Fazil Mustafa Zahid Orucu təbrik edib

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sosial Tədqiqatlar Mərkəzinin (STM) yaradılmasının növbəti ildönümü ilə bağlı, STM İdarə heyətinin sədri, Millət vəkili Zahid Oruca təbrik məktubu ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Zahid müəllim,

Sizi, bütün əməkdaşlarınızı Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasının 6-cı ildönümü ilə bağlı ürəkdən təbrik edirəm!

 

Ötən illər içində Sosial Tədqiqatlar Mərkəzi cəmiyyətin sosial, mədəni və iqtisadi proseslərinin sistemli təhlili, ictimai rəyin elmi əsaslarla öyrənilməsi və dövlət-vətəndaş münasibətlərinin inkişafına dair strateji yanaşmaların formalaşdırılması sahəsində önəmli uğurlar qazanıb. Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə yeni dönəmin başlanması, dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, yeni iqtisadi modelin təşəkkül tapması, sosial rifah siyasətinin genişlənməsi və vətəndaş cəmiyyəti institutlarının fəallaşması fonunda STM-in analitik rolu daha da önəm qazanıb.

 

Mərkəzin həyata keçirdiyi araşdırmalar və təqdim etdiyi bilgilər dövlət qurumlarının qərar qəbuletmə prosesində, eləcə də vətəndaş cəmiyyətinin inkişaf dinamikasının öyrənilməsində önəmli informasiya bazası rolunu oynayır. Rəqəmsal texnologiyaların geniş tətbiqi, vətəndaş iştirakçılığının artırılması, sosial tədqiqat metodologiyalarının yenilənməsi yönündə STM-in gördüyü işlər cəmiyyətimizin dayanıqlı inkişafına xidmət edir.

 

Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsi, ictimai dialoqun keyfiyyətcə yeni mərhələyə yüksəlməsi üçün dövlət və qeyri-hökumət qurumları arasında, bir növ, körpü funksiyasını da yerinə yetirən STM-in fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dövlət və cəmiyyət arasında sağlam, səmərəli kommunikasiyanın qurulması, ictimai rəyə əsaslanan yanaşmaların formalaşdırılması, elmi-praktik təhlillərin tətbiqi üçün bu cür araşdırma mərkəzlərinin fəaliyyəti xüsusi önəm daşıyır.

 

Sizi, Sosial Tədqiqatlar Mərkəzinin hər bir əməkdaşını Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar və məhsuldar nəticələr diləyirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.