Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Yadınızdadırsa, məcburi evlilik haqqında bir neçə mövzu əvvəl yazmışdım. Bu dəfəki mövzumuzda məcburi evlilik haqqındadır. 1956-cı ildə rejissor Hüseyn Seyidzadənin ekran əsəri olan “O olmasın, bu olsun” filmi çəkildi.
Film eyni zamanda məşhur bəstəkar Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında ekranlaşdırılmışdır. Hadisələr 1910-cu ildə Bakıda, faktiki olaraq Rüstəm bəyin evində cərəyan edir. Müflis olduqdan sonra olan-qalan pulunuda qumarxanalarda xərcləyən Rüstəm bəy son çıxış yolunu Bakının məşhur tacirlərindən olan Məşədi İbaddan borc istəməkdə görür. Rüstəm bəyin gözünün ağı qarası bircə qızı - Gülnaz var idi. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Gülnaza Sənəm baxmış və ona mənəvi analıq etmişdi. Məşədi İbadında gözü Gülnazda idi. Rüstəm bəyində borc istəməsi Məşədi İbad üçün göydəndüşmə oldu. Rüstəm bəyin istəyini qəbul edən Məşədi İbad qarşılığında ondan Gülnazı istədi. Rüstəm bəyin bir tərəfi peşman olsa belə lal-dinməz təklifi qəbul elədi. Lakin Gülnazın qəlbi ta əvvəldən Sərvərdə idi.
Filmin janrı komediya olsa belə dərinlərə enəndə əslində pulun insanı necə eybəcərləşdirə biləcəyi aşkar görülür. Pulun, var-dövlətin, acgözlülüyün qalib gələ bilməyəcəyi yeganə şey sevgidir. Sərvər və Gülnaz da bir-birilərinə sarılaraq bu haqsızlıq üzərində parlaq qələbə çaldılar. Filmdə sadəcə aktyorlar yox, Azərbaycanımızın milli-mənəvi dəyərləri olan sənətkarlarımıza və musiqimizə də xüsusi yer verilmişdir. Xan Şuşinski, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi sənətkar və şairlərimiz də bu filmdə canlandırılmışdır. Filmdə maraqlı və gülməli dialoqlar da az deyil. Məsələn, Məşədi İbadın acgözlülükdən “şeytan deyir bunların ikisini də birdən al” cümləsi üzlərdə gülüş yaratsa belə, əslində insan oğlunun necə acgöz, nəfsinə yenik düşə biləcək bir varlıq olduğunu göstərir. Eyni zamanda Sərvərin sevgisi üçün Məşədi İbadın başına açdığı oyun da burda yada düşür. Sərvər və Məşədi İbad arasında keçən dialoq da maraqlıdır. Sərvərin yerinə özümüzü qoyanda da bəlli olur ki, mövzu sevdiklərimiz, yaxınlarımız olanda edə bilmiyəcəyimiz şey yoxdur. Ən önəmlisi isə bu həyatda insan hərşeyi qazana bilər. Ancaq övlad ailənin ən dəyərli xəzinəsidir. Gəlin o dəyərli xəzinəmizi nəfsimizə, öz şəxsi mənafelərimizə qurban verməyək. Bir-birimizə olan bağlılığımızda eynən Sərvər və Gülnaz kimi olsun.
“Ədəbiyyat və İncəsənət”
(07.02.2025)