İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Onun əsərləri Azərbaycan dövlətinin milli sərvətidir" kəlmələri Ümummilli lider Heydər Əliyevə məxsusdur vəbu kəlmələr rəssam Bəhruz Kəngərlinin şəninə söylənibdir.
Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olub. Atası Şirəli bəy gimnaziyada təhsil alıb, fars və rus dillərini öyrənib, Şərq və Avropa ədəbiyyatı ilə tanış olub, qabaqcıl ziyalı kimi tanınıb, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləyib. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoyub.
Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanıb, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərib, şəkillərin surətini çıxarmaqla məşğul olub, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışıb. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edib.
Atasının abunəçi olduğu "Molla Nəsrəddin" jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verib. O, jurnalda dərc olunan felyetonlarla, karikaturalarla tanış olub, məzəli şəkillərin üzünü çıxarmaqla rəsm çəkməyin sirlərini öyrənib. Bu ilk vərdişlər Bəhruzun rəssamlıq sənətinə sevgisini gücləndirib.
Bu məqsədlə Bəhruz Kəngərli 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olub və 5 il ərzində orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıdıb. Zaqafqaziyanın mühüm mədəni mərkəzi Tiflis şəhərində "İncəsənəti təşviq cəmiyyəti" nəzdində təşkil edilən rəssamlıq məktəbinin ilk azərbaycanlı məzunu Bəhruz Kəngərli orada özünün istedadının hərtərəfli inkişafı üçün əlverişli zəmin tapıb.
Məktəbdə təhsil rus akademik təhsili sisteminə əsaslanıb və şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən aparılıb. Gürcü rəssamları Qiqo Qabaşvili, Aleksandr Mrevleşvili, heykəltaraş Yakov Nikoladze, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edən Oskar Şmerlinq kimi müəllimlər öz tələbələrinə peşəkar rəssamlıq prinsiplərini, Avropa mədəniyyətinin nailiyyətlərini aşılayıblar.
Bəhruz Kəngərlinin tələbəlik illərində "Molla Nəsrəddin" jurnalının təsiri altında çəkdiyi rəsm və şarjları bunu aydın sübut edib. Təhsil illərində Bəhruz Kəngərli yay tətillərini Gürcüstanın səfalı yaylaqlarında, Qara dəniz sahillərində, eləcə də doğma Naxçıvanda keçirib və görüb müşahidə etdiyi həyat lövhələrini, müasirlərinin surətlərini fırçaya alıb, sevdiyi peşəsini yorulmadan təkmilləşdirməyə, rəsm qabiliyyətini cilalamağa çalışıb.
Hələ tələbə ikən 1914-cü ildə Naxçıvanda onun ilk fərdi sərgisi təşkil olunub, sənət həvəskarlarının diqqətini cəlb edib, mətbuat səhifələrində rəğbətlə işıqlandırılıb. Şəhərin qabaqcıl ziyalıları sərgini yüksək qiymətləndirib, mətbuatda verilən məqalədə "Bəhruz bəy cənablarının bundan daha gözəl, bundan daha artıq rəsmlər yaratmağa nail olmasını" arzu ediblər.
Akademik M. C. Cəfərovun xatirəsində Bəhruz Kəngərlinin 1919-cu ildə balaca bir otaqda nümayiş etdirdiyi sərgisi haqqında maraqlı məlumat verilir:
"O, bir-bir əsərlərini göstərib həvəslə uşaqlara izahat verirdi və arabir gülümsəyib deyirdi: "Əl vurmaq olmaz, olmaz əl vurmaq". Mən həmişə üzü tutqun, qaşları çatılmış olan rəssamı birinci dəfə gülümsəyən gördüm"
Bəhruz Kəngərlinin tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz qalıb, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməyib, mədəni cəhətdən geri qalmış adam və cahil insanların laqeyd münasibətinin şahidi olub. O, 1922-ci ildə fevralın 7-də 30 yaşında ciyər xəstəliyindən vəfat edib
Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə 1947-ci ildə Bakıda, 1957-ci ildə Moskvada Bəhruz Kəngərlinin fərdi yaradıcılıq sərgiləri keçirilib. Hal-hazırda Bəhruz Kəngərlinin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyindən başqa Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində saxlanılır. Naxçıvan şəhərində adına küçə var.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.02.2026)


