Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Biz baxırıq. Görürük. Amma hiss etmirik.
Darıxan bir şəhərin sükutunu dinləyirik, amma anlamırıq.
O küçələrin altında kimlərin çarəsiz pıçıltılarla kömək istədiyini düşünmürük.
Bəzilərimiz bu səs-küyü bəhanə edib başımızı çeviririk,bəzilərimiz isə tozun içində qalan vicdanlarımızı təmizləmədən yolumuza davam edirik.
Bir ana balasının kiçik əlini sonuncu dəfə sıxarkən,bir qızcığaz gözlərini qapadıb yuxusunda sağ qalan ailəsini axtararkən,bəziləri evlərinin isti küncündə oturub,
bu dağıntılara haqq qazandırır.
"Onlar günahkar idi."
"Sınanmaq üçün verildi."
"Tanrının qəzəbi belə olur."
Siz, insanlığın gözdən düşdüyü bu sətirləri rahatca deyə bilirsinizmi?
Günahsız bir uşağın başına uçan beton parçalarınıonun həyat hekayəsini bitirən bir nöqtə kimi görürsünüz?
Biz bu şəhərlə birlikdə dağıldıq.
Amma insanlar eyni qaldı.
Onların daş qəlbləri,dağıntılar altından çıxan son nəfəsin səsini eşitmədi.
Bəlkə də fəlakət təkcə torpağı deyil,bizim içimizi də yıxdı.
Bizi biz edən hissləri uçurub,yerində boşluq buraxdı.
Kim olacaq o anaya sarılıb "burdayam" deyən?
Kim olacaq dağıntılar altında qalan 17 yaşlı qızın cavabı?
Biz hələ də baxırıq,amma görmürük.
***
Hatay Zəlzələsi (6 Fevral 2023)
2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7.8 bal gücündə zəlzələ ölkənin bir çox bölgəsində böyük dağıntılara səbəb oldu. Ən çox təsirlənən bölgələrdən biri də Hatay oldu. Minlərlə insan həyatını itirdi, on minlərlə insan yaralandı və evsiz qaldı. Zəlzələdən sonra xilasetmə işləri uzun müddət davam etsə də, kömək gecikdi və bir çox insan köməksiz halda həyatını itirdi. Bu faciə təkcə binaları yox, insanların ruhunu da yıxdı.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)