Super User

Super User

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

Hazırda təqdimatda 244 nömrəli tam orta məktəbdir.

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

 

Yəhya Müseyib oğlu Abbasov 1959-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1975-ci ildə Kəsəmən kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1980-cı ildə həmin İnstitutun Fizika-Riyaziyyat fakültəsini bitirmiş və təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 28 aprel 1984-cü ildə Goranboy rayon Xoylu kənd sovetinin katibi və sonradan sədri vəzifəsinə seçilmiş, 01 sentyabr 1987-ci ildən 1998-ci ilin yanvar ayınadək Xoylu kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Bir neçə çağrış Goranboy rayon XDS -nin deputatı seçilmişdir. 1988-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə vetranıdır. 12 yanvar 1998-ci il tarixindən Binəqədi rayon Təhsil Şöbəsində inspektor vəzifəsində işləmişdir. 

23 dekabr 1999-cu il tarixdən Binəqədi rayon Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Eyni zamanda 6 fevral 1999-cu il tarixdən 30 noyabr 2012-ci il tarixədək 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri vəzifəsində işləmişdir. 

3 dekabr 2008-ci ildə "Müasir məktəb təhsilinin sosial fəlsəfi problemləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Təhsil sahəsində xidmətlərinə görə 2010-cu ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi "adına layiq görülmüş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı" ilə təltif olunmuşdur. Beş kitabın və müxtəlif vaxtlarda yerli və xarici mətbuatda çap olunmuş 18 elmi məqalənin müəllifidir. 

1999-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Müharibədə iştirakına görə Azərbaycan QMƏVŞAİB-in İdarə Heyətinin 10.02.2016 cı il 02 №-li qərarına əsasən "FƏDAİ", 11.11.2016-cı il 10№-li qərarına əsasən "VƏTƏN NAMİNƏ" ,”BÖYÜK ZƏFƏR”, “MİLLİ ORDU -100”medalları ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin 12 №-li 03.11.2017- il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.

 

ŞAGİRD:

 

Hümbətli Cəmilə Ceyhun qızı 7 mart 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur.  2016-cı ildə Laçın şəhər 2 nömrəli tam orta məktəbində təhsilə başlamışdır, 2023-cü ildən etibarən təhsilini Binəqədi rayonu, Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə davam etdirir. Hazırda isə 9-cu sinif şagirdidir.

2022-ci ildə riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarında iştirak etmişdir. 

2024-cu ilin may ayında 244 nömrəli tam orta məktəbdə keçirilən “ 9 May – faşizm üzərində Qələbə günü” tədbirində iştirakına görə sertifikat, həmin ilin noyabr ayında isə  “Məktəblinin dostu” layihəsi və 244 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş məktəblərarası keçirilən “Zəfər sədası” intellektual yarışında 2-ci yeri tutduğuna görə diplom ilə təltif olunmuşdur.

 

ESSE:

Unudulmaz tarixi qələbəmiz

 

Dünya nə qədər qloballaşsa da, hər insan öz doğma torpağına və Vətəninə olan bağlılığını heç vaxt itirməməlidir. 

Azərbaycan xalqının isə vətənpərvərlik hisslərini sonuna qədər yaşadığı hadisələrdən biri də 2-ci Qarabağ müharibəsi olmuşdur. 

Cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi bir zəfərə imza atmışdır. Müharibədə əldə olunan qələbə yalnız torpaqlarımızın geri qaytarılması deyildi, bu, həm də xalqın illərdir susdurulmuş hayqırışlarının nəticəsi idi. 

2-ci Qarabağ müharibəsində qazandığımız qələbə bizə nə qədər böyük qurbanlar hesabına başa gəlsə də, bu uğur Şəhidlərimizin ruhunu əbədi yaşadacaqdır.

Təbii ki, qələbəmizdə ən böyük rol Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasət yeritməsi idi. İlk növbədə onun tərəfindən hərbi islahatlar və müasir texnologiyaların ordumuza gətirilməsi müharibədə üstünlüyümüzü təmin etdi.  Daha sonra isə Azərbaycan Ordusunun döyüş qabiliyyəti və İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində zəfər qazandıq. Hazırda isə işğaldan azad olunmuş torpaqlarımızda bərpa və inkişaf işləri davam edir.

Biz isə gənclər olaraq bu tarixi qorumalı və harada olduğumuzdan asılı olmayaraq Azərbaycan bayrağını uca tutmalıyıq. 

Tarixi qələbəmizin dəyərini anlamaq və gələcək nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Среда, 05 Февраль 2025 10:04

“İnqilabçı qara balıq" - DEBÜT

Aytac Yolçu, Bakı Qızlar Universitetinin tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün 

 

Səməd Behrəngi 23 iyun 1939-cu ildə Təbrizin Çərəndab adlanan məhəlləsində yoxsul bir ailədə dünyaya göz açmışdır.

Onun atası fəhlə olur, Səməd bəy dünyaya gələndən bir gün öncə işdən çıxarılır, getdikcə daha da yoxsullaşırlar.

Səməd ilk təhsilini Təbrizdə alır, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan və  Guqan bölgələrində ibtidai sinif müəllimi kimi çalışır. İşləyərkən eyni zamanda Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alır. 1961-ci ildə təhsilini başa vurur. Tələbəlik illərində "Xənde" (Gülüş) adında həftəlik divar qəzeti buraxır. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini təhsil aldığı dövrə aiddir.

Səməd Behrəngi və onun həmfikirləri, xüsusilə Behruz Dehqani Azərbaycan kəndlərini gəzib dolaşıb folklor nümunələri toplayıblar. Bəzi tədqiqatçılar qeyd edir ki, onların topladıqları folklor nümunələri Azərbaycan dilində olduğundan İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətlərinə görə çap olunmağa icazə verilmir. Sonradan bu nağılları fars dilinə çevirərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirirlər. Yazdığı nağıllar türk dilində Sirus Mədədi vasitəsilə "Azərbaycan nağılları" adı ilə Tehranda çap olunur. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxır.

İlk əsərləri "Adət", "Binam" hekayələri olur. 1959-cu ildə dərc olunur. Bundan sonra "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllarını yazır. Səməd bir müddət qəzetlərdə məqalələrlə çıxış edib. Sonra, məqalələrini "Məcmueyi məqaleha" (Məqalələr məcmuəsi) adilə kitab şəklində çap etdirir.

Səməd Behrəngi İran uşaq ədəbiyyatının banisi sayılır. Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur. Həmkarları onu "Azərbaycan kəndlilərinin canlı dili", "Milli mədəniyyətin oyaq vicdanı", "Xalqa üz tutan", "Səyyar müəllim" adlandırıblar.

Behrənginin yazdığı “Balaca qara balıq” əsəri həm də İran inqilabının manifesti hesab edilir. Məhz bu əsəri ilə İran tarixində böyük bir çevrilişin təməli qoyulduğunu deyə bilərik.

Onun “Balaca qara balıq” əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Sorağı aləmi bürüyən “Balaca Qara Balıq” əsərinin ideyası olduqca dərin mənalara sahibdir.

“Balaca Qara Balıq” Səməd Behrənginin yazdığı məşhur uşaq hekayəsidir. Hekayə 1968-ci ildə yazılıb və sosial-siyasi mesajları ilə tanınır. Əsas ideya kiçik balığın cəsarətli sərgüzəştləri vasitəsilə yeniliklərə açıq olmağın, azadlığı axtarmağın, öz cam tavanını aşaraq komfort zonadan uzaqlaşmağın və öz taleyini öz əlləri ilə yazmağın əhəmiyyətini vurğulamaqdır.

 

Hekayənin əsas ideya istiqamətlərini bölüşüm sizlərlə:

1.  Azadlıq və kəşfiyyat:

Balaca Qara Balıq doğulduğu çayın sərhədlərini aşaraq, böyük okeanı kəşf etmək istəyir. Bu, azadlığı və bilinməyənləri araşdırma arzusunu simvollaşdırır.

2.  Cəsarət və qətiyyət: 

Balıq çətinliklərə və təhlükələrə baxmayaraq, qərarından dönmür. Onun cəsarəti və qətiyyəti oxuculara öz ideallarını izləməyin vacibliyini göstərir.

3.  Ədalətsizlik və mübarizə: 

Hekayə, balığın qarşılaşdığı çətinliklər və təzyiqlər vasitəsilə, ədalətsizliklə mübarizənin əhəmiyyətini vurğulayır.

4.  Sosial dəyişikliklər: 

Hekayə İran cəmiyyətindəki sosial və siyasi vəziyyətlərə dair tənqidi fikirləri əks etdirir və fərdin cəmiyyətdəki rolunu sorğulayır.

 

“Balaca Qara Balıq” təkcə uşaqlar üçün maraqlı bir hekayə deyil, eyni zamanda böyüklər üçün də dərin mənalı bir ibrət nağılıdır. Bu hekayə oxucuları həyatdakı sərhədləri aşmağa, yeniliklərə açıq olmağa və cəsarətli addımlar atmağa çağırır. Səməd Behrəngi qəlbinin dərinliklərində coşub-çağlayan azadlıq yanğısını dövrün tələblərindən irəli gələrək öz əsərlərində sətraltı şəkildə həmvətənlərinə çatdırır. 

 

Əhməd Cəmilin Səməd Behrəngiyə həsr etdiyi o yanğılı şeir: 

Sənmi gücsüz idin, Arazmı dərin?

Dərdi nə böyükmüş o sahillərin!

Dözdün zillətinə ağır illərin!

Alnında gəncliyin ümid çələngi,

Qəlbində arzular... Səməd Behrəngi!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Afrika qitəsinin ən böyük kitab sərgisi mübaliğəsiz olaraq hər ilin bu vədələrində keçirilən Qahirə Beynəlxalq Kitab Sərgisidir. 

1969-cu ildən keçirilən Qahirə sərgisini hətta Yaxın Şərqin də ən böyük kitab sərgisi adlandırırlar. Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən böyük ikinci kitab sərgisi hesab edilib bu sərgi. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib. Sərgiyə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb. 

 

Budəfəki sərgi də geniş təmsilçiliklə seçilir. 

Sərgi çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tanınmış azərbaycanlı alim, bu yaxınlarda portalımızda haqqında geniş yazı dərc etdiyimiz Seymur Nəsirovla görüş də keçirilib. Bu barədə məlumat alan kimi Seymur Nəsorovla əlaqə yaratdıq və görüş barədə onun özündən məlumat aldıq. 

 

Misirin Vəqflər Nazirliyi tərəfindən təşkil olunan görüşdə Misirin yüksəkvəzifəli şəxsləri, elm xadimləri və burada təhsil alan xarici tələbələr iştirak ediblər.

Tədbirdə İslam İşləri Üzrə Ali Şuranın baş katibi professor Məhəmməd əl-Bəyyumi Seymur Nəsirovun elmi, ictimai və mədəni fəaliyyətlərinin Misir ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini və onun ölkədə təhsil alan tələbələr üçün böyük bir nümunə olduğunu qeyd edib.

S.Nəsirov fəaliyyəti haqqında, Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən geniş söhbət açıb. Azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən danışan tədqiqatçı-alim Misiri işğaldan azad edən Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğuna dair ərəb mənbələrinin yekdil fikirdə olduğunu qeyd edib. O, eyni zamanda, Misirin baş həkimi Fəthullah ibn Nəfis və baş qazi Əfzələddin əl-Xoncinin əslən azərbaycanlı olduğunu iştirakçıların diqqətinə çatdırıb.

O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də geniş bəhs edib. Bildirilib ki, cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraətləri, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya, xalçaçılıq və yerli muğam (məqam) sənəti tədris olunur. Hazırda cəmiyyətin nəzdindəki kurslarda 59 ölkədən 600-dən çox gənc müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

Tədbir Misir mediası tərəfindən geniş işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün 

 

 

Gürcüstanda Fars-molla məzhəbçi dini təsirlərinin anti-Azərbaycan mahiyyəti və İranın, Rusiyanın bu ölkə üzərindəki oyunları, bir çox bölgəsəl və geosiyasi faktordan qaynaqlanır. Bu təsirlərin və oyunların hər biri, Qafqazın geosiyasi durumunu daha da gərginləşdirir və bölgəsəl güclər arasında strateji qarşıdurmaların bir bölümünü təşkil edir.

 

Gürcüstanda fars-molla məzhəbçi dini təsirlərin artması, həm İranın bölgədəki rolunun güclənməsi, həm də Gürcüstanın etnik və dini müxtəlifliyinin yaratdığı bir kontekstdə baş verir. Gürcüstanda fars-molla məzhəbçi dini təsirlərin artması ilk növbədə, anti-Azərbaycan mahiyyəti daşıyır.

 

İranın Yaxın Doğu və Qafqazda öz mədəni və dini təsirini yaymağa çalışdığı heç kəs üçün sirr deyil. Fars-molla rejimi Gürcüstanın şiə məzhəbinə aid olan hissəsini və bir neçə dini məbədi öz dini təsirini həyata keçirmək üçün bir vasitə sanır. İran, öz təsirini gücləndirməkçün, zaman-zaman Gürcüstanın bəzi bölgələrində iqtisadi və mədəni çalışmalarını artırıb. Məsələ ondadır ki, Gürcüstandakı digər məzhəb mənsublarını da öz təsirinə salmağa çalışan fars-molla rejimi əlamanları, eyni ssenarini Moskva başda olmaqla, Rusiya Federasiyası ərazisində də yürütməyə çalışıb. Açıq-aydındır ki, rejim Moskvada yaxud Gürcüstanda əlaqədar kəşfiyyat orqanlarından xəbərsiz yaxud onlarla işbirliyi içində olmadan geniş çalışmalarda buluna bilməzdi. Zira ortaq çıxarları bəs-bəlli...

 

İran-Azərbaycan münasibətləri gərgin olunca, İranın Gürcüstanda dini təsirinin artması, anti-Azərbaycan təəssüratını gücləndirməyə xidmət etmiş olmasın?.. İranın Gürcüstanda dini təsiri, azərbaycanlıların öz dini və mədəni azadlıqlarını qorumağa çalışdığı mühitdə daha çox “anti-Azərbaycan” rəftarlarına çevrilə bilər.

 

İran Azərbaycanla olan münaqişəli məsələlərini, Gürcüstanda daha çox “ideoloji” və “dini” müstəviyə daşıyaraq, bu ölkənin içində Azərbaycana qarşı təbliğat çalışmaları aparmağa (ən azı) meyl edir. Bu, özəlliklə də Azərbaycanla mübahisələrində yararlandığı bəzi dini “əsas”larla bağlı olsa gərək.

 

İran və Rusiya, Gürcüstanın geosiyasi mövqeyindən yararlanmağa çalışır və bu ölkənin siyasətini öz çıxarlarına uyğunlaşdırmaq istəyir. Bu, həm bölgədə həm də beynəlxalq arenada gərginliyi artıra bilər.

 

Gəlin belə bir-iki sualla çıxış edək: 

-İran Gürcüstanın keçidi ilə Azərbaycanın enerji resurslarına çıxışını məhdudlaşdırmaq və özünün bölgəsəl enerjiyə nəzarətini artırmaq istəmiş ola bilməzmi? İranın, həmçinin Gürcüstan üzərindən Rusiyanın qaz və neft boru kəmərlərinə alternativ marşrutlar yaratmaq istəyi də mövcud deyilmi?

 

Ritorika öz yerində, bununla belə, İran Gürcüstanın güneyində yerləşən bəzi ərazilərdə şiəliklə bağlı təsirlərini artırmaq məqsədi güdür. Gürcüstanın içində dini təsir yaratmaq, həmçinin Azərbaycana qarşı anti-dini və ideoloji mövqeləri dəstəkləmək anlamında sabitdir.

 

Bir sözlə, 

İran Gürcüstanı öz bölgəsəl “bütünlük” siyasətinə daxil etməyə çalışır, bu isə Azərbaycanın maraqlarına qarşıdır və gərginliklərə səbəb ola bilər.

 

Rusiyanın Gürcüstandakı maraqları

Tehranın dostu Moskva Gürcüstanın Avropaya (Batıya) inteqrasiya cəhdlərini strateji çıxarlarına zidd sayır. Rusiya Gürcüstanı öz təsir dairəsində saxlamağa çalışır və burada təsir hücrələrini artırmaq istəyir. Gürcüstanın NATO və Avropa Birliyi ilə yaxınlaşması, Rusiya üçün böyük təhdiddir. Gürcüstanda son seçkilər Rusiya–Batı qarşıdurmasının Gürcüstan üzərindəki izlənimlərini aydın göstərmiş oldu...

 

Rusiya, ilhaq etdiyi Abxaziya və Güney Osetiya üzərindəki təsirini davam etdirmək üçün Gürcüstanda siyasi qarışıqlıqlar yaratmaqdan usanmır. Bu isə Gürcüstanın öz müstəqilliyini qorumağa çalışan siyasi strukturlarına qarşı təzyiqdir.

 

Rusiya Gürcüstanda siyasi istiqrarsızlıq yaratmaq və bu ölkəni öz çıxarları uğrunda istifadə etmək üçün müxtəlif vasitələrdən yararlanır. Bu durum, həmçinin Ermənistan və Azərbaycan arasındakı gərginliklərdən də də fayda görmüş ola bilər.

 

İran və Rusiyanın Gürcüstan üzərindəki oyunlarının yansımaları

 

İran və Rusiyanın Gürcüstan üzərindəki oyunları, bölgəsəldəngəni dəyişdirə bilər və bunun sonucunda Azərbaycanın maraqları da zərər görə bilər.

 

İran və Rusiyanın təsirinə məruz qalan Gürcüstanın, Azərbaycanla olan strateji bağlarını zəiflətməsi, Azərbaycanın Güney Qafqazdakı təhlükəsizlik çıxarlarına tərs düşər. İranın Gürcüstanın güneyindəki dini təsiri və Rusiyanın bu ölkənin siyasi həyatına müdaxiləsi, Azərbaycan üçün əlavə təzyiqlər yarada bilər.

 

Həm İran həm də Rusiya, Gürcüstanın Azərbaycanla olan bağlarını zəiflətmək və bu ölkəni öz çıxarlarına uyğunlaşdırmaq istəyirsə, bu, Azərbaycanın bölgədəki mövqeyini zəiflətməyi hədəfləyib deməkdir.

 

Beləliklə,

İran və Rusiyanın Gürcüstandakı hərəkətləri, həmçinin Güney Qafqazda olan digər bölgəsəl güclərin (Türkiyə və Azərbaycan daxil olmaqla Türk Dövlətləri Təşkilatının və b.) reaksiyalarını doğura bilər. Umacağımız nə ola bilər? – İnşallah Gürcüstan dövlətinin siyasi iradə nümayiş etdirməsi, oyunlara daxil olmaması, Qafqazın əmin-amanlığının mümkün olduğunca qorunması bütün konstruktiv mövqe sahiblərinin xeyrinə olacaqdır.

İranın, Rusiyanın Gürcüstanda oynadığı oyunlar və bu oyunların Azərbaycanda diqqətlə izləndiyi danılmazdır. Fars-molla məzhəbçi dini təsirlərinin artması və bu təsirlərin Azərbaycanla münasibətləri gərginləşdirmək potensialı da gözardı edilə bilməz. Eyni zamanda, Rusiyanın və İranın Gürcüstanda yaratdığı təsir, bu ölkənin müstəqilliyini və bölgəsəl dəngəsini təhdid edə bilər. Azərbaycanın isə bu durumda güclü bölgəsəl diplomatiya və strateji bağlar quraraq, təhdidləri ən aşağı düzeyə endirmək üçün çalışması alternativlərin ən yaxşısıdır.

 DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Среда, 05 Февраль 2025 09:29

“Qızılgüləm, qızılgül” deyir balaca Lətifə

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizin ən balaca şairi kimdir? Dəqiq statistika aparılmayıb yəqin. Amma mən bir namizədi təqdim edə bilərəm: İsmayılzadə Lətifə Vüsal qızını. 

 

Lətifə Bakı şəhəri 53 nömrəli məktəbin 1e sinfində təhsil alır. Və əlbəttə ki, boş vaxtlarında həvəslə şeir yazır. 

Mən sizə Lətifənin 2 şeirini təqdim edir, balaca şairə sənət yolunda uğurlar arzulayıram. 

 

 

QIZILGÜL

 

Qızılgüləm, qızılgül,

Nəğmə oxur şən bülbül.

Səhər tezdən açaram,

Bağa ətir saçaram,

Məni uşaqlar sevər,

Saçlarına gül düzər.

 

 

TƏBİƏT

 

Yayda qızar havalar,

Qışda yağar soyuq qar.

Yazda qayıdıb gələr,

Durnalar qaranquşlar.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Среда, 05 Февраль 2025 09:00

Qoca Xocalının ilk körpəsi

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Hava hələ qaranlığın sonuncu pərdələrindən qurtulmağa çalışırdı. Dağlarından enən sərin meh Ballıcanın, Xocalının - Qarabağın bu üzünün köhnə yaralarını oxşayır, illərlə boğazda düyünlənmiş bir ah kimi gecənin qaranlığında pıçıldayırdı... Bu gecə fərqli gecəydi…

 

Bu gecə Xocalı Ballıcasında ilk körpə dünyaya gəlib! - Bal küpü, nur kündəsi, aslanparçası, sevginin özü! - Səhər-səhər belə bir xoş xəbər yayıldı: “Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər”… Körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin qazisidir.

 

Antiterror əməliyyatından sonra yenidən doğulan Xocalıda körpə dünyaya gəlib - bilirsiz bu, nə deməkdir? Ehtişamdır, coşğudur, qürurdur! Özlüyündə, milli dirçəlişin ilahi təntənəsidir bu! Bu, alxışların Tanrı dərgahında qəbul olunmasının təsdiqidir! Xocalı Tanrının yadından çıxmayıb! Yer üzü xocasız ola bilərdi, ancaq Tanrısız ola bilməzdi axı! Zatən biz Haqqın incəlsə də, üzülmədiyinə ruhi güvənlə inananlardandıq. Bəs biz 30 illik ağır işğala necə son verdik, sanırsınız? - Haqqa inandığımız, işimiz Haqq işi olduğu üçün! Biz savaşlarda qızıl ləyaqət göstərən millətik! Bizim sözümüz imzamız qədər keçərlidir, üzümüz ağsaçlı tarix qarşısında apağdır!

 

Bəli, Xocalıda ilk körpə dünyaya gəlib! 

Yəqin onun da ilk işi bütün körpələr kimi ağlamaq olub… Ancaq 33 il öncə Xocalıda baş vermiş vahim ağlaşmadan deyil bu! Çox şükür! Ağlaşma var - dirilişdir, doğuluşdur, ağlaşma var - olmaz olsun!

 

İlk körpə dünyaya gəlib azad Xocalıda! 

Budur, körpənin ilk ağlaşması Qarabağın Xocalısının qaranlığını yararaq, sanki illərdir susqunluğa bürünmüş ana torpağa yaşamın özünün qayıtdığını müjdələyib. Bu ağlayış daşa-divara, ağaca, suya toxunaraq, zamanın donmuş laylarını çatladıb, bəlkə hələ də ruhu Xocalı göylərində dolaşan günahsızların o dünyasına su səpdi...

 

İlk körpəsini dünyaya gətirən anası göz yaşlarını saxlaya bilməyib yəqin. O göz yaşları, həm sevincdir, həm kədər… Sevanə xanım oğul balasının üzünə baxanda sanki doğma Xocalısının allı-güllü vaxtlarını görüb, elə bilirəm! – Bir zamanların bağlı-bağatlı çağlarını, sevinc dolu cocuqların səsini, qapı önündə əyləşib Gün batımını, Ay doğuşunu izləyən qarı-qocaları… 

İndi Xocalıda yeni Xocalı doğulur - qutsal bayraq altında və bəngü azadlıq içində! Orada hər ana elə bil yalnız öz körpəsini deyil, yeni Xocalını, çiçəklənən Xocalını, xoşbəxt gələcəyi doğmuş olacaq…

 

Xocalıda ilk körpə dünyaya gəlib! 

Körpə aslanparçasına babasının adını qoyublar - adı ilə yaşasın! Deyirəm, Xocalıda doğulan körpələrin adını nə qoysalar da, onların rəmzi adı İşıqdır, İşıldır, Ümiddir, İnamdır, Ağgündür! Çünki Xocalıda doğulan hər körpə qaranlığa işıq gətirəcək! Ballıcada doğulan Mehdinin də, bundan sonra doğulacaq aslanparçalarının, Ayparçalarının da doğuluşu, bu torpağın yenidən canlandığının, burada yaşamın yenidən başlanacağının sübutu, təntənəsidir!

 

Bunlar bizim duyduqlarımız, dediklərimizdir; 

bəs görəsən, Xocalı özü nə düşünür? 

“Sən azad Xocalının oğlusan! 

Sən bu torpağa doğan ilk Günəşsən!..

Sən harada doğulduğunu heç vaxt unutmamalısan!.. Ancaq unutmamaqla yox, yaşatmaqla, qurmaqla, böyütməklə, sevməklə”!.. - Bəlkə belə pıçıldayır Xocalı…

Hər doğan sabaha şükür!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Вторник, 04 Февраль 2025 16:45

Şəkidə “Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Bu gün - fevralın 4-də  Xalq artisti, bəstəkar, müğənni, ictimai-siyasi xadim Polad Bülbüloğlunun doğum günüdür, 80 illik yubileyidir. 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin və Şəki şəhər  MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə yubileyə həsr olunmuş "Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib. 

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərləri,mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Polad Bülbüloğlunun yaradıcılıq fəaliyyəti işıqlandırılıb, bir-birindən ecazkar bəstələri və repertuarından nəğmələr səsləndirilib. 

Tədbirin sonunda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəis v.i.e. Emil Bədəlov çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Security Operation Services” (SOS) MMC-nin 4 illik fəaliyyətilə bağlı hesabat tədbiri keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından verilən məlumata görə, tədbirdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “SOS” MMC ilə Respublika Veteranlar Təşkilatı arasındakı əməkdaşlığa diqqət çəkib, bu əməkdaşlığı yüksək qiymətləndirib. 

Polkovnik qeyd edib ki, “SOS” MMC hər zaman veteranlara, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərib, veteranların işlə təminatı istiqamətində mühüm addımlar atıb. “SOS” MMC tərəfindən 270 veteran işlə təmin edilib, şəhid ailələri, müharibə əlilləri ilə bağlı mühüm layihələr həyata keçirilib. 

Polkovnik Cəlil Xəlilov “SOS” MMC-də yeni fəaliyyətə başlayan veteranlara uğurlar arzulayıb, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələrini təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Вторник, 04 Февраль 2025 15:17

Fazil Mustafa Polad Bülbüloğlunu təbrik edib

 

MilIi Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Mədəniyyət komitəsinin sədri Polod Bülbüloğlunu 80 illik yubileyi ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Hörmətli Polad müəllim,

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından, şəxsən öz adımdan Sizi – dünyaşöhrətli sənətkarı 80 illik yubileyinizlə bağlı səmimi qəlbdən təbrik edirəm!

 

Siz, yalnız Azərbaycan mədəniyyətinin deyil, Türk dünyası mədəniyyətininin inkişafında, beynəlxalq aləmdə tanıdılmasında, klassik irsimizin tərənnümündə özünəməxsus, uzunmüddətli, səmərəli xidmətlər göstərərək, böyük şöhrət qazanmısınız.

 

Müstəqil Azərbaycanın ilk Mədəniyyət naziri, TÜRKSOY-un ilk Baş direktoru olaraq, Sizin xidmətləriniz unudulmazdır. Həyatınızda, sənətinizdə bir çox “ilk”lər vardır, o cümlədən azad Şuşadan seçilmiş ilk Millət vəkilisiniz, Milli Məclisə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonrakı ilk seçkilərdə Mədəniyyət komitəsinin sədri seçilmisiniz, habelə Rusiya Federasiyasında ən uzunmüddətli Fövqəladə və səlahiyyətli səfir olaraq, bütün diplomatik korpusun duaeyni olmusunuz. Azərbaycan, Türkmənistan, Özbəkistan və Başqurdistanın Xalq artisti, Dağıstanın Əməkdar incəsənət xadimi fəxri adlarını daşıyan yeganə sənətkarsınız. Müstəqil Azərbaycanın ən yüksək dövlət təltiflərinə layiq görülmüsünüz və 80 yaşınızın tamam olmasına bir gün qalmış, ölkə Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olnmusunuz. Bütün bunlar Sizin sənətinizə, şəxsiyyətinizə dövlət, xalq məhəbbətinin parlaq ifadəsi, o cümlədən beynəlxalq nüfuzunuzun göstəricisidir.  

 

İnanırıq ki, görkəmli ictimai-siyasi, elm və sənət xadimi olaraq, mədəniyyətin zərif gücü və zəngin diplomatik təcrübəniz sayəsində, Vətənə, sənətə xidmətinizi bundan sonra da davam və inkişaf etdirəcəksiniz.

 

Yubileyiniz ilə bağlı Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, Azərbaycan, Türk dünyası mədəniyyətinin inkişafı yolunda fəaliyyətinizdə yeni uğurlar diləyirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Вторник, 04 Февраль 2025 10:31

Beynəlxalq nümayəndə heyətləri “ASAN xidmət”də

 

Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, maliyyə nazirinin müavini Ruslan Tatikov, həmçinin Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Jandildə Jakupovun rəhbərlik etdiyi nümayəndə heyətləri ölkəmizə rəsmi səfərləri çərçivəsində  “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Ruslan Tatikov ilə  görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Həmçinin 2024-cü ilin 24 aprel tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun həyata keçirilməsinə dair müzakirələr aparılıb.

 

Nümayəndə heyətlərinə Dövlət Agentliyinin 2015-ci ildə  BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu bildirilib.

 

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öyrənilməsində və tətbiqində maraqlı olduqlarını vurğulayıblar.

 

 

Görüş çərçivəsində nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.