
Super User
TMİF ikinci Şura Toplantısı rəngarəng mədəniyyət proqramı ilə yadda qaldı
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, fevralın 7-də Astanada Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.
Toplantı geniş və rəngarəng mədəniyyət proqramı ilə də diqqət çəkib.
Fevralın 6-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının «Daşa Yazılmış Tarix» adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olub.
Təqdimatda qeyd edilib ki, bu kitab Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfədir. Bildirilib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib.
“Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir.
Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib.
Həmin gün E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında “Tamyr” adlı türk xalqlarının musiqisindən ibarət konsert keçirilib. Türk dünyasının zəngin musiqi irsini əks etdirən bu konsertdə səhnədə "TURAN" Folklor-Etnoqrafik Ansamblı, "GULDER" Ansamblı, "SALTANAT" Dövlət Rəqs Ansamblı, K. Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının kollektivi və E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər.
Bu tədbir həm də türk dövlətləri arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə və onların sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verib.
Fevralın 7-də Türk Mədəniyyəti və İrsi Fondunun iki qurumla - TİKA və Türk Dünyası Fonduyla birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Divani Lüğat ət-Türk” beynəlxalq sərgisinin açılış mərasimi keçirilib.
Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, əsərin Türk dünyasını birləşdirən əsas açar rolunu oynadığını bildirib: “Böyük alim Mahmud Kaşğarinin XI əsrdə yaratdığı “Divani lüğat ət-türk” sadəcə ədəbi abidə deyil, türk xalqlarının kimliyinin, mədəniyyətimizin, adət-ənənələrimizin əksidir. Nəsillər arasındakı əlaqəni simvollaşdırır”.
Sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin əsəri “Divani Lüğat ət-Türk”ün 950 illiyinə həsr olunub. Bu möhtəşəm sərgi çərçivəsində türkdilli xalqların zəngin mədəni irsini, dil və ədəbiyyatını əks etdirən nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar təqdim edilib.
Xatırladaq ki, “Divanü lüğat-it türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə, YUNESKO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: Divanü lüğat-it türk əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans və sərgi təşkil olunub.
"Ədəbiyyat və incəsənət"
(08.02.2025)
Qəbələdə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Fevralın 7-də Qəbələ rayon Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
Festivalı Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli festivalın əhəmiyyətdən bəhs edərək açıq elan edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova qonaqları salamlayaraq festivalın Qəbələdə keçirilməsindən məmnunluğunu qeyd edib və Azərbaycan musiqisinin keyfiyyətindən və beynəlxalq səviyyədə tanınmasından bəhs edib.
"Qış nağılı" Beynəlxalq Musiqi Festivalına Azərbaycan Dövlət Simfonik Orkestrının bədii rəhbəri və baş dirijoru Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə start verilib.
Daha sonra solistlər: Vanessa Qaykoeçea Aqorriya, Sercio Vitale və Azərbaycan Respublikasının Xalq artisti Yusif Eyvazovun çıxışları ilə davam edib.
Festival bu gün - fevralın 8-də saat 16:00-da Bakı Xareoqrafiya Akademiyasının şagird və tələbələrinin konserti, 20:00-da Heydər Əliyev Konqres Mərkəzində, 9 fevral saat 16:00-da Bakı Kamera Orkestrının və 20:00- da Heydər Əliyev Konqres Mərkəzində Aydar Qaynullin və Eyforiya Ansamblının ifaları, 10 fevral saat 16:00-da "Glassduo" ansamblının Qafqaz Riverside Hoteldə çıxışı ilə davam edəcək.
Festivalın təntənəli bağlanış mərasimi 10 fevral saat 20:00-da "Qaytağı" instrumental ansamblının çıxışı ilə Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(08.02.2025)
“Bütün varlığım sənətdir” - Bu gün Zərnigar Ağakişiyevanın anım günüdür
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirdi ki:- “Mən beş yaşımdan səhnəyə bağlı olmuşam. Harada oxusam da, boş vaxtımı hər zaman səhnədə keçirmişəm. Bağçada, məktəbdə şeirlər demişəm, dram dərnəklərində tamaşalardan parçalar oynamışam. Həyatımın bir tərəfi oxumaqla, işləməklə keçibsə, digər tərəfində isə hər zaman incəsənət olub. Sonralar incəsənət mənim bütün varlığıma hakim oldu. Uşaq idim, məktəbdə rus sektorunda təhsil alırdım, amma evə gəlib qardaşımın doğma dilimizdə “Ədəbiyyat müntəxabatı” kitabını oxuyurdum. İnanmazsınız, Səməd Vurğunun “Vaqif” dramını dəfələrlə oxuyub əzbərləmişdim. Özümdən asılı deyildi, həmin əsəri çox sevirdim. Tale elə gətirdi ki, illər sonra Akademik Milli Dram Teatrında Xuraman obrazını oynadım, amma mənə həmişə Qacar, Vəli obrazları maraqlı olub.”
Azərbaycan Respublikasının xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülmüşdü, dövlət mükafatı laureatıydı. Prezidentin fərdi təqaüdünü alırdı. Qırx yeddi filmə çəkilmişdi. Sonuncu dəfə “Yuxu” filmində Xuşud obrazını yaratsa da, xəstəliyi ilə əlaqədar sonradan heç bir fimə çəkilmədi. Şəkər xəstəliyi onu ruhdan salmışdı...
Haqqında söhbət açdığım Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində dünya gəlib. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Və ötən müddətdə övladları olmayıb. 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
“Mən sənət üçün hər şeyimdən keçən insanam. Bütün varlığım sənətdir.”- söyləyirdi.
Yaşasaydı noyabrın 6-da 80 yaşı tamam olacaqdı, təəssüf ki, bu gün onun vəfatından yeddi il ötür...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.02.2025)
“The Jerusalem Post”: İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür
Regionda gücü zəifləyən İran Ermənistanı geosiyasi problemlərindən çıxış yolu kimi görür. Əgər Tehran Ermənistanla hərbi saziş imzalayıb bu ölkəyə qüvvələr göndərərsə, bir neçə məqsədinə nail olacaq.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə İsrailin tanınmış eksperti Mordexay Kedar “Jerusalem Post”da dərc olunmuş “İranın şiə ayparası laxlayır: 7 oktyabrdan sonra regional güc nisbəti necə dəyişir” adlı məqaləsində yazıb.
Qeyd olunub ki, İran Ermənistan vasitəsilə Rusiya ilə qaçaqmalçılıq əməliyyatlarını davam etdirmək niyyətindədir. Ermənistanın Avropaya yaxınlığı belə bir vəziyyətdə strateji və geosiyasi baxımdan üstünlükdür. Habelə, İran Ermənistanda hərbi mövcudluq yaratmaqla Azərbaycanla münasibətlərdə təsir imkanları əldə edə bilər.
İslam Respublikasının Ermənistan və Cənubi Qafqaz vasitəsilə regional gücünü bərpa etməyə çalışdığını, İran İnqilabı Keşikçiləri Korpusunun müxtəlif səylər göstərdiyini yazan müəllif İslam dünyasında dominantlığa can atan Tehranın onilliklər üçün planlar qurduğunu bildirib.
Məqalədə Ermənistanın tərəfdaşlıq münasibətində İrana loyallığını vaxtaşırı dilə gətirməsinə baxmayaraq, NATO tədricən Ermənistanı Qərbə doğru çəkməyə başladığı yazılıb. NATO hərbi personalının Ermənistanda fəallığı, ABŞ qüvvələri ilə birgə təlimlərin keçirildiyi, İranla sərhəddə ABŞ hərbçilərinin yerləşdirildiyi diqqətə çatdırılıb. ABŞ ordusunun Ermənistan hərbi bazalarında fəaliyyət göstərdiyi və İran ərazisindən buraxılan raket və PUA-ları izlədiyi qeyd olunub. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Ermənistana gedərək ölkə rəhbərliyi ilə görüşdüyü və baş verənlərə görə ölkəsinin narazılığını bildirdiyi vurğulanıb. İran Ermənistandan Avropa İttifaqı və NATO-ya üzvlük cəhdlərindən əl çəkməsini, habelə Qərb qüvvələrini öz ərazisindən çıxarmasını tələb edib. İran rəsmisi bildirib ki, İrəvan tələblərlə razılaşarsa, iki ölkə hərbi saziş imzalayacaq, Qərb qüvvələri Ermənistandan çıxacaq və İran maneəsiz fəaliyyət göstərmək üçün öz qoşunlarını bu əraziyə yeridəcək.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-839499
“Ədəbiyyat və incəsənət”
(08.02.2025)
Bu gün qar gözləntisi var
Havada bir qar qoxusu var, duyursunuzmu?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 8-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
İstənilən şaxtalı hava şəraitində təki ürəklərimiz isti olsun!
“Ədəbiyyat və incəsənət”
(08.02.2025)
Yel qayadan nə aparar ki - YAXUD BİR ŞEİRLİK CAVAB
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Əlisa Nicat adlı bir şəxs ötən əsrdə Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi 37458(!!!) işıqlı şəxslərimizi cəzalandıran əli qanlı cəllada - Mir Cəfər Bağırova yarınaraq çox güman ki, onun günümüzdə yaxşı imkana malik varislərindən xidmətpayı umur.
Və bu yarınmada, o, Bağırovun 3 dəfə həbsinə və sürgününə qərar verdiyi, amma həfsiz nüfuzuna, ümumxalq sevgisinə görə böyük havadarlarının dəstəyi ilə salamat qaldığı, bununla belə, təqib, qarayaxma, ləkələnmə sayəsində xəstəlik taparaq çox erkən dünyadan köçən Səməd Vurğuna çamur atması cəmiyyəti silkələyən əsas olaya çevrilib.
Əlisa Nicata hərə bir cür cavab verərək ürəyini boşaldır. Əslində, ona ən yaxşı cavab elə böyük Səməd Vurğunun şeirləridir.
Yayılsın səsimiz qoy qitə-qitə,
Çox da bənd olmayaq hər hürən itə.
Bəli, böyük şair “Mən tələsmirəm” şeirində belə deyib.
SƏMƏD VURĞUN,
“Mən tələsmirəm”
Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər
Mənim söhbətimdən yorulmaq olmaz.
Yayılsın səsimiz qoy qitə-qitə,
Çox da bənd olmayaq hər hürən itə.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol – qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!
Mən də bu gözəlin eşqinə düşdüm
Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər güllə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən-dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın…sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var.
Min cürə pisliklər gördüm həyatda,
Amma saxlamadım onları yadda.
Haqsızlıq daima olub, olacaq,
Amma ki,bu saat və bu dəm ancaq,
Heç yerə heç yana mən tələsmirəm.
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən.
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa – yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm..
“Ədəbiyyat və incəsənət”
(08.02.2025)
Astanada Türk Mədəniyyəti və İrsi Fondunun ikinci şura toplantısı böyük nəticələrlə başa çatıb
7 fevral 2025-ci il tarixində Astanada, Milli Muzeydə Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, iclasda Fondun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Başçılarının göstərişinə əsasən “Türk Dünyasına Baxış 2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi altında türk mədəni irsinin dünya arenasında qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın strateji istiqamətləri barədə məlumat verib. Həmçinin, 2024-cü il üzrə Fondun fəaliyyətinə dair ətraflı hesabat təqdim olunub.
Eyni zamanda toplantı çərçivəsində iştirakçılara Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət Planları barədə ətraflı təqdimat keçirilib.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayevanın sədrliyi altında keçirilən Fondun ikinci Şura Toplantısında Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu, eləcə də Türk ölkələri dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
İclasın yekunlarına əsasən təşkilata üzv ölkələrin nümayəndələri tərəfindən Fondun 2024 – cü il üçün fəaliyyətinin yüksək qiymətləndirilməsi, təşkilatın 2025-2026-cı illər üçün Fəaliyyət Planlarının təsdiq edilməsi daxil olmaqla Protokol imzalanıb.
Qeyd etmək lazımdır ki, Şura toplantısının nəticələri Türk dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında vacib bir addım olacaq, mədəni mirasın qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni bir təkan verəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
Oğuzda keçirilən iki tədbir barədə
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nın fəal oxucuların iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı " Torpağı vətənləşdirən qəhrəman" və s. mövzularda kütləvi tədbirlər keçirilib.
Tədbirlərdə Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi şərəfli həyat və döyüş yolu haqqında məlumatlar verilib.
Tədbir iştirakçıları Milli Qəhrəmanımız barədə məruzələri dinləmiş, ondan bəhs edən kitab və foto sərgilərə baxmış, Vətənə və qəhrəmanlığa aid şeirlər səsləndirmişlər.
Oğuz rayon MKS və onun filiallarının əməkdaşları Oğuz rayon E.Abdullayev adına Texniki - Təbiət təmayüllü liseydə isə "Müasir Oxucu: Kitab və İnkişaf " adlı fərdi inkişaf yönümlü layihə çərçivəsində Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə " Xoşbəxt taleli sənətkar- Nəbi Xəzri " başlıqlı şeir gecəsi təşkil edib.
Tədbirdə fəal oxucular və liseyin şagirdləri iştirak edib. Tədbirdə Nəbi Xəzrinin yaradıcılığından danışılıb, şairin şeirləri səsləndirilib.
Məruzələrdə və çıxışlarda qeyd edilib ki, altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Tədbirdə şairin " Külək”, " Mənim ürəyim" , " Ana dilim", " Günəş " və başqa şeirləri, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
“Minimum və maksimum hədəflərə çatmalıyıq” – MÜSAHİBƏ
Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Mədəniyyətdən danışırıqsa, hər sahənin öz mədəniyyət dəst-xətti var, daxili mədəniyyət ehkamları var. Aqrar Sığorta Fondunun Naxçıvan Filialının rəhbəri Sərxan Məmmədovla müsahibəmi təqdim edirəm.
-Sərxan müəllim, Aqrar Sığorta Fondunun Naxçıvan filialının təsis edilməsinin zəruri səbəbləri nə idi?
-Aqrar sığorta sisteminin dayanıqlığı və inkişafına kömək, kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsini təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalının davamlılığını artırmaq, fermer və istehsalçıların maliyyə imkanlarına dəstək olmaq məqsədilə yaradıldı bu filial.
-Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi hansı qaydalar əsasında olacaq?
-Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.
-Bu sığorta Naxçıvanda hansı məhsulları və riskləri əhatə edir?
-Aqrar sığorta bitkiçilik, heyvandarlıq və akvakultura məhsullarını və aqrar sığorta fondunun təyin etdiyi riskləri əhatə edir.
-Bu fondun əsas məqsədi və missiyası nədən ibarətdir və kimlər bu fonda müraciət edə bilər?
-Aqrar Sığorta Fondunun əsas missiyası davamlı biznes inkişafını təşviq edərək kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək və hər zaman öz öhdəliklərini yerinə yetirməkdir. Təsərrüfatla məşğul olan bütün fermerlər fonda müraciət edə bilərlər.
-Sığorta dövlət tərəfindən subsidiyalaşdırılırmı?
-Bəli
-Sığorta necə hesablanır və təsərrüfat sahəsinə görə dəyişirmi?
-Hər məhsul üzrə və təsərrüfat sahəsinə uyğun olaraq hesablanma qaydası sığorta tarifindən asılı olaraq dəyişir. Buna nəzərən bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsuldarlıq miqdarı və həmin məhsulun qiyməti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu tərəfindən müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçilir.
-Sığorta hansı təbii fəlakətlərə şamil olunur?
-Bitkiçilik məhsullarında dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri şamil olunur.
Heyvandarlıq üzrə isə aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarlarında təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar və ya yemlərdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri.
-Sığorta hansı heyvan və bitki növlərinə şamil edilir?
-Heyvandarlıqda:
-11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar);
-11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar);
-11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bunlar buğda, arpa, qarğıdalı, kartof və başqa bitkilərdir.
Müqavilə hansı şərtlərə əsasən bağlanır?
-Sığortalı müraciətini məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.
-EKTİS-də qeydiyyatdan keçdikdən sonra müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edilməlidir.
*Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.
*İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edildiyi sənədlər və məlumatlar əsasında müqavilə bağlanması barədə qərarını fondla razılaşdırmalıdır.
*Müqavilənin bağlanmasına razılıq verildiyi halda müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilir.
*İdarəedici qurumun məsul əməkdaşı müstəqil ekspert tərəfindən göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
-Zərərin qiymətləndirilməsi hansı meyarlarla ölçülür?
-Zərərin araşdırılması və qiymətləndirilməsi müstəqil ekspertlər tərəfindən həyata keçirilir.
-Ödənişlər hansı müddətə və necə həyata keçirilir?
-Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.
-Sığorta müqaviləsinin müddəti və yenilənməsi necə həyata keçirilir?
-Heyvandarlıq təsərrüfatında 1 ildən 3 ilə kimi, bitkiçilik məhsullarında isə bitkilərin fenoloji dövründən asılı olaraq sığorta müqaviləsinin müddəti dəyişir.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
Fazil Mustafa Zahid Orucu təbrik edib
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sosial Tədqiqatlar Mərkəzinin (STM) yaradılmasının növbəti ildönümü ilə bağlı, STM İdarə heyətinin sədri, Millət vəkili Zahid Oruca təbrik məktubu ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Zahid müəllim,
Sizi, bütün əməkdaşlarınızı Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasının 6-cı ildönümü ilə bağlı ürəkdən təbrik edirəm!
Ötən illər içində Sosial Tədqiqatlar Mərkəzi cəmiyyətin sosial, mədəni və iqtisadi proseslərinin sistemli təhlili, ictimai rəyin elmi əsaslarla öyrənilməsi və dövlət-vətəndaş münasibətlərinin inkişafına dair strateji yanaşmaların formalaşdırılması sahəsində önəmli uğurlar qazanıb. Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə yeni dönəmin başlanması, dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, yeni iqtisadi modelin təşəkkül tapması, sosial rifah siyasətinin genişlənməsi və vətəndaş cəmiyyəti institutlarının fəallaşması fonunda STM-in analitik rolu daha da önəm qazanıb.
Mərkəzin həyata keçirdiyi araşdırmalar və təqdim etdiyi bilgilər dövlət qurumlarının qərar qəbuletmə prosesində, eləcə də vətəndaş cəmiyyətinin inkişaf dinamikasının öyrənilməsində önəmli informasiya bazası rolunu oynayır. Rəqəmsal texnologiyaların geniş tətbiqi, vətəndaş iştirakçılığının artırılması, sosial tədqiqat metodologiyalarının yenilənməsi yönündə STM-in gördüyü işlər cəmiyyətimizin dayanıqlı inkişafına xidmət edir.
Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsi, ictimai dialoqun keyfiyyətcə yeni mərhələyə yüksəlməsi üçün dövlət və qeyri-hökumət qurumları arasında, bir növ, körpü funksiyasını da yerinə yetirən STM-in fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dövlət və cəmiyyət arasında sağlam, səmərəli kommunikasiyanın qurulması, ictimai rəyə əsaslanan yanaşmaların formalaşdırılması, elmi-praktik təhlillərin tətbiqi üçün bu cür araşdırma mərkəzlərinin fəaliyyəti xüsusi önəm daşıyır.
Sizi, Sosial Tədqiqatlar Mərkəzinin hər bir əməkdaşını Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar və məhsuldar nəticələr diləyirəm”!
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)