Qubada Gənclər Gününü millət vəkili gənclərlə birlikdə qeyd etdi Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin təqvimə daxil etdiyi bu günün bir özəlliyi də odur ki, Gənclər Günü nəinki MDB məkanında, ümumiyyətlə dünyada ilk dəfə məhz Azərbaycanda təsis edilib. 

 

Azərbaycan Respublikasının Milli Məclisinə Qubadan seçilmiş deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə 1 fevral 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının bir qrup fəal tələbəsi ilə səhər yeməyi süfrəsi ətrafında görüşüb.

ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyevin təşəbbüsü ilə baş tutan görüşdə Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova, filialın humanitar və sosial elmlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, GİKM-in Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev və filialın aktiv, ictimai fəal tələbələri iştirak ediblər.

Səmimi ortamda təşkil edilmiş görüşü Filialın direktoru dosent Yusif Alıyev giriş sözü ilə açaraq tələbələri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edub, bu əlamətdar gün münasibətilə millət vəkili, tanınmış yazıçı və geniş siyasi-iqtisadi təcrübəyə malik, professor Əlibala Məhərrəmzadə ilə tələbələrin görüşünün keçirilməsini yüksək dəyərləndirib. 

Direktor Yusif Alıyev, həmçinin qeyd edib ki, Filialın tələbələri hər zaman təkcə təlim-tədrisdə deyil, intellektual yeniliklərin təbliğində, ictimai-ideoloji sahədəki fəaliyyətləri ilə də öndə olmaq uğrunda fədakarlıqları ilə seçiliblər. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı tarixi Fərmandan sonra hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Həmin vaxtdan etibarən dünya məkanında ilk dəfə olaraq Azərbaycanda gənclər üçün belə bir gün təşkil edildi. Dünya Gənclər Günü isə 1998-ci il 12 avqust tarixində BMT-nin Lissabon toplantısında elan olundu. Bu da Ulu Öndərin Azərbaycan gəncliyinə verdiyi dəyərin əyani nümunəsidir.

Millət vəkili, professor Əlibala Məhərrəmzadənin Azərbaycanda elm və təhsil sahəsində savadlı mütəxəssis kimi tanınmasını vurğulayan direktor Yusif Alıyev onun zəngin elmi-praktik təcrübəsinin, iqtisadi-siyasi təhlillərinin bölüşülməsinin tələbələrin peşəkar inkişafı üçün çox faydalı olacağını əminliklə qeyd edib. 

Səmimi ortamda keçən görüşə görə məmnunluğunu ifadə edən Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə öz çıxışında müasir Azərbaycan gəncliyinin böyük dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq Azərbaycan gəncliyini bu imkanlardan səmərəli istifadə etməyə səsləyib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən elm və təhsil siyasəti sahəsində görülən işlərin bariz nümunəsi kimi bu gün Quba filialının inkişafı göz önündədir. Bu da filialda təhsil alan bölgə tələbələrinin təhsilə əlçatanlıqlarının üstünlükləri ilə ifadə olunur. 

Millət vəkili, həmçinin bildirib ki, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında gənclərimizin tarixi xidmətləri və missiyaları vardır. Eyni zamanda gənclərimiz ictimai-siyasi fəallıqları ilə daim dövlətçiliyimizin keşiyində olublar. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin istiqamətləri barədə fikir və mülahizələrini bölüşən millət vəkili direktor Yusif Alıyevin rəhbərliyi ilə filialın sağlam demokratik yanaşmalar əsasında idarə edilməsinə dair müşahidələrini də bölüşüb. 

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova da gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlar üçün ölkədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb. Partiya funksiyaneri qeyd edib ki, 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. 

Görüşdə tələbələrin millət vəkili Əlibala Məhərrəmzadəyə ünvanladıqları maraqlı suallar cavablandırılaraq onların bir çox istək və arzuları da diqqətlə dinlənilib və bəzi məsələlərin müsbət həll ediləcəyinin mümkün olacağı bildirilib.

Gənclər Gününüz mübarək, əziz gənclər!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.