Aktotı Raimkulova Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda çıxış edib Featured

  

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Xanım Aktotı Raimkulova Azərbaycan Respublikasının Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda iştirak və çıxış edib.

 “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, 18 may 2025-ci il tarixində Fondun prezidenti Aktotı Raimkulova  Şəki şəhərinə səfəri çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda iştirak edib. 

Xüsusilə vurğulamaq lazımdır ki, konfrans Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub.

Konfransdan öncə iştirakçılar Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər və əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ardınca konfransın keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfransda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Fondun türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına müvafiq olaraq Fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərini böyük ədəbi və mənəvi hadisə kimi qiymətləndirib, şairin yaradıcılığını türk ruhunun canlı səsi adlandırıb.

Tədbirdə Azərbaycan Respublikası Şəki şəhəri İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev,Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, TÜRKPA-nın Baş katibi Mehmet Sürəyya Ər, TÜRKSOY-un Baş katibi Sultan Rayev,  Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar.

Sonda Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Heydər Əliyev Mərkəzinin muzeyinə Bəxtiyar Vahabzadənin Fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərinin nüsxələri hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.