Super User

Super User

İtaliyanın “Opera 2001” təşkilatı İspaniya və Fransanın müxtəlif şəhərlərində Cüzeppe Verdinin “İl Trovatore” (“Trubadur”) operasını səhnələşdirir. Martın 2-dək nümayiş olunacaq operada soydaşımız Çinarə Şirin mezzo-soprano səsli qaraçı Azuçena rolunda çıxış edir. Soydaşımızın çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Qeyd edək ki, İtaliyada yaşayan opera sənətçisi Çinarə Şirin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra layihələrin iştirakçısıdır. Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Almaniyada yaşayan pianoçu Səbinə Məmmədovanın təşkilatçılığı ötən il martın 3-də Milanda baş tutan “Musiqi sərhəd tanımır” adlı konsert proqramı da belə layihələrdəndir.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

 

Beyləqan rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ölkə  Prezidentinin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı sərəncamının icrasına uyğun olaraq, “Dövlətçilik tarixində yeni mərhələ”  mövzusunda tədbir  keçirilib.

 

Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti  başçısının müavini, YAP Beyləqan rayon təşkilatının sədr müavini, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının müavini Yeganə Məmmədova və digər natiqlər çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyət kəsb etməsindən, ölkəmizin  Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləməsindən, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımızın  milli kimliyini və mübarizə ruhunu qoruyub saxlamasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının  hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunmasından ətraflı bəhs olunub və bildirilib ki, rayonumuzun, il çərçivəsində hazırlanıb keçirilən tədbirlərlə “Konstitusiya və Suverenlik İli”nə öz layiqli töhfəsini verəcək, həyata keçiriləcək müxtəlifyönümlü tədbirlər həm xalqımızın birliyinin möhkəmlənməsində, həm də şahidi və iştirakçısı olduğumuz böyük tarixi proseslərin təbliğində böyük rol oynayacaqdır.

Sonda mədəniyyət müəssisələrinin əməkdaşlarının ifasında suverenliyi əsl mənasında özündə tərənnüm edən Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

 

Bu gün ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü  Əziz Mirəhmədovun 105 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında professorun yubileyi münasibətilə "Əziz Mirəhmədov 105" adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb. 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Virtual kitab sərgisində Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatı tarixinin, xüsusən də onun yeni dövrünün tədqiq edilməsi sahəsində olan böyük xidmətləri, M.F.Axundov, M.Hadi, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq kimi böyük sənətkarlar, «Molla Nəsrəddin» jurnalı haqqında qiymətli monoqrafiyaların müəllifi olması haqqında məlumatlar təqdim edilir. Biblioqrafik icmalda ədəbiyyatşünasın zəngin elmi, ədəbi fəaliyyəti haqqında məlumatlarla yanaşı Prezident İlham Əliyevin Əziz Mirəhmədovun 100 illik yubileyinin keçirilməsinə dair imzaladığı sərəncam,   professora həsr edilən Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəylinin “Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi”, filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının “Klassik filoloq alim”, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın “Əziz Mirəhmədovun kitabşünaslıq görüşlərinə bir nəzər” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmal və virtual sərgidə Əziz Mirəhmədovun müəllifi olduğu “Əhməd bəy Ağaoğlu”, “Azərbaycan jurnalistləri və naşirləri”, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər”, “Azərbaycan Molla Nəsrəddini”, “Ədəbiyyatşünaslıq terminləri lüğəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiyası və onun haqqında qələmə alınan məqalələrin siyahısı təqdim edilir.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü , professor Əziz Mirəhmədovun 105 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/eziz-mirehmedov-105 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycandan kənarda yaşayıb-işləyən, amma öz fəaliyyəti, xeyirxah əməlləri ilə xalqımızın adını ucaldan, şərəfləndirən həmyerlilərimizin xoş sorağını eşidəndə qəlbimiz fərəhlənir, qürur hissi keçiririk. Qazaxıstanda bizneslə məşğul olan azərbaycanlı sahibkar Amil Turab oğlu Yusifov haqqında növbəti dəfə qardaş ölkədən gələn xəbər də bizə eyni hissi yaşatdı...

 

Ötən il dekabrın 24-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin anmaq üçün bir neçə gün əvvəl Azərbaycanın Qazaxıstandakı Səfirliyi və Mangistau Vilayət Hakimliyi tərəfindən Aktau şəhərində ehsan mərasimi təşkil olunub. 

Mərasimdə vilayətin rəhbər şəxsləri, azərbaycanlı diplomatlar, ictimaiyyət nümyəndələri, təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının ailə üzvləri iştirak ediblər. Türksoylu iki xalq arasında birliyin və qardaşlıq əlaqələrinin möhkəmliyinin baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı bir daha özünü bariz şəkildə göstərdiyini mərasində çıxış edənlər xüsusi vurğulayıblar.

Mərasimdə Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində ikiotaqlı tam təmirli və əşyalı beş mənzilin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların ailələrinə təqdim edib. Bundan əlavə, iş adamı tərəfindən Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə olunub.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Amil Yusifovun xeyriyyəçilik təşəbbüsünü yüksək qiymətləndirib və xalqlarımız arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından ona təşəkkürnamə təqdim edib.

Amil Yusifovun xeyirxahlığı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb və sosial mediada böyük rezonans doğurub. Məsələn, Qazaxıstanın tanınmış media resurslarından olan “BES.media” özünün internet səhifəsində və sosial şəbəkə hesablarında azərbaycanlı biznesmenin təyyarə qəzasında həlak olanların ailələrinə mənzil hədiyyə etməsini Aktauda keçirilən tədbir haqqında xəbərin başlığına çıxarıb. “BES.media”nın Instagram səhifəsində yerləşdirilmiş bu xəbərə 62 istifadəçi rəy yazıb və ilk növbədə, Amil Yusifovun xeyirxahlığını alqışlayaraq, digər iş adamlarını da ondan nümunə götürməyə, xeyirxah olmağa çağırıblar. Belə mesajlar digər sosial şəbəkələrdə də yüzlərlədir...

Xatırladaq ki, Amil Yusifov qazax xalqının qəhrəman oğlu,1992-ci ildə iyirmi yaşında Qarabağa gələrək burada erməni işğalçılara qarşı döyüşən, Ağdərədə şəhid olduqdan sonra Bakıda Şəhidlər Xiyabanında dəfn edilən Yerbol Barımbetovun xatirəsinə öz ehtiramını bildirmiş, onun haqqında qazaxıstanlı jurnalist Nasiha Humarqızının yazdığı və 3 dildə -Azərbaycan, qazax, rus dillərində çapdan buraxılan kitabın bütün maliiyyə xərclərini qarşılamışdı. Şəhidin ailəsinə Amil Yusifovun və Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənovun adından mənzil də hədiyyə olunmuşdu.

O zaman – 2023-cü ildə Qazaxıstanın “Ər Namusu” İctimai Birliklər Şurası Amil Yusifovu “Böyük Döyüş Qəhrəmanı” ordeni ilə təltif etmişdi, türk dünyasının ağsaqqllarından biri - Qazaxıstanın Əmək Qəhrəmanı, “Şərəf” ordenli, Xalq yazıçısı və şair, Azərbaycan xalqının yaxın dostu Oljas Süleymenov ona təşəkkür məktubu ünvanlamışdı.

Xalqımızın ən gözəl milli xüsusiyyətlərini yaşadan və ölkə xaricində təbliğ edən, Qazaxıstanla qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə öz sanballı töhfələrini verən Amil Yusifovun bundan sonra da öz xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyinə əminliyimizi bildirərək, ona iş və şəxsi həyatında uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

Çərşənbə axşamı, 11 Fevral 2025 18:34

Mövzu və palitra rəngarəngliyi - İMİŞLİDƏN REPORTAJ

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hər bir rəssamın palitrasında öz sevimli rəngləri olur. Yetər ki, onlardan qədərində istifadə etməyi bacarsın. Amma rəsaamlıq tək təbiət mənzərələri, natürmort və portretlərdən ibarət deyil axı, burada ictimai-siyasi həyatın inikası da tarixən vacib yer tutub. Bu dəfə isə rəng tonu bir qədər sadə, bəsit, daha çox konservativ olur. 

 

Bir neçə gündür ki, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə İmişli şəhərində Diferensial Təhsil Tədris Mərkəzində ''Konstitusiya və Suverenlik İli '' çərçivəsində ''Zəfərimiz rəssam Gülnarənin  rənglər dünyasında'' adlı sərgi keçirilir.

Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin 24 dekabr 2024- cür il tarixi  sərəncamı ilə 2025- ci il "Konstitusiya və Suverenlik ili" elan olunub. Elə bu sayaq təşəbbüslərin məramı da cari ili adına uyğun tədbirlərlə bol etməkdir.

Fevralın 9-da sərginin açılışı olub, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, AYB- nin üzvü Güllü Eldar Tomarlı qonaqları salamlayıb və ardınca vətənimizin bütövlüyü, suverinliyi, azadlığı uğrunda şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirib. 

Daha sonra Güllü Eldar Tomarlı  gənc rəssam Gülnarə Məmmədovanı yaradıcılığının 10 illik yubileyi münasibəti ilə təbrik edib, vətənpərvər rəssamın vətənpərvərlik mövzusunda rəsmləri haqqında geniş məlumat verib.  

Nəzərə çatdırıb ki, 2023- cü ildə Bakı şəhərində, Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Azərbaycan kəlağayısı günündə milli üslubda rəsm əsərlərinin sərgisi təqdim olunub. 2024- cü ildə isə Bakı şəhərində, Gəncliyə Yardım Fondunda ''Bir ürəkdə iki can, Türkiyə- Azərbaycan'' adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi keçirilib.

Tədbirdə İmişli Rayon Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən  Şəmmədli, İmişli Rayon İcra Hakimiyyətinin ictimai, siyasi  və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, qazi, jurnalist Səbuhi Rəhimli, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü Səyalı  Dadaşova, ağsaqqal ziyalı Hüseyn  Minbaşoğlu, Əlibayram Əliyev, şəhid Ziyad Muradovun anası Tahirə Mehdiyeva, şəhid Saleh Əliyevin anası Solmaz Əliyeva, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova və gənc rəssamın oğlu Nurlan Musayev, qızı Kübra Musayeva  çıxış ediblər, gənc rəssama uğurlar diləyiblər. 

Sonda gənc rəssam Gülnarə Məmmədova bu sərginin düzənlənməsində zəhməti olan hər kəsə, tədbir iştirakçılarına təşəkkürünü bildirib və yaradıcılığının son uğuru kimi  Ulu Öndər Heydər Əliyevin kətan üzərində yağlı boya portretini təqdim edib. 

Sonda xatirə şəkili çəkildi.

 

Fevralın 10-da - sərgisinin 2-ci günündə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mirvarid Dilbazi Poeziya Məclisinin əməkdaşları və rayon ictimaiyyəti sərginjn işində iştirak ediblər. 

Bu gün - sərginin 3- cü günü də böyük izdiham nəzərə çarpıb. Millət vəkili Razi Nurullayev, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Gənclər və  İdman İdarəsinin rəhbəri Ceyhun Əbdülov, eləcə də İmişli peşə məktəbinin müəllimləri sərgidə iştirak ediblər.

  Sərgi fevralın 14-nə qədər, hər gün saat 12:00-dan 18:00-a qədər olmaqla davam edəcək.

Maraqlananlar üçün əlaqə nömrəsi (051 622  51 13) təqdim edir və sərginin ünvanını bildiririk: İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, bina 3.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

Çərşənbə axşamı, 11 Fevral 2025 10:14

Dmanisidə həftəsonu məktəbi açılıb

“...Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir” – bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında səsləndirib.

 

Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında müxtəlif xarici ölkələrdə həftəsonu məktəblərinin açılması davam edir. Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə rayonun Qarabulaq kəndində həftəsonu məktəbi fəaliyyətə başlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktəbdə müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlara Azərbaycan və gürcü dillərinin tədrisi üçün bütün lazımi şərait yaradılıb. 

“Məktəbə ixtisaslı müəllimlər cəlb olunub, uşaqlar Azərbaycan dilini mükəmməl öyrənməyə böyük maraq və həvəs göstərirlər. Burada yaşayan azərbaycanlı ailələrin uşaqları üçün nəzərdə tutulan "bazar günü" məktəblərinin başlıca məqsədi yetişməkdə olan yeni nəsli tariximiz, mədəniyyətimiz barədə məlumatlandırmaqdır. Hazırda uşaq və yeniyetmələr üçün rayonun Hamamlı və Qarabulaq kəndlərində Azərbaycan dili kursları təşkil olunub”,- deyə Mərkəzin rəhbəri Kamran Xıdırov bildirib.

Azərbaycan dili müəllimi İntiqam İsmayılov ana dilində danışmağın Azərbaycançılıq ideyasının yaşadılması üçün vacib olduğunu, Azərbaycan məktəblərində istifadə edilən"Əlifba" və "Ana sözü" dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şerlər, yazıçılar haqqında məlumat verildiyini vurğulayıb.  

"Bazar günü" məktəbinin gürcü dili müəllimi Maya Xmaladze öz növbəsində çıxışında son illər ərzində Gürcüstanın ali məktəblərinə vahid test üsulu ilə qəbul olan azərbaycanlı tələbələrin sayının xeyli artmasında bu kursların xüsusi rolunu qeyd edib: “İki xalq arasındakı dostluq münasibətləri, azərbaycanlıların gürcü  cəmiyyətinə inteqrasiyasında bu kurslar müstəsna rol oynayacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

Çərşənbə axşamı, 11 Fevral 2025 18:13

İşıq yaradan kölgə “Səssiz sətirlər”də

Nərmin İsmayılova, “Ədəbiyyat və incəsənət” üçün

 

 

-Heç gördünmü onu?

-Yox. Amma hər yazısını oxumuşam.

-Maraqlıdır, heç qarşılaşmamısınız?

-Onu heç vaxt tanımadım.

 

- Bəs görmək istəməzsənmi?

-Görməyimin heç bir əhəmiyyəti yoxdur.

-Amma hamı onun adını bilir.

-Çünki adı yox, sözləri var.

-Niyə gizlənir?

-Çünki o simasından çox sətirlərinin  sevilməsini istəyir.

 

-Əsrarəngizdir.Hər insan kimliyini bir şəkildə göstərmək istəyər.

-Kimlik? Onun kimliyi yalnız sətirlərindədir.

-Yəni, heç vaxt üzünü görməyəcəyik?

-Bəli, çünki heç kim sözlərindən daha çoxunu hiss etməməlidir.

 

-Bəs o, özünü tamamilə gizlədir?

-O, həmişə oradadır, amma heç kim onu görmür. Ancaq görmək istəyənlərə yazdıqlarıyla yol tapır. 

-Bəs biz oxucular nə edirik?

-Biz onu hiss edirik. Çünki o, yalnız bir kölgədir, amma unutmayaq ki, kölgə də işıq yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

 

Çərşənbə axşamı, 11 Fevral 2025 08:00

Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

Şotlandiyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti hər il universitetdə keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edib. Bu il də həmçinin.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq tələbələri müxtəlif təbliğat materialları, milli geyimlər və bayraqlarla təmin edib.

Sərgidə  iştirak edən tələbələrə və ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, milli adət-ənənələri və tarixi haqqında geniş məlumat verilib.

Azərbaycana məxsus ekspozisiyada milli kimliyimizə aidmüxtəlif mədəni və tarixi elementlər sərgilənib, qonaqlara mətbəximizdən nümunələr, o cümlədən paxlava və şəkərbura təqdim edilib. Ziyarətçilər Azərbaycan bayrağı, onun tarixi və rəmzi mənası barədə məlumatlandırılıb. Bununla yanaşı, onlar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan kəlağayıları ilə tanış olublar. 

Sərgidə qonaqlarda maraq doğuran məqamlardan biri də nərd oyunu olub. Onlara oyunun qaydaları izah olunub. 

Tədbir mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycanın zəngin irsi haqqında maarifləndirməni artırmağa imkan yaratdıb. 

Qeyd edək ki, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü ildə Aberdin Universitetində  "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində təhsil alan tələbələr tərəfindən yaradılıb. 

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

Çərşənbə axşamı, 11 Fevral 2025 17:34

Yeni rollarla, bol tamaşaçı alqışı ilə 65-ə doğru

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün 

 

Bir neçə gün öncə Xalq artisti, hamımızın sevimlisi, aktyor Sabir Məmmədovun 64 yaşı tamam oldu. 

Onu son dəfə səhnədə “Dantenin yubileyi” tamaşasında yaratdığı mükəmməl obrazla görmüşəm. Sabir Məmmədov yenə öz ampluasında idi, tamaşaçıları tamaşa ilə yaşamağa bir növ, məcbur edirdi. 

 

Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun (indiki Ağstafa rayonu) Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirmişdir. Sabir Məmmədov bir çox tamaşada rol alıb, filmə çəkilib. Bir çox xarici filmlərin Azərbaycan dilində səsləndirilməsində iştirak edib.

Cəfər Cabbarlı mükafatı (2002-ci il) və Qızıl Dərviş mükafatı (2010-cu il) laureatıdır. Müxtəlif illərdə (9 may 2005-ci il, 9 may 2012-ci il, 6 may 2015-ci il, 6 may 2016-cı il, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023, 9 may 2024-cü il) Prezident mükafatına layiq görülüb. "Edam günü" filmindəki roluna görə Golden FEMI Film Festivalın "tammetrajlı bədii filmdə ən yaxşı rola görə" nominasiyasında qızıl heykəlciyə layiq görülüb.

2002-ci ildə Azərbaycan kino və teatr sahəsində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Əməkdar artist, 27 may 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

O, həm də “Qazax" Xeyriyyə İctimai Birliyinin fəal üzvüdür.

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Sabir Məmmədovu ad günü münasibətilə təbrik etdilər, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzuladılar. 

Aktyor növbəti yubileyinə -65 illiyinə yeni-yeni rollarla yola çıxır. Bir-birindən maraqlı obrazlar yaratmaq, tamaşaçılarda sevinc, qibtə, iztirab, nifrət oyada bilmək əlbəttə ki, aktyorun kredosudur. 

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

Çərşənbə axşamı, 11 Fevral 2025 08:32

REDAKSİYANIN POÇTUNDAN – Çoşqun Xəliloğlunun hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında AYB üzvü Çoşqun Xəliloğlunun hekayəsi təqdim edilir.

 

 

BOŞA ÇIXAN ÜMİDLƏRİM

 

Müştərək müəssisələrin birində mühəndis işi  olduğunu eşidəndə ümidim az olsa da bəxtimi sınamağa qərara aldım. İdarəmiz fəaliyyətini dayandı­randan sonra döymədiyim qapı, müraciət etmədiyim müəssisə qalmamışdı. Hara gedirdimsə, daş atıb başlarını tuturdular: nə iş, nə mütəxəssis? Çox çətinlik çəkirdim. Ailəmi dolandırmaq üşün özümü oda-közə vurur, hətta lazım gələndə onun-bunun həyətində  işləməyə razı olurdum. Təki ailəm, uşaqlarım üçün bir tikə çörək qazanım.

Taleyimdən narazılıq etməyi xoşlamıram. Amma həyatda elə şeylər olur ki, istər-istəməz özünə sual verir, cavab tapmadıqda qəribə hisslər keçirirsən. Orta məktəbdə əlaçı idim. Tarix fənnini isə lap çox sevirdim. Atam Azərbaycan dili və ədəbiyyatı müəllimi olsa da, həmişə mənə məsləhət görürdü ki, böyüyəndə tarixçi olum. Deyirdi ki, xalqımızın tarixi şox qədim və zəngindir. Neçə-neçə insan ömrü onun tədqiqinə bəs etməz. Sinif yoldaşlarımın əksəriyyəti çalışqan idi. Təkcə kolxoz sədrinin oğlu Qaraş dərslərini oxumur, sinifdə şuluqluq edirdi. O, özünü təkəbbürlü aparır, yaşından böyük danışırdı. Onuncu sinifdə oxuyarkən tez-tez həmyaşıdlarımızla hansı peşəyə yiyələnəcəyimiz haqqında şirin-şirin söhbət edər, xəyallar qurardıq. Belə vaxtlar Qaraş bizə lağ eyləyir, rişxəndlə gülürdü:

-Darıxmayın, avqustda imtahandan kəsilib, arzularınız ürəyinizdə qayıdacaqsınız kəndə. Onda anlayacaqsınız ki, hamınızın başı boşdur.

Qəbul imtahanları ərəfəsində gecəni gündüzə qatıb çalışdım. Sənədlərimi universitetin tarix fakultəsinə verdim. Sən demə, Qaraş da bu fakultəni seçibmiş. Gülməli idi, ömründə bir dəfə də olsun lövhənin qarşısısına çıxıb, dərs danışmayan bir adam tələbə olmaq istəyirdi.

İmtahanları verdim, hamısından qiymət alsam da, sonda məlum oldu ki, balım çatmır. Qəbul olanların siyahısında adımı axtararkən Qaraşın adını oxuduqda mat qaldım. Onun balı mənimkindən çox idi. Necə ola bilərdi? Çox fikirləşdim, heç nə başa düşmədim. Sadəlövh kənd uşağının ağlamaqdan və gələnilki imtahanlara hazırlaşmaqdan başqa əlacı qalmamışdı.

Kəndə getməyə utanırdım. Qohumlarımdan birinin  köməyi ilə zavodda işə düzəldim. Yataqxanada yaşamağa başladım. Tezliklə kollektivdə yaxşı hörmət qazandım. Onlar məni işgüzar və tərbiyəli olduğuma görə sevirdilər. İşdən sonra oxumaq üçün kifayət qədər vaxtım olduğundan, gələnilki imtahanlara ciddi hazırlaşırdım. Əslində, mövzuları bilirdim və buna görə də çətnlik çəkmirdim. Nəhayət, qəbul imtahanlarının vaxtı çatdı.

Yenə də imtahanları verdim, tələbə olacağıma ümidim çox idi. Amma son anda məlum oldu ki, bu dəfə də balım kifayət etmir. Necə kədərləndiyimi, məyus olduğumu təsəvvür edirsinizmi?

Həmin ilin payızında hərbi xidmətə çağırıldım. Ordudan tərxis olunduqda komandirlik tərəfindən mənə nümunəvi xidmətə görə “Xasiyyətnamə” verildi. O vaxt qayda varıydı ki, həmin xasiyyətnaməni  təqdim edənlərə qəbul imtahanlarından müsbət qiymət aldıqda güzəşt edilirdi. Amma nədənsə sonuncu imtahanı verərkən müəllim gözgörəti məni “kəsdi”. Sualı nə qədər izah etsəm də dedi, səhvdir, anlayışın yoxdur.

Başa düşdüm ki, tarix fakultəsinə qəbul oluna bilməyəcəyəm. Artıq yaşa dolurdum. Ona görə dostlarım məsləhət görəndə ki, texniki ali məktəbə hazırlaşım, onlarla razılaşdım. Orta məktəbi yaxşı oxuduğuma görə  fizika və riyaziyyat fənnindən hazırlaşmaq çətin olmadı.

Növbəti il Neft və Kimya İnstitutuna daxil oldum. Gündüzlər işləyir, gecələr oxuyurdum. Bir müddətdən sonra usta vəzifəsinə keçirildim.

Bir dəfə idarəmizdə ilin yekunlarına həsr edilmiş yığıncaq keçirilirdi. Arxa cərgədə əyləşdiyimdən rəyasət heyətindəkiləri yaxşı görə bilmirdim. Rəisimiz və çıxış edənlər görülən işlərdən və problemlərdən danışdılar. Sonra söz rayon rəhbərliyi adından danışmaq üçün cavan, kök bir oğlana verildi. Gözlərimə inanmadım, bu Qaraş idi. O,  rəisimizin ünvanına tənqidi fikirlər söylədi və onu danlamağa başladı:

-Müslümov, belə işləmək olmaz. Əgər işində dönüş yaratmasan, vəzifənə “Əlvida”,  deyəcəksən.

Qaraş təcrübəli mühəndis kimi tanınan, işçilər arasında böyük nüfuza malik Müslümovla elə danışırdı ki, sanki yaşlı bir adam uşaqla danışır. Özündən razı, “alçaq dağları yaratmış” mənim savadsız şagird yoldaşım özünü necə də təkəbbürlü aparırdı.

İllər keçdi, mən də institutu qurtardım, mühəndis oldum. Həyatım yavaş-yavaş yoluna düşürdü. Lakin bazar iqtisadiyyatına keçidlə əlaqədar idarəmiz zəiflədi və rəqabətə davam gətirməyib tamamilə dayandı. Yüzlərlə işçi kimi mən də qaldım işsiz.

Yuxarıda dediyim kimi, müştərək müəssisədə mühəndisə ehtiyac olduğunu eşitdikdə çox sevinmişdim. İngilis dilini müəyyən qədər bildiyimdən, kompüter texnikasından baş çıxardığıma görə bu addımı atdım.

Səhər erkən həmin müəssisəyə gəldim. Direktorun köməkçisi məni qəbul etdi. Yaxşı adama oxşayırdı, xeyli söhbət etdik. Sonda təəsüflə bildirdi ki, dünən işə adam götürmüşük. Özü də nüfuzlu bir adamın xahişi ilə... Heç mühəndis də deyil. Etiraz etmək mümkün olmadı. Məsul işlərdə çalışıb həmişə... İşimiz olsa, sənə deyərik, - o, mənim ünvanımı götürdü. Xudahafizləşib çıxmaq istədikdə bir nəfər içəri girdi. – Qaraş idi. Görüşdük, yenə də özünü dartmışdı.

   - Burada işləyirsən? – soruşdum.

   - Hə, təzə başlamışam işə,  mühəndisəm, - qımışdı.

                                                                                  (Noyabr 2002)

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.