Super User
Dil millətin ruhudur
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” üçün
Hər bir millətin varlığını qoruyan üç müqəddəs dayağı var: torpaq, dil və yaddaş.
Torpaq millətin bədəni, yaddaş onun hafizəsi, dil isə ruhudur.
Çünki insan dil vasitəsilə düşünür, duyur, yaradır, inanır və bir millətin fərdi olmağın şüuruna çatır.
Dilin gücü ondadır ki, o, təkcə ünsiyyət vasitəsi deyil — tarix, mədəniyyət, ədəbiyyat və mənəviyyatın daşıyıcısıdır.
Dil olmasa, xalqın ruhu lal qalar.
Bunu Azərbaycan xalqı əsrlər boyu öz təcrübəsində dərk edib, çünki dil mübarizəsi bəzən silahdan da kəskin olub.
Bu gün, XXI əsrdə də bu həqiqət dəyişməyib: millətin varlığını qorumaq istəyiriksə, dilini yaşatmalıyıq.
Dil – millətin yaddaşı
Hər bir xalqın tarixi onun dilinin qatlarında gizlənir.
Sözlər dəyişir, amma onların kökü, mənşəyi, daşıdığı mənəvi yük qalır.
Azərbaycan dili minilliklər boyu bu torpaqda formalaşmış, xalqın ağrısını, sevincini, mübarizəsini özündə yaşatmışdır.
Bir xalqın tarixini arxivlərdə deyil, sözündə tapmaq olar.
“Yurd”, “Vətən”, “Ana”, “Söz”, “İnam” kimi sadə sözlərdə yüzillərin enerjisi var.
Bu sözlər təkcə lüğət vahidi deyil — xalqın daxili aləminin portretidir.
Azərbaycan dili qədim türk kökləri üzərində formalaşaraq həm zəngin ədəbiyyat, həm də dövlət dili səviyyəsinə yüksəlib.
Bu dilin hər səsi, hər kəlməsi xalq ruhunun musiqisidir.
Dil və kimlik – ruhun səsi
Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin simvoludur.
Bir xalqın dilinə baxmaqla onun mədəni səviyyəsini, mənəvi zərifliyini, düşüncə tərzini anlamaq mümkündür.
Çünki dil — millətin necə düşündüyünü, dünyanı necə dərk etdiyini göstərir.
Dilin itməsi millətin özünü itirməsi deməkdir.
Tarixdə neçə-neçə qədim xalqlar var ki, dilləri unudulduğu üçün kimlikləri də tarixdən silinib.
Bu səbəbdən dili qorumaq millətin varlığını qorumaq deməkdir.
Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindəki o məşhur misralar bu gerçəyi ən sadə, amma ən dərin formada ifadə edir:
“Millətini sevməyən bir insan,
Sevməz anasını, sevməz Vətənini.”
Burada “ana dili” anlayışı həm bioloji, həm də mənəvi bağın simvoludur.
Ana dilinə sədaqət — Vətənə, xalqa, kökə sədaqətdir.
Azərbaycan dili – dövlətin və ruhun sütunu
Müstəqillik dövründə Azərbaycan dili dövlət səviyyəsində qorunur və inkişaf etdirilir.
Bu, təkcə siyasi qərar deyil, həm də mənəvi siyasətdir.Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında vurğulamışdı: “Azərbaycan dili bizim milli kimliyimizin, milli varlığımızın əsasıdır. Bu dili qorumaq, saflığını saxlamaq hər birimizin borcudur.”
Bu sözlər dilə yalnız elmi və ədəbi dəyər kimi deyil, ideoloji və milli sərvət kimi yanaşmanın göstəricisidir.Çünki dövlətin dili — onun müstəqilliyinin səsidir.
Ulun Öndər Heydər Əliyevin məşhur fikrini xatırlatmaq yerinə düşər: “Hər bir xalqın varlığını, milliliyini, mənəviyyatını yaşadan onun dilidir.”
Bu yanaşma müasir Azərbaycan dövlətinin dil siyasətinin fəlsəfi təməlini təşkil edir.
Məhz bu siyasət sayəsində Azərbaycan dili bu gün təhsildə, mediada, elmdə və beynəlxalq səviyyədə öz yerini möhkəmləndirib.
Dilin saflığı – mədəni məsuliyyət
Qloballaşma dövründə dillər bir-birinə qarışır, yeni ifadələr, yad sözlər, internet dili yaranır.
Bu proses təbii olsa da, ana dilinin saflığını qorumaq hər bir ziyalının və vətəndaşın borcudur.
Gənclər çox zaman “dil dəyişməlidir” deyirlər.
Bəli, dil canlı orqanizmdir, o dəyişir, yenilənir. Amma bu dəyişiklik mənanı yox, ifadəni zənginləşdirməlidir.
Əgər dilin öz ruhu, öz qaydaları pozulursa, bu artıq yeniləşmə deyil — yadlaşmadır.
Bu mənada dilin saflığı – təkcə qrammatika deyil, mənəviyyat məsələsidir.
Çünki dili pozmaq, əslində, düşüncə sistemini pozmaqdır.
Ədəbiyyat – dilin nəfəsi
Ədəbiyyat dilin ən ali ifadə formasıdır.
Əgər dil millətin ruhudursa, ədəbiyyat o ruhun danışan səsidir.
Ədəbiyyat vasitəsilə dil yalnız yaşamaqla qalmır, həm də yüksəlir.
Azərbaycan ədəbiyyatı əsrlər boyu dilimizin zənginliyini, poetik gücünü, dərin mənəvi qatlarını göstərib.
Nizami Gəncəvi, Füzuli, Xətai, Sabir, Cavid, Cəlil Məmmədquluzadə, Səməd Vurğun kimi dahilər Azərbaycan dilini sadəcə yazı vasitəsi kimi deyil, estetik aləm kimi yaşadıblar.
Bu gün də çağdaş ədəbiyyat dilin canlılığını qorumaqda mühüm rol oynayır.
Əgər bir xalqın ədəbiyyatı yaşayırsa, deməli onun dili yaradır, yəni yaşayır.
Dil tərbiyəsi – ailədən başlayır
Dil təkcə məktəbdə yox, evdə, ailədə, gündəlik sözdə formalaşır.
Uşaq ilk dəfə “ana” sözünü evdə eşidir.
Bu, yalnız bir kəlmə deyil, milliliyin başlanğıcıdır.
Əgər valideyn övladı ilə yad dildə danışırsa, onu öz kökündən uzaqlaşdırır.
Bu, bəlkə də fərqinə varılmadan edilən, amma ən ağır mədəni itkilərdən biridir.
Ona görə də dil tərbiyəsi ana laylasından, nənə nağılından, xalq mahnısından başlamalıdır.
Məktəb və universitet isə bu təməli möhkəmləndirməlidir.
Texnologiya dövründə dilin gələcəyi
Rəqəmsal əsr dil üçün həm təhlükə, həm də fürsətdir.
Bir tərəfdən, internet dilin strukturunu sadələşdirir, bəzən korlayır; digər tərəfdən, dilin təbliği üçün yeni platformalar yaradır.
Azərbaycan dilində elektron lüğətlər, tədris proqramları, ədəbi portallar, audio və video məzmunlar artdıqca, dilin yaşaması daha geniş auditoriyaya çatır.
Əsas məsələ bu məzmunun keyfiyyətidir — çünki dil keyfiyyətli sözlə yaşayar.
Əgər biz interneti dilin düşməni deyil, onun müasir səfiri kimi görsək,
onda ana dilimiz rəqəmsal çağda da öz təntənəsini qoruyacaq.
Dil və dövlətin gələcək baxışı
Azərbaycan dövləti bu istiqamətdə uzunmüddətli strategiyalar həyata keçirir.
Milli terminologiyanın yenilənməsi, dilin beynəlxalq səviyyədə tədrisi, tərcümə ədəbiyyatının genişləndirilməsi – bütün bunlar dilin qlobal səviyyədə möhkəmlənməsinə xidmət edir.
AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin dil haqqında söylədiyi fikirlər bir daha bu istiqamətin prioritetliyini göstərir: “Ana dilimizi qorumaq bizim həm borcumuz, həm də qürur mənbəyimizdir. Azərbaycan dili bu gün təkcə ölkəmizdə deyil, dünyada da eşidilən dildir.”Bu, dilin yalnız milli yox, dövlət və beynəlxalq səviyyədə strateji dəyər kimi qəbul olunduğunu sübut edir.
Dil millətin ruhudur — bu, sadəcə poetik ifadə deyil, tarixi və mədəni qanundur.
Ruhsuz bədən necə yaşaya bilməzsə, dilsiz millət də mövcud ola bilməz.
Bizim borcumuz bu dili sevmək, saflığını qorumaq, gələcək nəsillərə əmanət etməkdir.
Çünki dil – yalnız söz deyil, millətin nəfəsi, musiqisi, yaddaşı və kimliyidir.
Ana dilinə sahib çıxmaq – özünə, xalqına, dövlətinə sahib çıxmaq deməkdir.
Və bu, hərbirimizingündəlikhəyatında ənalivəzifədir.
Unutmayaq: millətdiliniqoruyursa, deməliruhuyaşayır.
“Ədəbiyyat və incəsənət”
(06.11.2025)
Dünya ədəbiyyatından seçmələr - AQRON ŞELE
Təranə Turan Rəhimli, “Ədəbiyyat və incəsənət” üçün
Dünya ədəbiyyatından seçmələr rubrikasında növbəti ədibi təqdim edirəm. Aqron Şele Belçikada yaşayıb yaradan, aktiv ədəbi fəaliyyəti ilə seçilən, çağdaş dünya mətbuatında imzası yetərincə tanınan görkəmli Alban yazıçısıdır. Yaradıcılığında poeziya ilə nəsri uğurla birləşdirən yazıçının ədəbi fəaliyyətində hər iki istiqamətin önəmli yeri var.
Aqron Şelenin həyat və yaradıcılığı barədə sizləri məlumatlandıracaq, dilimizə çevirdiyim bir neçə şeirini təqdim edəcəyəm.
Aqron Şele Belçikada yaşayıb yaradan, fəal ədəbi fəaliyyəti ilə seçilən, çağdaş dünya mətbuatında imzası yetərincə tanınan görkəmli Alban yazıçısıdır. Yaradıcılığında poeziya ilə nəsri uğurla birləşdirən yazıçının ədəbi fəaliyyətində hər iki istiqamətin önəmli yeri var. Aqron Şele 7 oktyabr 1972-ci ildə Albaniyanın Permet şəhərinin Leskay kəndində doğulub. Beynəlxalq oxucu auditoriyasının rəğbətlə qarşıladığı “Klaranın addımları”, “Boz pərdə arxasında”, “Yanlış təsvir” adlı romanların, “Günahsız keçid” adlı şeir kitabının, “Esse – I” esselər toplusunun və s. müəllifidir. Eyni zamanda “Açıq xətt – I”, “Peqasiada”, “Açıq xətt – 2” və “Galaktika Poetike ATUNİS” beynəlxalq antologiyalarının koordinatorudur. Albaniya Yazıçılar Birliyinin üzvü, ABŞ-ın Ohayo ştatında Dünya Yazıçılar Birliyinin üzvü, Qazaxıstanda Dünya Millətləri Şairləri Birliyinin üzvü və Belçikada Galaktika Poetike ATUNİS Beynəlxalq Poeziya Qurumunun prezidentidir. Onun əsərləri dünyanın bir çox məşhur qəzetlərində, nüfuzlu beynəlxalq jurnallarında, “Almanax – 2008”, “Dünya poeziya ili” (2009, 2013, 2015), İkinci genezis – 2013”, “Antologiya – Poetika” (2016) və başqa nüfuzlu antologiyalarda çap edilmişdir. O, Belçikada yaşayın yaradır və universal dəyər kəsb edən ədəbi əsərlərin nəşri ilə məşğul olur. Aqron Şele Albaniya Vətəndaş Cəmiyyətinin USAID, UNDP və UNISEF təlimləri almış ən fəal üzvüdür. Yazıçı Belçikada “Ətraf mühit və cəmiyyət”, “Uşaq və yeniyetmələr” cəmiyyətlərinin sədridir. Yaradıcılığı Albaniyada, Belçikada, İtaliyada, ABŞ-da, Meksikada və bir çox ölkələrdə ən nüfuzlu beynəlxalq ədəbi mükafatlarla dəyərləndirlimişdir.
TİRANADA PAYIZDI
Payızdı
Çaylarında su quruyan Tiranada,
Pəncərədə damlalar hey qaçışır,
Unudulmuş skamya da hər həyəcandan uzaq,
Çılpaq ağaclar yenə yol boyu vidalaşır.
Payızdı,
Göz yaşları geri qayıdır sanki,
Yada düşür unudulmuş köhnə romanslar belə,
Yenə acı dərdlərlə, yenə bəyaz şərabla
Üstümə geri dönür
Gündəliyimdəki sapsarı kağız
Payızdı,
Addımlarının izi qalır Tiranada,
Yaşıl çiçəklər içində daim çılpaq skamya,
Çiyinlər üstündən geri
atılan boş şüşədə
Dodaq izi parçaları, sevgi səması.
Payızdı,
Bu həsrət də keçib gedir deyəsən,
Boş ruhuma yenidən işıq dolacaq bəlkə,
Təzadlar çərçivəsində atılan yaşam üçün,
Bütün ölümlərə tərk edilmiş yarpaqlar üçün.
Payızdı,
Qəlbin hər döyüntüsündə
Onunçun... səninçün... və sevgi üçün,
Bu qədər hay-küyə
məruz qalandan sonra
... və payızın melanxolik pentoqrammı.
ŞƏFQƏT...!
Yarpaqlar saraldı,
skamyalar daha da tənhalaşdı.
quşlar uçub uzaqlaşdı,
və sonuncu ördəklər hələ unudulmuş parkda.
Bir qadın təbəssümü daha,
rüzgarda yellənən şərfi,
üzüntüləri
bu fəsillə barışa və
başqa nigaranlıqların səpdiyi xaosa.
Payız,
böyük xəzanların mövsümü,
hardasa yağışda göz yaşı əkər:
dərinliklərə düşən,,
sonra da şəfqətə yüksələn eşq üçün!
BİZ ŞAİRİK
Biz şairik!
...torpağın sözüyük, ağrısıyıq.
Çətin gündə ayaqdayıq
Qəfil şimşəyin quşları göylərə qaldırdığı tək.
Biz şairik!
İlham pərisiyik sözün və ruhun,
Ehtiras alovuyuq ənginliklərdə yanan,
Bir çiçəyik ən dərinlikdə açan.
Biz şairik!
Sözün və zamanın titrəyişiyik,
Payız yarpağıyıq qəsdən saralmış,
Baharda yenidən dönmüş.
Biz şairik!
Sübh çağının ilk sözüyük,
Uçaqların yanında, yerdən bunca yüksəkdə,
Sökülmüş səmanın udduğu.
Biz şairik!
Qəfil yuxuların sözüyük,
Nizamsız ulduzların qovğalarıyıq,
Hüznlü axşamların yağış damlalarıyıq.
Biz şairik,
Sözündən, düşüncəsindən yaralı.
Açıq kətan üzərində parıltılı rəng izləri,
Qondarma “kosmopolit” köçkünləri.
QİYAMƏT
Quşlar uçur
Səmanın sonsuz ənginliyində
Ulduzların bəxti gülür, parlayır.
Gecə yarı macəralarla dolu bir sonet oğlu,
Atəş səslərindən və ruhun ömründən sonra...
Payız budaqlarının ən təzə yarpaqları tək
Haray salan buludlar səmada hey yellənir.
Soyuq bir fəryaddan sonra
Gələn buz
Və ilk qarın bəyaz örtüyə sardığı torpaq dinir.
...Və sürətli addımlar bilinmir
kimə gedir.
...Ya da heç nə, dönüşünü gözlədiyin
Boz qaranlıq çevrəli bir qərib axşam
Aysız bir gecədən sonra
Sonsuz qaranlığa dönür.
Ağır qapıya doğru hər kəs yol göstərir
kədərlə,
Günahları
Və tufanlı beyinləri
Dante yolunun yolçuları mühasirəyə alır,
Bəlkə də Beatrisin möhtəşəm haləsində.
Və bomboz tozun pərdəyə əbədi həvəsi kimi
Əfvetmə örtüsü
Dəmir pərdədə,
Dustaq duygular yox olub uzağında
Bitən ömürlərin
Və başlayan həyatların.
Onlarsa gəlir durmadan
Fəryadlardan, qılınclardan,
Silahlardan, bombalardan.
Söz və qanun zəfər çalır sakinlərin üzərində,
Yeni xaçlı yürüşünün cəngavəri
Günün kəşfiyyatçısı tək.
Və tale bu günahları dilə gətirmək istədi
Əbədi sülh ağrısıyla,
Ölü birisini dirçəltmək üçün
Zaman geriyə axdı,
Bir gün mövsümlər yenidən canlansın deyə.
“Ədəbiyyat və incəsənət”
(06.11.2025)
YUNESKO-nun tədbirində Türk Mədəniyyəti və İrsi Fondu unikal layihələr təqdim edib
4 noyabr 2025-ci il tarixində, Özbəkistanın Səmərqənd şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, tədbir çərçivəsində: Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış – 2040” və “TÜRKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair Kataloq; Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi əsasında Fond tərəfindən həyata keçirilən çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiya nəşrinin təqdimatı baş tutub.
Təqdimatın davamında 2025-ci il noyabrın 3-də YUNESKO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş “15 dekabr - Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day)” qeyd olunması ilə bağlı tədbir keçirilib.
Təqdimat mərasiminin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin təşkilatçılığında göstərilən dəstəyə və qonaqpərvərliyə görə YUNESKO-ya və Özbəkistan Respublikasına dərin minnətdarlığını ifadə edib.
Fond tərəfindən nəşr olunan “Türk Dünyasının Mədəni Kodu” adlı çoxdilli Kataloq və çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiyası haqqında çıxış edən xanım Aktotı Raimkulova, Türk dünyasının mənəvi körpüsünə çevrilən bu layihələrin ərsəyə gəlməsində əməyi olan mütəxəssisləri, alimləri və Məşvərət Komitəsinin üzvlərini səmimi-qəlbdən təbrik edib, onlara bu yolda göstərdikləri əzm və fədakarlıqlarına görə təşəkkürünü bildirib.
Tədbir çərçivəsində çıxış edənlər arasında Fondun “Türk Dünyasının Mədəni Kodu” kataloqunun layihə kuratoru Rüstəm Müzəffərov, eləcə də Özbəkistandan tanınmış alim, “Türk Folklor İrsi” Antologiyasının hazırlanmasında iştirak edən Jabbor Eşonqulov yer alıblar. Onlar təqdim olunan nəşrlərin əhəmiyyətini vurğulayaraq, bu layihələrin təşəbbüskarı olan Türk Mədəniyyəti və İrsi Fondunun fədakar fəaliyyətini və Türk dünyasının mədəni irsinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Fəxri qonaq qismində Qırğız Respublikasının Prezidentinin müşaviri cənab Arslan Qoyçiyev, Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini, professor Kürşad Zorlu, Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalımov iştirak ediblər. Onlar bu tarixi qərarın Türk dillərinin zənginliyinin və ortaq mənəvi köklərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, tədbirin həyata keçirilməsində Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işləri və səylərini yüksək qiymətləndiriblər.
Təqdimat zamanı çıxış edənlər arasında Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayev, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil nazirinin müavini cənab Talqat Yeşenkulov, Türkmənistanın Fransa Respublikasındakı səfiri və YUNESKO yanında Daimi Nümayəndəsi Maksat Çariyev, eləcə də Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliyinin müavini xanım Kinqa Simon yer alıblar. Tədbirdə həmçinin Qazaxıstan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Askar Abdraxmanov, Qırğız Respublikasının Fransa Respublikasındakı səfiri və YUNESKO yanında Daimi Nümayəndəsi Sadık Şer-Niyaz, Türkiyə Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Gülnur Aybet, Özbəkistan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Kamol Muxtarov, YUNESKO -nun Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz aktiv iştirak göstəriblər.
Təqdimat mərasimində eyni zamanda Belçika, Ekvador, Fransa, Latviya, Oman, Qətər, Venesuela və Çexiyanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin təmsilçiləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri, Türk mədəniyyətinə və irsinə maraq göstərən əcnəbilər və media nümayəndələri iştirak ediblər.
Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etno-folklor “TURAN” ansamblının solistlərinin ifası ilə davam edib. Türk musiqi sənətinin parlaq nümunələrini səsləndirən solistlərin çıxışı mərasimin ən yaddaqalan və təsirli anlarından birinə çevrilərək tədbirin parlaq məqamı olub və iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub
Azərbaycan Mədəniyyət Elçilərinin l Forumunda iştirak edən pianoçu Səidə Zülfüqarovaya və Zalsburq Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizova diaspor fəaliyyətinə görə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri Xədicə Zeynalova isə təşəkkürnamə təqdim edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi, və konsertmeyster ixtisasına yiyələnib. Pianoçu Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.
Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlılar Cəmiyyətinin sədri Fərid Əzizov Azərbaycan diasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətində geniş fəaliyyət göstərir.
Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin, eləcə də “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini dünyanın müxtəlif ölkələrində uğurla təbliğ edir.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”
“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, bu çıxışda səsləndirdiyi fikirlər dövlətimizin təhlükəsizliyi və tərəqqisi baxımından mühüm əhəmiyyətə malikdir:
“Cənab Prezident AMEA-nın 80-ci ildönümündəki çıxışında bir çox mühüm məqmalara toxundu ki, bunlardan da biri hərbi sənayenin, eləcə də elm və texnologiyanın inkişafı ilə bağlı idi. Dövlət başçısı müasir dünyamızda güc faktorunun önəmini qeyd edərək, bildirdi ki, dövlətlərin təhlükəsizliyi getdikcə daha çox elm və texnoloji inkişafdan asılı vəziyyətə gəlir. Mövcud reallıqlar hərbi sənayenin inkişafı, kibertəhlükəsizlik və s. kimi amillərə daha çox diqqət yetirməyi zəruri edir. Bu baxımdan Azərbaycanda hərbi sənayenin, elm və texnologiyanın sürətli inkişafı milli maraq və təhlükəsizliyimizin təmini baxımından həyati önəm kəsb edir.
Dövlət başçısı çıxışında Azərbaycanın dünya bazarına rəqabətədavamlı hərbi məhsullar çıxardığını vurğuladı və PUA istehsalı ilə bağlı görülən işlərə də toxundu. Prezident vurğuladı ki, bu istiqamətdə səylər bundan sonra da davam etdiriləcək.
Dövlət başçısı müasir dünyada kibettəhlükəsizlik faktorunun da ciddi aktuallıq qazandığını vurğuladı. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasına diqqət çəkən Prezident İlham Əliyev, gələcək təhlükəsliyimiz üçün dəyişən dünyanın dəyişən təhlükələrinə münasibətdə adekvat mövqe ortaya qoymağın vacibliyini qeyd etdi. Prezidentimizin çıxışı bir daha göstərdi ki, müasir Azərbaycan dövləti bugünkü təhlükələrlə uğurla mübarizə aparmaqla yanaşı, gələcək təhlükələri də diqqət mərkəzində saxlayır, mümkün təhdidlərə münasibətdə ayıq-sayıqlıq sərgiləyir”.
Polkovnik qeyd etdi ki, dövlət başçısının dövlət və özəl şirkətləri alimlərimizlə əməkdaşlığa səsləməsi də diqqət yetirilməsi gərəkən xüsusi məqamlardan biridir:
“Müzəffər Ali Baş Komandan çıxışında dövlət və özəl şirkətlərə müraciət edərək onları Azərbaycan alimləri ilə yaxından əməkdaşlıq etməyə, alimlərimizin bilik və bacarığından faydalanmağa səslədi. Bu, həm alimlərimizin nəzəri biliyinin praktiki müstəvidə dəyərləndirilməsi, həm də elmi-texnoloji inkişafın sürətləndirilməsi baxımından olduqca önəmli bir yanaşmadır. İnanıram ki, həm dövlət, həm də özəl şirkətlər dövlət başçısıın bu çağırışına yekdilliklə səs verəcək, Azərbaycan alimləri ilə geniş şəkildə əməkdaşlıq etməklə ölkəmizdəki texnoloji inkişafı daha da sürətləndirəcəklər”.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Sunami, Sarışın saçlılar günü və Brayan Adams
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən tarixi hadisələr barədə sizləri məlumatlandıracağıq. Bu günə Beynəlxalq Menecer günü, ingilisdilli ölkələrdə Qay Foks – yəni alov və atəşfəşanlıq günü, böyük satirikimiz Baba Pünhanın doğum günü və sair hadisələr təsadüf edir. İndi isə daha ətraflı.
5 noyabr. Beynəlxalq sunami barədə informasiyaların yayılması günü
Sunami böyük təlafat və dağıntılar gətirməklə bir çox ölkələrə ziyan vurur. Ən dəhşətli sunamilərin tarixinə nəzər yetirsək belə bir mənzərə görərik: 2011-ci il, Yaponiya, 2009-cu il, Samoa və Tonqa, 2004-cü il, Hind Okeanı sahilləri dövlətləri, 2001-ci il, Peru, 1999-cu il, Türkiyənin Aralıq dənizi sahilləri, 1998-ci il, Papua-Yeni Qvineya, 1976-cı il, Filippin və 1960-cı il, Çili.
BMT-nin təşəbbüsü ilə qeyd edilən bu gündə sahil hövzəsi əhalisinə sunami təhlükəsi barədə tam məlumat verilir, təhlükəsizlik qaydaları başa salınır.
5 noyabr. Beynəlxaql Layihə menecerliyi, yaxud Menecer günü
Baxırsan, indi toya gedən müğənnilərin disk daşıyanları deyirlər ki, mən prodüsserəm. Toyuq fabrikinin marketlərə toyuq paylayanları da mən menecerəm deyirlər. Amma menecment kifayət qədər ciddi sahə, menecersə ciddi peşədir. 2004-cü ildən təqvimə salınan bu gündə layihə müxtəlifliyi, komanda idarəçiliyi sayəsində uğur qazanan menecment təsisatları qeyd edilir, uğur qazanan menecerlər fərqləndirilirlər. Ensiklopedik nəşrlərdə menecerlərə belə tərif verilir: ”inzibati-təsərrüfat müstəqilliyinə malik olan istehsalın, satışın, servisin təşkili və idarə edilməsi üzrə professional şəxslər menecerlər adlanır”. Menecerlərin əsas işi maliyyə, informasiya, insan resurslarından effektiv və səmərəli şəkildə istifadə edərək şirkəti məqsədlərinə çatdırmaqdır. Bir sözlə, idarə müdirinin muzdla tutduğu iş idarəçisidir menecer. Yoxsa ki, mağazalara toyuq paylayan hara, menecer hara.
5 noyabr. Üçlərin hərbi kəşfiyyat günü
Ruslar hərbi kəşfiyyat gününü qeyd edəcəklər. Yəqin ki, bu qeydetmə Dağlıq Qarabağda məskunlaşmış rus hərbçilərindən də yan ötməyəcək. Belaruslar da qonşularından dala qalmayaraq hərbi kəşfiyyat gününü qeyd edəcəklər. Belarusda isə hərbi kəşfiyyat işinin prioritet tərəfi hakimiyyətə gəlmək istəyən müxalifəti zərərsizləşdirməkdir yəqin ki. Amma bədxah qonşularımızda da bu gün hərbi kəşfiyyat günüdür. Axı onlar ruslar və beloruslarla hərbi ittifaqdadırlar. Hərblərinin və kəşfiyyatlarının nə gündə olmasını isə biz bir il öncə - 44 günlük müharibə zamanı görmüşük, bizə nağıl danışmağın yeri yoxdur.
İrlandiyada çox qəribə bir gündür – Milli sarışın saçlıları bəyənənlər günü. Cənubi Afrikada malyariya əleyhinə mübarizə günüdür. Qay Foks gegəsini dünən britanlar keçirirdi, bu günsə Yeni Zelandiyada və Kanadada qeyd edəcəklər. Hinduslar od festivalından qopub indi də Kanakadas Cayanti festivalını qeyd edəcəklər, bol məhsul arzulayacaqlar. ABŞ-da isə Milli Çin yeməyini evə sifariş vermək günüdür. Günün dəqiqliyinə baxın siz. Milli Çin yeməyi günü olsaydı sadə görsənərdi, amma belədə cizgilər tam bəlli olur. Üstəlik, hegemon dövlət bu gün Milli ponçik gününü də qeyd edir. Ponçik nədir? Yağda qızardılmış kökə deyim də.
5 noyabr. Baba Pünhan günü
1948-ci ilin bu günündə Kürdəxanıda Baba Pünhan dünyaya gəlib. Düzü düz, əyrini əyri yazan satirik şair.
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.
Bu gün Vilayət Quliyevin, Mələkxanım Əyyubovanın, Oleq Bloxinin, Co Dassenin, Brayan Adamsın və digər çox sayda ünlülərin doğum günüdür həm də.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
“X.L.Borxes: “Mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Eramızın əvvəllərində ilk xristianları təqib və məhv edən romalılar yatıb yuxularında belə görməzdilər ki, onların törəmələri bir müddət sonra xristianlıq uğrunda öldürəcək və öləcəklər.
2.
“ Sular səni aparırdı dərinə
Əlin nəyə çatırdısa əl atdın.
Bircə saman çöpü keçdi əlinə,
O da səni su üzünə çıxartdı.”
3.
Göydəkinə inam, əslində, dolayı bir məqsəd güdür – səni sənin özünə oxşayan yerdəkilərə inanmağa çağırır. Atanın oğula və oğulun ataya, qardaşın qardaşa və bacının bacıya, min illər boyu tanıdığın adama və küçədə ilk dəfə gördüyün kiməsə inam – bu deyilmi gözəllik?!
4.
Bizə bir dəfə bu dünyada yaşamaq imkanı verilib. Əminəm ki, o biri paralel dünyalarda yaşayanlar da belə düşünür.
5.
Qoqol yazırdı: Çox az quş tapılar ki, Dneprin ortasına qədər uça bilsin. Səməd Vurğun ona belə cavab verib: Göylərə baş vurur Göyəzən dağı.
6.
X.L.Borxes: “Mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm.” Kitabdan gəlmək artıq hər şey deməkdir.
7.
Çox adam tanıyıram ki, həyatı boyu bir, ya iki kitab oxuyub. Heç bir universitet bitirməyib. Amma müdrikdir, uzaqgörəndir, səbirli və hər hansı hadisələr kələfinin içindən doğru-düzgün xətti seçə bilir. O sənə yüz universitet məzu nundan və yüzlərlə kitab oxuyandan daha xeyirli məsləhətlər verə bilər. Deməli, çoxlu kitab oxumaqla deyil. Həyat özü insanı daha doğru şəkildə formalaşdıra bilirmiş. Təki, sən onun təbii axarına düşə biləsən.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Ölkədə ən zövqoxşayan ədəbi nümunələri ortaya çıxaran hekayə müsabiqəsinə start verildi
BU, MİR CƏLAL ADINA ƏNƏNƏVİ HEKAYƏ MÜSABİQƏSİNİN SAYCA 5-CİSİDİR
Könül, “Ədəbiyyat və incəsənət”
Budur, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ənənəvi müsabiqəsinə başlayıb. Mir Cəlal adına V hekayə müsabiqəsi qələm sahiblərindən yeni işlər gözləyir. 2026-cı il fevralın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır. Hekayə müsabiqəsinin şərtləri bu dəfə də dəyişməz qalır.
Təqdim edilən işlər:
-Azərbaycan dilində yazılmalı,
-həcmi 1500 sözdən çox olmamalı,
-yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı,
-müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir.
-hekayə mövzusu sərbəstdir.
Müsabiqəyə 2026-cı il aprelin sonunda yekun vurulacaq.
Mükafat fondu:
I yer üçün 3000 manat,
II yer üçün 2000 manat,
III yer üçün 1000 manat nəzərdə tutulub.
Ən obyektiv seçimə əsaslanan, ölkənin ədəbi xəritəsinə daim yeni-yeni ünvanlar həkk edən müsabiqə ilk dəfə 2017-ci ildə elan edilibdir, müsabiqəyə bu günə qədər iki mindən çox hekayə təqdim olunubdur.
Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatının inkişafına və gənc qələm sahiblərinin təşviqinə töhfə vermək məqsədilə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, hakayə janrının ustadı Mir Cəlal adına müsabiqə keçirərkən, həm də Mir Cəlal ədəbi irsinin yaşadılması, klassik və müasir ədəbiyyat arasında körpü qurulması, eləcə də hekayə janrının populyarlaşdırılması məqsədini də güdür.
-Müsabiqə gənc və peşəkar yazıçıları, həmçinin ədəbiyyata marağı olan hər kəsi qısa hekayə yazmağa ruhlandırır. Layihə çərçivəsində orijinal, bədii dəyəri və ədəbi dili ilə seçilən əsərlərin üzə çıxarılması, onların ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.
-Qiymətləndirmə münsiflər heyəti tərəfindən həyata keçirilir və əsas meyarlar bədii dil, ideya orijinallığı, kompozisiya bütövlüyü və obrazların canlılığıdır.
-Müsabiqənin qalibləri hər il Mir Cəlalın doğum günü ərəfəsində elan edilir. Qaliblər diplom, pul mükafatı və “Ədibin Evi”nin dəstəyi ilə əsərlərinin toplusu şəklində nəşr olunmaq imkanı qazanırlar. Bundan əlavə, seçilmiş hekayələr “Ədibin Evi”nin rəsmi saytında və ədəbi jurnallarda dərc edilir.
-Mir Cəlal adına hekayə müsabiqəsi artıq illərdir ki, ölkəmizdə gənc yazıçıların ədəbi sferaya çıxış nöqtəsinə çevrilib. Bu layihə sayəsində bir çox gənc müəlliflər ilk dəfə oxucu auditoriyasına tanıdılıb, ədəbiyyat aləminə addım atıblar.
Beləliklə, 5-ci müsabiqəyə start verildi. Biz həm müsabiqənin təşkilat komitəsinə, həm də öz gücünü sınayacaq yazarlara uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
“Biri ikisində” – Sayat Kamşıqerin şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Sayat KAMŞIQER
(Qazaxıstan)
1 may 1978-ci ildə Qazaxıstanın Semey şəhərinin Kezensu kəndində doğulub. Qazaxıstan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüdür.
SƏNƏ...
Minlərcə sual var, buraxmaz məni,
Quşları gözləyən bir bağ kimisən.
Çalış ki, itirmə, itirsən əgər,
Tapmazsan, min il də məni sən gəzsən.
Damarlar təzyiqdən gərilir sanki,
Qışqırmaq üzrədir gücüm-qüvvətim.
Ruhum istədiyi yeganə şey var –
Şirin sözün və qoynundur həsrətim.
Minlərcə sual var, buraxmaz məni,
Gələcək günlər də müəmma dolu.
Qırma ürəyimi, qırma heç zaman,
Qırılsam, tapmaram toplanmaq yolu.
Susadım bu eşqin yağmuruna mən,
Duyğularım saralmadı, solmadı.
Səndən tək istəyim yanımda olmaq,
Gülüşündən, gözlərindən doymadım.
Uyğunlaşdırdı: İntiqam Yaşar
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Teymur Padar Aydınoğlunun “Üç hərfli boşluq” kitabına ÖN SÖZ
Rəsmiyyə Sabir, professor, “Ədəbiyyat və incəsənət” üçün
Son illərdə ədəbiyyatımızda yeni imzalar görünməkdədir. Onların içərisində istedadlıları da az deyil. Doğrudur, ədəbiyyatda zaman amili mühüm rol oynayır. Bəzən istedadlı biri müəyyən müddətdən sonra yaradıcılıqdan vaz keçir, öz potensialını başqa sahədə reallaşdırır. Lakin yaradıcılığı həyat tərzi edənlərin də sayı az olmur.
Teymur Padar Aydınoğluda son illərin yeni imzalarındandır.
Əvvəlcə Teymuru, çalışdığım Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul olunmaq istəyən biri kimi tanımışam. Elə ilk görüşdə, qısa söhbətdən sonra bu tərbiyəli gəncin iqtisadi biliyi məni qane etdi. Onun doktoranturaya qəbul olunacağına əmindim. Teymur bütün imtahanları uğurla verərək doktoranturaya qəbul olundu. Doktoranturada təhsil aldığı müddətdə İnstitutun Elmi katibi olduğum üçün müxtəlif məsələlərlə bağlı tez-tez yanıma gəlirdi. Belə görüşlərin birində: “Rəsmiyyə xanım, istəyərdim ki, mənim şeirlərimlə tanış olub fikrinizi bildirəsiniz” – deyə, xahiş etdi.
Hər zaman istedadlı gənclərə kömək edən (istər iqtisadiyyat, istərsə də ədəbiyyat sahəsində) biri olaraq böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, Teymur yeni yazdığı şeirləri ara-sıra mənə gətirirdi. Mən də oxuyub münasibətimi bildirirdim, qeydlərimi söyləyirdim. Həmin vaxtdan bir neçə il keçib. Teymurun son şeirləri ilə tanışlığım onun yaradıcılığındakı irəliləyişdən xəbər verir.
Vaxtilə ilk kitabıma yazdığı ön sözdə Xalq şairi Sabir Rüstəmxanlı mənim haqqımda qeyd edirdi: “İstedad sahibini adi qafiyə pərdazdan fərqləndirməyə bircə şeir də bəs edir; əlyazma müəllifinin şair olub olmadığını bəzən bir misrayla da ayırmaq mümkündür”.
Bu misraları Teymur Padar Aydınoğlunun yaradıcılığı haqqında da demək olar. Onun şeirlərində maraqlı tapıntılara rast gəlmək mümkündür:
Bir qırıq nəfəsin qopsun küləkdən,
Qaç, gətir bağçadan beldən, kürəkdən,
Təmizlə ruhumu, solmuş çiçəkdən,
Saralmış yarpaqdan, ay payız adam.
***
Bir nöqtədən yaranmışdır viranlıq,
Bax dünyaya, sən də düşün bir anlıq,
Qaranlıqdan gəldim, sonum qaranlıq,
İki zülmət arasında nur mənəm.
Teymur Padar Aydınoğlunun yaradıcılığında dünya, həyat, sevgi, tale, qismət, ayrılıq və s. mövzulara rast gəlmək olur. Onun şeirlərində bütün gənc yazarlar kimi dünyadan, həyatdan, yaşantılardan giley var:
Qara qar ələndi ömür yazıma,
Tanrı da baxmadı etirazıma,
Qələm qara saldı alın yazıma,
Axdı mürəkkəbi sətrimdən mənim.
Və ya
Şeh çəkib, pas tutub, ağlım kütləşib,
Dünyadan heç bir şey kəsmir ey daha,
Başqa aləmlərə qoşulub qaçıb,
Dünyayla barışıb, küsmür ey daha.
Bu misralarda şairin həyatla, taleylə barışdığını görürük, lakin “şair olan qəm də yeyir”. Başqa şeirlərində Teymur Padar Aydınoğlu yenə də həyatdan, dünyadan gileylidir. Ancaq bu giley-güzar özünəməxsus formadadır və poetikdir:
Xətrimə çox dəydi bu dünya, lələ,
Çağırdım, gəlmədi mənlə duelə,
Qoyma haa, məzarda incidə belə,
Məni yaxşı-yaxşı torpağa tapşır.
Teymur Padar Aydınoğlunun poeziyası insan ruhunun dərinliklərindən süzülüb gəlir. “Qız ovucumda” şeirində o, ata məhəbbətini elə incəliklə ifadə edir ki, oradakı hər misra valideynin uşağına baxışındakı şəfqəti xatırladır.
Zaman zəmisini biçənə qədər,
Yaxşını pislərdən seçənə qədər,
Ruhumla səmaya köçənə qədər,
Bir qız böyüdəcəm öz ovucumda.
“Bir qız böyüdəcəm öz ovucumda” misrası sadəcə bir ata vədi deyil, sevginin ən mühafizəkar, ən ülvi formasının ifadəsidir. Bu şeir, həm də onun yaradıcılığının təməlində dayanan insan şəfqətini, saflığı və mərhəməti təcəssüm etdirir.
Bu kitabda toplanan şeirlər sevginin, məhəbbətin və ilahi bağlılığın müxtəlif çalarlarını əks etdirir. Şairin qəlbi bəzən Tanrıya, bəzən qadına, bəzən də öz taleyinə yönəlir - amma hər misrasında eyni təməl duyğu hökm sürür: sevgi.
Teymur Padar Aydınoğlunun poeziyasında sevgi təkcə insana yönəlmir. Onun “Din kimi bir şey” adlı şeiri məhəbbətin metafizik qatına toxunur. Burada eşq artıq sadəcə hiss deyil - bir inanc, bir məzhəb, bir təriqət kimi təqdim olunur.
Saat əqrəbindən gözüm yıxılır,
Eşqim sözlərimdən daşıb dağılır,
Tanrı dərgahından qəlbə yığılır,
Yaranır köksümdə din kimi bir şey.
“Yaranır köksümdə din kimi bir şey” misrası şairin öz iç dünyasında ilahi eşqin təcəlla tapdığını göstərir. Bu məhəbbət bəzən onu yandırır, bəzən saflaşdırır, amma heç vaxt tərk etmir.
“Gərəksən” şeirində isə sevgi bəşəri ölçülərə yüksəlir. Burada şair sevgilisinə səcdə edir, onu “Tanrıdan, dindən belə gərəkli” sayır.
Cənnətə getməkdir niyyətim mənim,
Sənədir namazım, rükətim mənim,
Dizlərin üstüdür cənnətim mənim,
Sən tanrıdan, dindən belə gərəksən.
Bu misralar yalnız bir qadına deyil, həyatın özünə, varlığın mənasına yönəlmiş bir təslimiyyətin ifadəsidir.
Teymur Padar Aydınoğlunun şeirlərində insanın mənəvi bütövlüyü, ilahi sevgi ilə dünyəvi eşqin birləşməsi hiss olunur. “Kosmik məhəbbət” şeirində o, artıq bu dünyanın sərhədlərini aşır. O, kainatla, ulduzlarla, zamanla dialoqa girir. Eşqi bir kosmik hadisə kimi təqdim edir: “Bir hidrogen atomudur eşqimiz” deyərək, sevginin elmi, enerjili, əbədi təbiətini poetik dillə ifadə edir.
Bir hidrogen atomudur eşqimiz,
Zərrəciyəm mən nüvəyə dolanan,
Bu məhəbbət nurlu günəş yaradıb,
Səyyarəyəm sitarəyə dolanan.
Teymur Padar Aydınoğlu sevginin bütün rənglərini, ağrısını, işığını, təbəssümünü misralarına hopdurub. Onun qələmində sevgi bir anın emosiyası deyil - həyat fəlsəfəsidir. Bu kitab, oxucunu təkcə şeirlərlə tanış etmir, həm də onu sevginin min bir halı ilə üz-üzə qoyur: ata sevgisi, qadın sevgisi, Tanrı sevgisi, insan sevgisi…
Şairin misralarında bir səmimiyyət var - saxta pafosdan uzaq, sanki içdən gələn, dərin bir nəfəs kimi. Onun poeziyasının dili sadədir, amma məna yükü ağırdır. “Səndən danışır” deyərkən, o, həm sevgilisindən, həm kainatdan, həm də insanın öz varlığından danışır.
Bu nəhəng kainat gözlərdədi tək,
Həyatın mənası sözlərdədi tək,
Sözlərin qüdrəti cüzlərdədi tək,
“Ta, ha”lar, “ha, mim”lər səndən danışır.
Hər oxucu bu kitabda öz “səndən danışır”ını tapacaq - çünki sevgi hər kəs üçün başqa cür, amma eyni dərəcədə müqəddəsdir. Bu şeirlər toplusu, əslində, bir insan ömrünün, bir qəlbin gündəliyidir. Hər şeir bir hissin, bir təcrübənin, bir ömür parçasının səsi kimi səslənir.
Teymur Padar Aydınoğlu sevgini həm yaşayır, həm öyrədir, həm də ona əfsanəvi bir dəyər verir. Onun üçün sevgi həyatın başlanğıcı, davamı və sonudur. Oxucu bu kitabı vərəqlədikcə, Teymur Padar Aydınoğlunun misralarında öz ürəyinin ritmini tapacaq. Çünki sevgi - insanın ən böyük səbəbidir.
Yaşamağı bilər, sevmək öyrənən,
Zəlalətə düşər eşqdən iyrənən,
Varlıq nəticədir eşqdən törənən,
Səbəbi olmayan, səbəbdir sevgi.
Bu kitab oxucuya sadəcə şeir deyil, həm də bir həyat nəfəsi təqdim edir. Sevginin hər halında bir dua, bir təsəlli, bir Tanrı işığı var.
Teymur Padar Aydınoğlunun ilk kitabına yazdığım ön sözü onun özünün misralarıyla yekunlaşdırmaq istəyirəm:
Teymuram fərəhim, dilşadım oldu,
Zülmətdə mayakım, irşadım oldu,
Böyütdüm, bəslədim övladım oldu,
Mən onun atası, balamdı şeir.
Sonuncu misra yaradıcılığını çox sevdiyim Məlahət Yusifqızının aşağıdakı misralarını mənə xatırlatdı:
Axı mənim nəyimdi söz,
Basdım bağrımdan o yana...
Bilmirəm, Teymur Padar Aydınoğlu ömrünü ədəbiyyata həsr edəcək, yoxsa iqtisadiyyata?... Bəlkə də hər ikisinə. Bunu zaman göstərəcək. Mən isə Ona poeziyanın çətin və şərəfli yollarında uğurlar diləyirəm. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına töhfələr verməsini, öz yolunun olmasını arzulayıram! İstəyirəm ki, Teymur Padar Aydınoğlu “balası” bildiyi sözü “böyüdə” bilsin!...
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)


