Super User

Super User

Понедельник, 03 Февраль 2025 15:43

MƏŞHUR TÜRKLƏR: Oğuz Xaqan. Türk ellərinin ulu atası

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Oğuz Xaqan (Oğuz Kağan) – türklərin əfsanəvi ulu əcdadı və böyük hökmdarı hesab olunur. “Oğuz Xaqan2 dastanı qədim türk mifologiyasının ən mühüm əsərlərindən biridir və əsasən Orta Asiya, Qərbi Türküstan və Azərbaycan türklərinin mədəniyyətində mühüm yer tutur.

 

Əfsanəyə görə, Oğuz Xaqan qeyri-adi bir şəkildə dünyaya gəlmişdi. O, doğulanda dərhal danışmağa başlamış, qısa müddət ərzində böyümüş və qeyri-adi gücə sahib olmuşdu. Uşaqlıqdan böyük igidliklər göstərmiş və xalqını düşmənlərdən qorumuşdu.

Xaqan güclü bir ordu toplayaraq böyük yürüşlər etmiş və geniş əraziləri fəth etmişdi. Əfsanələrdə onun Çin, İran, Hindistan və Bizansa qədər yürüşlər etdiyindən bəhs olunur. Oğuz Xaqan türk xalqlarının birliyini təmin edərək böyük bir imperiya qurmuşdu.

 Əfsanəyə görə, Oğuz Xaqan dünyasını dəyişməzdən əvvəl oğullarına vəsiyyət vermiş və türk xalqının gələcəkdə necə yaşaması, hansı dəyərlərə sadiq qalması lazım olduğunu izah etmişdi. Oğuz Xaqanın altı oğlu olmuş və onlar vasitəsilə 24 Oğuz boyunun əsası qoyulmuşdur.

Oğuz Xaqan türklərin milli kimliyinin və dövlətçilik ənənəsinin simvolu kimi qəbul edilir. Onun adı Orta Asiya, Anadolu və Azərbaycan türklərinin tarixi salnamələrində, dastanlarında və nəsillər boyunca qorunub saxlanmışdır.

Dastanı, həm tarixi hadisələri, həm də mifoloji elementləri birləşdirən epik əsərdir və türklərin dövlətçilik düşüncəsinin, hərbi strategiyasının və mədəni irsinin əsas sütunlarından biridir.

Qədim Oğuzcaya dair yazılı abidələr çox məhdud olsa da, Orxon-Yenisey yazıları, Köktürk və Uyğur mətnləri, eləcə də “Oğuznamə” və “Dədə Qorqud Kitabı” kimi mənbələrdə bəzi ifadələr qorunub saxlanmışdır. Sizə qədim türkcədən Oğuz Xaqanla bağlı bəzi cümlələr təqdim edirəm:

1.     “Oquz beg erdi, yirni kök törütmiş.”

(Oğuz böyük bəy idi, yeri Göy yaratmışdı.)

2.     “Oquz qagan bodunın yığdı, il törü tutdı.”

(Oğuz Xaqan xalqını topladı, dövlət qaydasını qurdu.)

3.     “Oquz, kök qut bolmış er, uçaq kün tütmiş er.”

(Oğuz, Göy Tanrının bəxş etdiyi qut idi, günəş kimi yüksəlmişdi.)

4.     “Kök Tenqri yarlıqasa, bəglər irti.”

(Göy Tanrı bəxş edərsə, bəylər ucalar.)

 

                           Oğuz Xaqan və Tanrıların hədiyyəsi

 Oğuz Xaqan hələ gənc ikən səhrada təkbaşına ov edirdi. O, böyük bir maralı izləyərək dərin meşəyə daxil oldu. Günəş batmağa yaxın idi və meşə qaranlığa qərq olmuşdu. Birdən göydə parlaq bir işıq göründü. Bu işıq adi bir işıq deyildi – o, sanki bütün dünyanı aydınladırdı. Oğuz Xaqan başını qaldırıb baxanda göy üzündə parlayan bir nurun içindən nazik, gümüş saçlı, ay üzlü bir qızın endiyini gördü.

 Qızın gözləri ulduzlar kimi parlayırdı, səsi isə şirin bir musiqi kimi idi. Oğuz Xaqan heyranlıqla ona yaxınlaşdı və soruşdu:

– Sən kimsən? Niyə bu dünyaya gəldin?

Qız gülümsəyərək cavab verdi:

– Mən Göy Tanrının sənə göndərdiyi hədiyyəyəm. Sən yer üzündəki xalqları birləşdirəcək, böyük bir xaqan olacaqsan. Sənin nəsilindən igid hökmdarlar törəyəcək. Mən sənin yoldaşın olmağa gəlmişəm.

 Oğuz Xaqan bu qızı gördüyü an qəlbi sevgi ilə doldu. Onu Göy Tanrının bir lütfü kimi qəbul edərək evləndi. Bu evlilikdən üç oğlu dünyaya gəldi: Gün, Ay və Ulduz. Daha sonra Oğuz Xaqan Yer Tanrısının hədiyyəsi olan başqa bir qızla da evləndi və ondan da üç oğlu – Dağ, Dəniz və Gök doğuldu.

Oğuz Xaqan oğullarına belə nəsihət etdi:

– Siz birlikdə olmalısınız. Günəş, Ay və Ulduz gecəni aydınlatdığı kimi, siz də xalqa yol göstərəcəksiniz. Dağ, Dəniz və Göy isə yer üzünü qoruyacaq. Siz birlikdə türk ellərini idarə edəcək və adınızı əbədi edəcəksiniz!

 Bu altı oğul sonradan Oğuz boylarını yaratdı və türklərin şanlı tarixi beləcə davam etdi.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Səhəndi

Urmiya

 

 

İÇİMDƏ İNTİHAR EDƏN CANAVAR

 

Çevrəmi buz tutmuş qar çiçəyiydim,

Günəşə boylandım qarlar içində.

Mən hələ özümlə heç-heçə idim,

Kor kimi gülürdüm karlar içində.

 

İçimdə bir sümük ağzına alıb,

İçimi tökürdü canavar biri.

Cəmdəyi deyəsən dişinə çalıb,

Leşimi sökürdü canavar biri.

 

Özüm, öz içimdən yıxılmaqdaydı,

Qanımı tökdülər fışqıranmadı.

Xırxıram əlində sıxılmaqdaydı,

Nə qədər can atdım qışqıranmadı.

 

Sonra yorğun idim, dizə çökürdüm,

Yanımdan bir tanış kölgə ötüşdü.

Və səsimə geri döndü, öskürdüm,

Gözüm ovcundakı gülləyə düşdü.

 

İçimdə gözləri sürünür hələ,

Baxışlar altında ayaqlanırdım.

Sınırdı arada körpülər belə,

Bir tanış ürəkdən uzaqlanırdım.

 

Gözləri hələ də baxırdı mənə,

Canavar donunu biçib boyuna.

Canavar içimdə intihar etdi,

Sonuncu köynəyim yırtıldı, ana!..

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

 

Понедельник, 03 Февраль 2025 14:04

PA – UORREN BAFFET: “Özünə investisiya qoy”

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

                  

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

1-ci qayda:

 

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

 

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

 

Понедельник, 03 Февраль 2025 13:29

“Sən mənim ən böyük zəifliyim oldun” - ESSE

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Həmişə elə bilirdim ki, insan yalnız öz içindədir. Öz ruhunda, öz düşüncələrində, öz bədənində. Heç kim heç kimin içini görə bilməz. Heç kim heç kimin ruhuna toxuna bilməz. Çünki insan yalnızdır. İnsan təkdir. Və insan yalnız o qədər azaddır ki, azadlığı da bir növ məhkumluğa çevrilir.

 

Mən də tək idim. Mən də azad idim. Heç kimə bağlanmadan, heç kimə məhkum olmadan, heç kimin nəfəsində boğulmadan. Mənim üçün sevgi – başqalarının qurduğu bir sistem idi. O sistemi uşaqlıqdan öyrədirlər – sev, sevil, ailə qur, qaydalara tabe ol, öz azadlığını bir başqasının varlığına dəyiş.

Mənə görə isə bu, absurd idi. Mən hər zaman sistemlərə qarşı olmuşam. Mən çərçivələri qıran, qaydaları tapdalayan, öz yolunu özü seçən biri olmuşam. Sevgi? O, məni heç vaxt maraqlandırmayıb. Mən sadəcə insanların necə bu qədər kor-koranə bağlandığını, necə bu qədər asılı hala düşdüyünü başa düşə bilmirdim.

Hə, mən hər şeyə gülürdüm – həyata, insanlara, ölümə, xaosa, hətta özümə də. Çünki bu dünya mənim üçün bir tamaşa idi. Hər kəsin bir rolu vardı – kimisi sevən, kimisi sevilən, kimisi tərk edilən, kimisi unudulan. Mən isə kənardan dayanıb baxırdım, gülürdüm, izləyirdim, amma heç vaxt səhnəyə çıxmırdım. Heç vaxt o oyunun bir parçası olmaq istəmirdim. Çünki mənim üçün sevgi sadəcə bir oyun idi. Qanunları olan, qaydaları olan, sadəcə udmaq və ya uduzmaq üçün oynanılan bir oyun. Mən isə heç vaxt uduzmurdum. Mən heç vaxt zəif olmurdum.

Ta ki, sən gələnə qədər.

Ta ki, mən, o oyunda uduzana qədər.

Sən gəldin və mənim yaratdığım divarları sındırdın. Sən gəldin və heç bir silah işlətmədən, heç bir güc göstərmədən, heç bir zor tətbiq etmədən, sadəcə varlığınla məni məğlub etdin. Sənin yanındaykən artıq mən özümə sahib deyildim. Sənin yanındaykən, sanki kimsə məni öz bədənimdən çıxarıb başqa bir dünyanın içinə salmışdı. Hər zaman azad olmaq istəyən birisi üçün bu, ən böyük məhkumluq idi. Mən, sərhədləri tanımayan biri, indi bir nəfəsin sərhədləri içində itib-batmışdım. Mən, heç kimə bağlanmayan biri, indi sənin gedişinlə parçalanırdım.

Bu, məni qorxudurdu. Çünki mən bu hissi qəbul edə bilməzdim. Mən heç vaxt boyun əymədim, heç vaxt uduzmadım, heç vaxt zəif olmadım. Amma sən… sən mənim ən böyük zəifliyim oldun. Və mən bunu çox gec anladım.

Əvvəllər mənim üçün insanlar sadəcə rollar oynayan aktyorlar idi. Amma sən... sən səhnənin kənarında dayanmışdın. Sən bu oyuna mənim kimi gülmürdün, bu dünyaya mənim kimi baxmırdın. Sən həqiqi idin. Sən tamaşanın bir hissəsi deyildin. Sən, sadəcə, var idin. Və mən özümü səhnədən kənara çıxan bir obraz kimi hiss etdim.

Mən həmişə sərhədsizliyə inanmışam. İnsan yalnız öz ruhuna sahibdir, öz bədəninə, öz düşüncələrinə. Amma sənin toxunuşunda mən özümə aid olan hər şeyi itirdim. Sənin baxışlarında mən artıq azad deyildim. Sənin varlığında mən artıq özümə sahib deyildim. Mənim içimdə yanğınlar qopurdu. Amma bu yanğınlar məni yandırmırdı. Sənə toxunduqca, sənə yaxın olduqca, sanki özümü daha çox itirirdim.

Bəs indi?

İndi isə sən getdin. Məni azad etdin. Mənə qaytardın əvvəlki həyatı. Həmin o sərhədsizliyimi, həmin o qaydasızlığımı, həmin o sistemsizliyimi... Mən indi yenə azadam. Amma bu azadlıq mənə artıq dar gəlir.

Çünki azadlıq heç vaxt həqiqi olmur. Çünki insan yalnız azadlığına yox, eşqə də məhkumdur.

Mən gülürəm. Çünki başqa cür cavab verə bilmirəm. Mən güləndə insanlar düşünür ki, mən güclüyəm. Amma sən bilirsən… bilirsən ki, o gülüşlərin arxasında sən varsan. Sənin yoxluğuna ağlayan, amma hələ də gülən bir mən var...

Sən mənim ən böyük zəifliyim oldun.

Və mən indi başa düşürəm ki, bəzən, ən gözəl zəncirlər bizim heç vaxt qırmaq istəmədiklərimizdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda ən çox sevilən filmlərdən biri olan “Şərikli çörək”də bu məşhur kəlmələr hamıya tanışdır: “Baden-Badenin mavi gecələr. Fransız xalqı kef eləyir”. Sovet rejiminin qatı senzurası şəraitində Azərbaycan kinematoqrafiyası bu yolla Avropadakı həyat şəraitinin daha üstün olmasını diqqətə çatdırırdı.

 

Bu gün də Avropada həyat şəraiti postsovet ölkələrindəkindən daha üstündür. Avropada minimal əməkhaqqı əksər Avropa Birliyinə (AB) üzv ölkələr və namizəd ölkələrdə inflyasiyadan daha sürətli artır, bu da bütün regionda real gəlirlərin artmasına səbəb olub. Euronews Business bazar günü bu dəyişiklikləri analiz etdi, biz də bu məlumatları sizlərə əlçatımlı edirik.

Avropanın fərqli-fərqli ölkələrində minimum əməkhaqqı çalışanların həyat səviyyəsinin əhəmiyyətli dərəcədə fərqləndiyinə sübutdur. 2025-ci ilin yanvarı ilə bağlı olaraq, 22 araşdırılan AB ölkəsindən 10-da aylıq minimum əməkhaqqı 1000 avro səviyyəsindən aşağıdır.

Bu fərq alqı-satqı gücü paritetinə (PPP) görə hesablandıqda azalır, amma əhəmiyyətli fərqlər qalır. Məsələn, Almaniyada minimum əməkhaqqı Bolqarıstandan iki dəfə çoxdur.

Bəs Avropada minimum əməkhaqqı göstəricisi ilə insanlar nə qədər qazanır? Hansı ölkələrdə ən yüksək və ən aşağı minimum əməkhaqqı mövcuddur? Nominal əməkhaqqı ilə PPP-yə görə əməkhaqqı müqayisə edildikdə necə dəyişir?

Avropa Statistika Bürosunun məlumatlarına görə, 2025-ci ilin yanvarına qədər AB-də minimum aylıq əməkhaqqı Bolqarıstanda 551 avrodan, Lüksemburqda isə 2638 avroya qədər dəyişir. AB-yə namizəd ölkələri də nəzərə alsaq, onda ən aşağı minimum əməkhaqqı cəmi 285 avro təşkil edən Moldovadadır.

AB-nin 27 üzv dövlətindən 22-də minimum əməkhaqqı mövcuddur, amma Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveçdə minimum əməkhaqqı yoxdur. Buna görə də bu müqayisədə əsasən 22 ölkə və məlumatları olan namizəd ölkələrə diqqət yetirilir.

Avrostat ümumiyyətlə minimum maaşları üç kateqoriyada incələyir:

Qrup 1: Aylıq 1500 avrodan yuxarı

Bu qrupa daxildir: Lüksemburq (2638 avro), İrlandiya (2282 avro), Niderland (2193 avro), Almaniya (2161 avro), Belçika (2070 avro) və Fransa (1802 avro).

Bu qrupda aylıq 1500 avrodan yüksək minimum maaşlar olan ölkələr daxildir, amma yalnız Fransa 2000 avroya çatmır. Digər bütün ölkələr bu həddi keçib ki, bu da fərqin artdığını göstərir. Ən yaxın izləyicisi olan İspaniya isə 1323 avro ilə gəlir, amma onun yenilənmiş göstəricisi hələ açıqlanmayıb.

Qrup 2: 1000-1500 avro arası

İspaniya (1323 avro), Slovenya (1254 avro), Polşa (1091 avro), Litva (1038 avro), Portuqaliya (1015 avro) və Kipr (1000 avro) "orta" qrupdadır. 2024-cü ilin iyulunda burada yalnız iki ölkə var idi, amma minimum əməkhaqqının yaxın zamanda artırılması ilə bu qrup xeyli genişlənib.

Qrup 3: 1000 avrodan aşağı

Bu ən böyük qrupdur və burada AB-nin 10 üzv ölkəsi və bütün namizəd ölkələr daxildir. Bu qrupda Xorvatiya (970 avro), Yunanıstan (968 avro), Malta (961 avro), Estoniya (886 avro), Çexiya (826 avro), Slovakiya (816 avro) və Rumıniya (814 avro) nisbətən yaxşı vəziyyətdədir, onların minimum əməkhaqqı 800 avrodan yuxarıdır.

AB-yə namizəd ölkələr arasında isə ən yüksək minimum əməkhaqqına malik olan Türkiyədir – 708 avro ilə, Türkiyə hətta iki AB üzv ölkəsini – Macarıstanı (707 avro) və Bolqarıstanı (551 avro) belə geridə qoyur.

Xatırladaq ki, Azərbaycanda minimum əməkhaqqı 1 yanvar 2025-ci il tarixindən yüksəldilibdir və hazırda 400 manat təşkil edir. Bu, təqribən 225 avrodur.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

 

 

 

 

 

 

 

Понедельник, 03 Февраль 2025 15:06

Sürəyya Bəylərbəyovadan Esmira Fuada qədər

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənətə

 

Qadın yazarlar - onlar həqiqətən də bədii ədəbiyyata, publisistikaya rəng qatırlar, ortaya kişilərdən fərqli - daha duyğusal, daha emosional yazılar qoyurlar. Bu gün onlardan ikisi barədə söz açmaq istəyirəm. Çünki hər ikisinin doğum günüdür. 

 

SÜRƏYYA BƏYLƏRBƏYOVA

Tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sürəyyə Bəylərbəyova 1897-ci il fevralın 3-də müəllim ailəsində anadan olub. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılıb. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirib, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edib. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olub, burada ictimai əsasla işləyib, həm də stenoqrafçı kursunda oxuyub. 

1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edib. İlk tərcümələri A.Bartonun əsərləri olub. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayıb.

Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə edib, beləliklə, bədii tərcümə ustalarına kömək edib. M.S.Ordubadinin "Dumanlı Təbriz" romanını, A.Şaiqin, Mir Cəlalın hekayələrini, C.Cabbarlının "1905-ci ildə", "Od gəlini" pyeslərini, M.İbrahimovun "Həyat" pyesini, "Azərbaycan nağılları"nı, S.Vurğunun "Vaqif", "Fərhad və Şirin" mənzum dramlarını rus dilinə tərcümə edib. 

1934-cü ildən vəfat edənə qədər Azərbaycan Yazıçılar İttifaqında çalışıb. 1941–45-ci illərdə illər İkinci Dünya müharibəsində "Fədakar əməyə görə" medalı ilə təltif edilib. 

Tərcümə kitabları:

1. A.Barto. "Qardaşlar"

2. S.Fedarçenko "Sonunu kim tapa bilər?"

3. A.Barto "1 may"

4. A. və R.Barto "Ağlağan qız"

Sürəyya xanım 1977-ci ildə martın 14-də vəfat edib. Allah rəhmət eləsin, Amin!

 

ESMİRA FUAD

Filologiya elmləri doktoru Esmira Fuad 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub.

Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyib.

Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda  elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. 

O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuadön 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu"na, Almaniyanın Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun isə "Xocalı soyqırımı"na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub.

2008-ci ildə Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultaylarına nümayəndə seçilib. Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilib. 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə ilin alimi seçilib.

Elmi əsərləri:

1. Şəhriyar poeziyasında xalq həyatı

2. Məhəmmədhüseyn Şəhriyar (Ədəbi mühiti, həyatı və yaradıcılığı)

3. Əgər bir ömrüm də olsaydı

4. Ağ üzlü Qara Moşu

5. Azərbaycan xalça sənətinin Kamili

6. Dünyaya naxış insanlar

7. Söz sərrafı Şəhriyar

8. Sözə sevdalılar

9. Quba və qubalılar (həmmüəllif)

10. Zakir Bağırov-90. O, həyata yalnız xeyirxah işlər görmək üçün gəlmişdi.

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Esmira xanıma Allah xeyirli ömür nəsib etsin. Amin!

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Понедельник, 03 Февраль 2025 12:13

MİLLİ QƏHRƏMANLARIMIZ - Şahin Tağıyev

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın Milli Qəhrəmanı,  Birinci Qarabağ müharibəsi iştirakçısı Şahin Tağıyevın bu gün doğum günüdür. Quru Qoşunları mənsubu, Polkovnik-leytenant Şahin Tağıyevin 76 yaşı tamam olur.

 

O, 3 fevral 1949-cu il Tərtər rayonunda doğulub. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Udmurt vilayətinə göndərilib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 

 

Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində Ordudan təxris olunub. 

2001-ci ildən İsveçdə mühacirətdə yaşayır. Ailəlidir, bir oğlu, bir qızı, nəvələri var.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Понедельник, 03 Февраль 2025 11:30

BİRİ İKİSİNDƏ – Qəndab Əliyevanın şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Qəndab Əliyevanın şeirləri təqdim edilir,

 

 

***

Pəncərənin o üzündə

günəş.

Barmaqlarımın kölgəsi

uzanar divarlarda.

Tanış xətlər,

əyri cizgilər.

Yarımçıq adam.

Ağzı əyilmiş gülməkdən.

Günün

Gün ortası

Qırıq güzgü.

Bir uşaq, bir ana,

əlində dondurma.

Çarpaz kəsim donun

üst cibində

iki-üç çəyirdək.

Qırıq səslərin

yerüstü dalğada axması

günortanın ensiz dərinliyinə.

İki masa,

təqvim,

İyirminin qırmızı haləsi.

Yeraltından çıxan

marşrutların

sonuncu dayanacaq nöqtəsi.

 

***

Adam balası kimi

darıxmaq necə olur?

Qucaqlayıb yastığı

Ağlamırsan

hönkür-hönkür.

Əllərinin arxası ilə

silib göz yaşını

örtmürsən pəncərəni.

İki ev o tərəfdə

ağlayan körpənin

səs-küyünə

üşüyürsən.

Yığılmırsan

asta-asta içinə.

Adam balası kimi

darıxmaq necə olur?

Üç-beş sısqa ümiddən

gizildəmir qulaqların.

Üzü qışdan bəri

əzizlədiyin

tənha günlərinin

dizlərinə

başını qoyub

irəli-geri

saymırsan.

Adam balası kimi

darıxmaq necə olur?

 

***

Damaqdakı tamın

qoxusuna çökmək.

Yaşıl ot olmaq

başlanmayan sevdaların

qəhredici süqutundan.

 

Toxuna bilmək

buludların

çəhrayı köynəyinə.

Bir hava çalmaq –

olsun

“Uzundərə”

 

Heç vaxt olmayan

Evlərin

Pəncərələrindən

Atılmaq ölümə.

 

***

Sükutun dibində

İtən küçənin,

boydan-boya,

səsdən-səsə

keçən küçənin

üç-beş kəlmədən

qalan nə varsa,

əridi ruhunda,

söndü ruhunda.

Bir cüt mavi işıq

çəkildi bətnə.

Su tək cilvələnən

qırıq güzgüdə

 yad işıqlar doldu

yad könüllərə.

Qonşular

bağladı qapılarını.

Bir daha, bir daha

keçmərəm ordan,

Bax bu yer haqqı,

Bu Allah haqqı...

 

***

Bir gün mütləq

gizlində qalmış arzuların

cibə sığışmayan əlləri

açılacaq zəncirdən.

Bir gün mütləq

qapı kandarları

xoşbəxt olmaq boyda

başqa dərdləri olmayan

adamların ayaq izlərini

daşıyacaq.

Bir gün mütləq

günəş gözlü uşaqlar doğulacaq.

Bir gün mütləq

yetməyəcək ovuc içi boyda

xoşbəxtlik

dahası varkən.

 

***

Qaranlığın o üzündə

Yandı işıqlar,

Sarı işıqlar.

Diksindi təklik.

Zol-zol

Yayıldı tənəklərə.

Eyvanın məhəccərini,

Güldandakı gülü

Böldü ikiyə.

Qadının

Şalında oynadı.

İtlər hürdü,

Ulduzlar parladı.

Qəriblik axdı

Eyvandan.

Qadın

Şalına daha bərk sarıldı.

Üzündə-gözündə

Oynayan işıqları

Sıxdı barmaqları.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

 

 

 

 

 

Понедельник, 03 Февраль 2025 11:47

Vətən sevgisi imandandır - MİLLİ QƏHRƏMANIN DOĞUM GÜNÜNƏ

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şəhidlər ölməz!

Vətən bölünməz! 

Vətəninə bağlı olan, Birinci Qarabağ müharibəsi şəhidi Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur. 

 

1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır, yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. 

Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

1992-ci ilin avqust ayının 6-sında Bəylər yoldaşları ilə mühasirəyə düşür. Vuruşur və qarşı tərəfi də itkilərə uğratmasına baxmayaraq həlak olur. 

O, Qubadlı rayonunun Qarağac kəndində dəfn edilmişdir. Qarağac kənd tam orta məktəbi onun adını daşıyır. 

Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. 

Allah rəhmət eləsin! Amin!

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Понедельник, 03 Февраль 2025 11:17

Musiqisi Tofiq Quliyevindir

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub.

 

AzərTAC xəbər verir ki, konsertdə bəstəkarın ən populyar mahnıları teatrın instrumental ansamblının müşayiəti ilə solistlərin ifasında səsləndirilib. Ansamblın bədii rəhbəri Mirxalid Salayevdir.

 

Teatrın solistləri bəstəkarın əbədiyaşar mahnılarını ifa edərək konsertə gələnlərə nostalji, eyni zamanda, xoş anlar bəxş ediblər. Bir-birindən maraqlı ifalar Tofiq Quliev musiqisinin əsrarəngizliyini bir daha nümayiş etdirmiş olub.

 

Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətində estrada-caz musiqisinin təməlini qoyaraq, yeni səhifə açmış korifey sənətkardır. O, Azərbaycan professional musiqi ənənələrinin Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş istiqamətinin davamçısı olmaqla bərabər, yeni bir musiqi-mədəni janrın – estrada və caz musiqisinin, ilk Azərbaycan Dövlət Caz Orkestrinin yaradıcısıdır. Beş musiqili komediya , valslar, fortepiano üçün prelüd, variasiyalar, eyni zamanda, bir çox kino musiqilərinin müəllifi olan görkəmli bəstəkar estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı mahnıları əbədiyaşardır. Bu gün böyük bəstəkar aramızda olmasa da, onun mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə daim eşidilir. Görkəmli bəstəkarın mahnıları hələ neçə-neçə qərinələr sonra da sevgi və maraqla dinləniləcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.