Teatro Colón - Buanes-Ayres operası dünyanın ən yaxşıları beşliyində Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Opera teatrlarının füsünkarlığı həmişə söz yeri olub. Milandakı La Skalanı, Nyu-Yorkdakı Metropoliteni çox vəsf ediblər. Elə bizim Bakının Opera və Balet Teatrı da öz misilsiz gözəlliyi ilə bakılıları heyran qoymaqdadır.

Amma çoxumuz xəbərsizik ki, dünyanın ən gözəl opera binaları beşliyində Cənubi Amerika təmsilçisi – futbol ölkəsi kimi, Leonel Messinin vətəni kimi tanıdığımız Argentinada yerləşən “Kolon” (Teatro Colón) adlanan teatr da qərarlaşıb.

 

Teatr barədə bilgi almaq üçün Azərbaycanın tanınmış memarı Cahid Həsənova üz tutduq. Cahid müəllim bizə aşağıdakıları izhar etdi:

 

Paytaxt Buanes-Ayresdə öz misilsiz gözəlliyi ilə göz oxşayan “Kolon”un bir adı da Kolumbun Teatrıdır. Əlbəttə ki, Xristofor Kolumbun şərəfinə belə adlanır.

“Kolon” teatrını haqlı olaraq Buenos-Ayresin fəxri adlandırırlar. Bu, Cənubi Amerikanın ən əsas opera səhnəsidir, klassik musiqi mərkəzidir. Opera həvəskarı olmasanız belə, buranı görməyə dəyər. “Kolon” şəhərin əsas turistik məkanıdır, şəhərə gələn əcnəbi qonaqlar “Boka Xuniors”la “River pleyt”in futbol meydançalarına mütləq tamaşa etdikləri kimi, “Kolon”a da tamaşa edirlər.

Teatrın binası özündə Renessans üslubunu daşıyır və iç məkanı da çox maraqlıdır.

"Kolon" teatrının interyeri çox gözəldir — mərmər pilləkənlər, klassik sütunlar, çoxsaylı heykəllər və qızıl bəzəklər. Burada həmçinin aktyorlar və izləyicilər üçün bütün rahatlıq şəraiti nəzərdə tutulub. Məsələn, parterdəki kreslolar bir-birindən kifayət qədər uzaqdır. Bu, xanımların bəzənib-düzənərək enli, iri paltarlarla cərgələrdən keçərkən heç kimə mane olmamaları üçün xüsusi olaraq edilmişdir.

İnşallah, qismət olsun, biz də bir gün gedib “Kolon”u görək.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.