Super User

Super User

Пятница, 07 Февраль 2025 10:32

“Əgər zəmanədə min mahruy dilbər, ola…”

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Haqqında söhbət açacağım şəxs düz 120 il bundan əvvəl dünyaya gəlib. Demək ki bu gün yubileyidir. O, dövrünün tanınan ədibi olub. Azərbaycan tarixinin ən mürəkkəb və ağrılı illərini yaşayıb. Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri, torpaqlarımızın Çar Rusiyası tərəfindən ikiyə parçalanması onun da ömründə şırımlar açıb.

 

Mirzə İsmayıl Qasir 1805-ci ilin 7 fevralında (indiki Ağdaş rayonunun) Ləki kəndində anadan olub. Yetkinlik yaşında Mirzə İsmayıl doğma kəndini tərk eləyir, sonradan həyat onu Kazan Universitetinin hüquq fakültəsində təhsilini davam etdirməyə aparacaq, təhsil aldıqdan sonra o, Lənkərana köçüb orada 2-sinifli ibtidai məktəbdə ana dili və şəriətdən dərs deyəcəkdi. Amma buna kimi onun həyatında bir Cənubi Azərbaycan dönəmi də var idi.

 

12-13 yaşlarında Cənubi Azərbaycanın Əhər qəsəbəsində yaşayan bacısıgilə getmiş və təhsilini davam etdirmişdir. 4 il burada oxuduqdan sonra Təbrizə getmiş, ərəb və fars dillərini, ədəbiyyat və fəlsəfəni mənimsəmişdir. Onun ədəbi fəaliyyətə başlaması da bu dövrə təsadüf edir.

 

Qasir şeirlərində təşbih, istiarə, mübaliğə, təzad, təkrir, kinayə, bədii sual, atalar sözləri və zərbi məsəllər kimi ədəbi-bədii fiqurlar işlətmiş, əsərlərinin forma, məzmun və şəkil xüsusiyyətləri onlarda ifadə olunan əhval-ruhiyyəyə uyğun olaraq həzəc, rəməl, xəfif, müzare, mürtəc, rəcəz, təqarib və s. bəhrlərdə yazılmışdır.

 

Qasir həm də rus dilini və rus ədəbiyyatını öyrənməyə maraq göstərmişdir. 1840-cı ildə Qaradonlu (indiki İmişli rayonu) Sərhəd İdarəsində tərcüməçi vəzifəsinə təyin olunmuşdur.

 

 

 

Qəzəlləri

 

1. Bos ki, əhsəndir yüzün heç nəqşi-digər istəməz

 

2. Dil meylini bir türreyi-şəbgirə salıbdır

 

3. Əgər zəmanədə min mahruy dilbər, ola

 

4. Gördüm yenə cananımı canan arasında

 

5. Həmişə könlüm ol məhparənin vəslini yad eylər

 

6. Şükrlillah ki, dünən bağ ara xürrəm idim

 

7. Qönçə görsə ləbini ağzını pünhan eylər

 

 Mərsiyəsi

 

Bu gecə Fatimənin didəsi gıryan olacaq

 

 

 

O, 1900-cü ilin 19 sentyabrında Lənkəranın Sütəmurdov kəndində vəfat etmişdir.

 

Allah rəhmət eləsin.

 

 Amin!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(07.02.2025)

 

 

Пятница, 07 Февраль 2025 10:14

Kitabxanada A.P.Çeхоvun yubileyinə videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində hazırlanan videoçarx rus yazıçısı, dramaturqu A.P.Çexova həsr olunub. Videoçarx dünya ədəbiyyatının klassiki, yazıçı, nasir, dramaturq, publisist, həkim, xeyriyyəçi Antоn Pavloviç Çeхоvun 165  illik yubileyi ilə əlaqədar hazırlanıb.

“Antоn Pavloviç Çeхоv – 165” adlı videoçarxda oxucu və izləyicilərə A.P.Çexovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Videoçarxda yazıçının M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fondunda olan bir neçə kitabı da nümayiş olunur. “Ə

Videoçarx kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:

 https://www.youtube.com/watch?v=X3kqKWIkLBA

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

 

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Biz baxırıq. Görürük. Amma hiss etmirik.

Darıxan bir şəhərin sükutunu dinləyirik, amma anlamırıq.

O küçələrin altında kimlərin çarəsiz pıçıltılarla kömək istədiyini düşünmürük.

Bəzilərimiz bu səs-küyü bəhanə edib başımızı çeviririk,bəzilərimiz isə tozun içində qalan vicdanlarımızı təmizləmədən yolumuza davam edirik.

 

Bir ana balasının kiçik əlini sonuncu dəfə sıxarkən,bir qızcığaz gözlərini qapadıb yuxusunda sağ qalan ailəsini axtararkən,bəziləri evlərinin isti küncündə oturub,

bu dağıntılara haqq qazandırır.

 

"Onlar günahkar idi."

"Sınanmaq üçün verildi."

"Tanrının qəzəbi belə olur."

 

Siz, insanlığın gözdən düşdüyü bu sətirləri rahatca deyə bilirsinizmi?

Günahsız bir uşağın başına uçan beton parçalarınıonun həyat hekayəsini bitirən bir nöqtə kimi görürsünüz?

 

Biz bu şəhərlə birlikdə dağıldıq.

Amma insanlar eyni qaldı.

Onların daş qəlbləri,dağıntılar altından çıxan son nəfəsin səsini eşitmədi.

 

Bəlkə də fəlakət təkcə torpağı deyil,bizim içimizi də yıxdı.

Bizi biz edən hissləri uçurub,yerində boşluq buraxdı.

 

Kim olacaq o anaya sarılıb "burdayam" deyən?

Kim olacaq dağıntılar altında qalan 17 yaşlı qızın cavabı?

Biz hələ də baxırıq,amma görmürük.

 

 

***

 

Hatay Zəlzələsi (6 Fevral 2023)

 

2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7.8 bal gücündə zəlzələ ölkənin bir çox bölgəsində böyük dağıntılara səbəb oldu. Ən çox təsirlənən bölgələrdən biri də Hatay oldu. Minlərlə insan həyatını itirdi, on minlərlə insan yaralandı və evsiz qaldı. Zəlzələdən sonra xilasetmə işləri uzun müddət davam etsə də, kömək gecikdi və bir çox insan köməksiz halda həyatını itirdi. Bu faciə təkcə binaları yox, insanların ruhunu da yıxdı.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Opera teatrlarının füsünkarlığı həmişə söz yeri olub. Milandakı La Skalanı, Nyu-Yorkdakı Metropoliteni çox vəsf ediblər. Elə bizim Bakının Opera və Balet Teatrı da öz misilsiz gözəlliyi ilə bakılıları heyran qoymaqdadır.

Amma çoxumuz xəbərsizik ki, dünyanın ən gözəl opera binaları beşliyində Cənubi Amerika təmsilçisi – futbol ölkəsi kimi, Leonel Messinin vətəni kimi tanıdığımız Argentinada yerləşən “Kolon” (Teatro Colón) adlanan teatr da qərarlaşıb.

 

Teatr barədə bilgi almaq üçün Azərbaycanın tanınmış memarı Cahid Həsənova üz tutduq. Cahid müəllim bizə aşağıdakıları izhar etdi:

 

Paytaxt Buanes-Ayresdə öz misilsiz gözəlliyi ilə göz oxşayan “Kolon”un bir adı da Kolumbun Teatrıdır. Əlbəttə ki, Xristofor Kolumbun şərəfinə belə adlanır.

“Kolon” teatrını haqlı olaraq Buenos-Ayresin fəxri adlandırırlar. Bu, Cənubi Amerikanın ən əsas opera səhnəsidir, klassik musiqi mərkəzidir. Opera həvəskarı olmasanız belə, buranı görməyə dəyər. “Kolon” şəhərin əsas turistik məkanıdır, şəhərə gələn əcnəbi qonaqlar “Boka Xuniors”la “River pleyt”in futbol meydançalarına mütləq tamaşa etdikləri kimi, “Kolon”a da tamaşa edirlər.

Teatrın binası özündə Renessans üslubunu daşıyır və iç məkanı da çox maraqlıdır.

"Kolon" teatrının interyeri çox gözəldir — mərmər pilləkənlər, klassik sütunlar, çoxsaylı heykəllər və qızıl bəzəklər. Burada həmçinin aktyorlar və izləyicilər üçün bütün rahatlıq şəraiti nəzərdə tutulub. Məsələn, parterdəki kreslolar bir-birindən kifayət qədər uzaqdır. Bu, xanımların bəzənib-düzənərək enli, iri paltarlarla cərgələrdən keçərkən heç kimə mane olmamaları üçün xüsusi olaraq edilmişdir.

İnşallah, qismət olsun, biz də bir gün gedib “Kolon”u görək.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yaradıcı adam çoxfunksional olanda imkan genişliyi qazanır, daha çox tanınmaq, əməyinin müqabilində daha çox qazanmaq, özünü daha yaxşı realizə edə bilmək üstünlükləri əldə edir. Haqqında söhbət açacağımız xanım da belə qism yazarlardandır.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimi keçirildi. Təqdimatda Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuz, Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru  Zemfira Məhərrəmli, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi Varis, Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının Baş redaktoru, şairə Nəzakət Məmmədova, "Azərbaycan" jurnalının Baş redaktorunun müavini Südabə Ağabalayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist  Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı,  kitabxana əməkdaşları və başqaları iştirak etdilər. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, bugün kitabxananın Xanım Aydının kitab təqdimatına evsahibliyi etməsindən böyük məmnunluq duyduğunu dilə gətirdi, şair, yazıçı Xanım Aydının yaradıcılıq nümunələrində olan səmimiyyətdən, insanın ən dərin, həssas duyğularını dilə gətirən poetik dünyasından söz açaraq, müəllifin əsərlərini böyük sevgi ilə yazıldığını və  çox maraqlı üsluba malik olduğunu bildirdi.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Xanım Aydının geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, Xanımın eyni zamanda bədii tərcüməçilik sahəsində də kifayət qədər dəyərli və dərin məzmunlu əsərləri, o cümlədən “Dostoyevskinin həyatı barədə” kitabını Azərbaycan dilinə tərcümə etdiyini, eyni zamanda uğurlu kinossenarilərin müəllifi olduğunu da söylədi.

Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xanım Aydının “Şair təbiətli nasir” olduğunu söyləyərək, onun “Sərçə”, “Rəngbərəng kəpənəklər” hekayələri ilə hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas məqamlara toxunduğunu bildirdi. Uzun illər müəllif ilə əməkdaşlıq etdiyini söyləyərək, onun bir çox əsərlərini redaktə etdiyini də dilə gətirdi.

 Əməkdar jurnalist Zemfira Məhərrəmli müəllif ilə ilk tanışlığının “Ulduz” jurnalının redaksiya heyətinin təşkil etdiyi “Yazı masanız” rubrikası çərçivəsində olduğunu yada salaraq, Xanım Aydının şeirlərinin bitkin nəzm nümunələri olduğunu bildirdi.

Yazıçı Yunus Oğuz ədəbiyyatda poeziya nümunələrinin bir anlıq dərin  hisslər fonunda yarandığını, nəsr əsərlərinin isə uzunmüddətli əməyin nəticəsi olduğunu bildirdi. Yunus Oğuz müəllifin “Torpaq” şeirinin təhlilini apararaq bu əsərin dərin poetik, romantik və eyni zamanda da “Yaradılış” mövzusuna həsr olunduğunu dilə gətirdi.

“Ulduz” jurnalının Baş redaktoru  Qulu Ağsəs ədəbiyyat mühitində gənc şair və yazarlar üçün yaradılan yaradıcılıq imkanlarından danışaraq Xanım Aydın ilə uzun illərə arxalanan dostluq münasibətləri və həmkar fəaliyyətindən söhbət açdı. Xanım Aydının qələmə aldığı istər şeirlərində, istərsə də hekayələrində Vətənə sevgi, yurda, torpağa bağlılıq, ana, övlad, ailə motivlərinin yüksək peşəkarlıq və istedad ilə təsvir edildiyini söylədi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müəllifin yaradıcılıq işığına toplanmış ədəbiyyat, mətbuat nümayəndələrinin söylədiyi dəyərli fikirlərə qoşularaq, Xanım Aydının istər peşəkar jurnalistika, istər yaradıcılıq, istərsə də  tərcüməçilik fəaliyyətində əsl fədakarlıq nümunəsi olduğunu, gözəl həmkar olmaqla yanaşı əsl Azərbaycan xanımına xas olan ana, qadın obrazını da çox uğurla  canlandırdığını bildirdi.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova, "Azərbaycan" jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı  və digər tədbir iştirakçıları Xanım Aydının bir yazıçı, şair, tərcüməçi, kinossenarist, sevilən mahnıların söz müəllifi kimi uğurlu fəaliyyətindən danışaraq, müəllifə gələcək işlərində uğurlar arzu etdilər.

Yazıçı Xanım Aydın müəllifi olduğu “Sərçə” hekayəsinin avtobioqrafik əsər olduğunu söyləyərək, hər bir yazarın qələmə aldığı mövzunu dərindən bilməsi, bütün qəlbi ilə duymasının əhəmiyyətindən danışaraq, “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimini mərhum atasının xatirəsinə ithaf etdiyini söylədi. 

Sonda müəllif Xanım Aydın kitablarını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi. 

Çoxu yazır. Yazdıqlarını külək sovurub aparır. Elə yazmalısan ki, qalsın, heç olmasa bir neçə sonrakı nəsil onu oxusun. Xanım da buna can atır. Və əmindir ki, mütləq hədəfinə çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Şəhadətindən sonra atası onun haqqında belə söyləmişdi: "O bir mələk idi. Yerdə çox yaşaya bilməzdi..."

Bu gün milli qəhrəmanımız Mübariz İbrahimovun doğum günüdür.

 

Kim idi Mübariz?! Mübarizi tanıtmaq üçün nə uzun, nə də bəzəkli cümlələrə ehtiyac yoxdur. Mübariz kim olduğunu və nələrə qadir olduğunu bir gecənin içində bütün dünyaya bəyan edib.

O, rütbəcə sadəcə bir gizir olsa da böyük bir ordu sanılan kəs idi. Mübariz ermənilərin cəsədindən belə qorxduqları kəs idi.

Mübariz içinə illərlə qəlpələr yığılmış bir qumbara, bir mina kimi idi sanki və hər mina kimi o da əvvəl-axır mütləq bir gün partlamalı və içindəki qəlpələri saçmalıydı. 

 

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonun Əliabad kəndində anadan olub. 1994-2005- ci illərdə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsil alıb. 13 yaşından etibarən idamnın boks növü ilə də məşğul olub.  O, orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılıb.

Hərbi xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə başlıyıb. Xidməti zamanı çavuş rütbəsi alıb və 2007-ci ildə çavuş rütbəsi ilə də hərbi xidmətini başa vurub. Mübarizin Komandiri Zaur Məcidovun sözlərinə görə O Mübarizə xidmət etdiyi bölükdə qalıb onlarla birlikdə xidmətinə davam etməyi təklif edib, lakin, Mübariz ona "Böyük bir məmnuniyyətlə sizinlə birlikdə xidmət edərdim, bu mənim üçün fəxrdir, amma ki, mən ön xətdə xidmət etmək istəyirəm"-, söyləyib.

Valideynləri əvvəl onun hərbiyə getməsinə razı olmadıqları üçün o, bir müddət bankların birində mühafizəçi və daha sonra BibiHeybət məscidində bağban kimi mülki işlərdə çalışdıqdan və  qərarında səbatlı olması ilə  ana-atasını razı saldıqdan sonra 2009-cu ilin avqustunda  gizir rütbəsi ilə hərbi qulluqçu kimi yenidən hərbi xidmətə başlayıb. 

2010-cu ilin aprel ayından etibarən isə öz israrları nəticəsində nəhayət istəyinə nail olub və hərbi xidmətinə Tərtər rayonun N saylı hərbi hissəsində düşmənlə təmas xəttində davam edib.

2010 cu ilin iyun ayının 18-dən 19 na keçən gecə Mübariz ailəsinə xitabən bir məktub yazıb qoyduqda sonra təkbaşına təxminən 1 kilometrlik minalanmış ərazini keçərək erməni tərəfinə sızmış və işğalçı ermənistan ordusunun çoxlu sayda əsgər və zabitini məhv etmiş və onlara məxsus olan silah anbarını partlatmışdır. Təqribən 5-6 saat ərzində bir ordu ilə təkbaşına savaşmış Mübariz bu zaman elə bir şərait yaratmışdı ki, ermənilər onların üzərinə böyük bir ordunun gəldiyini zənn etmişdi. 

Mübarizin təkbaşına  ernənilərə qarşı başlatmış olduğu bu qeyri-bərabər döyüş iyunun 19-da  səhər saatlarında onun şəhadətə qovuşması ilə başa çatır. 

Ermənistan tərəfi bir neçə ay qəhrəmanımızın nəşini qaytarmaqdan boyun qaçırıb, lakin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da Gizir Mübariz İbrahimovun və həmçinin şəhid baş leytenant Fərid Əhmədovun nəşini Azərbaycan tərəfinə təhvil vermişdir. 

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində  şəhidimizlə vida mərasimi keçirilib və o, ikinci Fəxri Xiyabanda dəfn olunub. 

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın milli qəhrəmanı" adı verilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Четверг, 06 Февраль 2025 18:42

Poçt göyərçininin apardığı məktub

 

Almaz Ərgünəş Bəyazid, “Ədəbiyyat və incəsənət” üçün

 

Arif Ərzad bizim poçtun müdiri olduğu üçün təbrik məktubunu göyərçinlə göndərdim.

Şanlı məktub!

Əziz və hörmətli Arif, əvvəla salam. Salamdan sonra biz tərəfin əhvalın xəbər almaq istəsən, biz sağ və salamat varıq , sizin də sağ və salamat olmağınızı gözəgörünməz Allahdan arzu edirəm.

Arif, sizin poçtu köcürəndən bəri tay o tərəflərə boylanmıram. 

Dünənə kimi yaz qoxulu hava artıq qış qoxuludur. Mən də qışı ömrümdən saymıram.

Günəşsiz gün mənlik deyil.

Deyəsən özümdən danışıram ha... Bəziləri Yubilyarın ad günündə söz verəndə özündən danışıb sonda da öz şeirini söyləyib oturanlar kimi...

Ədəbi mühitdə də aləm dəyib bir - birinə. İbrahimin " Necəsən"i maraqlı oldu. Qazıntılar zamanı onlarla "necəsən" çıxdı, qazıntılar altından. Sonda yenə finisə birinci İbrahim çatdı.

Əlisa  Nicatsa özunu filosof say sa  da sovet dövründə S.Vurgunun “bəzi yanlışlıqlarını” 

 filosofcasına izah etməyi bacarmadı. Buna görə də bir ucu qazaxlılardan tutmuş, hər kəs kişini abırdan saldı.

Biədəb ifadələr tənqid mədəniyyətimizin kasadlığından dan xəbər verdi.

Xətrimə dəyən o oldu ki, Əlisa Nicat uşaqkən sevdiyi qız haqqında əsər yazdığı halda, niyə Qarabağ həqiqətlərindən tarixi bir roman yazıb Əkrəm kimilərinin qarşısına çıxartmaq ağlına gəlmir?

Söhbətlər bir məktuba sığan deyil.

Sənə yaradıcılıq uğurları arzulayıram.

Tezliklə yeni təmirdən çıxacaq poçtda görüşənədək.

Məndən dostun Eyruza çoxlu salam söylə. Yaxsi kişidir.

Deyirlər, fevral ayı soyuq keçəcək .

Özünə isti papaq almağı unutma.

Sağ ol.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

5 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri növbəti dəfə ASAN könüllüləri ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlimata görə, tədbir “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində baş tutub.

Ülvi Mehdiyev gənclərin cəmiyyətin müxtəlif sahələrində, o cümlədən vətəndaşlara xidmətlərin göstərilməsi, sosial innovasiyaların tətbiqi zamanı fəal iştiraklarından söz açıb. O, ASAN könüllülərinin müxtəlif innovativ layihələrdəki rolunun, innovativ idarəetmə modelinin tətbiqi ilə bağlı uğurlu təcrübələrinin əhəmiyyətini diqqətə çatdırıb. 

Açıq müzakirə formatında davam edən görüşdə dövlət idarəçiliyinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb, gənclərin sulları cavablandırılıb.

 “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərinin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ və çevik şəkildə müzakirəsinə imkan verir.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Türkiyə Respublikasının  “TÜRKKEP” şirkətinin rəhbər şəxsləri və Slovakiya Respublikasının Xarici işlər Nazirliyinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində  “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. 

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə  BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını bildiriblər.

Görüş çərçivəsində nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Четверг, 06 Февраль 2025 13:45

“Müzəffər fateh" təqdim olunub

Accel Group" “Müzəffər fateh" adlı layihəsini təqdim edib. 

 

Axşam.az xəbər verir ki, əsərin söz və musiqisi Aysel Kərimə, ifa isə Əməkdar artist Mətanət İsgəndərliyə məxsusdur. 

Yaradıcılıq nümunəsinin ərsəyə gəlmə səbəbi 2024-cü il fevralın 7-də İlham Əliyevin inamlı qələbə qazanaraq yenidən prezident seçilməsi ilə əlaqədardır. 

Qeyd edək ki, Aysel Kərim ötən il Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının üzvü olub.

 

(06.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.