"Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə "Bir direktor, bir şagird" adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların Ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda İlyas Əfəndiyev adına Elitar gimnaziyadır.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Səadət Akif qızı Cahandarova 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 2003-cü ildə həmin universiteti bitirmişdir.
2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunda Tarix- Coğrafiya üzrə ixtisasını artırmışdır.
2003-2021-ci ilədək Bakı Avropa Liseyində Tarix müəllimi, 2016-2022-ci ilədək isə həmin liseydə Direktor müavini vəzifəsində çalışmışdır.
2022-ci il iyul ayının 29 -da Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri ilə İlyas Əfəndiyev adına Elitar gimnaziyaya Direktor vəzifəsinə təyin olunmuşdur.
2011-ci il may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının T-381 saylı qərarı ilə "Fəxri Fərman"la təltif edilmişdir.
2012-2013-cü illərdə keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Həmçinin 2012-2013-cü illərdə "Tarix fənn kurikumlarının hazırlanması üzrə işçi qrupunun üzvü" olmuşdur.
2015-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının № 2768 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur.
2015-2017-ci illərdə "X-XI təmayül siniflərdə Tədris planı"nın hazırlanmasında iştirak etmişdir.
2017-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirinin K- 560/1. № - li əmrinə əsasən "Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.
2018-ci il iyul ayında "Respublika Pedoqoji Mühazirələri"nin nəticələrinə görə III dərəcəli diplomla təltif edilmişdir.
2022-ci ilin mayın 16- da Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının №4547 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur.
2022-ci ilin iyun ayının 11-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Əvəzsiz dəstəyi və gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə "Təltifnamə" ilə təltif edilmişdir.
ŞAGİRD:
Mən, Fidan Qulu qızı Kamal İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 9-cu sinfində təhsil alıram.
Bolqarıstan Beynəlxalq Sərhədsiz Riyaziyyat Olimpiadasında gümüş, bürünc medallar almışam. Sasmo Olimpiadasının bürünc medalçısıyam. Uluslararası Aktivist Sanatçılar Birliyinin üzvüyəm. Müxtəlif illərdə keçirilən Respublika Uşaq Rəsm Festifalında diplomlar və sertifikatlarla təltif olunmuşam. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi tədbirlərin aktiv iştirakçısı və mükafatçısıyam. Şahmat sahəsində də nailiyyətlərim var.
ESSE
Tarixi qəhrəmanlar yaradır
"Babək" filmində Babəkin söylədiyi: "Azadlıq. İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Ölüm isə mənim son silahımdır" sözlərini xatırlayıram. Qəhrəmanlıq xalq naminə, dövlət naminə ən gərgin vəziyyətlərdə təmkinlə, cəsarətlə qərar qəbul etmək və bu qərarı sonlandırmaqdır. Çünki uğrunda öldükləri səbəblər həm də onları əbədi yaşadır.
Bir çox qəhrəmanların ömür yoluna nəzər salan zaman təxminən belə bir cümləyə rast gəlirik: "O, hələ uşaq yaşlarından müəyyən xüsusiyyətlərinə görə öz yaşıdlarından seçilirdi". Nə idi o seçilmə? O seçilmə hadisələrə ürəyinin gözü ilə baxmaqdımı? Özünü o hadisələrin içində hiss etməkdimi? Düşünürəm ki, bu kimi fikirlər həm də həqiqəti əks etdirir. İgidlik, mərdlik, qorxmazlıq, vətənsevərlik kimi ali xüsusiyyətlər onlarda hələ uşaq yaşlarından özünü göstərir. Qəhrəman qəhrəman kimi doğulmur, xarakteri qəhrəmanlıqların icraçısı olmaq səviyyəsində formalaşır; qəhrəmanlığı şərait və çətinlik üzə çıxarır. Qəhrəmanları şərait yaradır, tarixi isə qəhrəmanlar.
Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarixi. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu Vətənin örnək götürüləcək qəhrəmanları isə olduqca çoxdur.
Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdıqları şanlı zəfər tariximiz qürur mənbəyimizdir. Torpaqlarımızın bütövlüyü uğrunda Şəhid olan vətənpərvər oğullarımız həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək şəhadətə qovuşublar.
Ölkəmizin, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edən qəhrəman oğullarımızın ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)