Super User

Super User

Çərşənbə, 02 Aprel 2025 15:05

Türk soyları: yalnız izləri qalmış xalqlar

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının təqdim etdikləri Türklərin tarixi layihəsində növbəti söhbətimiz türk soyları barədədir.

 

Türk soyları deyəndə, adətən, Oğuzlar, Qıpçaqlar, Uyğurlar və ya Göytürklər yada düşür. Lakin tarixdə izi silinmiş, unudulmuş və ya haqqında çox az danışılan elə türk soyları var ki, onların taleyi qəribə, sirli və bəzən faciəvidir. Bu yazıda az bilinən bəzi türk soylarından danışacağıq.

 

1. Xalaclar – Hindistanın unudulmuş türkləri:

 Xalaclar tarixi mənbələrdə erkən orta əsrlərdən məlum olan türk soylarından biridir. Əvvəllər Orta Asiyada yaşayan bu xalq XII-XIII əsrlərdə Hindistana köç edir və orada Xalac sultanlığını qurur. Lakin zaman keçdikcə yerli əhali ilə qarışaraq türklüklərini itirirlər. Bu gün Hindistan və Pakistanda müəyyən qruplar özlərini Xalac (Khalaj) adlandırır, lakin artıq onlar türkcə danışmır.

 

2. Şatuo Türkləri – Çin taxtına sahib olanlar:

 Şatuolar Orta Asiyanın Tanrı Dağları və Altay bölgəsində yaşayan türk boylarından biri idi. Onların ən maraqlı xüsusiyyəti odur ki, Çin imperiyasının süqut etdiyi dövrdə (X əsr) Şatuo türkləri Çində üç fərqli sülalə qurmuşdular:

• Sonrakı Tan (923–936)

• Sonrakı Tsin (Cin) (936–947)

• Sonrakı Han (947–951)

Bu o deməkdir ki, müəyyən bir dövrdə Çin imperator taxtında saf türk mənşəli hökmdarlar otururdu. Lakin Şatuolar sonradan çinlilərlə qarışdı və tarix səhnəsindən silindi.

 

3. Basmaçlar – Qiyamçı türk mücahidləri:

Basmaçlar əlbəttə ki, soy deyillər,  əsasən, XX əsrin əvvəllərində Orta Asiyada Sovet işğalına qarşı döyüşən türk müqavimət hərəkatının üzvləridir. Bəzi tarixi mənbələr onlara “türk partizanları” adını verir. Onlar əsasən özbəklər, qazaxlar, türkmənlər və qırğızlardan ibarət idi. Basmaçlar Çar Rusiyasının və daha sonra Sovet hakimiyyətinin türk xalqlarına qarşı siyasətinə qarşı üsyan etmişdilər. Lakin 1930-cu illərdə hərəkat tamamilə yatırıldı və onların böyük hissəsi məhv edildi.

 

4. Qarluqlar – Dövlət quran, amma unudulanlar:

 Qarluqlar qədim türk soylarından biridir və onların adı ilk dəfə VII əsr Çin mənbələrində çəkilir. Əvvəllər Göytürk Kağanlığının tərkibində idilər, lakin sonradan müstəqillik qazanıb 766-cı ildə Qarluq Kağanlığını qurdular. Ən maraqlısı budur ki, Qarluqlar İslamı qəbul edən ilk türk tayfalarından biri idi. Lakin zamanla onların bir hissəsi Uyğurlar, digər hissəsi isə Qaraqanlılara qarışaraq ayrıca xalq kimi tarix səhnəsindən çıxdı.

 

5. Sabarlar – Sirli türk barbarları:

 Sabarlar (və ya Savirlər) haqqında çox az məlumat var. Onların V-VI əsrlərdə Qafqaz və Şərqi Avropaya hücumlar etdiyi məlumdur. Bizans tarixçiləri onları “amansız barbarlar” adlandırır. Bəzi tədqiqatçılar hesab edirlər ki, Sabarlar sonradan Xəzər xaqanlığının əsasını qoyan türk qruplarından biri olub.

 

6. Kaylar – Osmanlının əsl kökləri onlardan gəlmiş ola bilər:

 Osmanlıların mənşəyi ilə bağlı müzakirələr çoxdur, amma ən çox qəbul edilən versiya onların Kayı boyundan olmasıdır. Maraqlısı budur ki, Kayların tarixi Göytürklərə qədər gedib çıxır. Orta Asiyada böyük bir tayfa olan Kaylar, sonradan Anadolunun cənubuna və qərbinə köç edir və Osmanlı imperiyasının əsasını qoyur.

 

7. Bayandurlar – Qədim türk aristokratları:

 Bayandurlar qədim türk soylarından biri olub, Oğuz boylarının 24-nə daxil idi. Onların adı “zəngin”, “varlı” mənasını verir. Maraqlıdır ki, bu boy Səlcuqlular dövründə yüksək aristokratik sinfə daxil idi. Tarixdə Bayandur xanları və sultanları olub, amma bu soy zamanla tarixdən silinib.

 

Türk soylarının tarix səhnəsində parlayıb sonra yox olması, assimilyasiya olunması və ya başqa xalqlara qarışması onların taleyinin bir hissəsidir. Lakin bu xalqların mirası hələ də bəzi genetik izlərdə, yer adlarında və tarix kitablarının dərinliklərində yaşayır.

 Tarixdə izi qalmış, amma unudulmuş türk soyları haqqında daha çox araşdırma aparmaq lazımdır. Bəlkə də gələcəkdə yeni tarixi kəşflər sayəsində bu xalqların qaranlıq qalmış hekayələrini yenidən üzə çıxarmaq mümkün olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.

 

Ceyms Allen «Düşünən insan»

Düz 116 il öncə yazılan bir kitabın hələ də populyar olması, hələ də insanlara bələdçilik etməsi, fayda gətirməsi əlbəttə ki, diqqətçəkən haldır. İnsan özünüinkişafı üzrə klassik iş hesab olunan bu kitabın əsas ideyası odur ki, insanı onun düşüncələri formalaşdırır. Yüksək, ali fikirlər insanı yüksəldir, necə deyərlər, axmaq fikirlər isə insanı alçaldır.

Həyatı faciələr içində keçən, cəmi 15 yaşında ikən atasının öldürülməsi səbəbindən təhsilini atıb ailəsini dolandırmaq üçün ağır işlərə qatlaşan Allendə kitaba sevgini Lev Tolstoyun yaradıcılığı oyadıb. Yüzlərlə kitab oxuyan bu dahi şəxsiyyət  insanın imkanlarının dəyişilməsi üçün düşüncənin gücünü ən əsas faktor hesab edir.

Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur.

İlk dəfə motivasiya mövzusuna toxunan Allen şəxsiyyətn inkişafını, uğur qazanma sirlərini məhz düzgün düşünə bilməkdə görməklə insanlığı düşünməyə səsləyir.

Sadəcə, düşünün, əziz oxucularım! Hər şey sizin düşüncələrinizdən asılıdır.

 

“Ədəbiyyat və incəsənət

(02.04.2025)

 

Çərşənbə, 02 Aprel 2025 14:04

Rafiq Yusifoğlunun uşaq təntənəsi

Nurlana Məmmədova, “Ədəbiyyat və incəsənət” üçün

 

Uşaqlar deyəndə, ağlıma ilk gələn şey təntənədir. Gülüşlər, baxışlar, yürüyüşlər… və uşaqlara xas bütün duyğular…

Rafiq Yusifoğlunun uşaq şeirləri də bayram əhvallı, coşqun, qələbə ilə yoğrulmuş şeirlərdir.

 

Onun yaradıcılığında ən gözəl məqamlardan biri odur ki, balaca oxucu sonda məqsədə çatır, yaranan suala cavab tapa bilir. Və bu, onun təntənəsidir. Rafiq müəllimdəki bu lazımlı fəhm dünyada az şairdə var.

 

“…baba çayın qolu var

Bəs yoxdu ayaqları?

Yamanca gülmək tutdu

Evdəki uşaqları

Baba:

Axışından bilinir

Su dayazmı, dərinmi?

Çay elə bərk “qaçır ki”,

Görünmür ayaqları…”

 

Bu şeirdə bir babanın, müəllimin, insanın uşağa verdiyi ən gözəl cavablar var.

Rafiq müəllimin simasında təbiətin izləri var. Çaya, qartala, dağa, buluda bənzəyir. Şeirləri simasına qonan insanlar azdır bu dünyada.

 

Yer kürəsi başdan-başa

sudu, torpaqdı, daşdı.

Yer kürəsi kainatda

kiçik bir zərrəyə oxşayır.

Yer kürəsi –

Tanrının kirpiklərindən qopan

bir gilə yaşdı,

o bir damla yaşın içində

böyük bir dünya yaşayır…

 

Bütün uşaqlar bir gün ölüm haqda düşünür. Kiçiklərə bu haqda danışılmır. Onlar kimdənsə bu qara xəbəri eşidəndə həyəcan keçirir və hisslərini ifadə edə bilmirlər. Ancaq ölüm mövzusunu təbiət fonunda vermək zərərli deyil. Baxaq şairin tədrisdə esse mövzusu ola biləcək şeirinə:

 

 “Baxıb qurumuş ağaca

Dilə gəlib oğlum deyir

Ata, ağac ölsə, əgər

Ona qəbir lazım deyil”.

 

Uşağın ağacı özü kimi canlı hesab etməsi həm də təbiət sevgisinin ifadəsidir. Ağacın gəldiyi yerə qayıdıb torpağa qarışması uşağı sonralar, nəinki düşündürəcək, onda ümid və cəsarət yaradacaq. Bu cür fəlsəfi fikirlər  tədrisimizin məzmununa əlavə olunmalıdır. Çünki bu dörd sətirlik kiçik mətn böyük həqiqəti açıqlayır.

Belə bir məsəl var: “ Quşlar oxuyursa, dünyamızda salamatlıqdır”. Yaradıcılığında quşları Rafiq müəllim qədər vəsf edən şair görməmişəm. Təbiəti insanların ürəyinə salan şairdir Rafiq Yusifoğlu.75 şeirini oxumuşam onun quşlar dünyasından. Ən gözəl tərəfi də odur ki, bu şeirlərdə quşların nəğməsi eşidilir, həyat hekayəsi dinlənilir:

 

“…Əlinin üstə qonan

Qızılquşdu, şahindi

Belə gözəl dostu var

Öyünməsin şah indi?!

Bax ondakı vüqara

Bax ondakı uçuşa

Caynağından qurtarmaq

Qismət olmaz hər quşa…”

 

Mən adı təzadlı olan  “ Qarquşu”nu ilk dəfə indi tanıdım.

 

“A qarquşu, qarquşu,

Hər kol- kosun var quşu.

Adında “qar” olsa da,

Özün sevmirsən qışı…”

 

Qu quşların həyat hekayəsi isə uşaqları həyəcanlandıracaq. Rafiq müəllim bu şeirdə bizə əsrarəngiz hekayə danışır:

 

“…Havada şığıyırsan,

Qu quşusan, qu quşu

Ancaq bəs sənə niyə

Söyləyirlər su quşu?

Elə oxuyursan ki,

Bu səda, bu nəğmə sirr…

Həyatda bircə dəfə

səslənir qu nəğməsi…”

 

Bu yaxınlarda Türkiyə telekanalları “Yaren leylek” dən danışırdı. 14 ildir ki, leylək hər bahar  Bursalı balıqçının qayığına qonur. Onların 6 aydan bir olan dostluğunu bütün şəhər bilir.

Leyləklərin dəyişməz xasiyyətinə Rafiq müəllim sanki ovçu kimi bələddir:

 

…Belə söylədi Leylək.

-Harda yaşayıramsa,

Ora gözəldir demək.

-A leyləyim, leyləyim

Mən səninlə neyləyim?

Söylə didərgin salıb

Çovğun, soyuqmu səni?

Köçməkdən yorulmadın

Vətənin yoxmu sənin?

-Dar gündə qanadlarım

Köməyimə yetəndi.

Mən köçəri bir quşam,

Qanadlarım vətəndir”.

 

P.S. Tanrı heç bir quşu qanadsız, heç bir insanı da vətənsiz qoymasın! Amin!

 

 “Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

Çərşənbə, 02 Aprel 2025 13:29

ABİDƏLƏRİMİZ - Pənahəli xan sarayı

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Qarabağ xan sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır.

 

Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşamışdır. İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən ağa sarayında yaşamışdır. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus Xan qızı Natəvanın sarayı və Qaraböyük xanım sarayı da vardır. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olmuşdur.

 

Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Praktiki olaraq, təhlükəsizlik üçün Şuşa yaylasının yalnız şimalını qala divarları ilə möhkəmləndirmək kifayət edirdi. 

 

P. Zubov yazır:

_“Şuşa sanki, möcüzə nəticəsində yaradılmışdı: Gəncə yolu tərəfdən onu hündür daş divarlar, dar mazğallar və uca qüllələr əhatə edir, qalanın daxilindəki kiçik dördbucaqlı qəsrlərdə isə Pənahəli xan və onun ailəsi məskunlaşıb.”_

 

Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların inşa edilməsini də vurğulayır:

_"Pənah xan Şuşada özünə balaca qalaya oxşar qala divarları ilə əhatə edilmiş saray inşa etdirdi. Öz sarayı yaxınlığında isə təpə üzərində oğlu İbrahimxəlil üçün saray inşa etdirdi."_

 

XIX əsrin ortalarında “Qafqaz” (rus. Кавказ) qəzetində yazılır: 

 

“Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir.”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində bakalavr və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı bu gün - aprelin 2-dən etibarən sənəd qəbuluna başlanılacaq.

 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirıiyinə istinadən xəbər verir ki, proqram çərçivəsində audiovizual musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar sahələri əsas ixtisaslaşma istiqamətləri kimi müəyyən edilib.

Təqaüd proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə məlumatları www.mystart.az saytından, Mədəniyyət Nazirliyinin digər rəsmi informasiya resurslarından və sosial şəbəkə hesablarından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

Çərşənbə, 02 Aprel 2025 10:44

Uca məqama çatdı – ŞƏHİD ŞEİRLƏRİ

Coşqun Xəliloğlu,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat və incəsənət” üçün


                                                    

Kürdəmir rayonunun Sovla kəndində anadan olmuş, 19 sentyabr  2023-cü ildə lokal  antiterror tədbirləri zamanı qəhrəmanlıqla şəhid olmuş Eltun Cavanşir oğlu  Yusifovun  əziz xatirəsinə ithaf edirəm. (05.01.2004.-19.09.2023.)

 

Çöhrəsindən yağırdı nur,

Qorxmaz, cəsarətli, məğrur,

Əsgər oldu, igid, cəsur,

Düşmənlərə qan ağlatdı,

Ən uca məqama çatdı.

 

Adı Eltun, el balası,

Dürüst, şiridil balası,

Gəldi hər vaxt xoş sədası,

Sovlanın adın ucaltdı,

Ən uca məqama çatdı.

 

Hünəri dastana bənzər,

Şöhrəti elləri gəzər,

Adı tariximi bəzər,

Vətənə layiq övladdı,

Ən uca məqama çatdı.

 

19 il ömür sürdü,

Yüz ilin işini gördü,

Dünya müəmmadı, sirdi,

Düşmənin günün qaraltdı,

Ən uca məqama çatdı.

 

Qarakənddə şəhid oldu,

Unudulmaz bir ad oldu,

Xalqın ürəyinə doldu,

Şan-şərəfli bir yol tutdu,

Ən uca məqama çatdı.

 

Dərd yoxdu, çarə tapılmaz,

Qış qurtarıb gəlibdir, yaz,

Zaman heç zaman yanılmaz,

Həyatı örnək həyatdı,

Ən uca məqama çatdı.

                    (24.03.2025)

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

 

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün


Adam onunla danışanda elə bil başqa nurlu bir aləmə düşür.
Bizi onunla şeirlər doğmalaşdırıb. Ta uşaqlıq illərindən sevdiyimiz və bənzəmək istədiyimiz film qəhrəmanlarına həyat verən Xalq Artisti Xalida Quliyeva. Onu ta uşaqlıqdan izlədiyim “
Milli”( poçtalyon qız ) obrazı ilə tanıyırdım. İri mənalı gözlərində o qədər doğmalıq var idi ki, sözlə ifadəsi yoxdur.


Kiçik bir sirrimi də etiraf edib deyim ki, o, poçtalyon obrazını özüm üçün canlandırırdım. Onun oynadığı obrazlar o dövrün əsil Azərbaycan xanımını əks etdirir. O sevgi, o utancaqlıq, o ağrı, o qorxu, o əzab. Unudulmaz duyğularla Azərbaycan tamaşaçısının ürəyinə yol tapıb.
Xalq Artisti Xalida Quliyeva şeirlərimi bəyənib, ilk kitab təqdimatıma gəlmişdi. Onun gəlişi məni elə sevindirmişdi ki, ilk olaraq onun mənim kitab günümə gəlməsi
, haqqımda dediyi xoş sözlər...

O gündən Əzizim ola bildi. Atam Fikrət Sadığın anım günündə etdiyi çıxışı isə unuda bilmirəm. Göz yaşları ilə atama "Günəş şair" demişdi. Bu onu bildirir ki, Xalida xanım kiçikdən böyüyə hər kəsi sevən bir sənətçidir. Büsbütün Azərbaycandır.
Onun düşüncəsi təkcə yeni yazmağa başlayan şairə və uzun ömür yaşamış ustada deyil, bütün Azərbaycan insanına olan sevgisidir. Və bu sevgi qarşılıqlıdır. Xalq da, tamaşaçılar da, sənətkarlar da, doğmalar da onu çox sevir. Bu sevgi onun daima gülən və narahat gözlərindən süzülür.

 Xalq artisti Xalida Quliyeva bir insan kimi də örnək olacaq həyat yaşayıb. Azərbaycan xanımlarına, gənc aktrisalara örnək olacaq bir ömür. O ömür boyu Azərbaycan adət-ənənələrinə sadiq olub. Heç bir zaman ruhunu oxşamayan və millətinə, xalqına uyğun olmayan bayağı rollar ifa etməyib. Onun hər obrazı doğma və bizimkidir. Hər jesti ədəb, əxlaq göstəricisidir. Bu bacarıq və xislət onu Azərbaycanın mədəniyyət və incəsənət dünyasında dəyərli və önəmli simalardan biri edib. Müsabiqələrinin birində onun bu həyat üçün qarşısına qoyduğu öhdəlikləri olduğunu deyir. Deyir: “Bilirdim ki, oxumaq lazımdır, oxuyurdum. Evdə atama, qardaş bacılarıma baxmaq vacibdir, lazımdır, baxırdım. Ali təhsil də, ailə həyatı da gərəklidir deyə edirdim”.
Fədakar Xalida xanım eyni zamanda yalnız səhnədə azad və xoşbəxt olduğunu vurğulayır. Bəli, onun bu cür fədakar düşüncəsi heç cavabsız qalmır. Sevilən həyat yoldaşı, gözəl ana, gözəl nənə, dost, aktrisa olmağını ona bəxş olunub.
Onun aurası və düşüncəsi düşdüyü ortamı gözəlləşdirir, işıqlı edir.
Onun oynadığı obrazın tam mənada qavranması, o obraza təbii öz ruhunda həyat verməyi gözəlliyin özüdür. Onun oynadığı gənc xanım obrazları əsl Azərbaycanlı qadınının abır-ismətini, sadəliyini önə çıxarır.
Bəli, Xalida Quliyeva xalqını, vətənini çox sevən bir sənətkardır. O, milli kinomuzun mənafeyini, gələcəyini düşünən, mədəniyyət və incəsənət aləmində baş verən bütün yeniliklərə münasibət bildirən, gəncləri izləyən, onların rifahını düşünən. İncəsənətimizə, mədəniyyətimizə laqeyd olmayan, gündəmi yenilikləri izləyən bir sənətçidir.
Bu yaxınlarda onun çəkildiyi son filmə baxanda düşündüm ki, illərdir bəlkə də biz bu təbii gözəllikdən kənar düşmüşük. Sənətkarların qədrini bilməliyik, onlar çox azdır. Xalida Quliyevanın Azərbaycan kinosunda yaratdığı  "Xoşbəxtlik qayğıları" filmində Xalida obrazı mənim gənclik illərimin idealı idi. İnana bilməzdim ki, bu cür əlçatmaz baxdığım aktrisa bu qədər yaxınımda olacaq.
Bəlkə də heç kimin münasibət bildirmədiyi bir məqamda, aktrisa Xalida Quliyevanın aktyorluq məharətinin böyüklüyünü vurğulamaq, dilə gətirmək istəyirəm.
Sevimli operator və rejissorum Rasim Ocaqovun çəkdiyo Rüstəm İbrahimbəyovun ssenarisini yazdığı  "Bağlı qapı arxasında" filmində oynadığı zülmə düçar olan qadın obrazı. Bu, bir çox qadınların həyatından keçən qəddarlıq və acizliyin, nadanlıq və düşüncənin simvolu kimi oynanılan bir rol idi.
Mən o filmə baxanda uşaq idim. Bir kəlmə söz demədən bu qədər zülmü və bu zülmdən azad olmağı gözləri ilə, ürkək baxışları ilə tamaşaçıya necə çatdırmağın böyüklüyünü hiss etmişdim.
Bu rol bəlkə də neçə çarəsiz qadına ümid verib,neçə öz qadınına zülm edən nadanı qəflətdən oyadlb.Mənim ürəyimdə Xalida Quliyevanın oynadığı bir-birindən maraqlı obrazları içində bu obrazın öz yolu, öz yeri var.
Baxış və bədən dili ilə çəkilmiş əzabı bu cür bildirmək hər aktrisaya xas olan cəhət deyil.

Sənətkarların qədrini bilməliyik, onlar çox azdır. Çox təəssüf ki, qəddar bir zamana gəlib çıxmışıq. Bu məni bir yazıçı kimi qorxudur. Belə gedərsə, dünya üzündə mərhəmətin, saflığın kökü kəsiləcək. Nə qədər gec deyil, bu gərəkli hisslərimizi qoruyaq. Bir-birinə xoş söz deməyi, sevməyi unutmayaq.

Xalıda Quliyeva sizi çox sevirəm !!!!. 

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

“Sözün bitdiyi an...”

 Bəli, verilişin adı elə belədir. Yaxın günlərdə Kanal S televiziyasının aparıcısı, məşhur Harrvard Universiteti də daxil olmaqla altı universitetdən diplomu olduğunu iddia edən, daha sonra "Quzumm, hamısı Instagram hesabımda var" deyə açıqlama verən tele-aparıcı və jurnalist Nigar Fərhad veriliş vaxtı elə bir ifadə səsləndirib ki, söz oradaca bitib:

"Mənim oğlum olsaydı, ona atasız qız almazdım."

 

36 yaşlı, ailə qurmamış bu xanımın söylədiyi bu fikir, verilişinin tam yekunu olur. Yəni, söz elə oradaca bitir. Min illər boyu bizim dərin kino və jurnalistika industriyamızın həqiqi ziyalıları cəhalətlə savaşaraq, millətin kor gözünü açmaq, mental sədləri sınıb keçmək, qadınları, o cümlədən atasız böyüyən qızları maarifləndirmək üçün çalışıb. Amma indi, üfürülmüş şara bənzəyən, sadəcə dodaqdan ibarət olan bəzi telefiqurların söz söyləməsini gördükcə, milyon kərə məyus olur, hətta mübaliğə edərsəm, rəhmətlik ziyalılar məzarlarında tərs dönürlər.

İstəsəm, ürək dolusu cümlələr yaza bilərəm. Amma Harrvard "məzunu" bu xanıma izah etmək çətindir ki, qadın qadına qurd yox, yurd olmalıdır.

Bu cəmiyyətdə atasız böyüyən qızlar var ki, ataları şəhid olub.

Bu cəmiyyətdə atasız böyüyən qızlar var ki, ataları bilmədiyimiz min bir xəstəlikdən vəfat edib.

Bu cəmiyyətdə atasız böyüyən qızlar var ki, ataları onları uşaq yaşda tərk edib, analarına zülm edib, min bir vəhşət yaşadıb.

Hər insanın bir yarası, bir yarım qalmış hekayəsi, bir qırıq qəlbi var. İnsan qəlbinə dəymək bu qədərmi asandır? Bunu müsəlmana yaraşdırmaq olarmı?

Heç kim başqasının hekayəsini yaşamadan, bu qədər kinli danışmamalıdır. İnsanlara qarşı qəliblər qoymazdan öncə, iki deyil, iyirmi dəfə düşünmək lazımdır.

 

Sonda sözüm o məşhur altı diplomlu xanımadır:

Qınama, qınadığın yerdən sınanarsan...

Və son olaraq, ay bacı, 36 yaşına qədər ərsiz qalmağının günahkarı atasız qızlar deyil. Sadəcə, Allah bilir ki, dəvəyə niyə qanad vermir.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

Çərşənbə, 02 Aprel 2025 10:29

Bir dəfə öldüyüm yerlər

Zahir Teymurov , “Ədəbiyyat və incəsənət” üçün

 

Ölümdən düşünən savaş insanı bilir ki, bu dünyada artıq nə vaxtsa, haradasa bir, ya bir neçə dəfə ölüb.

Hərbi də, ölüm saçan qarşıdurma da, ölüm reallığı qaçılmazlığı ilə döyüşçünü özü ilə razılaşdırır. Peşəkar hərbçi hesablamalara söykənən instinkt və intuisiyası ilə ölümü real qəbul edir. Məsələn, savaş simalı dostum Azay Kərimovdan soruşsan ki, neçə dəfə ölmüsən, təəcüblənməz. Başlayar barmaqlarını qatlamağa. 

Həyat insanın təbii mövcudluğudursa, ölüm onun ekstremal şəraitdən qaynaqlanan sonudur. Azay Kərimovun dediklərindən:

Mən müharibədə 2 dəfə tam sayıqlıqla sağ qalmaq etimalımı atmışam kənara.

1. 1993-ün martında Kasapetdə mövqedə olarkən, arxamdan və cinahlardan MN-nin hissələri və dəstək verəcək artilleriya mənə məlumat vermədən Aterkə çəkilmişdir. Erməni-rus qoşunları ilə üz-üzə qalmışdı yarımcan DQ briqadası. Məndən mənasız göstəriş gözləyən bölük komandirindən soruşdum: 

- Natiq, bir cücə supu ilə aran nətərdi? Mən bir yekə qab basıb yeyərdim indi. Bu cəhənnəm əbədi deyil. Zampotıla demişəm, döyüşdən sonra bütün briqadaya çolpa supu. Yaxanı bağla, komandir.

2. Düşmənin çiynində Horadizə çatanda erməni-rus bütün vasitələrindən od yağdırırdı qoşunların üzərinə. Dayanıb müdafiə olunmaq, hücumu qatlamaq olardı. 30 kilometrə yaxın irəliləyən əsgər taqətdən düşmüşdü. Son ağıllı, qarşısıalınmaz dəlilik lazım idi. Bir neçə zabitlə əsgərin gözü qarşısında UAZla güllə-mərmi yağışını yararaq girdik Horadizə. Arxaya baxanda, ardımızca sıçrayan qoşun gördük. Döyüş səngidikdə UAZda olanlardan soruşdum: kim ölüb? Cavab versin.

Yaxınlaşan alayın gərərgah rəisi məruzə üçün yüyürdü yanıma. 

- Bilirəm, - əlimi qoydum çiyninə, - Dünən Arazdan balıq tutmusan. Qızartdır, gəşəngcə yeyək. 

O məni başa düşdü: sağ qalmışıq. Ətraf düşmən cəsədindən təpəciklər. Biz isə sağ.

Yemək instinki yalnız canlılarda olur. Biz isə sağ olmağımıza, sağ qalmağımıza əmin olmalıydıq...

 

Bu əhvalatların Ağdərə meşələrində yüzlərlə, Höradiz savaşında minlərlə döyüşçü şahidi var.

Səhra komandirlərinə ,,Səni güllələyərəm! Həbs edərəm!" bağıran ,,tolkaç" polkovnik, generallar bu savaşın qanlı anatomiyasından bixəbərdirlər...

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

 

 

9 il öncə bu gün bu tarixdə bir çox şeyin, xüsusilə də Qarabağa doğru böyük qayıdışın təməl daşı olan Aprel döyüşləri başlandı. Ermənilər qərbin və Rusiyanın dəstəyi ilə Azərbaycanı 1990-cı ildə azadlığını yenicə qazanmış gənc, səriştəsiz və ən əsası – arxasız dövlət kimi gördü. Ancaq atacaqları addımla öz sonlarını gətirdiklərindən xəbərsiz idilər.  

 

 

 

Aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu ərazilərdə atəşkəs rejimi kobud şəkildə pozuldu. Mülki şəxslər sarıdan həlak olanlar oldu. Bu həmlə ermənilərə İkinci Qarabağ müharibəsində dəyəcək sərt şillənin ayaq səsləri oldu. Əvvəlcə ordumuz düşmənin diversiya həmləsinin qarşısını aldı və daha sonra komandanlıqdan gələn əmrə əsasən əks-hücum əməliyyatının başlanması barədə qərar qəbul olundu. 20 ilə yaxın bir müddət ərzində qurulan və ermənilərin "keçilməz" dediyi Ohanyan xətti cəbhənin bir neçə istiqamətində yarıldı.

 

Ermənilər nə olduğunu anlamadan artıq xeyli itkilər vermişdi. Ordumuz Tərtər rayonunun Talış kəndi ətrafındakı hakim yüksəklikləri və eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini və Lələtəpə yüksəkliyini, Goranboy rayonunun Gülüstan kəndini işğaldan azad etdi.

 

Döyüş əməliyyatlarının dörd gün çəkməsinə baxmayaraq ordumuz ermənilərə əslində kim olduqlarına dair qısa bir xatırlatma təqdim etdi. Bu əməliyyatın keçirilməsindəki başlıca məqsəd bütün dünyaya "istəsək Qarabağı hərbi yolla azad edə bilərik. Ancaq bizim məqsədimiz bu işin  sülh yolu ilə həll edilməsidir" fikrini çatdırmaq idi. İdi dedim, çünkü nə ermənilər, nə də dünya ölkələri  bizim insaniyyətliliyimizi, uzatdığımız sülh əlini düzgün qiymətləndirməyərək Türkün qəzəbinə tuş gəldilər.

 

Nəticədə 2016-cı ilin aprel ayında yarım qalan hesabımızı 2020-ci ilin sentyabr ayında kəsdik və bizi içdən-içə çürüdən erməni adlanan gəmiricinin boynunu öz qılıncımızla vurduq.

 

İndi isə hər şey bizim istədiyimiz kimi gedir. QARABAĞA böyük qayıdış davam edir, işğal zamanı dağıdılan evlərimiz, məscidlərimiz, tarixi abidələrimiz yenilənir. Qısacası, QARABAĞIMIZ ilk günkü görkəminə geri dönür və dönəcəkdir də. Ermənistana və orda yaşayan revanşistlərə verilən mesaj açıqdır. Hər hansı bir işğalçılıq əməllərini yenidən baş qaldırmağa can atsalar, Bakıdakı hərbi qənimətlər parkına da, torpağın altında cəhənnəm alovundan çürüyən leşlərinə də və Bakı həbsxanasında çürüyən dırnaqarası "qəhrəmanlarına" da yaxşıca nəzər salsınlar. Bir də gördünüz ki, "DƏMİR YUMRUQ" abidəsi İrəvanda ucaldılıb. Kim bilir...

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(02.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.