Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Bu gün biraz fərqli bir mövzu barədə danışmaq istəyirəm. Mövzuya belə başlayım. Biz riski nə dərəcədə sevirik? Və yaxud uğur bizə nə dərəcədə yaxındır? Hər hansı bir sahədə bəzi şeylər tərs gedəndə adını "bəxtsizlik" qoyuruq. Lakin elə deyil. Söhbət sənin bəxtsizliyindən getmir, sənin o işə nə dərəcədə can yandırmağınla əlaqəlidir. Aləmlərin RƏBBİ buyurur: "səndən hərəkət, məndən bərəkət". Yəni sən nəticə qazanmağı nə qədər istəyirsənsə, o qədərini əldə edirsən. Yox əldə edə bilmirsənsə bu sənin riskdən qaçmağının, məğlubiyyətdən qorxmağının əlamətidir.
Uğur qazanmaq istəyirsənsə cəsarətli olmalısan. Axı, cənnətə gedən yol belə ölümdən keçir. Sən diqqətini hədəfinə və qələbəyə köklədiyin müddətcə qarşındakı maneə nə qədər sərt və keçilməz olursa olsun, ALLAH sənə o maneəni aşacaq gücü, qüvvəni sənə hər şəraitdə bəxş edər. Heç vaxt "mən hərşeyi bilirəm" demə. Xeyir, sən heçnə bilmirsən. Təvazökarlıq insana bəxş edilən ən gözəl xüsusiyyətdir. Bəs yaxşı, insan nəfsinin qurbanı ola bilərmi? Olarsa bu necə baş verə bilər? Bunu mən loru dildə desək, güc zəhərlənməsi olaraq adlandırmışam. İnsan oğlunun nəfsinin əsiri olması qədər bərbad və təhlükəli bir şey yoxdur.
"Əşi, onsuz da qalib mən olacam" deyib digər rəqiblərinə yuxarıdan aşağı baxmaq düzgün xüsusiyyət deyildir. İnsanın nəfsi ilə mübarizə aparması həm də bir növ psixoloji bir savaşdır. Bu savaşdan hələm-hələm qalib çıxmaq mümkün deyil. Qalib gəlinsə belə bu savaşda alınan psixoloji yaralar insanı daxilən sarsıdan amillərdəndir. İnsani düşmən heç vaxt nəfsi düşmən qədər təhlükəli ola bilməz. İnsani düşməni görə bilirsən və sənə nə dərəcədə xəsarətlər yetirə biləcəyini bilirsən. Ancaq nəfsi düşməni nə görmək, nə də onun zərbələrindən qorunmaq mümkün deyil. İnsana zirvəyə çıxması üçün gücü verən ALLAH nəfsinə təslim olanı altından qalxa bilməyəcəyi bir məğlubiyyətə məhkum edər. Nəfs insanın ən azğın düşmənidir. Nəfsinə qalib gələn Hz.Yusif Misir sultanı, nəfsinə məğlub olan Züleyxa isə inanmadığı və iman gətirmədiyi ALLAH tərəfindən gözləri bağlanılaraq sonsuz qaranlığa düçar edilmişdir.
Asan yolun sonu acı məğlubiyyət, tikanlı yolun sonu isə möhtəşəm qələbədir. Nəfs ən görkəmli hökmdarları belə əsir alacaq qədər təhlükəli düşməndir. Bunun ən sadə nümunəsi Sultan Alpaslanın fəth etdiyi qalada ağır yaralandıqdan sonra vəziri Nizamül-Mülkə dediyi son sözlərdir. "Vəzir, oğlum Məlikşaha nəfsinə yenik düşməməyi öyrət. Bir dəfə bir dağın zirvəsinə qalxıb ucu-bucağı görünməyən yerlərə baxdım və öz-özümə dedim. Məndəki bu güc, qüdrət var heç kim məni məğlub edə bilməz. Mən hər yeri fəth edəcək gücdəyəm. Nəfsimə əsir düşdüyümü görən ALLAH məni bir adəm oğlunun əli ilə cəzalandırdı".
İnsan nə qədər güclü və qüvvətli olursa olsun ALLAH möhlət verdiyi və nəfsinə yenilmədiyi müddətcə irəli gedə bilər. Uğur insanın getdiyi yolda ən etibarlı dostu, nəfs isə insanın ən təhlükəli düşmənidir. Hansının qoluna girsən, o da səni özü ilə çəkib aparacaq. Ya cənnətə, ya da cəhənnəmə...
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)