İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nın fəal oxucuların iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı " Torpağı vətənləşdirən qəhrəman" və s. mövzularda kütləvi tədbirlər keçirilib.
Tədbirlərdə Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi şərəfli həyat və döyüş yolu haqqında məlumatlar verilib.
Tədbir iştirakçıları Milli Qəhrəmanımız barədə məruzələri dinləmiş, ondan bəhs edən kitab və foto sərgilərə baxmış, Vətənə və qəhrəmanlığa aid şeirlər səsləndirmişlər.
Oğuz rayon MKS və onun filiallarının əməkdaşları Oğuz rayon E.Abdullayev adına Texniki - Təbiət təmayüllü liseydə isə "Müasir Oxucu: Kitab və İnkişaf " adlı fərdi inkişaf yönümlü layihə çərçivəsində Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə " Xoşbəxt taleli sənətkar- Nəbi Xəzri " başlıqlı şeir gecəsi təşkil edib.
Tədbirdə fəal oxucular və liseyin şagirdləri iştirak edib. Tədbirdə Nəbi Xəzrinin yaradıcılığından danışılıb, şairin şeirləri səsləndirilib.
Məruzələrdə və çıxışlarda qeyd edilib ki, altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Tədbirdə şairin " Külək”, " Mənim ürəyim" , " Ana dilim", " Günəş " və başqa şeirləri, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)