Super User
Cəlil Xəlilov: Məhbəs həyatı yaşayan müharibə iştirakçılarının amnistiya ilə azad edilməsi təqdirəlayiqdir
“"Konstitusiya və Suverenlik İli" münasibətilə elan ediləcək amnistiya Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyərdir.”
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
“Təbii ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə belə bir amnistiyanın elan edilməsi hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir.
Sözügedən amnistiyada diqqət çəkən ən mühüm nüans isə ağır cinayət törədən şəxslər istisna olmaqla, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edən hazırkı məhkumların cəzadan tam azad edilməsi ilə bağlıdır. Bu, Müzəffər Ali Baş Komandanın vətənin müdafiəçilərinə, torpaqlarmızın erməni faşizmindən azad edilməsində iştirak edən şəxslərə olan həssas və ehtiram dolu münasibətini əks etdirir. Vətən müahribəsi və antiterror əməliyyatlarında iştirak edən məhkumların cəzadan tam azad edilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti, onun Prezidenti müharibə iştirakçılarını nəinki unutmur, qanunu pozan, öz əməli ilə öz azadlığını məhdudlaşdıran veteranlara da dəstək vermək, onların yenidən normal həyata qayıtmasını təmin etmək üçün bütün gərəkli addımları atır.
Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından cənab Prezidentə öz minnətdarlığımı bildirir, bu nəcib, xeyirxah təşəbbüsü alqışlayıram. Ümid edirəm ki, amnistiyadan yararlanan bütün vətəndaşlarımız kimi qazilərimiz də, bundan sonrakı həyatlarında qanunlara hörmətlə yanaşacaq, bir daha onları məhbəsə aparan hər hansı əmələ yol verməyəcəklər”, - deyə o bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
BDU-da elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsində “Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri” mövzusunda elmi seminar keçirilib
15 dekabr tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasında “Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri” mövzusunda elmi seminar təşkil olunub. Seminarın məruzəçisi Türkologiya kafedrasının “Türk dilləri” ixtisası üzrə III kurs doktorantı Məleykə Mirzəli olub.
Məleykə Mirzəlinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, məruzəçi çıxışında ilk olaraq mövzunun elmi-nəzəri əsaslarından, eləcə də sözügedən problemin türkologiya və etnolinqvistika sahəsində tədqiq tarixi və aktuallığından bəhs edib. Daha sonra “körpə” anlayışının Azərbaycan və özbək ədəbi dillərindəki, dialektlərindəki qarşılıqları təqdim olunaraq onların etimoloji mənşəyi və semantik inkişaf xüsusiyyətləri izah edilib.
Araşdırmanın əsas hissəsində yeni doğulmuş körpə ilə bağlı mərasim etnoqrafizmləri mərhələli şəkildə sistemləşdirilərək üç əsas mərhələdə qruplaşdırılıb. Həmin mərhələlər üzrə özbək dilində qeydə alınmış 1, 3, 5, 7, 9 və 40 gün mərasimlərinin adları, eləcə də Azərbaycan dilində mövcud olan 10 və 40 mərasimlərinin adları, semantik tutumu və etimoloji xüsusiyyətləri müqayisəli şəkildə təhlil edilib.
Bununla yanaşı, adqoyma, dişçıxartma və beşik bağlama kimi mərasim etnoqrafizmlərinin struktur-semantik xüsusiyyətləri, funksional yükü və hər iki dildə müşahidə olunan oxşar və fərqli cəhətləri diqqətə çatdırılıb. Məruzəçi bu mərasimlərin türk xalqlarının ortaq etnik-mədəni yaddaşının, ənənəvi dünyagörüşünün və milli-mədəni kodlarının daşıyıcısı olduğunu elmi arqumentlərlə əsaslandırıb.
Seminarda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli, professor Firuzə Ağayeva, dosent Qızılgül Abdullayeva, dosent Afaq Məmmədov, müəllim Qənbər Xanməmmədov, eləcə də kafedranın digər əməkdaşları, magistr və bakalavr tələbələri iştirak ediblər. Sonda məruzə ətrafında elmi müzakirələr aparılıb, məruzəçiyə mövzu ilə bağlı suallar ünvanlanıb və fikir mübadiləsi həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
Türkiyə Yazarlar Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında MEMORANDUM İMZALANIB
Türk dünyası gənc yazarları üçün önəmli işbirliyi...
Türkiyə Yazarlar Birliyi (TYB) ilə Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) gənclər arasında mədəni və ədəbi fəaliyyətlərin genişləndirilməsi məqsədilə işbirliyi memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalına DGTYB-dən verilən məlumata görə, memorandumu TYB-nin Başqanı Prof.Dr. Musa Kazım Arıcan və DGTYB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıb.
Bu əhatəli sənəd tərəflər arasında mədəni, elmi və ədəbi sahələrdə geniş işbirliyini nəzərdə tutur. Sənədin əsas maddələri bunları əhatə edir:
– Mədəni, elmi və ədəbi araşdırmaların aparılması;
– Ortaq layihələrin həyata keçirilməsi və birgə nəşrlərin hazırlanması;
– Uyğun sahələr üzrə təlimlərin, müzakirələrin, seminarların və digər tədbirlərin təşkili;
– Mədəniyyət, elm və ədəbiyyat sahələrində bilik və təcrübə mübadiləsi;
– Metodik fəaliyyətlərin paylaşılması və qarşılıqlı dəstəyin göstərilməsi;
– Tərəflər arasında ictimaiyyətlə əlaqələr və informasiya mübadiləsinin qarşılıqlı şəkildə dəstəklənməsi.
Memorandum barədə fikirlərini bölüşən TYB Başqanı Arıcan, Türk dünyası gənclərinin bir-birini daha yaxşı anlamasında və işbirliyinin inkişaf etdirməsində mədəniyyət, sənət və ədəbiyyatın önəmli rol oynadığını vurğulayıb.
Musa Kazım Arıcan, özəlliklə mədəniyyət, elm və ədəbiyyat sahələrində bilik və təcrübə paylaşımının önəminə diqqət çəkərək, bu prosesin səmərəli təlimlərlə dəstəklənməsinin vacibliyini vurğulayıb.
DGTYB başqan İntiqam Yaşar isə öz dəyərləndirməsində Türkiyədə əlli ildən artıqdır ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən köklü bir qurumla işbirliyi qurmağın onlar üçün həm dəyərli, həm də məsuliyyətli bir addım olduğunu bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
Türk Mədəniyyəti və İrsi Fondu Parisdə Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib
15 dekabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbir çərçivəsində Fond tərəfindən nəşr olunmuş “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın rəsmi təqdimatı baş tutub, eyni zamanda dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil olunub. Kitab oxuculara 3 dildə (azərbaycan, rus, ingilis dili) təqdim olunub.
Tədbirin məqsədi Memar Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki müstəsna yerini, Azərbaycan memarlıq məktəbinin universal dəyərini və Türk dünyasının mədəni irsə verdiyi töhfəni beynəlxalq auditoriyaya bir daha nümayiş etdirmək olub.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin 15 dekabr — Ümümdünya Türk Dili Ailəsi Günü ilə əlaqədar keçirildiyini qeyd edərək, bunun rəmzi əhəmiyyətini vurğulayıb. O, Əcəmi Naxçıvaninin yaradıcılığını Türk dünyasının intellektual və mənəvi irsinin parlaq təcəssümü kimi yüksək qiymətləndirib, onun memarlıq əsərlərinin yüksək texniki ustalığı, fəlsəfi dərinliyi və mədəni kimliyi özündə birləşdirdiyini bildirib. Həmçinin yubiley tədbirinin UNESCO çərçivəsində keçirilməsinin bu irsin dəyərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyən məqam kimi qeyd edilib.
Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Elman Abdullayev, UNESCO-nun Baş direktorunun Mədəniyyət Məsələləri üzrə müavini Ernesto Ottone Ramirez, Azərbaycan Memarlar İttifaqının katibi Rasim Babakişiyev, UNESCO yanında Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndəsi Nigar Rəhimli tədbir çərçivəsində çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri, Müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, UNESCO rəsmiləri, Fransada akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, iştirak ediblər.
Tədbir təntənəli şəraitdə keçirilib, mədəni irsin qorunması və təbliği sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
Bakıda Özbəkistanın Mədəniyyət Günləri davam edir
Bakıda Özbəkistanın Mədəniyyət Günləri davam edir. Bu incəsənət bayramı xalqlarımızın yaxınlığını və ortaq mədəni əlaqələrin zənginliyini bir daha nümayiş etdirir. Proqram çərçivəsində növbəti tədbir Heydər Əliyev Sarayında keçirilən “Navruz” Özbəkistan Milli Rəqs Ansamblının konserti olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşaçılara Özbəkistanın tanınmış incəsənət xadimlərinin, Özbəkistan Dövlət Simfonik Orkestrinin və “Navruz” ansamblının iştirakı ilə zəngin konsert proqramı təqdim edilib.
Simfonik orkestrin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, həmçinin “İskəndərnamə” əsərlərindən ilhamlanan musiqili-xoreoqrafik kompozisiyalar səsləndirilib.
Konsertin ikinci hissəsində ifaçılar Özbəkistanın müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar vasitəsilə ölkənin zəngin ənənələrini nümayiş etdiriblər.
Gecə çərçivəsində Özbəkistanın Əməkdar artisti, özbək müğənnisi Mohiçehra Şomurodova da çıxış edib. Onun ifasında “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı səsləndirilib. Bundan əlavə, səhnədə Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva çıxış ediblər. Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, Azərbaycan mahnısı olan “Qarabağ”ı da ifa edib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
Azərbaycan Əlcəzairdə keçirilən beynəlxalq sərgidə təmsil olunub
Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzairdə beynəlxalq sərgi və dəfilə təşkil olunub. Tədbir Misirin Əlcəzairdəki Səfirliyinin və Əlcəzairdə akkreditə olunmuş səfirlərin xanımlarını bir araya gətirən Diplomatların Xanımlarının Assosiasiyasının (AFDA) təşkilatçılığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bəhreyn, Küveyt, Malayziya, Rusiya və bir sıra Afrika ölkələrinin nümayəndələrinin qatıldığı tədbirdə hər kəs öz musiqisini, bayrağını və milli geyimlərini təqdim edib
Tədbirdə ölkəmizi Əlcəzairdə yaşayan soydaşımız Xumar Nəbiyeva və Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Şəms Nəbiyeva təmsil edib. Soydaşlarımızın çıxışı zəngin geyim irsimizin, musiqi mədəniyyətimizin və milli kimliyimizin beynəlxalq arenada tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbir müxtəlif xalqlar arasında dostluq münasibətlərinin, mədəni əməkdaşlığın və qarşılıqlı anlayışın inkişafına dəyərli töhfə verib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
Fransada azərbaycanlı musiqi qrupunun növbəti uğuru
Fransada fəaliyyət göstərən “Duo Avey” musiqi qrupunun üzvləri — Eldəniz Ələkbərzadə və Ağarəhim Quliyev — Fransanın məşhur “La Marianne” musiqi müsabiqəsində ikinci yerə layiq görülüblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qrup peşəkarlığı, fərdi musiqi yanaşması və səhnə mədəniyyəti ilə münsiflərin və tamaşaçıların böyük rəğbətini qazanıb.
Azərbaycan bəstəkarlarının əsərlərini Fransız auditoriyasına təqdim etmək və ölkəmizin zəngin musiqi irsini beynəlxalq müstəvidə tanıtmaq missiyası ilə seçilən “Duo Avey”in üzvləri həm solo ifaları ilə, həm də müxtəlif musiqiçilərlə birgə əməkdaşlıq layihələri vasitəsilə uğurlu fəaliyyət göstərirlər.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
“Ritm” rəqs qrupunun çıxışı Fransa mətbuatında
Fransa mətbuatında azərbaycanlı fotoqraf Nicat Kazımovun Azərbaycanın “Ritm” rəqs qrupunun Avropadakı çıxışlarından bəhs edən “Derrière la scène” (Səhnə arxası) adlı fotoreportajı yayımlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, fotoreportajda “Ritm” rəqs qrupunun səhnəarxası hazırlıq prosesindən, gündəlik fəaliyyətindən, eləcə də heyrətamiz ifalarından fotolar və məlumatlar yer alıb. Qrupun Azərbaycan mədəniyyətinin bənzərsiz elementlərini yüksək peşəkarlıqla təqdim etdiyinə diqqət çəkilib.
Qeyd edək ki, “Ritm” rəqs qrupu İsveçrənin Bazel şəhərində "Azərbaycan İsveçrə ilə Xəzərdən Alp dağlarınadək hərəkətlərin ahəngində qovuşur - Mədəniyyətlər Körpüsü" (“Azerbaijan Meets Switzerland in Harmony of Movements – From the Caspian to the Alps, Bridge of Cultures”) adlı tədbirdə səhnəyə çıxıb. Qrupun dinamik, milli-mənəvi dəyərlərlə zəngin çıxışları Azərbaycan mədəniyyətinin gözəlliyini bir daha nümayiş etdirib və böyük maraqla qarşılanıb.
Fotoreportajla ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://streetphotographyfrance.fr/derriere-la-scene-nijat-kazimov/
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb
2025-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında türk dövlətlərinin hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüslə UNESCO tərəfindən 15 dekabr tarixi Dünya Türk Dili Ailəsi Günü elan edilib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin gücləndirilməsi istiqamətində söylədiyi dəyərli fikirlər, Birinci Türkoloji Qurultayın 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında qəbul edilən sərəncamların tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda “Azərbaycanşünaslıqdan türkşünaslığa”, “Avropada türkologiya”, “Türk ədəbi dillərinin birliyinə doğru”, “Turan sivilizasiyasına giriş”, “Türk düşüncəsi və türkçülük tarixi haqqında” 20-dən çox kitabın tam mətni təqdim edilir. Virtual sərgidə kitablar ilə yanaşı “Birinci Türkoloji Qurultay – türk ruhunun qələbəsi”, “Türkologiya Turan birliyinin təməl daşıdır”, “Azərbaycan türkologiyası: təməllər, təmayüllər”, “Türk dünyasında ortaq düşüncə və kimlik axtarışları” kimi dövrü mətbuat nümunələrinin tam mətni də sərgilənir.
Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/dunya-turk-dili-ailesi-gunu yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)
Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb
Bu il Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, korifey sənətkarımız Rəşid Bebudovun anadan olmasının 110 illik yubileyi tamam olur. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında sənətkarın həyat və yaradıcılığından bəhs edən “Bir ömürlük alqış” adlı videomaterial hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, videomaterialda Rəşid Behbudovun mənalı ömür yolundan, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisinə verdiyi əvəzsiz töhfələrdən bəhs olunur. Materialda Rəşid Behbudovun ifaçılığında xalq yaradıcılığını, vokal sənətini, estrada janrını böyük məharətlə uyğunlaşdırdığı, bir sıra ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin tanınmasında əvəzsiz xidmətlərinin olması qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xalq artisti Rəşid Behbudovun səs yazıları, ifaları səsləndirilir, ona dünya şöhrəti qazandıran “Arşın mal alan” filmindən fraqmentlər sərgilənir.
Xalq artisti Rəşid Behbudovun 110 illik yubileyi münasibətilə hazırlanan “Bir ömürlük alqış” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/bir-omurluk-alqis yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


