
Super User
Astanada Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci İclası keçirilib
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, fevralın 6-da Qazaxıstan Respublikasının sədrliyi altında Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci iclası təşkilatın üzv ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə keçirilib. Məkan Astana şəhərindəki Qazaxıstan Respublikasının Milli Muzeyi (Tavelsizdik prospekti 54) olub.
İclasın əsas mövzusu Türk mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması üçün strateji addımların müzakirəsi idi ki, bu məsələlər də Türk Dövlətləri başçılarının verdiyi tapşırıqlara uyğun olaraq «Türk Dünyası Vizyonu - 2040», TURKTIME və digər strateji sənədlərdə əks olunub.
2025-2026 illərini əhatə edən fəaliyyət planları da müzakirə edilib.
Bu iclasın yekunları Türk Dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında mühüm addım olacaq, mədəni irsin qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni təkan verəcəkdir.
İkinci Şura iclasında Azərbaycanı Mədəniyyət naziri Adil Kərimli təmsil edir.
Həmçinin, tədbirə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova, Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbək Omuraliev, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirinin müavini Gülbara Abdıkalıkova, Özbəkistan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Avazxan Tajixtanov da qatılıblar.
Qeyd etmək lazımdır ki, İkinci Şura iclası çərçivəsində bir sıra əlavə tədbirlər də keçirilib.
6 fevral 2025-ci il saat 15:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının «Daşa Yazılmış Tarix» adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olub.
Təqdimatda qeyd edilib ki, bu kitab Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfədir. Bildirilib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib.
Bizim qədim və kökü dərinlərə gedən şanlı tariximizdə müqəddəs yerlər, müqəddəs torpaqlarımız, qədim zamanlardan bu günə qədər türklərin müqəddəs yerlərinə Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi müxtəlif adlar verilib. Onların içərisində Ötükən adı türklər üçün xüsusilə əziz və doğmadır. Ötükən türklər üçün vətənin qızıl beşiyi hesab olunur. Ona görə də milli özünüdərklə qorunan tarix milli idealların yaradıcı salnaməsi sayılır.
Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışılaraq qeyd olunub ki, nəşrdə bu tarixi-mədəni zənginliyə geniş işıq salınır.
“Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir.
Mıxış edənlər nəşrin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib.
Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqramı təqdim olunub.
Fevralın 7-də Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarlının anadan olmasının 950 illik yubileyinə həsr edilmiş sərgisinin açılış mərasimi keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci iclası barədə daha geniş yazacağıq.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
Mədəniyyət nazirimiz Astanada kitab təqdimatında iştirak edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Türk Mədəniyyəti və İrsi Fondu Şurasının 2-ci iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Astana şəhərindəki Qazaxıstan Respublikasının Milli Kitabxanasında tanınmış dövlət və elm xadimi, akademik Darxan Qıdırəlinin "Daşa yazılmış tarix" kitabının Azərbaycan, türk və qırğız dillərində nəşrinin təqdimatı keçirilib.
Təqdimatda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli kitabı Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfə kimi səciyyələndirib. Bildirib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib: “Bizim qədim və kökü dərinlərə gedən şanlı tariximizdə müqəddəs yerlər, müqəddəs torpaqlarımız, qədim zamanlardan bu günə qədər türklərin müqəddəs yerlərinə Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi müxtəlif adlar verilib. Onların içərisində Ötükən adı türklər üçün xüsusilə əziz və doğmadır. Ötükən türklər üçün vətənin qızıl beşiyi hesab olunur. Ona görə də milli özünüdərklə qorunan tarix milli idealların yaradıcı salnaməsi sayılır”.
Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışan nazir deyib ki, nəşrdə bu tarixi-mədəni zənginliyə geniş işıq salınır. "Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. Əminəm ki, bu kitab kitabxanalarda və bir çox insanların tariximizin dərinliklərinin öyrənilməsinə, gələcək nəsillər üçün bilik və ilham mənbəyi olacaq”, – deyə Adil Kərimli bildirib.
Nazir çıxışında həmçinin Türk dünyasının ortaq mədəni irsi barədə müştərək sənədli filmin çəkilməsi təklifini də diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından Darxan Qıdırəliyə yeni kitabının işıq üzü görməsi və onun Azərbaycan, Türk və Qırğız dillərinə tərcümə edilməsi münasibətilə təbriklərini çatdıran nazir ona yeni yaradıcılıq uğurları arzulayıb.
Adil Kərimli ötən ilin 25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı dost ölkənin müvafiq qurumları tərəfindən göstərilən operativ köməyə və verilən dəstəyə görə Qazaxıstan hökumətinə və xalqına, eləcə də bütün türk dövlətlərinə təşəkkürünü bildirib.
Digər çıxış edənlər də nəşrin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib.
Sonda Qazaxıstanın bir sıra musiqi kollektivlərinin ifasında bədii proqramı təqdim olunub.
Qeyd edək ki, fevralın 7-də Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarlının anadan olmasının 950 illik yubileyinə həsr edilmiş sərgisinin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
Bu gün fevralın 8-idir, Xıdır Nəbi bayramıdır
Nərgiz Mustafayeva, Gəncə şəhəri, “Ədəbiyyat və incəsənət” üçün
Kiçik Çillə yarı olanda təxminən fevralın 8-10-cu günlərində Xıdır Nəbi bayramı keçirilir. Xıdır Nəbi bayramı xalqın min illik ənənələrində yaşadılır.
Xıdır mifologiyada əbədi həyat bəxş edən dirilik suyunu tapıb içdiyinə görə Peyğəmbərlik zirvəsinə yüksələn “Nəbi” kimi qəbul edilir. Xalq arasında xeyirxah, insana uğur gətirən obraz kimi əks olunur.
Bayramın ən əhəmiyyətli anı gecə sayılır. Çünki həmin gecə Xıdır Nəbi xeyir-dua üçün gəlir. Bayrama hazırlıq zamanı qovrulmuş buğdadan qovut hazırlanır. Hazırlanan qovuta gün çıxanadək heç kəs toxunmur. Gecə Xıdır Nəbi xeyir-dua üçün boz atı ilə gələndə, atının ayağı ilə qovuta toxunur və öz payını götürür.
Səhər insanlar qovutu yoxlayıb Xıdır Nəbinin atının ayaq izini axtarırlar (bəzi inanclara görə isə qamçısının izini). İzi görən insanlar sevinirlər, çünki həmin ev Xıdır Nəbinin xeyir-duasını almış sayılır.
Sonra isə qovut ailə üzvləri arasında paylaşılır və yeyilir. Qovrulmuş buğdadan toyuqlara, qarışqalara da pay verilir.
“Ədəbiyyat və incəsənət”
(08.02.2025)
Minarənin “Cəsur xilaskarlar”ı – BİR RƏSMİN HEKAYƏSİNDƏ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Sənətdə qəhrəman axtarışı və ya qəhrəmanları sənətə gətirmək...Yaradıcı insanın nağıllardakı “açıq qapını bağla”, “bağlı qapını aç” tərəddüdündə qalmasıdır, bəlkə də... Ya da Prometey ümididir.
Sənətdə qəhrəman axtarmaq daha asandır, məncə, nəinki qəhrəmanları sənətə gətirmək. Bu məqamda Prometeyin mövcudluğu qəbul edilməlidir ki, insan eqosu üçün bu da aşırımı aşmaq, gədikləri dizə gətirməkdir. Nə gözəl ki, balaca rəssamımız Minarə Abdullayevanın yaradıcılığında qəhrəmanın sənətə gətirilməsi ilə rastlaşdım.
“Ədəbiyyat və İncəsənət” portalının oxucuları artıq Minarəni tanıyırlar. Balaca rəssam ilk dəfə bizə “Şuşa qalası” adlı əsərindən danışmışdı... Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət ixtisası üzrə 7c sinfində təhsil alan Minarə indidən həyat-sənət münasibətlərindəki gizli sərhədləri kəşf edib.
Bu gün Minarədən “Cəsur xilaskarlar” adlı rəsminin hekayəsini soruşdum. 2024-cü ilin payızında Bakıya yağan leysanlar hamımızda qəribə təəssürat yaratdı... Mən Şəkidə-dağın qoynuna sığınmış, yağışlara sevdalı buşəhərdə oturub uşaqlığımı xatırlamışdım: şagird Şəfa Nahid Hacıyevin “Payız leysanları”nın sehrinə dalırdı. Roman qəhrəmanları leysanın hökmranlıq etdiyi bir vaxtda-bir məkanda qarşılaşırdı...
Və sonra leysanın törətdiyi fəsadlarla bağlı xəbərlər oxumağa başladıq. Sel basan tuneldə 2 nəfər həyatını itirdi... İnsanlar yollarda qaldı... İnsanlar həyati təhlükə ilə üzləşdi... Balaca rəssamımız da hər bir Azərbaycan vətəndaşı kimi,baş verənlərdən təsirlənməyə bilməzdi... Doğulduğu, böyüdüyü şəhərdə leysanların insan həyatlarına hökm etməyə başlaması onun ruh dənizini dalğalandırmaqda gecikmədi...
“Çox təsirlənmişdim”-deyir Minarə... “Ən narahat anlarımda, əlim heç nəyə çatmayanda fırçam olur xilaskarım. Fırçamı əlimə aldım... Çəkməyə başladım. Bir də baxdım ki, xilaskarım olan fırçam real xilaskarları-fövqəladə hallar zamanı insanların köməyinə çatan xilasediciləri rəsm edir”.
Əsər üzərində bir neçə gün işlədiyini deyən balaca rəssam sənət müəllimindən - Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının rəsm müəllimi Nəsibə Əsgərovadanməsləhətlər aldığını xüsusi vurğulayır. Qeyd edir ki: “Bu əsərin belə gözəl alınmasında, ümumiyyətlə biz şagirdlərin hər bir uğurunda müəllimlərimizin rolu böyükdür”.
A2 formatında, ağ kağız üzərində quaş və akvarellə işlənən “Cəsur xilaskarlar”ın da, bütün sənət əsərləri kimi, öz taleyi var. Əsər artıq müəllifinə mükafat da qazandırıb:
“2024-cü ilin sonunda eşitdim ki, Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə “Fövqəladə hallar uşaqların gözü ilə” XII respublika uşaq yaradıcılıq müsabiqəsi keçirilir. “Cəsur xilaskarlar”ı müsabiqəyə təqdim etdim. Əsərim müsabiqədə “Rəsm” nominasiyası üzrə 1-ci yerə və mükafata layiq görüldü. Qaliblərə, o cümlədən də mənə müxtəlif hədiyyələr verildi. Amma bir hədiyyə biz şagirdlər üçün çox əhəmiyyətli idi. Bu əşya bilgisayar idi. Onu da qeyd edim ki, mükafatlandırma mərasimində həm Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, həm də Gənclər və İdman naziri Fərid Qayıbov iştirak edirdi. Onlar uşaqları təbrik etdilər, ürək sözlərini dedilər. Mükafatlandırma mərasimi də yaddaşımda xüsusi iz qoydu”.
Hazırda “Cəsur xilaskarlar” əsəri Fövqəladə Hallar Nazirliyinin muzeyində saxlanılır. Bu, balaca rəssam Minarə Abdullayeva ilə yanaşı, bizim də ürəyimizi dağa döndərir, qürurla doldurur. Hələ şagird ikən öz yaradıcılıq enerjisi, zəngin təxəyyülü ilə diqqət çəkən Minarəyə yaratmaq eşqinin həmişəyaşarlığını arzulayıram. Və indidən onun daha bir rəsminin hekayəsini öyrənməkçün səbirsizlənirəm...
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
Ermənistan-Gürcüstan bağları: dünən, bu gün, sabah…- VII YAZI
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Qafqaz – tarix boyu bəşəriyyətin böyük mədəniyyət və sivilizasiya xəritəsində həm bir körpü, həm də münaqişələrin, çəkişmələrin düyünləndiyi mürəkkəb bir məkan kimi tanınıb. Bu coğrafiyada formalaşmış xalqların tarixi bağları, ortaq keçmişi, fərqli dini və etnik kimlikləri, bir-birinə təsir edən mədəniyyətləri bugünkü siyasi gerçəkliklərdə də öz izini buraxır. Ermənistan və Gürcüstan arasındakı bağlar da bu geniş mənzərənin bir parçasıdır və zaman-zaman fərqli məna çalarları ilə diqqət çəkib.
Öncəki bölümlərdə vurğuladığımız kimi, erməni və gürcü xalqları qərinələr boyu, əsasən də son 150-200 il içində bir-biri ilə mədəni və ədəbi mübadilələr aparıb. Lakin bu mübadilələr, münasibətlər heç də həmişə bərabərhüquqlu olmayıb. Tarix bizə göstərir ki, erməni tərəfi daim bu münasibətləri öz xeyrinə yönəltməyə, Gürcüstanın mədəni sərvətlərindən və hətta tarixi mirasından pay çıxarmağa cəhd göstərib. Bu meyil təkcə ədəbiyyatda deyil, eləcə də memarlıq, musiqi, mətbəx və digər sahələrdə də özünü göstərib və bu gün də davam edir.
Gürcü monastırlarının erməni yazı mədəniyyətinə təsiri qəbul edilən bir həqiqət olduğu halda, erməni tərəfi bu faktı tərsinə yozaraq öz memarlıq üslubunu daha qədim və orijinal kimi təqdim etməyə çalışıb.
Bu tendensiya Azərbaycanın mədəni irsinə qarşı özünü həmişə və daha aqressiv, daha intensiv şəkildə göstərib. Biz bilirik ki, erməni ideoloqları bizim “Sarı gəlin”imizdən də, Gəncəli düha Nizaminin irsindən də özlərinə pay çıxarmağa cəhd göstərib. Bəli, erməni tərəfinin mədəni irsi mənimsəmə siyasəti indi də Gürcüstan üçün güncəl bir təhlükə olaraq qalır.
Gürcülər öz tarixi və mədəni mirasına sahib çıxmaq üçün diqqətli olmalıdır.
Gürcüstanın tarixi məkanlarında yerləşən erməni icmaları, özəlliklə XIX yüzildə Tiflisdə formalaşan erməni ədəbi dairələri bu mədəni təsirin hara yönəldiyini göstərən açıq örnəklər olsa gərək...
Sovet dönəmi erməni-gürcü bağlarına fərqli çalarlar qatdı. Rəsmi ideologiya “xalqlar dostluğu” adı altında milli kimlikləri assimilyasiya etməyə çalışsa da, Ermənistanın Gürcüstana qarşı bəzi iddiaları məhz həmin dönəmdə daha da gücləndi. SSRİ-nin süqutundan sonra isə durum tam başqa müstəviyə keçdi. Gürcüstanın dövlət olaraq Batıya inteqrasiya etmək istəyi, Ermənistanın isə Rusiyanın təsir dairəsində qalması bu iki xalq arasındakı bağların yeni formatını müəyyənləşdirdi. Əgər öncələr erməni-gürcü əməkdaşlığı Sovetlər çərçivəsində irəliləyirdisə, bu gün o əməkdaşlıq daha çox fərqli siyasi kursların çəkişməsi fonunda dəyərləndirilməyə açıqdır. Üstəlik, son illər Ermənistanla Gürcüstan siyasi yön dəyişikliyi nümayiş etdirməkdədir: indi Gürcüstan Rusiya ilə, Ermənistan Batı ilə daha yaxşı anlaşır - desək yanılmarıq.
Bu gün Gürcüstan üçün sual açıq qalır:
Ermənistanla ədəbi-mədəni bağları davam etdirmək ona nə qazandırır? Əgər bu bağlar qarşılıqlı sayğı və tarixi həqiqətlərin təhrif olunmaması üzərində qurulursa, Gürcüstan bu münasibətləri inkişaf etdirə bilər. Lakin əgər erməni tərəfi bu əməkdaşlığı öz ideoloji məqsədləri üçün istifadə edirsə, Gürcüstan bunun fərqində olmaq və tarixindən dərs çıxarmaq zorunda qalacaq. Gürcüstan bu gün Azərbaycanın strateji tərəfdaşıdır və bu əməkdaşlıq onun iqtisadi, enerji və təhlükəsizlik çıxarları üçün həyati önəm daşıyır. Gürcüstan-Azərbaycan bağlarının yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və tarixi müstəvidə möhkəmlənməsi, qarşılıqlı anlaşma və birliyin gücləndirilməsi hər iki ölkənin, Qafqazların və bütün konstruktiv tərəflərin xeyrinədir.
Sonda onu demək yerinə düşər ki, ağsaçlı tarix xalqların kimliyini və yerini müəyyənləşdirən ən böyük hakimdir. Gürcüstan və Azərbaycan, Qafqazın iki qədim və köklü xalqı olaraq, bu bölgənin sabitliyini, inkişafını və həqiqi tərəfdaşlıq modelini formalaşdırmağa davam etmək haqqına sahibdir. Ermənistan isə öz qonşuları ilə münasibətlərində tarixi həqiqətləri təhrif etməkdən, kimlərinsə irsini mənimsəməkdən və əsassız iddialardan əl çəkmədikcə, bu bölgədə təcrid olunmağa davam edəcək.
Beləliklə,
Qafqazın gələcəyi keçmişin səhvlərini təkrarlamaqla, yoxsa gerçəklikləri qəbul edib düzgün yol seçməklə müəyyənləşəcək? Sual ritorik, cavab aydındır…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkildə: Karikatura: erməni və gürcü
Mənbə: dzen.ru
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
İrvin D. Yalom, “Eşq cəlladı” - YENİ KİTAB GƏLDİ
Könül, “Ədəbiyyat və incəsənət”
“Qədim Qala" Nəşriyyatının yeni kitabı işıq üzü görüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına nəşriyyatını direktoru Şöhlət İxtiyaroğlu məlumat verib.
Nəşr olunmuş “Eşq cəlladı” kitabı tanınmış amerikalı psixoterapev İrvin D. Yalomun sadəcə psixoterapevtik hekayələr toplusu deyil, həm də həyatın mənası və çətinlikləri barədə düşünməyə dəvət edən bələdçidir.
Müəllif terapiyaya pənah gətirmiş və proses əsnasında ekzistensial ağrı ilə üzləşmiş on pasiyentin hekayəsini danışır. Pasiyentlərin onu da hər insanın üzləşə biləcəyi problemlərdən əziyyət çəkir: tənhalıq, rədd edilmiş sevginin ağrı-acısı, qocalıq və ölümün qaçılmazlığı, kədər, əhval dəyişkənliyi, özünə nifrət, cinsi zəiflik, hiperseksuallıq və bütün bunların fonunda yaranan artıq çəki, hipertoniya, miqren ağrıları, depressiya. Lakin terapiya necəsə (hər hekayədə fərqli tərzdə meydana çıxan “necəsə”) bu gündəlik problemlərin dərin köklərinə enə bilir və onların, əslində, ekzistensial mənbələrdən qaynaqlandığını göstərir.
Müəllif ekzistensial-humanist istiqamətin ən parlaq nümayəndələrindən biridir. Qrup terapiyası və ekzistensial psixoterapiya sahəsində əsaslı və fundamental əsərlərin müəllifidir. Bu kitabda da zəngin təcrübəli praktik terapevt olaraq qarşılaşdığı ən maraqlı hekayələri oxucularla bölüşür.
Müəllifin səmimiyyəti və cəsarəti – yalnız peşə sirlərini deyil, öz şəxsi səhvlərini və zəif tərəflərini də oxucularla bölüşməyə hazır olması – gözəl yazıçılıq istedadı ilə birləşir və kitabdakı hər bir hekayəni təkcə mütəxəssislər üçün yox, həm də geniş oxucu kütləsi üçün maraqlı edir.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
Bəzən “qərəz”, “qəsdlə yazılmış yazı” və bu kimi böhtanlar da eşitmişəm…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Həyat kredosu ləyaqət və dürüstlük olan bu xanım, bütün ömrünü mütaliə və yaradıcılığa həsr etdi. Haqsızlığa qarşı amansız, cəsarətli idi. Ölkədə ədəbiyyat tarixini və nəzəriyyəsini dərindən mənimsəyən, müasir ədəbi tənqidin parlaq simalarından biri kimi tanınırdı. Ədəbiyyatşünas alim kimi bir çox həlli vacib olan problemlərin mövcudluğunu gündəmə gətirməyi bacarırdı...
“Dil məsələsi, ədəbi dilin korlanması, Bakı küçələrindəki yazı dilimizin düşməncəsinə biabırçı hala salınması siyasəti haqqında müxtəlif dövrlərdə ziyalılarımız, filoloqlarımız tək-tək də olsa yazıb, danışıb, etiraz edib. Şəxsən mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda, sosial şəbəkə statuslarımda narahatlığımı faktlar əsasında ifadə etmişəm. Lakin, bilirsiniz, istənilən fundamental problem haqqında reaksiya və cavab tədbirləri olmayanda adam öz mövqeyinə belə şübhə edir. Özünü inandırmağa çalışırsan ki, bu, ciddi dərd deyil. Dərd olsaydı, hökumət və xalq bu boyda biabırçılığa susmazdı…”- söyləyirdi.
O, Azərbaycan, o cümlədən dünya ədəbiyyatı, tərcümə problemləri, repressiya tarixi ilə bağlı fundamental silsilə araşdırma məqalələri ərsəyə gətirərək ortaya qoyub. Təhsil, tədris məsələləri ilə bağlı vəsaitlər çap etdirib. Ədəbi prosesləri mütəmadi izləyərək, müxtəlif rəy və resenziyalar yazıb…
Deyirdi ki:- “Dərsliklərin vəziyyətini, ədəbiyyatşünaslığın daşlaşmış problemlərini bu sahəyə aid olan adamların hamısı bilir, görür. Sadəcə ucadan demək istəyən azdır və ya yoxdur. Guya dosta-yoldaşa, həmkara sədaqət nümayiş etdirirlər. Minlərlə tələbəni kor qoyan dərsliklərə etiraz etmirlər. Amma bu adamlardan birinin bircə məqaləsini həmin dərslik müəllifi tənqid etsə, qələm yox, az qala qılıncla cavab verərlər. Deməli, şəxsi, subyektiv mənafe və iddia ictimaidən, millidən, ümumidən daha üstün hesab edilir bu məmləkətdə. Mən ziyalılarımızdan çox şey umuram və düşünürəm ki, onların özlərinə aid sahələrdəki biganəliyi, buqələmunluğu, liberallığı onların şəxsi problemi hesab edilməməlidir. Ziyalılıq xüsusi bir statusdur ki, cəmiyyətin qaranlığa qərq olmuş düşüncəsinin səbəbkarlarını mühakimə edəndə “cinayət” ziyalıların boynunda qalır. Bu gün insanlar çox kiçik qəhrəmanlıqların ümidinə qalıb. Adicə bir istedadsızı da tənqid etmək, ya müdirə iclasda etirazda bulunmaq, sanki “igidlik” kimi dəyərləndirilir. Mən ədəbiyyat və təhsil adamıyam. Mənim mücadiləm daha çox bu sahələrə aiddir. Ona görə sizin dediyiniz tənqidlər də bu aspektlidir. Və düşünmürəm ki, hünər göstərirəm, sadəcə dərk etdiyimi ifadə edəndə səmimi olmağa çalışıram. Bir də yeri düşüb, deyim. Bu illərdə bircə məsələyə xüsusilə təəccüblənmişəm. Mən təqdir ya tənqid etdiyim müəlliflərdən 10-dan 9-nu şəxsən tanımamışam, hətta həyatda belə görməmişəm. Amma bəzən “qərəz”, “qəsdlə yazılmış yazı” və bu kimi böhtanlar da eşitmişəm, təəccüblənməmişəm. Amma kimsə deyəndə ki, “İradə xanım, qorxmursunuz, filankəsin romanını ya tərcümə qüsurlarını tənqid edirsiniz?” – Bax o zaman çox təəccüblənmişəm. Yarızarafat-yarıciddi demişəm ki, “qoy məhkəməyə məni versin ki, onun cümləsinin qrammatik cəhətdən yanlışlığını göstərmişəm və ya obrazlarını, süjetini, mətnini tənqid etmişəm…” Gülüncdür bu cür yanaşma. Bu cür təfəkkürlə böyük yaradıcılıq haqqında xəyala dalmaq belə mümkün deyil…”
O, bu problemləri elə-belə sadalamırdı, içində ağrı-acısını yaşayıb, haray çəkirdi. Düşünürdü ki, bu sahədə susmaq olmaz. Amma nə olsun, bədxahları da az deyildi. Kimisi- “Bu kimə arxayındır?”, “Onun arxasında kim dayanıb?”, kimisi də “Hamıdan fərqlənmək üçün belə yazır” və ya “Öyrədiblər!”- deyə, onu suçlamağa səy göstərirdi…
“Əlim qələm tutandan ədəbiyyat və ədəbiyyatşünaslıq naminə bacardığım qədər mücadilə etdim. Dostlarla belə aramız dəydi. Çünki ədəbiyyat mənim üçün çox müqəddəsdir. Amma öz ağılları və eybəcər xislətləri ilə yozanlar bu yanaşmaya gah "Şəxsiqərəzlik", gah da "Qısqanclıq" dedi. Cəhənnəmə desinlər, onsuz da ciddiyə almıram. Məni ağrıdan başqa məsələdir. Yastı Salman kimi saman altdan su yeridən və ədəbi mühitdə iyrənc oyunlar oynayan, Hüseyn Cavidin "yanıqlı" tədqiqatçısı kimi göz yaşı axıdan buqələmunlar, C. Məmmədquluzadə haqqında kitablar yazan və yazdırıb öz adına çıxan Xudayar katdalar bizə - ədəbiyyatın həqiqi təssübkeşlərinə
qalib gəldi... Qorxu və yaltaqlıq böyuk tarixi olan ədəbiyyatımızı tənəzzülə gətirdi... Heyf ədəbiyyatımıza, heyf bizə...”- söyləyirdi.
BDU-nun filologiya fakültəsini bitirmişdi, filologiya elmləri doktoru alimlik dərəcəsinədək yüksələ bilmişdi. Ünsiyyətdə mehriban və xoşrəftardı. Ürəyi ipək kimi yumşaq idi, heç kimə pislik arzulamazdı. İşində çox tələbkardı və mükəmməlliyi sevirdi. Səhvləri bağışlamağı xoşlamırdı. Zəhmli və iradəli idi...
Bəli, haqqında söhbət açdığım İradə Musayeva ən xoş sözlərə layiq alimlərimizdən biriydi. Heyf, çox heyf ki, amansız ölüm onu bizdən tez ayırdı.
Yeri behişt olsun!
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Vətəni üçün düşmən səngərinə yollanmazdan öncə ailəsinə məktub yazan, onlarla vidalaşan qəhrəman Mübarizin doğum günüdür. O, 7 fevral 1988-ci ildə dünyaya bəxş olunmuşdu.
“Fərqli hiss edirdim, hiss edirdim ki, nəsə etmək istəyir, nəsə düşünür, amma mən həmişə onu sakitləşdirməyə çalışırdım ki, darıxma, müharibə olsa döyüşərsən. O, döyüşmək istəyirdi. İstəyirdi ki, düşməndən qisas alsın. Bilərəkdən, düşünmədən həyatından, şirin canından keçmək- hər adam onu edə bilməz. Bu qərarı qəbul etmək çətindi. O, isə bu addımı atdı, Şəhid oldu”.
Ağakərim İbrahimov (atası)
“Həmişə deyirdi, haqqınızı halal edin, getmək var, dönmək yoxdur. Bunu həmişə deyirdi. Bizi buna öyrəşdirmişdi. Hər gedəndə halallıq alırdı. Biz uşaqlığında da, gəncliyində də ondan inciməmişik”.
Şamama İbrahimova (anası)
“Ondan Vətəni sevməyi öyrənmişəm - ilk öncə necə Vətəni sevmək lazımdı, necə Vətənə xidmət etmək lazımdır, bunu öyrənmişəm.
O, Vətəni daim sevirdi. Hamıya məsləhət görürdü ki, xidmətini kişi kimi etsin. Nəinki mən, bütün Azərbaycan ordusu üçün bir nümunədi. O, xalqı qaldırdı ayağa, Vətəni qaldırdı. Bildirdi ki, Vətəni sevmək lazımdı, Vətən var.”
Faiq Hacıyev (əsgər)
“Ayın 17si günü zəng vurdu, saat 11 olardı. Bol-bol sədəqlər paylayın, ibadətlərinizi vaxtında edin. Uşaqları evləndirin, -dedi.”
Ailəsi
“Mən oğlumu tanıyıram, bilirəm ki, heç vaxt düşmən qabağından qaçmaz. O, heç vaxt səngəri qoyub qaçmaz, evə gəlməz. Bunu mən öz varlığım kimi bilirəm. Ola bilməz. Siz nə danışırsınız? Bilmirəm siz kimsiz. Onu o tərəfdə axtarın, mümkünsə ona kömək göndərin.”
Ağakərim İbrahimov
“Televizora baxırdı, dedi, ürəyimə damıb ki öləcəm, dedim, Allah eləməsin. 08:00-da məşq eləmək vaxtı idi. Özü ilə bərabər bütün əsgərləri də yığırdı. Hətta mən idman eləməyən insan, məndə də maraq yaratmışdı. İdman eləyə-eləyə vətənpərvərlik haqqında danışardı onlara. Mən sevinirəm ki, o, arzusuna çatdı. Təki bu hamımıza qismət olsun. Haradasa 10nun yarısı idi, dedim Mübariz, sən cavabdehsən şəxsi heyətə, dedi baş üstə. Elə bu anda atəşkəs pozuldu, gəlmək istədi. Dedim, sən şəxsi heyətlə işlə, mən qalxıram. Gördüm atışma var, amma o qədər də yox. 20-25 dəqiqə gözlədim, qayıtdım. Gördüm ki Mübariz yoxdu. Soruşdum, dedilər ki posta qalxıb. Dedim ordan gəlirəm, görmədim onu, ora bir yol var. Qalxdım yuxarı, gördüm yox idi. Mübarizə zəng etdim, əvvəl çatdı, sonra zəng çatmadı. Bölük komandirinə zəng vurdum, ərz etdim ki Mübariz yoxdu.”
Tural Həsənov (Tağım komandiri)
“Gecə 11-12 radələrində Borsullu kəndinin postundan istifadə edərək düşmən tərəfə hərəkət etmişdir. O, minalanmış sahəni uğurla keçib getmişdir”
İradə İsaq (jurnalist)
“Gizir Mübariz İbrahimov 19 iyun 2010-cu ildə Tərtər rayonunda qeyri - bərabər döyüşdə şücaət göstərərək Şəhidlik məqamına ucalmışdı. Azərbaycan Milli Qəhrəmanı və Azərbaycanın "ilin adamı" adlarına layiq görülmüşdür”.
(Xəbərlərdən)
Azərbaycan xalqı igid oğlu ilə fəxr edir, qürur duyur. Vəfatından 15 il keçsə də o unudulmur, inşəAllah Vətən var olduqca da onun adını yaşadacağıq.
Allah ondan razı olsun.
Amin!
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
BİRİ İKİSİNDƏ – Sevinc Elsevərin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır. Sizlərə Sevinc Elsevərin “Gizlənpaç” hekayəsi təqdim edilir.
Gizlənməyə elə yer seçmişdi ki, heç kim onu orda axtarmağı ağlına gətirməzdi. Uşaq vaxtı da gizlənpaç oynayanda ən etibarlı sığınacaqları o tapırdı, uşaqlar əsir-yesir olurdular, heç kim oyunun axırına kimi onu tapa bilmirdi. O vaxtlar bütün həyatının bu cür oyunlarla keçəcəyini bilməzdi. Nə biləydi elə hey gizlənəcək, onu axtaracaqlar. Uşaqlıqdakı oyunlarda gizləndiyi yerdən çıxmağı faciəli nəticələnməzdi. İndisə gizli qalmaq həyat idi, yaşamaq idi, tapılmaq ölüm.
Gözünün qabağında dostu Fuadın bir qolunu dirsəkdən kəsdilər. Bunu nümayişkaranə şəkildə hamının gözü önündə elədilər ki, başqaları da “gözüçıxmış qurd qardaşından” dərs alsın.
Qoca anasının evini satsa, uduzduğu pulu ödəyə bilməzdi. Odur ki, yox olmağa qərar verdi, aradan çıxmalıydı. Amma hələlik uzağa gedə bilməzdi. Ölkədən də çıxa bilmirdi. O da ayrı söhbət idi. Fərariydi, qaçmışdı ordudan. Harda tutulsa, gedəcəkdi əlli-ayaqlı.
Kəndlərinə getməyi heç ağlına da gətirmədi. Axtarışdaydı. Həm hökumət axtarırdı, həm qumarbazlar. Şəhərdə yoxa çıxandan sonra onu əvvəlcə öz rayonlarında, öz kəndlərində axtaracaqdılar. Verilən vaxt daralırdı, zaman daraldıqca nəfəsi tıncıxırdı. Qəfildən gecə yarısı qan-tər içində yuxudan ayılaraq lüt-üryan kirayə yaşadığı birmərtəbəli həyət evinin pilləkənində oturub fikirli-fikirli siqaret sümürəndə, bədəninə daraşan ağcaqanadları könülsüz-könülsüz qovanda ağlına gəldi bu fikir.
Bir həftə qabaq əmisi oğlunun bacanağı müharibənin od-alovundan qorumaq üçün ailə-uşağını yığıb gətirib tökmüşdü kəndlərinə. Kənddən gizlicə ona dəyməyə gələn qardaşı xəbər vermişdi bunu. Əmioğlunun bacanağı deyirmiş ki, bu gün-sabahlıqdır, ola bilsin, kəndləri işğal olunsun. Gülləbaranın altında arvad-uşaq sarılığa tutulub. Axır yığışıb köçüblər kənddən. Ancaq kənddən hamı köçməyib hələ, qalanlar da çoxdur orda.
Qərara gəldi: o, kənddə, əmioğlunun bacanağının evində gizlənəcəkdi. “Ara sakitləşsin, sonrasına baxarıq” – təsəlli verdi öz-özünə. Uşaqlıqdakı kimi sevindi lap. Elə yerdə gizlənəcəkdi ki, heç kim onu tapmayacaqdı yenə. Bəlkə, ölüm belə!
Hamının qaçmağa üz qoyduğu kəndə gedib gizlənəcəyi kimin ağlına gələrdi? Əmioğlunun bacanağı Nailin maşınıyla yola düşdü. Nail kənddə qalan bəzi əşyaları götürməkçün gedirdi. Bacısıgilə də daşınmaqda kömək edəcəkdi.
Dağların döşündə, yaşıllığın içində gözəl bir kənd idi. Adam heç belə kənddən çıxmaq istəmirdi. Canını vətəndən çox istəməyinə baxmayaraq, qaçıb gizlənmişdi, ürəyi pis oldu, kövrəldi üzü dağlara baxanda. Dəhşətli təəssüf hissi bürüdü bütün düşüncələrini. “Kaş müharibə olmayaydı, iş bu yerə çatmayaydı” – dedi ürəyində.
Bu cür gözəl kəndi heç düşmənə vermək də rəvadırmı? Doğrudan da, uğrunda ölməli kənd idi!
Elə bilirdi hamı çıxıb gedib deyə, kənd kimsəsiz olacaq. Ancaq küçələr adamla dolu idi.
– Kənd boşalmayıb axı deyəsən?.. – sükan arxasından gözünü yola zilləyən Nailə sual elədi.
– Kim deyir ki, kənd boşalıb? Bizim elin adamları asanlıqla çıxmazlar kənddən. Qələt eləyir düşmən. Budey, bunu görərlər kənd yerinə, – sonuncu cümləni deyib, dirsəyini göstərdi gözünü yoldan çəkmədən.
Baxmayaraq, Nail hamıdan qabaq kənddən çıxmışdı, kəndin təəssübünü çəkirdi.
– Bizə baxma ey. Arvad başımı xarab elədi. Bacısıgil də o yandan. Əl çəkmədilər, dedilər, gətir tök bizə arvad-uşağı. Mən də başım dinc olsun deyə, apardım. Həm də şər deməsən, xeyir gəlməz. Gərək işini ehtiyatlı tutasan. Ancaq özümün bir ayağım kənddə olacaq. Ev-eşiyi başlı-başına buraxmaq olmaz ilin-günün bu vaxtı.
– Yaxşı eləmisən. Ağllı iş görmüsən, – deyib maşının şüşəsini aşağı endirdi. Sərin meh boynuna, boğazına doldu, elə bir həzz duydu ki, az qaldı sevincdən qışqıra. Amma ar elədi, yaylağa istirahətə gəlməmişdi.
Maşın kəndin içiylə irəlilədikcə yollarda qabaqlarına çıxan adamların üz-gözünə diqqətlə baxırdı. Qəribədir, bu kəndə ilk dəfə yolu düşməyinə baxmayaraq, adamları doğma gəlirdi, aralarında köhnə tanış axtarırdı gözü. Halbuki yeganə tanışı içində oturduğu maşının sürücüsüydü. Adamları həm də ona görə nəzərdən keçirirdi ki, əhvali-ruhiyyələrinin necə olduğunu öyrənə. Əlbəttə, narahatlığı var idi, kənddə gizlənmək qərarına gəlsə də, gülləbarandan da qorxurdu. “Görəsən, yağışdan çıxıb yağmura düşməmişəmmi?” – deyə götür-qoy edirdi ürəyində. Ancaq bir qərara da gələ bilmirdi. Düzmü eləyirəm, səhvmi eləyirəm deyə, özünə təskinlik verə, özünü sakitləşdirə bilmirdi.
Yol boyu qarşılarına xeyli qolunu, qıçını itirmiş cavan çıxdı. Onları görəndə qəribə hisslər keçirirdi. “Bu adamlar hamısı müharibənin od-alovundan keçiblər. Qollarını, qıçlarını torpaq, millət yolunda qoyublar. Ancaq mən qorxumdan qaçdım, vuruşmadım, gizləndim. Qaçdım, nə oldu? Başqa müharibələrin içinə düşdüm” – qara-qara düşündü.
Qolu gözünün qabağında kəsilən oğlan ağlına gəldi. O hadisə hər gecə yuxularında təkrarlanırdı. Dözə bilmirdi. Hər gecə yuxuda ödü ağzına gəlir, ürəyi qalxır, yediyi-içdiyi xirtdəyinəcən qalxır, boğazına dirənir, boğulhaboğulda güclə ayılır, eyvana qaçırdı. Hamilə arvadlardan betər olmuşdu. Qusub bulayır, sakitləşir, sonra sabahadək siqareti siqaretə calayırdı. Bundan böyük cəza ola bilməzdi onunçun. Bəlkə də, gedib-gəlib özünü gizlicə günahlandırdığına görə bütün bunlar başına gəlirdi.
Taledən hara qaçasan? İndi bu cəbhəyanı kənddə başına nələrin gələ biləcəyini düşünəndə əti ürpəşdi. Bir gecə yatdığı evə raket düşsə, tikəsi belə ələ gəlməyəcəkdi. Sonra özünə təsəlli verdi ki, onda hər şey anidən baş verəcək, heç nə hiss etməyə vaxtı olmayacaq, bəlkə, heç öldüyünü də başa düşməyəcək. Hər halda, göz görə-görə qolunu kəsməklərindən yaxşıdır. Hələ qolunu deyir, bəlkə, onlar qıçını kəsmək istədilər?! Bu daha pis! Daha böyük faciə!
Müharibənin yarım-yarımçıq qoyduğu cavanlara utancla baxıb köks ötürdü. Bəli, onlardan hansınınsa yerində ola bilərdi. Ancaq canının hayındaydı. Bütün həyatı alt-üst olub, gizlənpaçla keçib. Halbuki gedib bir qolunu, bir qıçını, lap elə bir gözünü itirib gəlsəydi, indiyə qalan həyatını rahat yaşamağındaydı. Üstəlik, qəhrəman kimi. Alnıaçıq, üzüağ. Daha belə qorxaq kimi yox! Əlbəttə, ölə də bilərdi, ancaq onsuz da bu da yaşamaq deyildi. Üstəlik, bu kənddə, kim bilir, necə öləcək deyə düşünəndə ürəyi elə sıxıldı ki, gözünə lap qaranlıq çökdü.
Başqa bir yandan fikir onu götürmüşdü. Bu müharibədən qayıdan oğlanlar soruşsalar ki, ilin-günün bu vaxtı kəndlərində nə iti azıb, onlara nə deyəcək, nə cavab verəcəkdi. Hər halda, qumarbazlardan qaçıb gizləndiyini deyə bilməzdi. Fərari olduğunu bilsələr, üzünə tüpürməzlərmi? “Biz gedib sənin kimilərin yolunda can qoymuşuq, əlimizi, qolumuzu, ayağımızı itirmişik. Sən də avara-avara gəzib qumar oynamısan? Üstəlik də, canının hayındasan!” – deyə?!
Nail onu düşürdüb qapı qonşusuyla tanış elədi, bacısıgili də yığıb geri qayıtdı. Nailin qonşusu Rauf yaxşı oğlan idi. Qonağın gəlişinin səbəbini öyrənmək istəsə də, sırtıqlıq eləyib soruşmadı, söz-zad da vurmadı. Qonağın gəldiyi günün axşamı öz həyətlərində yaxşı bir süfrə açdı, kənd çolpası, çəkmə arağıyla. Oturub vurdular, söhbətləşdilər, hətta mahnı da oxudular.
Kefi kökəlmişdi. Bir-birinin dalınca sağlıq deməyə başlamışdı. “Bunu da içək bu kəndin igid, düşmənə qan udduran oğlanlarının sağlığına! Biri elə sənin sağlığına!”... sağlığı eşidəndə Rauf tutuldu, qaralan kimi oldu. Gülüşü dodağında dondu, qaşlarını çataraq çımxırdı:
– Ələ salırsan məni?
– Niyə görə ələ salım ki? Başa düşmədim! – onun da gülüşü dodağında dondu.
– Özünü axmaqlığa qoyma! – Rauf əməlli-başlı sərxoş idi. Masanın arxasından durub tək qoluyla yaxasından yapışmışdı.
– Elə bilmə, təkqolam deyə, başını partlada bilmərəm! – Rauf daha da qızışırdı.
Raufun tək əlini birtəhər yaxasından ayırıb ayağa qalxdı. Burnunun bərabərində dayanıb xoruzlandı.
– Nə deyirsən e sən? Başın xarabdı? İçə bilmirsənsə, içmə də bu zibili. Pis söz dedim? Sənin sağlığına içdim də! Biz vaxtında avaralıq eləyəndə sən gedib vuruşmusan! Qolunu itirmisən! Sağ ol! – əməlli-başlı özündən çıxmışdı.
– Sənə kim deyib ki, mən döyüşdə olmuşam? – Rauf qəfil sakitləşib, gedib yerində oturdu. Sustalmışdı. Tək əliylə üzünü ta alnından çənəsinədək sığadı. Elə bil salavat çəkdi.
– Heç kim deməyib! Elə deyil ki? Yoxsa sən də qumarda itirmisən qolunu? – gözlərini bərəldərək soruşdu.
– Yox, əşi! Qumar nədir?! Bu kənddə qumar nə gəzir?! Bizimki ayrı söhbətdi. Biz kasıbçılıqdan bu gündəyik.
Sonra Rauf işin nə yerdə olduğunu açıb danışdı. Sən demə, kənddə gördüyü oğlanların hamısının başına eyni bəla gəlibmiş. Qıtlıq, çətin günlər başlayanda kənddən keçib gedən yad qatarları soyurmuş cavanlar, canlarını riskə ataraq. Qatar gedə-gedə vaqonların üstünə atlanır, əllərinə keçən malları aşağı tullayırlarmış. Bəzən bu işin axırı yaxşı qurtarmırmış, faciəylə nəticələnirmiş. Ani bir ehtiyatsızlıqdan cavanlardan hansısa biri qatarın altına düşür, ən yaxşı halda qolunu, qıçını, ən pis halda isə həyatını itirirmiş.
Raufu diqqətlə dinlədikdən sonra hər şey ona aydın oldu.
– Vallah, xəbərim yox idi. Bilsəm ki bu səni belə incidir, heç söhbət açmazdım ki! – deyə üzrxahlıq elədi.
– Yaxşı, başa düşdük. Uzatma! – Rauf əl atıb süfrədən iri, yaşıl bir almanı götürüb dişlərinə çəkdi. Oğlan almanı elə qəzəblə dişləyirdi ki, xartıltıdan qulaqları narahat oldu.
Alma xartıltısından əti ürpəşirdi. Onu tanıyanlar hamısı bu adətini bilirdi, bilməyənlərə də bildirirdi. Ancaq indi Raufdan almanı elə xartıltıyla yeməməyini istəyə bilmədi, ürək eləmədi. Rauf almanı yeyib qurtarana qədər qulaqları bu işgəncəyə dözdü.
Rauf qəzəbdən damağını da dişləyib qanatdı. Qanlı almanı masaya qoyub ağzındakı çeynəyib kənara tüpürdü. Ancaq onda ətinin ürpəşməyi dayandı.
Bir azdan yenə kefləri kökəldi. Kəndlərinə gələn qonağa olan maraqları Raufun dost-tanışını süfrə başına yığmışdı. Deyir-gülür, söhbətləşir, zarafatlaşırdılar. Cavanların içində biri vardı, hər iki qolunu itirmişdi. Ən çox diqqətini o oğlan çəkirdi. Hər iki qolunu dirsəkdən aşağı itirən cavan içkisini özü içirdi. Badəni dirsəyinin büküşüylə götürür, ağzına aparırdı. Oğlan maşın sürür, kənd içində sürücülük edirdi. Hamıdan çox o gülüb-danışırdı. Arada kürəyi qaşındı, oğlan üzünü Raufa tutub kürəyini qaşımağı xahiş elədi.
Lap yanında oturduğuna görə tez əlini həmin qəribə oğlanın kürəyinə atdı. Samir dedikləri oğlanın gözləri xoşbəxtliklə parladı:
– Eşitmisənmi, kürəyində qaşınan yeri ilk dəfədən tapan adam səni, həqiqətən, çox istəyir?! Nə əcəb tapdın sən? Durnanı gözündən vurdun e, qardaş!
Öyrəndi ki, hərənin bir yarası var. Birinin atası öldürülüb, birinin qardaşı vurulub, o birinin ən yaxın dostu. Evinə bomba düşəni var, əsir götürülən doğması olanı var. Bu cavanların hamısı lazım olan vaxt lazım olan yerdə ola bilmədiklərinə yanırlar. Kəndi tərk eləməməkləri də bu səbəbdəndir. Onlar gözləyirlər. Son nəfəslərinə qədər dayanmaq üçün, ürəklərinin atəşinə bir damla da olsa, su səpmək üçün gözləri yoldadır.
Gecənin bir aləminə qədər içdilər, mahnı oxudular. Şən mahnılar da oxudular, qəmli mahnılar da.
Yolun sonu idi, bəlkə də. Yəqin ki, bu kənddə öləcəkdi. Necə, hansı şəraitdə bilmirdi. Ancaq həyətdə paltar sərdiyi yerdə vurulan anasının dərdini ürəyində daşıyan Akifi, qardaşı cəbhədə itkin düşən Ramini, çay kənarında minaya düşüb doğulmayan körpəsiylə göyə sovrulan sevdiyinə ağlayan Fəridi, sürdüyü yük maşınında gülləbaran olunan atasına yanıb-yaxılan Raufu, bütün ailəsini bir gecədə, bir damın altında itirən Samiri qoyub heç yana getməyəcəkdi, buna artıq əmin idi. Onların meşə boyda yanğısını söndürməyə dimdiyində bir damla suyla gedəcəkdi boz, vəfalı sərçə kimi.
Adını xatırlamayacaqdılar. Dəftərlərə, kağızlara fərari kimi düşəcəkdi, bəlkə də. Ancaq bu onu qətiyyən narahat eləmirdi indi. Əsas odur ki, artıq nə istədiyini bilirdi, qalmağı özü seçirdi, onu buna heç kim məcbur eləmirdi.
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)
BİZİM KİNO - Məşhur filmimiz: “O olmasın, bu olsun”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Yadınızdadırsa, məcburi evlilik haqqında bir neçə mövzu əvvəl yazmışdım. Bu dəfəki mövzumuzda məcburi evlilik haqqındadır. 1956-cı ildə rejissor Hüseyn Seyidzadənin ekran əsəri olan “O olmasın, bu olsun” filmi çəkildi.
Film eyni zamanda məşhur bəstəkar Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında ekranlaşdırılmışdır. Hadisələr 1910-cu ildə Bakıda, faktiki olaraq Rüstəm bəyin evində cərəyan edir. Müflis olduqdan sonra olan-qalan pulunuda qumarxanalarda xərcləyən Rüstəm bəy son çıxış yolunu Bakının məşhur tacirlərindən olan Məşədi İbaddan borc istəməkdə görür. Rüstəm bəyin gözünün ağı qarası bircə qızı - Gülnaz var idi. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Gülnaza Sənəm baxmış və ona mənəvi analıq etmişdi. Məşədi İbadında gözü Gülnazda idi. Rüstəm bəyində borc istəməsi Məşədi İbad üçün göydəndüşmə oldu. Rüstəm bəyin istəyini qəbul edən Məşədi İbad qarşılığında ondan Gülnazı istədi. Rüstəm bəyin bir tərəfi peşman olsa belə lal-dinməz təklifi qəbul elədi. Lakin Gülnazın qəlbi ta əvvəldən Sərvərdə idi.
Filmin janrı komediya olsa belə dərinlərə enəndə əslində pulun insanı necə eybəcərləşdirə biləcəyi aşkar görülür. Pulun, var-dövlətin, acgözlülüyün qalib gələ bilməyəcəyi yeganə şey sevgidir. Sərvər və Gülnaz da bir-birilərinə sarılaraq bu haqsızlıq üzərində parlaq qələbə çaldılar. Filmdə sadəcə aktyorlar yox, Azərbaycanımızın milli-mənəvi dəyərləri olan sənətkarlarımıza və musiqimizə də xüsusi yer verilmişdir. Xan Şuşinski, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi sənətkar və şairlərimiz də bu filmdə canlandırılmışdır. Filmdə maraqlı və gülməli dialoqlar da az deyil. Məsələn, Məşədi İbadın acgözlülükdən “şeytan deyir bunların ikisini də birdən al” cümləsi üzlərdə gülüş yaratsa belə, əslində insan oğlunun necə acgöz, nəfsinə yenik düşə biləcək bir varlıq olduğunu göstərir. Eyni zamanda Sərvərin sevgisi üçün Məşədi İbadın başına açdığı oyun da burda yada düşür. Sərvər və Məşədi İbad arasında keçən dialoq da maraqlıdır. Sərvərin yerinə özümüzü qoyanda da bəlli olur ki, mövzu sevdiklərimiz, yaxınlarımız olanda edə bilmiyəcəyimiz şey yoxdur. Ən önəmlisi isə bu həyatda insan hərşeyi qazana bilər. Ancaq övlad ailənin ən dəyərli xəzinəsidir. Gəlin o dəyərli xəzinəmizi nəfsimizə, öz şəxsi mənafelərimizə qurban verməyək. Bir-birimizə olan bağlılığımızda eynən Sərvər və Gülnaz kimi olsun.
“Ədəbiyyat və İncəsənət”
(07.02.2025)