Ayrı bir dünyaya çıxıb gedəsən.... – SAKİT İLKİNİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı şair Sakit İlkinin şeirlərini təqdim edir.

 

 

AYRI BİR DÜNYAYA ÇIXIB GEDƏSƏN...

 

Heç kimin xəbəri olmaya sənnən,

Yığıb dərdlərini, yığıb gedəsən.

Çırpıb bu dünyanın qapılarını,

Ayrı bir dünyaya çıxıb gedəsən.

 

Qeybətlər arxanca düşüb gəlməyə...

Arxanca ağlaya biri az qala...

İt kimi darıxa qonşunun iti,

Arxanca hürməyə biri azala...

 

Gedəsən...gedəsən...gedə biləsən,

Gedəsən, gedəsən...səsləyən ola.

Biri anan kimi gözləyə səni,

Alıb qucağına, bəsləyən ola...

 

Nə olmaq istəsən, gedib olasan

Lap elə gedəsən yanan olmağa....

Burda çoxalıbdı "adamyeyənlər",

Gedəsən.. gedəsən adam olmağa....

Ayrı bir dünyaya çıxıb gedəsən....

 

 

SEVDİM…

 

Bilirsənmi səndəki nəyi sevdim, əzizim?

-Düzlüyü, həqiqəti,

Səndəki  o diqqəti...

Bağladığın ülfəti, saf, təmiz məhəbbəti,

Gözlərində həsrəti, könlündə mərhəməti.

Nəyi, nəyi, nələri, məsum düşüncələri...

Saçlarının rəngini, səsinin ahəngini.

Ətirli nəfəsini, isti əlini sevdim...

Mənə dəli söylədin....dönüb dəlimi sevdim...

Daha nəyini sevdim???

- Məni mənnən eləyən şaqraq gülüşlərini.

Xəyallarda baş tutan şirin görüşlərini...

Gözəl vərdişlərini, qəribə işlərini.

Daha nəyi, nələri....

Qönçə dodaqındakı həlim təbəssümləri,

Təmənnasız, filansız gəlişlərini sevdim...

...Sevirəm!!!- söyləyəndə yanaqların qızardı...

Sən də məni sevirsən?

-Sordum:--Bəli, söylədin...

Şirin dilindən qopan sənin "bəlini" sevdim.

Bir abırlı, utancaq səntək gəlini sevdim...

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.