Könül, “Ədəbiyyat və incəsənət”
Bildiyiniz kimi, “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.
Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərovanın və media rəhbəri Turab Teymurovun mediaya
verdikləriaçıqlamaya görə, bu il ölkəmizi İsveçrənin Bazel şəhərində “Mamagama” qrupu təmsil edəcək.
Deyəcəksiniz, bu nə qrupdur belə? Əlbəttə ki, çoxunuz onun adını ilk dəfədir ki, eşidirsiniz.
2021-ci ildə yaradılan “Mamagama” qrupu rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır. Azərbaycanın musiqi səhnəsində ən yenilikçi qruplardan biri olaraq özünü təsdiq edib. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb. Hətta daha əvvəl qrup Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub.
“Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.
İndi “Mamagama” 3 nəfərdən ibarətdir:
Asəf - frontmen və əsas vokalçı,
Hass - gitara ifaçısı,
Arif - zərb alətləri.
Azərbaycanı təmsil etmələrindən danışan Asəf belə bir açıqlama verib: “Bu qədər böyük bir səhnədə Azərbaycanın mədəniyyətini təmsil etmək mənim üçün böyük bir şərəfdir. Doğulduğum torpağa dərin sevgi bəsləyirəm və bu müsabiqə, onun gözəlliyini və ruhunu bütün Avropa ilə paylaşmağım üçün bir fürsətdir. Yaxın zamanda açıqlanacaq mahnımız ölkəmizin ruhunu tam əks etdirir. Biz inanılmaz dərəcədə həyəcanlıyıq. İnanıram ki, çıxışımız yaddaqalan bir təəssürat yaradacaq”.
Bazeldə keçiriləcək 69-cu Avroviziya mahnı müsabiqəsi mayın 13-dən 17-nə qədər davam edəcək. “Mamagama” mayın 13-də birinci yarımfinal mərhələsinin ikinci hissəsində çıxış edəcək.
Təmsilçi qrupun müsabiqədə hansı mahnı ilə çıxış edəcəyi və səhnə performansıyla bağlı əlavə məlumat yaxın günlərdə açıqlanacaqsa belə, qrup haqda ilkin peşəkar rəylər heç də ürəkaçan deyil. Ölkə mediasında, eləcə də TV-lərin şou xəbərlərində “Mamagama” qrupunun doğru seçim olmadığını, hətta finala belə vəsiqə qazanmayacağını bildirənlər çoxdur.
Bu qrupun YouTube kanalına yüklədiyi kliplərinin baxış sayının cəcmi 5-7 min olması elə çox şeydən xəbər verir.
Və ümumiyyətlə, qitədə müsabiqənin nüfuzi düşdükcə Azərbaycanda da seçim məsələsi bayağılaşdırılır. Bü münvalla “Avroviziya-2030”-a Azərbaycandan hansısa bir kənd klubunun solistinin gedib çıxacağı da istisna deyil.
“Ədəbiyyat və incəsənət”
(06.02.2025)