Super User
TƏLƏBƏ YARADICILIĞI – Nərmin Nizamlının essesi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün yeri məktəbliyə vermişik, Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nərmin Azər qızı Nizamlının Zəfər günü ilə bağlı yazdığı esseni - əsgər məktubunu dərc edirik. Qeyd etmək istəyərdik ki, Nərmin bir sıra esse müsabiqələrinin də qalibidir.
Öyrənəndə ki, bu misraları doldurmaq mənə həvalə edilib, ürəyim titrədi...
Ümidvaram ki, yeriniz rahatdır. Şəxsən, məndə elədir ki var, yaxşıdır. Çox istəyərdim, bu yazılar surətinizə, hüsnünüzə nigaran ananızdan olsun. Sizə könlünü açıb, fikrini, halını-əhvalını bildirsin, ya da bacınız, qardaşınız, atanız danışsın. Bu misralar ananın isti xörəklərinə çönüb səni doyurub, ananın nigarançılığını yox etsin. Lakin əfsus, bu yazılar sizə məndəndir.
Qələmə alan Nizamlı Nərmin Azər qızıdır.
Yazdığım bu yazılarla bilmərəm qəlbinizin hansı nöqtısinı rifahlıq çatdıraram, lakin məndən yazmaqdır. Orada kölnünüzdən keçən nə, ağlınıza düşən nə bilmərəm, lakin başınızı qata bilərəm — şeirlərimlə, misralarımla.
Könlünüzdən bəlkə ana keçir, ya ata, qardaş – bacı, bilmirəm.Lakin bilirəm ki, bir uzaqlıq var, bir ayrılıq var. Anadan - bacıdan, evdən - eşikdən. Bu qəlb bilsə belə ki, onu gözləyən gözlər, hisslər yoxdu, yenə də həsrət çəkər. Yenə də bağlayar könlünü bir ümidə. Hələ ki, onu gözləyən varsa, lap gözü arxada qalar.
Heyif ki, bu yoluna həsrət gözlərin nigaranlığını nə ala bilirəm, nə də bu ayrılığa olmuşları birləşdirə bilirəm. Həsrətlərində yanan pərvanələr yalnız bir - birini bir zəngdə, bir xatirlədə "görə" bilirlər. Budur ki, var, gözünə, qaşına hər zərrəsinə həsrət ananın ifadəsi.
Qorxuram qayğına dözə bilmərəm,
Sevincimdən göyə süzə bilmərəm,
Qorxulu yuxumdur sənsiz hər gecəm,
Qayğını çəkdiyim zülmət, nər gecəm.
Qəlbimə od qoydu ağlayan səsin,
Duydum, mənə gəldi isti nəfəsin,
Qorxuram yetmərəm istəyinə mən...
Bilmirəm, bu yazılarım hara gedib çıxacaq, hansı yolları aşacaq, lakin nə əhəmiyyəti, nə mahiyyəti. Əsgər ki əsgərdir. Amma yenə də, insanı öldürən, öldürməyə apara biləcək şübhə var bu dünyada. Odur ki, maraq edirəm, mən də "sətirlərin sahibini".
... Bu sətirlər sizinçündür. Arzularla dolu, xoş hisslər və özünü sərrastca ifadə etməyə çalışan uşaqdan sizə dualı hədiyyədir.
Özünüzdən müğayat olun!
Sizi Allaha əmanət edirəm...
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
"Gözlərimdə yaş gəlmişəm" - yeni kitabın təqdimatı
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi,
Bu günlərdə Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndələrindən olan, "Həməşəra" Fəxri Diplomu laureatı, peşəkar bədii qiraətçi və şair Mikayıl İnçəçaylının ikinci şeir kitabı işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları:
Kitabın adı: "Gözlərimdə yaş gəlmişəm" (Şeirlər)
Müəllif: Mikayıl İnçəçaylı
Redaktor və ön söz: Bilal Alarlı (filologiya üzrə fəlsəfə doktoru, "Qızıl Qələm" və "Rəsul Rza" mükafatları laureatı)
Dizayner: Zahid Məmmədov
Texniki redaktor: Rövşanə Nizamiqızı
Naşir: "Elm və təhsil" nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2025
Kitab barədə:
Bu kitab bədii qiraətçi və şair Mikayıl İnçəçaylının indiyədək poeziya sahəsində işıq üzü görmüş sayca ikinci kitabıdır. Müəllifin ilk şeirlər kitabı olan "Üz qoyaram torpağına kəndinin" adlı kitabı isə 2016-cı ildə işıq üzü görmüşdür.
"Gözlərimdə yaş gəlmişəm" adlı bu kitab f.ü.f.d Bilal Alarlının ön sözü ilə başlayır. Ardınca filoloq Nəsib Abidin "Öz təbiəti və həyat duyumu ilə seçilən könül lirikası" başlıqlı yazısı yer almışdır. Nəsib Abid burada Mikayıl İnçəçaylı poeziyasını bir filoloq kimi qısaca araşdırmış və təhlil etmişdir.
Bundan sonra kitabda şairin indiyədək müxtəlif illərdə qələmə aldığı bir-birindən gözəl və mənalı olan 63 şeiri yer almışdır. Şeirlər təbiət, həyat, sevgi, övlad və s. kimi müxtəlif mövzulara aid olsa da daha çox vətənpərvərlik mövzusunu ehtiva edir.
Mikayıl İnçəçaylı şəxsən Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi və peoziya sahəsinin söz sahibi olsa da, indiyədək bir sıra tanınmış şairlər və filoloqlar onun poeziya dünyasını yüksək qiymətləndirmişlər. Bununla bağlı Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair, publisist Ədalət Salman, kitabın redaktoru f.ü.f.d, Bilal Alarlı, filoloq Nəsib Abid və başqalarından ad gətirmək olar.
Mikayıl İnçəçaylı Cəlilabad ədəbi mühitinin tanınmış, hörmətli və dəyərli nümayəndələrindən biri kimi həm bacarıqlı şair, həm də bacarıqlı bədii qiraətçidir. Gözəl və təsirli səs tembrinə malik olduğu üçün istər öz şeirləri, istərsə də digər şairlərin şeirlərini çox gözəl və təsirli formada qiraət etməyi bacarır. Bu da poeziya sahəsində Ulu Tanrı tərəfindən hər kəsə verilməyən xüsusi bir bacarıqdır.
Bütün bunlardan əlavə, el şairi həm də öz insani keyfiyyətləri, səmimiyyəti, doğru-dürüstlüyü və təvazökarlığı ilə tanınır və hörmətə layiq görülür. Etiraf etmək lazımdır ki, Mikayıl İnçəçaylının malik olduğu yüksək etika və mədəniyyəti onun şeir və poeziya bacarığını əhatə etmişdir. Bu da ondan olduqca dəyərli bir şəxsiyyət, ziyalı şair obrazını yaratmışdır. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, şairin "Gözlərimdə yaş gəlmişəm" adlı şeirlər kitabının təqdimatı onun 65 illik yubileyi ilə birlikdə 21.10.2025 tarixində Cəlilabad rayonunun tanınmış ziyalıları və Cəlilabad ədəbi mühitinin tanınmış simalarının iştirakı ilə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində yüksək səviyyədə keçirilmişdir...
Arzu və diləklər:
Fürsətdən istifadə edib, Cəlilabad ədəbi mühitinin əziz və dəyərli nümayəndəsi, bədii qiraətçi və şair, "Həməşəra" Fəxri Diplomu laureatı Mikayıl İnçəçaylını işıq üzü görmüş ikinci şeir kitabına görə səmimi qəlbdən təbrik edir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
Türk dünyası məşhurları - ULUQBƏY
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Uluqbəy barədədir.
XV əsr Türk-İslam dünyasının elm tarixində xüsusi yeri olan Mirzə Məhəmməd Təragay Uluqbəy (1394–1449) yalnız bir dövlət xadimi və sərkərdə deyil, həm də Şərq intibahının ən böyük riyaziyyatçılarından və astronomlarından biri kimi tanınır. O, Səmərqənd elmi məktəbinin banisi, Türk renessansının elmi siması kimi tarixdə iz qoymuşdur. Onun fəaliyyəti türk xalqlarının elmi irsinin inkişafında, xüsusən də astronomiya və riyaziyyat sahələrində dönüş nöqtəsi olmuşdur.
Uluqbəy Teymuri sülaləsinin nümayəndəsi idi. O, Əmir Teymurun nəvəsi, Şahruxun oğlu idi. Gənclik illərindən elmi fəaliyyətə maraq göstərmiş, dövrünün alimləri – Qazi Zəcd, Cəmaləddin Kəşfi, Qiyasəddin Kəşani və Əli Qüşçu kimi dahi elm adamları ilə birgə çalışmışdır.
1417-ci ildə Səmərqənddə Uluqbəy Akademiyasını (mədrəsə və rəsədxana kompleksini) təsis etmişdir. Bu məkan o dövrdə dünyanın ən qabaqcıl elmi mərkəzlərindən biri idi. Burada riyaziyyat, astronomiya, coğrafiya, fəlsəfə, dilçilik kimi fənlər sistemli şəkildə tədris olunurdu.
Uluqbəyin rəhbərliyi ilə inşa edilən Səmərqənd Rəsədxanası(1424–1429) o dövrün ən inkişaf etmiş müşahidə mərkəzlərindən biri idi. Onun tərkibindəki 40 metr radiuslu kvadrant sayəsində səma cisimlərinin mövqeyi yüksək dəqiqliklə ölçülürdü. Bu rəsədxana Avropa elminin inkişafına da təsir etmiş, sonrakı əsrlərdə Kopernik və Tycho Brahe kimi alimlər üçün nəzəri baza yaratmışdır.
Uluqbəyin ən mühüm əsəri “Zici-Cədid-i Gurgani” (“Yeni Gurgani Zici”) adlı astronomik kataloqdur. Bu əsər 1018 ulduzun koordinatlarını ehtiva edir və onun müşahidələri 30 ildən artıq davam etmişdir. Əsərin hazırlanmasında Əli Qüşçu böyük rol oynamışdır. Uluqbəy bu əsərdə ulduzların hərəkətini, günəş və ayın il ərzindəki mövqelərini, təqvim sistemlərini və coğrafi en dairələrini yüksək riyazi dəqiqliklə müəyyənləşdirmişdir. Bu əsər Avropa elminə XVI əsrdə latıncaya tərcümə edilərəkastronomiyanın əsas qaynaqlarından birinə çevrilmişdir.
Uluqbəy elmə ilahi təfəkkürün bir forması, kainatın harmoniyasını dərk etməyin yolu kimi baxırdı. Onun fəlsəfi görüşlərində Türk rasionalizmi və İslam rasionalizminin sintezi açıq şəkildə görünür. O, insanı biliklə ucaldan varlıq kimi qəbul edir və elmin ictimai tərəqqinin təməl daşı olduğunu vurğulayırdı.
Uluqbəyin məktəbində yetişən alimlərdən biri – Əli Qüşçu sonradan İstanbulda elmi məktəbin əsasını qoydu. Beləliklə, Uluqbəyin təsiri təkcə Mərkəzi Asiyada deyil, bütün Türk-Osmanlı elmi mühitində də hiss olunmağa başladı.
Təəssüf ki, Uluqbəyin maarifçi və elmi yönümlü siyasəti bəzi dini çevrələrin və siyasi qüvvələrin narazılığına səbəb oldu. 1449-cu ildə oğlu Əbdüllatifin əmrilə edam edildi. Lakin onun yaratdığı Səmərqənd rəsədxanası və astronomik zicləri yüzilliklər boyu elmi irsin mühüm hissəsi kimi yaşadı.
Bu gün Uluqbəyin adı UNESCO tərəfindən “bəşəriyyətin elmi irsinin simvolu” kimi tanınır. Səmərqənd, Daşkənd, Bakı və İstanbul universitetlərində onun adına kafedralar və elmi mərkəzlər fəaliyyət göstərir.
Uluqbəyin elmi fəaliyyəti Türk sivilizasiyasının intellektual yüksəlişinin parlaq nümunəsidir. O, siyasəti elmlə, idarəçiliyi biliklə birləşdirmiş, elmə dövlət səviyyəsində himayə edən ilk türk hökmdarlarından olmuşdur. Onun yaratdığı Səmərqənd məktəbi yalnız astronomiyanın deyil, həm də Türk mədəniyyətinin rasional və elmi düşüncə ənənəsinin bünövrəsini qoymuşdur.
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
Kino və teatr bəstəkarı Cahangir Zülfüqarovun 70-i
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kifayət qədər ciddi və məsuliyyətli ampluadır - Kino və teatr bəstəkarı. Və bu ampluada bu gün 70 illik yubileyi qeyd edilən Cahangir Zülfüqarov özünü çox rahat və sərbəst hiss edir.
Cahangir Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir.
Teatrda işlədiyi müddətdə burada Azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib.
Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var. Axırıncı işlərindən biri onun "Qala" filminə bəstələdiyi musiqidir. 9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb. Bəstəkar Oqtay Zülfüqarovun oğludur.
Filmoqrafiya
1. Bəşəriyyətin beşiyi
2. İthaf
3. Qala
4. Qısa monoloqlar
5. Pirə qayıdan yol
6. Azərbaycan mətbəxi: Dadsonrası dad
7. Xeyirlə şərin rəqsi
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
Gah Burla xatun, gah Janna D'Ark
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aktrisa ampluası aktyor ampluasına bənzəməz. İkincilərdə müxtəliflik hədsizdir, onlar hətta komediyadan faciəyə də keçə bilirlər, amma aktrisalar bu cəhətdən, xeyli mühafizəkardırlar, eyni tipli rollara bağlılıq nümayiş etdirirlər.
Mələk Abaszadə 31 oktyabr 1969-cu ildə Bakıda anadan olub. 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsini bitirib. 3 mart 1991-cu ildən Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Türkiyədə xoreoqraf Bilge Tususun xoreoqrafiya kursunu bitirib
Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış edib: Sanni (B.Sleyd "Çestvovaniye"), Sevər (Hidayət "Mənzil"), Ədilə Kərimova (Elçin "Poçt şöbəsində möcüzələr"), Ayşa Yüzbaşova (M.İbrahimbəyov "Neft bumu"). Mələk Abaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynayıb. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülüb.
İBRUS Teatrı
1. İnsan Səsi | Jan Kokto | Monotamaşa
2. Ara Bir Görüşmək Üçün İnsan Axtarıram | Ideal Qadın rolunda
3. O və Onlar | Çexov | ДядяВаня əsasən | Sona rolunda
4. Tartuf | Molyer | xidmətçi Zarina rolunda
5. Ivan Buninin Son Doyüşü | R. İbrahimbəyov | Gülnar rolunda
6. Aslana Bənzər | R. İbrahimbəyov | Rəna rolunda
Akademik Rus Dram Teatrı
1. Yaz və Duman | T. Williams | Rosa Gonzalez rolunda
2. Kutlama | B. Sleyd | Sanni rolunda
3. Burla Xatun | Nəbi Xəzri | Şiranə rolunda
4. Mənzil | Hidayət | Sevər rolunda
5. Neft Partlayışı Hərkəsi Gülümsədir | M. İbrahimbəyov | Ayşə Yüzbaşova rolunda
6. Javoronok | Jan Anuy | Janna D'Ark rolunda
7. Karamazov Qardaşları | F. Dostoyevski | Agripina rolunda
Seriallar
1. Xosrof ve Şirin (rej. Xəyyam Abdullazadə)
2. Ay Yay Yay (rej. Ramin Hacıyev)
3. Fələk də Yıxa Bilməz (rej. Adil Azay)
4. Həkimlər (rej. Şahin Zəkizadə)
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
Ona dəniz verək
Könül, “Ədəbiyyat və incəsənət”
Eyyub Yaqubovun ifasında “Unutdun” mahnısını kim sevməz ki. Yaxud, yenə də Eyyub Yaqubovun ifa etdiyi “Mənə dəniz verin” mahnısını?
Bax həmin mahnını yazan bəstəkar barədə danışaq. Bu gün onun doğum günüdür. Amma haqqında məlumat çox azdır. Və elə bundan qaynaqlanaraq söyləyirəm ki, bəstəkar mediaya aşıq deyildir.
Adı: Nadir Nəriman oğlu Əzimov
Doğum tarixi: 31 oktyabr 1963-cü il.
Peşəsi: Azərbaycan bəstəkarı və dirijoru.
Fəxri adı: “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”
Üzvlüyü: Azərbaycan Bəstəkarlar İttifaqı
Bəstəkar olaraq müxtəlif simfonik, orkestral və estrada musiqisi sahəsində çalışmaları var.
1990-cı ildə “Simfonik lövhə” adlı əsəri ilə musiqi sahəsində fəaliyyətini göstərib.
1991-ci ildə tar və xalq çalğı alətləri orkestri üçün “Xatirə” adlı əsəri yaradıb.
1993-cü ildə piano üçün “Variasiyalar” adlı əsəri bəstələyib.
Eyni zamanda, onun mahnıları da geniş dinləyici kütləsinə malikdir. Məsələn, “Sən gəlmədin” adlı mahnının musiqisi onun tərəfindən bəstələnmişdir.
Onun konsertlərinə və yaradıcılıq gecələrinə dair tədbirlər keçirilir. Məsələn, 2025-ci ildə “Mənə dəniz verin…” adlı yaradıcılıq gecəsi təşkil edilmişdir.
Nüsrət Kəsəmənli, Z.Əlişqızı, Ə.Şahin, B.Qaraca, H.Orucov, R.Sabirqızı və b. şairlərin sözlərinə mahnılar, "Qaynana əməliyyatı" /müəllif – Ə.Orucoğlu/ televiziya tamaşasına musiqi yazmışdır.
İctimai və media fəaliyyəti
Sosialmediadavə televiziyaverilişlərində ara-sıraiştiraketmişdir
Şəxsihəyatınadairbəzixəbərlərvə sosialməqamlardayeralıb, məsələn, övladı ilə bağlı toyxəbəri. Amma bunlar dəryada damla qədərdir.
Qeyd və əhəmiyyət
Nadir Əzimov müasir Azərbaycan musiqisində estrada janrında və orkestral əsərlər sahəsində fəaliyyət göstərən bəstəkarlar arasında tanınmış şəxslərdəndir. Onun mahnıları həm kütləyə, həm də müsiqi aləminə yaxşı tanışdır.
Onun bəstələrinin zənginliyi və müxtəlifliyi – simfonik lövhələrdən tutmuş estrada mahnılarına qədər – onun çoxşaxəli yaradıcılıq potensialını göstərir.
Filmoqrafiya
1. Evlənmək istəyirəm
2. "Qayınana" əməliyyatı
3. Gəlinlər
4. Ayrılıq imiş
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
Fellini barokkodan rokokkoya keçibdir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Çox sevdiyim “Təhminə” filmində Zaur Təhminənin ardınca Moskvaya gedir, orada başı çəkilişlərə qatılan Təhminə Muxtar müəllimlə və digər həmkarlarıyla vaxt keçirir, Zaursa özünü atılmış və tənha hiss edir, hətta heç kimə gərəksiz biri qismində görür. Bir axşam dəhlizdə təsadüfən iki aktyorun söhbətindən “Fellini barokkodan rokokkoya keçibdir” sözlərini eşidir, Təhminəyə və Muxtarla şam yeməyinə əyləşəndə onu adi bir uxajor hesab edən Muxtara “Fellini barokkodan rokokkoya keçibdir” söyləməklə onu mat qoyur…
Elə tək bu epizod adamı həvəsləndirir ki, baxsın görsün Fellini kimdir.
Baxıb görənlər isə gözəl bilirlər, müasir dünya kinosunun ən dahi rejissorlarından biridir, italiyalı Federiko Fellini.
Bu gün onun anım günüdür. Bir filminə baxaraq, ruhuan dua oxuyaraq ana bilərik bu insanı. O, hisslərin və ehtirasların kulminasiyasını çəkdiyi şedevr filmlərdə bacarıqca göstərə bilibdir. Yox, bozbaş filmlərə, melodramlara, yeşilcamlara, məişət seriyallarına baxanlar üçün deyil Fellini. Art house çəkən Fellini zövqlülər üçün yaradıbdır.
Federiko Fellini (Federico Fellini) 20 yanvar 1920-ci ildə Rimini şəhərində - İtaliyada doğulubdur. Bəli, o həqiqətən dünya kinosunun ən görkəmli və tanınan italyan rejissorlarından biri olub. Onun filmləri realizm və fantaziyanın, xəyalla reallığın birləşməsi ilə fərqlənib. Fellini öz yaradıcılığında insan psixologiyasını, cəmiyyətin ziddiyyətlərini və həyatın absurd tərəflərini poetik və bəzən satirik dillə ifadə edib.
Ən məşhur filmləri:
1. La Strada — “Yol”
2. La Dolce Vita — “Şirin həyat”
3. 8½ — “Səkkiz yarım”
4. Amarcord
5. Roma
Fellini özünəməxsus “fellinivian” (fellinivari) adlanan üslubla tanınıb. Bu üslubda xəyali səhnələr, teatrallıq, nostalji və simvolizm mühüm rol oynayıb. O, çox zaman öz xatirələrinə və şəxsi təcrübəsinə əsaslanaraq filmlər çəkib.
Mükafatlar:
1. 5 dəfə “Oscar” mükafatı
2. “Qızıl Palma budağı” (Kann Film Festivalı)
3. “Venesiya Film Festivalı”nda “Qızıl Aslan”
Fellini 31 oktyabr 1993-cü ildə Romada – İtaliyanın paytaxtında vəfat edib. Özü gedib, filmlərisə yaşamaqdadır,
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
Con Kits – Bayrondan sonra ikincidirmi?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Böyük Britaniya ədəbiyyatı deyincə, şübhəsiz, dramaturgiyada Şekspir, poeziyada Bayron yada düşür. Bəzi ədəbiyyatşünaslar təkidlə Bayrondan sonra ikinci ad olaraq Con Kits deyirlər, amma opponentlər də az deyil, onlar başqa onlarca ad çəkirlər.
Bəli, ingilis poeziyası genişdir, rəngarəngdir, hər cərəyanda, hər üslübda uğur qazanan yetərincədir.
Yox, mən Con Kitsin ikinci ya dəxi, iyirmi ikinci olmasını söyləmək üçün haqqında yazmıram. Sadəcə, ad gününü xatırlatmaq istəyirəm. Bu gün onun anadan olmasının tam 230 illik yubileyidir.
Əlbəttə ki çox böyük tarixdir, 230 il yaddaşlarda qalmısansa, demək, yazmağına dəyərmiş.
Con Kits (John Keats) 31 oktyabr 1795-ci ildə Londomda - İngiltərədə doğulub. John Keats İngilis romantik ədəbiyyatının ən parlaq və təsirli şairlərindən biri olub. O, qısa ömür sürsə də, poeziyasında gözəlliyin əbədiliyi, ölüm və həyatın keçiciliyi, təbiətin mükəmməlliyi kimi dərin mövzulara toxunub.
Əsas əsərləri:
1. Ode to a Nightingale (Bülbülə oda)
2. Ode on a Grecian Urn (Yunan vazasına oda)
3. To Autumn (Payıza)
4. Endymion (epik poema)
Keats poetik dilin musiqiliyinə, obrazların gözəlliyinə və duyğuların dərinliyinə xüsusi önəm verib. Onun məşhur fikri belədir:
> “A thing of beauty is a joy for ever.”
(“Gözəl bir şey əbədi bir sevincdir.”)
Keats romantik poeziyada insan hisslərinin və estetik gözəlliyin tərənnümçüsü kimi tanınıb. Ölümündən sonra onun yaradıcılığına maraq artdı və o, bu gün İngilis ədəbiyyatının ən sevilən şairlərindən biridir.
Bəlkə də, həqiqətən Bayrondan sonrakıdır?
Keats 23 fevral 1821 Romada - İtaliyada vəfat edib. Bəli, razılaşın ki, 26 il çox qısa bir ömürdür.
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
REDAKSİYANIN PÇTUNDAN – Reyhan Kənanın şəhid poeması
“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktub Reyhan Kənan adlı müəllifdəndir. O, “Asif dastanı” adlı poemasını yollayıbdır.
ASİF DASTANI
Şəhid baş leytenant Asif Kərimova və bütün şəhidlərə həsr olunur.
Bir insan ömründən söz açıram mən,
Elə bir ömür ki, min ömrə dəyər.
Üzünün nuruna boyanar dünya.
Önündə cahan da qəddini əyər.
Onu uşaq yaşdan tanıdım, bildim.
Yollar tanışlığın görüş yeriydi,
Ən çox anasıyla görürdüm onu,
Əzəldən anaya bağlı biriydi.
Ağıllı, qayğıkeş, mədəni bir gənc,
Üzündən, gözündən sanki nur yağar,
Elə bil əzəldən yazmışdı Allah,
Üzünə təbəssüm, alnına vüqar.
Elə təbəssümü yetər, deyəsən,
Şər olan hər şeyi yerində boğar,
Belə oğulları doğan analar,
Onu özüyçün yox, Vətənçün doğar.
Doğuldu bir kənddə, böyudü orda.
Hisslərin qoymadı düşə kəməndə,
Arzusu özündən böyük olanın,
Xəyalı sığarmı balaca kəndə?!
Məktəb illərində öyrəndi nələr ?!
Uzatı hamıya mərd əlini də,
Yaddaşa toxundu sanki ilmələr,
Öyrəndi yurdunun dərdlərini də.
Bilirdi yurdunun başında duman,
Qəlbində öz hissi duyğuları var,
Görürdü ananın gözləri duman,
Bilirdi vətənin qayğıları var.
***
Beləcə, böyüydü balaca kənddə,
Kİm bilir qəlbindən nə arzu keçdi?!
Ali təhsil üçün Bakıya gedib,
İstəyinə uyğun sənət də seçdi.
Oxudu, işlədi, yuva da qurdu,
Sevindi göyərçin balalaıyla,
Ucaldı ananın dualarıyla,
Nə qədər sevsə də doğmalarını,
Asif üstün tutdu yenə bu yurdu.
Vətən borcunu da ödədi gəldi,
Bir müddət hərbdən də ayrı yaşadı,
Amma ürəyində hərb sevgisini
Hamıdan, hər kəsdən gizli daşıdı.
Ta o günədək dözdü, dayandı,
İgidlik, cəsarət qanında yandı,
Düşmən həmləsinə nə qədər oğul,
“ Bizim General”da məğrur dayandı.
Vətən darda idi hələ də lakin...
Məqamı gəlməkçün vaxt yetməliydi,
Vətəni düşməndən azad etməkçün,
Ali Baş komandan əmr etməliydi.
Düşmənin növbəti hücumu vaxtı ,
General Polad da ən öndə idi,
Vətən torpağına can qurban etmək
Elə bil əzəldən könüldə idi.
Bir parça torpağı azad edərək ,
Döyüşən oğullar şəhid oldular.
Bax elə o zaman düşündü Asif ,
“Mənim generalım “şəhid oldusa,
Əsəblər gərilib, səbr doldusa,
Daha gözləməyin faydası yoxdur!
Qəzəbim düşmənin gözünə oxdur!”
Ali Baş kömandan əmr eyləyəndə.
O da öz yurdun qalası oldu,
Körpə balaların basıb bağrına,
O gündən Vətənin balası oldu.
O gündən məkanı bu odlu səngər,
Rütbəsi leytenant -igid bir əsgər,
İrəlidə Vətən, arxada Vətən,
Qəlbində yox idi bircə damcı da
Şübbədən, qorxudan, şərdən bir əsər.
O qisas alırdı yağıdan, qisas,
Gözündə qığılcım haləsi vardı,
Bütün döyüş boyu qulaqlarında,
Əsir qadınların naləsi vardı.
Füzuli döyüşü, Sonra Qubadlı,
O döyüş qələmə necə sığar ki ?!
Ölümü gözünə alan oğullar,
Gülləni düşmənə elə sıxar ki....!
Yollar Şuşayadək gedib çıxanada,
Asif də hamının yanında idi,
Döyüş yoldaşları, dörd tərəfində,
Şuşa gözlərinin önündə idi ..
Noyabrın üçü son döyüş günü,
Sinəyə tuşlanan “ox”dan xəbərsiz,
Kaş ki yan keçəydi o güllə ondan,
Kaş döyüş bitəydi, izsiz, xətərsiz.
Amma ki ... Nə deyim yazı beləymiş,
Şuşa azadlığı rahatca deyil,
İgid oğulların qanıyla almış.
Asif lap əzəldən cavan ömrünü
Vətən torpağına ərməğan demiş...
***
O bir qaya hər zərbədən oyulmaz,
İgidliyi yağışlarla yuyulmaz,
Qartalardan bir qıy səsi istərəm,
Öz səsimlə hey qışqırsam duyulmaz.
Onun igidliyi , onun ərliyi ,
Torpağa toxumtək əkildi gəldi,
Vətən bayrağını uca tutanlar,
Elə o bayrağa büküldü gəldi.
Asiftək oğullar birmi, ikimi?
Azadlıq verilmir, alasan gərək,
Kim çəkər bu yurdun ağır yükünü?.
Onunçün ürəkli olasan gərək.
Sevib onu, qoruyarsan yurd olar,
İgid oğul yadı yolda durdurar,
Oğulları tanıtmağa gərək yox,
Ana qurdun balası da qurd olar.
Şəhid anasının saçlarında dən,
Sevincdən, gülüşdən sanki əl çəkər,
Bilsə də dönüş yox ağır səfərdən,
Yollara yol salar, gözü yol çəkər..
Ay ana, bilirəm ürək tab etmir,
Necə inandırım balan ölmədi?
Hər gedən qayıtdı, hər gedən gəldi,
Sənin şəhid balan yenə gəlmədi.
Onu görmək üçün yollar bəs etməz,
Oğullar vətənin tabeliyində,
Asifi axtarıb tapasan gərək,
Vətən göylərinin maviliyində
(22.09.2025)
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
AFORİZM BOXÇASINDA daha 10 aforizm
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.
Bu gün daha 10 aforizm:
Uğurun nələrin bahasına başa gəldiyini düşünəndə ona qarşı bir həqarət duyuram.
Q.Flober
İnsanlar uğursuzluqla qarşılaşmaq qorxusundan təslim olmağı üstün tuturlar.
H.Ford
Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək.
K.Gebbel
İynəni tikməyi bacaran adama verirlər.
A.Hoffman
Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
C.Rumi
Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur.
Xaqani
Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır.
A.Kamyu
Qələbənin ilkin şərti cəsarətdir.
A.Kembell
Yalnız həyatın sirlərini bilən insanlar uğur qazana bilər.
C.Kollenz
Kamalındır dövlətin, kamalına arxalan.
N.Gəncəvi
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)


