İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Vətəni üçün düşmən səngərinə yollanmazdan öncə ailəsinə məktub yazan, onlarla vidalaşan qəhrəman Mübarizin doğum günüdür. O, 7 fevral 1988-ci ildə dünyaya bəxş olunmuşdu.
“Fərqli hiss edirdim, hiss edirdim ki, nəsə etmək istəyir, nəsə düşünür, amma mən həmişə onu sakitləşdirməyə çalışırdım ki, darıxma, müharibə olsa döyüşərsən. O, döyüşmək istəyirdi. İstəyirdi ki, düşməndən qisas alsın. Bilərəkdən, düşünmədən həyatından, şirin canından keçmək- hər adam onu edə bilməz. Bu qərarı qəbul etmək çətindi. O, isə bu addımı atdı, Şəhid oldu”.
Ağakərim İbrahimov (atası)
“Həmişə deyirdi, haqqınızı halal edin, getmək var, dönmək yoxdur. Bunu həmişə deyirdi. Bizi buna öyrəşdirmişdi. Hər gedəndə halallıq alırdı. Biz uşaqlığında da, gəncliyində də ondan inciməmişik”.
Şamama İbrahimova (anası)
“Ondan Vətəni sevməyi öyrənmişəm - ilk öncə necə Vətəni sevmək lazımdı, necə Vətənə xidmət etmək lazımdır, bunu öyrənmişəm.
O, Vətəni daim sevirdi. Hamıya məsləhət görürdü ki, xidmətini kişi kimi etsin. Nəinki mən, bütün Azərbaycan ordusu üçün bir nümunədi. O, xalqı qaldırdı ayağa, Vətəni qaldırdı. Bildirdi ki, Vətəni sevmək lazımdı, Vətən var.”
Faiq Hacıyev (əsgər)
“Ayın 17si günü zəng vurdu, saat 11 olardı. Bol-bol sədəqlər paylayın, ibadətlərinizi vaxtında edin. Uşaqları evləndirin, -dedi.”
Ailəsi
“Mən oğlumu tanıyıram, bilirəm ki, heç vaxt düşmən qabağından qaçmaz. O, heç vaxt səngəri qoyub qaçmaz, evə gəlməz. Bunu mən öz varlığım kimi bilirəm. Ola bilməz. Siz nə danışırsınız? Bilmirəm siz kimsiz. Onu o tərəfdə axtarın, mümkünsə ona kömək göndərin.”
Ağakərim İbrahimov
“Televizora baxırdı, dedi, ürəyimə damıb ki öləcəm, dedim, Allah eləməsin. 08:00-da məşq eləmək vaxtı idi. Özü ilə bərabər bütün əsgərləri də yığırdı. Hətta mən idman eləməyən insan, məndə də maraq yaratmışdı. İdman eləyə-eləyə vətənpərvərlik haqqında danışardı onlara. Mən sevinirəm ki, o, arzusuna çatdı. Təki bu hamımıza qismət olsun. Haradasa 10nun yarısı idi, dedim Mübariz, sən cavabdehsən şəxsi heyətə, dedi baş üstə. Elə bu anda atəşkəs pozuldu, gəlmək istədi. Dedim, sən şəxsi heyətlə işlə, mən qalxıram. Gördüm atışma var, amma o qədər də yox. 20-25 dəqiqə gözlədim, qayıtdım. Gördüm ki Mübariz yoxdu. Soruşdum, dedilər ki posta qalxıb. Dedim ordan gəlirəm, görmədim onu, ora bir yol var. Qalxdım yuxarı, gördüm yox idi. Mübarizə zəng etdim, əvvəl çatdı, sonra zəng çatmadı. Bölük komandirinə zəng vurdum, ərz etdim ki Mübariz yoxdu.”
Tural Həsənov (Tağım komandiri)
“Gecə 11-12 radələrində Borsullu kəndinin postundan istifadə edərək düşmən tərəfə hərəkət etmişdir. O, minalanmış sahəni uğurla keçib getmişdir”
İradə İsaq (jurnalist)
“Gizir Mübariz İbrahimov 19 iyun 2010-cu ildə Tərtər rayonunda qeyri - bərabər döyüşdə şücaət göstərərək Şəhidlik məqamına ucalmışdı. Azərbaycan Milli Qəhrəmanı və Azərbaycanın "ilin adamı" adlarına layiq görülmüşdür”.
(Xəbərlərdən)
Azərbaycan xalqı igid oğlu ilə fəxr edir, qürur duyur. Vəfatından 15 il keçsə də o unudulmur, inşəAllah Vətən var olduqca da onun adını yaşadacağıq.
Allah ondan razı olsun.
Amin!
“Ədəbiyyat və incəsənət”
(07.02.2025)