Super User

Super User

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə publisistika nümunəsi - yazarlar Həsən Umudoğlu və Şahin Muradinin çox vacib bir mövzuda yazılarını təqdim edəcəyik. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

Yazarlar: Həsən Umudoğlu və Şahin Muradi

 

"Küpə" kəlməsi, etimoloji baxımından türk köklü kəlmədir və qulağa taxılan süs (zinət) və ya halqa olaraq tanınmaqdadır. Türkiyədə indi də sırğaya, küpə deyilir.

Divanü Lüğat-İt-Türk kitabında "Koba" kimi gəlmişdir. Mənası isə Ərəb dilində "Əlqort" qeyd olunmuşdur. Əlqort, sırğa və ya küpə deməkdir (Bax: Divanü Lüğat-İt-Türk- c.3- s.163- 1 çap- 1335- Türkiyə).

"Sənglax" sözlüyündə isə "Kubə" kimi yazılmışdır. Bu əsərdə küpə sözünə neçə məna verilmişdir: Səcaf; paltarın ətəyinə və ya qırağına tikilən haşiyə (İndi Köbə deyilir).

Küpə: Sırğa.

Bu əsərdə qeyd olunmuşdur ki küpə sözü Fars dilinə yol tapıb və mənası isə dəyişilmidir. Həcəmət şişəsinə Fars dilində küpə deyilir (Bax: Sənglax- Mirza Mehdixan Əstərabadi- Təshih: Rövşən Xiyavi- s.230- Nəşr: Mərkəz. 1çap- 1374- Fars dilində). Salxımlı və ya sünbül kimi olan sırğalara "Salqum küpə" deyilmişdir. Buruna taxılan halqaya bəzi türklər "Arabek" demişlər.

Dünya kültüründə və Mifologiyasında küpə, "doğum və evlənmək" simvolodur. Türklərdə də elə olmuşdur. Orta asiyada bəzi gəlinlik qızlar, toxuduqları xalı və kilimlərdə "höpə" motivindən istifadə edirdilərsə bu, evlənmək istədikləri mənasında imiş. Manas dastanında Qazaq və Qırğız türkləri arasında, bir qıza elçi gedilən vaxtlar, istənilən qızın qulağına Bayquş tükü (Tüyü) ilə bəzənilən küpə taxılırmış, belədə qız nişanlanmış sayılırmış. Demək küpə qadınlarda "Evlənmək istəmək, doğurğanlıq" simvoludur. Ancaq Kişilərdə\Oğlanlarda bə məsələ fərqlidir. Biz mifoloji baxımından deyil, etnoqrafiya baxımından araşdıracağıq.

Bəhsimizin aydınlaşması üçün, "Dədə Qorqud" kitabına müraciət edirik: İki boyda (Dastanda) "Qulağı altun küpəli Yegnək" görünməkdədir. Birincisi "Salur Qazanın evinin yığmalanması" boyunda və ikincisi "Qazan bəyin oğlu Oruz bəyin dustaq olduğu" boyunda gəlmişdir.

Salur Qazanın evinin yığmalanması boyda: "Ərdəmli qurqurma qurşaqlı, qulağı altun küpəli, qalın Oğuz bəylərin bir-bir atdan yıxıbdır, qazlıq Qoca oğlu Bəy Yegnək çapar yetdi" və Qazan bəyin oğlu Oruzun dustaq olunduğu boyda isə "Çapa baxsan çalımlı, çal qaraquş ərdəmli, qurqurma qurşaqlı, qulağı altun küpəli. Qalın Oğuz bəylərini bir-bir atdan yıxan Qazlıq Qoca oğlu Bəy Yegnək çapar yetdi" ifadələri gözə çarpır. ərdəmli sözü başaracaqlı, hünərli və ləyaqətli mənasındadır. Qurqurma isə “Tikə-tikə” deməkdir. Çalımlı sözü isə yaraşıqlı anlamındadır. Çal sözü isə həm iri xalları olan və həm bacarıqlı və təcrübəli deməkdir. Bir də tükünün hər yeri qara olub, bir tikəsi ağ olan quşa da Ata-Analarımız çal deyiblər. Bu boylardan əlavə "Qazlıq Qoca oğlu Yegnək" boyuna da nəzər saldıqda görürük ki, Yegnəyin qardaşı yoxdur. Atası Qazlıq Qoca, Qazan xanın vəziri idi, Düzmürd qalasına həmlə etdikdə, əsir düşüb və 16 il dustaqda qalmışdır. Bu zamanda Qazlıq Qocanın bir yaşda olan "Yegnək" adlı bir oğlu var imiş. 16 il sonra qulağı altun küpəli yegnək, həmin qalaya hücum çəkib, Kafiri dizə çökdürüb və atasını azad etmişdir. 

‏Dastandan məlum olunduğu kimi, Yegnəyin bir qulağında Küpə\sırğa var imiş. Bizim də əsas sözümüz elə budur. hansı igidin ya bir oğlanın qulağında küpə\sırğa olsaymış, demək bunun qardaşı yox imiş və savaşlarda bu qəhrəmanı ox və süngünün qorxusundan ordunun önündə aparmazdılar, niyəki bir ailənin ümidi imiş. Hər iki qulağında küpə\sırğa olsaydı, demək o igid bir tayfanın, elin və ya ulusun əzizi və ümidi imiş. Oğuz bəylərini çağırdıqda Qazan xan Yegnəyə, qardaşı olmadığından "Qulağı Küpəli" sözləri ilə müraciət edir və bu Yegnəyin tək və məhbub olduğunun nişanəsidir.

Miladdan dörd yüz il öncə Skitlərin "Altun Geyimli Adam" tapıntısında, altun lövhələrlə birgə, süslü qayış, altun və firuzə küpələr\sırğalar tapılmışdır. Bunların taxdığı küpələr\sırğalar incə, altun və bəzəndə firüzə olurmuş. Eramızdan 300-500 il öncəyə aid olan Qırğızıstan, Qazağıstan, Altay, Baykal Gölü və Monqolistan bölgəsindəki Göktürklərə aid olan bəzi Balballarda kişilər – oğlanlar küpəli olaraq təsvir olunmuşdur. Həmin əsrə aid olan Turfan bölgəsində Uyğurların divar rəsimlərində bir sıra qəhrəmanlar küpəli rəsm edilmişdir. Kuşanlar və ağ Hunların (Aftalitlər) aqçalarının üstündəki xaqanın qulağı küpəlidir. Altay və Yakut türklərinin Şaman Davullarının üzərindəki insan fiqurunun qulaqları da küpəlidir. "Sin Tanşu" adlı Çin qaynağında Yenisey Qırqızları üçün belə sözlər qələmə alınmışdır: "Bəzi igidləri qulaqlarına küpə taxırlar, cəsurları isə əllərinə iynə ilə damğalar çəkirlər". 1673 M. İllərində "Dədə Əhməd Münəccim başı"nın yazdığı "Səhayifül əxbar" əsərində "Teymur" və "Qaraqoyunlu Qara Yusif"in qulaqları küpəli qeyd olunmuşdur. Göktürk hökümdarı olan "Dayan Kağan"ın balbalı da qulağı küpəlidir. Hətta osmanlı hökümdarı olan "Birinci Əhməd"dən çəkilən portretdə, sultanın qulağı küpəlidir. Bu rəsm və törən indi türk dünyasında yaddan çıxsa da, Qazaqlarda qalmışdır.

Azərbaycanın quzey bölgəsində oynanılan "İmadəddin Nəsimi" filmində də bunu görürük. Nəsiminin sol qulağında küpə var. Demək bu "İsa Hüseynov” və "Həsən seyidbəyli"nin ustakarlıq və savadlı olmalarına sübutdur. Tanrı hər ikisinə də rəhmət eyləsin.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

                  

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

5-ci qayda:

 

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

 

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

 

1-ci qayda:

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sırada Atilladır. Bu əfsanəvi qəhrəman haqda o qədər dastanlar qoşulub, rəvayətlər uydurulub ki. Gerçək tarix isə möhtəşəm və şərəflidir.

Attila (406-453) dünya tarixində ən qüdrətli türk sərkərdələrindən biri kimi tanınır. O, Hun İmperatorluğunun hökmdarı olmuş və Avropada böyük iz buraxmışdır. Atilla 434-cü ildə əmisi Rua və qardaşı Bleda ilə birlikdə Hun İmperiyasının hökmdarı oldu. 445-ci ildə isə qardaşını öldürərək bütün hakimiyyəti öz əlinə aldı və dövləti daha da gücləndirdi.

Attila Avropanın ən qorxulu sərkərdələrindən biri hesab olunurdu. Onun ordusu Şərqi Roma (Bizans) və Qərbi Roma imperiyalarına qarşı saysız-hesabsız yürüşlər etmişdi.

  • 447-ci ildə Attila Bizansa qarşı böyük yürüş təşkil etdi və imperiyanı sülh bağlamağa məcbur etdi.
  • 451-ci ildə Qərbi Roma imperiyasına qarşı məşhur Katalaun döyüşü baş verdi. Bu döyüşdə Attilanın ordusu Roma və onların müttəfiqləri ilə qarşılaşdı. Döyüş qəti qələbə ilə nəticələnməsə də, Avropa dövlətləri Attilanın gücünü bir daha hiss etdilər.
  • 452-ci ildə Attila İtaliyaya yürüş edərək Romaya yaxınlaşdı. Lakin Papa I Leo ilə görüşdən sonra ordusunu geri çəkdi.

 453-cü ildə Attila qəfil vəfat etdi. Onun ölümündən sonra Hun İmperiyası zəifləməyə başladı və tezliklə dağılaraq tarixin səhifələrində yox oldu.

 Attila təkcə böyük sərkərdə deyil, həm də strateq və diplomat idi. O, Avropada hunların hakimiyyətini möhkəmləndirmiş, Roma imperiyalarını qorxu içində saxlamış və Avropanın siyasi xəritəsini dəyişdirmişdi. Qərb mənbələrində "Tanrının Qəzəbi" adlandırılan Attila türk tarixində əbədi iz buraxan ən qüdrətli hökmdarlardan biri olmuşdur.

 Attila dünya tarixində ən güclü sərkərdələrdən biri olduğu üçün onun haqqında çoxlu rəvayətlər və əfsanələr yaranmışdır. Xüsusilə, Avropa və türk mifologiyasında Attila ilə bağlı maraqlı hekayələr mövcuddur.

 1. "Tanrının qəzəbi" rəvayəti

Avropa tarixçiləri və kilsə xadimləri Attilanı “Tanrının Qəzəbi” (Latınca: Flagellum Dei) adlandırırdılar. Onların inancına görə, Attila günahkar Roma imperiyasını cəzalandırmaq üçün Tanrı tərəfindən göndərilmişdi. O, şəhərləri yandırır, xalqları diz çökdürürdü. Bu qorxu Avropada o qədər güclü idi ki, Attilanın adı uşaqları qorxutmaq üçün deyilirdi.

 2. "Sehrli qılınc" əfsanəsi

Bir əfsanəyə görə, Attila döyüş meydanında məğlubedilməz olmasını Tanrının ona verdiyi “Sehrli qılıncla” (“Tanrının qılıncı”) izah edirdi. Rəvayətə əsasən, bu qılıncı çoban təsadüfən tapıb Attilaya gətirmişdi. Attila isə bunu göylərin bir işarəsi kimi qəbul edib dünyanı fəth etmək üçün Tanrının onu seçdiyinə inanmışdı.

 3. Roma Papası ilə görüş

452-ci ildə Attila Roma şəhərinə yaxınlaşanda Papa I Leo onun qarşısına çıxdı. Əfsanəyə görə, görüş zamanı Attila birdən-birə qərarını dəyişib şəhəri dağıtmadan geri döndü. Xalq arasında bu hadisə möcüzə sayılırdı. Bəzi rəvayətlərə görə, Papa ilə görüş zamanı göydə müqəddəs qüvvələrin peyda olduğu və Attilanı geri çəkilməyə məcbur etdiyi iddia edilirdi. Lakin tarixçilər onun geri çəkilməsini xəstəlik və ya resurs çatışmazlığı ilə izah edirlər.

 4. Attilanın qeyri-adi ölümü

Attilanın ölümü də sirli və əfsanəvi hadisələrdən biridir. Rəvayətə görə, o, 453-cü ildə toy gecəsi birdən-birə vəfat etmişdi. Bəzi mənbələrdə onun daxili qanaxmadan öldüyü deyilsə də, bəzi əfsanələrdə yeni evləndiyi arvadının onu öldürdüyü bildirilir. Hətta bəziləri onun Tanrının qılıncının lənətinə düçar olduğunu söyləyirdi.

 5. Attilanın gizli məzarı

Attilanın məzarının yeri bu günə qədər sirr olaraq qalır. Rəvayətə görə, onun cəsədi qızıl, gümüş və dəmir tabutun içində dəfn edilmiş və məzarı tapılmasın deyə, onu dəfn edən qullar öldürülmüşdür. Bəzi versiyalara görə, Attilanın məzarı Dunay çayının altındadır və çayın axarını dəyişdirərək onu basdırmış, sonra isə suyu yenidən əvvəlki yatağına qaytarmışdılar.

Attila təkcə böyük bir sərkərdə deyil, həm də əsrlər boyu Avropada və türk dünyasında əfsanəvi bir şəxsiyyət olmuşdur. Onun adı bu gün də həm qorxu, həm də heyranlıqla xatırlanır. Attila haqqında yaranan əfsanələr onun necə qüdrətli bir hökmdar olduğunu bir daha göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

                                        

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı şair Sakit İlkinin şeirlərini təqdim edir.

 

 

AYRI BİR DÜNYAYA ÇIXIB GEDƏSƏN...

 

Heç kimin xəbəri olmaya sənnən,

Yığıb dərdlərini, yığıb gedəsən.

Çırpıb bu dünyanın qapılarını,

Ayrı bir dünyaya çıxıb gedəsən.

 

Qeybətlər arxanca düşüb gəlməyə...

Arxanca ağlaya biri az qala...

İt kimi darıxa qonşunun iti,

Arxanca hürməyə biri azala...

 

Gedəsən...gedəsən...gedə biləsən,

Gedəsən, gedəsən...səsləyən ola.

Biri anan kimi gözləyə səni,

Alıb qucağına, bəsləyən ola...

 

Nə olmaq istəsən, gedib olasan

Lap elə gedəsən yanan olmağa....

Burda çoxalıbdı "adamyeyənlər",

Gedəsən.. gedəsən adam olmağa....

Ayrı bir dünyaya çıxıb gedəsən....

 

 

SEVDİM…

 

Bilirsənmi səndəki nəyi sevdim, əzizim?

-Düzlüyü, həqiqəti,

Səndəki  o diqqəti...

Bağladığın ülfəti, saf, təmiz məhəbbəti,

Gözlərində həsrəti, könlündə mərhəməti.

Nəyi, nəyi, nələri, məsum düşüncələri...

Saçlarının rəngini, səsinin ahəngini.

Ətirli nəfəsini, isti əlini sevdim...

Mənə dəli söylədin....dönüb dəlimi sevdim...

Daha nəyini sevdim???

- Məni mənnən eləyən şaqraq gülüşlərini.

Xəyallarda baş tutan şirin görüşlərini...

Gözəl vərdişlərini, qəribə işlərini.

Daha nəyi, nələri....

Qönçə dodaqındakı həlim təbəssümləri,

Təmənnasız, filansız gəlişlərini sevdim...

...Sevirəm!!!- söyləyəndə yanaqların qızardı...

Sən də məni sevirsən?

-Sordum:--Bəli, söylədin...

Şirin dilindən qopan sənin "bəlini" sevdim.

Bir abırlı, utancaq səntək gəlini sevdim...

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

Пятница, 07 Февраль 2025 13:00

Sükutla savaşan insanlar – İBRAHİMOV VƏ DİKKENS

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

 

7 Fevral 1812

Gecənin qəfəsindən doğan ulduzlar heç vaxt çox işıqlı olmur. Çünki onların işığı, mütləq bir qaranlıqdan yaranır. O qaranlıq ki, həyatın içində yaşadığımız dar izləri müəyyən edir. Bu yazıda, ulduzun işığından çox, o işığın doğurduğu sükut haqqında danışmaq istəyirəm. Portsmutun küçələrində bir uşaq doğuldu—amma o uşaq sadəcə bir anın ölümdən qabaqki son səsi deyildi. O, bir tarixə yol açmaq üçün gəldi. Lakin tarix, özünü heç vaxt asan bir şəkildə təqdim etməz. İnsan içindəki qaranlıq əzab, qəhrəmanlığa doğru gedən yolu asanlaşdırmaz. O, taleyinin sirrini hələ anlaya bilməzdi. Bir insan necə olur ki, dünya ilə mübarizəyə qalxır, heç bir şeyi anlamadan, sadəcə içindəki əzabın yükü ilə? Amma belə bir şeydir həyat: tək bir düşüncə ilə başlar və sonra o düşüncə bütün varlığını istiqamətləndirir. O, özü və öz mübarizəsi ilə yaşamaya başlamalıdır.

O uşaq, Çarlz Dikkens idi. O, həyatın qaranlıq tərəflərini, yetimlərin acılarını və sistemin işə yaramazlıq qaydalarını dərindən hiss etdi. Amma bir şey onu digərlərindən fərqləndirirdi—o, özünü tərif etməyin əvəzinə, əzablarının və çətinliklərinin öhdəsindən gəlməyə çalışırdı. Çünki Dikkens, sadəcə bir yazıçı deyil, insan ruhunun sığmadığı qəddar cəmiyyətin qarşısında susmayan bir vəkili idi. O, öz dövrünün hüquqsuzluğuna qarşı kəskin bir itki ilə yazdı; amma içindəki boşluğu həmişə doldura bilmədi.

 

7 Fevral 1988

Çarəsizlik bəzən bir insanın özünü tapdığı ən yüksək nöqtə olur. Mübarizənin təbiəti, sadəcə düşmənlə deyil, bir insanın öz mənliyi ilə də qarşılaşmasıdır. Qalxan bir insanın düşüncələri, o düşüncələrin müharibəsidir. İkinci dəfə doğulmuş bir insan, elə bil ki, yerini itirən bir çox qəlbin arasındadır. Sən bu yolu getməyə başladığında isə artıq yolun nə tərəfə gedəcəyini bilə bilməzsən. Çünki insanlar nə qədər sərbəst olmaq istəsələr də, sərbəstliklərini heç bir zaman tam anlamazlar. Həyat hər zaman geri çəkilən bir labirintə bənzəyir. Hər keçən aninsanıdaha çox tənhalığa, daha çox sualların girdabına sürükləyir. O, içində öz azadlığını tapmağa çalışarkən, bəzən azadlıqla deyil, daha da ağırlaşan köləliklə qarşılaşır. Lakin mübarizə bitmir. Mübarizə bitmədikcə İnsan, heç vaxt öz içindəki boşluğu tamamlayacaq bir hissi əldə etməyə başlamaz. O, sadəcə özünü daha yaxşı anlamağa çalışar.

 

İyun 2010 

Azadlıq, bəzən yalnız ölümün və ya öz həyatını sonlandırma qərarının içində tapılacaq bir gerçəklikdir. Mübariz İbrahimovun düşmən səngərinə atılmasında, heç də yalnız bir döyüş yox, bir həyatın, bir xalqın və bir idealın mübarizəsi vardı. İnsan, bəzən özünə qarşı ən böyük mübarizəni, sadəcə ölümün qarşısında duraraq, onunla üzləşərək edir. Bəziləri bu döyüşdə qaçmaq istəyir, amma nə qədər qaçsalar da, heç vaxt ölümün və onun gətirdiyi azadlığın sirrini anlayıb, ona qovuşa bilmirlər. Ölüm, yalnız bir son deyil, bəzən azadlığın və varlığın tək gerçəyi olur.

Mübariz, döyüşə girdikdə sadəcə torpağını qorumaqla qalmırdı, o, eyni zamanda öz varlığını, öz mənliyini ölümün içində tapmağa çalışırdı. Düşmən səngərinə girməsi, bir tərəfdən qorxu və vəhşi bir mübarizənin simvolu, digər tərəfdən isə öz həyatını məhv etmədən əvvəl, onu tam olaraq hiss etməyə çalışmaq idi. O, həyatla ölüm arasında bir nöqtədə dayanaraq, həm özünü, həm də xalqının azadlığını axtarırdı.

Ölüm, heç də yalnız bir sona, bir həyatın bitməsinə işarə etmir. Mübarizin qəhrəmanlığı, ölümlə üzləşməkdə deyil, ölümlə barışmaqda idi. Mübariz İbrahimov, yalnız bir döyüşdə iştirak etmirdi, o, öz ölümünü, bu torpağın azadlığını təmin etmək üçün bir vasitə olaraq qəbul etmişdi. Hər bir insanın həyatı, öz varlığını tapmaq üçün bir mübarizədir; amma bu mübarizə, ölümlə barışmadan başa çatmaz. Mübariz, öz ölümünü gözləyərək deyil, öz həyatını fəda edərək azadlığını tapdı, bu da həyatın, hər bir insanın mübarizəsi üçün nə qədər böyük bir dərs olduğunu göstərdi.

Bəli, Mübariz İbrahimovun düşmən səngərinə girməsi, sadəcə bir döyüş yox, hər bir insanın öz varlığını, öz təbii haqqını qazanmaq uğrunda verdiyi mübarizənin simvolu oldu. Ölümün və həyatın sərhədlərini aşaraq, o, bütün xalqına azadlıq və şərəf gətirdi. O, hər bir kəsə göstərdi ki, ölüm və azadlıq, bəzən eyni yolda gedər -birinin sonu, digərinin başlanğıcı olur.

Bu qədər əzab içində yalnız bir insan var ki, bu yolu gedib, özünü tapmağa çalışdı. Mübariz İbrahimov, öz taleyinin gərgin mübarizəsi içində bir döyüşçü kimi qalır. O, yalnız doğulmuş və əzab çəkən bir insan deyildi. O, vətəninin və xalqının azadlığı uğrunda, öz azadlığını qazanmaq üçün hər şeyi əldən verməyə hazır idi. İbrahimov, içindəki gücü zamanla anlayır və ruhunun həqiqi məna tapmasında həmin əzabın rolu olduğunu hiss edirdi. Amma o da bildi ki, azadlıq sadəcə sərbəstlik deyil, bu bir daxili qələbədir. Və bir döyüşçü, heç vaxt içindəki boşluğu tamamlamaz, sadəcə bu boşluğa necə dayana biləcəyini öyrənir.

 

1824

Düşünmək, yalnız sadə bir fəaliyyətdən daha çoxudur. Sözlər bəzən o qədər ağrılı olur ki, insan onları dilindən çıxartması mümkünsüz olur. Bəzən, sözlər sadəcə içində bir dağ kimi böyüyür, dilində bir yük olur. İnsan içindəki həmin sözləri başqalarına verməyə çalışsa da, həmin sözlər heç vaxt digərinin qəlbinə dəyərsizliklə toxunmaz. Çünki hər kəsin öz gerçəkliyi var və o gerçəkliyin ağırlığı heç kəsə aid olmasa da, hamıya bərabərdir. Beləliklə, içindəki susqunluğu daşıyan bir insan, içindəki əzabı hər zaman qəlbinə qoyur. O susqunluq ki, insanın öz içindəki ən qaranlıq hissləri meydana çıxarır.

Dikkens, yazılarında yalnız öz dövrünün yox, dövrün insanlarının içindəki boşluğu da ifadə etməyə çalışdı. Hər sözündə bir boşluq vardı, çünki o bilirdi ki, heç bir söz tam mənası ilə qarşısındakına çatmaz. Amma hər zaman öz səsi ilə eşidilməyə davam etdi. Bu da ona içindəki qorxuları, tənhalıqları və mübarizələri göstərməyə imkan verdi.

Eyni şəkildə, Mübariz İbrahimov da öz hisslərini yalnız döyüşlə ifadə etmədi. O, bir xalqın şanını daşıyan insan kimi, öz içindəki sükutu çırpmağa və xalqının azadlığı üçün mübarizə etməyə başladı. İbrahimov, öz silahının gücünü deyil, hər bir düşüncəsinin dərinliyini bildi və bu onun öz mübarizəsindəki ən böyük silahı oldu.

Dikkens və İbrahimov - ikisi də öz düşüncələri ilə döyüşmüş, ruhlarının boşluqlarını dərk etməyə çalışmış şəxslərdi. Onlar, fərqli dövrlərdə və fərqli yerlərdə yaşamış olsa da, içlərindəki bu mübarizə bir-birini tamamlayır. Hər biri öz zamanının və məkanının təzyiqi altında, insanın özündən və dünyasından nə istədiyini axtarmağa çalışdı.

Azadlıq, nə qədər arzulanarsa, o qədər də əlçatmaz olur. İnsanlar nə qədər azad olmaq istəsələr də, nə qədər özünü təhlil etməyə çalışsalar da, onlar bir yerdə qalıb hələ də o ağırlıqla qarşılaşacaqlar. Ölüm, varlıqdan qurtuluşun yalnız bir–yeganə yolu olduğu halda, həyat, bəzən ölümə getməkdən əvvəlki acılıqdır. Dikkens və İbrahimov da ölümün özü ilə qarşılaşmaqdan çəkinmədilər. Hər ikisi həyatın ən kəskin, ən tünd tərəfləri ilə üzləşərək, öz mübarizələrini sona çatdırdılar.

 

2025

Düşünmək sadəcə təhlil etmək deyil, həm də əzab çəkməkdir. İnsan əzabını yalnız düşüncə ilə yüngülləşdirməyə çalışsa da, əzab özünü bir daha ortaya qoyar. Düşüncələr bir alət olurlar, amma hər alət özünü öz ustasından qoruyur. İnsan əzabını yalnız düşündüyü qədər dərk edir. Lakin bu dərk etmə, heç vaxt ağrısız olmur. Bir insanın öz içində mübarizə aparması, nə qədər güclü olsa da, heç vaxt səssiz olmur.

Azadlıq bir çoxları üçün görünməzdir. Hətta bu azadlıq, insanın həyatında özünü tapmaq və onu özündə birləşdirməkdən daha çoxunu tələb edir. Bu isə o deməkdir ki, həqiqi mübarizə daxilimizdə başlayır

Çarlz Dikkens, öz dövründəki sosial ədalətsizliklərlə mübarizə aparan bir yazıçı idi. O, zənginlər və kasıblar arasındakı uçurumu, uşaqların və qadınların həyatını bir güzgü kimi göstərərək, cəmiyyətin ən dərin yaralarına toxundu. Həyatında əzab çəkənlərə qarşı olan rəğbəti və onlara dəstək olma istəyi onu yazılarında yüksək bir sosial məsuliyyət daşımağa sövq etdi. Həmçinin, Dikkens'in əsərləri mübarizənin bir forması idi. O, mübarizəni sözlərlə həyata keçirdi və cəmiyyətin daxilindəki ədalətsizliyə qarşı insanları ayıltdı.

Mübariz İbrahimov isəAzərbaycanın müstəqilliyi uğrunda şəhid olan bir qəhrəmandır. Onun mübarizəsi, bir tərəfdən təməldən yuxarıya doğru gedən bir sosial dəyişiklik idi, digər tərəfdən isə şəxsi bir azadlıq mübarizəsi. Mübariz, öz xalqının azadlığı uğrunda ölümdən qorxmadan savaşdı və canını bu mübarizəyə sərf etdi. O, Çarlz Dikkens'in təkcə yazı ilə deyil, həm də əməlli bir mübarizə ilə xalqını qurtarmağa çalışan bir düşüncəni və sarsılmaz bir əzmkarlığı təmsil etdi. Ancaq bu mübarizə də, necə deyərlər, yalnız öz həyat yoldaşının ağır psixoloji xəstə olmasına gətirib çıxardı.

Bu iki şəxs arasında bir bağ var: Hər ikisi də sükutla savaşan insanlardır. Çarlz Dikkens, öz yazılarında sükut edənləri, susanları səsləndirməyə çalışdı. O, qəlbindəki əzabı və tənhalığı qələmi ilə kəsməyə çalışdı. Mübariz İbrahimov isə, sükut edən bir xalqın azadlıq istəyini səsləndirdi və onun sükutunu qıraraq öz mübarizəsini davam etdirdi.

  Çarlz Dikkens'in mübarizəsi yazının, sözün və ədəbiyyatın gücü ilə həyata keçirdi, lakin Mübariz İbrahimovun mübarizəsi əslində çox daha fərqli bir alətə, yəni canına, öz vücuduna, gücünə əsaslanırdı. Lakin hər iki şəxs də öz dövrünün məhkumluqlarına qarşı bir reaksiya göstərdi. Onların mübarizələri, bir tərəfdən özlərini və başqalarını anlamanın dərinliklərinə enmək idi, digər tərəfdən isə bəşəriyyətin ən əsas haqqı olan azadlığı qazanmağa çalışan bir hərəkat idi.

  Bu şəxslərin mübarizələri birləşir, hansı ki, hər ikisi də insanın içindəki əzabı, boşluğu və narazılığı öz hərəkətləri ilə güclü bir şəkildə ifadə etdilər. Çarlz Dikkens sosial ədalətə yönələn bir üsyan etdi, Mübariz İbrahimov isə azadlıq uğrunda döyüşü simvolizə etdi. Onların arasındakı əlaqə, sadəcə fərqli dövrlərdə, fərqli vasitələrlə həyata keçirilən, amma ümumi məqsədi insanın ləyaqətini qorumağa yönələn mübarizədir. Bu mübarizə, bir baxımdan, həyatın özü ilə – insanın öz içindəki qaranlıq tərəfləri ilə baş verməkdədir. Çünki hər iki şəxs, həm də həyatın çətinlikləri qarşısında öz içində bir mənəvi güc tapdılar.

  Çarlz Dikkens və Mübariz İbrahimovun mübarizələri arasında birgə bir xətt var. Hər iki şəxs, yaşadıqları dövrlərin çətinliklərini və ədalətsizliyini qarşısında dayanmış, özlərini ifadə etmə və digər insanları anlamada dərin bir ehtiyac duyaraq yol almışdır. Çarlz Dikkens, cəmiyyətin zəif və müdafiəsiz olan təbəqələrinin həyatını sərt və acı şəkildə təhlil edərək, bu təbəqələrin yaşadığı əzabı öz əsərlərində ifadə etdi. O, sözlərlə mübarizə edirdi, yazılarıyla xalqın kədərini, çətinliklərini və gözləntilərini bütün dünyaya çatdırmağa çalışırdı. Sosial təbəqələr arasındakı uçurumu aradan qaldırmaq istəyirdi və heç bir bəhanə ilə sükut etmirdi. O, yazı ilə azadlıq, bərabərlik və insan hüquqları uğrunda mübarizə aparırdı.

  Digər tərəfdən, Mübariz İbrahimov daha fərqli bir mübarizə apardı. Onun mübarizəsi əslində bir mənalı olaraq yazının gücünün daha sonrasına keçirdi. O, döyüş meydanında bir çoxunun səssizcə dayandığı bir dövrdə, silahları və həyatı ilə öz mübarizəsini həyata keçirdi. Mübariz, xalqının azadlığı uğrunda yalnız fiziki gücünə deyil, həm də böyük bir daxili əzmkarlığa güvənərək döyüşdü. Onun mübarizəsi, təkcə əzabın və mübarizənin simvolu deyil, eyni zamanda xalqın bir bütün olaraq, daimi şəkildə azadlıq və müstəqillik istəyini simvolizə edir.

  Çarlz Dikkens və Mübariz İbrahimovun arasında ən böyük əlaqə, onların dövründən gələn sükut və təzyiq qarşısında baş verən mübarizədə gizlidir. Hər iki şəxs də bəşəriyyətin ən vacib haqqı olan azadlıq uğrunda mübarizə apardı. Həm Çarlz, həm də Mübariz üçün azadlıq yalnız bir sosial hüquq deyil, insanın daxili azadlığını tapması ilə də əlaqələndirilir. Dikkens, sükut edənlərin və cəmiyyətin ədalətsizliyinə məruz qalanların səsini duyurmaq istəyirdi. O, cəmiyyətdəki təzyiqlərin qarşısında insanları dinləməyə və hiss etməyə çağırdı.

  Mübariz isə, bu sükutu sındıraraq, azadlıq uğrunda öz həyatını riskə atdı. Onun mübarizəsi yalnız öz ölkəsi üçün deyil, həm də insanlıq üçün bir əzab və çətinlik idi. Çarlz Dikkens'in yazıları ilə başlayan mübarizə, Mübariz İbrahimovun silahları və əzmkarlığı ilə konkretləşdi. Birincisi, sözlərlə, digəri isə həyatla mübarizə etdi. Lakin onların hər biri özünün varlıq mübarizəsində bir nəticəyə çatmağa çalışırdı: İnsanlıq və azadlıq.

  Bu iki şəxsin mübarizələri birləşir: bir tərəfdən sözlə, digər tərəfdən həyatla edilən mübarizələr. Hər biri öz dövrünün və şəxsi əzablarının qarşısında durmaq üçün özünü ortaya qoydu. Dikkens'in mübarizəsi sosial bərabərlik uğrunda idi, Mübarizinki isə təbii olaraq bir xalqın azadlığı uğrunda idi. Lakin hər ikisi də bir anlamağa çalışdı: insan, öz haqqını qoruyarkən, həm də daxili gücünü tapmalıdır. Çünki bu mübarizə yalnız fiziki deyil, mənəvi bir səfərdir.

  İki şəxs arasındakı əlaqə, dövrlərin fərqliliyini və mübarizələrin müxtəlif alətlərini üzə çıxarır. Ancaq bir şey məlumdur ki, onlar hər biri insanın öz mübarizəsini, gücünü və ən sonda öz azadlığını tapma yolunu axtarıblar. Hər ikisi də cəmiyyətin ədalətsizliyinə qarşı çıxaraq, öz daxili dünyalarını və hisslərini yazıya və hərəkətə çevirmişdir. Dikkens, yazı ilə, Mübariz isə canı ilə mübarizə etdi. Amma hər ikisi də eyni məqsədə xidmət edirdi: İnsanlığın ən böyük haqqı olan azadlığı qorumağa.. 

  İllər keçdi, amma bu gün də, dünən olduğu kimi, eyni mübarizənin səsi hələ də havada asılıdır. Hər bir dövr, özünün qəhrəmanlarını ortaya çıxarır. Ancaq onların mübarizəsi yalnız zənginlər və kasıblar arasında deyil, daha çox insanın öz daxili dünyasında baş verir. Xalqın iztirabları, onların gözlərindəki ümidi oyandıran bir hıçqırıqdı, amma bu hıçqırıq yalnız sözlərlə deyil, həm də həyatda əksini tapdı.

  Günümüzdə olan hər bir döyüş, yalnız zahiri bir mübarizə deyil; bu, insanın özünü tapmaq uğrunda apardığı bir daxili döyüşdür. Çarlz Dikkens və Mübariz İbrahimov bu mübarizənin iki fərqli üzü kimi qarşımıza çıxır. Dikkens'in əsərlərindəki həyatlar, sadə insanların əzabları, təzyiqlər qarşısında susmaqdan imtina etmələri, bu böyük mübarizənin sözlərlə reallaşan forması idi. O, yazılarında zənginlərlə kasıblar arasındakı uçurumu mübahisəsiz şəkildə təsvir edirdi, cəmiyyətin ədalətsizliyini açıqca göstərirdi. Hər bir yazısı bir reaksiya idi, bir mübarizə, bir çağırış...

  Mübariz İbrahimov isə, bu reaksiyanı yalnız sözlərlə deyil, həyatı ilə verdi. O, sadəcə yazmağı yox, həyatını bu mübarizəyə həsr etdi. O, ölkəsinin azadlığı üçün vuruşan bir insan olaraq tarixə yazıldı. Mübarizin mübarizəsi, bir xalqın sükutunu pozmağa və azadlıq istəyini səsə gətirməyə yönəlmişdi. Mübariz, bir əsgər olaraq həyatı ilə azadlıq uğrunda döyüşürdü. Bu döyüşün mərkəzində yalnız fiziki güc yox, əzmkarlıq, inam və daxili güc vardı. Onun mübarizəsi, yazının gücündən fərqli olaraq, bədəninin, varlığının gücünə söykənirdi.

  Amma nə Dikkens, nə də Mübariz yalnız xarici mübarizə ilə kifayətlənirdilər. Hər biri də öz daxili mübarizəsi ilə qarşılaşırdı. Dikkens yazılarında ədalətsizliyə qarşı çıxdıqca, hər yazısında insanın ən dərin hisslərinə toxunmağa çalışırdı. O, yalnız sosial quruluşu və zəngin-kasıb arasındakı uçurumu göstərmirdi, eyni zamanda insanın daxili azadlıq istəyini, ruhunun azadlığını da vurğulayırdı. Onun mübarizəsi birbaşa daxili narazılığın, qəlbin kədərinin bir ifadəsi idi.

  Mübariz isə, bütün bu sözləri gerçəkləşdirmək üçün bədənini ortaya qoydu. Azadlıq mübarizəsi yalnız döyüş meydanında deyil, həm də insanın öz varlığında və kimliyində baş verirdi. O, vuruşarkən yalnız öz xalqı üçün deyil, həm də özünü tapmağa çalışırdı. Hər döyüş, hər zəfər və hər məğlubiyyət onun daxili dünyasını formalaşdırırdı. Dikkens'in sözlərlə yaratdığı mübarizə, Mübarizin silahları və həyatla təsdiqlənmiş mübarizəsi ilə əksini tapırdı.

  Bu iki şəxs, fərqli dövrlərdə fərqli alətlərdən istifadə etsələr də, bir məqsədi güdürdülər: insanın öz haqqını tapması və həyatın ədalətsizliyinə qarşı mübarizə aparmaq. Dikkens yazı ilə, Mübariz isə bədəni ilə mübarizə edirdi. Ancaq hər iki mübarizə bir-birini tamamlayır, insanın azadlıq istəyini təmsil edirdi.

  Hər dövrün, hər mübarizənin öz çətinlikləri olsa da, onların uğrunda verdiyi mübarizənin əsasında bəşəriyyətin ən qədim haqqı dayanırdı: insanın azadlığı, kimliyini tapması və özünü ifadə etməsi. Mübarizlər yalnız öz xalqının deyil, həm də öz daxili azadlığının uğrunda döyüşürlərdi. Nəticədə, onların bu mübarizələri, yalnız tarixi dəyişdirməklə qalmır, eyni zamanda insanın öz varlığını, kimliyini və azadlığını anlama yolunda atılmış addımlardır.

  Amma bu zəfər yalnız sevincli bir nəticə ilə bitməz. Hər mübarizənin sonunda qələbə ilə bərabər gələn bir məyusluq və əzab vardır. Zəfər yalnız həyatın ən çətin anlarını əhatə edən bir ulduz deyil; o, eyni zamanda uzun, yorucu bir yolun sonunda gələn sükutdur. Dikkens'in yazılarında hər bir qəhrəman, zahirən uğur qazansa da, öz içində bir boşluq, bir narazılıq daşıyır. Onlar qələbə qazanarkən, geridə qoyduqları insanları, itirilmiş illəri və ümidsizliklə dolu günləri düşünürlər.

  Mübariz də eyni şəkildə, hər qələbənin arxasında bir məyusluq hissi ilə qarşılaşır. O, müstəqillik uğrunda döyüşərkən, bir zamanlar əzab çəkdiyi əzəmətləri və sevdiyi insanları düşünür. Mübariz, həyatın bu kədərli, amma gözəl dövrlərinin içində, öz mübarizəsini və qurbanlarını anlamağa çalışır.

  Zəfər, yalnız bir döyüşün sonunda deyil, həm də insanın öz varlığında yaşadığı dərin məyusluğun içində tapılır. Amma bu məyusluq da öz yerindədir. Onun olması, insanın əzab içində belə hərəkət etməsini, mübarizə aparmasını, ən dərin təfəkkürlə özünü anlamasını təmin edir. Bu kədər, eyni zamanda bir qaynaqdır - insanların ən dərin tərəflərinə toxunur, özlərini, varlıqlarını daha yaxşı başa düşməyə kömək edir.

  Məyusluq, insanın öz mübarizəsini heç vaxt unutmaması üçün bir işarədir. Çünki yalnız məyusluqla qarşılaşdıqca, o kədəri öz gücünə çevirib daha böyük mübarizələrə atılmaq mümkündür. Və hər bir kədərli anın sonunda, insanın uğuru, yalnız onu başa düşmək və qəbul etmək bacarığı ilə ölçülür..

 Hörmət və rəğbətlə anırıq..

 

“Ədəbiyyat və incəsənət”

(07.02.3035)

Пятница, 07 Февраль 2025 12:00

TMİF – Yakup Kadri Karaosmanoğlu barədə gerçəklər

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsi olan TÜRK MƏDƏNİYYƏTİ ÜNLÜLƏRİndə bu gün sizlərə Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi Yakub Qadri Karaosmanoğlu barədə danışacağıq.

 

Türk edebiyatının önəmli simalarından biri olan Yakub Qadri Karaosmanoğlu (1889-1974), həm ədəbi, həm də siyasi kimliyi ilə Respublika dövrünün ən mühüm ziyalıları sırasında yer alır. Romanları, hekayələri, esse yazıları və siyasi məqalələri ilə ictimai dəyişimləri özündə əks etdirən Karaosmanoğlu, Qərbləşmə ağrılarını, aydın-xalq qarşıdurmasını və tarixi dönüşümləri dərinləmə işləmişdir.

 

Yaqub Qadri 27 mart 1889-cu ildə Qahirədə dünyaya gəlmişdir. Kökləri XVII əsrdə Qaraosmanoğlu ailəsinə uzanan bu nəslin mənşəyi Manisanın nüfuzlu əşraf ailələrindən biridir. Nənəsi Qara Məhəmməd Çavuşun nəslindən olan Əbdülqadir bəy, Qavalalı İbrahim Paşaya yaxınlığı səbəbilə Misirə köçmüş; Yaqub Qadri'nin atasının vəfatının ardından ailə 1895-ci ildə Manisaya qayıtmışdır. Bu dövrdə Çaybaşı Feyziyyə Məktəbi və İzmir İdadisində təhsil alan yazıçı, atasının ölümü ilə təhsilini yarıçıq qoyaraq anası ilə Misirə geri dönmüş, İskəndəriyyədə Fransız məktəbi "Frerler" və İsveçrə Liseyində orta təhsilini tamamlamışdır. Bu illərdə Fransa ədəbiyyatı ilə tanış olması onun ədəbi şəxsiyyətinin formalaşmasında həlledici rol oynamışdır.

Yaqub Qadri, 1908-ci ildə İstanbula köçdükdən sonra Məktəb-i Hüquqa qeyd olunmuş, lakin üçüncü sinifdə təhsilini yarımçıq qoymuşdur. İstanbulda Rəfiq Həlit Qaray, Şəhabəddin Süleyman kimi şəxslərlə tanış olmuş və "Fecr-i Ati" cəmiyyətinə qoşularaq ədəbi dünyaya addım atmışdır. İlk əsəri "Nirvana" (1909), "Rəsimli Kitab" jurnalında dərc olunmuş bir teatr pyesidir. Bu dövrdə o, Yahya Kamal ilə birlikdə "Yeni Yunançılıq" (Nev-Yunanilik) cərəyanını müdafiə etmiş, lakin bu təşəbbüs gözlənilən marağı qazanmamışdır.

Yaqub Qadri, 1916-1919-cu illərdə İsveçrədə keçirdiyi vərəm müalicəsindən sonra İstanbula qayıtmış və "İkdam" qəzetində Milli Mübarizəni dəstəkləyən yazılar yazmışdır. 1921-ci ildə Ankara hökumətinin dəvəti ilə Anadoluya keçərək Tədqiq-i Məzalim Heyətində çalışmış və Yunan işğalının izlərini sənədləşdirmişdir. 1923-1934-cü illər arasında Mardin və Manisadan millət vəkili olaraq siyasətə qatılmış, "Kadro" jurnalının qurucuları arasında yer almışdır. Jurnalın bağlanması ilə diplomat karyerası başlamış; Tiran, Praqa, Lahey, Bern və Tehranda səfir vəzifəsində çalışmışdır. 1955-ci ildə pensiyaya çıxaraq Türkiyəyə dönən yazıçı, 13 dekabr 1974-cü ildə Ankarada vəfat etmiş və İstanbulda dəfn edilmişdir.

Yaqub Qadri'nin ədəbi həyatı “Fecr-i Ati” cəmiyyəti ilə başlayır. "Sənət şəxsi və möhtərəmdir" prinsipini mənimsədiyi bu dövrdə, fərdi mövzuları işləyən mənsur şeirlər və teatr əsərləri yazmışdır. Yaqub Qadri, Ədəbiyyat-ı Cədidə dövründə ortaya çıxan mənsur şeir janrının ən əhəmiyyətli nümayəndələrindən biridir. Zəngin çağrışımlarla toxunmuş şeirlərini "Ərənlərin Bağından" və "Oxun Ucundan" adlı əsərlərində toplamışdır. Bu əsərlərdə, qədərcı, rind, asi və bədbin bir ruh hali, ahəngdar Türk dili ilə ifadə edilmişdir. Bu əsərlərdə Tövrat, İncil, Quran, peyğəmbər qissələri, Yunan mifologiyası, Fransız simvolist və parnasçı cərəyanları kimi müxtəlif elementlərin izləri görünür.

Balkan Müharibələri və I. Dünya Müharibəsinin yaratdığı ictimai travmalar, onun sənət anlayışını köklü şəkildə dəyişdirmişdir. O, artıq "sənət cəmiyyət üçündür" deyərək əsərlərində tarixi və sosial məsələlərə diqqət mərkəzləşdirmişdir.

Yaqub Qadri'nin ən əhəmiyyətli ədəbi irsi, 1922-1956-cı illər arasında nəşr olunan doqquz romanıdır. Bu əsərlər, Osmanlının son dövründən Cümhuriyyətə qədər uzanan prosesi təhlil edir.

Üç nəslin toqquşmasını bir qonaq evi və mənzil üzərindən əks etdirən "Kirayəlik Qonaq" romanı, Qərbləşmənin korrupsiyaedici təsirlərini simvolik şəkildə təsvir edir. Naim Əfəndinin ənənəvi dəyərləri ilə nəvəsi Sənihanın modernizmə olan həvəsi arasındakı gərginlik, ictimai parçalanmanın metaforasıdır.

"Nur Baba" romanı, Bektaşi təkkələrinin dünyəviləşməsini tənqid etdiyi üçün nəşr olunduğu dövrdə böyük etirazlara səbəb olmuşdur. Roman təkkənin dini funksiyasını itirərək şəhvət mərkəzinə çevrilməsi, dini qurumların çöküşünü təsvir edir.

"Sodom və Gomore" romanı, Mütarəkə dövrü İstanbulunu əks etdirir və işğal altındakı şəhərin əxlaqi çöküşünü Sodom və Gomora mifi ilə əlaqələndirir. Yaqub Qadri, Qərb həvəskarı züppə sinifin milli şüurdan məhrum olmasını kəskin dilə tənqid edir.

Milli Mübarizə dövründə ziyalı-kəndli arasındakı mədəni və fikir ayrılıqlarını təhlil edən "Yaban" romanı, kəndlinin "şüursuzluğu" və ziyalıların öz mədəniyyətlərinə yadlaşması vasitəsilə ictimai bir faciəni təqdim edir. CHP Roman Mükafatında ikincilik qazanan bu əsər, dövründə həm tərif, həm də tənqid almışdır.

 

“Bunun səbəbi, Türk ziyalısı, yenə sənsən! Bu xarabalıq vətən və yoxsul insan kütləsi üçün nə etdin? İllərlə, əsrlərlə onun qanını əmdikdən və onu bir posa halında sərt torpağın üstünə atdıqdan sonra, indi də gəlib ondan iyrənc duymaq haqqını özündə tapırsan. Anadolu xalqının bir ruhu var idi, nüfuz edə bilmədin. Bir başı var idi, aydınlatmadın. Bir bədəni var idi, qidalandıra bilmədin. Üstündə yaşadığı bir torpaq var idi! İşlədə bilmədin. Onu, heyvani hisslərin, cəhalətin, yoxsulluğun və qıtlığın əlində qoydun. O, sərt torpaqla quru göy arasında bir yabanı ot kimi bitdi. İndi, əlində oraq, buraya biçinə gəlmişsən. Nə əkdinki, nə biçəcəksən? Bu gicitkənləri, bu quru tikanlarımı? Əlbəttə ayaqlarına batacaq. Budur, hər yanın yarılmış halda qanayır və sən, acıdan üzünü buruşdurursan. Həsrətdən yumruqlarını sıxırsan. Sana əzab verən bu şey, öz əsərin, öz əsərindir!” (Yaban, s. 111)

 

Cümhuriyyətin ilk illərindən bəhs edən trilogiyanın ilk kitabı "Ankara", idealist kadrların yaşadığı ziddiyyətləri əks etdirir. Roman, inqilabların cəmiyyətə nüfuz etmə sancılarını dramatik şəkildə təsvir edir.

Yaqub Qadri'nin hekayələri iki dönəmə ayrılır: İlk dönəmdə ("Bir Sərəncam") fərdi mövzular işlənərkən, ikinci dönəmdə ("Milli Müharibə Hekayələri") Milli Mübarizənin ağrıları və ictimai problemlər ön plana çəkilir. "Nirvana" və "Sağanaq" əsərlərində ailə qurumunun dağılması və inqilab əleyhdarlığı təhlil edilir.

"Məcburi Diplomat" və "Siyasətdə 45 İl" kimi xatirə kitablarında o, siyasi və diplomatik təcrübələrini səmimi bir dillə təqdim etmişdir. "Anamın Kitabı" isə uşaqlıq xatirələrini ədəbi üslubla birləşdirir. Esselərində Qərb-Şərq ziddiyyətinə toxunan yazıçı, "Alp Dağlarından" əsərində mədəniyyətlər arasındakı əlaqələri sorğulayır.

Yaqub Qadri'nin əsərlərində əsas əlamətdar mövzu Qərbləşmənin səbəb olduğu şəxsiyyət böhranıdır. "Kirayəlik Qonaq"da ənənəvi dəyərlərin dağılması, "Sodom və Gomore"də əxlaqi pozğunluq, "Yaban"da isə kəndlinin modernləşməyə müqaviməti bu böhranı əks etdirir. Onun fikrincə, səthi Qərbləşmə cəmiyyəti kökündən uzaqlaşdırmış; ziyalılar isə xalqa yadlaşmışdır.

Yaqub Qadri Qaraosmanoğlu, 1932-ci ildə Vədat Nədim Tör və Şövkət Süreyya Aydəmir ilə birlikdə qurduğu "Kadro" jurnalında "xalq üçün, xalqa baxmayaraq" şüarını müdafiə etmişdir. Bu dövrdə yazdığı "Ankara" və "Panorama" kimi əsərlərində onun, yeni qurulan Cümhuriyyətin həyata keçirdiyi inqilabların cəmiyyətə necə kök salacağı sualına cavab axtardığı görünür.

Yaqub Qadri, əsərlərində kəndlini "geri" və "şüursuz" təsvir etməsi ilə tənqid olunmuşdur. "Yaban"dakı kənd təsviri gerçəkçilikdən uzaq hesab edilmiş; ziyalı ilə xalq arasındakı uçurumu şişirdiyi iddia edilmişdir. Tanpınar onun "reallığı bir ideologiyanın prizmasından gördüyünü" qeyd etmişdir. Buna baxmayaraq, Milli Mübarizəni ədəbiyyatla birləşdirməsi onu Cümhuriyyətin qurucu nəsli arasında xüsusi bir mövqeyə yüksəltmişdir.

Yaqub Qadri Qaraosmanoğlu, Türk ədəbiyyatında ictimai realizmin öncülərindəndir. Romanları Osmanlıdan Cümhuriyyətə keçidin sosioloji xəritəsini çıxararkən; hekayələri və esseləri dövrün siyasi ruhunu əks etdirir. Siyasi kimliyi ilə ədəbi duruşunu birləşdirən yazıçı, həm bir dəyişim dövrünün şahidi, həm də tərcüməçisi olmuşdur. Əsərlərindəki kəskin tənqidlər və ideoloji mövqe onu mübahisəli, lakin əvəzolunmaz bir simaya çevirmişdir. Yaqub Qadri, Türk ziyalısının daxili hesablaşmalarını və ictimai məsuliyyətini ədəbiyyatla birləşdirən əhəmiyyətli bir qələmdir.

 

Biblioqrafiya

Kenan Akyüz, Modern Türk Edebiyatının Ana Çizgileri: 1860-1923, Ankara: İnkılap Yayınevi, 2000.

Berna Moran, Türk Romanına Eleştirel Bir Bakış, İstanbul: İletişim, 2021.

İnci Enginün, Yeni Türk Edebiyatı Araştırmaları I, İstanbul: Dergâh, 2012.

Nazım Hikmet Polat, "Karaosmanoğlu, Yakup Kadri ", Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, C. 24, 2001.

Ahmet Hamdi Tanpınar, Edebiyat Üzerine Makaleler, Hazırlayan: Zeynep Kerman, İstanbul: Dergâh Yayınları, 2024.

Münire Kevser Baş, “Yakup Kadri Karaosmanoğlu”, Türk Edebiyatı Eserler Sözlüğü. https://teis.yesevi.edu.tr/madde-detay/karaosmanoglu-yakup-kadri [Erişim Tarihi: 01.02.2025]

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Пятница, 07 Февраль 2025 11:13

Ermənistanı yasa boğan qəhrəman

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

İmam Əli  (Ə.S)  buyurur: “Qiyamət günü cənnətə daxil olan ilk şəxs şəhid olacaq”.  Bu gün haqqında danışacağım insanın nəinki məndə,  bütün azərbaycanlıların qəlbində yeri başqadır. Ümumiyyətlə, bu millət hər zaman şəhidinə, qazisinə sahin çıxıb. 

 

Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Əliabad kəndində, Puşkin (hazırkı Biləsuvar)  rayonunda anadan olub.  Ta uşaq yaşlarından hərbiyə maraq göstərən Mübarizə atası Çevik Polis  Alayına sənət verməyi məsləhət görür.  Lakin Mübariz “Ata, mən millətimə əl qaldıra bilmərəm”  deyir və atasının təklifini qəbul etmir. 

Mübariz İbrahimov 2005-ci ildə  məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır.  O,  Daxili İşlər Nazirliyinə bağlı  xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş Mübariz  iki il sonra xidmətini bitirmiş,  2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq xidmətə başlamışdır. Hər birimizin içində Erməniyə qarşı ayrı bir nifrət var. Mübarizində Xocalıda törədilən vəhşiliklər,  qırğınlar gözünün önünə gəldikcə Ermənilərə olan nifrəti birə beş artırdı.   2010-cu il İyun ayının 18-dən 19-na keçən gecə özündən geriyə yazdığı məktubu qalan Mübariz İbrahimov təmas xəttini keçərək  Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan ordusuna məxsus zastavaya basqın etmişdi.  Nəyin nə olduğunu anlamadan Ermənilər artıq  20-ə yaxın itki vermişdi. Təkbaşına bir ordu kimi savaşan Mübariz erməni əsgərlərini  əməllicə  təşvişə salmışdı. Onlar sanki Azərbaycan ordusu hücuma keçdiyini düşünüb qarışqa kimi hərəsi bir tərəfə dağılışmağa başladı.  19-u səhərə yaxın Mübarizin mərmisi azalmağa başlamışdı. O, artıq tapancası və bıçağı ilə döyüşməyə davam elədi və kürək nahiyəsindən aldığı iki güllə yarası ilə Mübariz şəhadətə qovuşdu.  Ermənilər hər nə qədər təkzib etsələrdə Mübarizin nəşini gizlədə bilmədilər və Rusiyanın vasitəçiliyi ilə noyabrın 6-ında Həştərxanda Mübarizin nəşi Azərbaycana təhvil verildi. Ermənilər o qədər qorxmuşdu ki,  Mübarizin hələ də sağ qaldığını düşünüb əllərini və ayaqlarını bağlamışdılar.

Mübariz İbrahimova ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş və eyni zamanda “ilin adamı” adına layiq görülmüşdür

 

“Ədəbiyyat və İncəsənət” 

 (07.02.2025)

 

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi

“Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan musiqi təhsilinin, xüsusən də milli musiqi təhsilinin inkişafı və gələcəyində mühüm rol oynayan, 25 illik yubileyinin astanasında olan Azərbaycan Milli Konservatoriyasının nailiyyətlərinin əsası onun əzmkar tələbələridir. Çətin və unudulmaz, həyəcanlı, eyni zamanda maraqlı imtahan sessiyasını başa vurmuş sevimli tələbələrimiz çox ağıllı və tədbirlidirlər.

 

Tələbələr arasında artıq sənətin zirvəsində olanlar da az deyil. O şəxslər ki, hər zaman müəllimləri, ustadları onlarla fəxr edir. Bu gün sizə onlardan birinin nailiyyət və uğurları haqqında söhbət açmaq istəyirəm. Söhbət AMK-nın Etnomusiqişünaslıq ixtisası üzrə magistr tələbəsi, istedadlı musiqişünas Zeynəb Bağırdan gedir. Onun uğurlarını elmi konfranslarda kürsüdən etdiyi zəngin çıxışlardan, əlbəttə ki, izləyir və qürur duyurdum, Lakin son aylarda mənə könüllü olaraq mətbuat işlərində kömək etməyə başladıqda, onun nə qədər bacarıqlı və müdrik olduğunun şahidi oldum.

Azərbaycan Milli Konservatoriyasının sənətkarlardan dərs almış davranış və bacarıqlarında nümunəvi tələbələri var. Bu barədə çox danışmışıq. Zeynəb də bu cür tələbələrdəndir. İmtahanları müvəffəqiyyətlə bitirib, əlaçı olan Zeynəb, əziyyətinin bəhrəsini hiss edir. Çox sevinclidir. Ona yeni başladığı tədqiqatı haqqında söz açmağını istəyəndə, daha da şövqlə danışmağa başladı. Tədqiqat mövzusu və tədqiqatına olan sevgisi tükənməzdir. Zeynəb Bağır 2023-cü ildən AMK-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi Lalə Hüseynovanın rəhbərliyi ilə əvvəl bakalavr, sonra isə magistr kimi tədqiqata başlayıb. Artıq iki ildir ki, bu mövzuda işlər aparır. Tədqiqatın mövzusu – İraq türkman (Kərkük) musiqisidir. Çox maraqlı bir mövzu olduğunu düşünür. Bilirik ki, İraqda yaşayan türk mənşəli xalq türkman kimi qeyd olunur. İraq türkman şifahi xalq yaradıcılığını hərtərəfli olaraq, sistemli şəkildə ilk dəfə əməkdar elm xadimi Qəzənfər Paşayev tədqiqata cəlb etmişdir. Qəzənfər Paşayev və onun izi ilə gedən yetirmələri tərəfindən Kərkük folkloru və ədəbiyyatı əsaslı şəkildə araşdırılıb. Düşünürəm ki, musiqisinin araşdırılması geniş miqyasda yalnız bu tədqiqatda özünü ifadə edəcək. Bu ki çox sevindirici haldır. Onda insan ikiqat əzmlə və bacarıqla bütün çətinliklərin öhdəsindən gəlməyi bacarır.

Həm də Zeynəb öz ustadları, sevimli müəllimləri, mənəvi dayağı bildiyi elmi rəhbərindən də böyük ruh alır.

 

Zeynəb söhbətinə davam edir:

 AMK nəzdində musiqi kollecinin müəllimi Mehman Mikayılov tərəfinən 13 üç Kərkük mahnısını notlaşdırsa da, məhz Kərkük bölgəsinin mahnılarından bəhs edən müəyyən yazılar olsa da, indiyə qədər Azərbaycan musiqişünaslığında İraq-Türkman musiqisinin tədqiqi məsələsinə bu cür əhatəli şəkildə müraciət edən olmayıb. Düzdür həmişə musiqi mübadiləsi olub, yalnız akademik səviyyədə araşdırmaq, konfrans keçirmək, elmi məqalələr, layihələrlə gündəmə gətirilməsi bir ilkdir. Tədqiqatları sevərək aparırıq, mən çalışıram ki, ümumilikdə İraqdakı bütün türkmanların musiqisinin tədqiqinə nail olum. Bunun üçün tezliklə ora səfər etməyi düşünürəm. Sahə tədqiqatları aparmağa çox iddialıyam, çünki regional fərqlilikləri elə yerindəcə araşdırmaq niyyətindəyəm. Qeyd edim ki, tədqiqatın “İraq türkmanlarının ənənəvi musiqisi” adlandırdığımız birinci mərhələsi artıq bitib. Bu mərhələdə makam, xoyrat, mahnı və rəqsləri tədqiqata cəlb etmişdik.

 

Elə keçən il, 2024-cü ilin may ayında "İraq və türkman (Kərkük) musiqisinin tədqiqi məsələləri" adı altında konfrans oldu. AMK-nın təşkilatçılığı ilə Kərkük Kültür Dərnəyi ilə birgə keçirilən konfransda Zeynəb Bağır “İraq türkman və Azərbaycanın mədəni əlaqələri” mövzusu ilə çıxış etmişdi. Həmin konfransda AMK-nın professor-müəllim heyəti, əməkdar elmi xadim Qəzənfər Paşayev və türkman sənətçilər də iştirak edirdi. Konfransdan sonra elə həmin gün böyük bir konsert keçirildi. “Kərkükdən Azərbaycana” adı altında keçirilən o möhtəşəm konsertə də aparıcılığı elə Zeynəb etmişdi. Həmin gün başqa baxışlarla olsa da eyni köklü Kərkük və Azərbaycan musiqiçiləri gözəl yaddaşlardan silinməyən konsert təşkil etmişdilər. “Kərkükdən Azərbaycana” adlı konsertdə Azərbaycanda sevilərək ifa olunan türkman xalq mahnıları yer almışdı. Qonaq ifaçılar Mehmet Neccar, professor Ömər Türkmanoğlu, Mehmet Kaya baba, Azərbaycandan əməkdar artist Nuriyyə Hüseynova, Sədəf Budaqova, Ayşən Mehdiyeva, Yaqut Xəlilova, Pərvaz İbrahimlinin təqdimatında əsərlərdən ən unudulmazı "Evlərinin önü yonca" deyimli o sevimli mahnı idi ki, heç vaxt yaddaşımdan silinməz. Sənətçi, şair və jurnalist, publisist və eyni zamanda Kərkük əsilli Sinan Səidinin ifasında ürəyimizə həkk olan "Evlərinin önü yonca, Yonca qalxmış dam boyunca, Boyu uzun, beli incə, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə," türküsü oldu. Sinan Səid Azərbaycanda indi əməkdaş olduğum Beynəlxalq radioda işləmək üçün Azərbaycana gəlib və burada təhsil alıb, o zamanlar onun Nərminə Məmmədovayla oxuduğu bu türkü dillər əzbəri idi.

İraq Türkman (Kərkük) musiqisi mövzusunda tədqiqat işlərini sona çatdırıb, elmi işi və yeni kitab üzərində çox böyük sevgiylə çalışan gənc musiqişünas Zeynəb Bağıra uğurlar diləyirəm. Onun bu yeni tədqiqat kitabının elm yolunda bir çıraq olacağından əminəm. Bu mövzuda geniş hərtərəfli miqyasda araşdırmasının məhsulu olan kitab barədə isə onu deyə bilərəm ki, sözügedən kitab tələbələrə, gənc alimlərə, İraq Türkman (Kərkük) xalqı və Azərbaycan xalqına, AMK-da dərs aldığı ustad müəllimlərinə töhfə olacaq və sevinc bəxş edəcək.

 

Azərbaycan Milli Konservatoriyasında fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin və onun rəhbəri Fərdin Məhəmmədzadənin təşkil etdiyi müsabiqədə musiqişünasların çıxışının şahidi olanda da qürur hissi keçirmişdim. Zeynəb başda olmaqla bir çox tələbə bir-birindən maraqlı mövzularla çıxış edərək, səlist nitqi və fikirlərinin mükəmməl izahı ilə hər kəsi valeh edə bilmişdilər. Mən AMK-nın musiqi dünyasında təhsil alan bu tələbələrdən çox böyük uğurlar gözləyirəm. Elə bu baxımdan da Zeynəb Bağırın İraq türkman (Kərkük) musiqisindən tədqiqat aparmağı, bu haqda kitab hazırlamağı məni çox fərəhləndirdi. Təsirlənib, onun haqqında yazmaq istədim. Çünki ilk dəfə olaraq, İraq türkman musiqisi bütün qollarında araşdırılıb, kitab halına gətiriləcək. Azərbaycan Milli Konservatoriyasının tələbəsi Zeynəb Bağırın təqdirəlayiq işləri onu musiqişünaslıq sahəsində gələcəyin böyük alimlərindən biri kimi görməyə imkan verir. O, həmçinin yaradıcı münasibətləri inkişaf etdirməyə və tərəflər arasında sıx əməkdaşlıq qurmağa çox böyük maraq göstərir. Zeynəbin bu istiqamətdəki nailiyyətləri, təkcə Azərbaycanda deyil, həm də beynəlxalq aləmdə musiqişünaslığın inkişafına xidmət edəcək.

Zeynəbin əzmkarlığı və sevgisi ilə apardığı bu tədqiqatların hər bir qismi, gələcəkdə bu sahənin daha da inkişaf etməsinə və daha geniş miqyasda tanınmasına səbəb olacaq. Onun İraq türkman (Kərkük) musiqisini dərindən araşdırmaq və bu haqda kitab yazmaq istiqamətindəki uğurları, həm də Azərbaycan Milli Konservatoriyasının bu sahədəki müvəffəqiyyətini nümayiş etdirir.

Nəticədə, Zeynəb Bağırın bu aləmə olan böyük marağı və əzmkarlığı, onun gələcəkdə çox böyük bir musiqişünas və elmi işlər sahəsində dərin izlər buraxacaq bir şəxsiyyət olacağına işarədir. Onun apardığı tədqiqatlar, İraq türkman (Kərkük) musiqisinin geniş təhlilinə və bu musiqi nümunələrinin təkcə Azərbaycanda deyil, dünyada da daha yaxşı anlaşılmasına kömək edəcək. Bu sahədəki uğurları, həmçinin gələcək nəsillər üçün ilham mənbəyi olacaq. Onun bu aləmə nə qədər valeh olduğunu həm də ondan bildim ki, hətta yazdığı şeir parçasına Kərküklü xanəndə İbrahim Rauf Tərzi "Bağışla" adlı mahnı bəstələmiş və onu "Yetimi xoyratı" ilə birlikdə təqdim etmişdir. Bu da Zeynəbin uğurudur sanıram. Görünür ki, tədqiqatlar həm də tərəflər arasında sıx əməkdaşlığa və başqa yaradıcı münasibətlərə gətirib çıxarıb. Zeynəb öz seçdiyi mövzusunun hər qisminə özünəməxsus yanaşmaq və bu mədəni əlaqələrin əyani olaraq iştirakçısı olmaq istəyir.

İraq türkman (Kərkük) xoyratında deyilir:

 

"Köprüdən

Kərkük yaxın, Köprüdən.

Bir yan uçurum, bir yan od,

İgid ol, keç köprüdən!"

İndi mən də igid balamız, sevimli tələbəmiz Zeynəbə bu misraların sehrində uğur diləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Пятница, 07 Февраль 2025 10:46

Çoxlu oxucusu olan maraqlı yazıçı –PORTRET CİZGİLƏRİ

Ağalar İdrisoğlu, yazıçı, rejissor, Əməkdar incəsənət xadimi.

“Ədəbiyyat və incəsənət” üçün

 

                                                                                 

 

Ədəbiyyatda dramaturiya və hekayə janrı ən çətin sahələrdir. Burada ilk öncə yazıçıdan böyük söz ehtiyatı, yüksək savad,  dərin dünya görüşü, insan xarakterini yaxşı bilmək,  sözlərdən ustalıqla, xəsisliklə istifadə etmək və həm də obrazlı formada  istifadə etmək tələb olunur. Ən əsası isə yazıçıdan balaca bir hekayədə, böyük bir insan təleyinin  bütün çalarlarını orada qabarıq və ya obrazlı şəkildə ustalıqla yazmaq  bacarığı, böyük məharət  tələb edir.

 

Bildiyimiz kimi  hekayə-  yazılı ədəbiyyatın və epik  növün  olduqca geniş yayılmış  janrıdır.  Hekayə- povest, roman  janrlarının, yəni süjetli nəsrin  ən kiçiyidir. Hekayə əsasən tək süjetdən, yaxud  da bir neçə süjet üzərində köməkçi süjet vasitəsi ilə, yığcam  fikirlərdən ibarət olur.

Beləliklə, hekayə epik növün həcm etibarı ilə kiçik bir janrı olmaqla bir və ya bir neçə süjetlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Hekayə nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir. Belə əsərlərdə isə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur. Yazıçı, əsasən, bir surətin həyatı və taleyindən, konkret bir hadisədən danışır. Hekayə daha oxunaclı olmaq üçün orada  obrazların sayı elə    çox olmur.

Azərbaycan ədəbiyyatında hekayə  janrı XIX əsrdə formalaşıb    XX əsrdə daha çox  inkişaf edib. Ədəbiyyatımızda nəsrlə yazılmış ilk müstəqil hekayə  janrının banisi Abbasqulu ağa Bakıxanov hesab edilir. Həmin hekayə “Kitabi-Əsgəriyyə” adlanır və 1837-ci ildə yazılıb. Az bir vaxtda da böyük maraq yaradıb. Cəlil  Məmməd­quluzadənin “Poçt qutusu”, Əbdürrərim bəy Haqverdiyevin “Mirzə Səfər” əsərlərini nəsrlə yazılmış hekayə janrına ən gözəl nümunələri kimi göstərə  bilərik. Çünki bu hekayələrin hər ikisi povest və roman qədər dərindir, məzmunludur.  Hekayə janrının gözlənilməz sonluqla bitən formasına novella deyilir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən  ən əsas cəhət ondakı sonda olan gözlənilməzlik    hadisənin qeyri-adi sonluqla  bitməsidir.  Bəzən əsərin adı oxucuda hadisəni təsəvvür etmək düşüncəsi yaratsa da, sonradan həmin əsərdə sonda tamam fərqli süjetlə qarşılaşırıq.  Elə götürək  yenə də  Cəlil       Məm­mədquluzadənin “Qurbanəli bəy”, Əbdürrəhim bəy  Haqverdiyevin “Bomba” və  Mir  Cəlalın “Badamın ləzzəti” hekayələrini. Bax, bunların hər üçü ədəbiyyatımızda  maraqlı novella nümunəsi də sayıla  bilər. Yəqin elə buna görə də bu hekayələr  Azərbaycan ədəbiyyatında hekayənin ilk novella forması da sayılır.

Yuxarıda yazdığım kimi ədəbiyyatımızda nəzmlə yazılmış hekayələr də var. Nəzmlə yazılan hekayələrə mənzum hekayə deyilir. Ən qədim mənzum hekayələr isə  dahi  Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı heka­yələrdir. Amma həmin hekayələr müstəqil işlənməyib  və poema janrında yazılmış əsərin tərkib hissəsidir. Sonrakı dövrlərdə Abbasqulu ağa  Bakıxanov, Qasım bəy  Zakir, Seyid Əzim  Şirvani, Mirzə Ələkbər Sabir və başqaları da  mənzum hekayələr yazıblar. Amma ədəbiyyatımızda nəsrlə yazılmış hekayələr mənzum hekayələrdən daha çox yazılıb. Onların içərisində maraqlı olanları da çoxdur.

Dünya ədəbiyyatında hekayəni bəzən sadəcə novella da adlandırırlar. Dünya ədəbiyyatı  tarixində  hekayə janrına daha çox müraciət edənlər- Anton Pavloviç Çexov, O. Henri, Nobel mükafatı laureatı Elis Monra, Korney Çukovski, Samuel Marşak, Sergey Mixalkov, Angiya Barto məhz belə yazıçılardan olublar.

Əfsus ki, biz öz ədəbiyyatımızı lazım olan kimi dünyada təbliğ eləyə bilmədiyimizdən, onların hekayələrini xarici dillərə tərcümə eləmədiyimizdən  Cəlil Məmmədquluzadənin, Əbrürrəhim bəy Haqverdiyevin və başqa dahilərimizin  hekayələri həmin dünya  siyahısına düşməyib.  Əgər bu ədiblər  ingilis, fransız, alman, çin  və başqa dünya  dillərinə tərcümə olunsaydılar, inanıram ki, dünya ədəbiyyatında birincilərdən biri ola bilərdilər. Bunu mən,  dünya  ədəbiyyatı ilə azadan-çoxdan tanış olan insan kimi qətiyyətlə  deyirəm. Ümumiyyətlə, gəlin  danmayaq ki, biz, bir-birimizə qarşı paxıl xislətlə yaşayan millətik. Bunu da dahi Cəlil Məmmədquluzadə özünün “Bir boçka su” felyetonunda çox gözəl və tutarlı yazıb.

Müasir ədəbiyyatımızda isə bu sahədə gözəl hekayə müəlliflərindən biri də Arif Ərşaddır. Dostlar arasında “Hekayələr Ustası” və ya “Hekayə danışan adam” kimi yaxşı tanınan yazıçı ilə biz, ad günü ərəfəsində  görüşüb, həmsöhbət  olduq.


 -Salam Arif müəllim. Sizin  06 fevral tarixində ad gününzdür. Artıq  ömrünüzün müdriklik çağına qədəm qoyursunuz. 63 yaşınız tamam olur. Yəni ömürünüzün yeddinci onluğunu xırdalayırsız. Gəlin keçmiş illərinizə bu yazı ilə işıq salaq. Uşaqlıq, gənclik və yazıçılığa başladığınız illəri xatırlayacaq.


- Salam DOSTum. Bütün uşaqlar kimi mənim də atalı-analı uşaqlıq illərim xoşbəxt və qayğısız keçib və belə demək mümkündürsə “baxça tərbiyəsi” (gülümsəyir) almışam. İlk dəfə məktəbə Sumqayıt şəhərində getmişəm. Bu şəhərdə doğulub böyüyən uşaqların və gənclərin  prinsipcə passiv həyat keçirməsi mümkün deyildi. Bu baxımdan mənim də həmin dövrlərim maraqlı keçib. Belə ki, orta məktəbdə oxumaqla yanaşı, musiqi və idmanlada da  məşğul olmağa vaxt tapmışam. İdmanınYunan-Roma güləş növünü mənə sevdirən Azərbaycan Güləş Federasiyasının Hakimlər Kolleqiyasının sədri, Beynalxalq dərəcəli hakim, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Azərbaycan idmanının inkişafında böyük əməyi, zəhməti, xüsusi çəkisi, hörməti olan və bu gün də idmanı Sumqayıtlı uşaq və gənclərə sevə-sevə öyrədən Qərib Əliyev olub. “SSRİ İdman Ustalığına namizəd” idman dərəcəsindən sonra dərk etdim ki, peşəkar  idmançı olmaq mənlik deyil və diqqətimi təhsilimə yönələtdim. Amma onu deyim ki, peşəkar güləşçi olmağı bacarmasam da, Qərib müəllimlə dost olmağı bacardım və dostluğumuz bu gün də davam edir.  Sonradan Sumqayıt Politexnik Texnikumunun “Metalların kəsilməsi və emalı” fakültəsini “mühəndis-mexanik” kimi, 1981-1983-cü illərdə hərbi xidməti tank komandiri kimi başa vurduqdan sonra isə təhsilimi Azərbaycan Dövlət Neft və Kimya Akademiyasının  ( indiki Sumqayıt Dövlət Universiteti)  “Kimya istehsalının maşın və aparatların texnologiyası” fakültəsində davam etdirərək “mühəndis-texnoloq” ixtisası ilə bitirmişəm. Sonradan iş həyatı, ailə qayğıları başımı elə qatdı ki, artıq 63  yaşa nə vaxt gəlib çatdım, bu mənə indi də çox qəribə gəlir. Qaldı yazı məsələsinə, hər birimiz üçün yazıçılıq orta məktəb illərində inşa yazısı ilə başlayır desəm məncə səhv etmərəm. Sadəcə sonradan Allah verən istedaddan istifadə edib bu “inşa” yazılarına bir balaca “duz-istiot” qatırsan, olur hekayə.

 

 -Arif  Ərşad hekayə mövzularını  necə fikirləşir?


 -Mən hekayə mövzularını fikirləşmirəm və buna heç ehtiyac da olmur. Həyatımızın istənilən sahəsinə diqqətlə baxsaq, nə qədər mövzu bolluğuna rast gələrik. Bununçün sadəcə geniş müşahidə qabiliyyətinə malik olmalısan.

 

-Siz Sumqayıtda yaşasanız da, kənd mövzusu ilə bağlı çox maraqlı hekayələriniz var və hətta həmin hekayələri oxuyanlar elə bilir ki, bu hadisələr məhz sizin öz başınıza gəlib. Bəs bu mövzular, kənd hətayını  yaxşı bilmək haradan yaranır? Şəhər  ləhcəsində danışsanız da, bəzən leksionunuzda çox şirin səslənən “ay Toba, başaa dönüm, bəəndən gəl, ənnən gedək”  kimi sözlərdən də işlətməyinizin şahidi çox olmuşam.


 -( gülümsünür) Onu deyim ki, mən Sumqayıt şəhərində doğulub-böyümüşəm və hal-hazırda isə Bakı şəhərində yaşayıram. 1996-cı ildən paytaxtımızda yaşamağıma baxmayaraq,  mənim bütün həyat    iş fəaliyyətim Sumqayıt şəhəri ilə bağlıdır və bu gün də Sumqayıtda  çalışıram.  Hər gün Bakıdan sevinə-sevinə Sumqayıta işə gedirəm və hər axşam da sevinə-sevinə Sumqayıtdan Bakıya evimə qayıdıram. Neçə illərdir ki, “iki sevgi” arasında qalmışam, səhərlər doğulduğum şəhər, axşamlar sevdiyim  qadın məni maqnit kimi özünə çəkir. Görürsünümü mənim işim çətindir. (gülümsəyir). Heç vaxt kənddə nə evimiz, uşaq vaxtlarında tətil günlərini orada keçirməyə bir komamız və ya yaxınımın evi olmayıb. Bəlkə də buna görə mən bizim dövrümüzdə mövcud  olan “pioner düşərgəsi”ndə dincəlməyi xoşlamışam. Hekayələrimdə kənd havasının duyulmasına gəldikdə, yəqin sadə kənd camaatının, elin-obanın içərisində çox olmağımdan, onlarla ünsiyyət saxlamağımdan irəli gəlir. Amma onu da deyim ki, ilk dəfə kənd həyatını görəndə nənim 28 yaşım vardı.

 

-44 günlük Vətən müharibəsi vaxtı və müharibədən sonra bizim yazıçılarmızın çoxu bu mövzuda  bədii  əsərlər yazıb və yazırlar. Əslində isə qalib ölkənin yazıçılarının hamısı bu sahəyə daha çox əsərlər həsr eləməlidirlər. Şəhidlərin, qazilərin həyatı orada özünün maraqlı ifadəsini, əksini  tapmalıdır. Arif Ərşadın bununla bağlı hekayələri varmı?

-Bilirsiz, 44 günlük zəfər gününü 30 il gözləsək də, bu qələbə elə sürətlə baş verdi ki, biz onun sevincini tam olaraq bir müddət sonra yaşayacağıq. Kitablardan və filmlərdən gördüklərimizlə, həyatda baş verənlər tam fərqli oldu. Axı biz müharibələrin illərlə getdiyini kitablardan oxumuş, filmlərdən seyr eşitmişdik. Bu qələbə sevincini, bu fəxarət hissini bizə yaşadan, bir millət kimi bizi şərəfləndirən Azərbaycan ordusuna və Ali Baş Komandana  eşq olsun! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. 30 il baş verən ağır həyatımızdan, müharibə, əzab-əziyyət, ölüm-itim və sonda qələbə zəfərimizdən siz deyən kimi çox yazılmalıdır və inanıram ki, yazılacaq da. Əlbəttə,  mənim yaradıcılığımda da bu mövzuda hekayələrim var. Onlardan “Dağlar oğlu”, “Qaşqa quzu”, “Ata xeyir-duası”, “Dağlarda döyüş”, “Torpağa qarışan qan”, “Cırılmış şalvar” və başqa bu kimi hekayələrimi misal göstərə bilərəm. Bu hekayələrimin hər birində müharibənin dəhşətli fəsadlarını, erməni vandalizminin, faşizminin  xalqımıza vurduğu acı və sağalmaz yaralarını ağır da olsa  göstərməyə çalışmışam. Bu hekayələri oxuduqca Vətən müharibəsində gedən döyüş səhnələri, torpaqlarımızın azadlığı, müqəddəs amallar uğrunda canından keçən əziz şəhidlərimizin misilsiz qəhrəmanlığı, igid qazilərimizin düşmənə dərs olan şücaəti, rəşadətli Azərbaycan ordusunun dünya hərb tarixinə yazılan  parlaq qələbəsi və bu arzuların çin olması üçün Azərbaycan xalqının birliyi göz önünə gəlir. Onu da deyim ki, “TEAS Press”  Nəşriyyat evi tərəfindən bu yaxınlarda “44 Fəsil” adlı müharibənin acılarından, qələbəmiz və onun xalqımıza yaşatdığı sevinclərindən, duyğularından bəhs edən nəfis şəkildə bir antologiya kitabı  çap olunub. Geniş oxucu kütləsi arasında rəğbətlə qarşılanan 44 hekayədən ibarət bu antologiyada mənim də “Torpağa qarışan qan” hekayəm yer alıb.
Hal-hazırda şərti adı “Qara yazı” olan roman üzərində çalışıram. Çox ağır sujet xətti olan bu romanı əslində demək olar ki, bitirmişdim. Lakin erməni vandalları üzərində qələbəmiz və torpaqlarımızın düşmən tapdağından azad olunması məni bu roman üzərində yenidən işləməyə həvəsləndirib və bununla da romanın məğzi demək olar ki, 50% dəyişəcək və orada  igidlərimizin  şücaətinə, qələbəmizə daha çox yer veriləcək.

    

-Bu gün Azərbaycan ədəbiyyatında çox əsərlər yazılsa da, onlardan dünya səviyyəsinə çıxanları demək olar ki, azdır. Uzun illər yazıçılıqla məşğul olan Arif  Ərşadın buna münasibəti necədir? Bu əsərlərin xarici dillərə tərcüməsi və xarici ölklərdə çapı  ilə kim məşğul olmalıdır?


 -Bu çox ağrılı məsələdir. Bunun üçün xüsusi qurumlar olmalı və onlar da bu işlə məşğul olmalıdırlar. Yazıçının işi gözəl əsərlər yazmaq və diqqətini yaradıcılığına yönəltmək olmalıdır. Və çox əfsus ki, belə qurumlar da demək olar ki, yoxdur. Məhz ona görə də yazıçılarımızın çox maraqlı əsərləri xarici ölklərdə çap olunmur. Bu, mənə çox ağır gəlir.

 

 

-Sovetlərin vaxtında yazıçıların əsərləri dövlət maliyyəsi hesabına çap olunurdu və buna görə yazıçıya da yaxşı qonarar verirdilər. Bu gün yazıçılar əsərlərini özləri, öz maliyyəsi hesabına çap etdirirlər. Hətta elə istedadlı yazıçılar var ki, kitablarını çap  etdirməyə pulları yoxdur. Buna sizin münasibətiniz necədir?


- ( acı-acı gülümsünür) Bəli, belə yazarlar var və deyərdim ki, onların sayı heç də az deyil. Buna münasibətim əlbəttə ki, çox pisdir. Xarici ölkələrdə, elə qonşu Türkiyədə yazıçı əsərlərini nəşriyyata təqdim edir, orada xüsusi adamlar həmin əsəri diqqətlə oxuyurlar. Əgər əsər çapa layiqdirsə, nəşriyyata xeyir gətirəcəksə müəlliflə müqavilə bağlayır və kitabı öz hesabına çap edir. Kitabın təbliğatı və satışı ilə məşqul olan nəşriyyat onun gəlirindən yazıçıya müqavilədə qeyd olunan qonararı verir. Bizdə  isə, əsərin yazılıb qurtarmasından sonra, onu çap etdirmək, təbliğatı və satışı yazıçının üzərinə düşür. Bizdə kitabın piyarına, reklamına ayrılacaq vəsaitdən söhbət belə gedə bilməz. Bu bizim üçün hələ ki, şirin bir röya, yuxu  olaraq qalır. Bunun da nə qədər davam eləyəcəyini də demək mümkün deyil...


 -Ətrafınızda dostlarınız çoxdurmu?


-İdarə heyyətində təmsil olunduğum, öz mədəni və intelektual səviyyəsi ilə nəinki Sumqayıtda, bütün Azərbaycanda və eləcə də xaricdə yaxşı tanınan Sumqayıt Dostlar Klubunun hər bir üzvü mənim üçün əziz adamlardır. Ora  toplanan hər bir insan sözün əsl mənasında DOST sözünə layiq şəxsiyyətlərdir. Mən həmin dostlarımla fəxr edirəm və onların hər bir uğurları ilə qürur duyuram. Sumqayıt Dostlar Klubunun sədri, yazıçı, publisist, ictimai xadim, məşhur göz cərrahı  Hümbət Həsənoğlu, idarə heyyətinin üzvləri-  Əmək və Müharibə Veteranları Sumqayıt şöbəsinin sədri Sovet Şükürov,  qəzəlxan-şair, texnika elmləri namizədi, professor  Əli Əmirov  (Ələmi) , Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanda ilk özəl klinikanın yaradıcısı  Mayılxan Tağıyev, Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, aktyor, dramaturq, publisist, jurnalist  Ağalar İdrisoğlu, Əməkdar həkim, “Doktor.az” klinikasının baş həkimi Kamil İbadov, Azərbaycan  Dövlət  Memarlıq və İnşaat Universitetinin  kafedra müdiri, texnika elmləri namizədi, professor  Sahib Fərzəliyev, Əməkdar jurnalist , “ЭХО Сумгаита”  qəzetinin və “EYRUZUNSƏSİ” saytının rəhbəri  Eyruz Məmmədov,  şair-publisist, iqtisadçı-iş adamı  Rafiq Mehdiyev, gənc alim, Nəsimişünas, 44 günlük Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı, qazi Vüsal Hətəmov,  naşir, sahibkar,  “Məktəbli” mağazalar şəbəkəsinin yaradıcısı, Sumqayıt Bələdiyyəsinə yeni seçilmiş  Akif Şahbazov, gözəl mühəndis Əliyar Fərzəliyev, qocaman müəllim  Məmməd Vəliyev, Sumqayıt Nəşriyyatının direktoru Aydın Məlikov, Sumqayıt Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının sədri Şahin  Şəfiyev, departament rəhbərləri Aydın Abbasov, Adil Poladov və  sahibkar, Hacı Tahir Məlikov kimi insanlarla necə öyünməyəsən?  Onların hər biri böyük universitet və həyat məktəbidir desəm, səhv etmərəm.


-Bəs niyə Sumqayıt Dostlar Klubunun idarə heyyətinin ən fəal üzvlərindən biri - yazıçı-şair, publisist, tərcüməçi, Prezident mukafatçısı və nəhayət  gözəl, sədaqətli dostumuz Arif Ərşadın adını çəkmədiniz? Axı, biz də onunla öyünürük!


- ( gülümsünür və özünə məxsus başını arxaya yelləyib, saçını tumarlayır) Çox sağ olun. Təşəkkür edirəm!


-Bilirik ki, şeir, hekayə, povest və romanlar müəllifi olan Arif Ərşad dünya klassiklərinin əsərlərini tərcümə etməklə yanaşı, həm də arada aforizimlər də yazır. Son yazdığınız aforizmlərdən bir-ikisini söyləyə bilərsinizmi?


- Elə ağlıma gələn son üçünü söyləyə bilərəm.
              1.   Başqa evdə bişən halva şirin olar!
              2.   Arzulamaq məqsədə çatmağın yarısıdır!
             
3.   Kişi, ağzından çıxan sözü boydadır!

 

- Artıq ömürünün yetmişinci onluğunu xırdalayan Arif Ərşad keçmişə baxanda nələrəsə heyfislənirmi?


- Açığını deyim ki, çox heyfsilənirəm!  Əsasən də  ömrümün belə sürrətlə ötüb keçməsinə çox, çox...  heyifsilənirəm!.. ( Bu sözdən sonra o, susur və harasa uzaqlara baxır. Mən onun gözlərində gələcəyə böyük ümid işartısı görürəm)

 

P. S. Dostum Arif Ərşaddan ayrılıb, evə gələndə yadıma məşhur yazıçıReyhani Aminin  bu kəlamı düşdü:  “Azad yazıçı - öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərini, hətta  hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü çəkinmədən  deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə və gələcəkdə çətinliklə də olsa xalq tərəfindən alır, amma kiməsə xoş gəlmək üçün indiki dövr üçün yazanlar, məddahlıq edənlər  isə inanıram ki, gələcəkdə xatırlanmayacaqlar”.  

Bəli. Tarixi hər hökmdar özünə uyğun yazdırdığına görə, hər dövrün əsl tarixini biz ədəbiyyatdan öyrənə bilərik və bilirik. Bax, Arif Ərşad da heç kimdən çəkinmədən, məddahlıq etmədən bu günün tarixini yazıb gələcək nəsillərə çatdıran böyük yazıçıdır.  Mən, fəxr edirəm ki, belə dostum var.                                                                                         

 “Ədəbiyyat və incəsənət”

(07.02.2025)

                                                                                                                                                                  

 

 

 

 

 

Пятница, 07 Февраль 2025 11:02

Məşhur “Aşıq Pəri” məclisi yazıya keçib, kitab oldu

Lipar CƏMŞİDQIZI, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Çeşmə”  Ədəbi Məclisinin sədri.

“Ədəbiyyat və incəsənət” üçün

 

Əlbəttə, bu hamının arzusu idi ki, “Aşıq Pəri” məclisi haqqında kitab yazılsın.Axır ki, bu arzu reallaşdı. Belə ki, Bakıda, “Şahənşah” şadlıq sarayında, tanınmış şair, sazın, sözün keşiyində yorulmadan dayanan Pərvanə xanım  Zəngəzurlunun rəhbərlik elədiyi "Aşıq Pəri" məclisinin üzvlərinin şeirlərindən ibarət "Zəfər günəşi" adlı kitabın təqdimatı oldu.

 

Kitab Ali Baş Komandanımıza, müqəddəs şəhidlərimizə, vətənimizin bütövlüyünə, qələbəmizin sevincinə həsr olunmuş şeirləri özündə əhatə edir. Məclisin rəhbəri Pərvanə Zəngəzurlu tədbiri açıq elan etdikdən sonra, "Aşıq Pəri" məclisinin indiyə kimi olan uğurlarından və gələcəkdə görəcəkləri işlərdən danışdı. Tədbiri idarə eləmək üçün sözü hər misrasından bal daman, Vətən ətirli şeirlərin müəllifi, tanınmış şair Südabə İrəvanlıya verdi. Xanım şairəmiz tədbirin mahiyyətindən danışıb, müəllifləri və iştirakçıları yeni çap olunmuş kitabın araya-ərsəyə gəlməsi münasibəti ilə təbrik elədi. Sonra çıxış üçün sözü türk dünyasının tanınmış şairi, Şöhrət ordenli Səadət Butaya verdi. Səadət xanım kövrək səsi ilə yeni kitaba xeyir-dua verib, maraqlı şeirlərindən səsləndirdi. Sonra Südabə xanım Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərliyə söz verdi. Xətai müəllim Azərbaycanda aşıq sənətinə olan dəyərdən danışıb, Aşıq Pəri məclisinin üzvlərinə uğurlar arzuladı. Qəzəlxan-şair – bəndəniz Lilpar Cəmşidqızı Qarabağ Fatehinə həsr olunmuş "Azərbaycan" rədifli və “Aşıq Pəri” məclisinin rəhbəri Pərvanə Zəngəzurluya həsr elədiyi qəzəlləri səsləndirdi.

Südabə xanım növbə ilə bütün iştirakçılara söz verdi. Hər kəs məclis və yeni çap olunmuş "Zəfər günəşi" kitabı haqqında fikirlərini bildirdi. Bir-birindən gözəl saz ifaları tədbirə gözəl rəng qatdı. Hər kəsin gözündə sevinc, üzündə gülüş olan tədbir maraqlı çıxışlarla sona çatdı.  “Aşıq Pəri”  məclisinin rəhbəri, üzvləri və qonaqlar möhtəşəm “Şahənşah” da tədbirin keçirilməsinə şərait yaratdığına görə sarayın rəhbəri, hörmətli Rəşid müəllim  Süleymanova təşəkkürünü bildirdilər.

Yaxşılıq etmək doğrudan da çox  müqəddəs işdir. Dahilər bu haqda necə də gözəl kəlamlar deyiblər: Nizami Gəncəvi “Yaxşılıq insanlıq sənətidir“. Uilyam Şekspir: “ Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır”. Amerika filosofu Henri Devid Toqonun dediyi bu kəlam isə bütün insanlar üçün bir ali məqsəd olmalıdır: “Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir”.  

Arzum budur ki, belə xeyirxah, imkanlı  insanlarımız çox olsun.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.