Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Qırğız Respublikasına etdiyi işgüzar səfər çərçivəsində T. Abdımomunov adına Qırğız Milli Akademik Dram Teatrının səhnəsində nümayiş etdirilən “Axırıncı məktub” tamaşasına baxıb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, “Axırıncı məktub” tamaşası 1930-cu illərin faciəvi dövründə baş vermiş real hadisələr əsasında qurulub və qırğız xalqının yaşadığı repressiyalar haqqında danışır. Əsərin mərkəzində böyük yazıçı Çingiz Aytmatovun atası, görkəmli dövlət xadimi Törökul Aytmatovun həyat tarixçəsi dayanır. Törökulun həyat yoldaşı Nağıma Aytmatovanın taleyi vasitəsilə səhnə əsəri həmin dövr qadınlarının faciəsini, dözümünü və sarsılmaz iradəsini tamaşaçıya çatdırır. Bu, sevgi, sədaqət, analıq, ayrılıqlar və iradə haqqında bir hekayədir.
Aktotı Raimkulova səhnə əsərinin bədii səviyyəsini yüksək qiymətləndirərək, faciəli tarixi dövrün dərin və emosional şəkildə təqdimatına görə rejissora, aktyor heyətinə və teatrın bütün yaradıcı kollektivinə təşəkkürünü bildirib.
“ “Axırıncı məktub” sadəcə səhnə əsəri deyil. Bu, azadlığın qiymətini, xalqın cəsarətini və dözümünü xatırladan bir çağırışdır. Ağır sınaqlara baxmayaraq, xalq öz kimliyini və mədəniyyətini qoruyub saxlayıb. Belə layihələr Türk dünyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusilə önəmlidir”, – deyə xanım Raimkulova qeyd edib.
Tamaşada baş rolu – Nağımanı bu il 75 illik yubileyi və 60 illik yaradıcılıq fəaliyyəti qeyd olunan Qırğız Respublikasının Xalq artisti, Toktobul adına Dövlət Mükafatı laureatı Qulayım Qanimetova canlandırıb.
Pyesin müəllifi Qırğız Respublikasının Xalq yazıçısı Kairat İmanəliyevdir.
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)