Bilmirsən, buna güləsən, ya ağlayasan. Mən adamlar tanıyıram ki, hər dəfə balasının boğazından kəsib güzəranını düzəltmək üçün lotereya bileti alır. 2,5 milyon dollar 4 milyondan artıq manat eləyir. Və əgər bunu tirajı keçirən idarənin rəsmisi udursa, demək ortada əməl var. Halbuki, qanunla müəssisə əməkdaşlarına öz lotoreyalarında oynamaq yasaqdır. Gör özbaşnalıq nə həddə çatıb ki, heç nədən çəkinmirlər. 

İnsanlardan manat-manat qapazlaylb pulu bu cür həzm etməkmi olar? 

Biz çox istərdik ki, Azərlotereya “Bizim Salyan” facebook səhifəsini təkzib etsin. Etməsə, fakt doğru çıxsa, onda Azərlotereyaya ictimai boykot təşkil etmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Bazar ertəsi, 17 Fevral 2025 17:36

Yolunuza diqqət edin - ESSE

Zahid Teymurov, “Ədəbiyyat və incəsənət” üçün

 

 

İnsan həyatı A nöqtəsindən B nöqtəsinə uzanan düz bir xətt deyil. Bəzən bir günlük yolu illərlə addımlayırsan. Bəzən isə, bir omür yolunu bir günə dəf edirsən. Xoşbəxt, qayğısız, düşüncəsiz uşaqlığımı kənara qoysam, 17 yaşımdan yürüdüyüm həyat xətti iki zirvə arasında, uçurum üzərindən tarıma çəkilmış, külək və fırtınaların ayaqlarım altından qaçırmaq istədiyi bir kəndirə bənzəyir. 

 

...Axşam qəfildən düşdü. Darıxdım.Üşüdüm. Pencəyimi atıb çiynimə dağ yolu ilə addımladım. Gəldiyim yolun əvvəlinə getmək istədim. 17 yaşıma çox darıxdım. Qarşıdan iti addımlarla bir gənc gəlirdi. Rastlaşdıq. Ötəri gözlərimiz sataşdı. Ayaq saxlamadan ayrıldıq. Ürəyim sancaraq döyündü. Çöndüm. O, həyacanlı gözləri ilə dönüb mənə baxırdı. Yaxınlaşdıq. Diqqətlə üz cizgilərimi seyr edirdi.

   - Sən mənsən!? - qollarımdan yapışıb həyacanlandı.

   17 yaşım qarşımda idi.

   - Hə. Mən sənəm. 50 il aramızda yol var. Necəyəm?

    - Yaxşı görünmürsən, yorğunsan, - diqqətlə başdan ayağa süzdü məni.

     Meşə kənarından çör-çöp yığıb tonqal qaladı. Oturduq. Titrək səslə soruşdu:

    - Atam...? Anam...?

   Dinmədim. Gözləri yaşardı.

    - Qardaşım...? Bacım...?

    Susdum. Anladı. Əlləri ilə üzünü ovuşdurub göz yaşlarını yaxdı uşaq sifətinə.

    - Mən olmaq istədiyim insan ola bildinmi? - ciddi şoruşdu.

    Həyacanla cavab gözləyirdi. Titrək alov 17 yaş cağında olan sifətində bərq vururdu. 50 il keçdiyim yolu səbrlə danışdım. Tez-tez kövrələrək, əlini qoyurdu çiynimə. 

    - Belə bir yol keçdim: heç kimi aldatmadım, heç nə oğurlamadım, heç nə yalvarıb istəmədim, heç kimin haqqına girmədim. Sən Vətən qorumaq üçün geydiyin libası ləyaqətlə daşıdım. Müharibə alovunda yandım, məğlub döyüşçü taleyi yaşadım, təslim olmadım, sonda qalib əsgər oldum. Ata-Ana öyüd-nəsihətinə naxələf çıxmadlm. Hər an məni qəlbində yaşadan, əli göylərdə məni dualarıyla qoruyan xanımla xoşbəxt kişi həyatı yaşadım. Duyğulu, sayqılı, insanlara, vətənə yardımçı, ləyaqətli övladlar böyütdüm. Sənə layiq nəvələrim var. Birinə sənin adını verdim. Mən hər an sən oldum. Sənin 17 yaşında olan saf insanlığına sadiq qaldım. 

     Gözləri parıldayırdı, baxışları danışırdı. Artıq tonqal da sönürdü. Ayrılmaq vaxtı idi. Qarşıda bir az da yolum qalmışdı. Onu da getməliydim. 17 yaşıma layiq getməliydim...

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.

 

Məhəmmədrza Ləvayi

Çikaqo

 

 

QORXURAM

 

Qorxumdan tez-tez içirəm

Vətəni içib qusuram tez-tez qürbətdə

Şəhər keflənir

Ayaqqabılarımın ürəyi bulanır

Dörd yanım yaman boşalıb

Yoldaşlarımı öldürdülər

Və məzarlarını mənim şeirlərimdə qazdılar...

 

Yamandan yaman qorxuram

Hər külüng səsini eşitdiyimdə Fərhad oluram

Hər körpü gördüyümdə Domrul oluram

Adım səsləndiyində əllərimi qaldırıb təslim oluram

Polislər xalqımdan daha çox məni səslədilər...

 

Yatmaqdan qorxuram

Yatarsam səni sevməkdən qırıla bilərəm

Heç bir evdə rahat deyiləm

Hər bir ev bir iqtidar müxalifət savaşıdır

Pəncərələr ziyalı, divarlar diktator...

 

Yatarsam dağları itirə bilərəm, ceyranlığını itirə bilərəm

İkimiz də dağları yaxşı bilirik

Ovçuları atlamaq üçün

Çox ceyran olmalısan o dağlarda...

 

Nə yazıq ki, o dağların ətəyində

Toplum

Başını baltanın sinəsinə qoyub yatan meşə...

 

Qorxuram

Oturub-durduğumuz yerlərdən qorxuram

Cəhalət ilə cəsarəti ayırd edə bilmədiyimiz dönəmdəyik

Kəpənək qurbağanın dilini çiçək sanar...

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk soyları tarixin qədim dövrlərindən etibarən Avrasiya coğrafiyasında geniş ərazilərə yayılan və mədəniyyətləri, dilləri, ənənələri ilə zəngin bir miras buraxan xalqlardır. Türk xalqları kökləri Orta Asiyaya gedib çıxan və zamanla müxtəlif istiqamətlərdə köç edərək fərqli bölgələrdə məskunlaşan tayfaların nəslindəndir.

 

Türk xalqlarının ilk izləri Altay dağları və Orta Asiya çöllərində meydana çıxmışdır. Hunlar, Göytürklər və Uyğurlar ən qədim türk dövlətlərini quraraq mərkəzləşdirilmiş idarəetmə sistemlərini inkişaf etdirmişlər. Xüsusilə Göytürklər, ilk dəfə “Türk” adını dövlət adı kimi istifadə etmiş və Orxon-Yenisey yazıları ilə yazılı ədəbiyyatın təməlini qoymuşlar.

 Əməvilər və Abbasilər dövründə İslamla tanış olan türklər İslamı qəbul etdikdən sonra geniş ərazilərdə siyasi güc qazandılar. Qəznəvilər, Səlcuqlular və sonradan Osmanlılar kimi böyük imperiyalar qurdular. Xüsusilə Səlcuqlular Anadolunun qapılarını İslam dünyasına açaraq, burada yeni bir mədəniyyətin təməlini atdılar.

 Bu gün Türk soyları əsasən Mərkəzi Asiya, Qafqaz, Anadolu və Şərqi Avropada məskunlaşmışdır.

Əsas türk xalqlarına aşağıdakılar daxildir:

 

• Türklər (Türkiyə və Kipr)

• Azərbaycanlılar (Azərbaycan və İranın şimalı)

• Qazaxlar (Qazaxıstan)

• Özbəklər (Özbəkistan)

• Türkmənlər (Türkmənistan)

• Qırğızlar (Qırğızıstan)

• Uyğurlar (Çinin Şərqi Türküstan bölgəsi)

• Tatarlar (Rusiya Federasiyasının Tatarıstan bölgəsi və Krım)

 

Türk xalqları arasında dil və mədəniyyət baxımından böyük bir yaxınlıq mövcuddur. Türk dilləri Altay dil ailəsinə mənsubdur və ümumi söz ehtiyatı ilə yanaşı, ortaq folklor, dastan və musiqi ənənələri də mövcuddur. Dədə Qorqud dastanları, Manas dastanı və Koroğlu dastanı bütün türk xalqları arasında məşhurdur.

Türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) qurulmuşdur. Bu təşkilat mədəniyyət, təhsil və iqtisadi sahələrdə birgə layihələr həyata keçirir və türk dünyası arasında əlaqələri gücləndirir.

Türk soyları tarixin hər dövründə güclü dövlətlər quraraq mədəniyyət və siyasətdə iz qoymuşlar. Bu gün də türk xalqları öz zəngin irsini qoruyaraq müasir dünyada mühüm rol oynamaqdadırlar.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Mənim ruhum, gəl, dayanma pəncərəmin çölündə. İçəri keç, bir az söhbət edək, dərdləşək. Sənə anlatmaq istədiyim o qədər şey var ki... Bəlkə bunların çoxunubilirsən, hiss edirsən. Bəhanələrim, gətirdiyim səbəblər səni yorub, bəlkə də.

 

Ancaq inan ki, mən də çox yorulmuşam. Sənə anlatmasam, daha da məhv olaram. Mənə elə baxma, nə olar. Mən o baxışları yaxşı tanıyıram. Hər dəfəsində qaçdığım, üzləşməkdən qorxduğum, baxmaqdan çəkindiyim o baxışları yenə mənə zilləmisən.

Məni günahlandırmaq üçün gəlmisən, yenə? Bu dəfə qoy, mən danışım, sən də məni dinlə. Nə bəhanə, nə bir səbəb axtarmadan içimdəki yanğını bir az da olsa sərinlətmək istəyirəm. Doğru deyirsən, mən günahkaram – içimdəki “məni”, “bizi” öldürdüyüm üçün. Bunu danmayacağam. Çox az vaxtlarda biz bir bütöv ola bildik. Birlikdə gülüb, birlikdə əyləndik. O zaman sadəcə ikimiz var idik. Kim hara getsə də, biz bir gedərdik. Yolumuz da bir idi, yönümüz də. Sonra mən o yola çıxmaz oldum. Səni tək qoymağa başladım. Mən də çoxluğa qarışıb öz yolumu unutdum, səni unutdum...

Mən səhv etdiyimi bilirəm, hər zaman da bilirdim. Sən məni günahlandırdıqca, mən hər dəfə susmağa çalışır, ya da səbəblər gətirməyə başlayırdım. Bəs bunları nə üçün etdiyimi bilirsən? Çünki sənə layiq deyildim. Səni özümdən uzaqlaşdırmaq istədim – layiq olduğun bədəndə xoşbəxt yaşamağın üçün. Sən mənimlə xoşbəxt ola bilməzsən. Mən artıq sənin gözlərinə belə baxa bilmirəm. Səndə özümü görməkdən qorxuram. Axı mən səni necə yanımda saxlayım? Mən həyatımın hər dövründə – istər uşaqlığımda, istərsə də gəncliyimdə – sənə əzab vermişəm. Səni görməzdən gəlmişəm.

Mənim üçün hər zaman başqalarının xoşbəxtliyi ön sırada idi. Sanki hər kəsin mənə ehtiyacı varmış kimi, ya da elə hiss etdirdikləri üçün.Mən özümə mərhəmətli olmağı bacarmadım. Onların duyğuları məni bir addım geri salırdı. Və hər dəfəsində bu artan addımlar məni yolumdan uzaqlaşdırdı. Mən yolumuzu itirdim, səni də itirdim. İndi də mən səni necə özümə bağlayım? Səni də bu uçurumun qurbanı edim? Bunu edə bilmərəm. Mən ruhsuz yaşamalıyam – bir daş parçası kimi. Parçalansam belə, məhv olmayan...

Bu yaşlanmaqda olan bədəndə səni qocalda bilmərəm. Sən azadsan və azad da yaşamalısan. Mən isə bir əsirəm – dustaq yaşamağa məhkumam.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

Bazar ertəsi, 17 Fevral 2025 15:31

PA – UORREN BAFFET: “Qətiyyətli olun!”

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

10-cu qayda:

 

Qətiyyətli olun!

 

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

 

1-ci qayda:

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

5-ci qayda:

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

6-cı qayda

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

7-ci qayda:

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

8-ci qayda:

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

9-cu qayda:

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.