
Super User
Qubada Gənclər Gününü millət vəkili gənclərlə birlikdə qeyd etdi
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün - 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin təqvimə daxil etdiyi bu günün bir özəlliyi də odur ki, Gənclər Günü nəinki MDB məkanında, ümumiyyətlə dünyada ilk dəfə məhz Azərbaycanda təsis edilib.
Azərbaycan Respublikasının Milli Məclisinə Qubadan seçilmiş deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə 1 fevral 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının bir qrup fəal tələbəsi ilə səhər yeməyi süfrəsi ətrafında görüşüb.
ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyevin təşəbbüsü ilə baş tutan görüşdə Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova, filialın humanitar və sosial elmlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, GİKM-in Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev və filialın aktiv, ictimai fəal tələbələri iştirak ediblər.
Səmimi ortamda təşkil edilmiş görüşü Filialın direktoru dosent Yusif Alıyev giriş sözü ilə açaraq tələbələri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edub, bu əlamətdar gün münasibətilə millət vəkili, tanınmış yazıçı və geniş siyasi-iqtisadi təcrübəyə malik, professor Əlibala Məhərrəmzadə ilə tələbələrin görüşünün keçirilməsini yüksək dəyərləndirib.
Direktor Yusif Alıyev, həmçinin qeyd edib ki, Filialın tələbələri hər zaman təkcə təlim-tədrisdə deyil, intellektual yeniliklərin təbliğində, ictimai-ideoloji sahədəki fəaliyyətləri ilə də öndə olmaq uğrunda fədakarlıqları ilə seçiliblər. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı tarixi Fərmandan sonra hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Həmin vaxtdan etibarən dünya məkanında ilk dəfə olaraq Azərbaycanda gənclər üçün belə bir gün təşkil edildi. Dünya Gənclər Günü isə 1998-ci il 12 avqust tarixində BMT-nin Lissabon toplantısında elan olundu. Bu da Ulu Öndərin Azərbaycan gəncliyinə verdiyi dəyərin əyani nümunəsidir.
Millət vəkili, professor Əlibala Məhərrəmzadənin Azərbaycanda elm və təhsil sahəsində savadlı mütəxəssis kimi tanınmasını vurğulayan direktor Yusif Alıyev onun zəngin elmi-praktik təcrübəsinin, iqtisadi-siyasi təhlillərinin bölüşülməsinin tələbələrin peşəkar inkişafı üçün çox faydalı olacağını əminliklə qeyd edib.
Səmimi ortamda keçən görüşə görə məmnunluğunu ifadə edən Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə öz çıxışında müasir Azərbaycan gəncliyinin böyük dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq Azərbaycan gəncliyini bu imkanlardan səmərəli istifadə etməyə səsləyib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən elm və təhsil siyasəti sahəsində görülən işlərin bariz nümunəsi kimi bu gün Quba filialının inkişafı göz önündədir. Bu da filialda təhsil alan bölgə tələbələrinin təhsilə əlçatanlıqlarının üstünlükləri ilə ifadə olunur.
Millət vəkili, həmçinin bildirib ki, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında gənclərimizin tarixi xidmətləri və missiyaları vardır. Eyni zamanda gənclərimiz ictimai-siyasi fəallıqları ilə daim dövlətçiliyimizin keşiyində olublar. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin istiqamətləri barədə fikir və mülahizələrini bölüşən millət vəkili direktor Yusif Alıyevin rəhbərliyi ilə filialın sağlam demokratik yanaşmalar əsasında idarə edilməsinə dair müşahidələrini də bölüşüb.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova da gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlar üçün ölkədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb. Partiya funksiyaneri qeyd edib ki, 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.
Görüşdə tələbələrin millət vəkili Əlibala Məhərrəmzadəyə ünvanladıqları maraqlı suallar cavablandırılaraq onların bir çox istək və arzuları da diqqətlə dinlənilib və bəzi məsələlərin müsbət həll ediləcəyinin mümkün olacağı bildirilib.
Gənclər Gününüz mübarək, əziz gənclər!
“Ədəbiyyat və incəsənət”
(02.02.2025)
BU GÜN GƏNCLƏR GÜNÜDÜR - Milli Konservatoriyanın gəncləri
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan gəncliyi dedikdə ilk əvvəl gözümün önünə 44 günlük müharibə, müharibədə canından keçmiş şəhidlər və qazilər gəlir. Çətin gəncliyi olan bir dövr, valideynlərin vətənə sevgi və məhəbbətlə böyütdüyü gənclik gəlir.
Azərbaycanın gələcəyi olduqları halda, bu gələcəyi özləri üçün və özlərindən sonra gələnlər üçün qazanmış igid vətən aşiqləri. Azərbaycan gəncliyi bu baxımdan nə qədər ucadır.
Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi olduğum üçün bizim gənclərimizdən söz açmaq istəyirəm. Bura ilk gəldiyim gündən sevdiyim və məni bura bağlayan qüvvələrin ən əsası tələbələr olub.
Onlar özünəməxsus davranışları ilə çox seçilir. Dəhlizlərdə məşq edib, imtahanda həyəcan yaşayar, böyük səhnələrdə uğur qazanar, müsabiqələrə can atıb qalibiyyət qazanarlar. Hər gün gördükləri ustadlardan dərs alıb, onların ruhunu yaşatmağı bacararlar.
Onlar ixtisas dərslərini sevir, böyük şövqlə qatılırlar. Çox gülərüzdürlər və gözəldirlər. Əzmkardırlar, ədəbli və alidirlər. Onları çox sevirəm. İstedadları tükənməzdir.Təsadüfi olmadıqları üçün, tam öz yerlərində olduqları üçün və nə istədiklərini bildikləri üçün sənət aləmində atdıqları addımlarıyla fəxr edirəm.
Mən onların işindən ən uğurlularını seçmək istəmirəm. Çünki onlar özü özlüyündə Uğurun özüdürlər.
Ayrı-ayrı ixtisaslar üzrə təhsil alan tələbələr öz sevdikləri sahədə irəliləmək üçün gecə-gündüz çalışırlar. Onların gözlərində elə böyük məhəbbət və sevgi var ki, bunu sözlə izah etmək mümkün deyil.
Azərbaycan Milli Konservatoriyası yarandığı gündən ta bu günə qədər bir amalla irəliləyib: Milli musiqi təhsilinin inkişafı. Eyni zamanda Azərbaycanın milli musiqi yaddaşının qorunması və onun gələcək nəsillərə ötürülməsi. Muğamın və qədim musiqi alətlərimizin qorunması.
25 yaşını qeyd etdiyimiz Azərbaycan Milli Konservatoriyasının rəhbərlərinin, müəllim və professorlarının amalı, tələbələrin gələcəyini düşünməkdir, onların musiqi təhsilini layiqincə əldə etmələrinə çalışmaqdır. Çünki Azərbaycan milli musiqisini qorumaq hər bir mədəniyyətimizin gələcəyini düşünən ziyalı üçün öncəlikdir.
AMK-nın bu tək amalı uğrunda çalışan sənətkarlar, professorlar, müəllimlər bir məqsədlidir: Milli musiqimizin layiqincə inkişafı, Azərbaycan musiqi ənənələrinin qorunması, yüksək səviyyədə təhsil, AMK-nı təmsil edən məzunların uğuru və dəyəri.
Bu qarşılıqlı məhəbbət tələbələrdə də müşahidə olunur.
Sənətə və sənətkarlığa qiymət vermiş ali insanların amalı olan Azərbaycan Milli Konservatoriyası varlığı ilə Azərbaycan Mədəniyyəti üçün bir töhfədir.
Bunu AMK-da tələbələr, gənc müəllimlər, o aləmə qədəm qoymuş hər kəs dərk edir.
Mən, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi olaraq, onların uğurlarını paylaşdıqca, çıxışlarına baxdıqda çox sevinir və fərəhlənirəm. Qürurla paylaşımlar edirəm, tədbirlərə qatılıram, onlarla söhbət etmək və onların ifalarını dinləməklə xoşbəxt oluram.Gənc tələbələr içində inkluziv təhsil alanlar da var. Hər hansı bir qüsur olduğu halda belə, onların sevərək təhsilini davam etməsi, digər tələbələrin onlara qayğısı, sevgisi, dostluğu bütün sərvətlərdən üstündür.
Mənəviyyatı zəngin, istedadlı nur tələbələri Gənclər Günü münasibəti ilə təbrik edirəm. Onlara uğur arzulayıram. Bizim sabahımız, gələcəyimiz olan tələbələrimizə sənət zirvəsi, ucalığı, doğma ocaqlarına layiq olmağı arzulayıram.
Gənclik elə bir dövrdür ki, onun hər anının, hər dəqiqəsinin qədrini bilmək, doya-doya yaşamaq və təhsildə inkişaf etmək vacibdir.
Bunu anlayan hər insan demək ki, boş yaşamayıb və həyatda çox nailiyyətlərə çatıb.
Uğurlu ol, mənim gənc dostum. Çünki sən musiqi dünyasında bir zərrəsən. Onu işığa çevirməyə tələs. Uğurlara yetiş, yolun ucalıq olsun.
“Ədəbiyyat və incəsənət”
(02.02.2025)
Ermənistan- Gürcüstan bağları: dünən, bu gün, sabah... - 2-Cİ YAZI
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Gürcüstanı erməni təcavüzündən qurtaran QARABAĞ...
Əgər Ermənistanın hərbi, iqtisadi və diplomatik potensialı yetərli olsaydı, o, Gürcüstanı da, eynən Azərbaycan kimi, problemlə üz-üzə qoymağa çalışacaqdı. Lakin bu, bir neçə əsas faktorun Ermənistanın strateji hesablamalarına təsir etməsi ilə mümkün olmadı:
Birinci faktor,
iki cəbhədə dözümlülük imkanının olmamasıydı.
Ermənistan onsuz da Qarabağ məsələsində ciddi resurs itkisi və uzunmüddətli qarşıdurma içindəydi. Gürcüstana qarşı ikinci cəbhənin açılması:
- Hərbi baxımdan qeyri-realist idi, çünki Ermənistan ordusu həm Azərbaycanın, həm də Gürcüstanın güclü müttəfiqləri ilə üz-üzə qalacaqdı.
- Diplomatik təcrid riskini artırardı, çünki bu cür addım beynəlxalq ictimaiyyət tərəfindən daha sərt təzyiqlərə səbəb ola bilərdi.
İkinci faktor,
himayədar güclərin mövqeyi idi.
Ermənistanın əsas beynəlxalq dəstəkçilərinin mövqeyi, Gürcüstana qarşı belə bir addımın qarşısını aldı:
- ABŞ və Fransa:
Gürcüstan Batı üçün strateji müttəfiq idi və Ermənistanın belə bir təxribatı bu ölkələrin dəstəyini itirməsinə səbəb olardı. Gürcüstanın NATO-ya yaxınlaşması və Avropa Birliyi ilə (ən azı ötən ilədək davam edən) işbirliyi, onu Batının Güney Qafqazdakı dayaq nöqtəsinə çevirmişdi.
- Rusiya:
Rusiya Gürcüstanla müəyyən problemlərinə baxmayaraq, bölgədə tamamilə Ermənistanın çıxarlarına uyğun bir ssenarini dəstəkləməyib. Rusiya daha çox “tarazlığı qorumaq” və lazım gəldikdə hər iki tərəfi nəzarətdə saxlamaq mövqeyi sərgiləyib.
- İran:
İran isə Ermənistan və Gürcüstan arasında dəngəlimünasibətləri saxlamağa çalışaraq, açıq şəkildə tərəf tutmamaq siyasəti yürüdür.
Üçüncü faktor,
bölgəsəl geosiyasi ortam idi.
Ermənistanın Gürcüstanda problem yaratmaq istəməsi, özəlliklə, Cavaxetiya bölgəsində etnik ermənilər üzərindən bir separatizm təşviq etməsi, bölgəsəl aktorlar üçün ciddi bir təhlükə olardı:
- Azərbaycan Gürcüstanla sıx strateji bağlara malikdir və belə bir ssenariyə qarşı Gürcüstanı hərtərəfli dəstəkləyərdi.
- Türkiyə Gürcüstanın ərazi bütövlüyünə qarşı hər hansı addıma sərt cavab verərdi; çünki Türkiyə-Gürcüstan münasibətləri strateji önəm daşıyır.
Dördüncü faktor,
Samtsxe-Cavaxetiya bölgəsinin gerçəklikləri ilə bağlıdır.
Cavaxetiyada yaşayan erməni icmasının Ermənistan tərəfindən manipulyasiya olunması riskinə baxmayaraq:
-Gürcüstanın iç siyasəti bu bölgədə dövlət nəzarətini qoruyur.
-Bölgədəki erməni əhalisinin heç də hamısı separatizm ideyasına isti yanaşmır, çünki onlar Gürcüstanın iqtisadi və sosial sabitliyindən gen-bol yararlanır.
Beləliklə,
Ermənistanın imkanları geniş olsaydı, Gürcüstana qarşı təxribat və ya separatizm təşviqi ehtimalı artardı. Lakin Ermənistanın məhdud hərbi, iqtisadi və diplomatik resursları, himayədar güclərin mövqeyi və bölgəsəl geosiyasi dəngə, onu belə bir addımdan çəkindirdi. Bununla belə, Ermənistanın tarixən qonşularına qarşı irəli sürdüyü iddialar və separatizm strategiyaları, gələcəkdə də diqqətli yanaşma tələb edir. Ən azı, Abxaziya savaşında erməni hərbi bölmələrinin gürcülərə qarşı “İkinci Xocalı” qəddarlığı törətdiyi gürcülərə də, mövzuya biganə qalmayan hər kəsə də bəsbəllidir.
XX yüzilin 80-ci illərində keçmiş SSRİ-nin hər yerindəolduğu kimi, Abxaziyada da fəaliyyət göstərən erməni terror-siyasi qurumlarının məkrli çalışmaları üzə çıxıb. O dönəmdəAbxaziya ermənilərini koordinasiya etmək üçün əsas iki qurum – “Krunk” (Suxumi) və “Maştots” (Qaqra)yaradılmışdı. Hər iki adıyaman qurum rəsmi İrəvan, kilsə (Eçimədzin) və “Daşnaksütyun” tərəfindən dəstək görürdü.
Stalin-Mikoyan tandemi və maraqların tarazlaşdırılmasımodeli
Stalin-Mikoyan tandemi, Sovet İttifaqı dönəmindəErmənistanın və Gürcüstanın çıxarlarının müəyyən mənada tarazlaşdırılması üçün bir vasitə rolunu oynadı. Bu tandem, özəlliklə Güney Qafqazda Sovet siyasətinin formalaşdırılmasında əsaslı təsirə malik idi. Bununla belə, Sovet İttifaqının dağılması ilə bu model artıq tarixi önəminiitirib və yerini yeni geosiyasi gerçəkliklərə buraxıb. Gürcüstanın çağdaş dönəmdə Türkiyə və Azərbaycanla sıx bağlar qurması, bölgədə yeni bir strateji xəttin meydana çıxmasına səbəb olub.
Aydındır ki, Stalin gürcü əsilliydi və sövq-təbii Gürcüstanın maraqlarını müəyyən qədər qoruyurdu. Stalin Güney Qafqazda Sovet nəzarətinin gücləndirilməsində etnik gərginliklərin idarə edilməsi amilinə üstünlük verirdi.
Mikoyan Sovet rəhbərliyində erməniləri təmsil edən ən yüksək vəzifəli siyasətçi idi. O, Ermənistanın maraqlarını müdafiə etmək üçün vəzifə mövqeyindən istifadə etməmiş deyildi, lakin bu işi ümumsovet maraqları libasına bürüməyi bacarırdı. “(Vladimir) İliçdən (Leonid) İliçə” uzun illər boyu Kremldə yuvalanmağı bacarmış Mikoyan dövlət xadimi ərkanı ilə deyil, dardərə düşüncəsi(zliyi) ilə hərəkət edib...
Onu da vurğulayaq ki, Kreml erməni-gürcü çıxarlarının tarazlaşdırılmasını da diqqətdən uzaq tutmayıb.
-Ermənistan və Gürcüstan arasında müəyyən gizli gərginliklər olubsa da, məlumunuz – Kreml Sovet dönəmində belə gərginlikləri dayandırmış olmalı...
Sovet modelinin zəifləməsi və yeni gerçəkliklər
Bəli, Sovet İttifaqının dağılmasından sonra Stalin-Mikoyanmodeli önəmini itirdi, çünki Güney Qafqaz ölkələri yeni müstəqil siyasət yürütməyə başladı. Bu sürəc həmçinin Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan bağlarının güclənməsi ilə müşayiət olundu. Fikrimizi yığcam şəkildə əsaslandıraq:
1. Gürcüstan-Azərbaycan bağları
-Enerji və daşımaçılıq:
Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyində əsas rol oynayır. TANAP və TAP kimi layihələrdəki işbirliyi, Gürcüstanın iqtisadi sabitliyinə böyük töhfə verir.
-Siyasi dəstək:
Azərbaycan, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bölgəsəl düzeydə vahid strategiya yürüdür.
- Mədəni bağlar:
Gürcüstan Respublikasının vətəndaşı olan, oranın yerli, köklü xalqlarından olan azərbaycanlılar iki ölkə arasında mədəni bağları gücləndirən ən əsas faktordur.
2. Gürcüstan-Türkiyə bağları
- İqtisadi tərəfdaşlıq:
Gürcüstan və Türkiyə arasında ticarət və enerji sahələrində geniş işbirliyi qurulub. Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmir yolu layihələri bu işbirliyinin əsas sütunlarıdır.
- Strateji önəm:
Gürcüstan, Türkiyəyə, Türkiyənin önəmli mövqe sahibi olduğu NATO-ya yaxınlaşan bir tərəfdaşdır. Türkiyə öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü (Abxaziya və Güney Osetiya məsələsində) dəstəkləyir.
- Mədəni təsir:
Gürcüstanın Türkiyə ilə yaxınlaşması, əsasən Axıskatürklərinin, digər türk-islam mənsubu xalqların hüquqlarının tanınması və inteqrasiyası ilə dəstəklənir.
3. Ermənistanın özündən qaynaqlanan təcrid:
-Gürcüstanın Türkiyə və Azərbaycanla sıx bağlarındanErmənistan ciddi zərər görür. Bu bağlar Ermənistanın bölgəsəllayihələrdən qıraqda qalmasına səbəb olur. Lakin bu gedişatdasuçlu nə Azərbaycan, Türkiyə, nə də Gürcüstan deyil, bilavasitə Ermənistanın özüdür.
-Zəngəzur dəhlizi məsələsi, Ermənistanın geosiyasi blokadadan çıxması üçün bir fürsət olsa da, Gürcüstan məhz öz ərazisindən keçən marşurutlarda maraqlıdır. Zəngəzur dəhlizinin bu günə qalmasının tək suçlusu da Ermənistandır – onlar işğalçılığı iqtisadiyyatdan üstün tutdular və sonucuna da qatlanmaq zorundadırlar...
Gürcüstanın yeni geosiyasi mövqeyi
Gürcüstan Türkiyə və Azərbaycanla bağlarından yararlanaraq öz strateji mövqeyini gücləndirir.
- Bölgəsəl iqtisadi mərkəz:
Gürcüstan enerji kəmərləri və daşımaçılıq yolları ilə bölgəsəliqtisadiyyatın mərkəzi mövqeyindədir.
- Sabitlik və işbirliyi:
İç sabitliyinin, ərazi bütövlüyünün qorunmasındaAzərbaycanın və Türkiyənin dəstəyi Gürcüstan üçün önəmlidir.
Sonuc olaraq, vurğulayaq ki,
Adıyaman Stalin-Mikoyan modelindən sonra yaranmış yeni geosiyasi ortam Gürcüstanın Türkiyə və Azərbaycanla sıx işbirliyi edərək bölgəsəl mövqeyini gücləndirməsinə imkan yaratdı. Ermənistan isə bu münasibətlərdən qıraqda qaldı, çünki onun bölgəsəl siyasəti öz əsassız iddialarından, hikkəsindən qaynaqlanan strateji təcridlə xarakterizə olunur. Bu sürəc, Gürcüstanın bölgədə artan iqtisadi və siyasi təsiri ilə sonuclanıb.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkildə: 3 həftəlik erməni-gürcü müharibəsi. 1918-ci ilin dekabrı.
“Ədəbiyyat və incəsənət”
(02.02.2025)
Səbail gəncləri Hacı İsmayılovla görüşdülər
Mina Rəşid, “Ədəbiyyat və incəsənət”
Hacı İsmayılov - bu ad çoxminli kino-teatr tamaşaçıları üçün tək elə “Ad günü” filmindəki mükəmməl ifası ilə əzizdir.
31 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə YAP Səbail Rayon Təşkilatı gənclərinin Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirildi.
"Heydər Əliyev və mədəniyyət" mövzusunda keçirilən tədbiri giriş sözü ilə YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev açdı. O, tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açdı, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışdı. Sonra sözü
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılova verdi.
Hacı İsmayılov Azərbaycan gəncliyinin bu günki uğurlarını qeyd edərək Heydər Əliyevin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın gələcəyinin məhz gənclərin siyasi, ictimai fəaliyyətindən asılı olduğunu vurğuladı.
Tədbirdə Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olundu.
Səmimi şəraitdə davam edən görüşdə Hacı İsmayılov gəncləri maraqlandıran sualları cavablandırdı.
Tədbirdə çıxış edən İttifaqın sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan gəncliyinin inkişafından danışdılar, gənclərə dəyərli tövsiyələr verdilər.
Sonda xatirə şəkli çəkildi.
“Ədəbiyyat və incəsənət”
(01.02.2025)
“Türk dünyası” adlı sərginin açılış mərasimi olub
Yanvarın 31-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Xalq rəssamı Əşrəf Heybətinin “Türk dünyası” adlı sərgisinin açılış mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova sərgidə yer alan əsərlərin çoxfiqurlu və poetik kompozisiyaları ilə türk xalqlarının ruhunu, ənənələrini və yaşayış tərzini əks etdirdiyini bildirib.
Fondun bu cür layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd edən A.Raimkulova deyib: “Əsərlər Türk dünyasının tarixinin və eposlarının görkəmli nümayəndələri – Dədə Qorqud, Şah İsmayıl, Atilla və başqalarının obrazlarını canlandırır. Onların rəngarəngliyi və incə işlənmiş detallar ziyarətçilərə türk mədəni irsini fərqli prizmadan tanıdır. Sərgi yalnız incəsənət həvəskarlarını deyil, həm də türk tarixinin, mədəniyyətinin və irsinin dəyərini anlamaq istəyən hər kəsi özünə valeh edir. Məqsədimiz mədəniyyətimizi qorumaq və beynəlxalq arenada təbliğ etməkdir”.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) prezidenti, professor Fuad Məmmədov vurğulayıb ki, bu sərgi bizi birləşdirən möhtəşəm bir rəmzdir.
“Əşrəf Heybəti Türk dünyasına dəyərli töhfələr vermiş görkəmli sənətkardır. O, gözəl yaradıcılığı ilə təkcə Azərbaycan mədəniyyətini və incəsənətini deyil, həm də bütün türk xalqlarını dünyaya tanıdır. Rəssamın yaradıcılığı rəngarəng və dərin məna daşıyan türk rəmzləri ilə zəngindir”,- deyə F.Məmmədov əlavə edib.
Sərginin müəllifi Əşrəf Heybəti rəssam kimi missiyasının türk mədəniyyətini dünyada layiqincə təbliğ etmək olduğunu söyləyib.
Əşrəf Heybəti Fondun prezidenti Aktotı Raimkulova tərəfindən zəngin türk mədəni irsini öz əsərlərində yüksək səviyyədə əks etdirdiyinə və “Türk dünyası” sərgisini uğurla təşkil etdiyinə görə təltif olunub.
Xalq rəssamı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna əsərini hədiyyə edib.
Sonda qonaqlar sərgi ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(01.02.2025)
“ASAN xidmət"in QDİƏT-lə əməkdaşlığı genişlənir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku arasında ikitərəfli görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, görüş zaman QDİƏT-in Baş katibi Bakıda keçirilmiş “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Dövlət Agentliyi tərəfindən təşkil olunmuş “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu”nda iştirakını məmnunluqla qeyd edib.
Qonaq Dövlət Agentliyi tərəfindən 2021-2023 və 2023-2025 illərdə QDİƏT-in “İnstitusional İslahatlar və Yaxşı İdarəçilik” üzrə İşçi Qrupunda sədrlik edildiyini vurğulayaraq bu çərçivədə həyata keçirilən fəaliyyətlərin təqdirəlayiq hesab edildiyini bildirib.
Həmçinin “ASAN xidmət” təcrübəsinin təşkilata üzv bir sıra dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa dair müzakirələr də aparılıb.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Gənclər Gününə həsr olunmuş daha bir tədbir
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
31.01.2025-ci il tarixində Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyində “2 Fevral – Gənclər Günü” münasibəti ilə dəyirmi masa təşkil edilib.
Tədbirdə bir qrup gənc və tələbələr iştirak ediblər.
İlk öncə Vətən uğrunda şəhid olan gənclərin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra muzeyin direktor əvəzi Arzu Əliyeva, bələdçisi Elmira Mütübullayeva gəncləri təbrik edərək öz çıxışlarında gənclər gününün təsis edilməsində ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğundan, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər siyasətindən, dövlətin gənclərə göstərdiyi qayğıdan, Azərbaycan gənclərinin ölkəmiqyasında hərtərəfli fəaliyyətindən, ölkəmizin qazandığı uğurlarda gənclərin iştirakından bəhs ediblər.
Sonda Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Oğuzlu şair, tədqiqatçı Yusif Rza ilə görüş keçirilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
31 yanvar 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxananın başlatdığı “ Oğuzun tanınmış simaları” layihəsi çərçivəsində oğuzlu şair, AYB-nin üzvü, tədqiqatçı Yusif Rzanın görüşü təşkil olunub.
Görüşdə Qəbələ və Oğuzun ədəbi mühitinin nümayəndələri, ziyalılar, yaradıcılıqla məşğul olan insanlar, RİH-in nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri, poeziya sevərlər, məktəblilər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını qəhrəmanlıqla fəda edən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
Oğuz rayon MKS-nin direktor əvəzi Nəzakət xanım Qasımova tədbir iştirakçılarını salamladıqdan sonra, Mərkəzi kitabxananın böyük kitabxanaçısı şairin həyat və yaradıcılığı haqqında məlumat verib.
Çıxış edənlər Yusif Rzanın bir Oğuz ziyalısı kimi tarixi və etnoqrafik məqalələrinin, kitablarının Oğuzun tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətli olduğundan danışıblar. Yusif Rzanın bir şair kimi öz dəst-xəttinin olduğu, Oğuzun istər poetik, istərsə də elmi məqalələrində mühüm əhəmiyyət daşıyan tarixi mövzulara müraciəti təqdirəlayiq olduğu vurğulanıb. Yusif müəllimə elmi və ədəbi yaradıcılığında uğurlar arzulanıb.
Məktəblilərin ifasında müəllifin şeirləri səsləndirilib, sözlərinə həsr olunmuş mahnılar dinlənilib.
Müəllif iştirakçılara öz kitabını hədiyyə edib. Oxucular tərəfindən şairə yaradıcılığı ilə bağlı suallar ünvanlanıb.
Sonda xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Qərbi Azərbaycan İcması Gənclər Gününü qeyd edir
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Bu gün - 31 yanvar 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmdilər.
Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov Qərbi Azərbaycan gənclərini, eləcə də bütün Azərbaycan gənclərini təbrik etdi. Tədbirdə gənc deputat, millət vəkili Pərvanə Vəliyeva, YAP Nizami bələdiyyəsinin üzvü Yeganə Ziyad qızı, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin əməkdaşları, həmçinin “Ədəbiyyat və İncəsənət” portalının əməkdaşı kimi bəndəniz Zəhra Allahverdiyeva və digər Qərbi Azərbaycanlı ziyalılar və gənclər çıxış etdilər.
Fürsətdən istifadə edib çıxışımın stenoqramını diqqətinizə çatdırıram:
-Salam, hər vaxtınız xeyir olsun. Bu gün burada iştirak edən və etməyən bütün Qərbi Azərbaycan vətəndaşlarını, eləcə də bütün Azərbaycan xalqını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm. Mən Böyük Vedi rayonunun Şidli kəndinin sakini Zəhra Allahverdiyeva Asif qızıyam. Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıram. Universitetimizdə Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlərə qatılır, fransız dilində esse və inşa müsabiqələrində iştirak edirəm. Həmçinin “Ədəbiyyat və İncəsənət” portalında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələri haqqında məqalələr dərc etdirirəm.
Biz – Qərbi Azərbaycan gəncləri inanırıq ki, necə ki bu gün burada toplaşmışıq, ata-baba yurdlarımızda da belə məclislərdə və tədbirlərdə bir araya gələcəyik.
Biz qayıdışla bağlı müxtəlif sosial şəbəkələrdə paylaşımlar etməli, yurd sevgimizi əks etdirməliyik. Cənab Prezident İlham Əliyev qayıdış məsələsinə xüsusi diqqət ayırır və Qərbi Azərbaycanlılara, o cümlədən gənclərə dəstəyini əsirgəmir.
Biz ona uzun ömür və fəaliyyətində uğurlar arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Bakı Slavyan Universitetində Gənclər Günü ilə bağlı dəyirmi masa təşkil edilib
Bu gün - 31 yanvar 2025-ci il saat 11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verirki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalılar iştirak edib.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "
Əməkdar Jurnalisti, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varisin moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib.
Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib .
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib.
Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib:
“Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur, Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”.
I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov “Keçmişdən gələcəyə estafetin ötürülməsi”, Varis “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər.
Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar.
Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)