BİZİM KİNO – Moskva niyə "Cini mikrorayona" buraxmaq istəmirdi? Featured

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Bu gün oxucularımıza növbəti Azərbaycan filmi olan "Cin mikrorayonda" barədə danışacağam. Həm filmin məndə yaratdığı təəssürat, həm də internet vasitəsilə əldə etdiyim məlumatlarla oxucularımıza fikrimi çatdırmağa çalışacağam.

 

1985-ci ildə ekranlaşdırılan və "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Cin mikrorayonda" filmi kinodramaturq Eldəniz Quliyevin ssenarisi və Oqtay Mirqasımovun rejissorluğu ilə ərsəyə gətirilmişdir.

Musiqili fantastik kinokomediya janrında çəkilən filmdəki hadisələr müasir şəhərlərdən birində baş verir. Filmdə rəmzi məna daşıyan cin obrazının müasir məkana daxil olması, müasir adamlarla ünsiyyətə girməsi bütünlüklə şərti xarakter daşıyır. Filmin izlədiyi ideya, aşıladığı fikir də məhz bu şərtilik fonunda çatdırırlır.

 

Moskva ssenarini niyə qəbul etmirdi?

Kinodramaturq Eldəniz Quliyevin ssenariləri əsasında bir çox filmlər çəkilib.

O, "Cin mikrorayonda" bədii filminin ssenarisini Moskvada Ali Ssenari və Rejissorluq kurslarında (1979-1981) təhsil aldığı zaman yazıb.

Tələbəlik illəri ustad sənətkarlardan Tarkovskidən, Valentin Yejovdan dərs alıb.

Eldəniz müəllim deyir ki, adlarını çəkdiyiniz sənətkarlar bu ssenarini oxudular və qəbul etdilər: “Diplom işi üçün yazdığım "Cin mikrorayonda" ssenarisi müəllimlərim tərəfindən yüksək qiymətləndirildi”.

O, vətənə dönüncə "Azərbaycanfilm" kinostudiyasında redaktor vəzifəsinə təyin olunur. Və elə həmin məqamda da diplom işi üçün yazdığı ssenarini kinostudiyanın rəhbərliyinə təqdim edir. Həmin ildən etibarən 3 il müddətində ssenari kinostudiyanın arxivində qalır.

Həmin dövrdə "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Əlibəyov, baş redaktoru isə Asim Cəlilov idi. Kinostudiyanın nəzdində fəaliyyət göstərən Bədii Şurada isə dövrün ən görkəmli sənətkarları - Bayram Bayramov, Əhmədağa Muğanlı, Toğrul Cuvarlı, Ramiz Rövşən çalışırdı.

Bir neçə müddət sonra Eldəniz Quliyev də Bədii Şuranın üzvü seçilib.

Filmin ssenarisi 1984-cü ildə "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi tərəfindən qəbul etdikdən sonra onu təsdiq etdirmək üçün Moskvaya göndərlər.

Eldəniz müəllim deyir ki, o dövrdə ssenarilər Moskva Dövlət Kino İdarəsində bir neçə mərhələni keçdikdən sonra təsdiq olunurdu: “Təəssüf ki, Moskvada ssenari maneələrlə qarşılaşdı. Moskva Dövlət Kino İdarəsi ssenaridə qoyulan məsələnin məğzinin sovet sisteminə uyğun olmadığı bəhanəsi ilə onu təsdiq etməkdən imtina etdi. Baxmayaraq o vaxt ssenari qəbul olunmuşdu, ancaq reallaşdığı bir zamanda onlar təşvişə düşdülər. Və ancaq şərt əsasında ssenarinin ekran variantının çəkilməsinin mümkünlüyü fikrini irəli sürdülər. Şərt ondan ibarət idi ki, əgər ssenariyə musiqi, mahnı yazılsaydı, onun ekran variantını çəkmək mümkün ola bilərdi. Yəni, ssenaridə qaldırılan problemləri ört-basdır etmək üçün musiqi gücündən istifadə etməli idik. Biz məcburi şəkildə bunu etməyə razılıq verdik".

 

Musiqi əlavəsi

Müəlliflər Vaqif Səmədoğlunu yaradıcı heyətə dəvət edərək onunla əməkdaşlıq etmək fikrində olduqlarını bildirirlər. Vaqif Səmədoğlu filmin mahnısı üçün mətn yazmağa razılıq verir və tez bir vaxtda bunu həyata keçirir. Filmin musiqisini isə Rafiq Babayev yazır.

Bundan sonra filmin istehsalata buraxılma məsələsi təsdiq olunur və hazırlıq prosesinə başlanılır.

 

Raykinin oğlu

Qeyd edək ki, filmin əsas yaradıcı heyəti müəyyənləşdirildikdən sonra aktyor heyətinin seçiminə başlanılıb.

Filmin sınaq çəkilişlərində çox sayda aktyorlar iştirak edir. Hətta kənar studiyalardan olan aktyorlar da filmdəki əsas rolların sınağına dəvət olunur.

Ssenarist deyir ki, cin rolunun seçimində çox əziyyət çəkdik: “Səbəb də o idi ki, cin rolunu yaradan aktyor həm oxumalı, həm rəqs etməli, bir sözlə, plastikası olmalı idi. Təəssüf ki, bizim aktyorların əksəriyyəti plastikadan məhrum idi. Plastikaya malik olanlar isə kino üçün uyğun hesab olunmurdu. Cin rolunun sınağına Arkadi Rakinin oğlu Konstantin Rakin də dəvət olunmuşdu. Konstantin Rakin bu dəvəti böyük məmnuniyyətlə qəbul etdi. Eyni zamanda Q.Krayçensovu da cin rolunun sınağına dəvət etmişdik. O da dəvəti qəbul etdi. Ancaq sonrakı proseslərdə Konstantin Raykin xarici səfərə yollandı, Krayçensov isə çalışdığı teatrdakı iş rejiminə görə sınaq çəkilişlərinə qatıla bilmədi və məktub yazaraq bizdən üzrxahlıq istədi".

Bundan başqa, müğənni Valeri Leontyev də cin rolunun sınağına dəvət olunub.

 

Özümüzünkü

Sınaq çəkilişlərində Rəşid Mahmudzadə də iştirak edirdi. Bədii Şura onun ifasını əsas götürərək cin roluna təsdiq etdi.

Film adından da göründüyü kimi cinin mikrorayonda peyda olmasından bəhs edir. Gözləmək olardı ki, cinin görünüşünü daha da fərqli formada yaratsınlar. Ancaq cini görən olmadığı üçün yalnız onun xəyali təsəvvüründən istifadə olunmalıydı. Bu baxımdan da "Cin mikrorayonda" filminin yaradıcıları cinin görünüşünü müasir formada verməyə üstünlük veriblər.

Rejissor deyir: “Ancaq rejissor, rəssam və mən hələ cin obrazını yaradacaq aktyoru tapmamışdan əvvəl onun necə olacağını dəqiqləşdirmişdik. Mən istəmirdim ki, cini həmişə təqdim olan görüntülərdə, məsələn, başı keçəl, qulaqlarında sırğa və s. formada yaradaq. Necə ki, cinin görüntüsünü dəqiqləşdirmişdik, saçı qıvrım olaraq o cür də verdik və sonrakı proseslərdə də səhv etmədiyimizi anladıq. Çünki tamaşaçı da təqdim etdiyimiz cinin görüntüsünü qəbul etmişdi. Əslində cin bizim daxildəki istifadə etmədiyimiz potensialın-qabiliyyətimizin, bacarığımızın və s. maddiləşmiş, insan cildinə girmiş bir variantıdır. Ona görə də filmdəki cinin o cür görkəmdə olması zənnimcə, məqsədəuyğun idi".

Cinin köhnə bir çırağına içindən çıxması da filmin dəyərli kadrlarından biri hesab olunur: "Filmin əsas qəhrəmanı Rüstəm dənizdə çimərkən ayaqqabıya oxşar bir şey tapır və başa düşmür ki, bu nədir. Elə ki, Rüstəm sevdiyi qızdan rədd cavabı alır, belə bir məqamda əlindəki ayaqqabıya oxşar saxsı qabı bir kənara tullayır ki, bu zaman da cin peyda olur. Onu da qeyd edim ki, cinin çıxdığı qab gildən düzəldilmiş qədimi çıraq idi.

Yeri gəlmişkən, filmin adı da əvvəlcədən necə seçilibsə sona qədər də eyni qalıb. Rejissor deyir: "Təbii ki, bu ad filmin ideyasından irəli gəlirdi. Hər bir insan öz daxilində göründüyündən qat-qat güclüdür. Sadəcə olaraq onu realizə edə bilmir. Və ona görə realizə edə bilmir ki, günümüzün sosial-ictimai, siyasi problemləri, bir-birinə oxşayan mikrorayon evləri kimi adamı sıxır. Ancaq buna baxmayaraq formasız tikilən mikrorayon evlərində də elə adamlar yaşayır ki, onlar daxildəki güclərini aşkara çıxarmaq üçün cəhd etsələr, o zaman heç bir maneə ilə qarşılaşmazlar. Sadəcə olaraq hər şeydə azacıq da olsa cəhd etmək lazımdır".

 

Ötkəm İskəndərov

Rüstəm obrazının fotosınağında çoxsayda aktyorlar iştirak edib, ancaq kinosınağında yalnız Ötkəm İsgəndərovla Fərhad Yusifov yoxlanıb.

Ö.İsgəndərov deyir ki, Eldəniz Quliyev Rüstəm obrazını mənim üçün yazmışdı: “Ancaq məni sınaq çəkilişlərinə filmin ikinci rejissoru Tofiq Məmmədov dəvət etmişdi. Sınaq çəkilişlərinin son proseslərində məlum oldu ki, Bədii Şura Rüstəm obrazı üçün ifamı bəyənmiş və yekdilliklə mənə səs vermişlər".

Cin rolunun sınağından xəbərdar olan aktyor bu barədə deyir: "Yadımdadır ki, məşhur müğənni Valeri Leontyevi də cin roluna dəvət etmişdilər. Filmin direktoru Aydın Moskvada Valeri Leontyevlə danışıqlar aparmış, ancaq müğənni bu təklifi qəbul etməmişdi. Yaxşı ki, Rəşid Mahmudzadə cin rolu üçün kəşf olundu".

Aktyor  bir sıradigər mətləblərə də toxunur: “Dəniz kənarında olan çəkilişlər zamanı gecə epizodlarını çəkmək üçün bir müddət orada qalası olduq. Şəxsən Rüstəm obrazı mənə yaxın olduğu üçün çəkiliş vaxtı heç bir çətinliklə qarşılaşmırdım. Elə bilirdim ki, özümü yaradıram".

Aktyor davam edir: “Dənizin dalğalı, havanın küləkli olduğu məqamlarda da çəkilişlər aparılırdı. Filmin bir neçə kadrı da Şıxov çimərliyində lentə alınıb. Ssenariyə əsasən sahildən 500-600 metr uzaqda, hardasa dənizin ortasına tərəf istiqamətlərdə çəkiliş olmalı imiş. Qayıqla həmin məsafədə getdik və məni suda qoyaraq özləri qayıqla kənara çəkildilər. Qayıq motorlu olduğu üçün çəkiliş heyətini sürətlə məndən uzaqlaşdırdı. Mən onları çox uzaqdan görürdüm və onu da görürdüm ki, qızğın müzakirə gedir".

Təbii ki, təsadüfən Ötkəm İsgəndərovu suda tək qoyaraq kənara çəkilməyiblər. Bu kadrda aktyorun suda üzən səhnəsi lentə alınmalı idi: "Doğrudur ki, üzməyi bacarırdım, ancaq dənizin dərinliyində suda tək-tənha qalmağın vahiməsi məni elə basmışdı ki, etiraf edim, qorxurdum. Bir tərəfdən də suda çabalamaqdan yorulmuşdum. Əlacım qışqırmağa qalmışdı. Elə hey "gəlin çəkin" deyə qışqırırdım. Yorğun görünüşüm, suda güclə üzərək xilas olunmağa cəhd etməyim müəlliflərə lazım idi və buna görə də bəlkə də bilərəkdən məni suda saxladılar".

Başqa bir epizodda isə Ötkəm İsgəndərovun - Rüstəmin ayağının yerdən üzülmə, göydən sallanma səhnəsi var: “Həmin epizod üçün çox çətin və mürəkkəb qurğu fikirləşmişdilər. Həmin qurğunu mənim bədənimə bağlamışdılar. Yuxarıdan isə məni bir növ qaldırıcı kranla tutmuşdular. Bu epizodun çətinliyi onda idi ki, mən dəqiqliklə yuxarı qaldırılmalı, yellənmək imkanı yaratmamalı idim".

Yeri gəlmişkən, bu epizodun çəkilişləri kinostudiyanın pavilyonunda lentə alınıb: "Bildiyiniz kimi kinostudiyanın pavilyonu müəyyən saat üçün hazırlanırdı. Və həmin saat ərzində çəkilişlər yekunlaşmalı idi. Nəhayət ki, çətinliklə də olsa çəkilişləri yekunlaşdırdıq. Rejissor çəkiliş üçün hamıya minətdarlıq bildirdi və hər kəs də çıxıb getdi. Təsəvvür edin ki, pavilyonu sonuncu tərk edən də ədəb-ərkanla işıqları söndürüb getmək istəyəndə sanki mən yuxudan ayıldım. Axı hamı ilə birgə, bəlkə də hamıdan çox bu səhnədə əziyyət çəkən mən olmuşam. Belə bir məqamda məni yuxarıdan sallanmış vəziyyətdə qoyaraq və unudaraq çıxıb getmək olardı? Pavilyonu sonuncu tərk edəndən soruşdum ki, "bir dəqiqə dayanın, bəs məni kim xilas edəcək?" Cavabında təəccüblə "sən hələ ordasan?" dedi. Sonra yaradıcı heyəti yenidən geri çağıraraq məni qurğudan azad etdilər".

Söhbət əsnasında aktyor Eldəniz Quliyevlə olan dostluğunun 1972-ci illərə təsadüf etdiyini qeyd edir: “Hətta Moskvada təhsil aldığımız illərdə tez-tez görüşürdük. Eldəniz həmişə mənə deyərdi ki, "elə bil səni ətalət basıb, irəli getməyin üçün kimsə səni arxadan itələməlidir. Rüstəm obrazının yaranma tarixi belə başlamışdı. Təbii ki, cinin olması mistik bir varlıqdır. Filmin son epizodlarında deyildiyi kimi, gərək insan kənardan kömək gözləməsin. Hər bir insan öz həyatı uğrunda düzgün mübarizə aparmalı, yalançı prinsirlərdən uzaqda qalmalıdır".

Onu da qeyd edək ki, SSRİ dövründə sualtı çəkilişlər yalnız Yaltada aparılırdı. "Cin mikrorayonda" filminin də sualtı çəkilişləri Yaltada aparılıb. Bu baxımdan çəkiliş qrupu iki dəfə olmaq şərti ilə Yaltaya səfər edib: "İlk səfərimiz zamanı hava şəraiti əlverişli olmadığı üçün çəkiliş apara bilmədik. Ancaq ikinci səfərimizi avqust ayına təyin etdik. Həmin ayda Yaltada hava şəraiti çəkiliş üçün imkan yaradırdı. Bu həmin epizoddur ki, mən suyun altında çırağı tapıram” deyir Ötkəm İskəndərov.

 

2-ci kateqoriya

Filmin çəkilişləri bir çox yerlərdə - Bakının Əhmədli və Günəşli yaylalarında, bulvarda, Mərdəkanda, Şüvəlanda, Şağanda, Qız qalasının ətrafında, eyni zamanda isə kinostudiyanın pavilyonunda aparılır. Filmin hazırlıq işləri bitdikdən sonra hər iki Bədii Şura tərəfindən o qəbul olunur. Amma bu qədər çətinliyı, çək-çevirə, əzab-əziyyətə baxmayaraq Moskva Kino İdarəsi filmi 2-ci kateqoriyaya layiq görür.

Bax cin mikrorayonda bu cür peyda olur.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.