Tanınmış maarifçı Məhəmməd Ağaoğlunun 130 illiyi Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Görün sizə kimdən danışacam. 20-ci əsrdə Azərbaycan mühacir ziyalıları pleyadasında xüsusi yeri olan Məhəmməd Ağaoğludan.

 

O, 1896-cı il avqust ayının 24-də İrəvan quberniyasının İrəvan şəhərində, ziyalı ailəsində anadan olub. İbtidai təhsilini burada mədrəsədə alıb, sonra 1912-ci ildə gimnaziyanı bitirərək elə həmin il Moskva unuversitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Orada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanışlıq onda tədqiqatçılığa maraq oyadıb, 1916- 1919-cu illərdə bu məqsədlə Türküstan, İran, İraq, Türkiyə və Suriyaya səyahət edib. Filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçən Məhəmməd bəy AXC yaranandan dərhal sonra mədəni quruculuq işlərində fəal çalışıb: İstiqlal muzeyi, Qədim abidələrin müdafiəsi Cəmiyyəti onun təşəbbüsü və köməyi ilə yaradılıb. 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi onun Türkiyəyə mühacirət etməsini şərtləndirib, o, İstanbul Universitetinə daxil olub. 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alan Məhəmməd bəy 1927-1928-ci illərdə İstanbulda Milli muzeyin islam incəsənəti bölməsinə müdirlik edib, elə həmin ildə “Türk və İslam əsərləri” muzeyinin direktoru vəzifəsinə təyin edilib. Sonra tale yelləri onu Amerikaya atıb. O, Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil eləyib, müsəlman Şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət Detroyt “İslam incəsənəti qalereyası”nı yaradıb. O, Miçiqan Universitetində müəllim, professor olub. 1933-1938-ci illərdə burada İslam incəsənəti tarixi kafedrasını yaradıb. 1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini məhz o təmsil edib.

Geniş erudisiyalı şərqşünas alim kimi tanınan Məhəmməd Ağaoğlu ana dilindən başqa ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilirmiş. Doqquz dil bilmək sizə zarafat gəlməsin. Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət edirmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırıbmış.  Məhəmməd bəy həm də “Art islamika” (“İslam incəsənəti”) adlı jurnalın naşiri və redaktoru olmuşdur. Onun “Səfəvi xalçaları və parçaları”, “İslam incəsənəti haqqında qeydlər” və s. kitabları, eləcə də Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türküstan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair külli miqdarda elmi məqalələri Amerika və Avropada dərc edilmiş, rəğbətlə qarşılanmışdır.

Ziyası bütün şərqi bürüyən böyük azərbaycanlı - Məhəmməd Ağaoğlu 1949-cu il iyun ayının 4-də Amerikanın Detroyt şəhərində vəfat etmişdir. Azərbaycanı dünyaya tanıdan, amma Azərbaycanda əsla tanınmayan Məhəmməd bəyə Allahdan rəhmət diləyir, bizlərə də xalq olaraq bu unutqanlıqdan qurtulmağı arzu edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.