Super User

Super User

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Hər bir insanın uşaqlığından qalma xatirələri vardır. Kiminin o dönəmə aid hər hansı əşyası, kiminin də xatirində o zamanların musiqiləri, filmləri, oxuduğu kitablar qalır.

Hər bir uşaq kimi bizlər də hər yeni il yaxınlaşanda televizorun qarşısına toplaşar, ya konsertə, ya da filmə baxardıq. Bu gün haqqında danışacağım film də bizi  uşaqlığımıza aparacaq. Rejissorluğunu Kris Kolumbusun etdiyi bu filmin adı  “Evdə Tək”dir.

 

Hadisələr valideynləri tərəfindən evdə unudulan 8 yaşlı Kevin Makkalisterin yaşadığı İllinoys ştatında baş verir. Film 1990-cı ildə çəkilmişdir. Qeyd edim ki, film komediya və macəra janrının miksidir.

İllinoys ştatının evlərinə qənim kəsilən ev oğruları Harri və Marv ənənələrinə sadiq qalıb yenə yollarını burdan salırlar, seçim Kevingilin evi olur. Lakin bu səfər, loru dildə desək, daş qayaya rast gəlir. İlk başlarda Kevin oğrulardan çəkinsə də sonradan onlarla mübarizə aparmağın yolunu tapır. Qurduğu tələ ilə Harrinin əlini yandıran bu dəcəl yolüstü Marvında alnının ortasına isti ütünü yapışdırır. Öz evini və mülkünü qorumaq üçün kənardan qəddar görünən Kevinin əslində necə səmimi və xoşxasiyyət olduğu filmin sonlarına doğru görünür.

Sonda oğrular tərəfindən tutulsa belə polislərin sayəsində xilas olan Kevin ailəsi ilə də aradakı soyuqluğu aradan qaldıraraq xoşbəxt yaşam tərzini davam elətdirir.

Nə qədər varlı olursansa ol, ailən yanında deyilsə dünyanın ən kasıb insanısan. İnsan övladının ən dəyərli sərvəti onun ailəsidir. Unutmayın, ailə hər şeydir. 

 

 

 

“Ədəbiyyat və İncəsənət”

(10.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

6-cı qayda

 

Hər şey barədə əvvəlcədən razılaşın

 

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

 

1-ci qayda:

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

5-ci qayda:

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

“İnsan acılarında yalnızdır..."

Frida Kahlo 

 

Yalnızlıq nədir?

Müddətlik deyil, özünə daimi yer etmiş yalnızlıqları nəzərdə tuturam.

Daha böyük və daha dərin yalnızlıqları. 

 

Məsələn, uşaq evlərində böyüyən və hər dəfə valideynləri ilə əl-ələ tutub gəzən, valideyn qayğısı, sığalı görən analı-atalı uşaqları görəndə onları həsrətlə izləyən kimsəsiz uşaqların yalnızlığı. 

Övlad sahibi olduğu halda qocalar evində yaşlanan, bütün günü gözünü pəncərədən yola dikən yaşlı nənə-babaların yalnızlığı.

Ailəsi tərəfindən və yaxud da kimsəsi olmadığı üçün kimlərsə tərəfindən istismar edilən, diləndirilən balaca günahsız uşaqların yalnızlığı.

Gecələri isti, doğma evlərində ailəsi ilə birgə deyil də, soyuq xəstəxana palatalarında təkbaşına gecələməli olan ağır xəstəliklərlə, ağrılarla  mübarizə aparan, şəfa diləyi ilə dua edərəkən Allaha açılmış ovuclarının içindəki ümid toxumlarını isti göz yaşları ilə sulayan insanların yalnızlığı.

İçkili həyat yoldaşı tərəfindən hər gün xəyanətə, şiddətə, hörmətsizliyə məruz qalan, yaxınları tərəfindən sahib çıxılmadığı, təkbaşına özünə gün ağlamağa gücü olmadığı üçün bütün  bu əziyyətlərə tab gətirmək məcburiyyətində qalaraq dörd bir qoldan övladlarına sarılan, mətbəxdə səssizcə axan göz yaşlarının səbəbi hər zaman soğanın boynuna qalan qadınların yalnızlığı.

Anasının atası tərəfindən şiddətə məruz qaldığına öz gözləri ilə şahid olmuş, kiçik qəlbi yaralı quş kimi çırpınan, hıçqırıqları boğazında düyünlənən, axan göz yaşlarında min nifrət, qorxu, ümidsizlik, özgüvənsizlik, bəlkə də, daha pis duyğu, psixoloji problemlər cücərən kiçik körpə qəlblərin yalnızlığı.

Mənəviyyatsız insanlar tərəfindən təcavüzə uğramış gənc qızların  yalnızlığı.

İnsan alverinin qurbanı olan istər uşaq, istər böyük insanların yalnızlığı.

Valideynləri olduğu halda valideyn sevgisi və qayğısı duymayan insanların yalnızlığı. Uşaqların demədim, çünki sevgi və qayğıya ehtiyacı olan təkcə uşaqlar olmur. İnsan hər yaşda sevgi və qayğıya ehtiyac duyur.

Ömür-gün yoldaşını itirdiyi gündən eynək taxmaqdan imtina etmiş, kitabları, pişiyi, köhnə televizoru, öz oturduğu kreslonun yanında bir vaxt dolu, amma artıq boş olan kreslosu, bir az gəzib hava almağa çıxdığı parkı və orda  yalnız oturduğu skamyası ilə ömrünün sonlarına doğru  addımlayan, özü yaşlanıb beli bükülmüş, qəlbi gözəl insanların yalnızlığı.

Yarısını itirən insanların yalnızlığı. Yarısını yazdım, çünki sevdiyi insan gedincə və ya dünyasını dəyişincə yarım qalırsa, insan demək ki, o tərk edib gedən və ya dünyadan köçən yarısı imiş o insanın.

Evsiz-eşiksiz küçələrdə yaşayan, yayda parklardakı skamyalarda, qışda başında dam olan haranı tapdısa orada yatan kimsəsiz səfil, sərgərdan insanların yalnızlığı, 

Fiziki imkanları məhdud olan insanların yalnızlığı.

Qışda qar yağıb dağlara çən çökəndə gözlərinə qayğılı düşüncələr çökən insanların yalnızlığı.

Hər gün ölkəsində müharibə, ölüm təhlükəsi olan, yaşadığı şəhər və ya kəndlərdə, evlərinin bir addımlığında bombalar partlayan, hər anını  silah səsləri və  silah səsinə qarışan  ürək döyüntüləri və qorxu ilə keçirən insanların yalnızlığı.

Afrikada ac-susuz yaşayan,  təmiz və ya çirkli fərq etməz, tapdıqları bir qab suya, bir parça quru çörəyə şükür edənlərin yalnızlığı.

Yalnızlıq nədir, bilirsinizmi?

Bir insanın bir evdə tək başına yaşaması da yalnızlıqdır, ruhundan anlamayan, onu başa düşməyən  insanlarla bir evdə, bir cəmiyyətdə  yaşaması da yalnızlıqdır.

Yalnızlıq harada olur, bilirsinizmi?

Yalnızlıq yaxınları tərəfindən çətinliklər qarşısında tək buraxılmış bir insanın küskünlüyündədir.

Yalnızlıq onu anlamayan insanların əhatəsində yaşayan bir insanın ruhundadır, düşüncələrindədir, eşidilməyən hayqırışlarındadır.

Yalnızlıq bir evdə tək yaşayan bir insanın, saçlarında, paltarında, qab-qaşığında, süfrəsində, pilləkənlərində, qapısındadır.

Yalnızlıq aclıq və susuzluqdan əziyyət çəkən bir uşağın mədəsində, ovuc içlərindədir.

Yalnızlıq istismar edilən bir uşağın sökük, çirkli paltarlarında, daranmamış saçlarında, yuyulmamış üzündədir.

Yalnızlıq fiziki məhdudiyyəti olan insanların baxışlarındadır.

Yalnızlıq təcavüzə uğramış bir qızın çarəsizliyindədir.

Yalnızlıq xəstəlik səbəbi ilə saçları tökülən bir qadının əlini saçlarında gəzdirərkən əlində qalmış saçlarını ovcuna sıxıb ağlamasındadır, bəlkə də, o qadının canını xəstəliyin ağrısından daha çox saçlarını itirməsi ağrıdar və yalnız bir qadın anlaya bilər bu ağrının nə demək olduğunu.

Yalnızlıq – o, bəzən bir evdə, bəzən bir qəlbdə, bəzən bir baxışdadır. 

Yalnızlıq – o, bəzən bir çiyində, bir kürəkdə, bir ovucdadır. 

Yalnızlıq – o, bəzən geridə bəzən solunda, kim bilir, bəlkə, hələ qabaqdadır.

Bəzən çıraqsız bir evdir yalnızlıq. 

Bəzən görməyən bir göz, tutmayan bir ayaq, bir əl.

Bəzən də kənardan gözəl bir mənzərəni izləyərək o mənzərənin içində yer almaq istəyidir yalnızlıq!

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Yağış, elə bil, pərdə arxasında gizlənmiş bir aktrisa kimidir - səhnəyə tam çıxmır, amma varlığı duyulur. Küçələr hələ də quru qalıb, pəncərələrə düşən damlalar iz buraxmadan yox olur. Külək isə şəhəri əlində saxlayan görünməz bir qüvvə kimi dar küçələrdən süzülür, maşınların yanından ötüb keçir, insanların ipdəki paltarını tərpədir, sobaları dağıdır.

 

Bakının küləyi hər zaman var, amma bu gecə onun səsində bir qəribəlik var-sanki danışmaq istəyir, amma söz tapa bilmir.

Bəlkə də Kafka haqlı idi: “Bir az daha yatsam və bütün bu cəfəngiyyatları unutsam necə olar?” Həqiqətən, insan bəzən yatmaq istəyir. Oyaq qalmaq, bütün düşüncələri içində gəzdirmək, hər xatirəni təkrar-təkrar yaşamaq yorucudur. Gecənin sakitliyində insan öz içində daha çox boğulur, hər şeyi daha aydın görür. Bəzən yatmaq, hər şeyi unutmaq daha asandır. Amma Bukovski deyirdi ki, “Çox vaxt yeganə çıxış yolu yuxudur.” Çıxış yolu... Bəlkə də doğrudur. İnsan bəzən həyatdan, sevgidən, xatirələrdən, hətta özündən belə qaçmaq istəyir. Yatmaq isə bu qaçışın ən zərif üsuludur..

  Amma Pavese xəbərdarlıq edirdi: “Neçə yaşınız olursa olsun, yatdığınız zaman keçib gedəcəyini zənn edəcəksiniz. Neçə yaşınız olursa olsun, yatanda getməyəcək.” Bu, soyuq bir həqiqətdir. İnsan yatanda zaman dayanırmış kimi hiss edir, amma əslində heç nə dəyişmir. Sabah açıldıqda, eyni duyğular, eyni fikirlər yenidən qarşısında dayanır. Elə bil, hər şey gecədən sabaha ötürülən bir yükdür-sən onu bir kənara qoysan da, səhər açıldığında yenidən çiyinlərinə yüklənir.

  Bakı küləklidir, amma içim daha çox çalxalanır. Bu gecə o qədər sakitdir ki, elə bil bütün şəhər yuxuya getmiş, təkcə mən oyaq qalmışam. Bəlkə də bu sükutun içində öz-özümlə danışmalıyam. Bəlkə də bu külək mənə nəsə demək istəyir, amma sözlərə çevrilə bilmir. Gecənin içində bir sevgi xatirəsi var-o qədər uzaq, o qədər bulanıq, amma hələ də buradadır. Sanki yağışın içində gizlənmiş bir nəfəs kimidir, küləyin gətirdiyi bir toxunuş, göz qapaqlarımın arasına dolan bir xatirə.

  Hemingvey deyirdi ki, “Həyatım oyaq olanda dağılmağa meyllidir.” Bəlkə elə sevgi də belədir? İnsan birisini sevdikdə, həyat daha çox hiss olunmağa başlayır. Hər şey daha real, daha kəskin olur. Sevgi səni içindən oyadır, amma eyni zamanda parçalayıb məhv edə bilər. Ona görə də bəziləri sevgidən qaçır, ona görə də bəziləri yatmağa üstünlük verir. Çünki sevgi səni ya tamamlayır, ya da dağıdır. Neytral bir şey yoxdur.

  Amma sevgi həmişə tufan kimi gəlmir. Bəzən elə bu gecə kimi olur-az yağan bir yağış, bir neçə damla, amma bədənini islatmağa yetəcək qədər. İnsan bəzən gözləyir ki, hər şey dəyişsin, hər şey daha güclü, daha ehtiraslı, daha möhtəşəm olsun. Amma bəzən sevgi gözlədiyin tufan deyil, sadəcə, sakit bir yağışdır. Sən bunu hiss edərsən, amma ətrafda iz buraxmaz. Gecənin içində bir pıçıltı kimi qalar, bir kölgə kimi ötüb keçər.

  Bəlkə də elə buna görə insanlar yuxuya sığınırlar. Sevgidən qorxduqları üçün, ya da sevginin izlərini daşımaqdan yorulduqları üçün. Amma Pavese deyirdi ki, yatmaq heç nəyi dəyişdirmir. Yağış az da olsa, yağır. Sevgi az da olsa, qalır. O, içində bir iz buraxır, bəzən ağrılı, bəzən şirin, amma heç vaxt tamamilə yox olmur. İnsan bu şəhərdə gəzərkən, küləyin gətirdiyi o pıçıltını hiss edərkən, bir vaxtlar eşitdiyi səsləri, duyduğu toxunuşları xatırlayır. Bakı susur, amma xatirələr danışır.

  Həyatın içində bir seçim var-ya yatıb unutmağa çalışmaq, ya da ayıq qalaraq hər şeyi hiss etmək. Kafka yatmaq istəyirdi, Hemingvey oyaq qalanda dağılırdı, Bukovski yuxunu çıxış yolu kimi görürdü, Pavese isə heç nəyin keçmədiyini deyirdi. Mən isə bu gecənin içində dayanıb düşünürəm: həqiqətənmi yatmaq bir çıxışdır? Yoxsa sevginin az yağan yağış kimi var olduğunu qəbul etmək lazımdır?

  Bakı yenə də külək və yağışını bizdən əsirgəmir. Amma ən qəribəsi odur ki, nə qədər az yağsa da, nə qədər sakit olsa da, onu hiss edirik. Elə sevgi kimi-bəzən səssiz, bəzən görünməz, amma hər zaman var. Bu gecə mən yatmayacağam. Yağışın azlığını, küləyin pıçıltısını, gecənin içində qalan sevgini hiss etmək üçün. Çünki bilirəm, səhər açıldığında, hər şey yenə burada olacaq.

Neçə yaşın olursa olsun, yatanda keçməyəcək, Əzizim...

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Günel Ağazadənin şeirləri təqdim ediləcək.

 

 

YUXULU GERÇƏKLƏR


Mənim gerçəklərim yuxu kimidi,

Yalan səhərləri açmaz gözlərim.

Nə qaranlıq bitər, nə gecə, yarım...

Mənim işıqlarım yox yollarımda,

Bir ovuc ulduzu tutub ovcumda

Səmaya səpirəm günəş batanda,

Yumuq gözlərimdə kədər yox, qəm yox...

Biri gözlərimi açmaq istəsə,

Gözümə baxmağa cəsarəti yox.
Mənim səssizliyim səslə doludu,

Dinləmək istəsən, topla özünü.

Acı çəkdiyini görməyim deyə,

Məndən uzaqlara çevir üzünü...

 

MƏNƏVİ ÖLÜM

Məntiq adlı yola çıxdım,

Qısa zaman, qısa yolum.

Yorulduqca addım atdım

Və zamansız mən yoruldum...

Saatlarda qaldı gözüm,

Saat diliminə döndüm:

Parçalandım, bölündüm

Və mən öldüm...

Gözlərimi açıb gördüm:

Zaman, məkan boşluğunda

Yaşayıram...

Geriyə yolum yox,

Görünmür önüm.

Bu mənəm və yaşadığım

Mənəvi ölüm...

 

QATLANDIM

Bu dünyanın işi çətin:

Eniş-yoxuş, dərə-təpə...

Harda ki bitdi taqətim,

Bu dünyanı hamarladım.

Dörd qatladım, tumarladım,

Döş cibimdə saxladım...

Bu dünyanın işi çətin:

Harda ki bitdi taqətim,

Hamar yolda, düzdə qaldım...

Ətrafıma bənd bağladım,

Sərhəd qoydum, tikan əkdim.

Gül bitirdim,

Əllərimə zəncir vurdum,

Güllərə ümid yetirdim...

Bu dünyanın işi çətin:

Harda ki bitdi ümidim,

Çox yoruldum...

Mən bu dünya işlərinə

Elə də çox qatlanmadım,

Öncə Allaha bağlandım.

Sonra da bir övlad kimi

Bir az övlad payım üçün,

Bir azca da özüm üçün

Dörd qatlandım.

Sol döşdəki cibdə qaldım...

 

 

BİLSƏN...
Sən bir bilsən...

Ən ümidsiz zamanımın,

Ən qaranlıq yollarımın

Aydınlıq əllərisən –

Gözübağlı tutunduğum,

Xəyalıyla rəqs etdiyim,

Tənhalığımı sevdiyim...

Sən uzaqsan, sən yaxınsan -

Addım-addım yeridiyim,

Həsrətində böyüdüyüm.

Gözlərimi yumub-yumub

Səbəbsizcə sevindiyim...

Uzun-uzun gecələrdə

Pıçıltımı bölüşdüyüm.

Yuxudaykən sayıqlayıb,

Sevdiyimi söylədiyim;

Oyanıb sevgimi dandığım,

Sən atəşində yandığım;

Səssizliyinə dözməyib

Gizli-gizli ağladığım...

Sən yoxluğum, sən varlığım,

İllər öncəm cavanlığım.

İllər sonra... İllər sonra

Xatirəsində qaldığım.

Uzaqlara dalıb-dalıb

Saçlarının ağ telində

Həzin-həzin qocaldığım.

Sən bir bilsən...

Ən ümidsiz zamanımın,

Ən qaranlıq yollarımın

Aydınlıq əllərisən,

Gözübağlı tutunduğum...

 

 

İKİÜZLÜ SABAHLARIM

Yenə səssiz bir gecənin

Çiyninə yaslanıb qaldım.

Əlləri yox ki gecənin,

Pərişan qaldı saçlarım.

Həqiqətlər bir-bir gəlir,

Yuxu olur...

Yuxu tutmur gözlərimi,

Ruhum yanır, cismim donur.

Kim bilir, daha nə qədər

Yalan-yanlış sabahları

Gözüaçıq qarşıladım...

Səmalara aşiq olsam,

Günəş də, ulduz da, ay da

Elə mənim özümdədi...

Aşiq olduğum səmanın

Zülmətində aydınlandım.

Gündüzün zülmət üzündən

Qaranlıqlara qapandım.

Mənə bir gün vermədilər

İkiüzlü sabahlarım...

 

 

BİZDƏN BİRİ

Getməlidi bizdən biri –

Dayan bir az,

Dayansın bizdən birisi.

Havamda yağmur qoxusu,

Gözümdə kədər yuxusu,

Saçlarımda külək səsi...

Qoy getsin bizdən birisi,

O, mən olum.

Sevmək üçün qalmaq nə ki?

Qırmaq lazım

Sevgi adlı bu qəfəsi...

Bəlkə, elə mən gedərkən

Bu küçədən, bu şəhərdən,

İtirərkən izimizi

Sevəcək bizdən birisi...

 

”Ədəbiyyat və incəsənət”

(10.02.2024)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Üçrəngli bayrağımız Azərbaycan xalqının vicdan və qeyrət, namus rəmzinə çevrilib.* (Bəxtiyar Əsgərov)

 

Bu gün Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür. 

Filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Əsgərov 1981-ci ildə fevral ayının 10-da Naxçıvan MSSR Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur. 

2002-ci ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.

5 kitab, eləcə də 2 monoqrafiya, bir çox nüfuzlu jurnal və qəzetlərdə çap edilmiş, 50-dək elmi və 100-dən çox siyasi-publisistik məqalələrin müəllifidir. İngilis, rus və türk dillərini bilir.

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Kitabları:

1. Sevgi qatarı 

2. Zamansız yaşam

3. Dərdimi sözə danışdım 

4. Məmməd Səid Ordubadinin dramaturgiyası 

5. Azərbaycan tarixi romanlarında gerçəklik və bədii təxəyyül 

 

Allah xeyirli ömür nəsib etsin.

 Amin!

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

 

2025-ci ilin sentyabr ayında milli dövlətçilik ideyalarının carcılarından biri, görkəmli pedaqoq, Azərbaycanda professional musiqi sənətinin təşəkkülü və inkişafında, musiqi təhsili sisteminin yaradılmasında, musiqiçi kadrların yetişməsində müstəsna xidmətləri olmuş, milli maarifçilik hərəkatının tanınmış nümayəndələrindən olan dahi Ü.Hacıbəylinin anadan olmasının 140 ili tamam olacaqdır.   

 

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 03 fevral 2025-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda oxuyuruq:”...Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır…”.

Üzeyir Hacıbəyov 5 (18) sentyabr 1885-ci il tarixdə Ağcabədidə anadan olmuşdur. Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçmüş və Üzeyir məhz burada böyümüşdür. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi, hansı ki bəstəkarın tərbiyəsinə böyük təsiri olmuşdur. Üzeyirin anası Şirin Əliverdibəyova da şairənin evində böyümüşdür,  Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açdı. Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir. 

Hələ 13 yaşı olanda Ə.Haqverdiyev və C.Qaryağdıoğlunun 1897-ci ildə hazırladıqları “Leylinin qəbri üzərində” adlı teatr tamaşasında (kiçik epizod) qoşma xorda oxumuşdur.

Mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra X.Natavanın xeyir-duası və görkəmli maarifçi F.Köçərlinin məsləhəti ilə 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında təhsil almışdır. O, burada  skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına da yiyələnmişdi. Sonralar Moskva və  Sankt-Peterburq şəhərlərində xüsusi musiqi təhsili almışdır.

Bəstəkar, dirijor, musiqişünas, publisist, dramaturq, ictimai xadim olan Ü.Hacıbəyli Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, bütöv İslam dünyasında ilk opera müəllifi, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, professor, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri, I və II çağırış SSRİ Ali Sovetinin deputatı və Azərbaycan himninin müəllifi olmuşdur. 

 Ü.Hacıbəyli "Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti, SSRİ xalq artisti fəxri adlarına layiq görülmüş, II dərəcəli iki "Stalin" mükafatı laureatı, Qırmızı əmək bayrağı" ordeni, "Qafqazın müdafiəsinə görə" və "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif olunmuşdur. "Lenin" ordeni kavaleri  İdi.

Bu böyük insanı dərin hörmət və ehtiramla yad edərək “Uzeyir Hacıbəyli –görkəmli pedaqoq” adlı yazımızı  “Ü.Hacıbəyli maarif və məktəb haqqında”, “Ü.Hacıbəylinin ana dilli məktəb və dərsliklər barədə fikirləri”, “Ü.Hacıbəyli müəllim haqqında”, “Ü.Hacıbəylinin tərbiyə haqqında düşüncələri” və “Üzeyir

 Hacıbəyli musiqi təhsili sisteminin yaradıcısıdır” yarımbaşlıqları ilə hörmətli oxucularımızın diqqətinə təqdim etməyə başlayırıq.  

Zənn edirik ki, bu məlumatlar xalqımızın fəxri Ü.Hacıbəylinin həyat və fəaliyyəti, o cümlədən pedaqoji görüşləri barədə daha aydın təsəvvür yaradacaqdır.

Bu gün sizlərə yuxarıda da qeyd etdiyimiz kimi, görkəmli pedaqoqun maarif və məktəb  haqqında fikirlərini çatdıracağıq.

 

 

Üzeyir Hacəbəyli  maarif və məktəb haqqında

 

  Qori müəllimlər seminariyasının məzunu (1899-1904) olan, 1904-cü ildən Qarabağ mahalının Hadrut kəndində  rus dili, hesab, tarix və musiqi müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1906-1912-ci illərdə isə Bakıda, Bibiheybət məktəbində, sonralar şəhərin "Səadət" məktəblərində ana dili və riyaziyyat fənlərini tədris etmiş Ü.Hacıbəylinin pedaqoji görüşləri Azərbaycanın içtimai və pedaqoji fikir tarixində xüsusi yerə malikdir.

Ü.Hacıbəyli 1905-ci ildə Bakıya gələndən sonra müəllimlik fəaliyyəti ilə

bərabər “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Kaspi”, “Yeni iqbal”, “Molla Nəsrəddin” kimi qəzet və jurnalların səhifələrində məqalə və felyetonlarla çıxış edir, xalqın maariflənməsi uğrunda var gücü ilə çalışırdı. Bu yazıların bir çoxunda təhsilin əhəmiyyəti, savadsızlığın aradan qaldırılması üçün ana dilli məktəblər şəbəkəsinin yaradılması, onların pedaqoji və metodiki prinsiplərlə işləməsi, dərsliklərin məzmunu və yeni dərsliklərin tərtibi, mövcud dini məktəblərdəki qüsurlar, qızların təhsili, müəllim kadrları, tərbiyə məsələlərindən və s. bəhs olunurdu. O, 1906 və 1907-ci illərdə Bakıda keçirilən müsəlman müəllimləri qurultaylarının nümayəndəsi olmuş, II qurultayın hazırlanmasında və keçirilməsində fəal iştirak etmiş, katib və dərsliklərə nəzarət üzrə xüsusi komissiyanın üzvü seçilmişdir.

O, ensiklopedik biliyə malik olan bir şəxs idi. Adi müəllim deyildi, bilik və bacarığını, ürəyinin, ruhunun vasitəsilə şagirdlərə və tələbələrinə çatdırırdı. Təsadüfi deyildir ki, pedaqoji elmlər doktoru, professor Əli Heydər Həşimov yazırdı: “Əsl müəllim üçün səciyyəvi və zəruri olan keyfiyyətləri ilə onun səviyyəsinə qalxa bilən, nadir istedada malik müəllimlər tarixdə tək-tək olubdur, indi də tək-təkdir. Üzeyir qabil müəllim idi. O həm də nəzəriyyəçi müəllimlərdəndir. Xalq maarifinin müxtəlif məsələləri barəsində, o cümlədən, məktəb, müəllim, təhsil, təlim və tərbiyə haqqında Üzeyir Hacıbəylinin müxtəlif illərdə söylədiyi və tarixi, nəzəri, əməli baxımdan indi də öz dəyərini saxlayan çox zəngin fikirləri vardır”.

  Onun irəli sürdüyü fikirlər öz dövründə Azərbaycanda xalq maarifinin, pedaqogika elminin, milli musiqi təhsili sisteminin yaradılmasına və inkişafına böyük təsir etmiş və bir çoxu, deyildiyi kimi, bu günə qədər də öz aktuallığını saxlamışdır. Bu mənada Üzeyir bəyin görkəmli və tanınmış şəxslər barədə 1910-cu ildə ”Həqiqət” qəzetində çap olunmuş yazısında dediyi “…onlar özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqa və hətta insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında…öləndən sonra da camaata mənfəət veriblər”, - sözlərini ilk növbədə onun özünə aid etmək lazımdır.

M.Ə.Rəsulzadə kimi Ü.Hacıbəylinin də elm, maarif və məktəb məsələləri barədəki fikirlərinin məğzini millilik, varislik, xəlqilik və müasirlik təşkil edirdi. O da, təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət konsepsiyasının yardıcılarından idi.

Hörmətli alim, dosent Ə.Quliyevin “Üzeyir bəy Hacıbəyli böyük maarifçi-pedaqoq və ziyalı kimi” adlı yazısında qeyd etdiyi sayaq, “…millətin tərəqqisi və oyanışında, milli dirçəliş və özünüdərk hisslərinin yaranmasında, xalqın mədəni yüksəlişində maarif, təhsil, elm və mədəniyyətin müstəsna rolunu, milli istiqlala aparan yolun məhz xalqın maariflənməsindən keçdiyini” yaxşı bilən Üzeyir bəy maarifsizliyi və savadsızlığı çox qorxulu hal hesab edirdi. Deyirdi ki, "Bir yerdəki elm və maarif olmadı, orada zülm və istibdad hökm-fərma olar….Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim  üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu…Cəmaətimizin başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir. Bu bəla və müsibətlərin törəməsi isə elmsizliyin ucundandır….Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri-maarif və təmimi-mədəniyyət (maarif və mədəniyyətin yayılması)  üçün yeganə vasitəmiz bir bu təriqdir (yoldur)...".

Ü.Hacıbəyli “İkinci il”, “Məktəb məsələsi”, “Müəllim içtimaiyyəti haqqında” və s. məqalələrində hamılıqla ümumtəhsil hüququnu müdafiə edirdi.

Professor Ə.H.Həşimovun “qabil müəllim” adlandırdığı Ü.Hacıbəyli də Azərbaycan türkünün siyasi, hüquqi azadlığını mənəvi azadlıqla vəhdətdə götürür, demokratik təhsili, ana dilli, milli məzmunlu tərbiyə və ümumbəşəri dəyərli təlim üzrə qurulan məktəbi bunun üçün mühüm vasitə hesab edirdi.

Ü.Hacıbəyli  ali təhsili, o cümlədən ana dilli ali təhsili də vacib sayırdı. O, 1909-cu ildə “Tərəqqi” jurnalında bu barədə belə yazırdı: “Bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır, əks surətdə camaatımızın halı yaman olar, ayaq altında qalarıq, məhv və nabud olarıq…”.

 

Növbəti yazıda Üzeyir bəyin ana dilli məktəb və dərsliklər barədə fikir və düşüncələrini diqqətinizə catdıracayıq.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Bazar ertəsi, 10 Fevral 2025 08:32

“Bir Ulduz Yandıqca" - REPORTAJ

Şəhid Aslan Rzayevin cənnətdəki doğum gününə həsr edilmiş tədbir

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

C. Cabbarlı adına 187 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində adının mənasını dərk edərək adına layiq olan, cəsur, qorxmaz, rəşadətli şəhid Aslan  Rzayevin mövlud günü münasibətilə "Bir Ulduz Yandıqca" adlı tədbir keçirilib. 

 

Tədbiri təşkil edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Babayeva idi.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra isə bütün tədbirlərimizdə olduğu kimi şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər.

Bu məktəbin məzunu, hazırda BDU-nun Jurnalistika fakültəsinin tələbəsi,BDU könüllüləri jurnalistika fakültəsinin idarə heyətinin üzvü, "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı olan bəndəniz - Nigar Həsənzadə də tədbirdə "Qəhrəmanımızı Tanıyaq " başlıqlı çıxışını təqdim etdi. 

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (Asəf Zeynallı adına musiqi məktəbi) tələbəsi Bəşirzadə Yaşar da bu tədbirdə kamançada ifası ilə çıxış etdi. 

Tədbirin hazırlanması və təqdimatında məktəbin iştirak edən şagirdlərini təqdim edim:

Fatimə Abdullayeva (aparıcı)

Nihad Quliyev (çıxış)

Məmmədova Xumar (səhnəcik – şəhidin həyat yoldaşı rolu)

Soltanlı Fatimə (şeir)

Aslanova Zəhra (şeir)

Sadıqova Zəhra (ifa)

Babazadə Rüfət (kompozisiyada rol)

Rüstəmov Eltun (şeir)

Ramal Səmədov (səhnəcik – şəhid rolu)

Kənan Məmmədov (şeir)

 

Tədbirin gedişatında məktəbin 2A sinfinin "Sülh" və 6A sinfinin "Zəfər" mövzusuna aid rəqs kompozisiyası təqdim edildi. 

Sadıqova Zəhranın Özlem Üngörün "Şəhidim, Rahat Uyu" mahnısını canlı ifası tədbirin gedişatında öz möhtəşəm təsirini göstərdi. 

Daha sonra isə şəhid Aslanın müəllimləri Gülnarə Məmmədova və Zülfiyyə Quliyeva onun haqqında xatirələrini bölüşdü.

Həmçinin qazilər, şəhidimizin döyüş yoldaşları, məktəb və universitet yoldaşları da tədbirdə iştirak etdilər, çıxış etdilər.

Şəhidin valideynləri Süleyman Rzayev və Hafizə Rzayeva da qəhrəman oğulları haqqında qürurla fikirlərini bildirdilər.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova da çıxışında Aslanın qəhrəmanlığından fəxrlə danışdı, valideynlərinə səbir arzuladı.

Daha sonra isə söz şəhid ailələrinə daim dəstək olan Vəfa Rzayevaya verildi.

Şeirlər, səhnəciklər isə tədbirə xüsusi rəng qatdı.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq, fevralın 8-də Qəbələ Mədəniyyət Mərkəzində Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək balet janrının tarixi barədə qısa məlumat verib.

Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə deyib: “Qəbələ şəhərində keçirilən festivalda ilk dəfədir çıxış edirik. Çox həyəcanlıyıq. Bakı Xoreoqrafiya Akademiyasının “Qış nağılı” festivalına öz hədiyyəsi var. Biz çox çalışdıq. Ümid edirik ki, konsertimiz tamaşaçıların xoşuna gələcək”.

Konsertdə akademiyanın şagird və tələbələrinin ifa etdikləri Ü.Hacıbəylinin “Koroğlu” operasından “Qızların rəqsi”, “Cəngi”, P.İ.Çaykovskinin “Şelkunçik” baletindən vals, Şəkər pərisinin variasiyası, S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Niyazinin “Qaytağı”, F.Əmirovun “Azərbaycan kapriççiosu”ndan fraqment, Q.Qarayevin “Yeddi gözəl” baletindən “Lirik rəqs”, “Adagio”, “Gözəllər gözəlinin rəqsi” və digər xoreoqrafik kompozisiyalar, gürcü, özbək rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Mədəniyyət naziri Adil Kərimli Astanaya səfəri çərçivəsində fevralın 7-də Beynəlxalq Türk Akademiyasının (BTA) qərargahında olub və qurumun prezidenti akademik Şahin Mustafayevlə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı 

Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar akademiyanın binasında yaradılmış şəraitlə və muzeylə tanış olublar. 

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı ilə əlaqədar Astanada səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər türk respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Söhbət zamanı Şahin Mustafayev BTA-nın əsas fəaliyyət istiqamətləri və hazırkı layihələri barədə məlumat verib. 

Adil Kərimli BTA-nın Türk dünyasının inkişafına xidmət edən əhəmiyyətli layihələrini, o cümlədən türk mədəniyyəti, irsi və tarixi ilə bağlı həyata keçirdiyi tədqiqatları yüksək qiymətləndirib. O, 2023-cü il oktyabrın 13-də Şuşada keçirilən və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda BTA-nın “Türk dünyasının ortaq kökləri və tarixi-mədəni irsi” mövzusunda panel iclasının təşkilinə dəstək verdiyini vurğulayıb. Nazir, həmçinin bu il Özbəkistanda keçirilməsi planlaşdırılan II Türk Dünyası Mədəniyyət Forumunun təşkilində BTA ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarını da fəal iştiraka dəvət edib.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.