Nərgiz Mustafayeva, Gəncə şəhəri, “Ədəbiyyat və incəsənət” üçün
Kiçik Çillə yarı olanda təxminən fevralın 8-10-cu günlərində Xıdır Nəbi bayramı keçirilir. Xıdır Nəbi bayramı xalqın min illik ənənələrində yaşadılır.
Xıdır mifologiyada əbədi həyat bəxş edən dirilik suyunu tapıb içdiyinə görə Peyğəmbərlik zirvəsinə yüksələn “Nəbi” kimi qəbul edilir. Xalq arasında xeyirxah, insana uğur gətirən obraz kimi əks olunur.
Bayramın ən əhəmiyyətli anı gecə sayılır. Çünki həmin gecə Xıdır Nəbi xeyir-dua üçün gəlir. Bayrama hazırlıq zamanı qovrulmuş buğdadan qovut hazırlanır. Hazırlanan qovuta gün çıxanadək heç kəs toxunmur. Gecə Xıdır Nəbi xeyir-dua üçün boz atı ilə gələndə, atının ayağı ilə qovuta toxunur və öz payını götürür.
Səhər insanlar qovutu yoxlayıb Xıdır Nəbinin atının ayaq izini axtarırlar (bəzi inanclara görə isə qamçısının izini). İzi görən insanlar sevinirlər, çünki həmin ev Xıdır Nəbinin xeyir-duasını almış sayılır.
Sonra isə qovut ailə üzvləri arasında paylaşılır və yeyilir. Qovrulmuş buğdadan toyuqlara, qarışqalara da pay verilir.
“Ədəbiyyat və incəsənət”
(08.02.2025)