Seçmə şeirlər – RƏSUL RZA, “Unutmayın” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

      RƏSUL RZA

“UNUTMAYIN”

 

Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə getdim bir yanvar axşamı.
Tabutuma ipək salmayın!
Dəfnimə toplamayın izdihamı.
Bir ovuc torpaq üstünə qoyun başımı.
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə qoyulan bir tablo olub,
nə parıltısı diqqət çəkən üzük qaşı.
Mənim sevgim sevgi idi –
sadə, yaxşı...

Mən anamın südü kimi,
atamın öyüdü kimi
sevdim bu torpağı.
Bir ovuc torpağı əsirgəməyin məndən.
Mən ancaq onu
aparacağam,
nəsil-nəsil insanlara
çeşid-çeşid nemət verən
bu vətəndən.

Mən öləndə ağlamayın!
Mən öləndə gülməyin!
Yox, nəyə gərəkdir!
Mən sağlığımda çox gülmüşəm.
çox ağlamışam.
Ancaq o həzin axşam,
məni yalqız qoyub
əbədi sükut evində,
qayıdanda geri,
açın, taybatay açın,
otağımda pəncərələri!
Çıraq yanmasın.
Səssiz çıxın otaqdan
Elə çıxın ki, sükut oyanmasın
O səssiz, o qaranlıq otaqda
dincəlsin yalqızlıq, sükut.
Dincəlsin ruhum da
Ümidimi, arzumu,
sevincimi, dərdimi
görmüş otağımda.

Ölülər geri dönə bilsəydi,
mən bu otağa gələrdim.
Burda uzun bir dəqiqə
dincələrdim.
Cənnətdə işim yoxdur.
Getmərəm, dəvət etsələr belə!
Cəhənnəmi söndürüb,
bütün ölülər ora getsələr belə...
Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm...

Vətən torpağı genişdir,
qəlbim kimi
Demirəm, Göyçayda basdırın məni
Ancaq ki, riyakar gözlərdən uzaq,
aparın, bir çayda basdırın məni!
Tabutumu örtsün sərin sular.
Qəbrimi görüb kədərlənməsin
sevinclilər, arzulular.
Qəbrimin üstündən sular çağlasın.
İnsanlar sevinsin, gülsün
işıqlı gündüzlər.
Gecələr də mənə,
yaşıl saçlarını
sulara sallayan,
salxım söyüdlər ağlasın...

1967

  

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.