Rubrikanı təqdim edir:
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Əkizlər” şeirini təqdim edəcəyik.
Atasız böyüyüb ata oluram,
Sanki bir palıd da ucalır yerdən.
Ay keçir,
İl ötür yaşa doluram,
Deyirlər, atama oxşayıram mən.
Atamtək yaşasam,
Kamımı allam, —
Deyərəm, ay ellər,
Bilin, varam mən.
Darıxma, vaxt gələr bir ata ollam —
Dünyaya bir ata qaytararam mən.
Mənə, sənsiz-sənsiz açılır səhər,
Keçər sənsiz-sənsiz il aram-aram.
Şair gördüyündən yazar deyiblər,
Mən səni görməyib səndən yazıram.
Mənim xəyalımda sən də bir zaman
Dağı dağ üstünə qoyardın, ata
Sən ki, cavan getdin o vaxt dünyadan,
Qalsan: “Qocalmışam” deyərdin, ata.
İllər niyə, belə aşıb-daşdınız?
Dərdə də, qəmə də
Biz sirdaş olduq.
Ata, siz həyatda üç qardaşdınız
Biz isə,
Böyüyüb beş qardaş olduq.
Günlər tez ötsə də əsən yel təki,
Mən sənsiz böyüyüb yaşa dolmuşam.
İllər elə keçib,
Coşqun sel təki,
Ata, səninlə mən
Yaşıd olmuşam.
Evləri atasız
Edəndə zaman, —
Neçəsi mənimtək batıbdır yasa.
Sənə oxşayıram boydan-buxundan,
Nə dərdim,
Əməlim sənə oxşasa.
Çağırsam,
Harayım sənə çatarmı?
Axı, bilməyirəm
Harda qalmısan?
Ay ötüb,
İl keçib — xəbərin varmı?
Oğlunun yaşında baba olmusan.
Sənə oxşayıram,
Sirdən-sifətdən.
Durmuşuq səninlə evdə üz-üzə,
Ata,
Şəklimizi böyütmüşəm mən —
Şəkildə “ ekizlər “ deyirlər bizə.
“Ədəbiyyat və incəsənət”
(06.02.2025)