Yel qayadan nə aparar ki - YAXUD BİR ŞEİRLİK CAVAB Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Əlisa Nicat adlı bir şəxs ötən əsrdə Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi 37458(!!!) işıqlı şəxslərimizi cəzalandıran əli qanlı cəllada - Mir Cəfər Bağırova yarınaraq çox güman ki, onun günümüzdə yaxşı imkana malik varislərindən xidmətpayı umur. 

Və bu yarınmada, o, Bağırovun 3 dəfə həbsinə və sürgününə qərar verdiyi, amma həfsiz nüfuzuna, ümumxalq sevgisinə görə böyük havadarlarının dəstəyi ilə salamat qaldığı, bununla belə, təqib, qarayaxma, ləkələnmə sayəsində xəstəlik taparaq çox erkən dünyadan köçən Səməd Vurğuna çamur atması cəmiyyəti silkələyən əsas olaya çevrilib. 

Əlisa Nicata hərə bir cür cavab verərək ürəyini boşaldır. Əslində, ona ən yaxşı cavab elə böyük Səməd Vurğunun şeirləridir. 

 

Yayılsın səsimiz qoy qitə-qitə,

Çox da bənd olmayaq hər hürən itə.

 

Bəli, böyük şair “Mən tələsmirəm” şeirində belə deyib. 

 

 

SƏMƏD VURĞUN, 

“Mən tələsmirəm”

 

Dostlar, badələri qaldırın içək!

Gecə, ulduzludur, hava da sərin.

Demirəm məst olub dünyadan keçək…

Deyirəm mehriban düşüncələrin

İsti qücağında qızınaq bir az…

Qoy uzansın gecə, geciksin səhər,

Yuxuya getməsin məclisdəkilər 

Mənim söhbətimdən yorulmaq olmaz.

Yayılsın səsimiz qoy qitə-qitə,

Çox da bənd olmayaq hər hürən itə.

Hələ yer üstündə, insan yanında

Deyib danışmaqdan doymamışam mən…

Uzadaq ömrünü hər bir anın da,

Yel kimi keçməsin vaxt üstümüzdən…

Bu aylı gecədə, bu dağ döşündə,

Bu sazlı, söhbətli bulaq başında

Bu saat, bu dəm

Heç yana, heç yerə mən tələsmirəm!

 

Sevgilim, qolunu boynuma dola!

Demə ki, yorğunam, ya qocalmışam.

Mən hələ dünyadan nə zövq almışam?

Dur, bütün aləmi gəzək qol-qola!

Yenə də fikrimin səyyar yelkəni

Dənizdən – dənizə atsa da məni,

Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»

Dur, bütün aləmi gəzək qol – qola,

Sellərdən, sulardan yeyin axsam da,

Şimşəklə yanaşı göydə çaxsam da,

Nə şadlıq səyirtsin atını, nə qəm,

Heç yana, heç yerə mən tələsmirəm!

 

Mən də bu gözəlin eşqinə düşdüm 

Sən də, ovçu dostum, tələsmə sən də,

Bu qəlbi dağları qoy asta aşaq.

O çay yanındakı yaşıl çəməndə

Asta addımlayıb ağır dolaşaq.

Hər güllə, çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm;

Nanələr, reyhanlar inciyər məndən.

Güllərin yarpağı tökülər dən-dən…

Odur ki, yel olub çöldə əsmirəm,

Heç yana, heç yerə mən tələsmirəm!

 

Bulud tez keçməsin başımın üstdən,

Çay da yavaş axsın…sular boyunca.

Baxım hər zərrəyə, baxım doyunca…

Günəşi örtsə də qara buludlar,

Yenə günəş adlı bir qüdrəti var.

Min cürə pisliklər gördüm həyatda,

Amma saxlamadım onları yadda.

Haqsızlıq daima olub, olacaq,

Amma ki,bu saat və bu dəm ancaq,

Heç yerə heç yana mən tələsmirəm.

 

Ürək tərpənməyir ötərgi səsdən,

Nə çıxar bir anlıq yanan həvəsdən.

Elə zənn etmə ki, ağırlaşmışam,

Ayağı sarıqlı şikəst bir quşam…

Qoy dünya böyüsün, zaman uzansın,

Bir günün ərzində aylarla yansın

Al günəş üzündən nur yağa – yağa..

Ömrün kitabını tamamlamağa

Çox da can atmasın əlimdə qələm,

Mən tələsmirəm..

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.