İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Möcüzəvi bir bitkidən danışmaq istəyirəm sizə. Gicitkəndən. Gicitkən (latınca urtica) bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinə aid bitkidir. Azərbaycanın bütün zonalarında yayılmışdır. Ən geniş yayılan növü isə dalayan gicitkəndir. Buna ikievli gicitkən də deyilir.
Sən demə, Allah bütün vitamin və mineralları bu bitkinin içinə qoyubmuş. Həkim-fitoterapevt F.Hüseynovun yazdığı kimi, “gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir”. O sanki bir vitamin fabrikidir. Təsadüfi deməmişlər ki, “siz nədən əziyyət çəkirsinizsə, gicitkən məhz onun dərmanıdır”.
Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış imişlər. Hələ o vaxt Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında məlumat vermişlər. Gicitkənin müalicəvi xüsusiyyətləri haqqında ilk maraqlı məlumatı isə İbn Sina vermişdir. Dahi təbib doğranıb nazik toz halına salınmış gicitkənlə burun qanaxmalarının kəsilməsində istifadə etmişdir.
Gicitkən əsrlərlə xalq təbabətində geniş istifadə olunub. Dədə-babalarımız, nənələrimiz həmişə ondan istifadə etmiş, qızdırma (titrətmə) xəstəliyi, zəhərlənmə zamanı bas verən qanaxmalarda, damar revmatizmində, saçın tökülməsinin və kəpəyin əmələ gəlməsinin qarşısının alınmasında, qadın xəstəliklərinin, qızdırma və mədənin müalicəsində və s. işlərdə bol-bol faydalanmışlar. Onu da deyək ki, gicitkəndən həm də bol vitaminli yeməklər və çay hazırlanmışdır (yumurtalı gicitkan salatı, gicitkanlı kürəciklər, gicitkən küküsü və qutabı, gicitkən qovurması, gicitkən kampotu və çayı və ia.)
Gicitkanın tərkibində əsas təsiredici maddələr vitaminlər və dəmir duzlarıdır. Bunlar orqanizmdə ümumi maddələr mübadiləsini, xüsusən də lipid mübadiləsini tənzimləyir. Bundan başqa gicitkan yarpaqlarının ödqovucu, sidikqovucu, iltihab əleyhinə, damardaraldıcı və regenerasiyanı sürətləndirmək xüsusiyyəti var.
Gicitkan köklərinin dəmləmə və bişirmələri böyrək və mədə xəstəlklərində, diareyalarda, furunkulyoz, revmatizm, bronxial astma, ağ ciyər vərəmi zamanı, həmçinin bəlğəmgətirici, gızdırmasalıcı vasitə kimi və saçların dibini bərkitmək üçün istifadə olunur.
Gicitkan köklərindən saçları boyamaq üçün sarı və qəhvəyi boyalar alınır. Zoğlarının lifləri kağız, kəndir, kanat və torların, parus və xalçaların hazırlanması üçün də yararlıdır. Gicitkan yarpaqları südün içərisinə salındıqda və ya əti onlara bükdükdə bu məhsullar xarab olmur. İnəklərə gicitkan verdikdə südün yağlılığı artır, toyuqlar isə bütün qışı yumurta verir.
Ümumiyyətlə, bu möcüzəli bitkinin–gicitkənin insan sağlamlığına müsbət təsrindən danışmaqla qurtarmaz. Ona görə də sosial şəbəkədə təsadüf etdiyim bir yazını ((https://nuhcixan.az/news/cemiyyet/15631-gicitikenin-faydalari) oxumaq üçün Sizlərin diqqətinə təqdim etməklə kifayətlənirəm. Deməli, gicitikən:
ü“Orqanizmin sağlam iş prinsipini pozan toksinləri bədəndən təmizləyir. Eyni zamanda, bağırsaqların florasını balanslaşdıraraq həzm sistemini yaxşılaşdırır.
üGicitkənin tərkibində flavonoid birləşmələri, mineral maddələr, lutein və diuretik təsir göstərən karotenoid birləşmələri vardır ki, bu maddələr artıq çəkidən qurtulmaqda yardımçı olur.
üYandırıcı və həll edici tərkibi sayəsində böyrəklərdəki daş və qum yığıntılarını xaric edir. Sidik yolu infeksiyasının qarşısını alır.
üC vitamini və dəmir mineralı sayəsində qan hüceyrələrini balanslaşdırır. Hüceyrələrin sayını artıraraq qan dövranını yaxşılaşdırır. Bununla birlikdə, ürək-damar problemlərinin yaranma riskini azaldır.
üAparılan araşdırmalarda bu otun allergik xəstəliklərə qarşı müsbət effekti olduğu ortaya çıxıb. Tez-tez allergik reaksiyalar verənlər üçün mütəxəssislər bu otun çayından istifadə etməyi məsləhət görür. (1 qaşıq qurudulmuş gicitkən otunu qaynar suda 10 dəqiqə saxlayın. Daha sonra süzün və için)
üNəfəs problemlərinə də təsiri var. Xüsusilə, mövsümlə bağlı nəfəs yollarında yaranan problemləri və qrip kimi xəstəliklərin riskini azaldır.
üXroniki əzələ ağrılarında effektivdir.
üTərkibində bol miqdarda mineral və kalsium var. Bunun sayəsində sümüklərin toxumasını bərpa edir. Müəyyən yaşdan sonra əmələ gələn sümük əriməsi riskini azaldır. Mütəxəssislər revmatizm və duzlaşma kimi xəstəliklərin müalicəsində gicitkənə yer verilməsini tövsiyə edir. Bu zaman kompres üsulundan istifadə olunmalıdır.
üSüd verən anaların südünü artırır. Eyni zamanda, ana südünün keyfiyyətini yaxşılaşdırır.
üSızanaqların yaranmasını əngəlləyir. Yüksək antioksidant tərkibi sayəsində deformasiya olunmuş hüceyrələri azaldır. Ləkələrə qarşı effektivdir. Adətən suyu təmizləyici maddə kimi istifadə olunur. Bununla yanaşı, saç tökülməsinin və kəpəyin qarşısını alır” və s.
(Həmçinin baxın: https://maraq-dunyasi.com /gicitkenin-hansi-faydalari-var/#3_Drinin_saglamligini_yaxsilasdirir)
Təəssüf ki, indi talalarda, bağ və bağça çəpərlərinin kənarlarında, çox günəşli sahələrdə bol olan tər, incə gicitkənlərin yanından saymazyana keçir, bu gözəl bitkidən istifadə etməyə, müalicə olunub sağlamlığımızı qorumağa və məhkəmləndirməyə, özümüzü "canlı" vitaminlərlə təmin etməyə biganəlik göstəririk. Deyirlər, Allah dərd verəndə dərmanını da verir. Amma biz yanımızda, gözümüzün qabağında olan bu dava-dərmanı “görmürük”. Əvəzində tez-tez apteklərə qaçır, oradakı iynə-dərmanlara çoxlu pul xərc etməyə ərinmirik.
Slavyanların qədim bir atalar sözündə deyilir: "Bir gicitkən yeddi həkimi əvəz edir". Gəlin Allahın bizə bəxş etdiyi bu sərvətdən - gicitkəndən bol-bol istifadə edək ki, sağlam olaq. Dünyada ən qiymətli şey də sağlamlıq deyilmi!? Düzdür, “sağlamlıq hər şey deyil, amma sağlamlıq olmasa, hər şey heç bir şeydir”.
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)