Super User

Super User

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Zamanın içində itib-batan bir kölgə kimiyəm. Mən varam, amma eyni zamanda yoxam. Həyatımın səhifələrində o qədər silinmiş cümlələr var ki, bəzən nədən başladığımı belə xatırlamıram. Sonuncu dəfə dərsdən qaçıb, döyüldüyüm günlə bu gün arasında nə qədər zaman keçib? Bir neçə il? Yox, sanki sadəcə bir neçə gün. Sanki gözlərimi bir anlıq qırpmışam və birdən-birə yetkinliyin ağır yükü çiyinlərimə çöküb.

 

Uşaqlıq dediyimiz o çağın içindəki saf məsumluqdan indi nə qalıb? Qarla oynamaqdan donmuş barmaqlarım, palçıqda batan dizlərim, azad və çılğın qəhqəhələrim... Hamısı bir zamanlar mənim idi. Və indi bunların hamısını unutmağa məcburam. Çünki böyümək belə tələb edir. Çünki böyümək, əslində, ruhunu kiçiltməkdir. Böyümək – addım-addım ölümü tanımaq, həyatın soyuq nəfəsini daha dərindən hiss etməkdir.

Amma kim tələsdirirdi ki, məni? Kim əlimdən tutub çəkirdi o məsumluqdan, o saf uşaq dünyasından? Kim dedi ki, yaşamaq böyüməkdir, böyümək isə yaşamaq? Axı mən bilə-bilə böyük danışmışdım. "Mən böyüyəcəm!" deyəndə nə bilim ki, böyümək, sadəcə, daha çox yorulmaqdır. Daha az gülümsəməkdir. Daha az inanmaqdır. Daha çox sınmaqdır.

İndi isə çatmıram. Yetmirəm. Düşürəm. Həyatın üzümə çırpdığı soyuq qapılardan bir-bir keçməyə çalışıram, amma hər addımda bir az daha yıxılıram. Mən çox böyük danışmışam, amma heç vaxt düşünməmişəm ki, böyümək bu qədər çətin olacaq. O vaxtlar uşaq idim, heç nə bilmirdim. İndi isə hər şeyi bilirəm, amma bilməmək istəyirəm. Həyatın mənə verdiyi bütün o çirkli həqiqətləri qusmaq istəyirəm. Çünki bilmək yüklənməkdir. Çünki bilmək, bəzən, yaşamaqdan da ağırdır.

Fikirlər beynimdə bir girdab kimi fırlanır. Hara gəlib hara gedirəm, bilmirəm. İllər keçdikcə insanın fikirləri özünə yad olur. Bir vaxtlar inandığım şeylər indi mənə axmaqca gəlir. Bəzən öz-özümə deyirəm: "Mən bu idimmi?" Gülməli və acı bir sualdır. Çünki cavabını verə bilmirəm. Cavab axtarmaq da, əslində, boşunadır. Yağışın alnıma düşən damcıları fikirlərimi dondurur, sonra süzülüb bədənimə axır, mənə yenidən varlığımı xatırladır. Mən buradayam. Amma bəzən elə gəlir ki, yoxam.

Çarə varmı? Təbii ki, yox. Çarə, bəlkə də, bu sualları verməməkdir. Amma insan sualsız yaşaya bilmir. Mənim edəcək çox işim var. Amma elə bil ki, mən yoxam. Ya da mən varam, amma mən deyiləm. Hərdən düşünürəm ki, bəlkə də, mən bir xəyalam. Bir vaxtlar var olub indi itib-batan bir kölgə.

Mən kimisə üzmək istəmirəm. Heç vaxt istəməmişəm. Amma bəzən elə hiss edirəm ki, mən özüm bir kədərəm. İnsanlar məni oxuyanda, dinləyəndə içlərində bir qırıq qüssə doğulur. Mən kiməm? Niyə buradayam? Və hara gedirəm? Bu sualların cavablarını axtara-axtara yaşamaq yorucudur.

Allahım, sən onsuz da, hər şeyi bilirsən. Bəlkə də, cavabların səndədir. Bəlkə də, mən sənin varlığının içində bir toz zərrəsiyəm. Amma sən bilirsən ki, mən tək deyiləm. Mən sənin bir parçanam. Və məni unutma. Mən unutduğum hər şeyi yenidən xatırlamaq istəyirəm. Mən yaşamaq istəyirəm, amma elə bir həyat ki, içində sualların cavabı olsun. Mən bilmək istəyirəm, amma elə bir bilik ki, içində sakitlik olsun. Mən var olmaq istəyirəm, amma elə bir varlıq ki, içində yoxluq qorxusu olmasın.

Bəlkə də, bunların heç biri olmayacaq. Amma yenə də, mən sənin qapının astanasında durmuşam, gözləyirəm. Çünki içimdə hələ də bir ümid var. Çünki mən, hər şeyə baxmayaraq, bir gün cavabların tapılacağına inanmaq istəyirəm.

Bəlkə bir gün tapacağam. Bəlkə bir gün anlayacağam. Amma indiyə qədər yalnız bildiyim bir şey var – mən böyümək istəmişdim. Heç bilməmişdim ki, böyümək bu qədər çətin, bu qədər soyuq, bu qədər ağır olacaq.

Amma bəlkə də, elə böyümək dedikləri budur – soyuqla isinişmək, ağırlığa alışmaq, qaranlığa baxıb işıq olduğunu xatırlamaq. Bəlkə də, insan bir ömür boyu düşdüyünü zənn edərkən əslində yuxarı qalxır. Bəlkə də, biz həyatı baş-ayaq görürük.

Yağış alnıma düşür, süzülür, torpağa qarışır. Bəlkə də, mən də eləyəm – fikirlərim süzülüb gedir, xatirələrim torpağa qarışır. Amma sonra? Bəlkə də, torpağa düşən hər damcı sabah bir çiçəyə can verir. Bəlkə də, itirdiklərimiz bir gün başqa bir yerdə, başqa bir zamanda bizə geri qayıdır.

Bəlkə də, həyat heç vaxt tam başa düşülmək üçün deyil. Bəlkə biz sadəcə onu hiss etməliyik, bir musiqi kimi, bir külək kimi, bir yağış damcısı kimi. Bəlkə də, böyümək – cavab tapmaq yox, sualların içində rahat olmaqdır..

 

Mən hələ də buradayam. Və bəlkə, bu da yetər.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

Вторник, 04 Февраль 2025 14:40

PA – UORREN BAFFET: “Yox!» deməyi öyrənin”

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

                  

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

 

2-ci qayda

 

«Yox!» deməyi öyrənin

 

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

 

 

Daha əvvəl təqdim edilən qaydalar:

1-ci qayda:

 

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

 

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

 

Вторник, 04 Февраль 2025 13:33

BİRİ İKİSİNDƏ - Anar Adilin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layhihəsində nəsr saatıdır, sizlərə Anar Adilin “Kloun Muğuş” hekayəsi təqdim edilir.

 

Uğurun iti can verirdi. O, itinin başını qucağına alıb acizliklə gah ətrafa baxır, dadına yetəcək bir adam axtarır, gah da itin başını tumarlayırdı. İt boğuq səslə zingildəyir, heydən düşmüş ayaqlarını asta-asta tərpədirdi. 

Günortaya yaxın it canını tapşırdı. 

Uğur bağın ayağında çala qazıb itini basdırdı. Alma ağacına söykəndi, göz yaşını saxlaya bilməyib doyunca ağladı. O qədər ağladı ki, evə gələndə anası onu görüb əlini dizinə çırpdı:

– Gözlərin şişib, qıpqırmızı olub, a bala, nolub, niyə ağlamısan?

– Topar öldü, – Uğur qəhərini boğub cavab verdi.

– Öldü, öldü də, qocalmışdı, elə ölmək vaxtı idi.

– Özü ölmədi, öldürdülər. Bilirəm kim öldürdü. Toparımı qonşumuz zəhərləyib öldürdü! 

– Qonşunun işi-peşəsi yoxdu, sənin itini zəhərləsin! – anası ona çəmkirdi, – get dərslərini oxu, atan məktəbə getmədiyini bilsə, canını alacaq.

Uğur otağa keçdi, çantasını açdı, kitablarından birini götürüb baxdısa da, fikri itinin yanında qaldığından hərflər gözünün qabağında oynaşdı. 

 

***

 

Uğurun atası Məğrur şəhərin əyləncə mərkəzlərindən birində kloun işləyirdi. Bir dəfə varlı bir məmurun oğlunun ad günündə klounluq edirmiş. Ərköyün uşaq gah Məğrurun belinə minib at kimi çapır, gah saçını yolur, gah da üzünə tort yaxırmış. Məğrur uşağın hoqqalarına dözməyə məcbur imiş, çünki uşağın məmur atası ona yaxşı pul təklif eibmiş. Uşaq otağın ortasında durub atasından klounun adının nə olduğunu soruşubmuş, atası “eləcə kloun de, oğlum, bunların adı olmur” desə də, oğlu razılaşmamış, kounun əsl adının nə olduğunu öyrənməkdə israr etmişdi. Məmur Məğrurdan adını soruşmuş, o da demişdi. Amma uşaq “Məğrur” sözünü deyə bilmədiyindən klouna belə çətin ad qoyanı söymüşdü. Məmur oğlunun könlünü almaq üçün demişdi:

– Oğlum, sən ona “Muğuş” de.

Beləcə, söhbət Uğurgilin məhəlləsinə qədər gəlib çıxmış, camaat onu “Muğuş” çağırmağa başlamışdı. Bu ad Məğrurun bərk acığına getsə də, dözməli olurdu. 

Məğrur əzəldən ağır xasiyyətli adam idi. Kloun işləyəndən sonra xasiyyəti lap sərtləşmişdi; arvadına və oğluna tapşırdığı işi azacıq gecikdirəndə, yaxud da ürəyi istəyən kimi yerinə yetirməyəndə onları danlayır, söyür, bəzən də əl qaldırırdı.

 

***

 

Topar öləndən sonra Uğur fikrini dərsə cəmləyə bilmirdi. Əlaçı Uğur indi ortabab şagirdə çevrilmişdi. Riyaziyyatdan yoxlama işindən “2” alanda müəllim ona acıqlanmış, atasına şikayət edəcəyini demişdi.

 

***

 

Şənbə günü idi. Məğrur əyləncə mərkəzində ad gününü yola verməli idi. Sifarişçi acıdıl adam idi, Məğrurun kostyumuna, ağır hərəkətlərinə, uşaqlarla oynadığı oyuna saysız iradlar bildirirdi. Ad günü olan uşaq bağça yoldaşları ilə onun başına itin oyununu açırdılar. Uşaqlar xorla “Muğuş, Muğuş, it kimi hür!” əmri verəndə Məğrur bir az düşündü, sonra hürməyə başladı. O xeyli hürdü və birdən ürəyini tutub döşəməyə sərildi. Uşaqları bunu oyunun bir hissəsi bilib, onun belinə mindilər: “Muğuş, sən bizim eşşəyimiz ol” deyib onun yanbızını şillələyir, durub onları zalın o biri başına aparmağı əmr edirdilər. 

Uşaqlar Məğrurun tərpənmədiyini görüb sakitləşdilər. Böyüklərdən kimsə onu qaldırdı, halını soruşdu, su verdi. Halının xarab olduğunu görüb təcili yardım çağırdılar. 

 

***

 

Məğrur ağır addımlarla evə tərəf gedirdi. O, özünü alçaldılmış, təhqir olunmuş hiss edirdi.

Yaşadığı məhəlləyə girəndə Uğurun riyaziyyat müəllimi ilə rastlaşdı. Müəllim Uğurun yoxlamadan “2” aldığını deyəndə, əsəbdən Məğrurun bütün bədəni titrədi.

Məğrur qapını zərblə açıb arvadına bağırdı:

– O it oğlu hardadı?! Tez tap, göndər yanıma!

Uğur başını sallayıb atasının qarşısında dayanmışdı. Atasının riyaziyyatdan niyə “2” almasının səbəbini izah edə bilmirdi. Bircə dəfə “Topar öldü” deyə bildi.

Atası milçəköldürəni qapıb var gücü ilə Uğura bir neçəsini çəkdi. Birdən nə fikirləşdisə, mizin üstünə qonmuş milçəyi öldürdü, ölü milçəyi Uğurun ovucuna basıb bağırdı:

– Ye!

Uğur gah ovcundakı milçək ölüsünə baxdı, gah atasına. Atasının onu belə bir işə məcbur edəcəyinə inanmaq istəmədi.

Atası Uğurun qolundan tutdu, ölü milçəyi onun ovcundan götürüb ağzına dürtdü.

Uğur öyüdü, milçəyi tüpürmək istəsə də, atası onun ağzını qapadı.

Uğur bir neçə gün yataqdan dura bilmədi. Nə qədər çalışsa da, ağzına bir tikə çörək qoya bilmədi; xörəyə baxan kimi öyüyürdü.

 

***

 

Məğrur yeni sifariş almışdı. Bu dəfə o, əyləncə mərkəzində deyil, uşağın yaşadığı evdə onu əyləndirməli idi. Uşağın atası sifarişi qəbul etdiyi üçün ona telefonda xeyli minnətdarlıq etmişdi.

Məğrur deyilən ünvana getdi. Onu uşağın atası mehribanlıqla qarşıladı. Tez də oğlunu səslədi:

Gözəl oğlum, bir bax, gör kim gəlib?! 

Otaqdan yeddi-səkkiz yaşında arıq bir oğlan boylandı. Onun xəstə olduğu dərhal bilinirdi. Oğlanın anası Məğrura çay gətirdi, yemək təklif etdi. 

Məğrur kloun kostyumunu geyib, oğlanın dərman qoxuyan otağına girdi, ona xeyli xoş sözlər dedi. O əvvəl bir neçə heyvanın hərəkətini yamsıladı, sonra da oğlanla birlikdə müxtəlif oyunlar oynadı. 

Oğlanın valideynləri Məğrurla övladlarının şənlənməsinə ləzzətlə tamaşa edirdilər.

Məğrur işini yekunlaşdırdı, kostyumunu dəyişib adi paltarlarını geydi. Oğlanın atası onu qucaqladı, razılaşdıqlarından da artıq pul verib dedi:

– Çox sağ olun, Məğrur müəllim! Sizə sonsuz minnətdaram. Oğlum keçən il xəstəlik tapandan bəri ilk dəfə idi ki gülürdü. Bilirsiniz necə ağıllı uşaqdır?! Onun yolunda canımızı qoymağa hazırıq! 

Məğrur dinmədi, eləcə başını tərpətdi.

Sizin uşaqlarınız dünyanın ən xoşbəxt uşaqlarıdır, – oğlanın atası dedi, – sizin kimi ataları var, yəqin, hər gün onları əyləndirirsiniz.

Söz Məğrura şillə kimi dəydi. Yadına oğlu Uğura yedizdirdiyi milçək düşdü. Yolboyu xəstə oğlanın valideynləri ilə özünün Uğura etdiklərini tutuşdurub utandı. 

Məğrur işlədiyi əyləncə mərkəzinə getdi. İş otağına keçib maskaları, kostyumları mizin üstünə tökdü. O, iki saat gərgin işlədikdən sonra Uğurun itinə çox oxşayan bir it kostyumu hazıladı. Kostyumu geyib güzgü qarşısında dayandı: 

Mən tərzini aldığım heyvanlar kimi vəhşiləşmişəm. Günahlarımı yumalıyam.  

O, arvadına zəng edib məsələni başa saldı. Arvadı son illər ərindən ilk dəfə idi ki, mehriban danışıq eşidirdi.

Məğrur xəlvətçə həyətə girdi, əl damında kostyumunu dəyişib, it kostyumu geydi.

Uğur gözünü kitaba zilləmişdi. Qapıda it zingiltisi eşidib sevindi, hövlnak qapıya boylandı. Möcüzə idi: Topar dirilmiş, həmişəki kimi astanada zingildəyib onu həyətdə oynamağa çağırırdı.

Uğur qapıya tərəf sıçradı. İtinin boynunu qucaqlayıb bağırdı:

Topar, hazır ol, bir azdan atam işdən gələcək, atam qapıdan girən kimi onu parçala! Did, parçala!

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

Вторник, 04 Февраль 2025 09:32

REDAKSİYANIN POÇTUNDAN – “Yarpağın etirafı”

“Ədəbiyyat və incəsənət” portalının REDAKSİYANIN POÇTUNDAN rubrikasında bu dəfə sizlərə Cavidan Hacıyevin “Yarpağın etirafı” şeirini təqdim edirik.


Budaqdan ayrılmış quru yarpağam.
Qalmışam küləyin ümidinə mən.
Sərasər dolaşıb, bu yel bir zaman
Qopduğum yerlərə əsərmi görən?

Uçuram bu yellə hayana gəldi.
Vətən tərəfdən də keçirəm hərdən.
Bəlkə ağac olmaq könül istərdi?
Ancaq ki yelqapan adi xəzələm.

Yolçu, diqqət elə, keçəndə yoldan.
Tapdama qurumuş xəzan yarpağı.
Hər yarpaq arzular ucalıqlardan,
Bəzən qismət olur xəzəl olmağı.

Tapdama yarpağın arzularını.
Hamı bir küləkdə yarpaqtək solur.
Tərk edə bilməyib yel qanadını,
Özgə ağacların xəzəli olur.

Ağaclar yarpağı min bir əməklə 
Böyüdür — bir yelsə tökür, İlahi.
Hayana uçsam da dəli küləklə,
Böyüdən ağaca şükür, İlahi. 

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Dəlisov xəzrilər əlindən

Yaralı yelkənim üzüldü

Qayalar tutmadı əlimdən

Dalğalar qəsdimə düzüldü

                                  Rasim Müzəffərli

 

Ev güllərini heç vaxt sevməmişəm. Uşaq olanda həmişə anamın güllərinin yarpaqlarını və gözə xitab etməyən budaqlarını sındırardım. O vaxt elə düşünürdüm ki, belə edərək onların qurumasına rahatlıqla səbəb ola bilərəm. Amma onlar yenə tumurcuqlayır və çiçək açırdı. Qəribə olan məqam isə bu idi ki, çiçəklər məhz sındırdığım budaqların yerini bəzəyirdi. Daha sonra gülün gizli ləçəklərini qopararaq öz ağlımda, özüm kimi canlı, fəqət dilsiz olan bu varlığa meydan oxuduğumu düşünürdüm.

İllər bir-birini əvəz etdikcə anlayırdım ki, sadə və baxımsız çöl gülləri quruya bilər, fəqət yenə tumurcuqlayacağına heç bir şübhə yoxdur. Hiss edirdim ki, gələn yay iyunda anamın qızılgülləri yenə indiki kimi parlaq qırmızı rəngdə olacaq. Hər il sükutu dərin gecələrdə onun yarpaqları arasından səmanın ulduz tumurcuqları boylanacaq. Lakin biz isə gəncliyimizi geri qaytara bilməyəcəyik. Heç vaxt!

İndi 22 yaşım var. Nəbzim şiddətlə, bərkdən və həyəcanla döyünür. İki il əvvəl bu cümləni yazmış olsaydım, “həyəcan” sözünün yerinə “kədərin içərisində cücərən sevinc” yazardım. Əminəm ki, yaşamış olduğum bu ömür yolunda artıq “Gənclik nədir?” sualının cavabını tapmış olmalıyam.

Gənclik – doğulduğumuz torpaqların sərhədləri ilə məhdudlaşan, “passiv qədər” ilə taclandırılmış, uzaqdan göy qurşağı qədər rəngarəng, yaxından isə bu rənglərin sonundakı azadlıq mübarizəsinə hazırlaşan sıravi bir əsgərin ümidi kimi közərmiş bir məcburiyyətdir. Hansı ki, bəzilərimizə həqiqətən də yaşamaq qədər ağır gəlir. Keçən əsrə nəzər yetirdikdə şükür etdiyimiz tək məsələ gəncliyini sözün əsl mənasında yaşayan insanların sayının bir xeyli artmış olmasıdır. Kədərli olan ən əsas məqam isə budur ki, bu say sadəcə artmışdır, yəni kütləvi bir inqilab hələ də yoxdur.

Hələ də bu ölkənin gəncliyi öz həyatını erkən nikahların qurbanı edir. Neçə-neçə arzu və ümidlər böyük bir məsuliyyətsizliyin və təkəbbürün qurbanı olaraq sadəcə əbədi reallaşmayacaq bir xəyal olmağa davam edir. Zamanla gücsüzlük və cəsarət duyğusu yoxa çıxanda isə insan öz acizliyini özü üçün ən rahat zona olaraq qəbul etməyə başlayır. Biz isə daima inkişaf edən cəmiyyətin manqurtlaşan təbəqəsinin kökünü kəsə bilmirik. Ailə sevgisini və dəstəyini tam hiss edə bilməyən hər bir övlad öz cəhənnəmindən daima qaçış yolları axtarır. Və bu mübarizə onun ən böyük məqsədlərindən birinə çevrilərək həyatının hər anına hakim kəsilir. Nəticədə isə insan öz sonuna doğru qaçmağı bacarır.

Çox uzağa getməyək, keçən il əri tərəfindən amansızcasına qətlə yetirilən, mənim də çox yaxından tanıdığım Ayşəni bu bədbəxt gənclərin siyahısına heç düşünmədən əlavə edə bilərəm.

Həyatın ağrılı məqamları bitib-tükənmir. Mənim az əvvəl bəhs etdiyim, cəsarət etmədən məğlub olan gənclik qrupuna aid idi. Bəs cəsarət etsələr belə, məğlub olanlar haqqında nə söyləyə bilərik?

Bu sualın cavabını gözlərimi bir nöqtəyə zilləyərək düşünürəm. Söyləmək istəyirəm ki, əzm, mübarizə və çırpınışlar fayda etməyəndə və insan özünə yetməyi bacara bilməyəndə, ətrafını mühasirəyə alan mentalitetə də, hələ də ayağa qalx deyən ümidinə də tüpürmək istəyir. Haqlı məğlubiyyətin haqsız qalibiyyətdən daha qüdrətli olduğunu anladıqda isə yazılmayan qanunlara əməl etmədiyimiz üçün bu ağır sistemin məğlubu oluruq. İndi sadəcə uzun müddət yatmaq istəyirik.

Bizə elə gəlir ki, yatacağıq, duracağıq, sonra hər şey düzələcək. Amma düzəlmir. Gənclik artıq xəyallarının deyil, öz şəxsi qazancının arxasınca düşdüyü andan etibarən biz bu şansımızı çoxdan itirmişik. Rüşvətin, istismarın, qondarma qanunların, yerli-yersiz tələblərin əsiri olmuşuq. Sırf qarnımız doysun deyə bizdən üst təbəqənin zəhər yağan simasına dözmək məcburiyyətində qalmışıq. Zaman keçdikcə isə özümüzə olan hörmətimizi də itirərək daha da daşlaşmışıq. Nə günə qalmışıq ki, başqa ölkədə fəhlə olmağı, öz ölkəmizdəki əsaslı peşəmizdən üstün tutmuşuq. O qədər bədbəxtik ki, bir qarın yemək üçün və yaxud o zəhərli üzlü təbəqənin bir üzvü olmaq üçün savaşaraq yaltaq kölələrə çevrilmişik. O qədər kütləşmişik ki, ilk gözümüzü alovlandıran işığı ulduz zənn edərək şeytanın tacının parlaqlığına aldanmışıq. Və o qədər acizik ki, ruhu ölmüş gənclik üçün bütöv bir ildən sadəcə bir günü xüsusiləşdirərək qurulmuş bu illüziyanı parçaladığımızı zənn edirik!

Paslanmayan və ruhu sağlam qalan hər bir gənc üçün sarsılmaz bir iradə arzu edirəm, lakin həmin gün heç kəsi təbrik etmədim. Bir təbriklə nə o şadlıq, nə də xoşbəxtlik bizə əbədi olaraq bəxş edilmir. Çünki gənclik sədd daxilində deyil, səddi daxilində xoşbəxt olmalıdır!

Sonra təsadüfən otağa keçəndə anamın islanmış dəsmalla nəğmə zümzümə edərək gül ağacının yarpaqlarını sildiyinə şahid oldum. O zaman anladım ki, həqiqətən də insan sevildiyi və dəstəkləndiyi yerdə çiçək açar!

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

Sərbəst mövzuda inşamı bu gün şəhid generalımıza həsr edəcəyəm.

Bu həyatda hər bir insan bir cana borcludur və bir gün bu dünyadan köçəcəkdir. Kimi öz əcəli ilə, kimi də nəyinsə və ya nələrinsə uğrunda. Bu gün haqqında danışacağım şəxs vətənini, millətini, torpağını ailəsindən, sevdiklərindən üstün görərək ərazi bütövlüyümüzü, şərəf simvolumuz olan sərhədlərimizi qorumaq üçün canını, qanını bir saniyə belə tərəddüt etmədən fəda edən general-mayor Polad Həşimovdur.

 

O, 2 Yanvar 1975-ci ildə Qurtqaşen (indiki Qəbələ) rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur.  Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri  28 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş və 1982-ci ildən 1986-cı ilə qədər orda oxumuşdur. Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o,  1986-1988-ci illərdə orda təhsilini davam etdirmişdir.  1988-ci ildə isə daha bir təhsil ocağı- M.Müşfiq adına 34 saylı tam orta məktəb inşa edilmiş və Polad Həşimov 1992-ci ildə həmən məktəbin məzunu olmuşdur.

Anası Səmayə Həşimova oğlunu hüquqşünas olaraq görmək istəyirdi. Lakin Polad vətəninin, millətinin başına gətirilənləri gördükdən sonra hərbçi olmaq qərarı verir. Anası bu yolun çətin olduğunu bildiyindən buna icazə verməsə də atası İsrayıl kişi buna çoxdan razılıq vermişdi.1992-ci ilin avqustunda gənc Polad sənədlərini toplayaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutur. 1992-ci il avqustun 1-də  Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Polad Həşimov 1995-ci ildə  oranı “motoatıcı” ixtisası üzrə bitirmişdir. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və 2016-cı ildə akademiyanı dərəcə ilə bitirmişdir.

2003-cü ildə Ofeliya adlı xanımla ailə həyatı quran Polad Həşimovun Davud və Teymur adlı oğulları, Aybəniz adında isə bir qızı vardır. Polad Həşimov birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə Ağdamın Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 702-ci motoatıcı alayının heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında  həyata keçirilən Murovdağ əməliyyatı zamanı  Murovdağ silsiləsində  “Koroğlu”,  “Güzgü”,  “Ömər”   postları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin ildə o,  Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən piyada məktəbinə təlimə göndərilmişdir. 

Birinci Qarabağ müharibəsi bitəndən sonra Polad Həşimov daim cəbhə bölgəsinə yaxın ərazilərdə xidmət etmişdir.  O 1995-2017-ci illər aralığında  Motoatıcı Taqım Komandiri vəzifəsindən  Hərbi Hissə Komandirliyi vəzifəsiə qədər müxtəlif vəzifələrdə çalışmışdır. Polad Həşimov 28 yaşında “mayor” rütbəsi ilə təltif edilmiş və  2003-cü il iyun ayının 24-də Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin 887 nömrəli fərmanına əsasən  “Hərbi xidmətlərə görə”  medalı ilə təltif edilmişdir. 

2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhənin Füzuli-Cəbrayıl və Tərtər istiqamətində ermənilərin ənənələrinə sadiq qalaraq dinc sakinləri hədəf alması nəticəsində döyüş əməliyyatları başlamışdır. Həmin ərəfədə Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi idi. Cəbhənin Tərtər istiqamətində müdafiənin təmin olunması və döyüş əməliyyatlarının idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı əlverişli mövqelər, strateji nöqtələr o cümlədən Talış kəndi istiqamətində olan yüksəkliklər ordumuz tərəfindən azad edilmişdir. Aprel döyüşləri zamanı göstərdiyi xidmətlərə və əməliyyatın idarə edilməsinə görə Polad Həşimova mənzil  hədiyyə edilmişdir. Lakin Polad Həşimov kirayədə qalmağa davam edərək ona hədiyyə edilən mənzili bir şəhid ailəsinə bağışlamışdır.

2020-ci il iyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan Dövlət sərhəd xidmətinin Tovuz rayonu sahəsində  Dövlət Sərhəd Xidmətinin mövqelərini  artilleriya atəşinə tutur. Azərbaycan Silahlı Qüvvələrinin gördüyü cavab tədbirləri nəticəsində düşmənin hücumunun qarşısı alındı və düşmən geri oturduldu.  Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun 3 şəhidi və 4 yaralısı var idi. İyulun 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edir.  Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov və onun tabeliyində olan əsgərlərinin də qatıldığı döyüş əməliyyatlarında artilleriya və minaatanların geniş tətbiqi ilə gedən gecə döyüşləri nəticəsində Ermənistan ordusunun dayaq məntəqələri, döyüş mövqeləri və xeyli canlı qüvvəsi sərrast atəşlə məhv edilmişdi. Cəza tədbirləri iyulun 13-ü  gecə saatlarına qədər davam etmişdi. Cəza tədbirləri nəticəsində ermənilərin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyyət, tabor qərargahı və digər hərbi mövqelər dəqiq atəşlə məhv edilmişdir. 

İyulun 14-ü səhər saatlarında davam edən əməliyyatlar zamanı Azərbaycan ordusu 6-sı zabit olmaqla 7 şəhid vermişdi. Həmin gün müdafiə nazirinin müavini Kərim Vəliyev Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olduğunu özü açıqlamışdır. 

Bu millət, bu dövlət öz qəhrəmanlarını, uğruna canını,  qanını tərəddütsüz fəda edənləri unutmur və qiyamət gününə qədərdə unutmayacaqdır.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!

 

“Ədəbiyyat və İncəsənət” 

(04.02.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 “Kökləri cəhənnəmin qaranlıqlarına çatmayan heç bir ağac cənnətin işığına yüksələ bilməz.” Bu dərin hikmət, insan ruhunun inkişaf yolunu, mənəvi yüksəlişin mahiyyətini açıq şəkildə izah edir. Bəşər tarixində sufilər və hürufilər həmişə bu həqiqəti dərk edərək, qaranlığı və iztirabı Tanrıya aparan yolun ayrılmaz hissəsi kimi qəbul ediblər. Onların fikrincə, işığa çatmaq üçün insan qaranlığın sirlərini qavramalı, öz içindəki təlatümlərlə üzləşməlidir.

 

Qaranlıq: Sınaq və idrak məqamı

 Sufilər üçün qaranlıq yalnız bir əzab deyil, ruhun sınaqdan keçdiyi, Tanrıya daha yaxınlaşdığı məqamdır. Hallac Mənsur deyirdi:

“Sən yox olmadıqca, Haqq sənə görünməz.”

Burada “yox olmaq” insanın nəfsini aşmasını, öz eqosundan və dünyəvi bağlılıqlardan azad olmasını ifadə edir. Qaranlıq bu yoxluq məqamına çatmaq üçün zəruri bir mərhələdir. Çünki ruh əzab çəkdikcə, dünyəvi arzularından sıyrıldıqca, həqiqi işığa doğru yüksəlir.

 Əynəli Qəzvini isə deyirdi:

“Gecə olmadıqca dan yeri sökülməz. Nəfsinin qaranlığı ilə üzləş ki, haqqın şəfəqini görə biləsən.”

O, bu sözləri ilə insanın öz daxili sirlərini və zəifliklərini dərk etməsinin, onu həqiqi mənada azad edən bir proses olduğunu vurğulayırdı.

 

İşıq: Tanrının hüzuru və ruhun nurla dolması

 Sufi və hürufi düşüncəsində işıq yalnız fiziki bir varlıq deyil, həqiqətin özüdür. İşıq Tanrının zatının bir parçasıdır. Bu işığa çatmaq üçün insan ruhu əvvəlcə iztirab çəkməli, öz qaranlığını aşmalıdır. Fəzlullah Nəimi yazırdı:

“Nur istəyirsənsə, öncə qəlbindəki pərdəni yırt. Haqqın nuru ancaq aynalar təmiz olduqda görünər.”

Burada ayna insanın qəlbidir. Əgər qəlb ehtiraslarla, nəfsin istəkləri ilə bulanıbsa, Tanrı işığı orada əks olunmaz. İnsan öz daxili qaranlığından keçərək saflaşmalı və aydınlanmalıdır.

 Nəsimi də eyni həqiqəti ifadə edərək deyirdi:

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam.”

Burada Nəsimi insanın həqiqi mahiyyətinin nə qədər dərin olduğunu vurğulayır. İnsan yalnız qaranlıq sınaqlardan keçdikdə, içindəki ilahi nuru dərk etdikdə, kainatı öz içində daşıya bilər.

 

  Qaranlıq və işıq – bir-birini tamamlayan həqiqətlər

 Sufilər üçün qaranlıq və işıq bir-birinin əksidir, lakin biri olmadan digəri var ola bilməz. Əgər ağacın kökləri torpağın dərinliklərinə, bəzən cəhənnəmin qaranlıqlarına qədər uzanmazsa, o, göyə doğru ucalıb günəşin işığını qavraya bilməz. İnsan da elədir – nə qədər çox iztirab çəkib sınaqlardan keçsə, bir o qədər kamilliyə çatacaq.

 Bu səbəbdən, sufizmin və hürufiliyin mesajı aydındır: Qaranlıqdan qorxma, çünki o, səni işığa aparan yeganə yoldur.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev Köln şəhər bələdiyyəsində Xristian-Demokrat İttifaqı (CDU) fraksiyasının sədri, Xristian-Demokrat İttifaqının İqtisadi Şurasının üzvü Bernd Petelkau və Köln şəhər bələdiyyəsinin Şəhər İnkişafı, İqtisadiyyat, Rəqəmsallaşma və Regional Məsələlər üzrə Departamentinin rəhbəri Andree Haack ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nuran Abdullayev görüşdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını çatdırıb. Köln və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar və onların müxtəlif peşə sahələrində təmsilçiliyi barədə məlumat verib. Azərbaycanlı Həkimlər Forumundan, bu forumun iki ölkə arasında səhiyyə və tibb sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrdən danışıb.

Görüşdə Köln şəhərində Azərbaycan günlərinin və mədəniyyət axşamlarının keçirilməsi təklifi irəli sürülüb. Köln şəhər bələdiyyəsindən bir qrup nümayəndə heyəti Bakıya dəvət olunub. Söhbət zamanı gənclərin müəyyən peşələrə yiyələnməsi, həmçinin müxtəlif sahələr üzrə mütəxəssislərin Köln şəhərində işləyə bilməsi imkanları müzakirə olunub.

Bundan əlavə, görüş zamanı Almaniya Azərbaycanlıları Alyansının fəaliyyəti, gələcək əməkdaşlıq imkanları və birgə fəaliyyət planları barədə fikir mübadiləsi aparılıb.

Sonda Nuran Abdullayevə Köln şəhərinin ən tanınmış simvollarından biri olan “Karneval” medalı təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü “Ümumdünya Xərçənglə Mübarizə Günü” kimi qeyd edilir. Bu günün təsis səbəbi diqqəti bu qlobal problemə yönəldərək xəstəliyin təhlükəsini və müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır. 

 

Xərçəng anormal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatəsini genişləndirməsi və yaxud orqanizmdə özünü büruzə verən bir çox xəstəliyin ümumi əlamətidir. Həmin proses və yaxud termin metastaz adlanır ki, xəstəlikdən ölüm halının başlıca səbəbidir. Erkən müdaxilə edilərsə, xəstəliyin üçdə bir hissəsini və yaxud 40 faizə qədərinin qarşısını almaq mümkündür. Məsləhət görülür ki, konserogen maddələrdən bacardıqca uzaq olmaq lazımdır. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onkoloji xəstələrin, təxminən, 70 faizi şüa terapiya qəbul edir. Əsasən, ölüm halları ağciyər, qaraciyər, mədə, yoğun bağırsaq və süd vəzi xərçəngindən baş verir. Bunların üçdə biri isə yüksək çəki, meyvə tərəvəzdən az qidalanma, fiziki fəallığın olmaması, tütün və alkoqol istifadəsi nəticəsində baş verir.

2009-cu ildə Milli Onkoloji Mərkəz, 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərin molekulyar diaqnostikası laboratoriyaları, 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb mərkəzlərinin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində uğurlu irəliləyişlər baş verib.

Naxçıvan Muxtar Respublikasında da xərçəng xəstəliyi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Həkimlər mediada, sosial şəbəkələrdə  xərçəng xəstəliyi haqqında çıxışlar edərək  əhali arasında vaxtaşırı profilaktik tədbirlər aparıblar. Bəs muxtar respublikada vəziyyət necədir? İllər üzrə artım, ya azalma var bu xəstəliyə qarşı mübarizədə?

NUHÇIXAN-a müsahibəsində Naxçıvan Onkoloji Mərkəzinin baş həkimi vəzifələrini icra edən onkoloq həkim Minarə Zeynalova bildirir ki, sənayesi inkişaf etmiş ölkələrdə bu xəstəliyə daha çox rast gəlinir. Bu səbəbdən sənaye sahəsinda çalışanlar mütəmadi müayinələrdən keçməlidir. Bəzi xərçəng növləri vaxtında aşkarlanarsa, xəstəlikdən sağalma 95-100 faiz nəticə verər. Məsələn, süd vəzi xərçənginə nə qədər çox rast gəlinsə də, son illərdə bu xəstəlikdən ölüm faizində xeyli azalma müşahidə olunur.

2023-cü ildə 1088 nəfər xərçəng diaqnozu ilə qeydiyyata alınıbsa, 2024-cü ildə 1581 nəfər bədxassəli şiş diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Qeydiyyatda olanlardan süd vəzi (492) və ağciyər xərçəngi (116) diaqnozu olan xəstələrin sayı ilk iki sıradadır. Növbəti yerləri isə mədə-bağırsaq xərçəngi (114) diaqnozlu xəstələr tutur.

Artıq bir çox onkoloji xəstəliklərin həm müayinəsi, həm də müalicəsi Naxçıvan Onkoloji Mərkəzində aparılır. Mərkəz xəstəliklərin erkən müayinəsi üçün zəruri olan avadanlıqlarla təchiz edilib. Mammoqrafiya, rentgen, USM  laborator analizlərin aparılması, süd vəzi və xərçəngönü xəstəliklərin aşkarlanmasında diaqnostik əhəmiyyətə malikdir. 

Obliqat qrupların vaxtında aşkarlanması və müalicəsinin aparılması, sağlam həyat tərzinin  vacibliyi, zərərli vərdişlərdən uzaqlaşmaq, düzgün qidalanma barədə maarifləndirici məlumatları paylaşmaq xəstəliyin profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Lakin təyin olunan vaxtlarda  mammoqrafiya, USM, kolonoskopiya, PSA, Pap-smear testleri, endoskopik müayinələrdən keçməklə də tibbi profilaktikanı həyata keçirmək lazımdır.

Mərkəzdə poliklinika, stasionar, radiologiya, şüa diaqnostika, laboratoriya və cərrahi şöbələr fəaliyyət göstərir. Burada xəstələrə radioterapiya və kimyaterapiya xidməti göstərilir. Bu yaxınlarda kimyaterapiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə yeni avadanlıqlar mərkəzin istifadəsinə verilib, bəzi avadanlıqların isə satınalma prosesinə start verilib.

Xərçəng xəstələri Milli Onkoloji Mərkəz tərəfindən əvəzsiz dərmanlarla, pulsuz ağrıkəsicilərlə  təmin olunur. Bu da muxtar respublikada bütün sahələrdə şəffaf xidmətin əvəzsiz təminatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

Şəkildə: Naxçıvan Onkoloji Mərkəzinin baş həkimi vəzifələrini icra edən onkoloq həkim Minarə Zeynalova

Вторник, 04 Февраль 2025 08:32

Qaxda region yazarları şəhid ailələri ilə görüşüblər

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi 

 

 

3 fevral tarixdə Qax rayon Heydər Əliyev Mərkəzində Şəki-Zaqatala regionunun şair və yazarları ilə Şəhid ailəlirinin görüşü keçirilib.

 

Görüş çərçivəsində şairə Rəna Səmədovanın “Sənə vurğunam, Vətən” adlı kitabının təqdimatı baş tutub. Yaradıcılığının mayasında vətənpərvərlik ruhu duran Rəna Həsənin təbiət və saf sevgi haqqında yazılan şeirlərinin də olduğu xüsusi ilə vurğulanıb.

Rəna xanımın bu kitabı Şəki-Zaqatala regionundan Azərbaycanın azadlığı uğrunda Şəhid olan qəhrəman vətən oğullarının əziz xatirəsinə həsr olunub.

Tədbirdə Rəna xanımın qələm yoldaşlarının çıxışlarını, şəhid ailələrinin ürək sözlərinı, Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladıqları kompozisiyanı auditoriya maraqla qarşılayıb.

Sonda “Sənə vurğunam, Vətən” kitabı Şəhid ailələrinə təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.