Super User
"Süleymana qalmayan dünya" ifadəsi necə yaranıb?
Leyla Faiqqızı,
Filologiya elmləri üzrə fəlsəfə doktoru. Klassik Ədəbiyyat İnciləri facebook sosial şəbəkə səhifəsinin yaradıcısı. “Ədəbiyyat və incəsənət” üçün
Bəziləri elə düşünür ki, bu ifadə Osmanlı sultanı Sultan Süleyman ilə əlaqədardır. Əslində isə bu ifadə Süleyman peyğəmbərlə bağlıdır.
Әfsanəyə görə, Süleyman peyğəmbər təbiətin bütün qüvvələrinə hökm edir, hətta heyvanların dilini bilirmiş. Bir sözlə, Yer üzündə onun hakimiyyətinin həddi-hüdudu yox imiş. Lakin hamı kimi o da bir gün dünyasını dəyişir. Vəfatından əvvəl Süleyman peyğəmbər tuncdan uca bir qəsr tikdirir. Həmin qalanı görmək çox az adama nəsib olub. Çünki o, yaşayış yerlərindən uzaq, insan ayağı dəyməyən bir səhralıqda tikilmişdi.
Onu görmək üçün uzaq yol qət edən insanlar qala divarlarında peyğəmbərin həkk etdirdiyi bir yazını oxuya bilərdilər:
“ - Ey yenilməz qüvvətinə və ömür uzunluğuna inanan insan, bil ki, dünyada heç kim əbədi deyil. Әgər mal, ləşkər çoxluğu ilə və ya elm gücü ilə dünyada əbədi qalmaq mümkün olsaydı, gərək Davud oğlu Süleyman ölməyə idi. Bu qalanı tikdirdim ki, dünya malının kimsəyə qalmayacağını biləsiniz”…
Məhz bu son cümlədən də “Süleymana qalmayan dünya” ifadəsinin yarandığı ehtimal olunur.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
5-ci sinifdə oxuyanda artıq musiqi bəstələyirdi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İstedad bəzən fitri olur, lap erkən yaşlardan özünü göstərir.
Elə Mobil Babayevdə olduğu kimi.
Bu gün onun 80 illiyini onsuz qeyd edirik...
Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya gəlib. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olunub, təqribən, 5–6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlayıb. Bəstəkarlıqdan ilk müəllimi Ədilə Hüseynzadə, daha sonra Müdhət Əhmədov, 8-ci sinifdən etibarən məktəbi bitirənə kimi isə Nazim Əliverdibəyov olub.
1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olub və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olub. 1972-ci ildə Konservatoriyadan məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənib. 1972-ci ildə hərbi xidmətə yollanıb, orada Qırmızı bayraq ordenli mahnı və rəqs ansamblında çalışıb.
1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. İlk mahnılarından biri, sözlərinin müəllifi Zeynal Vəfa olan "Vəfalı dost" olub. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb. 1975-ci ildə viola və kamera orkestri üçün yazılan konsert, 1976-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının böyük zalında dinləyicilərə təqdim edilib. İfaçılar Azərbaycan Dövlət Kamera Orkestri, solist isə Çingiz Məmmədov olub.
1981-ci ildə "Düşüncələr" adlı estrada simfonik orkestri üçün 4 hissəli konserti bitirib. 1984-cü ildə Bakıda keçirilən "Zakafkazskaya vesna"-da gitara və kamera orkestri üçün yazılan 4 hissəli musiqisi səslənib. Bəstəkarlar İttifaqının zalında keçirilən bu konsertdə solist Ələsgər Abbasov olub. 1985–88-ci illərdə bir neçə caz orkestri üçün pyeslər yazıb. 1990-cı ildə 20 yanvar şəhidlərinə həsr etdiyi, Nüsrət Kəsəmənlinin sözlərinə "Ağlama torpağım, ağlama" adlı solistlər, xor və orkestr üçün 3 hissəli kantata yazıb.
Digər əsərləri
1. "Ömür bitir, yol bitməz". 3 saylı Simfoniya
2. "Ağlama torpağım, ağlama…" Solistlər, xor və orkestr üçün Kantata. Söz. N. Kəsəmənlinindir
3. "Mən bu yerdən gedəli". Xor və orkestr üçün silsilə. Söz. Qaracaoğlanındır,
4. "Düşüncələr". Orkestr üçün 4 hissəli Ko
Bəstəkarı olduğu filmlər
- Arzular... Arzular...
- Azərbaycan pambığının yetişdirilməsi texnologiyası
- Babamızın babasının babası
- Bağışla buBalaca ev
- Bəhrə
- Bəstəkar
Bəstəkar 10 noyabr 2023-cü ildə vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Onun nəcib işləri çox olub
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Belələri rəhmətə gedəndə, adıtın deyirlər, bizim kisəmizdən getdi...
O, həqiqətən də çox nəcib işlər gördü, musiqi mədəniyyətimizin inkişafında əməyi çox oldu...
Bu günsə anım günüdür...
Gülçöhrə Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. Gülçöhrə Şəfiyeva Rusiyada (Moskva, Sankt-Peterburq), Gürcüstanda, Türkiyədə, Fransada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə hazırlanan tədbirlərin, Rusiyada, Misirdə, Birləşmiş Ərəb Əmirliyində keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda Rusiya Federasiyası İlinin açılış mərasiminin quruluşçu rejissoru olub.
G. Şəfiyevanın uğurlu işləri sırasında Ü. Hacıbəyov və M. Maqomayevin 110, Bülbülün 100, S. Aşurbəylinin 90, M. Maqomayev 60 illik yubiley tədbirlərini və "Gülüstan" Sarayında, habelə Bakı Əyləncə Mərkəzində keçirilən konsert proqramlarını xüsusi qeyd etmək lazımdır. İstedadlı rejissor gənc müğənnilərin və ifaçıların — Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Röya Ayxanın, Almaz Ələsgərlinin, Nazpəri Dostəliyevanın yaradıcılıq gecələrinin keçirilməsinin təşəbbüskarı və müəllifidir.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 9 may 2018-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilib.
23 dekabr 2023-cü ildə 74 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Bu gün tanınmış yazıçı Elçin Hüseynbəylinin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda tarixi romanlar yazanlar istisnadır. Onlardan biri, özü də kifayət qədər uğurlu olan biri tanınmış yazıçımız Elçin Hüseynbəylidir. Bu gün yazıçının doğum günüdür. Bu doğum günündən yaradıcılığına nzərə yetirsək, kifayət qədər sanballı bir ədəbi yol görmüş olacağıq.
AYB-nin 4 katibindən biri olan Elçin Hüseynbəyli 1961-ci il dekabrın 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980–1982-ci illərdə keçmiş Sovet ordusunda piyada qoşunlarda uğurlu hərbi xidmət keçib, "əlaçı əsgər" döş nişanına layiq görülüb.
1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir.
E. Hüseynbəyli haqqında ölkənin ən tanınan ədəbiyyat adamları 200-ə yaxın məqalə yazıblar. O, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur. Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir. 2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb.
"Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "Yenə iki Od arasında", "Gözünə gün düşür", "Ağ və qara", "Vida", , "Pərixan", "Gültəkin xaqan", "Dənizin nağılları", "Banuçiçəyin rəngli yuxuları" kitablarının, on iki romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.
Kitabları Türkiyə, İran, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub. Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir. Azərbaycan Yazarlar Klubunun yaradıcısıdır. Klub əsasən Qarabağ münaqişə bölgəsində layihələr həyata keçirib.
Sənət adamlarının münaqişə bölgəsinə səfərlərini təşkil edib. Pyesləri ölkə içində və dışında dəfələrlə oynanılıb.
2001-ci ildə “Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri”, 2007-ci ildə “Humay”, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, 2019-cu ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Tanınmış yazıçımızı təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Snoubord, Daxili işıq günü, imperator
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:
Ümumdünya snoubord günü
Snoubord nədir? Dağlardan qarın üzəri ilə üzüaşağı sürüşmək üçün lövhədir, kirşənin müasir formasıdır. Harda qar yağırsa orda snoubord günü qeyd edilir. Bu gün rəsmi olaraq qış idmanının açılış günü də sayılır. Böyük yarışlar, müsabiqələr, əyləncəli nümayişlər baş tutur. EuroSİMA adlı “lövhə idmanları” üçün ekipirovka istehsal edən şirkət bu günün təqvimə salınmasına nail olduqdan sonra hər ilin 23 dekabrında milyonlarla gəlir əldə edir.
Yeri gəlmişkən, bizim Şahdağ kompleksində də hərdən snoubordçular peyda olurlar, bu təmrini təbliğ edirlər.
Daxili işıq günü
Nə olar, bu günü biz də keçirək. Günəş işığı var, Ay işığı var, elektrik işığı, lampa işığı, şam işığı var. Bunlar hamısı gözlə görünən, qaranlıqda səni aydınlığa çıxaran işıqlardır. Biri də var daxili işıq, işıqların ən vaciblərindən biri, yalnız insan oğlu insana xas olan bir keyfiyyət. Bu gün pozitiv, mənəvi insan üstünlükləri olan şüurluluq, təəssübkeşlik, ümidləndirmə, insanlıq təbliğ edilir, hamını daxili işığını yandırmağa səsləyirlər.
Köklər günü
Hər bir bitki öz kökü üstündə qərarlaşan kimi hər bir insanın da öz nəsil kökü var, bax bu gün insanlardan həmin köklərini xatırlamaq təvəqqe olunur. Bizdən babamızın babasının kim olduğunu soruşsalar, əksəriyyətimiz gözünü döyəcək. Amma insanlar ən azı yeddi dönəmdən nəsil şəcərələrini bilməli, nəsillərindəki adlı-sanlılarla öyünməli, qürur duymalı, onların ad günlərində, vəfat etdikləri günlərdə ruhlarına dua oxutmalı, şam yandırmalıdırlar. Yeri gəlmişkən, Azərbaycanda nəsil şəcərə bilgilərini nəsildən nəsilə ötürmək ənənəsi ən yaxşı naxçıvanlılarda qalıbdır, buna görə də onlara bir alqış düşür.
Bu gün yaponlarda təntənəli bayramdır, Yaponiya imperatorunun doğum günüdür, 1948-ci ildə yapon imperatoru Tenno Tandzebinin doğum günü milli bayram kimi təqvimə düşüb. Deyəsən Meksika da qonşusu ABŞ-ın təsirinə düşüb, bu gün Milli turp gününü qeyd edəcəklər. Amerikalılar özləri isə bu gün Milli sobada bir şey bişirmək günündə yeyib-içəcəklər.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Bu gün görkəmli balet ustası Çimnaz Babayevanın anım günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Çimnaz Babayeva görkəmli balet ustamızdır, 1954-1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Qəmər Almaszadənin sinfində təhsil almışdır, böyük səhnəyə doqquz yaşında, Boris Zeydmanın “Qızıl açar” baletində Buratino rolu ilə qədəm basmışdır.
Öz həyat yoldaşı, xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.Qarayevin “Yeddi gözəl”ində Aişə, “İldırımlı yollarla”da Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastan” baletində Nəsiminin sevgilisi kimi obrazları yaratmaqla Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaltmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri kimi gənc balet artistlərinin yetişdirilməsində zəhməti də əvəzsizdir.
O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir. Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə “Əməkdar artist” və “Xalq artisti” kimi yüksək fəxri adlara, Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.
Çimnaz Babayeva 2019-cu il dekabr ayının 23-də vəfat etmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Qərbi Azərbaycan ziyalıları: Şamama Ələsgərova
Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Şamama Məmmədkərim qızı Ələsgərova 1904-cü il martın 8-də İrəvan şəhərində dünyaya gəlmiş, ilk təhsilini gimnaziyada almışdır. Çətin və keşməkeşli bir həyat yolu keçən Şamama xanım 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş və elə həmin ildə cəbhəyə göndərilmişdir...
Müharibə dövründə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, daha sonra isə kadrlar idarəsinin rəisi vəzifələrində çalışmışdır.
1945-ci ildə N. Krupskaya adına 5 nömrəli klinik doğum evinə baş həkim təyin olunan Şamama Ələsgərova ömrünün sonunadək – 1977-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. Onun güclü təşkilatçılıq bacarığı nəticəsində doğum evi respublikanın aparıcı müalicə-profilaktika müəssisələrindən birinə çevrilmiş və keçmiş Sovet İttifaqında geniş nüfuz qazanmışdır.
Şamama Ələsgərovanın elmi və praktik fəaliyyəti əsasən ana və uşaq sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına yönəlmişdir. O, eyni zamanda respublikada malyariya və helmintoz xəstəliklərinə qarşı aparılan mübarizə tədbirlərində fəal iştirak etmişdir.
Görkəmli həkimin fəaliyyəti mərkəzi və yerli mətbuatda da geniş işıqlandırılmış, “Pravda”, “Komsomolskaya pravda”, “İzvestiya”, “Bakı”, “Baku” və digər nüfuzlu qəzetlərdə onun haqqında mütəmadi məqalələr dərc olunmuşdur.
Şamama xanım 1958-ci ildə “Səhiyyə əlaçısı”, 1960-cı ildə isə “Əməkdar həkim” fəxri adlarına layiq görülmüşdür. 1969-cu il fevralın 5-də ona göstərdiyi xidmətlərə görə “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdir. O, Azərbaycanda bu ali ada layiq görülən ilk səhiyyə işçisi olmuşdur.
Şamama Ələsgərova Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilmiş, “Lenin”, “Şərəf nişanı” ordenləri və müxtəlif medallarla təltif edilmişdir.
Tanınmış həkim 1977-ci ildə vəfat etmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
3 gündə 24 yasaq düşüncə. 1-ci gün
Xatirə Səfər, “Ədəbiyyat və incəsənət” üçün
1.Fərqli olmaq dar ağacına belə, əyləncə kimi baxmaq deməkdir.
2.Sənin bədənin dünyadan köç edir, amma sən bunun fərqində ola-ola bunu qəbul edirsən.
3.Tarix boyunca istənilən yaş dövründə ən dərin hiss və arzularını dilə gətirməyə çəkinən adamlarla zəngin olub Yer kürəsi. Bu, neçə illər sonra da belə davam edəcək. Çünki insan beyni öz həyatını bəzən öz əleyhinə kodlaşdırır.
4.Yasaq istəklər insanları həyata daha sıx bağlayır, etiraz ediləcək dərəcədə baş verən hadisələr daha çox diqqət cəlb edir.
5.Günah hər zaman ağrılı və qorxulu görünsə də, heç bir bəşər övladı onu etməkdən çəkinmir. Etdikdən sonra isə vicdanını rahatlatmaq üçün müxtəlif üsullara əl atmağa çalışır. Kimisi məscidin qapılarına üz tutur, kimisi evində səcdəyə qapılır, kimisi kilsəyə gedir, başqa biri gizli-gizli xeyir işlərlə məşğul olur ki, etdiyi hər hansı yanlış bir işi ört-basdır etsin. Maraqlıdır, bu vicdanın səsidirmi, yoxsa qorxunun yaratdığı saxtakarlıqdımı?
6.Həyatda ən qiymətli varlıq nədir, görəsən? Tanrı, valideyn, övlad, sərvət, yoxsa mücərrəd bildiyimiz şeylər – dostluq, sevgi, zaman, ədalət, ağıl, təfəkkür, idrak?.. Bu siyahını o qədər əlavələrlə davam etdirmək olar ki, sayı-hesabı bitməz.
7.Amma yenə də yasaqlar, “olmazlar” həyatımızdan əsla çıxmayacaq. Çünki yasaq düşüncələrin mənbəyi elə öz beynimizin məhsuludur. Zehnimiz bizi həmişə qorumaqla yanaşı, ağılsızlıqlara da sürükləyir.
8.Etdiyimiz hər hansı bir səhvə istənilən şəkildə bəraət qazandırmaqla ömrümüzün çox hissəsi keçir.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Yeni il bəzən yeni başlanğıc yox, sadəcə öyrəşməkdir
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Heç vaxt zaman durmur. Zaman dururmuş kimi hiss etsən də, o dayanmaz. Zamanın axını elə güclüdü ki, bəzən gözünü yumub açana qədər yeni fəsil, yeni ay, hətta yeni ili qarşılayırsan. İnsan bir anlıq dayanıb düşünmək istəyir, amma zaman ona bu fürsəti vermir, sadəcə aparır.
Hər yeni ildə niyyət edən, qərarlar verən insanlar olur. “Bu ildən belə edəcəyəm” deyənlər çoxalır. Əslində isə Yeni il qabağı bizdə yaranan bu hiss qısaömürlü bir motivasiyadır. Bir neçə gün, bəlkə bir neçə həftə davam edir, sonra həyat yenə öz axarına qayıdır.
Hər il fərqli hadisələr baş verir. İnsanlar tez-tez deyir: “Bu il mənə düşərli olmadı”. Amma düşərli olmayan il deyil. Bəlkə də hər şey doğulmamışdan əvvəl yazılan tale ilə bağlıdı. Sadəcə bizim gözləntilərimiz çox olur. Və hər ilin sonunda eyni cümləni təkrar edirik: “Bu il də mənə düşmədi, kaş qarşıdan gələn il yaxşı olsun”.
İllər keçir, illər ötür. Heç fikir vermisiniz, bu ilki düşüncələr keçən ilin düşüncələrinə bənzəmir. Bu ilki havanın qoxusu belə, ancaq keçən ilin xatirəsini xatırladır. Amma heç nə əvvəlki kimi deyil. Bəzən insanlar dəyişir. Bəzən isə həyat. Və sən nə qədər çalışsan da, keçmişin eyni qalmasını istəsən də, zaman buna imkan vermir.
Kim bilər, bu gün dərd etdiyimiz, ürəyimizə ağır gələn, gecələr yuxumuzu qaçıran şeylər illər sonra bizə mənasız görünəcək. Amma bu gün onlar gerçəkdir.
Yeni il təkcə təqvimdə dəyişən bir rəqəm deyil. Bu, insanın 365 günlük hesabatıdır. Bu il kim olduq? Nə itirdik? Nə qazandıq? Bu il kim olacağıq? Hansı səhvləri təkrar edəcəyik, hansını düzəltməyə cəsarət tapacağıq?
Və hər yeni ildə biz köhnə ilin hesabatını səssizcə təhvil veririk.
Amma elə hesabatlar var ki, kağıza yazılmır. Elə itkilər var ki, “keçdi” deməklə bitmir. Bəzən bir il içində bir insana alışırıq, onun varlığını həyatımızın adi bir hissəsinə çeviririk. Sonra zaman heç nə olmamış kimi onu bizdən alır. Və yeni il gələndə hamı ümidlərdən danışarkən, sən boşluğu necə dolduracağını bilmirsən.
Yeni il gəlir, amma bəzi yoxluqlar köhnə ildə qalmır. Onlar bizimlə birlikdə yeni ilə keçir.
Və sən anlayırsan ki, hər yeni il həmişə yeni başlanğıc demək deyil.
Bəzən sadəcə bir az daha öyrəşməkdir. yoxluğa, səssizliyə, deyə bilmədiyin , ürəyində qalan sözlərə.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Unudulan səhnələr: teatr niyə gənclərdən uzaq düşür?
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” üçün
Teatr bir vaxtlar şəhərin ürəyi idi. Tamaşa günü küçələrdə tələskən addımlar, foyelərdə səssiz həyəcan, zalda isə kollektiv bir nəfəs hiss olunardı. Səhnədə deyilən söz təkcə aktyora aid olmazdı, o söz tamaşaçının yaddaşında davam edərdi. Bu gün isə teatrlar hələ də var, pərdələr açılır, işıqlar yanır, amma sual dəyişib: niyə gənclər bu səhnələrə getdikcə daha az yol tapır?
Bu yazı teatrı müdafiə etmək üçün deyil. Nostalji ilə keçmişi ideallaşdırmaq niyyətində də deyil. Məqsəd sadəcə bir məsafəni anlamaqdır: teatrla gənclik arasındakı görünməz boşluğu.
Teatr nə idi və nəyi təmsil edirdi?
Teatr təkcə sənət növü deyil, canlı ünsiyyət formasıdır. O, burada və indi baş verən bir hadisədir. Tamaşa hər dəfə fərqlidir, çünki aktyor da dəyişir, tamaşaçı da. Teatrın gücü məhz bu təkrarsızlıqda idi.
Uzun illər teatr maarifləndirici rol oynayıb. Sosial məsələlər, mənəvi suallar, insanın daxili ziddiyyətləri səhnədə açılıb. Tamaşaçı teatrda təkcə baxmırdı, düşünməyə məcbur olurdu.
Amma bu düşünmə tərzi zamanla gənclik üçün “ağır” görünməyə başladı. Çünki müasir dövr düşüncəni sürətləndirdi, teatr isə yavaşlığı qorudu.
Zaman dəyişdi, ritm dəyişdi
Bugünkü gənclik sürətli zamana doğulub. Video 30 saniyədir, fikir 5 saniyəlikdir, diqqət isə daimi parçalanıb. Teatr isə iki saatlıq diqqət tələb edir. Telefonu söndürmək, səssiz qalmaq, yalnız baxmaq və dinləmək.
Bu, artıq bir vərdiş yox, çətinlik kimi qəbul olunur.
Teatr gənclərə uzaq düşdü deyərkən, bəlkə də daha doğru ifadə budur: teatr öz ritmini qorudu, amma zaman dəyişdi. Sual isə budur – teatr bu dəyişən zamana uyğunlaşmalıdırmı, yoxsa zamana müqavimət göstərməlidir?
Teatr dili gənclərlə danışırmı?
Teatrın əsas problemlərindən biri dildir. Burada dil təkcə söz demək deyil, üslub, mövzu, yanaşma deməkdir. Bir çox tamaşalar hələ də köhnə estetikaya, köhnə anlatım formalarına söykənir.
Gənc tamaşaçı isə səhnədə öz dilini, öz problemini, öz sualını görmək istəyir. Onun gündəlik həyatında qarşılaşdığı dilemmlər, kimlik axtarışları, sosial təzyiqlər, gələcək qorxusu səhnədə əks olunmadıqda, teatr “başqasının yeri” kimi görünür.
Bu, klassik əsərlərin lazımsız olduğu anlamına gəlmir. Amma klassika da canlı oxunuş tələb edir. Əks halda o, muzey eksponatına çevrilir.
Teatr əlçatandırmı?
Teatr çox zaman “elit sənət” kimi təqdim olunur. Bu təqdimat özü-özlüyündə uzaqlaşdırıcıdır. Gənc insan üçün teatr bileti bahalı, qaydaları sərt, mühiti rəsmi görünə bilər.
Necə geyinməli, necə davranmalı, nə vaxt alqışlamalı – bu görünməz qaydalar gənci sıxır. Teatr azadlıq yox, çərçivə hissi yaradır.
Əslində teatr azad düşüncə məkanı olmalıdır. Amma bu azadlıq hissi tamaşaçıya ötürülmədikdə, gənclik oraya daxil olmur.
Təhsil və teatr əlaqəsi
Məktəblərdə və universitetlərdə teatrla tanışlıq çox vaxt məcburi ekskursiya səviyyəsində qalır. Şagird tamaşaya aparılır, amma onunla dialoq qurulmur. Tamaşa sonrası müzakirə, sual-cavab, düşüncə paylaşımı olmur.
Beləliklə, teatr yenə tapşırığa çevrilir. Tapşırıq isə sevilmir.
Əgər gənclik teatrı dərk etmədən, sadəcə “getmiş olmaq üçün” gedirsə, bu təcrübə onun yaddaşında yer tutmur.
Rəqabət deyil, müqayisə
Teatrın qarşısında güclü rəqiblər var: seriallar, filmlər, sosial media, platformalar. Amma teatr onlarla eyni oyunu oynamağa çalışdıqda uduzur. Çünki teatrın gücü effektlərdə deyil, canlılıqdadır.
Gənclər ekranda hər şeyi görə bilər. Amma aktyorun nəfəsini, səhnənin enerjisini, kollektiv sükutu yalnız teatrda yaşamaq mümkündür. Bu fərq izah edilmədikcə, teatr ekrana uduzmuş kimi görünür.
Gənclər teatrdan nə gözləyir?
Gənc tamaşaçı hazır cavab yox, sual axtarır. Ona “düz budur” deyən tamaşa yox, “bəs sən nə düşünürsən?” deyən səhnə lazımdır.
Eksperimental tamaşalar, alternativ məkanlar, interaktiv teatr formaları gəncliyi cəlb edə bilir. Bu da göstərir ki, problem teatrın özü deyil, onun təqdimat formasıdır.
Teatr dəyişməyəndə yox, dəyişmədiyini iddia edəndə itirir.
Teatr niyə yenə lazımdır?
Çünki teatr yeganə sənət növüdür ki, insanı insana birbaşa bağlayır. Filmdə montaj var, serialda təkrar var, sosial mediada filtr var. Teatrda isə heç nə gizlənmir.
Səhnədəki səhv də həqiqidir, pauza da, baxış da.
Gəncliyin bu həqiqətə ehtiyacı var. Amma bu ehtiyac səs-küylü deyil, səssizdir.
Teatr ölməyib. Sadəcə səssizləşib. Gənclik isə səssizliyi eşitməyi unudub. Bu iki səssizlik bir-birini tapmadıqca, məsafə qalacaq.
Teatr gənclərə yaxınlaşmaq üçün gəncləşməli deyil. Səmimi olmalıdır. Gənclik də teatra getmək üçün klassik olmamalıdır, maraqlı olmalıdır.
Səhnə hələ də danışır. Sual budur: biz qulaq asmağa hazırıqmı?
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)


