Super User
Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası böyük kimyaçı-alim, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar “Elmə həsr olunmuş ömür” və “Tarixə yazılan ömür” adlı silsilə videoçarxlar hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, videoçarxlarda Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dünya şöhrətli kimyaçı-alim Yusuf Məmmədəliyev haqqında sitatları verilib.
“Elmə həsr olunmuş ömür” adlı 1-ci videoçarxda akademik Y.Məmmədəliyevin elmi fəaliyyəti, dünya neft-kimya sənayesinin tarixinə qızıl hərflərlə yazılan ixtiraları haqqında məlumat verilir. Qeyd olunur ki, Y.Məmmədəliyev Azərbaycan neft kimya sənayesinin əsasını qoymuşdur. Azərbaycan elminin böyük təşkilatçısı və cəfakeşi olmuşdur. Alim neftin və neft qazlarının katalitik emalı sahəsinə əvəzolunmaz töhfələr vermiş, Böyük Vətən müharibəsi illərində “Molotov kokteyli”ni və yüksək oktanlı benzini icad etmişdir. Videoçarxda akademik Y.Məmmədəliyev Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri olduğu, 1947-1950 və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti seçilməsi haqqında izləyicilərə məlumat verilir.
“Tarixə yazılan ömür” adlı 2-ci videoçarxda alim elmin yüksək təşkilatçısı kimi göstərilir. Bildirilir ki, Y.Məmmədəliyev Azərbaycanda müxtəlif elm sahələrinin inkişafına yorulmadan xidmət etmiş, onların dünya elm məkanına çıxmasına dəstək olmuş, alim və tələbələrə qayğı göstərmiş, Azərbaycan dilinə böyük önəm vermişdir. Böyük alimimiz XX əsrin 30-cu illərində repressiyalara uğramış dövlət xadimlərinin övladlarını Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində işlə təmin etmişdir. Videoçarxda alimin xatirəsinin əbədiləşdirilməsi və onun təltifləri də göstərilir.
Birici videoçarx böyük alim Yusuf Məmmədəliyevin ən çox sevdiyi dünya şöhrətli Xalq artisti Bülbülün və tanınmış opera müğənnisi Azər Rzazadənin ifalarında Asəf Zeynallının “Ölkəm” mahnısı ilə, ikinci videoçarx isə dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası və Müslüm Maqomayevin “Şah İsmayıl” operasından bir parça ilə müşayət olunur.
Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:
https://www.youtube.com/watch?v=tw629vGUHZQ&list=RDtw629vGUHZQ&start_radio=1
https://www.youtube.com/watch?v=FM5KwPb-i-M
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
Yaponiyada Qara Qarayevin musiqilərindən ibarət kompakt disk hazırlanıb
Yaponiyada yaşayan azərbaycanlı musiqiçi, “Ongakuno-le” musiqi məktəbinin rəhbəri Gülnarə Səfərovanın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət kompakt disk (CD) hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, bu, Yaponiyada, eləcə də Asiyada Qara Qarayevin işıq üzü görən ilk CD-dir.
CD-dəki musiqilər fortepianoda, simli və nəfəsli alətlərdə istedadlı musiqiçilər tərəfindən ifa olunub. Diskin hazırlanmasında yüksək peşəkarlığa malik səsyazma rejissoru, prodüser, dizayner və digər mütəxəssislər iştirak ediblər.
Səsyazma Yaponiyanın Miyaqi prefekturasının paytaxtı Sendai şəhərində yerləşən dünyaca məşhur “KAWAI” musiqi şirkətinin studiyasında həyata keçirilib. Audio materialın kompakt disk formatına salınması və CD-nin hazırlanması isə Tokioda baş tutub.
Hazırlanan CD-lərin “KAWAI” və “YAMAHA” musiqi mərkəzlərinə, həmçinin yanvar ayında keçiriləcək Zama Beynəlxalq Festivalında musiqisevərlərə paylanılması nəzərdə tutulur.
Qeyd edək ki, Gülnarə Səfərovanın gələn ilin iyulunda Tokioda baş tutacaq konsertində CD-nin təqdimatı olacaq.
Bu layihə Azərbaycan–Yaponiya mədəni əlaqələrinin inkişafına, Azərbaycan klassik musiqisinin beynəlxalq səviyyədə təbliğinə və Qara Qarayev yaradıcılığının daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verir.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
“Bir şəhid, bir hekayə, bir şeir” kitabının IV cildinin Sumqayıtda təqdimatı keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhər Muğam Mərkəzində türkiyəli və azərbaycanlı yazarların birgə ərsəyə gətirdikləri “Bir şəhid, bir hekayə, bir şeir” kitabının dördüncü cildinin növbəti təqdimat mərasimi keçirilib. Kitabda 62 azərbaycanlı şəhidin həyat hekayələri və onlara həsr olunmuş şeirlər yer alıb.
Tədbirdə yazarlarla yanaşı, kitabda həyat hekayələri əks olunan Sumqayıt və Abşeron bölgəsində yaşamış şəhidlərin ailə üzvləri, onların təhsil aldıqları orta məktəblərin direktorları, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndələri, qazilər, bədii incəsənət ustaları və media təmsilçiləri iştirak ediblər.
Layihənin Azərbaycan üzrə koordinatorları İlhamə Müslümova və Namiq Müslümov çıxış edərək iştirakçıları layihə barədə məlumatlandırıblar. Bildirilib ki, beş il əvvəl türkiyəli yazar Harun Yıldırım tərəfindən başladılan layihənin ilk üç cildi Türkiyə şəhidlərinə, dördüncü cildi isə Azərbaycan şəhidlərinə həsr olunub. Birinci Qarabağ müharibəsi qazisi Anar Əliyevin maddi dəstəyi ilə çap olunan kitabda 26 azərbaycanlı yazarın əsərləri yer alıb. Nəşrdə şəhidlərin həyat yolu qələmə alınıb. Kitab pulsuz olaraq şəhid ailələrinə, şəhidlərin təhsil aldıqları orta məktəblərə, yaşadıqları şəhər və rayonların mərkəzi kitabxanalarına, eləcə də mədəniyyət mərkəzlərinə hədiyyə edilib. Hazırda layihənin beşinci cildinin hazırlanmasına da başlanılıb.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı çıxış edərək kitabın mənəvi və tarixi əhəmiyyətindən danışıblar. Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Fərman Kazımov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin şöbə rəisi İlqar Qurbanov, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin din xidmətləri üzrə müşaviri İhsan Açıq bəy, Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı və digər çıxışçılar layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Daha sonra kitabda həyat hekayələri yer almış Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında yaşayan şəhidlərin ailə üzvləri və onların təhsil aldıqları orta məktəblərin direktorları səhnəyə dəvət olunaraq onlara kitablar təqdim edilib.
Tədbirin ədəbi-bədii hissəsində tanınmış müğənnilər vətənpərvər mahnılar ifa edib, qiraət ustaları isə kitabda yer alan şeirləri səsləndiriblər.
Tədbirin sonunda bütün yazarlar səhnəyə dəvət olunub, qonaqlar onları alqışlarla təbrik edərək təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
Bakıda III Təhsil Menecerləri Forumu keçirilib
Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Hədəf-dən verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun açılışında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, forumun layihə rəhbəri Şəmil Sadiq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Milli Məclisin deputatı Mehriban Vəliyeva bildiriblər ki, davamlı səciyyə daşıyaraq diqqətləri özünə cəlb edən təhsil menecerləri forumları ölkəmizin elm-təhsil həyatında əlamətdar hadisədir.
Vurğulanıb ki, təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modellərinin əsas istiqamət kimi götürüldüyü forum təhsil sahəsinin liderlərini bir
araya gətirərək yerli və xarici ekspertlərin ən aktual trendlər və innovativ yanaşmalar barədə çıxışlarını təqdim etdiyi mühüm platformadır. Davamlı islahatlara ehtiyac duyan təhsil sektorunun problem və perspektivlərinin belə forumlarda müzakirə edilməsi inkişaf üzrə yol xəritələrinin dəqiq konturlarının müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, rəqəmsallaşma, süni intellektin təhsildə tətbiqi günümüzün reallığıdır və texnologiya artıq təhsilin köməkçi sahəsi deyil, müasir təhsil modelinin özüdür. Artıq texnologiya dövründə təhsil məkanla deyil, düşüncə ilə ölçülür, inteqrasiya olunmuş texnologiyalarla zəngin təhsil mühiti yartmaq imkanları genişlənir.
Qeyd olunub ki, ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən Üçüncü Təhsil Menecerləri Forumuna ümumilikdə 14 xarici və yerli spiker, yüzlərlə iştirakçı qatılıb. Forumun məqsədi yeni təhsil idarəçiliyinin çağırışlarına cavab tapmaq, məktəb və ali təhsil müəssisələrinin innovativ idarəetmə təcrübələrini müzakirə etmək və təhsil sahəsində dayanıqlı inkişaf üçün yollar axtarmaqdır. Bu gün təhsil menecmenti yalnız inzibati idarəetmə funksiyası daşımır, o həm də insan kapitalının formalaşdırılmasını, keyfiyyətli təhsil ekosisteminin qurulmasını və üzunmüddətli milli inkişaf strategiyasının reallaşdırılmasını təmin edən və insan kapitalı formalaşdıran strateji liderlik sahəsinə çevrilib. Bu baxımdan Təhsil Menecerləri Forumu kimi platformalar müasir çağırışlara kollektiv cavab vermək baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Ölkəmizdə təhsillə bağlı aparılan islahatlar, təhsildə müasir dəyərlər baxımından həyata keçirilən yeni baxış, istər dövlət, istərsə də özəl sektorda çalışan təhsil işçilərinin də bu proseslə ayaqlaşmasını tələb edir. Düzgün təhsil sisteminin qurulması və idarə edilməsi, əlbəttə ki, peşəkar təhsil menecerlərindən başlanır. Pedaqoji, elmi-metodoloji baxımdan lazımi işlər aparılır, layihələr həyata keçirilir, amma etiraf etməliyik ki, təhsil menecmentliyi ilə bağlı istər elmi-nəzəri, istərsə də praktiki işlər qənaətbəxş deyil. Yaxşı təhsil meneceri yaxşı məktəb deməkdir. Bəzən yaxşı müəllim yaxşı menecer ola bilmir. Çünki xüsusilə, yeni nəsil idarəetmənin tələbləri fərqlidir. Bu sahədə inkişafa dəstək olmaq istəyi belə bir forumun keçirilməsini zəruri edir. Bu günkü forumda hədəfimiz tanınmış təhsil idarəçilərinin, məktəb quruculuğunda birbaşa iştirak edən təhsil menecerlərinin təcrübələrini, nəzəriyyələrini, konseptlərini birbaşa özlərindən dinləmək imkanı yaratmaqdır,-deyə forumda layihənin ideya müəllifi və rəhbəri Şəmil Sadiq vurğulayıb.
“Gələcəyin təhsil modelini birlikdə formalaşdıraq” devizi ilə keçirilən forumda spikerlər -Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov “Alfa nəslinin təlim-tərbiyəsində yeni yanaşmalar”, Azərbaycan Respublkası Təhsil İnstitunun direktoru səlahiyyətlərinin icraçısı Elnur Əliyev “Qiymətləndirmə nəticələrinin real tədris dəyişikliklərinə təsiri və məktəb rəhbərlərinin rolu,
“TheClub MMC”-nin (PASHA Group ) İnsan Resursları şöbəsinin rəhbəri Arzu Musayeva “Texnologiyanın HR sahəsində tətbiqi və təhsil menecerlərinə təsiri”, Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov “Müasir məktəb idarəçiliyi: təhsildə innovativ yanaşmalar və texnologiyanın inteqrasiyası” kimi aktual mövzularda çıxış ediblər.
Çıxışlardan sonra Eduventos onlayn təhsil platformasının təqdimatı olub.
Forum çərçivəsidə “Effektiv təhsil idarəçiliyi: müasir məktəb rəhbərliyinin çağırışları və imkanları”, “Təhsildə maliyyə dayanıqlılığı və büdcənin effektiv idarə olunması”, “Təhsildə süni intellekt: imkanlar və gələcək perspektivlər” mövzularında panellər keçirilib. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktik tövsiyyələr verilib.
Təhsil Menecerləri Forumunun əsas təşkilatçısı olan Hədəf Şirkətlər Qrupuna təşəkkür elan edilib. Bildirilib ki, Hədəf Şirkətlər Qrupu artıq 15 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində şirkət milli təhsil brendi kimi formalaşmışdır. Hədəf brendi bu gün STEAM liseyləri, uşaq bağçaları, hazırlıq mərkəzləri, elmi, bədii və uşaq nəşrləri üzrə formalaşmış nəşriyyatlar, texnologiya və konsaltinq şirkətləri, Karyera və inkişaf mərkəzi, Yaradıcılıq mərkəzlərini özündə birləşdirir.
Qeyd edək ki, forum çərçivəsində Təhsil Texnologiyaları Sərgisi də təşkil edilib. Sərgi təhsil sahəsində çalışan mütəxəssislərə ən müasir texnoloji yenilikləri bir arada görmək, təcrübədən keçirmək və innovativ həllərlə tanış olmaq imkanı yaradıb. Yeni nəsil interaktiv tədris texnologiyaları, rəqəmsal təhsil və LMS platformaları,İKT əsaslı idarəetmə və monitorinq sistemləri, məktəblər üçün innovativ proqram və tətbiqlər, robotika, STEAM və VR/AR təhsil mühitləri, smart cihazlar, ölçüləbilən tədris alətləri izləyicilərə təqdim olunub. “Təhsilin gələcəyi ilə tanış olun” devizi ilə açılan sərgi təhsil liderləri üçün texnologiya ilə daha yaxından tanış olmaq, müasir həllər seçmək və yeni əməkdaşlıqlar qurmaq üçün yaxşı fürsətlərdən biri kimi dəyərəndirilir.
Layihənin icraçısı, tarix üzrə fəlsəfə doktoru, dosent Elvin Əliyev Forumda bağlanış nitqi ilə çıxış edib, spikerlərə və iştirakçılara sponsorlar tərəfindən hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.
Forumun əsas tərəfdaşları MUSİAD Azərbaycan, Türkiyədən Elta Beynəlxalq İmtahan Mərkəzi, Sərçə Akademiyası, Robotzade, e-school, Nano İCT, SinKod, Kiber ONE (Kibervan), Hədəf STARS Campus və Xan Nəşriyyatıdır. Üçüncü Təhsil Menecerləri Forumunun informasiya dəstəkçiləri isə Azərbaycan Dövlət Televiziyası (Aztv), Real TV, Təhsil TV, Bizim Media, Ustad dəsrgisi, Bizim Yol, Media25 və sənət.az platformalarıdır.
Qeyd edək ki, forum “Təhsil tv” ilə canlı yayımlanıb.
Dördüncü Təhsil Menecerləri Forumu 2026-cı ildə keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
Sumqayıtda Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xalq şairi, dramaturq, pedaqoq, ictimai xadim, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur.
Bu münasibətlə Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü, AYB Sumqayıt bölməsi və Milli Qəhrəman Polad Həşimov adına tam orta məktəbin birgə təşkilatçılığı ilə “Bəxtiyar Vahabzadə - 100” yubiley tədbirləri çərçivəsində “Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində baş tutub.
Əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin iştirakçıları salamlayaraq Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Qələm adamları Ofelya Babayeva, Rafiq Yusifoğlu, Rafiq Oday və Aslan Bayramov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ədəbiyyata göstərdiyi diqqət və qayğıdan, eləcə də Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə bağlı maraqlı faktlardan söz açıblar. Bildirilib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır, Bəxtiyar Vahabzadə irsinin yaşadılması və gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.
28 saylı tam orta məktəbin şagirdlərinin ifasında səslənən şeirlər və şairin sözlərinə bəstələnmiş mahnılar məclisə xüsusi bir ab-hava qatıb.
Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə və iştirakçılara təşəkkürünü bildirib.
Tədbir Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzrin Hüseynlinin ifasında, şairin sözlərinə bəstəkar Tahir Əkbərin bəstələdiyi “Amin” mahnısı ilə sona çatıb.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
Şair Yusif Nəğməkarın söz işığında
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair Yusif Nəğməkarın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tanınmış bədii qiraət ustası Müşfiqə Baləddinqızı Baxşıyevanın aparıcılığı ilə keçirilən yubiley gecəsində Yusif Nəğməkar poeziyasının vurğunlar iştirak ediblər.
Gecədə şairin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi Əlaqələr Mərkəzinin direktoru Əsəd Cahangir, AYB-nin katibi, şair-yazıçı İlqar Fəhmi, akademik Nizami Cəfərov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, professorlar İbadulla Ağayev, Fatimə Hacıyeva, AYB-nin Beyləqan bölməsinin sədri Fazil Əsəd, şairlər Rövşən Qarabudaq, Əzizə Ağahüseynqızı, Nazir Rüstəmov, İlham Qazaxlı, Aybəniz İsmayılova, İmran Güllübulaqlı, poeziyasevərlər Ağahüseyn Qədirov, Zakir Əmişov və digər çıxışçılar şairlə bağlı öz ürək sözlərini bölüşüblər.
Bildirilib ki, Yusif Nəğməkarın poeziyası neçə on illərdir ki, həm oxucuların zövqünü oxşayır, cəmiyyətə humanizm, milli-mənəvi dəyərlər, vətənpərvərlik təbliğ edir, həm də ədəbi-ictimai mühitdə böyük rəğbətlə qarşılanır. Onun yaradıcılığını hələ gənclik illərindən başlayaraq müxtəlif nəsillərdən olan görkəmli ədəbiyyat adamları tərəfindən təqdir edilib.
Qeyd edilib ki, Yusif Nəğməkarın yalnız şeirləri deyil, poemaları da mövzusundan, həcmcə kiçik və ya böyüklüyündən asılı olmayaraq bir nəğmə kimi oxunur. Hər şeydən əvvəl ona görə ki, xalq ədəbiyyatının, xüsusilə poeziyasının ruhunu dərindən mənimsəmiş şairin daxilindən gələn poetik ritmlər, intonasiya, bədii sintaksis, təhkiyə məharəti janrın miqyasına da yüksələ bilir.
Natiqlər vurğulayıb ki, Yusif Nəğməkarın Azərbaycan poeziyasında özünəməxsus, xüsusi əhəmiyyətli yerinin olduğu tamamilə inkaredilməzdir. Yusif Azərbaycan şeirinin bütün vəznlərində şeirlər yazır, hər vəznin də tələblərinə uyğun qanunları, qanunlar içərisində öz üslubi keyfiyyətlərini qoruyub saxlamağı bacarır. Onun çoxcəhətli yaradıcılığında ənənəvi formada yazdığı bir sıra fərqli cəhətləri ilə seçilib yadda qalan yeni ruhlu qoşma, gəraylı, təcnis və qəzəlləri də xüsusi yer tutur və ayrı-ayrılıqda onların hər birindən çoxlu sayda nümunələr gətirmək mümkündür.
Qətiyyətlə deməliyik ki, Yusif Nəğməkar xalq yaradıcılığından, folklorumuzdan, klassik ədəbiyyatımızdan bəhrələnən müasir şairdir. Həmçinin onun Ana dilimizin doğmalığına, zənginliyinə bələd orijinal üslublu ülvi duyğular şairi olması şəksizdir. Bundan başqa, Yusifin istər lirik sevgi şeirlərində, istər təbiət mövzularında, istərsə də fəlsəfi-psixoloji əsərlərində (uşaqlar üçün yazdığı şeirlərində belə) dil, ifadə aydınlığı, xəyal, idrak-məntiq dərinliyi bərqərardır.
Sonra söz musiqiyə verilib. Gecədə Xalq artistləri Niyaməddin Musayev, Gülyanaq Məmmədova, müğənnilər Təhmuraz Şirinov, Yusif Mustafayev, Tacir Şahmalıoğlu, Günel Məhəmmədli, Rəşad İdrisoğlu, Zeynal Əhmədov, aşıq Dərya Mərdanzadə və digərlərinin çıxışları alqışlarla qarşılanıb.
Bədii qiraətçilər Ayna Məmmədova, Anar Atakişi və başqaları Yusif Nəğməkarın şeirləri ilə tədbirdə kövrək məqamlar yaşadılar.
Yaratdığı şairin portreti ilə rəssam Nəvai Mətin tədbirə xüsusi gözəllik qatıb.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən şair dərin, fəlsəfi düşüncəli şeirləri ilə tamaşaçıların ruhunu oxşayıb.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
75 ilin “Könül pıçıltıları”
Könül, “Ədəbiyyat və incəsənət”
75 yaşın könül pıçıltıları görəsən necə olur? Bilmək istəyirsinizsə, onda eyniadlı kitabı oxumağınız məsləhətdir.
Azərbaycanda Atatürk Mərkəzində Yazıçılar Birliyinin üzvü, şair-publisist Güləmail Muradın 75 illik yubileyinə və onun yeni gün üzü görmüş “Könül pıçıltıları” adlı kitabının tanıtımına həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzin rəhbəri, akademik Nizami Cəfərov açaraq, Güləmail Muradın poetik düşüncə tərzi və sözə münasibəti barədə fikirlərini bölüşüb.
Tanıtımda AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, tənqidçi Əsəd Cahangir, Atatürk Mərkəzinin direktor müavini Osman Ənvəroğlu, AMEA-nın əməkdaşı, professor Salidə Şərifova, ADPU-nun müəllimi, fəlsəfə doktoru Yeganə Qəhrəmanova, şair Elnur Uğur, şair-publisist Püstə Hüseynova çıxış edərək, müəllifin yaradıcılığı, “Könül pıçıltıları” kitabının poetik-estetik dəyəri, eləcə də şairin ədəbi mühitdəki mövqeyi haqqında dəyərli fikirlər səsləndirib, yubilyara xoş diləklərini çatdırıblar.
Çıxışlarda Güləmail Murad yaradıcılığının səmimiliyi, qadın duyarlılığı, vətəncanlılığı xüsusi vurğulanıb, onun yaradıcılığının oxucu ilə mənəvi bağ qurmaq gücünə malik olduğu deyilib.
Tədbirin sonunda Güləmail Murad Atatürk Mərkəzinin rəhbərliyinə, çıxış edən aydınlara və yubiley tədbirində iştirak edən hər kəsə təşəkkürünü bildirib, oxucuların və ədəbi mühitin diqqətini hər zaman böyük dəyər kimi qəbul etdiyini ifadə edib.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
Beyləqanda səslərin qızıl yaddaşı
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” üçün
Bəzən bir şəhərin taleyini tarix kitabları yox, səhnədən yüksələn səslər yazır. 19 dekabr 2025-ci il axşamı Beyləqan belə anlardan birini yaşadı. Uzun müddət idi ki, bu qədər saf, bu qədər köklü və bu qədər tanış səslər bir məkanda toplaşmamışdı. “Qızılı Səslər” adlı konsert proqramı sadəcə musiqi gecəsi deyil, Beyləqanın mədəni yaddaşına tutulan işıq idi.
Beyləqan Mədəniyyət Mərkəzinin səhnəsi bu dəfə səssizcə danışmadı — o, muğamla, təsniflə, xalqın içindən süzülüb gələn melodiyalarla söz açdı. Hər bir ifa keçmişlə bu günü eyni nəfəsdə birləşdirir, dinləyicini yaddaşın dərin qatlarına aparırdı. Bu səslər təkcə qulaq üçün deyil, ruh üçün idi.
Səhnədə Azərbaycan muğam sənətinin tanınmış simaları yer almışdı. V Televiziya Muğam Müsabiqəsinin qalibləri Məhəbbət Səfərov və Sədəf Budaqova, ifalarında klassik məktəbin sabitliyini və daxili intonasiyanın gücünü nümayiş etdirdilər. Türksoyun 25 illiyi münasibətilə keçirilən müsabiqənin qran-pri mükafatçısı Elgiz Əliyev səsi ilə zamanın sərhədlərini aradan qaldırdı. VI Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Mirəli Sarızadə isə muğamı səhnədən yox, sanki yaddaşdan oxuyurdu.
Bu gecə səslənən muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları alqışlarla deyil, sükutla qarşılandı — çünki bəzi anlarda alqış artıqdır. Tamaşaçı dinlədi, düşündü, hiss etdi. Musiqi burada əyləncə yox, mədəni məsuliyyət idi.
Gecənin finalı isə sözsüz danışan bir məqam oldu. İfaçıların birlikdə səsləndirdikləri “Qarabağ Şikəstəsi” zalda yalnız musiqi yaratmadı, bir ruh halı yaratdı. O an Beyləqan səhnəsində təkcə sənət yox, yaddaş, ağrı və qürur da səsləndi.
“Qızılı Səslər” konsert proqramı bir daha göstərdi ki, muğam yaşadıqca şəhərlər də yaşayır. Bu səslər Beyləqanın mədəni tarixində iz buraxdı — qızıl kimi parlaq, səssiz, amma unudulmaz.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
Çiyin-çiyinə: xoşbəxtlikdən xoş anlara - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Həyat – qarışıq bir müəmma, bəzən sevincin ən parlaq ucalıqlarında, bəzən isə ağrının qaranlıq dərinliklərində sərhədsiz sınaqlar yaradan bir səfərdir.
Bu səfərdə hər birimizin arzusu eynidir: xoşbəxt olmaq və başqalarını da xoşbəxt etmək. Amma insanın gücü çox vaxt bu böyük məqsədə çatmağa yetmir. Çünki başqasının qəlbində əbədi bir sevinc toxumu yetişdirmək bizim əlimizdə deyil. Lakin bir şeyi bacarmaq mümkündür – insanlara xoş anlar bəxş etmək. Həyatın gözəlliyi də məhz buradadır.
Bəzən düşünürük ki, nə üçün başqalarını tam xoşbəxt edə bilmirik? Axı sevgi veririk, ümid bəxş edirik, əlimizdən gələn hər şeyi edirik. Lakin hər bir insanın içində daşıdığı ağırlıq başqasının yükü ilə tamamilə eyni ola bilməz. Xoşbəxtlik fərdidir, hər kəsin özünə məxsus bir dünyası var. Amma xoş anlar? Onlar isə bizim gücümüzdədir. Bir gülüş, bir ürəkləndirici söz, yorğun bir çiyinə qoyulmuş dəstəkləyici bir əl – bunlar kiçik görünsə də, o an başqasının həyatında bir fərq yarada bilir. Çünki həyatın sərt küləkləri hər zaman insanı yıxmağa çalışır, müvazinətimizi itirməkdə, yerlə bir olmaqda qorxunc bir qərarlılıq göstərir.
Həyatın ən böyük möcüzəsi odur ki, çiyin-çiyinə dayandıqda heç bir fırtına bizi tam yıxa bilmir. İnsanlar bir-birinə dayaq olduqda, yaşanan xoş anlar bu sərt mübarizədə yeganə qalxana çevrilir. Bəlkə də xoşbəxtlik tamlığı bir illüziyadır – reallıqda baş verən isə məhz o kiçik xoş anlardır. Bir dostun güvən dolu baxışı, bir yaxın insanın təbəssümü, hətta yoldan keçən bir yad adamın incə bir təşəkkürü. İnsanlar bir-birinə heç fərqində olmadan ümid toxumu səpirlər.
İnsanlıq tarixinin ən böyük kəşfi nə təkərdir, nə elektrik. Ən böyük kəşf bir-birinə yaxınlaşan, yıxılmamaq üçün bir-birinin əllərindən tutan insanların tapdığı birlikdir. Bu birlikdə “xoşbəxt edə bilmirəm” düşüncəsi əriyir, çünki əslində verilən ən dəyərli hədiyyə o an başqasına təsəlli olmaqdır. Həyat bizi daima sınağa çəksə də, birlikdə olduğumuz anlar sanki zamanın o sərt axışını dayandırır.
Həyat hər kəs üçün çətindir. Bəzən insan öz mübarizəsində tək olduğunu düşünür. Amma o an çiyin-çiyinə dayandığın bir dost, bir sevgi, bir gözəl söz sənə kölgə kimi sakitlik bəxş edir. O vaxt anlayırsan: başqalarının tam xoşbəxtliyi bizim gücümüzdə olmasa da, onların yaddaşında iz buraxacaq xoş anlar yaratmaq bizim əlimizdədir. Həyat bu anlarla gözəlləşir, dəyər qazanır.
Ən böyük xoşbəxtlik isə budur: kimsə yerə yıxılarkən əlini uzadıb onu ayağa qaldıra bilmək. Çünki çiyin-çiyinə verən insanlar heç vaxt tam yıxılmazlar.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)
Dəlixana, yoxsa Tumarxana? -BAXIŞ BUCAĞI
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Türk mədəniyyətində "tımarhane" anlayışı sadəcə zehni problemləri olan şəxslərin yerləşdirildiyi bir məkan kimi qəbul edilmir. Bu sözün kökündə dayanan "tımar" ifadəsi "baxım", "sığal" və "diqqət" mənasını verir.
Osmanlı dövründə psixi problemləri olan şəxslərə xüsusi qayğı göstərilirdi. Onların daha sakit və normal davranışlar sərgiləməsi üçün diqqətçəkici bir müalicə üsulu tətbiq edilirdi: yeniçəri atlarının tüklərini daramaq.
Tımarxanalarda bu şəxslərin əllərinə daraqlar verilərək, atların tüklərini daramaq tapşırılırdı. İlk vaxtlarda sadə bir məşğuliyyət kimi görünsə də, bu metodla həmin şəxslərin zamanla daha sakit və harmonik davranmağa başladığı müşahidə edildi. Bunun səbəbi isə atların insanlara mənəvi sakitlik bəxş etməsi idi. Əslində, bu yanaşma ilə Osmanlılar, atların insan psixologiyasına müsbət təsirini instinktiv olaraq kəşf etmişdilər.
Atlar və müasir terapiya
Müasir dövrdə bu metod "at terapisi" (hippoterapiya) adı altında tətbiq edilir. Atlar yalnız fiziki reabilitasiya üçün deyil, eyni zamanda zehni sağlamlıq problemləri ilə mübarizədə də mühüm rol oynayır. Atlarla qurulan əlaqə insanların diqqətini cəmləməyə, rahatlamağa və özünəinam hissini artırmağa kömək edir.
Terapistlərin müşahidələrinə görə, atlarla vaxt keçirən şəxslər, onların sakit və balanslı enerjisindən təsirlənərək, öz daxili harmoniyalarını bərpa edirlər. Bu terapiya forması xüsusilə uşaqlar, travma keçirmiş şəxslər və stresslə mübarizə aparan insanlar üçün effektivdir.
Osmanlı dövründə tımarhanelərdə tətbiq edilən bu metodun, əsrlər sonra da effektivliyini sübut etməsi təsadüfi deyil. Bu, insanlarla heyvanlar arasındakı təbii bağın və bu bağın psixoloji təsirinin əhəmiyyətini göstərir. Beləliklə, dəlixana kimi sərt və uzaq bir anlayışdan tumarxana kimi qayğı və şəfqət dolu bir yanaşmaya keçid Osmanlı dövrünün insanpərvərliyi və müşahidə qabiliyyəti ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)


