İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Az tanınmışlar” adlı rubrikamda bu gün sizlərə həyatını teatra həsr etmiş Mansur Mansurov barədə danışacağam. Bəzən bir ömrü sənətə həsr edirsən, ortada nəticələr də olur. Amma parlaya bilmirsən. Və sonra da zaman-zaman unudulursan. Xüsusən, Kukla Teatrı kimi spesifik teatrlarda aktyorun pərdə arxasında qalması onun tanınmasına mane olur.
Halbuki, sənətə töhfə verən hər bir kəs yaddaşlarda qalmalı, xatırlanmalıdır.
Mansur Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub. Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb. İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub. 1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub.
Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Əli Səmədlinin "Cubbulunun çərpələngi" tamaşasında Div, Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Siçan bəy, "Yaxşı arxa" tamaşasında Tülkü, Rəhman Əlizadənin "Dəcəl çəpişlər belə-belə işlər" tamaşasında Cangüdən, "Bilqamıs əfsanəsi" tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun "Dədə Qorqud" tamaşasında Ağsaqqal rollarını ifa edib
N.Zamanov və M.Məmmədov "Səfərin nağılı" tamaşasında Rəmmal, N.Qarnet "Ələddinin sehrli çırağı" tamaşasında Cin, S.Marşal "Bu ev kimin evidir?" tamaşasında Kirpi, Ə.Vəliyevin "Madarın dastanı" tamaşasında Vəzir, F.Məmmədovun "Tələ quran özü düşər" tamaşasında Alabaş, Əli Səmədlinin "Artıq tamah baş yarar" tamaşasında Səməndər, H.Ziya "Əkiz qardaşlar" tamaşasında Cin, Kədi, T.Mütəllibov "Meşə nağılı" tamaşasında Dələ rolları ilə çıxış edib.
"Danışan qayalar" tamaşasında Şakir, Y.Oleşa "Üç gombul" tamaşasında Tibul, Mirvarid Dilbazinin "Göyçək Fatma" tamaşasında Elçin, Xanımana Əlibəylinin "Cunquş" tamaşasında Vəli baba, Mirmehdi Seyidzadənin "Sehrli nar" tamaşasında Vüqar və Mərcan, Əyyub Abbasovun "Keçinin qisası" tamaşasında Qurd, Vaymil Rabadanın "Zəncirlənmiş Pəri" tamaşasında Zalım, Anarın "Qaravəlli" tamaşasında Abbas Abbasov rollarını qeyd etmək olar.
Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, Rada Moskovanın "Hara qaçırsan, dayça?" tamaşasında Madyan, Şahmar Hüseynovun "Sehrli güzgü" tamaşasında Zalım, Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" tamaşasında Çaqqal, Firidun Qurbansoy və Bəhrəm Basqallının "Canım Qırat, Gözüm Dürat" tamaşasında Gavur çarı, Mirmehdi Seyidzadənin "Cırtan" tamaşasında Div rollarını xüsusi qeyd etmək olar.
Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib. 2012-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 2020-ci il 22 aprel uzun sürən xəstəlikdən sonra vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.08.2026)


