Şərəf Cəlilli, Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Təbabətdən siyasətə yol gələn, adı milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizə həkk olunan, müəllim, həkim, yazıçı, publisist, ictimai-siyasi xadim kimi tarix yaradan Nəriman Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflisdə dünyaya gəldi. O bir qarapapaq türkü idi. Soyu, soy-kökü, şəcərə dəftəri ilə həm də Şərqin ilk Demokratik Cümhuriyyəti ilə eyni zamanda Borçalıda qurulan Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Naxçıvanda təməli qoyulan Araz Türk Cümhuriyyətinin təsisçilərindən biri Emin Ağa Acalova bağlı idi.
Dövlət qurmaq, milli mücahid ömrü sürmək, əbədi istiqlal naminə şəhidlər vermək, paşa şərəfini, əsilzadə ucalığını, zadəgan müqəddəsliyini qorumaq, millətə, məmləkətə doğru, düz olan yolu göstərmək, cəhalətdən qurtuluşa körpü olmaq, elmi-irfan bulağına dönmək bu soyun Tanrıdan tale payı, alın yazısı idi.
Ana tərəfdən Bolus bəylərinə, Qarapapaq türklərinə, ata tərəfdən Qacarlara, Urmiya sultanlarına bağlı olan Nəriman Nərimanovun ulu babası Nəriman bəy XVII yüz ildə Kartli valisi I İraklinin sarayında “eşik ağası” – xarici işlər vəziri vəzifəsini tutub, xidmətlərinə görə Kaxeti valisi tərəfindən dəfələrlə mükafatlandırılıb. Tiflisin, Borçalının İpək yolu boyunda yerləşməsi, iri-iri karvansaralara sahib olması bu torpaqlarda ticarətin inkişafına təsir göstərib. Nəriman Nərimanovun atası Kərbəlayi Nəcəf də ticarətlə məşğul olub. Tiflisdən Yaxın və Orta Şərqə işləyən karvanlarla xalça-palaz, cecim-kilim aparıb gətirib. Tiflisin elmi-mədəni mühitinə bələd olan, iqtisadi-sosial dirçəlişinə töhfələr verən Nəriman bəydən qalan miras sayəsində mülkədar kimi nüfuz qazanan dövrünün məşhur mesenatları ilə birlikdə Borçalıda, Tiflisdə mədəni inkişafa töhfələr verən Kərbəlayi Nəcəfin törəmələri də bir mesenat kimi ölkənin dirçəlişi üçün əllərindən gələni əsirgəməyiblər. Tiflisin elmi-mədəni mühitində xüsusi nüfuz sahibi olan Allahverdi bəy təkcə Tiflisdə deyil, bütün Qafqazda məşhur olub, əvəzsiz musiqiçi kimi şöhrət qazanıb. XIX yüz il boyu Allahverdi bəyin malikanəsində sənət-mədəniyyət himayə olunub. Sarayının məşhur ziyarətçilərinin sırasında Şamaxıdan Əhməd Sultan Ağa, onun oğlu Mahmud Ağa, Qarabağdan Mir Mövsüm Nəvvab, Xurşudbanu Natəvan kimi dahi qələm sahibləri, ictimai-siyasi xadimlər, mesenatlar, sənət-mədəniyyət xiridarları yer alıb.
Sərvətinin böyük bir qismini Tiflisdən Bolusa, Qaraçöpə yol saldırmağa, saxsı borularla bulaqlar çəkdirməyə sərf edən Hacı Allahverdi bəy deyilənə görə zilxan səsə malik olmaqla yanaşı, gözəl şeirlər yazır, həm də tar çalırmış. Dövrünün nüfuzlu mesenatlarından biri Mahmud Ağanın Şamaxıda təşkil etdiyi “Muğam müsabiqələri”ndə Sadıxcanla birlikdə münsiflər heyətində yer alırmış.
Hacı Allahverdi bəy oğlu Kərbəlayi Nəcəfi Tiflisin nüfuzlu ağalarından biri – Hacı Məmmədqasım Zamanovun qızı Həlimə xanımla evləndirmiş, onların yeddi gün, yeddi gecə davam edən toylarında Mirzə Kərim Fəna, Sadıxcan, Şahnaz Abbas, Mahmud Ağa, Hacı İbrahimxəlil bəy, Didə, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı kimi məşhur simalar iştirak edibmiş. Bu toyun və toyun sahibinin nüfuzunu təyin etmək üçün isə uzaqlara getməyə ehtiyac yoxdur. Mahmud Ağanın, Mirzə Fətəli Axundzadənin, İsmayıl bəy Qutqaşınlının adını çəkmək kifayət edir ki, Nəriman Nərimanovun soyu, soykökü, şəcərə dəftəri ilə qənaətini ifadə edəsən. Nəriman Nərimanov sıradan bir dövlət xadimi deyildi. Onun əsilzadə ucalığı, bəy titulu, müqəddəsliyi vardı. Babası Allaverdi bəyin yerli əhaliyə, xüsusən də türklərə qarşı qeyri-etik davranışına görə Çarın Qafqaz canişinliyi ilə münasibətlərinin korlanması onun əmlakının əlindən alınması ilə nəticələnsə də, o, həqiqətin yanında olmuş, mülklərindən məhrum edilən mülkədarları müdafiə etmişdir ki, bu da Allahverdi bəyi hədəfə gətirmişdi. Rusiya-Türkiyə müharibəsi zamanı Osmanlıya yardımlar etməsi də, onu Vorontsov-Daşkovun, Çar Rusiyasının, Qafqaz Canişinin gözündən salmışdır.
Qeyd etdiyimiz kimi Allahverdi bəy oğlu Nəcəfi Tiflisin məşhur ağalarından, mesenatlarından biri Hacı Məhəmmədqasım Zamanovun qızı ilə evləndirmişdi. Kərbəlayi Nəcəflə Həlimə xanımın nigahından doqquz övlad dünyaya gəlmişdi.
Gələcəyin məşhur pedaqoqu, yazıçı-publisisti, məşhur həkimi, qüdrətli dövlət xadimlərindən biri, komissar Nəriman Nərimanov onların səkkizincisi idi.
***
Çar Rusiyasının Qafqazı fəth etməsi, Tiflisin mədəni-siyasi mərkəzə çevrilməsi həm də Qori Müəllimlər Seminariyasının yaranması ilə nəticələndi. Yerli əhalinin maariflənməsi, daha doğrusu onun arzuladığı təəbənin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən, bütün imkanlarını səfərbər edən Çar Rusiyası bu dövrdə həm də, qəza məktəblərinin təməlini qoyur. Naxçıvanda Məmməd Tağı Sidqinin, Şamaxıda Seyid Əzim Şirvaninin, Lənkəranda Mirzə İsmayıl Qasirin, İrəvanda Mirzə Cabbar Məmmədzadənin, Şuşada Mirzə Kərim İsmayılın və digər nüfuzlu maarifpərvər ziyalıların, pedaqoqların tarixi xidmətləri sayəsində sonralar, həm də real məktəblər açılırdı. Borçalıda, tarixi dədə-baba torpaqlarında yaşayan türklərin diyarında təməli qoyulan qəza məktəbi məhz Nəriman ağanın nəticəsi, Allahverdi bəyin nəvəsi, Kərbəlayi Nəcəfin oğlu Nəriman Nərimanovun adı ilə bağlıdı. O, 1890-cu ildə Qori Müəllimlər Seminariyasını bitirmişdi. Tarixi mənbələr də sübut edir ki, Tiflis quberniyası qəzalarda ictimai məktəblər açmaq üçün 22 noyabr 1873-cü ildə xüsusi nizamnamə qəbul edir. “Nərimanov 1875-ci ildə Borçalı qəzasında yaşayan azərbaycanlılar üçün icma yolu ilə bir ibtidai məktəb təşkil etmək məqsədilə bölgəni gəzir. Qızılhacılı kəndi maarif orqanlarına müraciət edərək icma məktəbinin onlara verilməsini xahiş edirlər. İcma məktəblərin saxlamaq üçün əhalidən xüsusi vergi toplanırdı”.
Bütün həyatını milli maarifçilik məsələlərinə, milli dövlətçilik ideologiyasının inkişafına həsr edən Nəriman Nərimanov Tiflisdən Qoriyə gedişi, Qoridən Qızılhaıcılıya gəlişi ilə Borçalıda ilk yeni tipli məktəbin təməlini qoydu. Ayrı-ayrı imkanlı şəxslərin mülklərində, malikanələrində mövcud olan molla məktəblərinin əsasında Qızılhacılı qəza məktəbini qurdu. Şeyx Cəmaləddin Əfqaninin dili ilə desək, “elmi-irfan bulağını qaynatdı”. Dərs dediyi şagirdlərin beyinlərinin şırımlarına cəhalətdən qurtuluşun toxumlarını səpib rüşeymlərini cücərtdi. Təkcə Qızılhacılıda deyil, bütün Borçalıda, Güney Qafqazda yaşayan türklərin, azərbaycanlıların gözünün önündən cəhalətin pərdəsini qaldırdı. Min illər boyu bəşəri dəyərlər xəzinəsini zənginləşdirən, milli dövlətçilik tariximizdə mühüm yer tutan Qarapapaq türklərinin mənəvi əzəmətini nümayiş etdirdi.
Qızılhacılının məşhur bəylərinin, ağalarının, maarifpərvər insanlarının dəstəyi ilə 1876-cı ildə məktəb üçün yeni tipli üç sinifli daş bina tikildi. 1877-ci il sentyabrın 1-də fəaliyyətə başlayan bu ilk dünyəvi təhsil verən məktəbdən sonra Borçalı qəzasında, Qaraçöpdə yeni tipli, müasir standartlara, dövrün tələblərinə uyğun məktəblər quruldu. Amma hamı, hər kəs Qızılhacılı məktəbini dünyəvi təhsilin təməldaşı kimi qəbul etdi. İbtidai təhsillə fəaliyyətə başlayan məktəb yerli əhalinin xüsusi istəyi ilə hələ Nəriman Nərimanovun sağlığında “Nərimaniyyə məktəbi” adlandırılırdı. İsmayıl bəy Qaspıralının, Mirzə İsmayıl Qasirin, Məmmədtağı Sidqinin, Mirzə Kərim İsmayılın, Mirzə Cabbar Məmmədzadənin, Seyid Əzim Şirvaninin məktəbləri ilə eyni sırada dayanan “Nərimaniyyə məktəbi” də millətin cəhalətdən qurtuluşu, milli məfkurədən milli dövlətçiliyə gəlişi üçün körpü oldu.
Nəriman Nərimanov bir müəllim kimi pedaqoji fəaliyyətə 20 yaşında, Qori Müəllimlər Seminariyasını bitirəndən sonra Qızılhacılıda, rus dili müəllimi kimi başladı. Dövrünün bütün mütəfəkkirləri Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Həbib bəy Mahmudbəyov, Mirzə Cəlil kimi sinif otaqlarına sığmayan səsini milli mətbuata, daha geniş auditoriyalara gətirdi. Yazıçı, publisist, ictimai xadim kimi tarix yaratdı. “Bəşəriyyətin geridə qalmış hissəsinə qüvvəsi çatdığı qədər kömək etmək” məqsədi ilə Qələmini Süngüyə çevirdi. Məktəbi, teatrı, mətbuatı, kitabxana və qiraətxana işini, maarifçiliyi milli məfkurədən milli dövlətçiliyə yol hesab etdi.
***
Nərimanov Tiflisin kübarlar və əsilzadələr mühitində doğulub böyümüşdü. Qori Müəllimlər Seminariyasında püxtələşib yetişmişdi. Borçalının məşhur mesenatlarının, elmi-irfana millətin nicatı kimi baxan imkanlı şəxslərin, səxavətli insanların yurd yerində Qızılhacılıda müəllim ucalığı, ustad-şəyird müqəddəsliyi yaşamışdı. Borçalıdan Bakıya gəlişi müəllim, ictimai-siyasi xadim, yazıçı-publisist kimi xəyallarının gerçəyə çevrilməsi üçün ali və uca məqam, münbit mühit deməkdi.
O, Borçalıdan Bakıya gələndə Bakıda da məktəb qurmaq, imkansız ailələrin övladlarına təhsil vermək, onların inkişafı, irəli getməsi üçün kitabxana, qiraətxana açmaq istəyirdi.
Qəzalardan, bölgələrdən fərqli olaraq iri şəhərlərin də iri-iri problemləri olur. Nərimanovun ilk cəhdi alınmır. Rəsmi dövlət qurumlarının qapısını dəfələrlə döysə də, istəyinə nail ola bilmir. Onun ən böyük yardımçısı, dəstək yeri, adı milli-mənəvi dəyərlər və pedaqoji fikir tariximizə həkk olunan, 1918-ci ildə Şərqdə qurulan ilk Demokratik Cümhuriyyətin “İstiqlal Bəyannaməsi”nə qol çəkən, Bakıda, ümumiyyətlə Azərbaycanda ilk Rus-tatar məktəbinin qurucusu Həbib bəy Mahmudbəyovla birlikdə məktəblər şəbəkəsini yaradan Sultan Məcid Qənizadə olur.
Nərimanov məhz bu böyük tarixi şəxsiyyətin dəstəyi ilə Aleksandr Pobedonstsevin 6 sinifli progimnaziyasının hazırlıq sinfinin aşağı şöbəsinə müəllim qəbul edilir.
Ömrünün sonuna qədər “Həyatımın ən böyük müəllimi Həbib bəy Mahmudbəyovdur” deyib, ehtiram bəslədiyi Ustadı, ruhunun Atası ilə də, məhz burada tanış olur. Bakıda, ümumiyyətlə Azərbaycanda ilk Rus-tatar məktəbinin ilk kitabxanasının, qiraətxanasının, teatr truppasının qurucusu Həbib bəy Mahmudbəyovla tanışlıq iki məsləkdaşın əbədi dostluğuna, qardaşlığına çevrilir. Nərimanov onun simasında ən böyük arxa-dayağını tapır. Bakının zadəgan, əsilzadə mühitinə, onun dəstəyi, təqdimatı ilə qədəm qoyur. Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, İsa bəy Aşurbəyovla dostluğu yaranır. Millətin cəhalətdən qurtuluşu, ideyalarının gerçəkləşməsi üçün müəllim Nərimana üfüqlər açılır. Yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanov Bakı əsilzadələrinin dəstəyi, Hacı Zeynalabdin Tağıyevin xüsusi qayğısı, Həbib bəy Mahmudbəyovun iradəsi ilə bir ideoloq kimi yetişir. Həbib bəy Mahmudbəyov həm də, onun analitik təfəkkürünün inkişafı, intellektual potensialının üzə çıxması, bir pedaqoq, ictimai-siyasi xadim kimi nüfuzunun möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir. Onun təkcə Bakıda deyil, Türkiyədə, Güney Azərbaycanda, eyni zamanda Türküstanda, Ümumrusiyada tanınması üçün imkanlarını səfərbər edir. Dövrünün məşhur siyasi xadimləri, pedaqoq və publisistləri, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Kərim bəy Mehmandarov, Xudadat bəy Rəfibəyov, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Əhməd bəy Pepinov, İsa bəy Hacınsk, Mirzə Nəsrulla bəy Əmirov, Nəriman bəy Nərimanbəyov, Mirzə Cabbar Məmmədzadə kimi məşhur simaları ilə o, məhz Həbib bəy Mahmudbəyovun vasitəsilə ilə tanış olur.
Nərimanov qüdrəti pedaqoq, ictimai-siyasi xadim, eyni zamanda məşhur publisist, yazıçı və həkim idi.
O, irəlilədikcə, uğurlara, nailiyyətlərə imza atdıqca, ona ən çətin zamanlarda əl tutan, arxa-dayaq duran, böyük qardaş kimi həyan olan, doğru, düz olan yolu göstərən Həbib bəy Mahmudbəyovu nəinki unudur, “həyatımı dəyişən adam, ən böyük müəllimim” deyib, hörmətlə xatırlayır. Azərbaycan Xalq Cümhuriyyəti Qızıl Ordunun qırmızı terroruna qurban getdikdən, iflasa uğradıqan sonra Cümhuriyyət qurucuları hücumlara, təzyiqlərə məruz qalarkən artıq Azərbaycanın Birinci şəxsinə çevrilən komissar Nəriman Nərimanov mənəvi terrorla üz-üzə olan Şamil bəy Həbib bəy oğlu Mahmudbəyovu himayəsinə alır. Firudin bəy Köçərlini, Əhməd bəy Ağayevi, Fətəli Xan Xoyskini ölümün ağuşundan ala bilməsə də, Musavat Partiyasının Kiyev şəhər təşkilatını Yusif Vəzir Çəmənzəminli ilə birlikdə quran, Cümhuriyyət zamanı, Cəbrayılın polis rəisi, Qarabağın hərb valisi Xosrov bəy Sultanovun baş müşaviri vəzifələrini tutan Şamil bəyi öncə Şuşa Qəzası İcraiyyə Komitəsinin sədri, sonra Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Komissarı, daha sonra isə İcraiyyə Komitəsinin sədri vəzifələrinə təyin edir. Bununla Nəriman Nərimanov təkcə bir məmurun önündə yaşıl ışıqları yandırmır, 1901-ci ildə Tiflisdən Bakıya qədəm qoyarkən, iş axtararkən onun əlindən tutan, onu himayəsinə alan böyük qardaş qayğısını, əsl ziyalı, münasibətini ondan əsirgəməyən Həbib bəy İbrahim Xəlil bəy oğlu Mahmudbəyovun mənəvi borcundan çıxır. Baxmayaraq ki, Qazi Mustafa Kamal Paşa Osmanlıya, Türkiyənin Qurtuluş Savaşına Azərbaycan dövləti adından verdiyi dəstəyə, göstərdiyi yardıma görə ona təşəkkür edib borclu olduğunu dilə gətirən zaman, O : “Paşam, qardaşın qardaşa borcu olmaz!”-deyib onu heyrətləndirmişdi. Bu Nərimanov idi. Onun bir əsilzadə ucalığı, zadəgan kübarlığı, Qarapapaq ləyaqəti, cəsarəti, azərbaycanlı qeyrəti, alicənablığı var idi.
***
Nərimanov Bakının elmi-mədəni mühitində nə az, nə çox düz 11 il fəaliyyət göstərdi. Həbib bəy Mahmudbəyovun, Həsən bəy Zərdabinin, Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə bir çox layihələrə imza atdı. Bakı realnı məktəbdə müəllimlik hüququ qazanana qədər düz 5 il cüzi maaşla dolandı. Dövlət məmuru statusunu elə burada realnı məktəbdə alsa da, Həbib bəylə birlikdə gecə kursları təşkil etdi. Yaşlı insanların kurslara cəlb olunmasına nail oldu. Onunla birlikdə dərsliklər, dərs vəsaitləri yazdı.
Bu illər ərzində Bakı şəhər pedaqoji ictimaiyyətinin və əhalinin dərin hörmətini qazanan Nərimanov 1896-cı ilin əvvəlindən məktəbin direktorunun istəyi ilə həm də, realnı məktəbdə Azərbaycan dili müəllimi və sinif mürəbbilərinin köməkçisi kimi fəaliyyət göstərdi. Az sonra, 1896-cı il sentyabrın 1-də Bakı Şəhər Dumasının qərarı ilə Probedonostsevin progimnaziyasının bazasında Bakı oğlan klassik gimnaziyası təşkil edilən zaman Nərimanov dövlət qulluqçusu vəzifəsinə təsdiq edilərək gimnaziyada fəaliyyətini davam etdirir. O, burada fasiləsiz olaraq 1902-ci ilədək çalışır və özünü işgüzar, nümunəvi müəllim kimi göstərir. Yüksəksəviyyəli pedaqoji xidmətlərinə görə əvvəlcə medala, daha sonra üçüncü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülür”. Bu bir pedaqoq kimi onun arxada qoyduğu illərə verilən dəyər idi.
Nəriman Nərimanov qüdrətli pedaqoq olmaqla yanaşı, həm də nüfuzlu ictimai-siyasi xadim, yazıçı-publisist idi. Klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus və Avropa ədəbiyyatını da gözəl bilirdi. Millətin maariflənməsi, məmləkətin tərəqqisi üçün ədəbiyyatı, mədəniyyəti, teatr və incəsənəti, kitabxana və qiraətxana işini ən ciddi təşviqat vasitəsi hesab edirdi. Yuxarıda da qeyd etdiyimiz kimi Nərimanovun Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi ilə birlikdə bu istiqamətdə gördüyü mühüm işlər nəticə etibarı ilə Şərqdə ilk Demokratik Cümhuriyyətin qurulmasına zəmin oldu. “Nərimanovun pedaqoji fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmırdı. O həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi. Həmin dövrdə Nərimanov müxtəlif tədris müəssisələri nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri və axşam kurslarında da pulsuz olaraq dərs deyir, dövrünün digər mütərəqqi ziyalıları ilə birlikdə yaşlı əhaliyə savad öyrədir, mütərəqqi fikirlər yayır, bu məktəb və kursların xeyrinə teatr tamaşalarının göstərilməsində iştirak edirdi”. Həbib bəy Mahmudbəyovun, Sultan Məcid Qənizadənin rəhbərliyi, dövrünün məşhur pedaqoqları, Abbas bəy Minasazov, Mehdi bəy Hacıbababəyov, Əliisgəndər Cəfərzadə, Süleyman bəy Əbdürrəhmanzadə, Məmmədtağı Atakişiyev, Daşdəmir Eldarxanov, Əli Terequlov, Səməd bəy Acalov (Hacı Əlizadə), Pənah Qasımov, Yakov Keylixis, Əbdülhəmid Qorçubaşov kimi milli məfkurədən milli dövlətçiliyə ustad-şəyird müqəddəsliyi ilə yol gələn ziyalılarla zamanın, quruluşun üstünə yeriyir, millətin cəhalətdən qurtuluşu üçün sinif otaqlarını elmi-irfanın baş köşəsinə çevirir, mənsub olduğu məmləkətin haqq səsinə dönür, “şovinizmə” üsyan edir, ruspərəst mövqeyi ilə xalqını aşağılayanlara, dilini, mədəniyyətini, tarixini, ədəbiyyatını ondan yüksəklərdə tutanlara dərs verirdi: “Türk uşaqları təkcə Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini bilməlidir”. Nərimanovun tövsiyyəsi bu idi ki, Türk dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar”.
Sərt çıxışları ilə millətinin haqq səsinə dönəndə, ictimai-siyasi xadim, nüfuzlu pedaqoq kimi çəkinmədən problemləri dilə gətirəndə Nərimanovun cəmi 26 yaşı var idi. O zaman Çar Rusiyasının Tiflisdə və Bakıda olan millətçi-şovinist nümayəndələrinin üstünə yeriyən Nərimanov illər ötəndən sonra, Şura hökuməti illərində Azərbaycanın Birinci şəxsi, Komissar Nəriman Nərimanov kimi Mərkəzi Komitədə, Moskvada, yuxarı eşalonda oturanlara yerini göstərirdi. Tarixi mənbələr, arxiv materialları da sübut edir ki, Nəriman Nərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən şovinist adlandırırdı...
1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda Nəriman Nərimanovun təklifi ilə məsələ müzakirə olunmuşdu. Feliks Dzerjinskinin fikrinin əleyhinə gedərək neftdən gələn gəlirin böyük hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafında xərclənməsi məsələsini qoymuşdu. Buna nail olmaqla o, öz tövsiyyələrini Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova ünvanlamışdı”.
Hələ gənclik illərində, fəaliyyətinin Bakı dövründə Həbib bəy Mahmudbəyov kimi Bakı Quberatoruna məktub ünvanlayan, onun 18 aprel 1897-ci il tarixli qərarı ilə Qiraətxana açmağa nail olan Nərimanov bu mütərəqqi addımı ilə ölkədə milli maarifçilik hərəkatına, ana dilinin təbliği məsələlərinə töhfə vermiş, mənəvi müəlliminin, ustadının ana dili ilə bağlı gerçəkləşdirdiyi layihələri inkişaf etdirmişdi.
Bakıda ilk Rus-tatar məktəbini quran, dərslik və dərs vəsaitlərini qələmə alan, kitabxana və qiraətxananın, teatr truppasının təməlini qoyan Həbib bəy Mahmudbəyov deyirdi: “Bütün Rusiyada bizim məktəblər müdhiş bir vəziyyətdə idi... Ana dili hər yerdə gözdən düşmüşdü. Onu öyrənmirdilər. Bir dənə də olsun türkcə dərslik yox idi... Biz şüurlu gənc müəllimlər necə olursa olsun öz ana dilimizi dirçəltməli, rus-tatar məktəblərində dilimizi dirçəltməli, onun məcburi bir fənn kimi keçirilməsinə nail olmalı, dərsliklər tərtib etməli, ruscadan türkcəyə uşaq hekayələri tərcümə etməli, qiraətxana və kitabxanalar açmalı, uşaq jurnalları nəşr etməli idik”.
Nəriman Nərimanov bununla həm də Firudin bəy Köçərlinin: “Bir millətin malını, varını, dövlətini əlindən alarsan məhv olmaz, dilini alarsan tərk olub gedər!” - nidasını gerçəyə çevirmiş, Qori Müəllimlər Seminariyasını Qazaxa köçürməklə Mirzə Kazım bəyin, Mirzə Fətəli Axundzadənin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Şəfi Vazehin, Həsən bəy Zərdabinin, Həbib bəy Mahmudbəyovun ənənələrini yaşatmış, davam etdirmişdir. Bununla yanaşı o, həm də Şərqdə ilk Qız Məktəbini quran, Hacı Zeynalabdin Tağıyevin böyük arzularının gerçəkləşməsi üçün cəsarətli addım atmışdır ki, nəticə etibarı ilə bu həm də, Bakıda, daha doğrusu Qafqazda, Şərqdə, türk dünyasında Müəllimlərin I Qurultayının çağırılması ilə nəticələnmişdir. Onun bu dövrdə qələmə aldığı publisistik yazılarının, elmi məqalələrinin, bədii əsərlərinin əksəriyyəti xalqın cəhalətdən qurtuluşuna, maarifçilik məsələlərinin təbliğinə həsr olunmuşdu ki, bu sırada “Nadanlıq”, “Bahadır və Sona”, “Nadir Şah” kimi bu gündə Azərbaycan ədəbiyyatının şah əsərlərindən hesab olunan kitabları vardı.
İnsanların ruhunun hakimi kimi qələm çalan Nəriman Nərimanov mənsub olduğu milləti düşdüyü cəhalət və səfalət girdabından xilas etmək üçün, həm də onun sağlamlığı barədə düşünür. Onu Tiflisdən Bakıya gətirən qatar, Bakıdan uzaqlara, lap uzaqlara, Ukraynaya, Odessaya aparır. Müəllim, ictimai xadim, yazıçı, publisist Nərimanovdan həkim, alim, siyasi xadim Nərimana yollar görünür.
***
Bütün həyatını mənsub olduğu millətin tərəqqisinə həsr edən Nəriman Nərimanov hansı vəzifəni tutmasından asılı olmayaraq “Doktor Nəriman” deyə sevildi, hörmətə layiq oldu.
Tiflisdən, Borçalıdan Bakıya qədəm qoyanda onu iki ciddi məsələ düşündürmüşdü: “Sağlam bədəndə sağlam ruh olar və ruhu sağlam olmayanın bədəninin sağlam olmasından fayda olmaz”. Bu səbəbdən də, o bir pedaqoq, ictimai xadim kimi çox böyük hörmət və nüfuz qazandığı Bakıdan ayrılmaq, müəllim Nərimandan doktor Nərimana körpü salmaq qərarına gəlir. Düz 11 il Sultan Məcid Qənizadənin, Həbib bəy Mahmudbəyovun, Hacı Zeynalabdin Tağıyevin sayəsində tanıdığı, sevdiyi Bakıya, Vətənə daha faydalı, gərəkli xidmət üçün Odessaya yollanmaq qərarına gəlir. Millətin atasına – Hacı Zeynalabdin Tağıyevə rəsmi məktubla müraciət edərək onun “Kontorundan” yardım alır. Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində 609-cu Fondda mühafizə olunan 1902-ci il yanvarın 27-də və 1913-cü il aprelin 16-da imzalanan müraciət və təşəkkür məktubları Tağıyevin bir mesenat kimi xeyirxahlığının, Nərimanovun milli mücadilə naminə hər şeyə - hətta borc almaq kimi bir kişi üçün ağır olan məsələyə də qol qoyduğunu sübut edir. 1902-ci ildə 32 yaşında Novorosiyski İmperator Universitetinin tibb fakültəsinə daxil olur. O, burada təkcə təbabətin sirlərinə yiyələnmir, dövrünün məşhur təbib-filosof alimləri ilə tanış olur. Hələ dördüncü kursda təhsil alarkən “Tibb və İslam” əsərini qələmə alır. Bu onun bir türk, müsəlman olaraq İslam elm tarixinə verdiyi ən qiymətli töhfələrdən idi. Tarixə İbn Sina, İbn Rüst, İbn Ərəbi, Bəhmənyar, Şeyx Barik kimi məşhur təbib-filosoflar bəxş edən Şərqin əzəmətini sübut edir. Odessaya, Novorossiyski İmperator Universitetinə tələbə kimi qədəm qoyan Nəriman Nərimanov hələ dördüncü kursdan nüfuzlu pedaqoq kimi ona mühazirə oxuyan müəllimlərin sırasında yer alır. AMEA-nın 15 təsisçisindən biri, ilk prezidenti akademik Mirəsədulla Mirqasımov bu barədə öz xatirələrində qeyd edir: “Mən Novorosiyski İmperator Universitetinə daxil olanda Nərimanov artıq nüfuzlu müəllim, həkim kimi çox böyük hörmət qazanmışdı. Bu bir azərbaycanlı kimi bizi qürurlandırırdı. Müəllimlərimiz bizə onun “Tibb və İslam” kitabından mühazirə oxuyurdu”.
Nəriman Nərimanov Novorosiyski İmperator Universitetində təkcə bir həkim, alim deyil, həm də ictimai-siyasi xadim kimi yetişirdi. Universitetin elmi-ictimai mühiti Çar Rusiyasındakı rejimi qamçılayır, sosial ədalətin bərpası uğrunda mübarizlər yetişdirirdi. Bu səbəbədən də, Nərimanovun irsinin ciddi tədqiqatçıları haqlı olaraq Odessa mühitinin onun siyasi fəaliyyətində mühüm mərhələ olduğunu qeyd edirlər.
Bütün həyatını milli maarifçilik və əbədi istiqlal, milli dövlətçilik məsələlərinə həsr edən Nəriman Nərimanov taleyin sərt üzündə özü öz tarixi torpaqları ilə həmsərhəd olmaq məcburiyyətində qalan, xanlıqlara parçalanan, “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” dəhşətlərini yaşayan Vətənin birliyi, bütövlüyü üçün qılınc sıyırıb bu taya, Təbrizdən Dərbəndə, Borçalıya, İrəvana, Qarabağa, Naxçıvana qədər gələn Nadir şah Əfşardan, Ağa Məhəmməd şah Qacardan sonra ayağa duran ilk liderimiz idi ki, “Mücahid” Partiyasının qurulması, Təbrizin oyanışı üçün nəinki əlindən gələni əsirgəməmiş, bu yolda açıq mübarizəyə atılmışdır. 1906-cı ildə Bakıda keçirilən Qafqaz Müsəlman Müəllimlərinin Birinci Qurultayının təşkilində Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi ilə birlikdə mühüm xidmətləri olan Nəriman Nərimanov tarixi nitqi, “Müəllimi olmayan millətin keçmiş və gələcəyi olmaz!” nidası ilə cəhalətdən qurtuluşun Müəllim və Məktəb adına bağlı olduğunu sübut etmişdir.
Elə həmin il Novorosiyskidən ona ünvanlanan teleqram yenidən Nərimanovu Odessaya aparmışdır. Universitetin tədrisi müvəqqəti dayandırması ilə bağlı təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan Nərimanov 1908-ci ildə təhsilini başa vurub yenidən Bakıya, taleyinin şəhərinə dönmüşdür. Həkim kimi fəaliyyətə başlamışdır.
Qısa fasilələri, Həştərxanda keçən sürgün illərini nəzərə almasaq deyə bilərik ki, Nəriman Nərimanov ömrünün, hətta yuxusuz gecələrini üst-üstə yığsaq gecəli-gündüzlü ömrünün böyük bir qismini məhz doktor Nəriman olaraq keçirib. 1909-cu ildən 1918-ci ilə qədər “Xolera-vəba”, “Şaxotka-vərəm”, “Traxoma”, “Qadınlar aləmi”, “Tibb və İslam”, “Əyyaşlıq” və başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr və kitabçalar çap etdirmiş, “Tibb və islam” kitabçasını yoxsul fəhlələr arasında pulsuz paylamışdı. Vəba, çiçək, traxoma, malyariya, revmatizm, mədə-bağırsaq xəstəliklərinə qarşı mübarizəyə həsr olunan elmi-kütləvi məqalələri ilə infeksion xəstəliklərə qarşı mübarizə aparmış, “Burhani-tərəqqi”, “İdel”, “Astraxanskiy kray”, “Baku”, “Sədayi-həqq” kimi dövrünün mətbu orqanlarına məqalələr yazmış, 1914-cü ildə Qara şəhər xəstəxanasında fəhlələrə təmənnasız xidmət göstərmiş, neft mədənlərində çalışan fəhlələrin pulsuz, öz hesabına müalicəsinə nail olmuş, onların dava-dərmanını almış, Bakı kəndlərinin əhalisinə yardımda bulunmuş xəstələrin böyük bir qismini evində qəbul etmişdir. 1918-ci ildə Bakı Şəhər Təsərrüfat Komissarı kimi şəhərin sanitariya, əhalinin gigiyena ilə bağlı problemlərinin gündəmə gətirilməsində, həll edilməsində mühüm rol oynayan doktor Nəriman Nərimanov bu illər ərzində fasiləsiz xidməti ilə şəhərin müalicə-profilaktika məsələlərinin böyük bir qismini öz üzərinə almışdır.
1914-cü ilin altı ayı ərzində Nərimanov 11765 xəstə qəbul etmiş, 2441 nəfərə cərrahi yardım göstərmiş, 9418 resept yazmışdır ki, bu da müasir dillə desək dünya rekordunu təzələmiş, Beynəlxalq Tibb Təqviminin təşkilat komitəsi onun reseptlərindən birini təqviminə əlavə edərək nəşr etdirmişdir.
Nəriman Nərimanov qüdrətli pedaqoq, Hippokrat andına sadiq qalan peşəkar həkim, istedadlı yazıçı, publisist olsa da, nüfuzlu ictimai-siyasi xadimdi. Bütün həyatı mücadilələrdə keçən bu dahi şəxsiyyət 1909-cu ildə Tiflisə hicrət etmək məcburiyyətində qalır, onun Bakıdan Tiflisə dönüşü siyasi təqiblərlə bağlı olmaqla yanaşı, təbabətdən siyasətə yol gələn doktor Nərimanın həbsxana həyatını, sürgün illərini özündə ehtiva edir.
***
Metex qalası özünün dəhşətli zindan qanunları ilə Çar Rusiyasının ən dözülməz həbsxanalarından biri idi. Ora daha çox siyasi dustaqlar, imperiyanın üstünə yeriyən tarixi şəxsiyyətlər salınırdı.
1908-ci ilin sonralarından Güney Azərbaycan məsələləri ilə bağlı hədəfə alınan Nəriman Nərimanov Bakıda təqib olunmağa başlayır. Onun, o tayda qurulan “Mücahid” Partiyasının fəaliyyətindəki mövqeyi siyasi çevrilişə cəhd kimi qiymətləndirilir. Çar Rusiyasını bu məsələyə həm də İran rejimi təhrik edir. Düzünə qalsa məsələnin bu yönü həqiqət idi. Hacı Zeynalabdin Tağıyev Nərimanovun, Rəsulzadənin əli ilə Təbriz üsyanlarına yardım edir, əhalinin oyanışı, qurtuluşu, birliyi, bütövlüyü uğrunda mübarizəsi üçün ayağa qalxmasını arzulayırdı. Bu dövrdə Çar Rusiyasında cərəyan edən hadisələr, imperiyanın əyalətlərindəki Tağıyev kimi müdrik adamları ayağa qaldırmışdı. Nə Çar, nə də İran şahı bu məsələni həzm etmək istəmirdi. Nərimanovla Rəsulzadə isə hədəfdə idi. Onun Bakıdan çıxmasını, doğulduğu torpaqlara – Tiflisə hicrət etməsini tövsiyə edənlər də Tağıyev başda olmaqla Bakı əsilzadələri idi. Nərimanovun Tiflisə 1909-cu il martın 1-də gəlişi ilə Metex qalasına salınması bir olur. Onu “Mücahid” Partiyası qurmaqda, İran inqilabçılarına dəstək verməkdə ittiham edirlər. Altı ay həbsxanada qaldıqdan sonra onu Həştərxana sürgün edirlər. Bu müddət ərzində Hacı Zeynalabdin Tağıyev onun hüquqlarını müdafiəsi üçün vəkil tutur. Çar Rusiyasının Qafqaz canişini İllarion İvanoviç Vorantsov-Daşkovla şəxsən danışıqlara gedir, malikanəsində onu qəbul etməklə kifayətlənmir, Bakı buxtasında neft quyuları olan Canişinə dörd vaqonlu qatar “hədiyyə” edir. Bu o dövr üçün bir ovuc brilianta, 5 min çevron qızıl zayoma bərabər idi. Vorantsov-Daşkovun icazəsi ilə Nərimanovun doğmaları Rizvan Nərimanovun, Səkinə Zamanovanın, Mərziyyə Zeynalovanın adından Çar Rusiyasının Qafqaz Canişinliyinə məktub ünvanlanır. Qaldırılan məsələ, təqdim olunan diləkçə ilə bağlı Nərimanov zindandan azad edilərək Həştərxana sürgünə göndərilir. 1909-cu ildən 1913-cü ilə qədər ictimai-siyasi fəaliyyətinin Həştərxan dövrünü yaşayan Nəriman Nərimanov Həştərxan Xalq Universitetləri Cəmiyyətini təsis etməklə yanaşı onun maliyyə yükünü də öz üzərinə almış, həkim kimi əldə etdiyi gəlirlə Cəmiyyətin inkişafına, regionun elmi-mədəni dirçəlişinə töhfə vermişdir. Səhhəti, daha doğrusu, həm də siyasi fəaliyyəti ilə bağlı 1918-ci ildə yenidən Həştərxana gələn Rusiya Kommunist (bolşeviklər) Partiyasının Həştərxan Təşkilati müsəlman bölməsinin komitə üzvü, “Hümmət” Qafqaz Müsəlman Kommunist Partiyası Mərkəzi Bürosunun rəhbəri, Həştərxan İcraiyyə Komitəsi maarif şöbəsinin müdiri, 1919-cu ilin yanvarından Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlığın sədri kimi tarix yaradan, ən çətin zamanlarda, dar məqamlarda onlarla birlikdə olan liderlərini unutmurlar.
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)