Super User

Super User

Murad Vəlixanov “Ədəbiyyat və incəsənət” 

 

Müsəlman dünyasının xüsusi rəğbət bəslədiyi,  hörmət və ehtiramla yad etdiyi insanlar çoxdur. Bunlardan biri də Xəlid İbn Vəliddir.

 

Onun 583-587-ci illər arasında anadan olduğu güman edilir. Anası Lübabə, atası isə Məhzum ailəsindən olan Vəlid İbn Muğirdir. Onun ailəsi hərbi məsələlərdə ixtisaslaşmış  Qüreyş qəbiləsindəndir. Gəncliyində nizə, qılınc, kaman və atdan istifadə etməyi öyrənmişdir. Bədr döyüşündə iştirak etməyən Xalid ilk dəfə Uhud döyüşündə müsəlmanlara qarşı vuruşmuşdur. Müsəlmanlığı qəbul etdikdən sonra  Bizans və Sasanilərə qarşı döyüşlərdə sərkərdə kimi iştirak etmişdir. Bunlardan ən diqqət çəkəni isə Yərmuq müharibəsində Bizans ordusunu məğlub etməsidir.

İslam mənbələrinə görə Xəlid İbn Vəlid yüzdən çox döyüşdə iştirak edib, bunların heç birində məğlub olmayan nadir İslam sərkərdələrindəndir. O üç il  kimi qısa bir müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Qəhrəmanmaraşa qədər uzanmışdır.

Xəlid  İbn Vəlid etdiyi fəthlər və müsəlmanlar arasında qazandığı hörmət və ehtirama görə Seyfullah (ALLAHIN qılıncı) ləqəbini almışdı.

638-ci ildə Ömər İbn Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə yerləşdirilmişdir. O, bir il sonra bu vəzifəsindən ayrılmış və 642-ci ildə vəfat etmişdir. 

 

“Ədəbiyyat və İncəsənət” 

 (06.02.2025)

 

 

Cümə axşamı, 06 Fevral 2025 15:36

ÖRNƏK - Fədakarlıq simvolu Səkinə

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Örnək” rubrikasında bu dəfə sizlər üçün Xalq yazıçısı İlyas Əfəndiyevin “Söyüdlü arx” romanından “Kürdobadakı Səkinə ilə Mahal Murovunun Əhvalatı”nı təqdim edəcəyəm.

 

Qarabağ - igidlərin canını yolunda fəda etdikləri VƏTƏN.

Uca dağlı, bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda "Kürdoba" deyilən bir tərəkəmə obası var idi. Bu obanın əhalisi təmiz azərbaycanlı idi, niyə onlara Kürdoba deyilirdi naməlum idi. Onlar nərlər, qoyunlar saxlayardılar. Qarabağ atları minərdilər. Bu tərəkəmələr qışda qışlağa, yazda isə Haramılara köçərdilər. Haramıların hər tərəfi qırmızı lalə olurdu.

 

Qapıya gələn aşığı boş yola salmayan, köməksizə əl tutan, kasıba yardım edən Kərbalayi İbixan adlı biri var idi. Mahal murovu - yaşı 60 və dörd arvadı olan bu insan İbixanın qızına aşiq idi. Bir dəfə evlərinə gəlir, bu vaxtı Səkinənin atası obada olmur. Murova süfrə salarkən qızın biləyindən yapışır, o da güclə əlindən çıxıb qaçır. Nişanlısına bu barədə danışanda Gülməmməd (nişanlısı) Səkinənin anasına deyir: Bibi, Kərbəlayi dayıma denən o kor murov bir də bura gəlsə onu öldürəcəm. Bu barədə yoldaşı Kərbəlaya deyəndə, o da murova qulaqburması edir. 

 

Bir gecə İrandan keçən quldurlar "Mandılı" deyilən qışlaqda qoyun sürüsü saxlayan binələrə basqın eləyib, Gülməmmədgilin sürüsünü atdöşü eləyəndə ucaboylu və enli kürək olan Gülməmməd onlara qoyundan çıxmağı əmr edir. Lakin nəticə sıfır olur. Bu vaxtı Gülməmməd çomağını endirəndə, quldurbaşı da qılıncını endirdi. Onun çomaq tutan əli boşaldı, əlinin biləyindən qələmə kimi kəsildiyini gördü. Onun tayqol olmasına mərdlər üzüldü, namərdlər isə sevindi və dedilər Səkinə artıq ona getməz. Ancaq Səkınə özü mərd, sevgisinə sadiq biri idi, onlara 3 gün, 3 gecə toy edildi. 4 oğlan 1 qızları oldu.

Öncə Kərbəlayi İbixan, sonra isə Məşədi Gülməmməd rəhmətə getdi. Başçılıq etmək vəzifəsi Səkinənin üzərinə düşdü. Oğlu Bayram gimnaziyada oxudu, qızıllı-paqon taxıb, padşahın idarəsində qulluq etdi. Rus dilini bilən Bayrama bəy deyirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Sırdaş

Təbriz

 

Bir qərib duyğudur qonağım bu gün,

Siz allah qoymayın, ürəyim gedir!

Çox zaman sürməyib bizim sevgimiz,

Şirin arzularım, diləyim gedir.

 

Birazdan başlanar soyuq bir savaş,

Küləklər dondurar yollarımızı.

Qasırğalar bizə şillə atsa da,

Gəlsənə açmayaq qollarımızı!

 

Sözünü tutmadın, oyun pozuldu,

İçimdə fitnəni doğub gedirsən.

"Gələcək bizimdir" nə tez unutdun?

Süd əmər sevgimi boğub gedirsən.

 

Tanrının utancı düşür gözümdən,

Sənsə kirpiyimdən yerə axırsan.

Duzlu əllərini göyə qaldırıb,

Yalvarıb-yaxarıb kimə baxırsan?!

 

Mələklər göz vurub səni səsləyər,

Sənsə qanadlanıb göyə uçursan.

Qaranlıq sarayda buraxıb məni

Hansı xarabaya işıq saçırsan?!

Hansı xarabaya?.. 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

                  

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

 

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

1-ci qayda:

 

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

 

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

 

«Yox!» deməyi öyrənin

 

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

 

Heç vaxt başqalarına qulaq asmayın

 

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Cümə axşamı, 06 Fevral 2025 13:35

İnsan və aləm: varoluşun gizli hikməti

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan kainatın bir aynasıdır, hər bir zərrəmizdə cahanın sirri gizlənmişdir. “Âdemi bul âdem ol âlemde âdem gizlidir, Etme tahkîr âdemi âdemde âlem gizlidir” – bu dərin misralar insana özünün və varlığın mahiyyətini anlamağa çağırır. Burada “âdem” insanı, “âlem” isə kainatı ifadə edir. Şair bizə deyir ki, insanı tanıyan, əslində kainatı tanımış olur, insanı alçaldan isə bütün varlığı dərk etmə qabiliyyətindən məhrum qalır.

 

Bu misraların müəllifi tam dəqiqliklə bilinməsə də, onların Osmanlı dövrünün sufi-şairlərindən olan İbrahim Hakkı Erzurumiyə aid olduğu ehtimal edilir. XVIII əsrdə yaşamış bu müdrik şəxs “Mârifetnâme” adlı əsəri ilə tanınır və onun fəlsəfi görüşləri insanın kainatla olan bağlılığını vurğulayır. O, sufizmin əsas prinsiplərinə söykənərək insanı kiçik bir kainat kimi təsvir edir və daxili kamilliyə aparan yolu göstərir. Lakin bəzi mənbələrdə bu misraların başqa sufi şairlərə və ya anonim bir qaynağa aid olduğu da iddia edilir.

 

İnsanlığın itirilmiş mənası

Müasir dövrdə insanlar öz varlığının dəyərini, iç dünyasının dərinliyini unutmuş kimi görünürlər. İnsanlar maddi aləmin içində itib-batır, ruhlarının susqun fəryadlarını eşitmirlər. Halbuki, insan kainatın ən ali varlığıdır. Onun ruhu göylərin əks-sədasıdır, qəlbi Allahın işığını əks etdirən bir aynadır. Amma əgər insan öz mahiyyətini unudarsa, o zaman kainat da onun üçün mənasızlaşar.

Bu gün bir çoxları başqalarını alçaldaraq özlərini yüksəltməyə çalışırlar. İnsan insanı kiçiltməyə çalışır, halbuki, bilmirlər ki, bir insanı alçaltmaq, əslində, bütün insanlığı kiçiltmək deməkdir. Çünki hər bir insanın içində bütün kainatın təcəllisi var. Əgər sən bir insanı dəyərsiz görürsənsə, sən əslində, Allahın yaratdığı ən böyük sirri görməzdən gəlirsən.

 

İçimizdəki kainat

Bəs bu həqiqəti necə dərk etmək olar? İnsan nə zaman anlayır ki, onun daxilində bütün bir kainat gizlidir? Bunun üçün insan daxili səyahətə çıxmalıdır. O, öz qəlbinin dərinliklərinə enməli, orada gizlənmiş sonsuz həqiqəti kəşf etməlidir. Bu, sufizmin “özünü tanı və Rəbbini tanı” fəlsəfəsi ilə üst-üstə düşür.

Hər bir insanın ruhu bir aləmdir. Onun arzuları, duyğuları, xəyalları, ağrıları – bunların hamısı kainatın müxtəlif halətlərinin insan ruhunda təzahürüdür. Bəlkə də, bir insanın göz yaşında göylərin fırtınası, bir qəhqəhəsində baharın sevinc küləyi, bir baxışında sonsuzluğun sükutu gizlidir. Biz bir-birimizi anlamadıqca, bu sirli kainatı da dərk edə bilmərik.

 

Ədalət və insanlığa dəyər vermək

Bu misralar bizə insana hörmət etməyin vacibliyini öyrədir. Hər bir insan ilahi bir sirrin daşıyıcısıdır. Əgər biz bir insanı dəyərsiz görsək, o zaman öz içimizdəki dəyəri də itirərik. İnsanları alçaltmaqla, əslində, özümüzü alçaldırıq, çünki hər bir fərdin içində bütün kainatın əksi var.

Bəlkə də, insanlığı xilas edəcək tək şey budur: hər kəsin qəlbində bir kainat olduğunu qəbul etmək. O zaman nə müharibələr, nə nifrət, nə ədalətsizlik qalar. Çünki kainatı sevən insan, onu məhv etməz. Kainatın bir parçası olduğunu anlayan insan, başqasına zərər verməz.

Bizi xilas edəcək olan insana dəyər verməkdir. Çünki insanlıq qorunduğu yerdə kainat da yerində qalar.

 

 “Ədəbiyyat və incəsənət”

(06.02.2025)                                                     

 

Cümə axşamı, 06 Fevral 2025 13:03

Rəngli kağız gəmilər- PRİTÇA

Конец формы

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

 

İki reyhan şitilinin arasındakı boşluqda yağışdan sonra bir ovucluq gölməçə yaranmışdı.   Günortadan sonra ağacların əhvalını soruşmağa gəlmiş meh gölməçəni dalğalandırmağa ürək eləmirdi.  Çoxdan bilirdi ki, bəzi  düşüncələr təkadamlıqdır... 

Meh bir az zoğal ağacının başına dolandı, yeni-yeni  özünü göstərən  sarı çiçəklərə öz aləmində məsləhət də verdi: 

-Tələsməyin tökülməyə! Etdiyiniz fədakarlığı həyatın qanunu bilir insanlar. 

Sonra  gilas ağacına baş çəkmişdi: 

` -Tumurcuqlarını yarpaqların altında gizlətmə. Əksinə, onların bolluğunu insanlara göstər ki, səni lazımsız bilib kəsməsinlər. 

Yönünü əncir ağacına çevirən meh reyhanların arasındakı balaca gölməçədə əlvanlıq gördü. Yaxınlaşdı. Barmaq boyda üç kağız gəmi  baş-başa vermişdi gölməçənin üzündə; sarı, yaşıl və qırmızı rəngdə idilər. Meh dayandı, onların burada nə gəzdiyini anlamaq istədi. Ha dilləndirsə də, kağız gəmilərdən səs çıxmadı. Handan-hana  gölməçə peşman-peşman  pıçıldadı: 

-Dəymə onlara... Öz dünyasını rəngləndirməyə çalışan bir qadın düzəldib onları.  

-Bəs sən niyə üzgünsən? –meh soruşdu.

-Qadının məni göl bilib kağız gəmilərini qoynuma itələməyi öldürür məni... 

Meh tələsik özünü əncir ağacına çatdırdı, onun iri yarpaqlarının arasında gizləndi.  Yarpaqlar onu eyninə almadı, amma iki yarpağın arasındakı hörümçək toru titrədi. Bu dəfə ölmək sırası mehdə idi-hörümçək toru onu külək bilib qorxmuşdu... 

(2024)

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

 

 

 

 

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Saat 3-ü vurur.

Mən təlaşla yuxudan oyandım. Həyatda başıma gələcəyindən qorxduğum şey yuxuda baş vermişdi. Nəfəsim tutuldu. Heç bir yuxu məni bu qədərnarahat etməmişdi. Yerimdə o yan -bu yana çevirərək yatmağa çalışdım. Belə şeyləryuxuda olar, sənin başına gəlməz, dedim, ancaq nə qədər çalışsam da içimdəkiboşluğu doldurmaq mümkün deyildi. Başqa yol yox idi. Bunu dəqiqləşdirmək lazımidi. Bəlkə bu bir işarə idi. Hər yuxum çin olmasa da, gerçəyə çevrilənlər də olurdu.

Bəs bu da onlardan biri olsa...

 

Saat 4-ə yaxınlaşır.

Mən artıq bir saata yaxındır düşünürəm. Düşüncələrim artdıqca cavabsız suallarım da artırdı. Və ürəyimin döyüntüsü daha da şiddətlənirdi. Yerimdən qalxdım. Telefonu əlimə alıb axtarmağa başladım: bir yad isim... yad şəkil... yad söz... yad nömrə...

Heç nə yoxdur...

Bir səs deyir: “Bax, hər şey qaydasındadır, yat, bu yuxudur.” Digər bir səs isə yenə narahatçılıq verir: “Yenə bax, əmin ol,” deyir. İnanmaq istədiyim üçün yenə yatmağa çalışdım. Ürəyim isə rahat durmurdu. Ağrı hiss etməyə başlayırdı. Mən nə qədər çalışsam da, yata bilmirəm. Yenə oyandım, yenə saatıma baxdım.

Saat 5 olurdu.

Sanki bir səs mənə səhər açılmadan gözlərini aç, deyirdi. Və mən təkrar qalxıb telefona yaxınlaşdım. Yenidən axtarmağa başladım. İndi bəzi şeylər bir-birinə zidd görünürdü. Şübhələrim, deyəsən, yanıltmırdı. Mən özümü itirməyə başladım.

Bədənim sözümə baxmırdı. Gah soyuqdan üşüyürdüm, gah da qızdırma içində yandığımı hiss edirdim. Hər şey hiss etdiyim kimi idi. Hisslərim məni aldatmamışdı.

Mən aldanmışdım... Hər şey gün kimi aydın idi. O an hər şeyi biləndə ürəyimdə ağrı hiss etdim. Heç vaxt belə incitməmişdi. Mən heç vaxt belə bir şey yaşamadım. Buna dözə biləcəyimi heç vaxt düşünməzdim. Ancaq acı gerçək var ki, həyat bizi çox zaman heç gözləmədiyimiz, güvəndiyimiz insanlarla sınayır. Və mən də onlardan biri oldum. Bir zamanlar ürəyim onu görəndə necə xoşbəxt hiss edirdisə, bu xoşbəxtlik nə qədər çox olsa belə, incitməzdi, indi isə onu görəndə hiss etdiyim ağrı çoxaldıqca mən ölmədiyimə şükür etdim...Bu ağrını azaltmaq üçün, sanki qəlbimin üstündəki görünməz bir düyməni basıb hər şeyi susdurmağa çalışıram... amma o, həmişə işləməyəndə, xatirələr yenidən səslənir...

Mən həmişə özümü zəif hiss edərdim, bəzi şeylərə dözə bilmərəm, deyərdim, indi isə bu güc məndə... hardandır? Mən necə güclü olmağı bacarıram? Onun gülümsəməsi üçün hər şeyi edən mən, indi göz yaşlarımı belə ona layiq görmürəm.

İndi qadın gücünün nələrə qadir olduğunu daha yaxşı anlayıram. “Mən heç vaxt dözə bilmərəm” dediyim “xəyanət”in indi mənim zəifliyim yox, gücüm olduğunu anladım...

Bu sevgi ilə yoğrulub, nifrəti acıdan bir həyat hekayəsidir...

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Cümə axşamı, 06 Fevral 2025 11:29

Axı mən gecələri öldürə bilmərəm… - ESSE

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Artıq iki günə yaxındır ki, yatmıram – daha doğrusu yata bilmirəm.

Şəhriyar deyib vaxtilə: "Yatmış hamı bir Allah oyağdır daha bir mən". Sanki bu sətirdə boğulub gedirəm. Bütün həyat gözümün qarşısında fraqmentlərlə keçir. Yenə də, çox düşünmək məndən əl çəkmir. Axı mən gecələri öldürə bilmərəm. Onu öldürmək əvəzinə elə həyat barədə mülahizələrimi səninlə paylaşaram...

 

Həyat... Axıb gedən bir çaydırmı, yoxsa insanın addımladıqca arxasında qoyduğu izlərdən ibarət bir yol? Bəlkə də hər ikisidir. Bəlkə də heç biri. Bəlkə də həyat – sadəcə bir anın içində sıxışmış, zaman dediyimiz sonsuzluğun içindəki qısa bir yanılmadır. Amma hər nədirsə, tək bir həqiqət var: insan bu həyatı ya yaşayır, ya da sadəcə içindən keçib gedir.

Bax, indi dayan. Bir anlıq hər şeyi unut və ətrafına bax. Dənizin səthində əks olunan günəş şüaları, göy üzünün sonsuzluğu, uzaqdan eşidilən bir uşaq gülüşü, küləyin səni çağıran pıçıltısı... Sən bunların hansı birini həqiqətən hiss edirsən? Yoxsa gözlərin açıq olduğu halda kor kimi yaşayırsan? Biz insanlar qəribəyik – hər şeyi istəyirik, amma heç nədən zövq ala bilmirik. Həyatı axtarırıq, amma onu elə uzaqlarda axtarırıq ki, yanımızda olduğunu görmürük. Bir gün hər şeyin dəyişəcəyini, bir gün xoşbəxt olacağımızı düşünürük, amma o “bir gün” heç vaxt gəlmir. Çünki xoşbəxtlik sabahda deyil, bu andadır. İnsan isə həmişə ya keçmişdə ilişib qalır, ya da gələcəyin içində itib gedir.

Görəsən, biz niyə yaşamaqdan bu qədər qorxuruq? Bizi nədən çəkindirirlər ki, həmişə ehtiyatlı, həmişə çəkingən, həmişə bir addım geridə dayanırıq? Deyirlər ki, sakit, ağıllı, məntiqli ol, çılğınlıq etmə, risk etmə, həddini aşma. Amma həqiqətən yaşamaq, elə bu deyilmi? Günəşin doğuşunu izlə, batan günəşin gözəlliyini hiss et, yağışın altında islan, soyuq küləyə qarşı qaç, nəfəs al, hiss et, yan, alış, yanıb kül ol, amma donub daşlaşma. Çünki yaşamaq budur – bütün duyğuları ucuna qədər yaşamaq, hər anın içində var olmaq, qorxmamaq.

Bəs insan niyə həmişə azadlığa can atır, amma azad olmaqdan qorxur? Bizə azadlıq verdiklərində hara qaçacağımızı bilmirik, çünki hər şeydən əvvəl ruhumuz zəncirlidir. Bizi bağlayan təkcə qanunlar, qaydalar deyil, özümüzük. Biz özümüzü cəmiyyətin gözləntilərinə uyğunlaşdırmaq üçün elə dar çərçivəyə salmışıq ki, həqiqi kimliyimizi çoxdan unutmuşuq. Bizə öyrədirlər ki, xoşbəxtlik, uğur, sevgi müəyyən qaydalara uyğun gəlməlidir. Amma bəlkə, bizə öyrədilənlərin heç biri doğru deyil? Bəlkə xoşbəxtlik heç də var-dövlətdə, mövqedə, başqalarının bizi bəyənməsində deyil? Bəlkə o, sadəcə günəşin isti toxunuşunda, sevdiyin insanın səmimi baxışında, bir dostla içilən sadə bir çayda, uzun gecələr boyu dinlənilən bir musiqidə gizlidir?

Bəzən özümüzü o qədər yükləyirik ki, ruhumuzun əslində yüngül bir külək kimi sərbəst axa biləcəyini unuduruq. Həyatın bizə verdiyi bütün çətinlikləri bir yük kimi çiynimizdə daşıyırıq. Halbuki insan dünyaya yükü ilə doğulmur – biz o yükləri sonradan toplayırıq. Xatirələr, peşmanlıqlar, xəyal qırıqlıqları, qorxular... Biz bunlara o qədər bağlanırıq ki, azad olmaq üçün sadəcə buraxmaq lazım olduğunu anlamırıq. Keçmişi daşımaqdan imtina edə bilsəydik, bəlkə də həqiqətən yaşaya bilərdik.

Sevgi... İnsan niyə sevginin içində yanıb kül olmaqdan qorxur? Bizi incitməkdən, alçaltmaqdan, əzab çəkməkdən çəkinirik, amma unutduğumuz bir şey var – əgər sevgi səni dəyişdirmirsə, səni sarsıtmırsa, səni yerindən oynatmırsa, deməli, o sevgi deyil. Sevgi – insanın ruhunun alovlanmasıdır, bəzən yanmasıdır, bəzən külə dönməsidir, amma hər şeydən əvvəl həqiqəti yaşamasıdır. İnsan niyə bütün qəlbi ilə sevib, sonra itirməkdən qorxur? Axı itirəcəyimizi bildiyimiz halda yaşayırıq, öləcəyimizi bildiyimiz halda nəfəs alırıq. Əgər sonumuz bəllidirsə, bəs nədən çəkinirik?

İnsan bu dünyada bir dəfə olur. O bir dəfəlik zaman kəsiyini necə keçirmək istədiyini özü seçir – ya həyatın axınında boğulub yox olmaq, ya da hər anına toxunaraq onu həqiqətən yaşamaq. Bizi həmişə qorxudurlar – ölümü, uğursuzluğu, təkliyi, xəyanəti, imtinaları gözümüzün önünə gətirirlər. Amma heç kim bizi həqiqətən yaşamağa təşviq etmir. Çünki yaşayan insanı idarə etmək çətindir. O, qaydalara sığmır, sınmır, əyilmir. O, öz yolunu özü tapır, o yolun onu haraya apardığını bilməsə belə.

Bax, indi dayan və düşün. Sən bu yolu necə keçmək istəyirsən? Bir gün hər şey bitəcək, gözlərin yavaş-yavaş qapanacaq, ətrafındakı səslər çəkiləcək, bütün dünyan sakitliyə bürünəcək. O an geriyə baxanda nə görmək istəyirsən? Arxanda iz qoymadığını, qorxuların səni idarə etdiyini, yaşamaq əvəzinə gözlədiyini? Yoxsa hər gününü doyunca yaşadığını, hiss etdiyini, qorxularını aşdığını, həyatın hər çalarına toxunduğunu?

Həyat, axıb gedən bir çaydır, amma sən o çayın içində sadəcə sürüklənən bir qayıq olmaq məcburiyyətində deyilsən. Dalğalara qarşı dur, suların içində yox olmaqdan qorxma, həyatın səni çağırdığı yerə doğru irəlilə. Çünki bu dünya fanidir, amma yaşanmış anlar əbədidir.

Ona görə də, əziz oxucum, ölmədən əvvəl yaşa. Həqiqətən yaşa. Çünki sonda insanın əlində qalan, yalnız yaşadıqlarıdır..

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Cümə axşamı, 06 Fevral 2025 12:34

BİRİ İKİSİNDƏ – Əkbər Qoşalının şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində biu gün şeir vaxtıdır, sizlərə sevilən şair Əkbər Qoşalının şeirləri təqdim edilir.

 

 

 

***

 

Dəniz üstdən ötür dolmuş buludlar,

Kim bilir, hirsini hara tökəcək…

Əlim qaşım üstə, fikrim uzaqda,

Üfüqlər xəyaldı, sahillər gerçək…

 

Sahil dolur-daşır insanla bəzən

Yaşlı qayğılar var, gənc əyləncələr…

Fikri dağıtsa da körpə ləpələr,

Hamı burdan evə yorğun dönəcək,

Üfüqlər xəyaldı, sahillər gerçək…

 

Sahillər qocalır, sular gəncləşir,

Görəsən, yorurmu sahili dəniz?..

Neçə ki sahil var, neçə ki dəniz,

Onların sevdası heç bitməyəcək.

 

Balıqqulağı var burda bu qədər,

Burda pıçıltı da sirr qala bilməz…

Yerin qulağı var – belə deyiblər –

Yəqin ki, buranı görüb deyiblər.

Hamı əvvəl-axır burdan keçəcək.

Üfüqlər xəyaldı, sahillər gerçək.

 

 

***

 

Sahil adam kimi dalıb dənizə,

Arabir qırağa çıxır yosunlar.

Qatlasa dizini sahil bir azca,

Dəniz bir qıraqda göl-göl balalar…

 

Hər sahilə gələn sahilmi bilir?..

Hər dənizə girən dənizçi deyil;

Göz torpaqdan doymur, dənizdən bezmir –

Bu da Nuhdan qalma bir adət olar...

 

Birisi ağ çadır qurub – sağ olsun,

Kimsə ocaq çatıb – günü ağ olsun!

Gündüz əlimizdə bir çırağ olsun,

Atalar sözüdü: arayan bular…

 

Hər su qırağına sahil deyilmir,

Dənizin, sahilin sözü bitməyir.

Odur, könül alır, ya könül verir,

Könlün qıt vaxtında,

                               ah,

                                 nə xoş bazar…

Arabir qırağa çıxır yosunlar…

 

 

***

 

Atamın sözləri düşür yadıma:

Soyuğu yamandı, yaya aldanma…

Baxıram sıxlaşan, dolan buluda,

Yoxsa göy üzündə qurultaymı var?..

 

 

***

 

Nabran…

Dəniz sahili…

O başdan bu başa gəlib-gedirik

Sahildə nə olur? –

Balıqqulaqları, narın qum,

bir də

dənizin qırağa atdığı nəsə…

 

Nə yaşıl orman var,

nə də göy çəmən,

bəs nədi,

bizləri gətirən bura?

O yaşıl ormanlar,

göy çəmənliklər

çox gözəl olsa da,

bir gün gəlir də,

qaçmaq istəyirsən,

uzaqlaşırsan...

Bəzən özümüzdən qaçmaq istərik,

Özgədən, özündən, hər yerdən qaçan

Gəlib soluğunu sahildə alar…

 

Bəs dəniz olmayan ölkələr neynir?..

Dənizə, sahilə özgələr neynir?..

 

Ancaq biz…

Və ancaq Xəzər sahili…

Balıqqulaqları, narın qum,

bir də

Xəzərin qırağa atdığı nəsə…

Təsadüf olmayır dünyada heç nə…

 

Balıq tanımayır öz qulağını,

Deyirlər balığın yaddaşı olmur;

Amma insanlarçün

 bu balıqqulaqlı,

 bu narın qumlu

                 sahillər

                 sahilsiz xatirə yığnağı olar –

O ya yaşanıbdı, ya yaşanacaq…

 

Heç nə gərək deyil,

Nə yaşıl, nə göy…

Boz sahil

boyunca yeriməyimiz,

Dənizi dinlərcə kiriməyimiz

Hopacaq sabahkı xatirələrə –

Bu balıqqulaqlı, bu narın qumlu,

 Heç yerə getməyən üzüboz sahil

Dünyanın ən əlvan yeri olacaq…

Ən rəngli yuxular qazanacaq o

Həsrətin əlçəkməz süsü olacaq…

 

Neynək, bu sahildə sadədil olaq,

Balıqqulağına tutunaq duraq;

Bu dəniz, bu sahil, bu qum nə deyir?..

Torpaqla dənizin öpüşdüyü yer

Nəsə bir hikmətə sahib olmalı…

 

Gəl hədiyyə verək bir-birimizə:

Bu bir cüt qızılı balıqqulağı –

Biri sənin olsun, biri də mənim,

Bizi bu sahilə gətirər yenə

Dəniz pıçıltılı balıqqulağı…

 

 

***

 

Dəniz qovur istini,

Öz istim yetər, deyir –

Nə günəş yox olacaq,

Nə Xəzər itər – deyir.

 

Sahildə nə hikmət var? –

Fikirlilər axışar

hər axşam-səhər, deyir;

Özüm də darıxıram –

Adamdan betər, deyir…

 

Hər sahilə gəlişim

Özümdən qaçışımdır;

Dodağımdı dalğalar –

Qara torpaq, ağ alın,

İzn ver, öpüm  – deyir…

 

Dəniz-Torpaq sevgisi

Heç zaman bitən deyil.

Tanrı verib bu hökmü,

Qiyamət günündə də

O hökm keçər – deyir.

 

Bu da şair alxışı:

Dalğana təpər! – deyir.

 

O qədər öyrəşmişik –

Mən əl edib gedirəm,

Şahə qalxır dalğalar,

Mənə elə gəlir ki,

uzaqdan “Əkbər!..” deyir…

 

 

***

 

Dənizi dinləyirəm,

Nə danışır bilmirəm.

Mən dağ dili bilirəm,

Çöl dilini bilirəm.

Çəməndə gül bilirəm,

Dəniz dili bilmirəm.

 

Dənizi dinləyirəm,

Nə danışır bilmirəm.

İnsan bilmədiklərin

Öyrənməyə aşina.

Bəlkə, ona görə də

Dəniz öyrədən olub,

Dağlarsa dərd ortağım…

 

Dağlardan qopan çaylar

Dinləyib dərdimizi.

Yuxumuzu dinləyib,

Nə ki gizlinimiz var,

Sulara danışmışıq…

Dərdimiz yüngülləşib,

Necə dərdlər yüklənib.

Nə yuxular eşidib,

Dənizə qaçıb çaylar.

 

Bizim bütün çayların

Son ünvanı Xəzərdi...

 

Dədəmiz-babamız da

Hey axın eləyiblər

Dağlardan dənizlərə.

Yoxsa öz sirlərinin,

yoxsa yuxularının

    ardınca at çapıblar.

    Atlarının ayağı

      dənizə dəyməyincə

       dinməyibdi ulular.

 

Harda dəniz vardısa,

Bir türk at çapıb ora,

Bir çay dərd daşıyıbdır

O dənizə, əminəm.

Yuxumuzun dalınca

gəlmişik dənizlərə.

Qabarırsa dənizlər,

Yuxunu xeyrə yozub,

Sakit ləpələyirsə,

    qaramatı itirir.

Dəniz ana kimidir –

Ata Dağlar sussa da,

Ana gah layla çalar,

Gah əsib-coşub susar…

 

Dənizi dinləyirəm,

Dinləyib öyrənirəm.

 

Yuxumuzun ardınca

sənə gəlmişik, dəniz!

 

 

URMU GÖLÜNÜN ÖYKÜSÜ

 

Adıma Urmu derlər,

Suyum göyə çəkilib…

Göllüyüm qeyb olsa da,

Yenə quru göllərin ən gözəli özüməm.

Türküstan talesizi,

Aralın bacısıyam;

O daha tez qurudu –

Məhşərə hazırlaşır

atamqızı elə bil…

 

Ən uzaq yaddaşımdan süzülüb gələnləri

danışım, qoy qalmasın –

Min illər öncəydi – biz ayrılanda.

Aral sağ əlini çəkdi başıma,

Başıma gələnə bax –

Min illər sonradı

        indi biz ikimiz də quruyuruq,

                                       quruyuruq...

Nə mənim Acıçayım,

nə də bacım Aralın

                   Ceyhun ilə Seyhunu

                    su daşımır dağlardan…

 

Xəzərə də əl çatmır…

Araz boynuburuqdu…

 

Aralın da mənimtək

gəmiləri pas atır…

Tanrının işinə bax –

Duzlu su çürütməyən gəmilər indi bir-bir

susuzluqdan qəhr olur…

Elə bil dil bilirlər,

Elə bil göl bilirlər…

Göl vardımı bizimtək?..

 

Siz, ey zalım göllərin ən zalım gəmiləri,

Sirdaşınız kim olsun?..

Kölgənizə yığışıb

                   əsnək vurur dəvələr

Balıqlar üzərdilər böyrünüzdə ilmüdam,

Bəlkə, mən bilməyirəm,

Balıqlar dəvə olub?

Bircə onu bilirəm,

                 dəvələr balıq olmaz…

 

Qanadsızdı dəvələr,

Dəvələr dözümlüdü,

Dözəcəklər, dözəcəklər,

Bizim

          son qətrəmiz də quruyan gün –

                   baxarsız,

Qanad çıxaracaqdır

Kölgədəki dəvələr,

İnanın, düz sözümdü…

 

Xəzərə əlim çatmır…

Əlimi göyə açdım…

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Cümə axşamı, 06 Fevral 2025 16:07

“Gerçəkliyin həqiqi üzü” – ƏDƏBİ TƏNQİD

Nəcibə   İlkin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,şair-publisist, “Ədəbiyyat və incəsənət” üçün

 

(Yazıçı Hüseynbala Mirələmovun “Gecə bənövşələri” kitabındakı

                              əsərləri üzərində düşüncələrim)

 

Böyük türk sərkərdəsi Mustafa Kamal Atatürk yazırdı ki, “İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır. Şəxsiyyət olmaq üçün isə millətini, xalqını sevmək, mənsub olduğu  cəmiyyəti düşünmək və onun yolunda canını qurban verməyi bacarmaq  lazımdır. Yazıçılar və qəhrəmanlar bu qəbildəndir. Biri qələmi ilə, o biri silahı ilə…

 

Həyatın nəbzini tuta bilən yazıçı özünü oxucu qarşısına çıxarana qədər həyati gerçəkliyin reallığında özünü güzgüləyir və sonra onun qanunlarına tabe olmadan tale dediyimiz oyunun  əsirinə çevrilir. Və yalnız bundan sonra nədən yazıdığını düşünür. Düşündükcə isə baş verəcək hadisələrin niyə və nə üçün yaranmasının fəqinə varmır. Düşünür ki, həyat yalnız ölüm-dirim mübarizəsi və bir də yaşamaq həvəsidir.  Bu mənada həyatın yalan üzərində qurulan, boşluqdan və sonsuzluqdan başqa həqiqi məna kəsb edə bilməyən məzhəkə, gülünc, acı və haqsız qələbələrin sonluğunda əsl səhnə olması aydın görünür. Bu səhnəyə tamaşa edənlər isə onu yaza bilən və yaradan yazıçılar, bir də rəssamlardı. Yazıçı bütün hallarda müşahidəçi, izləyici, mühafizəçi olmaqla, xalqı qaranlıqdan işıqlığa aparan yol kimidir. O yol ki, orda xalqın gözü var, ürəyi var.

Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatıdır.  Məhz ədəbiyyatı xalq yox, ədəbiyyat xalqı yaradır. Bu gün ədəbiyyatımızın yaratdığı görkəmli nümayəndələrinin sırasında  əsərlərini sevə-sevə oxuduğumuz Hüseynbala Mirələmov da var. O, həm düşünən, həm də düşündürən  yazıçıdır.

Dövrü mətbuatda çap olunan əsərlərini hər zaman oxuyurdum. Yaradıcılığına tam bələd olmuşdum. Nədən, nəyi və niyə yazacağını yaxşı düşünürdü. Əsl yazıçı isə düşündüyünü yazmalıdır. Sənətinə hörmətlə yanaşan yazıçı hadisələri gördüyü və düşünüdüyü kimi qələmə almış, öz subyektiv hisslərini bir kənara ataraq, həqiqi olanları oxucu qarşısına çıxara bilmişdir. İlk öncə mənə xoş təsir edən məhz bu oldu. Həqiqətin gerçək üzü.  Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan ədəbiyyat özünü yaxşı tanıda və sevdirə bilər, amma heç vaxt böyük ədəbiyyat ola bilməz. Məhz XX əsr ədəbiyyatımızın gözəlliyi və əzəlliyi də elə bundan ibarət idi. Bu gün o ənənəni davam etdirən yazıçılarımız əfsular olsun ki, barmaq sayı qədərdi. Zaman və məkan baxışı yazıçı qələmini sapdıra bilər,  haqqın və həqiqətin astarını həqiqi gercəkliyə çevirib onu xalqın, millətin baxışında güzgüləmək  isə  yazıçının can atmalı olduğu ideala yaxındır.

Hüseynbala Mirələmov yuxarıda dediklərim kimi və bəlkə də ondan artıqdır. O, bu günümüzün deyil, dünənin və gələcəyin yollarına tək  yazıçı kimi  yox, həm də əsl vətəndaş və müdrik, filosof  insan kimi baxmağı bacarır. İnsanı kamilliyə aparan yol, onun cəsarəti, əxlaqı və ağıllı olmasıdır. Hüseynbala  Mirələmovu oxuduqca mən bunları aşıladım. Əsərləri mənə bu yolun başlanğıcını və sonunu göstərdi. Onun dahiliyi bir də ondadır ki, bütün hallarda ürəyi hamı üçün döyünür, hamı üçün narahatdır. Yazıçını oxucuya sevdirən əsas şərtlərdən biri də  məhz  budur. Əsərlərində  bir neçə taleyi üz-üzə qoyaraq, insan və həyat anlamını, onun qatlarını dərk etmə qabiliyyətini və dərin düşüncə tərzini  bir məktəb kimi öyrənmək məsuliyyətini yazıçı sənətkarlığı ilə işləmişdir. Böyük ədib  Maksim Qorki yazıçı haqqında belə çox maraqlı fikir deyib:  “Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq  istəyirəm”.                                                                                           

Çox sevindirici haldır ki, Hüseynbala Mirələmov da bədii yazılarında bu fikri özünə ali məqsəd kimi götürür.

 “Gecə bənövşələri” povest və hekayələrdən  ibarət kitabı  müasir ədəbi dünyamızın keşməkeşli yollarına bir çıraqdır desəm yanılmaram. Onun işığında   üzü sabaha doğru yol getmək olar. Çünki ordakı məzmun, aktuallıq, ictimai baxış o qədər iti, o qədər uzaqdı ki, həyatı bütöv anlamda  burda görməmək mümkün deyil. Müasirlik keçmişin kölgəsinə sığınıb, gələcək  isə müasirliyin ayaqları altında inildəyir. Bu nədir?!  İnsanlığımız, milliliyimiz, hörmət və məhəbbətimiz,  nəhayət  şüur  və düşüncəmizin ogey hisslərmizin mizanında özünə yer tapmasıdır. Yazıçı bütün əsərlərində bunları qabartmağa çalışır. Və həqiqi mənada vicdani tələbkarlığı ilə həqiqi olanı  tam mənada ortaya qoya  bilir.

Haqqın və həqiqətin üzünə açılan qapıları öz əlimizlə, bəzən isə  pislik və nankorluğumuzla bağlayıb, onun bəlkə də bizə aid olmayan qapılarına tərəf gözümüzü yumaraq gedirik. Bu gediş bizi həyatın əzabllarlı ilə üz-üzə qoyur. Mənəvi dünyamızı kor-koranə baxışımızla zəhərləyib, onu tale oyunlarının qurbanına çevirir. Bunları kim edir, biz insanlar. Bir insanın mənəvi korluğu, küt baxışı digərlərini həyatın girdabına sürükləyir və onu ölüm adlı uçurumun cənginə atır. Yazıçının bütün əsərlərində qayə yalnız bundan ibarətdir.

Milli mənəvi baxışın, insani dəyərlərin alilik dərəcəsi yüksək olan bu əsərlər bu gümüzün  mənəviyyat dərsi, sabahımızın görən gözüdür.

 “Taledən qaçmaq olmur” əsəri bu baxımdan kökünü  keçmişin kədərli həyat hekayəsindən götürməklə, bu gün də davamlı olan həmin hadisənin gələcəkdə təkrarlanmasının  labüdlüyünü inkar etmir. Bakı milyonçusunun qızına toy hədiyyəsi kimi bağışladığı binada baş verən  hadisələr və oxşar qarışıq  talelər bir-birini əvəz edir. Yazıçının  burda əsas məqsədi bir binanın onun sakinlərinə düşər-düşməzliyi , yəni mifoloji  baxımdan qara qüvvələrin insan  həyatına zərbəsi kimi deyil,  tale yüklü məsələlərin insan həyatında oynadığı rol və ictimai-siyasi baxışlardan söhbət gedir. Bu, əsrlər boyu nəinki gənc milyonçu   qızının, hətta milyonlarla gəncin nakam həyatına son qoymuşdur. Müharibə, qaçqınlıq, iddialı və maraqlı tərəflərin bu oyunda  udub-uduzmaq məsələsi hər zaman olduğu kimi indi də var və olacaqdır. Sonu bilinməyən bu təzadlı həyat kimlərinsə bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq və onu gələcək nəsillərin psixolji durumunda özünü kökləmək kimi məqsədlərə qulluq etməkdir. Yazıçı iki müasir gənc qızı Fidanla Natəvanı düşüncələrinə və həyata baxışına  görə üz-üzə qoyur. Natəvan kasıbçılıqdan doymuş , vara-dövlətə can atan və nəhayət rahat və dəbdəbəli həyat eşqi ilə yaşamağa üstünlük verən qızdı. Agılsız olduğu qədər də yüngül və savadsız bu qızı düşündürən yalnız şan-şöhrət və əyləncədir. Onun üçün sevgi, məhəbbət, dostluq boş bir şeydir.  Hərdən keçmiş,  kiraydə yaşadığı kasıb  həyatını yada salaraq  sanki heyf çıxırmış kimi bu gunkü həyatından aldığı zövqü ilə öyünür.  Xarici ingilis oğlanla ailə quraraq  “xoşbəxt”  həyatına nail olur. O, ingilisin var dövlətinə susayır    ona xoşbəxtlik gətirdiyini düşünür. Lakin bu dəbdəbəli həyat tərzi heç də ona ömürlük şans verə  bilmir. Çünki onun məramı dərin köklərə bağlı deyil. Bir ingilis vətəndaşısının onun vətəninin sərvətindən  qazandığı qazancı onu xoşbəxt edə bilməsi Natəvanın əqidəsində cilalanmalı və ələnməli idi. Buna isə Natəvan kimi qızlarımızın nə  düşüncəsinin, nə də əqlinin gücü çatmır. Natəvanın müvəqqəti sevgi məcarası onun boş xəyallarının başlanğıcı və sonu olur.

Fidan isə olduğqca ağıllı və düşüncəli qızdı. O, rəfiqəsinin səhvlərinə qarşı iradını hər dəfə bildirir və doğru olmadığını deyir.  Həyat belə ağıllı qızlar üçün də önəmli deyil. Onu çox sınaqlara çəkir. Atasının və anasının sözüylə tanımadğı bir oğlanla ailə qurur. Dələduz Əfqan onun həyatını alt-üst edir. Aldadıldığını görən Fidan özünə yol axtarır. Çox qəribədir ki, son zamanlar cəmiyyəti bürüyən dələduzluzluq çoxlarının taleyinə qara  pərdə çəkib. Çoxlu qızlarımız bu  yolla bədbəxt olurlar.

Ata mülkünün qəribə taleyi həmişə Fidanı düşündürür. Bu evdən köçən qızlara nəsib olmayan xoşbəxtlik onu  da haqlıyır. Bu hisslərin Fidanı rahat buraxmamasına səbəb hər  an zamanın girdabına tuş  gəlməyimiz, qorxu içində narahat həyat tərtzimiz, nadan insanların zamanın zəhərli axınında çirklənməsi və baqşqalarını da bu çirkaba batırmasıdır.

 Həyat onu dönə-dönə sınağa çəkir. İkinci dəfə hisslərinin qurbanı olan Fidan narkoman Röyala inanır. Ona əlindən gələn yaxşılığı edir, lakin onu bu yoldan çəkindirə bilmir. Sıxıntılar içində başı daşdan-daşa dəyən Fidan bu olanları atasından gizlədir və onun salamat olması üçün tale oyunlarına dözür. Məhz dözüm, etibar, inam və bir də ağıllı olması Fidanı düşdüyü əzabdan  qurtarır. Bütün iztirablara baxmayaraq  heç zaman rəfiqəsinə həsəd aparmayan, özünün qürur və ağılı ilə fəxr edən Fidan həyat mükafatını sonda alır. Gec də olsa ciddi, ağıllı Mehman kimi bir kişi onun qarşısına çıxır. Taleyi üzünə gülən qız həyatın keşməkeşlərində öz iradəsini sındırmadı, əxlaqını qorumağa çalışdı. Bu əsər qızlarımıza bir mənəvi tərbiyədi, onlara bir mesajdı desəm, daha düz olar. Bax, belə əsərlər çox yazılsa, bəlkə gənclərimizin tərbiyəsi düzələr, ağıl və düşüncələri təmizənər. Və bu qədər boşanmalar olmaz...

Hüseynbala  Mirələmovun əsərləri onu  deməyə sövq edir ki, həyatımızın gözəl olması üçün əxlaqımız və düşüncəmiz gözəl olmalıdır. Əslində həyat həqiqətlərini olduğu kimi qəbul etmədikdə yaşamaq  da çətinləşir. Həyatı dözülməsi mümkün olmayan bir hala salmamaq üçün səbrli və itaətkar olmaq lazımdır. Bəli, tale ağlımıza gəlməyən bir sözdən, bir baxışdan, və ya bir hadisədən asılı ola bilər. Yetər ki, onu sağlam düşüncənin süzgəcində ələməyi bacarasan. Bax, budur Hüseynbala  Mirələmovun əsərindəki reallıq, haqq-ədalət tarazlığı.

Yazıçının “Tənha lalə” əsərində müxtəlif taleli qadınların başına gələn məcaralar gah obrazın diliylə, gah da yazıçı diliylə  verilir.  Gənc həkim Xatirənin sevgi hissləri onun qəlbinə hakim kəsildiyi bir zamanda anası onu başa düşmür. Özünə həmdəm, dərdinə sirdaş kimi işlədiyi klinikada baş həkimi Əsmət Sultanlıya ürəyini açması və onun qəribə taleyindən xəbər tutması oxucu üçün o qədər qəribəlik kəsb edir ki, inana bilmirsən ki, bu  olan reallıqdı, ya təxəyyül. Ancaq yazıçının yuxarılarda dediyim kimi fantaziyadan qaçan və olan həqiqətə  söykənən reallığı bütün yaradıcılığında qarşımıza çıxır.

Xatirənin  qəlbinə hakim kəsilən sevdiyi  oğlanın birdən-birə yoxa çıxması və sonradan onun şərlənərək tutulması haqda xəbər  ağrılı həyat  səhnəsidir. Belə dözülməz halların şahidi çox olmuşuq. Gənc Xəzərin hüqüqlarının hüquq  orqanları tərəfindən tapdanması və ona qarşı haqsızlıq keçmişimizdən bizə qalan miras kimi hələ də cövlan edir və belə kədərli həyat nə qədər anaların, bacıların və Xatirə kimi sevgililərin gözünü yaşlı qoyub. Xəzərin  şərlənməsi və öz haqqını sübut edə bilməməsi sonda haqqın qələbəsiylə  bitir. Onun kimlər tərəfindən cibinə qoyulan  narkotik və saxta dollar haqlı olaraq sübuta yetirilir. Xəzərin hüquqlarını müdafiə edən vəkil sonda bir fikri ilə haqsızlığa qarşı  üsyan səsini  belə  ucaldır:

-Mən ianıram ki, Xəzərin mənəviyyatındakı zədələr tezliklə sağalacaq. Ancaq belə hüquq keşikçilərimizin bizim inamımıza vurduğu zərbələr isə yaddaşlardan silinməyəcək.

Bəli, “haqq əyilər, amma üzülməz”, -deyib atalar. Haqsızlığın xərçəng kimi çoxayaqlı şəkildə mənəviyyatımıza sürətli soxulması  həqiqətdir. Buna qarşı isə kütləvilik qələbəyə aparan yol və qaliblik təntənəsidir. Bunu isə hələ ki, az hallarda müşahidə edirik. Xəzərin qələbə çalmasında, haqlı olmasının subuta yetirilməsində  onu sevən Xatirənin və Əsmər xanımın rolu çox  böyük olur.

Hər zaman həyatımızda rastlaşdığımız hadisələrin əsərdə özünə yer tapması, bədii və obyektiv orijinal süjet xətti uzərində qurularaq  və qaçılası olmadığımız həyat əzablarının bu qədər mükəmməl işlənilməsi yazıçıdan fərasət və istedad tələb edir. Qarışıq həyat tərzi Əsmər Sultanlıda  faciəvi tale sonluğu ilə bitsə də, yazıçı oxucuda elə bir nikbin ruh yaradır ki,  əsəri yenidən oxumağa məcbur olursan.

Əsmər kimi qadınlarımızın bəzən sevgi hissləri ilə ailə arasında yaratdığı zidiyyətli məqamlar acı sonluğa gətirib çıxarır. Qadın unutmamalıdır ki, ailə, bütün sevgilərin başlanğıcı və sonudur.  Məhəbbət insanlığın bir-birinə qarşı hörməti üzərində qurulur. Aldadıcı həyat, ötəri sevgi  hissləri ailə bünövrəsinin təməlində özünə yer tapa bilməz. Əsmər ürəyində sevdyi oğlanın hissləri ilə yaşayır, lakin başqası ilə ailə qurur. Bu isə ona heç də xoşa gəlməyən tale bəxş edir.  Balaşın yazdığı  məktub əslində  Əsmərin simasında bir çox qadınlarımıza  əsl həyat dərsidir. Aqşin Əlizadənin bir əsərində oxuduğum məqam yadıma düşür: “Sevməyərək ailə qurub bir damın altında kişiylə yaşayan qadın əsl fahişədr”. Buna məcbur olunan qızlarmızın həyat məngənəsində sıxılaraq  başqa yollara sürüklənməsi isə H.Mirələmov kimi yazıçılarımızın  qeyrət və namus pərdəsi altında inildəyən hissləridir ki, onu görməmək mümkün deyil.  Qadınlarmız ömür boyu kişilərin qeyrət rəmzi olublar. Sevməsə də ailə qurandan sonra ailə qanunlarına itaət və kişilik qeyrətini qorumaq onların mənəvi borcu olub. Bu, lap keçmişimizdən bizə qalan mirasdır. Biz onu qorumalı və gələcək nəsillərə ötürməliyik. Lakin çox əfsus… Əsərdə olduğu kimi bəzi qadınlarımız bu itaətkarlığa adi baxır,  ailə müqəddəsliyinə  düzgün yanaşmırlar.  Doğrudur , Əsmər “xoşbəxtliyə”  nail olur. Amma bir insanın həyatını puç etmək, bir kişinin qeyrətni tapdamaq  Azərbaycan qadınına yaraşmayan xüsusiyyət  kimi qiymətləndirir, sevginin gizlin yaşamasına və onun qorunmasına  daha önəm verirəm. Balaşın  onu aldadan qadına yazdığı məktub o qadın üçün ölümə bərabər bir cəza olmaqla yanaşı, həm də onu  ömür boyu mənəvi əzaba düçar etməkdir.

Əsərdə  qəhrəmanın   ölgün hisslərini  yenidən diriltmək, özündə təpər tapmaq və dözüm və mərdlik nümayiş etdirməklə həyata  baxışını dəyişmək və bu amilləri oxucuya da siraət etməklə onda   sevgi yaratmaq, yaşamaq  qüdrətini artırmaq yazıçı məharətindən başqa bir şey deyil desəm, bu  da daha dəqiq olar. Əslində müasir zamanın da tələbi elə budur. Onsuz da zamanın qəddarlığı, kriminal həyat axını hər kəsin psixologiyasına  mənfi təsir etməklə yaşamaq kimi gözəl hisslərin qarşısına çox hallarda sədd çəkir. Məhz yazıçının bu mənada obyektivliyi və bütövlüyü alqışa layiqdir. Yazıçı elə belə də olmalıdır.

Yazıçı təbiəti rahatlıq tapmayan, dinclik bilməyən  təbiətdir. Onun əsas məqsəd və inqilabi  borcu yaxşı yazmaqdır.  Əfsus ki, son zamanlar həyatımızın hər bir anında bizi izləyən problemli tale və acılı hadisələr əsərlərdə olduğu kimi yer ala bilmir. Hüseynbala Mirələmov isə mənim dediklrimin və istədiklərimin öhdəsindən cəsarətlə gəlib. İntizarda qoyduğu oxucunu obrazların  dilində  danışdıra və doğmalşdıra bilməklə onu özünün həyat eşqində yaşatmağı bacarıb.

Həyatın bütün sevinci yaradıcılıqdadır. Əslində nəyisə yaratmaq, yazmaq  ölümü öldürmək deməkdir. Düşüncəmdə özünə realist yazıçı kimi yer tapan  Hüseynbala Mirələmov toxunduğu mövzularda məhz ölümü öldürməklə, yaşam tərzini gücləndirmək, haqqın-ədalətin  keşiyində durmaq, bütün varlığıyla  doğru olan hər şeyə yan almaq kimi həyat eşqinin insani hisslərlə qaynağını təmin edə bilmişdir.

“Cəza” əsərində  tamam fərqli bir epizodlar görürük. Burda heyvanların  təbiəti, həyat davranışı,  balalrına olan qayğısı, insanlara qarşı hiddət və nifrətli baxışı sənətkarlıqla qələmə alınmışdır. Canavar vəhşi heyvan olsa da onun heyvan hisslərindəki mərhəmətlik, balasına və cütlük etdiyi  tayına qarşı diqqəti insanda qəribə hisslər oyadır. Heyvanların  da öz hissləri, öz aləmləri var. Onlar da ailə şəklində yaşayır və onu qorumaq uğrunda mübarizə aparır. Hər zaman insan təhlükəsiylə  üzbəüz qalan heyvan  balalarını qorumaq üçün ayıq dayanır.  Lakin tülkü Qasımın  təhlükəsindən yaxa qurtara bilməyən canavar,  balasının oğurlanmasını bildikdə ulayıb haray qoparır. Ulamaq isə onların ağlaması, ah-naləsidir.  Tülkü  Qasım canavar balalarını satıb pul etmək üçün ovlayıb, onlara qənim kəsilməklə ovçuluq məharətini göstərir. Lakin insanlıq hisslərinin vəhşilik hisslər əvəz  etməsini tam dərk etmir.

Zorakılıq yırtıcı heyvanların qanunu olduğu kimi, qeyri zorakılıq da insan nəslinin qanunudur. Heyvanın ruhu yuxudadır, ona görə də heyvan zordan başqa qanun tanımır. İnsanın vicdanı isə qanuna-ruhun gücünə tabe olmağı tələb edir. Tülkü Qasım və eləcə də onun ətrafında olanlar bu qanundan kənardı. O, bu cilddə insanların da qəlbinə girməyi və onlarla hər dildə danışmağı bacarır.  Meşədə ağacları qıraraq özünə restoran tikən harın,  imkanlı Ağalələnin içini, pula hərisliyini, heyvanlara qənim kəsilən tülkü Qasımın hiyləgərliyini, alçaq və rəzilliyini  açıq aydın göstərən yazıçı bununla da insanların yeri gəlsə  heyvandan betər vəhşiləşməyinə işarədir. Hatəm kimi, Qərənfil kimi haram pulla  özlərinə meşədə istirahət ayıran,  həyatın məhz onlar üçün yalnız eyş-işrətdən ibarət həyat tərzi,  düşüncəsiz və ağılsız hərəkətləri ilə insanlıq həddini aşmaları oxucu qəlbində hiddət doğurur. Belə insanların  həyat üçün təhlükəli olduqları qədər də, heyvani hissləri ilə cəmiyyətdə özlərinə yer tuta bilmələri aydın görünür.

Hər gün yenicə boy atıb təbiəti gözəlləşdirən, insanın həyatı üçün lazım olan ağaclar da onlara qənim kəsilən insanların ovuna çevrilir. Bu insanlığın son həddi, vəhşiliyin başlanğıcıdır.  Amma nə balasından ayrı düşən canavarların, nə də vaxtsız kəsilən ağacların ahı-amanı yerdə qalmır. Təbiətin hokmü, fəlakəti  tülkü Qasım kimi, Ağalələ kimi açgöz, harın və şərəfsizlərin dərsini vaxtında verir.

Böyül mütəfəkkir Cəlil  Məmmədquluzadə yazırdı: “-Ölmək fəlakət deyil, ən böyük fəlakət öləndən sonra ölməkdir”. Qəhrəmanlar, yazıçılar, şairlər o qəbildəndi ki, yazıb yaratdıqları ilə bərabər yaşayır və  ölümsüzlüyün zirvəsində öz heykəllərini qururlar.  Məhz  Hüseynbala  Mirələmov belə samballı əsərləri ilə öz heykəlini oxucu qəlbində qura bilən yazıçıdır.                                                                                                                                                                                                                                                                                                                                                                                                         

Yazıçının  “Əclaf”  əsərində dostluqdan, mənəvi birlikdən söhbət açılır.  Ayrı-ayrı xarakterə malik olan tələbə dostlar-  Polad və Ruslanın dostluğunda zidiyyətli məqamlar sonda ayrılığa gətrib çıxarır. Ruslan həddindən artıq imkanlı bir ailədə böyümüş, dost üçün əliaçıq, fədakar olsa da, amma sözündə və tərbiyəsində Poladla heç cürə düz gətirmir. Onun açıq-açığına qızlarla yaxın əlaqəsi, imkanından gen bol istifadəsi, əxlaqsız əyləncəsi Polada əsəb gətirir, qəbul etmədiyi halda dostluq naminə  göz  yumur.   

 Polad isə əksinə körpə ikən atasını itirmiş, anası Səkinə xanım onu çox çətinliklə böyütmüş və tərbiyəli, ağıllı bir oğlan  olmuşdur. Doğru, düzgün    mənəviyyatlı olan Polad dostunun əxlaqsız hərəkətlərinə,  nöqsanlarına  bəzən iradını bildirsə də, ona qarşı xəyanətini bağışlamır. Dostluq  şüşə kimidir, sındırsan düzəldə bilməzsən. Yenicə  sevdiyi,  ilk  görüşünə tələsdiyi, ürəyini açmaq istədiyi qızı Ruslana  kənardan göstərməklə ona inanmış, bu yolda dostunun köməyində ehtiyacı olmasını anlatmışdır. Lakin, dostu onun bu sevgisini əlindən alır və ona xəyanət etir. Xəyanət,  namusla yaşamağa ağlı çatmayan axmaqların əməlləridir. Belələri isə cəmiyyətdə özünə yer tapa bilməz.

Hüseynbala  Mirələməov  “Məhəbbət hekayəti” ilə gözümüzdə ölümsüzlük abidəsini qura bilmişdir. Bu hekayə istər obrazlılıq, istərsə də mövzu və aktuallıq baxımından o qədər təsirli və orijinaldı ki, bəlkə də bu hekayə  zaman üçün ən dəyərli vətənpərvərlik mövzusunda yazılmış pik əsərdi.

Günay obrazı bu baxımdan əsl Azərbaycan qızının igid və ərinə verdiyi qiymət və dəyər, məhəbbəti  uğrunda mübarizəsi tarixi bir filmdir. Qalaq-qalaq dərdimizin, tikə-tikə bölünən vətənimizin qara üzünə sərilən ağ pərdədi ki, oradan hər şey gözəl görünür. Əsrlər boyu yaşadığımız başı bəlalı vətənimizin bu gun üçün də doğulan günəşi buludlu, havası yağışlı, günü toranlıqdı. Kimdi bunları edən?! Naqislik, alçaqlıq, torpağa hərislik, mənəm-mənəmlik iddiaları və satqınlıq.

Qarabag müharibəsi Vətənimizin necə gənc oğlan və qızlarının həyatına qaçqınlıq, əsirlik, Şəhidlik taleyi yazdı.Yenicə həyata göz açan, sevib sevilmək istəyən gənclərimizn gözünü məhəbbət yerinə müharibə alovları qamaşdırdı, qəlblərini odlandırdı. Hekayədə öz məhəbbəti uğrunda mübarizə aparan gənc qız sədaqətin, etibarın, inamın  yoluna doğru addım  atır. O,  Vətən yolunda iki gözünü qoyan canlı Şəhid nişanlısına qovuşmaq üçün aclıq edir. Ata-anasına, qohum-əqrabasına qarşı çıxan,  doğmalarının təklifini qəbul etməyən Günay  sonda qələbə çalır. Əzəldən atasının rəva bildiyi varlı-dövlətli oğlanı yox, məhz kasıb, ancaq mərd Xəyalı sevən, özü üçün həyat həmdəmi seçən Günay yanılmır. Xəyalın valideynləri elə düşünür ki, oğullarının kor olması onun sevdiyi qız tərəfindən qəbul edilməyəcək. Günayın valideynləri  müharibədə  iki gözündən  şikəst olan Xəyalla qızlarının  ailə qurmasına  razlaşmasalar da, Günay öz inadından dönmür. Xəyalı daha da çox və dəlicəinə sevir və bu sevgi onu qaliblik zirvəsinə çatdırır. Günayı düşündürən Xəyalın mərdliyi, Vətən uğrunda mübarizəsi, qəhrəmanlığı və  qorxmazlığıdır. Bu amillər onu  Xəyala daha da  bağlayır və sevgisinə çatmağa yardımçı olur. Əsər ailə quran, özlərinə həyat yoldaşı seçə bilməyən  qızlarımza və sevgiyə qarşı çıxan valideynlərimizə  tutarlı və çox layiqli  cavabdır.

Başqa bir əsəri “ Gecə sürünən ilanlar” da çox dəyərli və oxunaqlıdır. Yazıçı burada bir nazir qızına məqsədli şəkildə sevgi elan edən, onun yolunda hər cür canfəşanlıq göstərən və nəhayət  öz məqsədinə məharətlə çatan Əkrəmin hiyləgərliyini açıb göstərir, həyata baxışını, insanlara münasibətini daxili aləminin  gücündə olduğunu aydın şəkildə ifadə edir. Aydanın rəfiqəsi Fəridənin gözündən Əkrəmin saxta hərəkətləri, yalançı məhəbbəti  heç də yayınmır və hər zaman ona qarşı olan ikrah hissini də gizlətmir. Lakin atasının yanında köməkçi işləyən və bu oğlanla ailə qurmasına məhz atasının razılığı olduğuna görə məcbur qalan Aydan sonralar Əkrəmin kim olduğunu duyur, lakin həyat oyunlarının mahir  ifaçısına bir söz deməyə gücü çatmır. Çünki artıq nazir atası həyatda yox və  Əkrəm isə  özü üçün böyük karyera əldə etməklə  Aydanın  atasının varından yaxşıca  bəhrələnmişdir. Ailə xətrinə Aydanın  hər şeyə dözməkdən başqa  çarəsi  qalmır. Əkrəmin  mənəviyyatsız olması Aydanın rəfiqəsi Fəridəyə qarşı münasibətində  aydınlığı ilə görünür.  Lakin Fəridə kasıb olsa da, baxmayaraq ki, yoldaşının işsiz olması üçün əyilməyən qürurunu onun qarşısında  əyir, nə rəfiqəsinə, nə də həyat yoldaşına xəyanət etməyi fikirləşmir. Əkrəm dəfələrlə ona hələ keçmişdən  ürəyində olan sevgisini açaraq, ona ürəyi istədiyi kimi dəbdəbəli ev-eşik tikmək, gözəl həyat bəxş eləmək təkliflərini irəli sürsə də Fəridə bunların hamısını rədd  edir.   Əkrəmin layiqli cavabını verir. Təbiidir ki, Əkrəm kimi saxta məhəbbətiylə, yaltaq  görünüşüylə insanların qəlbinə girən və özünə “kişilik” həyatı quranlarımız çoxdur. Ancaq belələrinə qalib gəlməyi və onu susdurmağı bacaran Fəridə kimi qadınlarımız da var. Bu qadınlarımızla da fəxr etməliyik. Bu, yazıçının ali məqsədidir.

Bəli, yazıçının ictimai baxışı güclü olanda, əsər   oxucuya  öz  qəlbini geniş açır, ona ürəyində yer ayırır.  Hüseynbala  Mirələmovun istər estetik baxışı, istər yazıçılıq zövqü ictimai-bədii əsasın kökündə özünə kürsü yarada bilib. Qəribə burasıdır ki, kitabda toplanan əsərlər həm aktuallığı,  mövzu fərqliyi, həm də müasir baxışıyla çox mükəmməl və olduqca dəyərlidir.  Hər əsər bir həyat məktəbi, bir mənəviyyat dərsidir desək,  səhv etmərik.

“Gecə bənövşələri” hekayəsi  olduqca kədərli bir məhəbbət üzərində qurulmuşdur. Adil sevdiyi Sənubərlə xoşbəxt ailə həyatı qurur. Lakin bu xoşbəxtlik uzun çəkmir. Onun bütün istəklərini yerinə yetirən, varlığıyla ona bağlanan Adil sevgilisi Sənubər haqqında sanki öz xatirəsini yazır. Sənubərin vaxtsız sağalmaz xəstəliyə düçar olması Adilə pis təsir edir. Onu xarici dövlətdə müalicəsini etdirsə də sağalmır. Vaxtsız dünyadan köçən Sənubərə yalnız sevdiyi  gecə bənövşələri qalır. Sevgilisi, ömür gün yoldaşı Adil onun vəsiyyətinə əməl edərək, həmin bənövşələri Sənubərin məzarı üstündə  əkir.

Bu da həyatın son anı, son amanı. Vaxtsız açılıb solan çiçəklər kimi həyat da üzümüzə çox zaman gülmür, verdiyi gülüşü isə tez də alıb aparır.

Mən bu kitabı son zamanlar oxudugum kitablar içərisində ən mükəmməl əsərlər toplusu, ən dəyərli kitab hesab edirəm. Sözün əsl mənasında dili rəvan, bədii və ədəbi dil üslübü yerində olan yazıçı Hüseynbala  Mirələmov bu gün üçün ədəbiyyatımızın aclığını doyduran, zamanın baxışına uyğun mövzu seçimi etməklə, özünə yaxşı oxucu kütləsi toplayan və məhsuldarlığı ilə öndə gedən yazıçıdır. Gəlin onu da  unutmayaq ki, belə əsərlər bütün gənc nəslimizə gərəkli və onların sabahına işıq salan işıqlı, tərbiyəvi  yoldur.

Müəllifin bu kitabdakı  əsərlərdə həyatın hər üzü  bütün gerçəkliyi ilə qələmə alınmışdır. Sevgi və məhəbbət elminin insanlıq elminin üzərində bərqərar olması , insani  hisslərin aliliyində sevginin haqq və ədalət harayı,  Vətən adlı müqəddəs varlıqda vicdan və mənəvi gücün birliyi, tale və bəxt yazısı dediyimiz  anlamda insani keyfiyyətlərin, doğru olan hər şeyin  qələbəsi  və Allaha bağlılıqdır.

Bu mənada Hüseynbala  Mirələmovu oxumağa dəyər. Mən yazıçının daha böyük və sambalı əsərlər yazmağına inanıram və ümid edirəm. Ona bu yolda uğurlar diləyi ilə.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.