Beynəlxalq Qəribə Musiqi Günü, Ukraynanın müstəqilliyi və kartof çipsi Featured

 Beynəlxalq Qəribə Musiqi Günü, Ukraynanın müstVaris

“Ədəbiyyat və incəsənət” portalının Baş redaktoruBaş redaktoru

 

24 avqust gününə düşən tarixi hadisələrdən ən maraqlılarını sizlər üçün seçdim. Yəqin ki Ukraynada olanınız tapılar. Kartof çipsini də sevirsiniz. Musiqi zövqünüzdə qəribəliklər də var. Pluton barədə isə bilməsəniz belə bu gün biləcəksiniz.

Haydı, getdik.

 

Ukraynanın müstəqilliyi günü

Bizə dost və qardaş olan, bizim həll edilmiş Qarabağ probleminə rəğmən analoji Krım, Donbass, Luqansk problemi olan, üstəlik Rusiya ilə müharibəyə sürüklənən  Ukraynanın müstəqillik günüdür, dostlarımızı və qardaşlarımızı səmimi qəlbdən təbrik edirik, “müstəqilliyiniz daimi və əbədi olsun” deyirik.

Ukraynanın dövlətçilik tarixi 9-cu əsrdən – Kiyev dövlətinin qurulmasından hesablanır. Sonradan bu dövlət süqut edib, xırda knyazlıqlara parçalanıb, bir də 17-ci əsrdə Ukraynada növbəti güclü dövlət qurulub, Kazak-Getman dövləti adında. 18-ci əsrin sonundan Rusiya işğalına məruz qalaraq Ukrayna Rusiya İmperiyasının tabeçiliyində olub, 1917-ci ildə bolşevik inqilabı zamanı rusların başları özlərinə qarışanda ukrainlər də bizim kimi fürsətdən yararlanıb müstəqil dövlət qurublar, amma 1920-ci ildə Rusiya bu dəfə Sovet İttifaqı adı altında Ukraynanı ilhaq edib. Bir də 1991-ci ildə - avqustun 24-də Qorbaçovun dağıtdığı SSRİ-nin uçqunları altından müstəqil Ukrayna da çıxıb.

Biz inanırıq ki, tarix hər şeyi öz yerinə qoyacaq, necə ki, bizim Dağlıq Qarabağımız azad olundu, eləcə də gürcülərin Abxaziyası, Cənubi Osetiyası, moldovanların Pridnestrovyesi, eləcə də ukrainlərin Krımı, Donbası, Luqanskı azad olacaq, öz qanuni sahiblərinə qayıdacaq.

 

Kartof çipsləri günü

Uşaqların və pivəsevərlərin böyük bayramı. 1853-cü ilin bugünündə ilk kartof çipsləri hazırlanıb. Təsadüfən yaranan bu ərzaq bu gün dünyada ən çox tələb olunan qəlyanaltı hesab edilir. Nyu-York yaxınlığındakı Saratoqa-Sprints kurortunda şef-aşbaz Corc Krum o dövrdə ABŞ-ın ən varlı adamlarından biri olan Kornelus Vanderbiltin “Bu nə qalın doğranmış kartofdur, mənə verirsən? Mənə kartofu nazik qızardıb ver” şikayətinin müqabilində kartofu o qədər nazik kəsib qızardıb ki. Süfrəyə ilk çips plastinkalarını qoyanda aşbaz dəmiryolu maqnatını nazik kartof istəyinə görə sadəcə utandırmaq istəyib, amma əksi olub, maqnat “bəh-bəh” deyərək çipsi ləzzətlə yeyib. O gündən bu günə çips istehsalı dünyanı bürüyüb. Ən tanınmış çips brendi bu gün bizim marketləri də bəzəyən Pringles, Lays brendləridir. Əlbəttə, bizim yerli sənaye də çips istehsalına əl atıb, hər nədir, onlar da çips istehsal edirlər.

Kartof çipsləri barədə, onun ziyanı barədə də nəsə deməyimi istəyirsiniz, məndən “həm cibə, həm mədəyə ziyandır” kəlmələrini qoparıb uşaqlarınıza çips almamaq üçün bəhanə gəzirsiniz, amma mən bu gün bunu edə bilməyəcəyəm. Kişinin bayramıdır, mərdimazarçılığımız elə bu günə qalıb?

 

Beynəlxalq qəribə musiqi günü

Nyu-York musiqiçisi Patrik Qrant tərəfindən təsis olunan bu gününü məğzi insanları indiyədək dinləmədikləri, yaxud dinləyib dəyər vermədikləri musiqiləri dinləyib qiymətləndirməyə çağırmaqdır. Məsələn, bizim Azərbaycanda necə etmək olar? Bəzi rayon camaatı aşıq musiqisinə alüdədir, meyxana dinləmir, bu musiqini “düşüklük” adlandırır, bəzi abşeronlularsa əksinə, meyxananı sevir, aşıq musiqisinə “çuşkalıq” deyə şəbədə qoşur. Təklif edirəm, bir gün bunlar zövqlərində dəyişiklik edib əks cəbhənin bəyəndiyini dinləsinlər. Bu qədər bəsit. Daha qlobal anlamda isə, gəlin, xaricilərə muğam yollayaq, xalq mahnılarımızı yollayaq, qoy ləzzət alsınlar, özümüzsə kəntri, xard-rok, blüz dinləyək. Kiminçünsə adi olan kiminçünsə qəribə səslənir, amma qəribəliyin özü yeni təəssürat deməkdir.

 

NATO-nun və Ərəfatın doğuluşu, Plutonunsa ölümü

Bu gün Vezuvi günüdür, eramızın 79-cu ilində bu İtaliya vulkanı ən dağıdıcı şəkildə püskürüb. Plutonun statusunun kiçildilməsi günüdür bu gün həm də (Allah, sən özün saxla). Uruqvayda qeyd edilən günə baxın, Nostalgiya gecəsi. Əlbəttə ki, ABŞ-da üstü ərikli piroq günüdür. (Beləsini indiyədək bişirməyən xanımlarımız bişirə bilərlər). 1995-ci ilin bu günündə Windovs 95 istismara buraxılıb. 1968-də Fransa ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1949-da NATO yaranıb. 1572-də Varfolomey gecəsi baş verib (Fransa Krallığında qutenotlar qətliama məruz qalıblar). 1929-da Yasir Ərəfat doğulub, qoy onu da deyim.

Plutonun statusu niyə kiçildilib, onu demədim axı, 2006-cı ilin bu günündə yazıq Plutonu daha Günəş sistemi planeti yox, cırtdan planetlərdən biri saymağa başlayıblar.

Nə olursa olsun, təki siz kiçilməyin.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.