Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında Ağdam Dövlət Sosial-İqtisad Kolleci tələbələrinin yaradıcılığı ilə tanışlıq davam edir. Növbəti müəllif Nurgün Abdullayevadır.

 

Səhər yenə eyni qayda ilə başladı. Gözlərimi açdım və bir anlıq sanki dünya mənə yoxmuş kimi gəldi. Hər şeyin qaydasında olduğunu düşündüm, amma mənim içimdə çox şey dəyişmişdi. Özümü bir boşluqda hiss edirəm, amma bu boşluq heç vaxt dolmur. İllərdir belədir... Hər keçən gün bir az daha silinirəm, amma özümü tapmaq üçün bir yerə getmirəm. Sanki mənim içimdəki dünya yalnızca mənimlə və mənimlə qalıb.

 

Anam hər zaman deyərdi: "Hər kəsin özünü tapmağın bir vaxtı gələcək." Amma mən artıq o vaxtı gözləmirdim. Çünki içimdə bir sükut var idi və bu sükutun içində mənə heç bir şey izah olunmurdu. İnsanlar məni görürlər, amma mənim gerçəkliyim heç kimə aydın olmur. Mənim içimdəki hislər, düşüncələr o qədər dərin idi ki, onları heç kimlə paylaşa bilmədim.

 

Yaxın dostlarım bəzən soruşurdular, “Nə var, yaxşısan?” Amma cavab vermək çətin idi. Nə deyim ki? Yaxşı olmaq nədir? Yaxşı olmaq, sadəcə gülümsəməkdir, yoxsa ürəyindəki qarışıqlığı gizlətməkdir? Hər şeyin yaxşı olduğunu dediyim zaman içimdə bir narahatlıq yaranırdı. Həqiqətdə heç də yaxşı deyildim. Amma heç kimə bu hissimi göstərməmək üçün həmişə başımı qaldırıb, güvənlə gülümsəyirdim.

Bir gün, səhər saatlarında, pəncərədən baxanda göy üzündəki buludlar sanki mənim içimi oxuyurdu. O qədər ağır və sıx idilər. O an düşündüm, bəlkə də mənim içimdəki boşluq da belədir — sıxılır, daralır, amma heç vaxt bitmir. Üzümü pəncərəyə yaxınlaşdırdım, gözlərim bu dərinliyə baxarkən bir neçə damla göz yaşı üzümə süzüldü. Bilirdim ki, mən heç vaxt bu boşluğu tam doldura bilməyəcəyəm.

Göz yaşlarım axanda bir düşüncə gəldi. Bəlkə də bu boşluq heç doldurulmalı deyildi. Bəlkə də sadəcə qəbul etməliydim. Həyat hər zaman istədiyimiz kimi olmur, amma bəzən olduğu kimi də dəyərlidir. İçimdəki  boşluqlar, mənim hər bir qərarımın, hər addımımın hissəsidir. O zaman anladım ki, bu boşluğu bəlkə də başqaları ilə paylaşmaq lazım deyil. Mən öz içimdə özümü tapmalıyam.

 

İçimdəki boğulmuş hisləri buraxmağa qərar verdim. Həyatın mənə verdiyi bu boşluqla barışmağa başladım. Hər şeyin bir səbəbi olduğunu qəbul edərək, yavaşca yenidən nəfəs almaya başladım. Bəlkə də hər bir kədər, hər bir boşluq, bir gün dəyərlə dolacaq. Mən yalnız bunu gözləyirəm.

 

Ürəyimi dinlədim. Onun döyüntüsündə bir ritm vardı, bir sükunət vardı. Sanki hər şey öz yerini tapmışdı. Bəlkə də içimdəki boşluq, əslində mənim özümə olan sevgimi tapmaq üçün bir yoldu. İnsanın özünü sevməsi, içindəki kədəri qəbul etməsi deməkdir. Yalnız bu zaman hər şey öz yolunu tapar.

 

İçimdəki boşluq artıq qorxuducu deyildi. Hər dəfə oraya baxdıqca, o boşluğun özündə bir dərinlik olduğunu gördüm. Bir zamanlar dolması lazım olan bu boşluq, indi mənim həyatıma bir anlam qatırdı. Həyat, bütün bu boşluqlarla daha gözəl idi. Hətta kədər də bir zamanlar sevdiyimiz şeylərin izidir. Kədər, unutduğumuzu və ya itirdiyimizi xatırladır. Amma kədər həm də bizi gücləndirir.

 

Bəzən həyatda ən dərin hislərimizi ifadə etmək çətin olur. Amma bu boşluqları qəbul etmək, onları anlamağa çalışmaq, həyatın gerçəkliyini tapmaq deməkdir. Həqiqi güc isə öz içindəki kədəri qəbul edib, həyatla barışmağı bacarmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Beynəlxalq Ailə Günü münasibətilə Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Beynəlxalq Ailə Günü: Oğuz rayonunda multikultural ailə dəyərləri" mövzusunda tədbir təşkil olunub.

 

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz Rayon təşkilatının, Oğuz Rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki Regional bölməsinin əməkdaşları, azsaylı xalqların nümayəndələri, ictimaiyyət üzvləri, yerli idarə və təşkilatların əməkdaşları iştirak ediblər. 

Çıxış edənlər Oğuz rayonunda müxtəlif xalqların sülh və qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını, ailə dəyərlərinin bu birgəyaşayışda mühüm rol oynadığını vurğulayıblar.

Oğuz rayonunda yaşayan müxtəlif etnik və dini icmalara mənsub ailələrin nümayəndələri öz ailə dəyərləri, adət-ənənələri barədə danışmış və birlik içində yaşama təcrübələrini bölüşüblər.

Tədbir çərçivəsində azsaylı xalqların nümayəndələrinin ifasında rəngarəng mahnılar səsləndirilib, rəqslər ifa olunub.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

 

                                                                          

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Vilayət Cəfərov 15 may 1940-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. A. S. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil almışdır. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir.

 

Universiteti bitirdikdən sonra 1965–1967-ci illərdə Yəməndə, 1978–1981-ci illərdə İraqda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə "İraqda neoklassik poeziya" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adını almışdır.

 

Uzun müddət AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, elmi yaradıcılıqla, tərcümə fəaliyyətilə yanaşı, pedaqoji sahədə də çalışmış, müxtəlif dövrlərdə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində mühazirələr oxumuşdur. AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Dünya ədəbiyyatı" ixtisası üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri kimi fəaliyyət göstərmişdir. Onun rəhbərliyi altında 10-dan artıq dissertasiya müdafiə olunmuşdur.

 

Kitabları 

 

1. Ağ günlərin sorağında. Ərəb ədəbiyyatından tərcümələr

2. Cəmil Sidqi əz-Zəhavi. 

3. İraqda neoklassik poeziya. 

4. Əliqılınclı zülfüqar. 

5. Qürbətdə yaranan dostluq. 

 

Mükafatları 

 

- "Sosializm yarışının qalibi" döş nişanı 

- AMEA Rəyasət heyətinin Fəxri fərmanı (Şərqşünaslıq İnstitutunun 50 illiyi münasibtilə).

- AMEA Rəyasət heyətinin Fəxri fərmanı (AMEA-nın 60 illiyi münasibtilə).

- Azərbaycan Azərbaycan–Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

 

Professor Cəfərov 2021-ci ilin fevral ayının 21-də Bakıda vəfat etmişdir. Ailəli idi.2 övladı.4 nəvəsi var.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Cümə axşamı, 15 May 2025 09:00

Xalq artisti Tünzalə Ağayeva ABŞ-da

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.

Sosial mediada verdiyi açıqlamasına görə, buna səbəb işgüzar səfərdir. Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə iştirak edəcək, eyni zamanda mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub ABŞ musiqiçiləri ilə yaxından tanış olub fikir mübadiləsi aparacaq. 

 

Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən ləntə alınan görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçi “Parlament binası”nı, Vaşınqtonun küçələrini göstərib.  

Ağayeva paylaşımına “Vaşınqtonda günəşli gün” rəyini yazıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə isə:

 

Çoxmuş üzü olmayıb,

Özgə üzə duranlar.

Quşu gözündən deyil,

Göz yaşından vuranlar.

 

-deyə şikayətlənir şair. Bu qədər çatışmazlıq varsa, şair olan bəndə axı necə susa bilər?

Xoş mütaliələr! 

 

 

Küçədən nəğmə keçir...

 

Təzə hava çalınır,

Qəmin köhnə sazında.

Yad dildə danışırıq

Doğmaların yasında.

 

Qocalıram deyəsən,

Söz içimdə paslanır.

Bir şimal şəhəriyəm-

Günəş mənə nazlanır...

 

Qıfılbəndmiş göy üzü-

Verən yoxdu açarı.

Küçədən nəğmə keçir

Çağır gəlsin içəri.

 

...Yıxılıram, ilahi,

Ümid də yox tutmağa.

Neçə eşq həsr etmişəm

İlk eşqi unutmağa.

 

Bəlkə yaşamamışam,

Amma ömür sürmüşəm.

Bir dilənçi ovcuna 

Yüz dəfə hönkürmüşəm...

 

Çoxmuş üzü olmayıb,

Özgə üzə duranlar.

Quşu gözündən deyil,

Göz yaşından vuranlar.

 

...Qucaqlamaq öyrədin,

Bu kəsilmiş qollara.

Yolu düz çəkmədiniz-

Düşdük əyri yollara...

 

“Ədəbiyyat və incəsənət”

(15.05. 2025)

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə İstanbulda “Azərbaycan kinosu günləri” keçirilib.

 

 

AMM-dən aldığımız məlumata görə, 12-14 may tarixlərini əhatə edən layihə çərçivəsində Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə son illərdə istehsal olunan filmlər nümayiş etdirilib.

Kino günlərinin açılış mərasimində çıxış edən AMM-in direktoru Samir Abbasov deyib ki, layihə üzrə Bahçeşehir Universiteti, İstanbul Universiteti və "Atlas" kinoteatrında müvafiq olaraq Elxan Cəfərovun “Cənnət yuxusu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləri türkiyəli kinosevərlərə təqdim olunub. 

Qardaş ölkənin tanınmış kino xadimlərinin də izlədiyi hər üç film maraqla qarşılanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin rəsmiləri ilə görüşü olub, əməkdaşlıq barədə müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əsrin əvvəllərində yaradıcılığa başlayanların əksəriyyəti, artıq 40-60 yaş arasındadırlar. Onlardan güclü ədəbiyyat nümunələri yaradıb, oxucu kütləsi qazananları da var, sadəcə saxta təriflərə uyub, küyə gedənləri də... 

Bu həmişə belə olub, əlahəzrət Ədəbiyyat zəifləri unutdurub, güclüləri tarixdə saxlayır…

 

İndi meydan 20-30 yaş arasında olan gənclərindir. Bu gün bəlkə də minlərlə gənc ciddi ədəbiyyata can atır. Kimisi nəzmdə, kimisi də nəsrdə söz deməyə, yaradıcılıq uğurları qazanmağa çalışır. Heç biri də unudulmaqdan sığortalanmayıb…

Nə isə, sizə bu gün - mayın 14-də 30 yaşını qeyd edən bir gəncdən- 18 yaşından mətbuatda dərc olunmağa başlayan, iki şeirlər kitabının müəllifi, şair, jurnalist Ulucay Akifdən danışmaq istəyirəm…

 

Atası Akif Səmədi ötən əsrin səksəninci illərindən tanıyırdım. Məndən yeddi yaş böyük idi. Sumqayıtda fəaliyyət göstərən, Xasay Cahangirovun rəhbərlik etdiyi ədəbi dərnəkdə tez-tez görüşərdik. O vaxt o, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alırdı. Ənənəvi üslubda mükəmməl poeziya nümunələri yaradan gənc şairlərdən biri idi. Sözsüz ki, oğlu Ulucayın həm şair, həm də jurnalist olmasında atasının böyük rolu olub. Yəqin ki, bu məsələdə gen də öz işini görüb...

 

“Atam rəhmətə gedəndə mənim doqquz yaşım vardı. Onda görürdüm ki, atam yazır, kitabları çap olunur, ancaq şeir haqda heç bir anlayışım yox idi. Atam elə atam idi mənim üçün. Ancaq atam rəhmətə gedəndən sonra, onun haqqında anım günləri, tədbirlər keçiriləndə artıq maraqlanmağa başladım. Mənə maraqlı gəldi ki, bu qədər adam atam haqqında niyə danışır, onu tərifləyirlər. Mən onda atamın şeirlərini oxumağa başladım. Düzü, bir neçə şeirini anlaya bilməmişəm, elə indi də anlamaqda çətinlik çəkirəm. Çünki atam sufi şairi idi, dərin yazırdı. Mən də onun təsiri ilə heca şeirləri yazmağa başladım. Atamın şeirləri mənə getdikcə daha da doğmalaşır. Hiss edirəm ki, məndə də o şeirlərdən nəsə var. Onun duyğularını özümdə aşkarlayıram. Ən çox da ümid hissi. Məncə, atam sağ olsaydı, mənim şeirlərimi də, xarakterimi də, çılğınlığımı da çox bəyənərdi. Çox istəyərdim ki, atam mənim şeirlərim haqda fikir bildirsin. Onunla fərqli mövzularda müzakirələr edək, amma qismət deyilmiş...”- söyləyir.

 

Ulucay Akif oğlu Məmmədov 1995-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini 162 saylı tam orta məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavr pilləsi üzrə ali təhsil alıb. Daha sonra həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. Hələ tələbəlik illərindən Ədalət qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib. 2021-ci ildə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçilib. 2021-ci ildə Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktoru təyin olunub...

 

Deyir ki:- “Azərbaycanda mətnlə çox kiçik bir kütlənin diqqətini çəkmək olar. Bizdə mütəmadi şəkildə bədii ədəbiyyat mütaliə edən 2-3 min adam var, ya yox. Qalanlar da məktəb vaxtlarından bir-iki şairin adını əzbərləyən adamlardır. Ədəbiyyatla həqiqətən maraqlanan, mütaliəsevər adamların diqqətini mətnlərimlə çoxdan özümə çəkmişəm. Digər məsələlər ilə diqqət çəkməyim isə məni sevindirir. Mənimlə bağlı ən kiçik, ən lazımsız və mənasız söhbətlər belə ölkənin gündəminə çevrilir. Deməli, insanlar üçün əhəmiyyətli və maraqlıyam. Buna niyə sevinməyim ki? Düşünürəm ki, hər bir şair təkcə yaradıcılığı ilə deyil, həyatı ilə də insanlara maraqlı olmalıdır...”

 

"Günəşə atılan mərmilər", "Gizlənqaç" adlı iki şeirlər kitabı işıq üzü görüb. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib, həmin il Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi bir illik "Prezident Təqaüdü"nü alıb. 2024-cü ildə isə ölkə başçısı tərəfindən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənməyə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb...

 

“Qəribədir, insan yaşa dolduqca sakini olduğu şəhərə bənzəyir. Məsələn, mən indi Bakı kimiyəm. Beynimin içində o qədər adam, o qədər hadisə və səs-küy var ki. Bilmirəm, kimi hardan götürüb hara qoyum. Bakı mənim gözümdə gənc bir oğlandır. Bu şəhərin küləkləri də o oğlanın çılğınlığına işarədir.”- söyləyir.

 

Çılğın, inadkar və mübariz adamdır. Məğlub olmağı xoşlamır. Məsuliyyətli işlərdən xoşu gəlmir, bir az tənbəlliyi və laqeydliyi var. Xarakterindəki paradoksallıq, ziddiyyətlər onu narahat edir. Bəzən emosional olduğundan, özünü cilovlamaqda çətinlik çəkir. Varlığına hopan bu coşqunluq yaradıcılığında da özünü biruzə verir...

 

Deyir ki;- “Mən həmişə istəmişəm ki, ətrafım geniş olsun, dostum çox olsun. Düzdü, məni eqolu biri kimi tanıyırlar. Ancaq yaxın adamlar bilir ki, elə deyiləm, kimsə zəng edər, nərd oynamağa çağırar, gedərəm. Bir az tanınıram deyə yekəxanalıq etməyəcəm ki? Odur ki, çevrəmdəki adamlar məni sevir və mən də onların sevgisindən güc alıram...”

 

Bəli, bu gün ciddi ədəbiyyata can atan minlərlə gənc var. Kimisi nəzmdə, kimisi də nəsrdə söz deməyə, yaradıcılıq uğurları, oxucu kütləsi qazanmağa çalışır. Amma heç biri unudulmaqdan sığortalanmayıb. İnanıram ki, Ulucay Akif zamanın sınaqlarından keçib, Azərbaycanın ən istedadlı yazarlarından biri kimi yaddaşlarda yuva qurmağı bacaracaq...

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

15 may - Beynəlxalq Ailə Günü münasibətilə Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Muğam Mərkəzində təşkil olunan tədbirdə autizm və daun sindromlu uşaqlar həkim briqadası tərəfindən müayinə edilib, ailə dəyərlərini əks etdirən videoçarx izlənilib.

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında vurğulayıb ki, Beynəlxalq Ailə Gününün qeyd olunması cəmiyyətin əsas təməli olan ailəyə verilən dəyərin göstəricisidir. Məhz belə tədbirlər cəmiyyətin diqqətini ailədə mövcud olan sosial və psixoloji problemlərə yönəldir, ailə institutunun nüfuzunun artırılmasına, gənc nəsildə məsuliyyət hissinin formalaşmasına kömək edir.

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tədbir çərçivəsində keçirilən tibbi müayinələrin sosial məsuliyyət baxımından əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, ailələrin sağlamlığı ümumi cəmiyyətin sağlamlığı deməkdir və bu istiqamətdə profilaktik tədbirlərin davamlı aparılması olduqca önəmlidir.

Xüsusi ümumtəhsil məktəbinin direktoru Arzu Alızadə çıxışında xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə göstərilən diqqət və dəstəyin cəmiyyətin inkişaf səviyyəsini göstərdiyini deyib. O, bu cür tədbirlərin həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıdığını vurğulayıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Hümbət Quliyev, şəhər Veteranlar təşkilatının sədri Sovet Şükürov ailənin milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında mühüm rol oynadığını qeyd ediblər.

Tədbir çərçivəsində uzunömürlü ailələrə hədiyyələr verilib. Eyni zamanda tədbirə verdiyi dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova xatirə hədiyyəsi təqdim olunub.

Musiqi nömrələri və müxtəlif rəqs kompozisiyaları ilə müşayiət olunan tədbir gənc və uzunömürlü ailələrin, fiziki və əqli qüsurlu uşaqların ailələrinin əhvalına xüsusi rəng qatıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

 

78-ci Kann Film Festivalının ilk günü Ameli Bonninin “Partir un jour” filminin nümayişi ilə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Loran Lafittinin aparıcılığı ilə keçirilən açılış mərasimində tanınmış müğənni Milen Farmer çıxışı edib.

Festivalın münsiflər heyətinə fransız aktrisa Jülyet Binoş sədrlik edir. ABŞ ulduz Halle Berry və fransız-mərakeşli yazıçı Leyla Slimani münsiflər heyətinin üzvləridir. “Qızıl Palma budağı” mükafatı uğrunda yarışa iyirmi iki film seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, 1964-cü ildə böyük bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmış, bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimov olan Azərbaycan Dövlət Kamera Orkestrinin yeni direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.