Super User

Super User

Cümə, 06 Fevral 2026 14:32

Qaratel Azəri kimdir?

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Qaratel Azəri - taleyini sözə, sənətə və sevgiyə bağlayan, yaşadıqlarını poeziyanın və nəsrin işığında danışan qadın yazarlarımızdandır. O, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şairə, nasir, səhnə və söz adamıdır.

 

Qaratel Fərman qızı Qurbanova Qubadlı rayonunun Qaracallı kəndində dünyaya göz açıb, uşaqlıq və gənclik illərini Aşağı Həmzəlli kəndində keçirib. Qubadlının Çaytumas kənd səkkizillik, Xanlıq kənd tam orta məktəblərində təhsil alıb. Sonralar həyat yolu onu Sumqayıt şəhərinə gətirib və ömrünün böyük bir hissəsi bu şəhərlə bağlanıb.

Sənətə yolu kinodan düşüb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino aktyorluğu sənətinə yiyələnib. Onun müəllimləri Azərbaycan səhnə sənətinin görkəmli simaları - Xalq artisti Adil İskəndərov, Kamil Rüstəmbəyov, Muxtar Manıyev və başqaları olub. 1973-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında köməkçi aktrisa kimi fəaliyyətə başlayıb. Üç uşağın anası olmaq məsuliyyəti onu uzun qastrol səfərlərindən uzaq salsa da, teatrla bağını qoparmayıb. Rejissor assistenti kimi səhnə arxasında sənətə xidmətini davam etdirib.

1997-ci ildə müəyyən səbəblərlə teatrdan ayrılıb. Lakin Qaratel Azəri sakit dayanmağı bacarmayıb. İçində illərlə yığılıb qalan sözlər, hisslər, yaşantılar onu qələmlə üz-üzə gətirib. Əvvəllər yalnız özü üçün yazdığı şeir və bayatıları üzə çıxarmağa çəkinirdi. Sonra dostlarının təkidi ilə yazılarını Qubadlıdan olan şair-jurnalist Qafqaz Əvəzoğluna təqdim edib. Elə bu tanışlıqdan sonra onun yaradıcılığı oxucu ilə görüşməyə başlayıb. Qafqaz Əvəzoğlunun təsisçisi və baş redaktoru olduğu “Sözün sehri” qəzetində şeir və bayatıları müntəzəm dərc olunub.

2014-cü ildə ilk şeirlər kitabı olan “Xəyallarla keçən ömür” işıq üzü görüb. Ardınca 2016-cı ildə “Mən də bu ünvana gəldim” kitabı çap olunub. Kitaba ön sözü filologiya elmləri doktoru, professor Vaqif Yusifli yazıb və Qaratel Azərini çağdaş qadın yazarları arasında fərdi deyim tərzi, həyata özünəməxsus baxışı ilə seçilən şairə kimi dəyərləndirib.

2018-ci ildə nəşr olunan “Dünya kimə qal dedi ki...” kitabına isə filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Avtandil Ağbaba ön söz yazıb. O, Qaratel Azərinin poeziyasında daxili hisslərin təbii, zorlanmamış şəkildə ifadə olunduğunu vurğulayıb, məhəbbətin “şirin ağrı-acılarının” ağ vərəqlərə hopduğunu qeyd edib.

2021-ci ildə işıq üzü görən “Gözlərimi sənsizliyə öyrətdim” kitabı da yenə Vaqif Yusiflinin dəyərli fikirləri ilə oxucuya təqdim olunub. Professor Qaratel Azərinin artıq müasir poeziyada öz imzasını tanıtdığını, fərdi üslubunu formalaşdırdığını və lirik nəğmələr müəllifi kimi seçildiyini vurğulayıb.

2023-cü ildə isə müəllif nəsrdə də sözünü deyib. “Haşıyələrdən boylanan sevgi” adlı povesti oxucular tərəfindən maraqla qarşılanıb. Birnəfəsə oxunan bu əsər insan talelərinə güzgü tutur, həyatın görünməyən haşiyələrindən boylanan hissləri işıqlandırır. Burada aydın olur ki, sənədlə adı Qaratel olan xanımı uşaqlığında Şərqiyyə adı ilə çağırıblar. O, keşməkeşli həyatında üzləşdiyi hadisələri bu xatirə-povestində olduğu kimi, ibrətamiz şəkildə əks etdirib. Nəticə etibarilə, müəllif çoxlu haşiyədən ibarət ömür hekayəsi ilə oxucuya özünü daha yaxından tanıda bilib.

2025-ci ildə çap olunan “Sevgi bir oddur ki...” kitabı isə Qaratel Azərinin yaradıcılıq fəlsəfəsini bütövlükdə ifadə edir. Müəllifin öz sözləri ilə desək, sevgi varsa, yanmaq da var. Yəni, ata-ana sevgisi, övlad sevgisi, Vətənə, torpağa, yara məhəbbət varsa, odda yanmalısan. Odsuz sevmək mümkün deyil.

Bəli, həyat bu dəyərli qələm sahibinə iki oğul, bir qız, beş nəvə və iki nəticənin də sevincini bəxş edib. Bu sevinc onun sözünə istilik, qəlbinə dözüm qatıb.

Qaratel Azəri üçün söz - sadəcə ifadə vasitəsi deyil, yaşanmış ömrün, yanmış qəlbin, susmayan ruhun səsidir. Onun yaradıcılığı da elə bu səsin oxucuya ünvanlanan səmimi etirafıdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" adlı layihə çərçivəsində yeni kitab çap olunub.

"Qəlb cəbhəsi" adlanan kitabda 44 günlük Vətən müharibəsinin iştirakçısı yazarların bədii yaradıcılıq örnəkləri toplanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına layihə rəhbəri İntiqam Yaşarın verdiyi məlumata görə "Elm və təhsil" nəşriyyatında çap olunan kitabın eksperti şair-publisist, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru DGTYB-nin İdarə Heyətinin üzvü, gənc türkoloq Məleykə Mirzəli, tərtibçiləri və dizayneri DGTYB İdarə Heyətinin üzvləri Ayşən Rəhim, Şükür Əli və Sərvər Kamranlıdır. Kitabın qarşıdakı günlərdə Bakıda, Qubada və Sumqayıtda geniş ictimaiyyətə təqdimatı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Dünyaca məşhur Sorbon Universitetində oxuyan Qərbi azərbaycanlımız...

Məhəmməd Hacı oğlu Məhərrəmov (1895, İrəvan quberniyası, Qəmərli – 1982, Paris) Azərbaycanın milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olmuşdur. O, 1904–1914-cü illərdə İrəvan gimnaziyasında təhsil almış, daha sonra Sankt Peterburq və Moskva universitetlərinin Tibb fakültələrində, 1924–1927-ci illərdə isə Sorbon Universitetinin maliyyə-iqtisad fakültəsində təhsilini davam etdirmişdir...

 

1917-ci il Fevral inqilabından sonra Məhərrəmov təhsilini yarımçıq qoyaraq Tiflisə dönmüş və burada “Hümmət” sosial-demokrat təşkilatına üzv olmuşdur. 1917-ci ilin noyabrında İrəvan quberniyasından Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmiş, daha sonra Müsəlman sosialist blokunu təmsil edərək Zaqafqaziya Seyminin üzvü olmuşdur. 1918-ci il 26 may tarixində Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra Azərbaycan Milli Şurasının tərkibinə daxil edilmiş, istiqlal bəyannaməsinin qəbulunda iştirak etmişdir. Milli Şuranın qərarına əsasən (19 noyabr 1918) seçkisiz Azərbaycan Parlamentinə daxil edilmiş və burada sosialist fraksiyasını təmsil etmişdir.

1918-ci il 28 dekabr tarixində Azərbaycan Hökumətinin Parlament və Ağsaqqallar Şurasının birgə iclasında Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin müşaviri təyin olunmuşdur (Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli ilə birlikdə).

1920-ci il Aprel işğalından sonra Məhərrəmov vətənə qayıda bilməmiş, Fransada qalmış və Sorbon Universitetində iqtisadiyyat sahəsində ali təhsilini tamamlamışdır. 1927-ci ildən bank sektorunda fəaliyyət göstərmiş, daha sonra isə XVIII–XIX əsr fransız ədəbiyyatı üzrə bukinist mağazası açmışdır.

İkinci Dünya Müharibəsindən sonra vətənə dönmək ümidini itirən Məhərrəmov 1948-ci ildə Fransa vətəndaşlığını qəbul etmişdir. O, xüsusilə bibliofil və antikvariat mütəxəssisi kimi tanınmışdır. 1960-cı illərdə Gertsenin Londonda çap olunmuş “Kolokol” jurnalının nadir komplektini və eyni müəllifin İsveçrədə işıq üzü görmüş nadir külliyyatını Moskvadakı keçmiş Lenin kitabxanasına bağışlamış, bunun üçün “Drujba” cəmiyyətinin xüsusi mükafatına layiq görülmüşdür. Bununla da sovet dövlətindən, birnöv, bəraət almışdır.

Məhərrəmov 1972 və 1975-ci illərdə Bakıya səfər edərək şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdır. O, 1919-cu ilin aprelində İstanbuldan Parisə yola düşən Azərbaycan Nümayəndə Heyətinin həyatda qalan son üzvü olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Unutmuşam, hansısa bir ölkədə opera və baletteatrının qarderobçusu belə bir fikir söyləyib: “Baletə demək olar, həmişə eyni adamlar gəlirlər. Əksəriyyət üçünsə ya balet anlaşılmazdır, ya da mənasız məşğuliyyət”.

Çox təəssüf ki, bu cür gözəl incəsənət sahəsi tamaşaçı auditriyası qazana bilmir…

 

Bu gün tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundovanın anım günüdür.

O, 7 avqust 1931-ci ildə Bakıda anadan olub. 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib. Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları:

- Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev)

- Gülşən ("Gülşən", S. Hacıbəyov)

- Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli)

- Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov)

- Zarema ("Baxçasaray fontanı", B. Asafyev)

- Jizel ("Jizel", A. Adan)

 

Həyat yoldaşı Maqsud Məmmədovla Azərbaycan Opera və Balet Teatrında birgə çıxışları:

- "Xəzər balladası" (1968, T. Bakıxanov)

- "Qobustan kölgələri" (1969, F. Qarayev)

- "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev)

- "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev)

- "Babək" (1986, A. Əlizadə)

- "Şelkunçik" (1988, P. Çaykovski)

 

Habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" baletlərinin quruluşunu verib. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.

 Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoyub.

"Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilib və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoyub (M. Məmmədovla birgə).

 

Filmoqrafiya

- Doğma xalqıma

- Abşeron ritmləri

- Dədə Qorqud

- Qərib cinlər diyarında

- Qayınana

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. "Şərəf nişanı" ordeni

4. Azərbaycan Respublikasının "Şöhrət" ordeni

5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Uzun sürən xəstəlikdən sonra baletmeyster Rəfiqə Axundova 6 fevral 2024-cü ildə 92 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Cümə, 06 Fevral 2026 10:29

Kiçik kəndin böyük dühaları

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu kənddən dahi Səttar Bəhlulzadə çıxıb, dahi Ramiz Rövşən çıxıb. Eləcə də o, Ağaxan Abdullayev bu kənddən çıxıb. Bir rəssam, bir şair, bir müğənni...

 

Ağaxan Abdullayev 6 fevral 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958–1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil alıb. 1969–1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində Nəriman Əliyevin sinifində təhsil alıb.

1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

 

“Atam adətən ad günlərini təmtəraqla qeyd etməyi xoşlamazdı. Amma biz evdə onun üçün ad günü məclisləri qururduq. Bu, hər halda onun ürəyincə olurdu. Atamın 65 illiyi xatirəmdə bir qədər kədərli qalıb. Həmin gün biz Türkiyədə idik. Atam həkim qəbulunda idi. Yerli telekanallardan biri Ağaxan Abdullayevin 65 illik yubileyi ilə bağlı veriliş hazırlamışdı. Atamla birlikdə Türkiyədə həmin verilişi izlədik. Təsirli ad günü idi”.

Oğlu Xoşbəxt Abdullayevin sözləridir. Atasının yolu ilə gedib müğ\ınnilik sənətini seçən oğul  daha sonra deyir:

“Sənətkar kimi kimsə darıxa bilər. Amma mənim valideynim olduğu üçün elə gün yoxdur ki, onu yada salmayım. Hər gün ürəyimdə onunla danışa-danışa yaşayıram. Kim valideyn itiribsə, başa düşür ki, bu itki nə deməkdir. Böyüyümü, arxa-dayağımı itirmişəm. Atam hər zaman qəlbimdədir. O, mehriban ata olub. Bizə düzgün tərbiyə verib. Bu gün el-oba arasında hörmətimiz varsa, ona borcluyuq”.

 

Filmoqrafiya

1. Ver sözə ehya ki... (film, 1989)

2. Dağıdılmış körpülər (film, 1996)

3. Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film)

4. Küçələrə su səpmişəm (film, 2004)

5. Ağaxan (film, 2006)

6. Bakı bağları. Nardaran (film, 2007)

7. Biz qayıdacağıq (film, 2007)

8. Biz qayıdacağıq (veriliş, 2007)

9. Muğam (veriliş, 2007)

10. Əslində Ağaxan Abdullayev (2005)

 

Mükafatları

1. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 3 fevral 1993

2. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998

3. "Humay" milli mükafatı — 2002

4. "Şöhrət" ordeni — 3 fevral 2010

5. "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2015

 

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yaradıcılığında fəlsəfi və dərin mənaların təlqininə şahid olduğumuz sənətkar Ağəli İbrahimovun əsərləri onun həqiqətə baxış tərzi və ruhani aləminin kəsişməsini simvolizə edir. Axı incəsənət mahiyyətcə fəlsəfidir… Hər hansısa bir sənətkarın fəlsəfi-estetik baxışları nə qədər qabaqcıl olsa, sənət aşiqlərinin ondan ilham alması, təsirlənməsi bir o qədər mümkün olacaqdır.

 

Bu, həm sənətkarın həm də sənət ilə yaxından məşğul olan bir kəsin fərdi bir şəkildə, sosial inkişafını və tərəqqisini təmin edəcəkdir. Odur ki, fəlsəfə ilə sənətin qovuşduğu nöqtədə ən əsas dayanan həmin kəs məhz rəssamdır. Ağaəli  İbrahimov 6 fevral 1946-cı ildə Bakıda anadan olub. Öncə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, daha sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini tamamlayıb.

1986-cı ildən beynəlxalq sərgilərdə iştirak etməkdə olan rəssamın əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. Xalq rəssamı (2007) Ağəli İbrahimov Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsini icra etməkdədir. Ağəli İbrahimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

 

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimov müsahibələrindən birində öz sənət kredosunu belə izah edib:

-45 illik yaradıcılıq dövrünüzdə ilk fərdi sərginizin təşkil olunması nə ilə əlaqədardır?

+Bu sərgini keçirilməsini Mədəniyyət və Turizm Nazirliyi 65 illik yubileyimə həsr ediblər. Onu da qeyd edim ki, bu mənə qalsa idi, sərgimin keçirilməsi hələ də qalacaqdı.

-Sərginin vaxtının uzadılması sizi sevənlərin sayının çox olması deməkdir...

+Bəlkə də hə. Bütün dostlarım, ziyalılar, hətta xarici ölkənin vətəndaşları da bu sərginin açılışında iştirak etdilər. Bununla yanaşı, ən çox ona sevindim ki, burada cavanlar çoxluq təşkil edirdi. Onu da səmimi deyim ki, sərginin bu cür yüksək səviyyədə keçirilməsini gözləmirdim. Hər zaman çalışmışam ki, əsərlərimdə səmimi olum. Hər bir əsərimdə qəlbimin və ruhumun bir parçası var. Bəlkə də əsərlərimdəki səmimilikdən irəli gəlirdi ki, sərgimə bu qədər insan gəlir.

-Sizinsərgilərinizdə deməkolarki, daha çoxdinimövzularvar, bunə ilə bağlıdır?

+Bütündünyavə insanAllahınadı ilə qurulub. Müəyyən dəyərlər var ki, onlar ömrü boyu yaşayır. Əsərlərimdə şeytan, insan və digər məxluqların varlıqları əks olunub.

-Bəzi insanlar hesab edirlər ki, rəssamlara diqqət daha azdır. Bəlkə də sizin sərginizdən sonra belə düşünülməz...

+Əgər bu sahəyə diqqət az olsa idi, o zaman son illərdə Azərbaycanda çoxlu sayda qalereyalar açılardı? Elə bir gün yoxdur ki, mədəniyyət və incəsənət sahəsində tədbirlər olmasın. Hətta elə olur ki, gün ərzində 3-4 sərgi olur.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi Nigar Hətəmova onun haqqında belə deyir: “Ağəli İbrahimov həm də bugün sənətin gələcəyi üçün ən ehtiyac duyduğumuz “hobbini” də icra edən, zövqlü kolleksionerlərdən biridir. Mahir fırça ustası Ağəli İbrahimovun yaradıcılığında ən mühüm prinsip “mühafizəkarlıq”dır. Beləki, bu ifadə mahiyyətcə milli təsviri sənətin ənənələrini və klassikasını özündə kəsb edir. Rəssam klassikaya öz yanaşmasını qatır, keçmişə ilişib qalmadan, sənət naminə üzünü gələcəyə çevirir”.

 

Müsahibələrində Ağəli İbrahimov həm də öz yaradıcılıq sirrini bölüşür:

-Şah əsərinizi yaratmısınız? yoxsa hələ yaratmaq arzusundasınız?

+Hollandiya rəssamı Van Qoqun bir sözü var ki, hər zaman mənim yadımdadır. O deyib ki, ən gözəl əsərlər rəssamlarla ölür. 1974-cü ildə yaratdığım "Avtoportret" əsərimi yaradıcılığımda şah əsərim kimi hesab edirəm.

-Hər hansı bir əsərin gözəl çıxması üçün əhval- ruhiyyənin də xüsusi önəmi var?

+Əlbəttə ki önəmi var. Misal olaraq bizim dövlətimizdə olan problem var ki, onlar insana bu sahənin insanlarına təsir edir. Xalqın başına gələn o qədər bəlalar sənətkarı lap ağladır. Belə mövzular hər zaman əsərlərimdə öz əksini tapır. Bütün bu hadisələrə görə uzun müddət özümə qapanmışdım.

-Bir sənət əsəri yaratmaq üçün rəssama nə qədər vaxt lazımdır?

 

+Elə bir əsər olur ki, onu 1 ilə, eləsi də var ki 6 aya hazır olur. Mən əsərlərimi yaradarkən sanki onları özüm dünyaya gətirirəm. Elə an ola bilər ki, gecə oturan zaman hər hansı bir əsəri işləyə bilərəm. Elə əsər də var ki, mən onu 20-30 ildir ki, öz daxilimdə yaşadıram.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan teatr, kino sənətinin inkişafında müstəsna xidməti olan sənətkarlarımızdan biri də görkəmli teatr, kino xadimi, Respublikanın Xalq artisti, aktyor, rejissor Lütfi Məmmədbəyovdur.

 

Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib.

 Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik edib. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirib.

1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib.

Televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru o cümlədən “Göz həkimi”, “Yağışdan sonra”, “Səninlə sənsiz”, “Yad qızı” kimi əsərlərin rejissoru olub. Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Səhər”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb

Lütfi Məmmədbəyov respublikada televiziya serialları çəkən ilk rejissordur. Rejissor 1993-cü ildə yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” əsəri əsasında 12 seriyalı filmə quruluş verib. Daha sonra 6 seriyalı “Dodaqdan qəlbə” (1998), yenə də 6 seriyalı “Yağışdan sonra” (1998) seriallarını çəkib.

 

Filmoqrafiya

- Ağasadıq Gəraybəyli

- Alov

- Atayevlər ailəsi

- Bəxtiyar

- Duel

- Göz həkimi

- İtkin gəlin

- Kişilər

- Qızmar günəş altında

- Leyli və Məcnun

- Mehmanxana sahibəsi

- Mücrü

- O olmasın, bu olsun

- Yağışdan sonra

- Həmyerlilər

- Sarıköynəklə Valehin nağılı

 

Mükafatları

- Azərbaycan SSR əməkdar artisti

- Azərbaycan Respublikasının xalq artisti

- "Şöhrət" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- "Qızıl Dərviş" mükafatı laureatı

 

Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə Bakıda vəfat edib. Allah rəhmət eləsin!

Ağdaşda onun ev muzeyi görəsən fəaliyyət göstərirmi? Əgər göstərmirsə, məncə, ağdaşlılar bu barədə çoxdan düşünməli idilər...

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

İnci Məmmədzadə

Cümə, 06 Fevral 2026 08:03

Xalq artistinin Xalq artisti oğlu

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Uşaqlıq illərini teatrın səhnəsində keçirən Rövşən sonradan elə valideynləri kimi ömrünü də böyük səhnəyə bağlayıb. 

Azərbaycan Respublikasının xalq artisti Rövşən Hüseynov 1954-cü il fevralın 6-da Naxçıvanda sənətkar ailəsində doğulub. Anası xalq artisti Sofiya Hüseynova, atası uzun illər Naxçıvan teatrında inzibati işlərdə çalışan Maqsud Hüseynov balaca Rövşəni sərbəst böyüdüblər. 

 

Uşaq ikən müəyyən epizodlarda çıxış etsə də, 1968-ci ildən, yəni 14 yaşından teatrın truppasına aktyor kimi  qəbul edilib. Sözsüz ki, istedadı nəzərə alınmaqla. Azərbaycanda tanınan təcrübəli rejissorlar Baxşı Qələndərli, Vəli Babayev, Miribrahim Həmzəyev kimi sənətkarların quruluş verdikləri tamaşalarda bundan sonra gənc Rövşənin özünəməxsus rollar silsiləsi başlayır.

1968-ci ildə Süleyman Sani Axund­ovun “Laçın yuvası” əsərində Səfərlə başlanan rollar qalareyası Andrey Makayonkun "Tribunal" tragi-komediyasında oynadığı Volodka, Konstantin Simonovun "Dördüncü" pyesində Bonor, Georgi Xuqayevin "Mənim qaynanam" komediyasında Elburus, Lope de Veqanın "Bostan iti" pyesində Miranov, Şıxəli Qurbanovun "Sevindik qız axtarır" pyesində Çingiz, Hüseyn Cavidin "Şeyda" faciəsində Şeyda, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Bəhram, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərində Toxtamış kimi obrazlarla zənginləşdi. 

Ən başlıcası odur ki, oynanılan rolların əksəriyyəti baş qəhrəmanlardır. Bu obrazların hər biri də özünəməxsus xarakter cizgiləri ilə yaddaqalan şəkildə və bir-birini təkrar etmədən yaradılıb. Və bu rolların əksəriyyəti komediya qəhrəmanlarıdır. Əslində, Rövşən Hüseynov çox ciddi aktyordur. Elə buna görə də, onun oynadığı komik obrazlar ciddiliyi ilə seçilir. 

Amma tarixi dramlar, faciələrdə yaratdığı obrazlar da onlardan geri qalmır. Rövşən Hüseynov əsl aktyordur, yəni onun üçün əsas səhnədəki obrazın canlandırılması, xarakterinin açılmasıdır, bir də hər şeyi olduğu kimi yaşamaq. Komediya və ya faciə isə aktyorun yaratdığı obrazın düşdüyü mühitin diktəsi ilə yaranır.

 

Yaratdığı obrazlara görə dövlət səviyyəsində bir çox mükafatlar alıb. Ən ümdəsi isə “Xalq artisti” fəxri adına layiq görülüb. Rövşən müəllim, son illər özünü rejissor kimi  sınaqdan keçirib. Nəticədə, Həsən Elsevərin “Koroğlu nəsli”, İsgəndər Coşqunun “Ana laylası” əsərləri əsasında uşaq və yeniyetmələr üçün hazırlanan maraqlı, dinamik tamaşalar yarandı.

 Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi”, İlyas Əfəndiyevin “Hökmdar və qızı”, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”, İslam Səfərlinin “Göz həkimi” əsərləri onun rejissor fantaziyasından keçərək tamaşaçıya təqdim edilib.

 

Aktyor kimi oynadığı tamaşalar

- "Tribunal" Traki (A.Makayonk) — Volodka

- Dördüncü (K.Simonov) — Bonor

- Mənim qaynanam (G.Xuqayev) — Elburus

- Bostan iti (Lope de Veqa) — Miranov

- Sevindik qız axtarır (Ş.Qurbanov) — Çingiz

- Şeyda (H.Cavid) — Şeyda

 

Rejissor kimi quruluşu verdiyi tamaşalar

- Koroğlu nəsli (H.Elsevər)

- Sehirli yaylıq (V.Qubarev)

- Ana laylası (İ.Coşqun)

- Hökmdar və qızı (İ.Əfəndiyev)

- Göz həkimi (İ. Səfərli)

- Qaravəlli (Anar)

- Yazığam sevmə məni (Ə. Əylisli)

- Vəzifə (Ə. Əylisli)

- Qız atası (Ə. Əsgərov)

- Həmyerliləri (A. Məmmədov)

 

Filmoqrafiya 

- Babək filmi

- Doğma sahillər 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Başlığa çıxardığım "Neçə yaşında olursan ol, öyrənmək gec deyil” cümləsini eşitdikdə, ürəyimizdə bir tərpəniş hiss edirik, elə bil uzun müddət gözləyən bir toxum nəhayət kök atmaq üçün bir az işıq tapıb. Ancaq sonra, dərhal arxasından, o ağır, qaranlıq pərdə ürəyimizə enir...

 

"Bəs ya mən? Mənim üçün artıq gec deyilmi? O saat artıq çalmadımı?" Bu sual, müasir dünyanın ən məkrli illüziyasıdır. O bizi bir cib saatı kimi təsəvvür etməyə məcbur edir. Sanki hər bir dişli, hər bir tiktak, həyatımızın sabit bir proqramını işlədir və biz "düzgün" anı qaçırırıq. Bütün həyatımızı, keçmişin böyük "əgər"ləri və gələcəyin "bəlkə"ləri arasında, indikinin dar zolağında gəzməyə məhkum edir.

Amma dostum, yanılırıq. Biz saat deyilik. Biz dənizik. Bir düşün. Bir dəniz üçün "gec" deyə bir an varmı? Bir dalğa üçün yeni bir sahilə çatmaq vaxtı keçə bilərmi? Beş yaşında bir uşaq əlifbanın sirrlərini açanda, doxsan yaşında bir nənə nəvəsinin üzünə baxıb sevginin sonsuzluğunu yenidən kəşf etdiyi zaman, onlar eyni dənizdən gələn, ancaq müxtəlif sahillərə çatan dalğalardır. Hər yaş, dənizin yeni bir dərinliyidir. Uşaqlıq səthin parlaqlığını, gənclik dalğaların gücünü, orta yaş axınının müdrik istiqamətini, yaşlılıq isə bütün o dalğaları bağrında saxlayan okeanın sükunətini öyrədir.

 Öyrənmək gec deyil. Çünki öyrənmək, var olmağın özünün nəfəs alıb verməsidir. Beynimizdə milyardlarla neyron, hər yeni fikir, hər yeni duyğu, hər yeni toxunuşla aralarında yeni körpülər, yeni şəhərlər salmaq üçün həyəcanla gözləyir. Biz onlara yaşımızı deyəndə, onlar anlamır. Onlar yalnız bir şeyi bilir. Elektrik impulsları, maraq, mövqe. Onlar üçün, altmış yaşında başlanan rəssamlıq dərsi ilə altı yaşında başlanan oxuma dərsi eyni qaydada işləyir, yeni bir yol salmaqla. Yaş, bu yolların üstünə düşən yarpaqlar deyil, onların altındakı daşdır. Köklərin daha möhkəm sarılmasına kömək edir. Bəs onda nə üçün bu qədər ağır gəlir? Niyə hər yeniliyin qapısı "Artıq gecdir" deyə bir keşikçi dayanır?

 Çünki ən çətin öyrənilən dərs, öyrənmək istəyimizi itirdiyimiz dərsdir. Bu, bir yaranın qabıq bağlaması kimi deyil. Bu, qəlbimizin ətrafına hördüyümüz bir qaladır. Həyat bizi incitdi  sevgidən, uğursuzluqdan, rədd olunmaqdan, itkidən. Və biz qərar verdik ki, bir daha heç vaxt o qədər açıq, o qədər duyğulu, o qədər istəkli olmayaq. Yenidən başlamaq, yenidən ümid etmək, yenidən istəmək... Bu, qaladan çıxıb yenidən müdafiəsiz döyüş meydanına qayıtmaq kimi gəlir. Orada olan ağrını xatırlayıb, qapını bağlayırıq və açarı atırıq. Yenidən öyrənmək istəməmək.. Bu, özümüzə qoyduğumuz ən ağır cəzadır.

 Ancaq bax, burada sirr var. O uşaq, o ilk dəfə dünyanı heyrətlə soruşan, parlaq gözlü varlıq, heç vaxt getmir. O, sadəcə qalanın dərinliklərində, qaranlıq bir zindanda yatır. Və hər dəfə ki, "Bəs ya mən? Gec deyilmi?" deyə soruşuruq, əslində onun zindanın qapısına vurduğu zəif bir səsi eşidirik. Ona qulaq as. O sənə nə deyir?

  O deyir ki,"Vaxt yoxdur. Yalnız mövcudluq var. Yalnız bu an." O deyir ki, "Mən beş yaşımda əllərimlə gilin necə heykəl olduğunu öyrənmək istəyirdim. Niyə indi, əllərim təcrübə ilə dolu ikən, onu etməyim qadağandır?"

  O deyir ki,"Mən on beş yaşımda şeir yazmaq istəyirdim, amma qorxdum. Niyə indi, sözlər qəlbimdə bir ömür yaşadıqdan sonra, onları kağıza köçürməyim qadağandır?"

 Yenidən öyrənmək, o uşağı zindandan azad etməkdir. Bu, onun əlinə yenidən bir oyuncaq, bir fırça, bir kitab verməkdir. Bu, ona deməkdir ki,"Gəl, birlikdə yenidən başlayaq. Sən mənə heyrəti öyrət, mən də sənə səbri."

 Beləliklə, bu gün, bu an, özünə vəd ver. Bir addım at. Bu addım nəhəng ola bilməz. O, cəld bir axtarış, kiçik bir kursun səhifəsini açmaq, bir fırça alıb bir rəngi sınamaq, bir mahnının ilk akkordunu çalmaq ola bilər. Bu, gözünü qapalı edib, qaladan ilk addımı atmaqdır. Çünki həqiqət də budur. Əsl gecikmə, dünyanın hələ də gözəl ola bileceyi fikrindən əl çəkməyimizdir. O, hələ də oradadır, bizdən gizlənmir, yalnız bizim ona uzanmağımızı gözləyir.

 Yaş bir rəqəmdir. Bir etiket, bir möhür deyil. O, gəmi göyərtəsindəki bir xətt kimidir, gəminin hara gedə biləcəyini deyil, yalnız nə qədər su keçdiyini göstərir. Və bir dəniz üçün, heç bir gəmi çox dərin deyil.

 Nəfəs al. Dalğalarının olduğunu xatırla. Və üz. Dayanmadan.. Nəfəsin kəsilənədək. Bir dahi demişdi ki, "Yaşamaq, qəbrə gözəl qorunmuş sağlam bədənlə getmək deyil. Yaraların təkrar təkrar tikildiyi, həyatda tozu dumana qatdıqdan sonra "uydaaaa mən nə yaşadım?!" deyib sonsuzadək var olmağdır." 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Cümə, 06 Fevral 2026 08:28

6 fevral, 7.7 bal və 38000 insan itkisi

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün, 6 fevral, qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələnin ildönümüdür. 2023-cü il fevralın 6-da səhər saat 04:17 və günorta 13:24-də Kahramanmaraş və ətraf 10 vilayəti güclü zəlzələlər silkələdi: səhər 7.7, günorta isə 7.6 maqnitudalı bu təbii fəlakət insan həyatına, şəhərlərə və bölgənin iqtisadiyyatına ağır zərbə vurdu. Zəlzələ yalnız binaları dağıtmadı, eyni zamanda insanların həyatında dərin sosial, psixoloji və insani travmalar yaratdı.

 

Kahramanmaraş zəlzələsi nəticəsində 38 mindən çox insan həyatını itirdi, yüz minlərlə insan yaralandı və 47 min bina ya tamamilə dağıldı, ya da ciddi şəkildə zədələndi. Həmin gün insanların yaşadığı ümid və qorxu qarışığı heç vaxt unudulmayacaq. Ailələrinin dağıntılar altında qalmasını izləyən, sevdiklərinin taleyini gözləyən insanlar Kahramanmaraş küçələrində bir işıq, bir ümid gözləyirdilər: hər xilas edilən həyat onlar üçün bir fürsət demək idi. İnsanlar düşünürdü: “Bəlkə xilas edilən mənim ailəmdəndir…”

Qışın sərt soyuğunda minlərlə insan çadırlarda qalmaq məcburiyyətində idi ki, bu da humanitar böhranı daha da dərinləşdirdi. Bölgədə təcili yardım üçün 35 min arama-qurtarma işçisi, 250 min dövlət işçisi və minlərlə könüllü səfərbər edildi. Türkiyə hökuməti dərhal fövqəladə hallar elan etdi və 10 vilayət üçün xüsusi yardım planları hazırladı. Jurnalist Fülya Öztürk isə xilasetmə proseslərini anbaan izləyicilərə çatdıraraq faciənin böyüklüyünü əyani göstərirdi.

Prezident Recep Tayyip Erdoğan qısa və uzun müddətli yardım paketlərini açıqladı:

"Zəlzələdən zərər çəkənlərə ilkin olaraq ailə başına 10 min TL, həyatını itirənlərin yaxınlarına 100 min TL maddi dəstək, bölgədən köçmək istəyənlər üçün 15 min TL daşınma və 5 min TL kira yardımı, bir il ərzində isə bütün yaşayış ehtiyaclarının qarşılanması planlanmışdır".

 

Faciə günlərindən etibarən Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında oldu. Azərbaycanın yardımı həm mənəvi, həm də maddi baxımdan böyük əhəmiyyət daşıyırdı. Kahramanmaraşda Azərbaycan Caddesi yaxınlığında “Azərbaycan Məhəlləsi” layihəsi reallaşdırıldı. Layihə çərçivəsində 1000 mənzilli müasir yaşayış kompleksi, Heydər Əliyev Mədəniyyət Mərkəzi, parklar, məktəb və digər sosial infrastrukturlar inşa edildi. Layihənin ümumi dəyəri 100 milyon dollar təşkil edir. Bu kompleks həm qardaşlıq simvolu, həm də depremzədələr üçün uzunmüddətli həyat şəraitini təmin edən bir nümunədir.

Azərbaycan Diaspora Nazirliyinin müavini Valeh Hacıyev bildirdi ki, Azərbaycan xalqı Türkiyəyə yardım üçün bir araya gəldi. Faciədən dərhal sonra Kahramanmaraş və Hatay bölgələrinə humanitar yük göndərildi. Xüsusilə soyuq qış günlərində çadırlarda qalan zərərçəkənlər üçün:

İstilik cihazları, qışlıq yorgan, elektrikli ocaklar və gündəlik ehtiyac əşyaları göndərildi.

Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraş zəlzələsinin 3-cü ildönümü ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bildirdi:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım. Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.    

Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.  

Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.  

Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.  

Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada "Azərbaycan" məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.  

  

Əminəm ki, "Bir millət iki dövlət" fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.  

Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm". 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026) 

  

  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.