
Super User
Onun istiqlal məfkurəsi
Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
İstiqlal carçılarımızın milli azadlıq mübarizəsini körükləməsi nəticəsində XX əsrdə ilk çağdaş milli dövlətimiz – Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Biz müstəqilliklə bərabər zamanın sınağından çıxan Cümhuriyyət modelini də kəşf etdik. Tarix bizə müstəqilliyin bərpasına fürsət verdiyi kimi, Cümhuriyyət qurucularının irsini öyrənməyə, tarixi təcrübəsini qazanmağa da zəmin yaratdı.
Gözümüz önündə gerçək tarixin qürurverici səhifələrini vərəqlədikcə Cümhuriyyət günəşinin istisini, işığını hiss edə bilirik. Bu tarixi yüksək ideallar uğrunda ağlasığmaz fədakarlıqlar göstərən, Vətəndən uzaqlarda ömür sürən nisbətən azsaylı bir zümrənin mübarizəsinin tarixidir. Bu tarix, həmçinin Azərbaycanın istiqlalı naminə öz həyatlarını qurban vermiş insanların həyat və mübarizəsi tarixidir. Bu gün xalqın müstəqilliyi yolunda həbsə və sürgünlərə yollanan, min bir əzaba dözərək mühacir həyatı yaşayan Cümhuriyyət liderlərini üçrəngli Azərbaycan Bayrağının dalğalandığı hər yerdə qürur və hörmətlə anırıq.
Bu gün görkəmli dövlət və ictimai-siyasi xadim, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, milli istiqlal hərəkatının və siyasi mühacirətin lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür. Təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşını qoyan M.Ə.Rəsulzadə 1902-ci ildə – on yeddi yaşında Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olan “Müsəlman gənclik təşkilatı”nı yaratdı. 1904-cü ilin axırlarında yaradılan “Hümmət” təşkilatının və eyni adlı qəzetin banilərindən olan Rəsulzadə 1908-ci ildə təqib olunduğunu hiss edərək Təbrizə köçdü. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ildə Türkiyəyə köçür və paytaxt İstanbulda həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ilə görüşərək Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Vətənə qayıdır. 1918-ci il mayın 27-də milli şuranın sədri seçilən Rəsulzadə 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri vasitəsilə Azərbaycanın istiqlaliyyətinin elan olunmasını dünyaya yaydı. Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil olundu. Bununla da Azərbaycan xalqı bir xalq kimi nəinki türk xalqları arasında, həmçinin bütün islam şərqi aləmində ilk dəfə olaraq milli dövlətini qurdu. Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüskarı olan Məhəmməd Əmin Rəsulzadə müxtəlif illərdə universitetin Tarix-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixini” tədris edib. 1919-cu ildə “İstiqlal” jurnalında “Azərbaycan Respublikası” adlı əsəri işıq üzü görən dövlət xadiminin Əli bəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat”, həmçinin Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunub. 1908-ci ildə tamaşaya qoyulan “Qaranlıqda işıqlar” pyesi Azərbaycanda milli istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. 1923-cü ildən İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir.
Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edib. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə “İstiqlal” qəzeti və “Qurtuluş” jurnalı çap edilib. 1947-ci ildən Ankaraya köçən Rəsulzadə burada ömrünün sonuna kimi yaradıcılıqla məşğul olaraq “Azərbaycan şairi Nizami” adlı samballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirib. O, müxtəlif illərdə “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və sair imzalarla tanınıb. Şəkər xəstəliyindən əziyyət çəkən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saatlarında Ankara Universitetinin tibb klinikasında gecə saat 22:50-də ölüm yatağında son dəfə Azərbaycan pıçıldadı. Bəlkə də gözlərini yumarkən xəyalında yenə də 1918-ci ilin mayı canlandı-üçrəngli bayraq, cümhuriyyət sevdalıları, birdə millətin azadlıq sevinci.
Əsli Ordubaddan olan, Təbrizdə dünyaya gözlərini açan dövlət xadimi Ankarada, Əsri qəbiristanlığında dəfn edilib. 1985-ci ildə ölümündən 35 il sonra Oksford Universitetində M.Ə.Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” adlı kitabı ingilis dilində ikinci dəfə çap edildi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə dövlət xadiminin 130 və 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalayıblar.
1920-ci il 28 aprel tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət qurumlarının üzərindən ürəklərə köçdü. 1990-cı il noyabrın 17-də isə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın rəsmi bayrağı kimi qəbul olundu. Bu addım onun dəqiq, vaxtında hesabladığı ən böyük və düzgün addım idi. Qardaşın qardaşı döyüş meydanına səslədiyi zamanda o xalqı köməyə çağırdı. Xilas naminə, qurtuluş naminə. Eynilə Atatürkün Sivasdan Anadolu türkləri ilə coşması və Heydər Əliyevin Naxçıvandan xalqın içindən xalqın xilası naminə atdığı addım kimi.
Zaman-zaman bu üçrəngli bayraq milliyyətçi aydınlar tərəfindən qaldırılmanın həsrətini, zaman-zaman Azərbaycanı ölkələr içindən təmsil etməyin qürurunu, zaman-zaman isə tapdaq altında olan Qarabağda, Xudafərində dalğalandırılmağın həsrətini çəkdi. Üçrəngli ay-ulduzlu bayrağımız ucaldıqca yaraları sağaltdı. Varoluşunda əbədilik qazandı. 1918-ci il sentyabrın 16-da parlaq qələbə münasibətilə Nuru paşanın, Xəlil paşanın, general Əliağa Şıxlinskinin, polkovnik Həbib bəy Səlimovun birlikdə addımladığı meydandan 102 il sonra Türk və Azərbaycan Ordusunun mətin addım səsləri duyuldu.
2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsi zamanı işğal olunmuş bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırıldı.
Cümhuriyyətin 23 aylıq qısa dövrü tarixin böyük dövlətçilik məktəbidir. Vətənpərvərliyin, vəfanın vəmillət yolunda fədakarlığın, şəksiz qələbənin örnəyidir. Cümhuriyyət irsi, onun ideyaları bu gün də davam etdirilir. Gələcəyə aparan işıqlı yolumuzda möhkəm təməl və sarsılmaz istinad nöqtəsi rolunu oynayır. İstər Cümhuriyyət dövründə, istərsə də sonra Azərbaycan daim işğal, beynəlxalq aləmdə təklənmə, ayrı-seçkilik siyasətinin təzahürü kimi təqib və təhdidlərlə davamlı şəkildə üzləşib. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı mətin addımlarla günəşli günlərə doğru yol alır.
Artıq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa edilib. İnanırıq ki, milli istiqlal carçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin məhz torpaqlarımızın işğaldan azad edildiyi illərdə keçirilməsi onun və bu yolda ona yoldaş olan bütün Cümhuriyyət carçılarının ruhunu şad edib.
Sən, zəfərdən doğulmuş, hürr yaşamış, hürr qalacaqsan. Ömrün qısa olsa da, şahidliyin əbədidir. Sən bizə azadlığın bir ideya deyil həm də, carçısı olmağı öyrətdin. Bir kərə yüksəltdiyin o bayraq bütün azad Azərbaycan torpaqlarında dalğalanır, bir daha enməmək üçün. Sən vətəndən uzaqda gözlərini əbədi yumsanda Azərbaycanın hər sabahında yenidən doğulursan!
Günün mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Əlimi uzatdım sevincə sarı… - Vaqif Səmədoğlunun ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif Səmədoğlunun şeirləri təqdim edilir.
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…
*
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
*
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
*
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
*
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...
*
Bir axşam taksidən düşüb payıza...
Bilmədik haraya, hayana gedək...
Bahar həsrətiylə, payız axşamı...
Yenə həzin- hzin, titrədi ürək...
Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı...
Yenə tapılmadı, payız gəlincə
O keçən günlərin itmiş sağları...
*
Şam sönəndə
qaranlıq çöksə yaxşıdır.
Mənim yüzlərlə şam içində
sönən tənha şama
yazığım gəlir.
Hər insan o tənha şamdır...
*
Hər uca bir dağın dərin
Dərəsi var, deyiblər.
Ölümdən başqa hər dərdin,
Çarəsi var, deyiblər...
Bəlkə də hər uca dağın
Zirvəsi dərəsidir,
Bəlkə də ölümün özü
Hər dərdin çarəsidir...
*
Bu ayrılıq dəniziylə
Səni aparan gəmi,
Yuxumdan keçdi bir gecə,
Moskvadan may kimi...
Ondan sonra küçə gördüm,
Getdim aptekə sarı,
O gün ilk dəfə səsləndi,
Ömrün son akkordları...
Ömrün sonuna az qalıb,
Düzsayıramsa əgər,
Bəlkə beş il, bəlkə yüz il,
Bəlkə qapıya qədər...
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
“Sınıq Körpü nağılı” – Zahirə Cabir
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.
Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu. Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, yaşıl meşələri baxanları heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi onların. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar. Kimsənin varında, dövlətində gözləri olmazdı bu elin. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar. Dəmirçilər kəndi adlanırdı bu mahal. Öz işlərinin mahir ustası olan dəmirçilər qol gücü, zindan və alın təri hesabına düzəltdikləri qılıncları ilə ad çıxarmışdılar.
El yığışıb ağsaçlı bir müdrik insanı özlərinə başçı seçmişdilər. Adına Hacı Bədəl deyirdilər. Dünya dağılsaydı belə onun bir sözünü iki edən olmazdı. Hörməti hörmət, ehtiramı ehtiram idi Hacı Bədəlin. Qan-qada ilə işi olmazdı onun. Çalışardı ki, yıxılana əl tutsun, acın qarnın doydursun. Cavanlara həmişə düz yol göstərərdi. Deyərdi ki, yol çəkin dağlara, ağac əkin, obalara bulaq açın. Nahaq qan axıtmayın, tər axıdın. İşiniz onda uğurlu, yollarınız nurlu, aydın olar,- deyərdi həmişə. Qocalar da, cavanlar da, kəndin ağsaqqalı da, qarasaqqalı da Hacı Bədəl kimi müdrikin sözlərini həmişə sırğa edərdi qulaqlarında. Amma xəbis, paxıl insanlara rast gəlməyəsən. Uzaq diyarlardan bura gələnlərin gözləri götürməzdi bu firavanlığı, bu bolluğu. Həmişə də savaşla bu iş yekunlaşardı, qan tökülərdi, Neçə igid qurban verərdi öz canını el yolunda, yurd yolunda.
Bu kənd vüqarlı dağların qoynunda yerləşirdi. Dağların arasından kükrəyib axan Ağa çayından camaat hər işində istifadə edərdi. Hacı Bədəl bir gün kəndin adamlarını toplayıb dedi, nə vaxtacan biz yadellilərlə vuruşub, öz igid oğullarımızı itirəcəyik. Gəlin, o biri kəndlərlə birləşək, həmrəy olaq və onlara qarşı mübarizə aparaq. Amma bu kəndi o biri kəndlərdən kükrəyən çay ayırırdı. Hacı Bədəl öz xərci hesabına kəndlərin arasındakı Ağa çayı üzərində körpü salmaq üçün camaatı topladı, fikrin bildirdi. Bütün mahal bu işə razılıq verdi. Kəndin camaatı əl- ələ verib körpü saldılar. Körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının üstündə salınır. Heç vaxt ram olmayan, dəlisov dağ çayının üstündə salınan körpü tağbənd formasında, ortasında dayaqlar olmadan tikildi ki, kükrəyib daşan dağ çayı məcrasından çıxanda heç bir şeyi uçurtmadan maneəsiz axsın.
Yadelli tayfa başçısının qızı neçə illər idi ki, Hacı Bədəlin oğlunu sevirdi. Onları bir-birindən yalnız düşmənçilik bağları ayırırdı. Vaxt tapanda meşədə bir ormanda görüşür, öz eşqlərinə sadiq qalacaqlarına and içmişdilər. Qız bir gün oğlan paltarı geyinib, vəfalı qaravaşı ilə körpünü keçib sevgilisi ilə görüşmək istəyir. Çayın üstündə dayanmış cəngavər şübhələnir, onu sorğu- suala tutmaq istəyəndə niqablı pəhləvan qılınca əl atır. Döyüşdə cəngavərin vurduğu qılıncın zərbəsindən körpü iki bölünür, sınır və qız çaya düşür. Qızın başından dəbilqəsi düşür, uzun qara saçları suyun üzündə ilan kimi qıvrılır. Dəlisov çayın hökmdarı qızın gözəlliyi qarşısında ram olur, kükrəmir, qızı sağ-salamat çayın sahilinə çıxarır. Mahalın başçısı Hacı Bədəl bundan xəbər tutur və qıza heç bir xətər toxunmadan öz elinə qaytarmağı əmr edir. Qız and içir ki, məni öz elimə qaytarsaz, özümü həlak edərəm. Bu xəbər qızın atasına çatır. Gözünün ağı-qarası bircə balasından keçə bilmir. Ona görə deyirlər ki, övlad adamı düşmən qapısına da aparar. O, Hacı Bədəlin hüzuruna gəlib, düşmənçilikdən əl çəkdiyi bildirir. Aralarında barışıq olur. Müdrik el atası bir oğluna, sonra qıza baxır, əllərini alnına qoyub xeyli düşünəndən sonra deyir:
- Belə bir gözəl düşmənçilik yox, yalnız sülh yarada bilər.
Bu sözləri eşidən qızın yanaqları lalə kimi qızarır, ala gözlərində yaş damlaları parlayır:
- Hökmdar sağ olsun, mən bu oğlanı sevirəm və söz verirəm ki, ömrümün sonuna qədər ona naxələf çıxmayacağam - deyir.
Müdrik tayfa başçısı öz elini başına yığır, toy tədarükü görmələrini əmr edir. Elə həmin gün toy tədarükü görülür. Yeddi gün, yeddi gecə toy edirlər. Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin, için, xoş gün keçirin.
Sınıq Körpü isə sonradan düzəlsə də elin dilində sınıq körpü kimi qalır. Müdrik insanlar sevən ürəklərin körpülərini tikdilər.
Indi də bu körpü el arasında Sınıq körpü adı ilə məşhurdur. Bu körpü Qubadlının Dəmirçilər kəndindədir.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
MİLLİ KİNOMUZ. Ədalətsizliyin düşməni - “Qaçaq Nəbi”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
İnsan bu həyatda ədalətsizliyə, haqsızlığa qarşı bir cür mübarizə aparır. Belə insanlardan biri də el qəhrəmanı hesab edilən Qaçaq Nəbi idi ki, haqqında film çəkilibdir.
Film rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudovun səyi nəticəsində 1985-ci ildə lentə alınmışdır. Şahənşah və adamları Nəbinin zəif nöqtəsinin yerli əhali olduğunu bilirdi. Buna görə də kəndlərə tez-tez basqınlar edib, əhalinin mallarını talan edir, əhaliyə isə divan tuturdular. Bundan xəbər tutan Nəbi kəndə enərək həm əhalinin talan edilən malını təlafi etməklə yanaşı, şahənşahın adamlarından birini ələ keçirərək cəzasını verir. Nəbi hər nə qədər şahənşahın adamları ilə mübarizə aparsa da onun əsas düşməni şahənşaha bağlı olan Səlim bəy idi. Bu şəxs çox çalışsa da Nəbini heç cür ələ keçirə bilmirdi. Səlim bəy sonda bunu bir kəndli üzərindən etməyi bacardı. O Nəbinin silaha və patrona ehtiyacı olduğunu bilirdi. Buna görə də kəndliyə silahları verib Nəbini tapşırdığı yerə çağırmasını istədi. Nəbi silahları götürməyə hazırlaşırdı ki, Səlim bəy onun başının üstünü kəsərək Nəbini yaxaladı Nəbinin ələ keçirildiyini eşidən həyat yoldaşı Həcər gecə ilə həbsxanaya basqın edib onu ordan çxartdı. Həcər ən azı Nəbi qədər cəsur və qorxmaz idi. Nəbi və həyat yoldaşı zamanında xalq düşmənlərinə möhkəm qan uddurdular. Lakin fələk Həcər və Nəbiyədə zərər verdi. Oğlu olacağını öyrənən Nəbi bunun sevincini yaşamadan ikisi arasında seçim etmək məcburiyyətində qaldı. Çünki uşaq dünyaya gəlsəydi Həcərin yaşamaq şansı az idi. Buna görə də Nəbi oğlunu yox, yol yoldaşını, həmdəmini seçdi.
Zamanında ermənilər “Qaçaq Nəbi”nin çəkilməsinə maneə törətmək üçün çox yola əl atdılar. Çünkü Nəbi ermənilərin də başına od ələmişdi. Lakin bu düşüncəsiz yaratıqlar Qara Nəbi ilə Qaçaq Nəbini bir-biri ilə qarışdırmışdılar. Ermənilər çox çaba sərf etmələrinə baxmayaraq film çəkildi və çox uğurlu alındı. Ermənilər yalnız filmin adını dəyişdirməyə nail ola bildilər.
Siz, siz olun zülmə, ədalətsizliyə qarşı səssiz qalmayın. Hər vəclə zülmə qarşı durmağı bacarın. Məhəmməd Peyğəmbər buyurur: “Zülmə qarşı səsini çıxarmayan dilsiz şeytandır”
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
MƏŞHUR TÜRKLƏR. Kül Tigin – Türk tarixinin əfsanəvi sərkərdəsi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Kül Tigin (684–731) Göytürk xaqanlığının görkəmli sərkərdələrindən və dövlət xadimlərindən biri olmuşdur. O, ikinci Göytürk xaqanlığının qurucusu Qapağan xaqanın qardaşı oğlu və Bilgə xaqanın kiçik qardaşı idi. Kül Tigin Göytürk imperiyasının yenidən qurulmasında mühüm rol oynamış və bir sıra uğurlu hərbi yürüşlər həyata keçirmişdir.
Kül Tigin 684-cü ildə doğulmuş və gənc yaşlarından hərbi sahədə bacarıqlı bir sərkərdə kimi tanınmışdır. 716-cı ildə Qapağan xaqanın ölümündən sonra Göytürk xaqanlığında hakimiyyət uğrunda çəkişmələr başlayıb. Kül Tigin qardaşı Bilgə xaqanı taxta çıxarmaq üçün mübarizə aparıb və onu xaqan elan edib. O, daxili sabitliyi təmin etməklə yanaşı, Göytürk dövlətinin ərazilərini genişləndirmək və möhkəmləndirmək üçün bir sıra uğurlu yürüşlər həyata keçirmişdir.
Göytürk xaqanlığının düşmənlərinə – Çin, Qırğız, Türgiş və digər xalqlara qarşı çoxsaylı uğurlu yürüşlər təşkil etmişdir. O, xüsusilə Çin Tang sülaləsinə qarşı döyüşlərdə cəsarətli və məharətli bir sərkərdə kimi fərqlənmişdir. Onun rəhbərliyi altında türklər Çinin böyük ordularını bir neçə dəfə məğlub etmiş və müstəqilliklərini qoruyub saxlaya bilmişlər.
731-ci ildə vəfat etmişdir. Onun şərəfinə Orxon çayının sahilində möhtəşəm bir abidə ucaldılmışdır. Bu abidə Göytürk yazılı mənbələrinin ən mühüm nümunələrindən biridir və türklərin tarixi, dili və mədəniyyəti haqqında dəyərli məlumatlar ehtiva edir. Abidə məşhur türk yazıçısı Yolluğ Tigin tərəfindən yazılmış və orada Kül Tiginin şücaətləri, Göytürk xaqanlığının tarixi və türklərin birlik çağırışları təsvir olunmuşdur.
Həmin abidədən bir neçə nümunəyə nəzər yetirək:
"Türük bodunıŋ iti bar erti, iti yitit, tabğaçka barmış, tabğaç kişi olmuş."
(Türk xalqının dövləti var idi, dövlətini itirdi, Çinə getdi, Çin insanı oldu.)
"Üze kök tengri asra yağız yer kılındukda, ekin ara kişi oğlı kılınmış."
(Yuxarıda mavi göy, aşağıda qara yer yaradıldıqda, ikisinin arasında insan övladı yaradılmışdır.)
"Kül Tigin ertin, bu ödke ol ertin, yime olma kerek."
(Kül Tigin var idi, bu dünyada var idi, yenə də olmalıdır.)
"Türük bodun tokuz oğuz budun kop ögdim, alpta."
(Türk xalqı və doqquz Oğuz boylarını çox yüksəltdim, igidlik göstərdim.)
"Küç birlə ança yablakınta, ança budun erti."
(Güc ilə o qədər ölkəni aldım, o qədər xalq var idi.)
Kül Tigin türklərin tarixində böyük iz qoymuş qəhrəman və sərkərdədir. Onun adı Göytürk imperiyasının ən parlaq dövrlərindən biri ilə bağlıdır. O, yalnız hərbi istedadı ilə deyil, həm də dövlətçiliyi və millətini qorumaq yolunda göstərdiyi fədakarlıqları ilə tarixdə əbədi yerini tutmuşdur.
Kül Tigin və İlahi qılınc
Göytürk xaqanlığının ən çətin dövrlərindən biri idi. Qonşu tayfalar türklərə qarşı birləşmiş, onların torpaqlarına hücum etməyə hazırlaşırdılar. Xalq narahat, döyüşçülər isə savaşa hazır idi. Bu ağır günlərdə türklərin ümid yeri Kül Tigin idi.
Bir gün Kül Tigin çadırında oturub dərin düşüncələrə dalmışdı. O bilirdi ki, qarşıdakı döyüş həlledici olacaq. Lakin düşmənlər çox güclü idi, onların ordusu daha böyük və daha yaxşı silahlanmışdı. Qəfildən bir yuxuya daldı. Yuxusunda o, ucsuz-bucaqsız bir çöldə dayanmışdı. Birdən səmadan nəhəng bir qartal endi və ona tərəf uçdu. Qartalın gözləri göy ildırımları kimi parlayır, qanadları isə qara buludları xatırladırdı. O, Kül Tiginin qarşısında dayanıb insan kimi danışmağa başladı:
– Ey türk elinin igid oğlu! Qılıncın güclüdür, amma sənə ilahi bir silah lazımdır ki, düşmənlərini məğlub edəsən. Get, Altay dağlarının zirvəsinə qalx, orada səni ulu əcdadlarının qılıncı gözləyir. Bu qılınc yalnız türk xalqını qoruyan əsl xaqana qismət olur!
Kül Tigin yuxudan oyanar-oyanmaz dərhal yola düşdü. O, təkbaşına Altay dağlarını aşaraq zirvəyə doğru irəlilədi. Günlər keçdi, lakin o, geri dönmədi. Döyüşçüləri və xalqı narahat idi. Nəhayət, səhərin erkən çağında Kül Tigin geri qayıtdı. O, əlində parlayan bir qılınc tutmuşdu – qılıncın tiyəsi sanki alovdan idi, o qədər iti idi ki, havanı belə kəsirdi.
Bu qılınc ilə Kül Tigin qoşununa rəhbərlik etdi və düşmən üzərinə hücuma keçdi. Düşmənlər türklərin gücünü gördükdə qorxuya düşdülər. Kül Tiginin qılıncı elə bir gücə malik idi ki, onun toxunduğu hər düşmən silahını yerə atır, qaçmağa çalışırdı.
Qələbədən sonra Kül Tigin xalqına belə səsləndi:
– Bu qılıncın gücü sadəcə metalında deyil. Onun gücü xalqımızın birliyində, inamında və ədalətindədir. Biz bir olduqca, türk eli heç vaxt məğlub olmayacaq!
O gündən sonra bu qılınc “İlahi qılınc” adlandı və nəsildən-nəslə ötürülərək türk xaqanlarının ən müqəddəs əmanəti sayıldı. Türklər isə həmişə inanırdılar ki, onların birlik və gücü qorunduğu müddətcə, həmin qılıncın ruhu onları daim müdafiə edəcək.
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
“Dustaq həyatını yaşayan öpüş…” - MİR CAMAL HÜSEYNİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Mir Camal Hüseyni (İncik) öz şeirlərini təqdim edəcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
Mir Camal Hüseyni (İncik)
ÖZÜN VƏ ÖZÜN
Bəzən həyatda özün olursan
Bir də özün.
Və özündən o yana bir uçurum
Düşünəndə içindəki şah qaçılmaz mat durumunu
Bir intiharlıq hərəkətə bağlamış
Oynamaq nəyə lazım?
Arxada səhifənin sonu
Yanlarda qarşısı bağlı fiqurlar!
Və açmazın çarəsiz cəbri.
Artıq bir özünsən
Bir də özün
Və özündən o yana bir uçurum.
RAKET
Dənizin yuxusun diskinir bir an,
Su altı gəmidən sıçrayan raket.
Göylərdə gecənin bağrında süzür,
Hansısa talelər düşünür raket.
Görəsən kimlərin ömür saatı,
Aslanıb qorxulu partlayışından.
Görəsən nə qədər talelər sabah,
Çökəcək partlayış anlayışından.
Bu gediş kimlərin bildirişidir?
Hansı senatorun göstərişidir?
Hər nəsə göylərdə bir ulduz axır,
Şerimin gözləri nigaram baxır.
Sabah hansı qəzet satılacaqdır?
Görən hansı vəzir qovulacaqdır?
Hamı Facebookda təhlilə cumub
Bütün qruplarda təzkərə qurub
Ala göz gözəllər səhifə arası
Reklamlar vuracaq ürək yarası.
Prezident xalqına təsliyyət verib
BMT bu işə təəssüf deyib,
Sabah başlayacaq məscidlərdə yas,
Sabah kilsələrdə “Fi südur əlnas”.
Yeddi min insanı yad edəcəklər,
Zalımı təkbirlə ad edəcəklər.
Kimsə də pərdənin arxa tayında
Gülür qərq olduqca pulun sayında.
Onun taleyinə bir təəmmül et,
Talelər dəyişən, ay uçan raket!..
DUSTAQ ÖPÜŞ
Səni arzulardan ala bilmədim,
Sən əl çatmaz duyğu, sən çətin şeir.
Sən dilək göyündə yenilməz ulduz,
Səni taleyimə sala bilmədim.
Yoruldu mahnılar gəl-gəl deməkdən,
Ağladı şerimə ümidsiz qələm.
Dinlədim yalnızlıq döyüntüsündən
Ümidsiz ümidim aldanır hələm.
Azdıqca o türlü xatirələrdə,
Daha görünmədi sevginin üzü.
Daldıqca illərdə zaman duyğusu,
Neyləyim, özləmin yatmadı gözü.
Azadlıq almadı dodaqlarından
Dustaq həyatını yaşayan öpüş.
Ağardı saçımda intizar gözü,
Gizləndi vədəndə yalançı görüş.
PƏRDƏLİ PƏNCƏRƏMİZ
Gecədir, pərdəlidir pəncərəmiz,
Və yağışdır ki, sükuta nəsə bir sözdüdeyir.
Bax yerin fırlanışından burada yoxduxəbər,
Ah mənim sübhə qədər çatmayacaq sanki yaşım,
Odur çallaşdı başım.
Gözümün təkcə önündə hava durmuşdu mənim
O havadan deyil ancaq nəfəsim.
O havanın zəhərindən qoxuyur günlərimiz,
Bu qara bəxt bəsim.
Daha mən arzularımdan nə qədər daldalanım?!
Ürəyimdən utanım?!
Bu qaranlıqda xəyaltək harasa uçmalıyam
Diləyi tapmalıyam.
Ona mən könlümü göstərməliyəm
O da mən çəkdiyim ağır yükün ağır çəkisin bilməlidir
O da bilsin ki gərək könlümü az didməlidir.
Harasa getməlidir
Gecədir pərdəlidir pəncərəmiz
Və yağışdır ki, sükuta nəsə bir sözdüdeyir.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
EVDƏ MƏSLƏHƏTÇİ – Şizofreniyanın əlamətləri və müaliçəsi hansılardır?
“Ədəbiyyat və incəsənət” portalının məşhur EVDƏ MƏSLƏHƏTÇİ rubrikası uzun susqunluqdan sonra yenidən dilə gəlir. Bu dəfə sizlərə güneyli soydaşımız, psixoloq və doktor Hüseyn Şərqidərəcə (Soytürk) “Şizofreniyanın əlamətləri və müaliçəsi hansılardır” mövzusunda mühazirə oxuyacaq.
1-Cİ SÖHBƏT
Şizofreniya hezeyanlar, eşitmə və vizual halüsinasiyalar, katatoniya və digər simptomlar kimi simptomlara səbəb olan psixi pozğunluqlardan biridir. Bu xəstəliyin dəqiq müalicəsi yoxdur, ancaq dərman vasitəsi ilə onu idarə etmək olar. Bu xəstəliyin müalicəsi üçün bir nevroloqa müraciət etməlisiniz.
Şizofreniyanın səbəbləri nələrdir?
Şizofreniya, insanların təbii olaraq reallığı anormal şəkildə şərh etdiyi ciddi bir psixi pozğunluqdur. Şizofreniya hallüsinasiyalara, hezeyanlara və gündəlik fəaliyyətə mane olan və zəiflədə bilən ağır psixi və davranış pozğunluqlarına səbəb ola bilər.
Şizofreniya insanın düşüncə, hiss və qavrayışına təsir edən beyin pozğunluğudur. Şizofreniyanın əsas simptomları eşitmə halüsinasiyalar və hezeyanlar (yalan və yalan inanclar) kimi dəlilik əlamətləridir.
Özünüzdə və ya ətrafınızdakılarda şizofreniya əlamətlərini görürsünüzsə, nevroloq və ya psixoloqa müraciət etməyiniz daha yaxşıdır.
Psixiatr və ya psixoloq axtarırsınızsa, həkiminizin onlayn qəbulu saytına daxil olaraq psixiatr və psixoloqların siyahısına keçib ən yaxşı həkimdən qəbula yazılmaq üçün istədiyiniz şəhərdə nevrologiya və ya psixologiya ixtisasına daxil ola bilərsiniz.
Şizofreniya nədir?
Populyar inancın əksinə olaraq, şizofreniya xəstələri bölünmüş və ya çoxşaxəli şəxsiyyətə malik deyillər, lakin şizofreniya psixoz və dəlilikdir, insanın təsəvvür etdiyinin real olmadığı ən çox yayılmış psixi xəstəliklərdən biridir. Bəzi hallarda psixi pozğunluğu olan insanlar reallıqla əlaqəni itirirlər. Ətrafdakı dünya çaşqın düşüncələrin, təsvirlərin və səslərin anlaşılmazlığı kimi görünə bilər. Şizofreniya xəstələrinin davranışları çox qəribə və hətta şok edici ola bilər.
Şizofreniya insanların instinktiv olaraq reallığı anormal şəkildə şərh etdiyi ciddi psixi pozğunluqdur.
Şizofreniyanın şiddəti insandan insana dəyişir. Bəzi insanlar yalnız bir dəfə dəlilik dövrünü yaşayır, bəziləri isə həyatları boyu bir neçə dəlilik dövrünü yaşayır və bu dövrlər arasında nisbətən normal bir həyat yaşayırlar. Şizofreniya simptomları residivlər və irəliləmələr kimi tanınan dövrlərdə pisləşir və yenidən yaxşılaşır.
Əsasən xroniki və zəifləyən şizofreniya xəstələri cəmiyyətdə, işdə, məktəbdə və münasibətlərdə çox vaxt problemlər yaşayırlar. Şizofreniya uzun müddət davam edən, müalicəsi olmayan, lakin idarə oluna bilən bir xəstəlikdir. Şizofreniya xəstələrinin ömürlük müalicəyə ehtiyacı var. Erkən müalicə ciddi fəsadlar inkişaf etməzdən əvvəl simptomları idarə edə bilər və uzunmüddətli proqnozu yaxşılaşdırmağa kömək edə bilər.
Şizofreniya hər yaşda görünə bilsə də, adətən yeniyetməlik və ya yaşın 20-ci illərinin əvvəllərində müşahidə olunur. Xəstəlik kişilərə və qadınlara bərabər təsir göstərir, baxmayaraq ki, simptomlar adətən kişilərdə (10 və 20 yaşlarında) və qadınlara nisbətən daha tez (20 və ya 30 yaşlarında) görünür. Ancaq simptomların erkən başlaması xəstəliyin şiddəti ilə əlaqələndirilir.
Şizofreniyanın başlanğıc yaşı
Şizofreniya hər yaşda görünə bilsə də, adətən yeniyetməlik və ya 20-ci illərin əvvəllərində müşahidə olunur.
Şizofreniyanın əlamətləri hansılardır?
Şizofreniya simptomları fərqli ola bilər, lakin adətən halüsinasiyalar, hezeyanlar və ya nitq pozğunluğunu ehtiva edir və funksiyaların pozulmasını əks etdirir. Əslində, şizofreniya aşağıdakı simptomları ehtiva edir:
Performansda dəyişiklik
Düşünmək
Hiss
Qavrama və idrak
İnsanın davranışı və şəxsiyyəti.
Həmçinin, insan müxtəlif vaxtlarda müxtəlif davranış növləri göstərə bilər. Şizofreniyanın ən çox görülən simptomları aşağıda qeyd olunduğu kimi müsbət simptomlar, koqnitiv simptomlar və mənfi simptomlar daxil olmaqla bir neçə kateqoriyaya təsnif edilə bilər.
Şizofreniya hər yaşda görünə bilsə də, qeyd etdiyimiz kimi, adətən yeniyetməlik və ya 20 yaşlarda müşahidə olunur.
Şizofreniyanın ən vacib əlaməti hansıdır?
Şizofreniyanın müxtəlif simptomları var, bəziləri daha vacibdir, çünki onları görəndə dərhal şizofreniyadan şübhələnmək olar. Bu simptomlar daha çox insanın yaşadığı və xaricdə mövcud olmadığı hallarla bağlıdır. Məsələn, şizofreniya xəstəsi halüsinasiyalar və hezeyanlar yaşayır. Bir şəxs bu simptomları göstərdikdə, psixotik ruhi xəstəlikdən və şizofreniya kimi pozğunluqlardan şübhələnməlidir.
Xəstə başqalarının görə bilmədiyi, eşitmədiyi və hiss edə bilmədiyi səsləri, təsvirləri və problemləri qeyd edərsə, daha ətraflı araşdırmalar üçün nevroloq və ya psixoloqa müraciət edilməlidir.
Şizofreniyanın müsbət əlamətləri hansılardır?
Bu simptomlar reallığa əsaslanmır və bəzən psixozun simptomları arasındadır, məsələn:
1. delirium
Qəribə inanclar var ki, onların kökü reallığa söykənmir və insan faktlarla üzləşdikdən sonra da təslim olmaz. Məsələn, əzab çəkən insan öz fikirlərini başqalarının eşidə biləcəyi və ya onların Allah və ya şeytan olduqları, ya da insanların öz fikirlərini insanın beyninə qoyan və ya onlara qarşı sui-qəsdlər quranların olması kimi xəyallardan əziyyət çəkir. Şizofreniya xəstələrinin əksəriyyətində hezeyanlar müşahidə olunur.
2. Aldanma
Bu, real olmayan hissləri dərk etməyi əhatə edir. Şizofreniya xəstələrində ən çox rast gəlinən halüsinasiyalar səsləri eşitməkdir. Bu səslər insanın davranışı, onu təhqir və hörmətsizlik və ya əmr verməklə bağlı ola bilər. Nadir görülən digər hallüsinasiya növlərinə orada olmayan şeyləri görmək, qəribə qoxular, ağzınızda qəribə dad və heç bir şey bədəninizə toxunmasa da, dərinizdə bir şey varmış kimi hiss etmək daxildir.
Şizofreniyanın əlamətlərindən biri katatoniyadır.
Katatoniya, bir insanın fiziki olaraq uzun müddət müəyyən bir vəziyyətdə sabitləndiyi və heykəl kimi sözdə olduğu bir vəziyyətdir.
Şizofreniyanın pozulmuş simptomları, insanın aydın düşünə bilmədiyini və lazımi cavab verə bilmədiyini göstərən bir növ müsbət simptomdur. Bu narahat simptomlara misallar daxildir:
Mənasız cümlələrlə danışmaq və ya bir insanın ünsiyyətini və ya söhbətdə iştirakını çətinləşdirən uyğun olmayan terminlərdən istifadə etmək.
Aralarında aşkar və ya məntiqi əlaqə olmadan bir düşüncədən digərinə sürətli keçid
yavaş hərəkət
Qərar qəbul edə bilməmək
Çox yazıram, amma mənası yoxdur
Bir şeyi unutmaq və ya itirmək
Gəzinti və ya kimi bir sıra hərəkət və ya davranışların təkrarlanması. Bir dairədə gəzmək
Şizofreniyanın mənfi əlamətləri hansılardır?
Darıxmayın. Söhbətimiz çox uzun çəkdi deyə bunu da gələn səfərə saxlayıram. Görüşərik.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Mənim andım”
Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Yaxın müddətdə rubrikamızda bir ad çəkiləcək – Davud Nəsib adı.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (1942-2003)) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Eləcə də gənclik çağında ümumittifaq miqyasında ən böyük uğurlara imza atmış şairimiz olub.
Davud Nəsib 1978-cü ildə Azərbaycan gənclərinin ən böyük təşkilatı olan Azərbaycan komsomolunun ən ali mükafatının – Azərbaycan komsomolu mükafatının laureatı olub. Cəmi 2 ildən sonra bu dəfə artıq SSRİ-nin ən ali gənclik mükafatına – Ümumittifaq Komsomolu mükafatına layiq görülüb. O, həm də hər iki qurumun Fəxri Fərmanları ilə təltif edilib, Ümumittifaq komsomolunun qurultayında Azərbaycanı təmsil edib.
Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Mənmim andım” şeirini təqdim edəcəyik.
MƏNİM ANDIM
Hamıdan mənalı danışar dilim
Əgər ürək dinsə, danışa bilsə.
Mən elə yanaram,
Bir ovuc külüm
Doğma torpağıma qarışa bilsə.
Qorxum yox zərrəcə məğrur ölümdən,
Verərəm yolunda ömrümü bütün.
Əgər lazım gəlsə, daş olaram mən
Bir düşmən başına çaxılmaq üçün.
Bəzən Kür olaram, Araz olaram
Doğma Xəzərimə qovuşmaq üçün.
Sərt külək olaram,
Ayaz olaram,
Savalan dağını mən aşmaq üçün.
Özünü nə desən sanmaq asandır,
İçərəm, badəyə töküb qəmi mən.
Yanaram...
Bəlkə də yanmaq asandır,
Bilmirəm, yanmağa layiqəmmi mən?
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Asif Azərellinin “Dədə Qorqud” rəsmi barədə düşüncələr
Nəvai Metin, “Ədəbiyyat və incəsənət” üçün
Asif Azərelli Azərbaycanın tanınmış rəssamlarından biridir və onun yaradıcılığında millilik və vətəndaş mövqeyi xüsusi yer tutur. O, milli dəyərləri, tarixi və mədəni irsi öz əsərlərində ustalıqla əks etdirən sənətkar kimi tanınır. Azərellinin əsərlərində Azərbaycan xalqının keçmişi, mübarizə tarixi və ənənələri vizual obrazlarla ifadə olunur.
Azərellinin əsərlərində milli kimlik onun rəng palitrasından tutmuş mövzulara qədər hər sahədə hiss olunur. O, milli ornamentlərdən, Azərbaycan xalça sənətinin elementlərindən və təbii landşaftlardan istifadə edərək, xalqın ruhunu sənət əsərlərinə daxil edir.
• Tarixi mövzular: Rəssam Azərbaycanın tarixi qəhrəmanlarını, mübarizə ruhunu və milli qürurunu simvolizə edən obrazlar yaradıb. Məsələn, tarixi şəxsiyyətlər onun əsərlərində tez-tez təsvir edilir.
Azərbaycan toyları, xalq oyunları və Novruz bayramı ilə bağlı səhnələr Asif Azərellinin yaradıcılığında qırmızı xətlə keçməkdədir. Bu, onun milli dəyərlərə bağlılığını nümayiş etdirir.
Azərelli yaradıcılığında yalnız milli mədəniyyəti deyil, həm də ictimai-siyasi mövzuları əks etdirib. O, Azərbaycan xalqının üzləşdiyi çətinliklərə, Qarabağ müharibəsi və müstəqillik uğrunda mübarizəyə həsr olunmuş əsərlərlə diqqət çəkir.
• Qarabağ mövzusu: Rəssamın Qarabağla bağlı əsərləri milli birlik və azadlıq uğrunda mübarizəni simvolizə edir. Onun çəkdiyi əsərlərdə qaçqın və məcburi köçkünlərin taleyi, şəhidlərin xatirəsi və qələbə ruhu təsirli şəkildə təsvir olunur.
Azərelli həmçinin əsərlərində cəmiyyətin problemlərinə, sosial ədalət və humanizmə diqqət çəkir. O, sənəti vasitəsilə xalqa çağırış etməyi və ictimai şüuru oyatmağı hədəfləyir.
Asif Azərellinin yaradıcılığı realizm üslubuna yaxın olsa da, onun əsərlərində ekspressiv yanaşmalar və simvolizm də müşahidə olunur. O, rənglərin və işıq-kölgə oyunlarının vasitəsilə emosiyaları vurğulamağı bacarır. Bu, onun əsərlərinə həm estetik, həm də mənəvi dərinlik gətirir.
Asif Azərelli milli kimliyi və vətəndaş məsuliyyətini sənətə gətirən görkəmli bir rəssamdır. Onun əsərləri Azərbaycan xalqının keçmişinə, bu gününə və gələcəyinə həsr olunmuş bir vəfa manifestidir. Rəssamın yaradıcılığı həm milli irsi qorumaq, həm də vətəndaş mövqeyini ifadə etmək baxımından böyük əhəmiyyət kəsb edir.
Asif Azərellinin Azərbaycan rəssamlığında milli irsin və qədim türklərin mədəniyyətinin tərənnümü baxımından xüsusi əhəmiyyət daşıyan “Dədə Qorqud” əsərindən söz açmaq istəyirəm.
Əsərin mərkəzində oturan Dədə Qorqud obrazı yerləşir. Bu, rəssamın obrazın əhəmiyyətini vurğulamaq üçün yaratdığı xüsusi bir kompozisiyadır. Dədə Qorqud milli kimlik və mənəvi irsin daşıyıcısı olaraq təqdim edilir. O, yalnız fiziki bir şəxsiyyət deyil, həm də mədəniyyətin və tariximizin simvoludur.
Asif Azərelli rəng seçimində təbii və parlaq tonlardan istifadə edib. Dədə Qorqudun ağ geyimi onun müqəddəsliyini və müdrikliyini simvollaşdırır. Ağ rəng həm də təmizliyi, həqiqəti və pak vicdanı ifadə edir. Arxa plandakı gün batımı səması isə emosional və poetik atmosfer yaradır, qədim zamanların nostaljisini ifadə edir.
Dağ mənzərəsi ilə harmoniya yaradan rənglər təbiətlə insanın vəhdətini simvollaşdırır. Buradakı təbiət həm də əsərin zamanını, qədimliyini vurğulayır. Dağ, adətən əzəmət, sabitlik və xalqın köklərinin möhkəmliyini ifadə edən simvol kimi işlənir.
Saz: Rəssamın diqqətlə vurğuladığı saz, türk xalqlarının musiqi ənənəsinin simvoludur. Bu, yalnız bir musiqi aləti deyil, həm də epik dastanların nəql edildiyi mədəniyyətin vacib atributudur.
Dədə Qorqudun duruşu: O, düşüncəli və əzəmətli şəkildə oturur. Bu duruş onun müdrikliyini və liderliyini göstərir. Yerdə oturması, qədim türk ənənəsində yerin müqəddəsliyini və təbiətlə harmoniyanı ifadə edir. Arxa plan , dağlar və səma.Dağlar xalqın əzəmətini və gücünü ifadə edir. Gün batımı isə keçmişə nostalji və milli irsə hörməti simvollaşdırır.
Əsər realizm üslubunda işlənmişdir. Rəssam detallara diqqət yetirib: geyim toxuması, saqqalın incə təsviri, sazdakı oymalar hər biri incə ustalıqla işlənib. Həmçinin rəssamın işığında dramatik elementlər istifadə etməsi Dədə Qorqudu əfsanəvi bir şəxsiyyət kimi göstərir.
Dədə Qorqud obrazı, sadəcə bir insanın deyil, türklərin ortaq keçmişinin və mədəniyyətinin əksidir. O, təkcə keçmişi deyil, həm də gələcəyi simvolizə edir. Rəssam bu əsərində bir millətin irsini qorumağın və ona yenidən həyat verməyin vacibliyini göstərir.
Asif Azərelli bu əsərlə yalnız bir sənət əsəri yaratmayıb, eyni zamanda, türklərin mədəniyyətinin mahiyyətini təsvir etmişdir. “Dədə Qorqud” əsəri mədəniyyətimizi unutmamağa çağıran bir mesajdır. Rəssam milli irsi vizual şəkildə canlandıraraq, həm keçmişə ehtiram göstərmiş, həm də gələcək nəsillərə bu irsi çatdırmağın əhəmiyyətini vurğulamışdır.
Əsər, həm bədii, həm də fəlsəfi məzmunu ilə Azərbaycan rəngkarlığında xüsusi yer tutur.
Asif Azərellinin hər bir əsəri haqda saatlarla danışmaq mümkündür. Mən sadəcə bir əsər haqqında fikirlərimi bölüşdüm.
Ruhuna sevgi ilə.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
PA – Planetin ən xeyirxah adamı UORREN BAFFET
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Mənə «İkinci bir idealın varmı» sualını versələr, təbii ki, düşünmədən bir ad çəkərəm: Uorren Edvard Baffet. Birinci idealım – Heydər Əliyev dünya şöhrətli siyasətçidir, ikinci idealım - Uorren Edvard Baffet isə dünya şöhrətli investordur.
Uorren Baffet hazırda dünyanın ən nüfuzlu və məşhur investorlarından, eləcə də ən varlı şəxslərindən biridir. O «Forbes» jurnalının siyahısına görə 46 milyard dollarlıq sərvəti ilə planetin 3-cü ən varlı adamıdır. 1930-cu ildə amerikalı sahibkar Hovard Beffetin ailəsində dünyaya göz açan, anası yəhudi əsilli Leyla Ştal olan Uorrenin olduqca maraqlı həyat hekayəsi var. O, artıq 11 yaşında özünü birjada sınayıb, atasından Cities Service Preferred kompaniyasının aksiyalarını almağı xahiş edib. Atası da hər biri 38 dollardan ona 3 aksiya alıb. Baffet aksiyalar azacıq ucuzlaşanda bərk məyus olub, yenidən bahalaşıb 40 dolara yaxınlaşanda isə dərhal onları sataraq 5 dollar qazanıb. Amma bir müddət sonra kompaniyanın aksiyaları 200 dollardan da baha olanda böyük peşmançılıq hissi keçirib. Və məhz həmin anda Baffet qərar qəbul edib ki, daha heç vaxt «atları qovmayacaq», yəni tələsməyəcək.
İlk böyük kapitalı – 10 min dolları o uğurlu bir ideyası sayəsində qazanıb: bərbərxanalarda əyləncəli pinbol oyun avtomatları yerləşdirib. 35 yaşında isə onun hazırkı investisiya kompaniyasının əsasını təşkil edən «Berkshire Hathaway» toxuculuq kompaniyasının səhmlərinin nəzarət paketinə sahib olub.
Bu kitab boyunca mən insanın uğur karyerasında kumirlərlə yanaşı müəllimlərin, valideynlərin də böyük rolundan danışmaqdayam. Elə Baffetin də uğur karyerasında əsas rolu atası ilə yanaşı, tədris aldığı Kolumbiya Universitetindəki müəllimi Bencamin Qrem oynayıb. Baffet özü deyir:
- Mənim həyatımda atamdan sonra ən böyük təsiri olan şəxs Benjamin Qrem olub. Məhz o, məndə fundamental analizin köməyi ilə ağıllı investisiya qoyuluşunun əsaslarını formalaşdırıb.
Baffetin həyatı və karyerasında məni cəlb edən bəzi epizodları oxucularımla böluşmək istəyirəm:
- O, dəbdəbə və təmtəraqdan tam uzaq olan birisidir. Planetin ən varlı adamlarından biri olsa da hələ də ABŞ-ın Nebraska ştatının kiçik Omaxa şəhərində, doğulduğu ikimərtəbəli köhnə bir binada yaşayır. Naharını sadə insanların arasında, fəst-fud yeməkxanalarında edir.
- O, planetin ən xeyirxah adamıdır həm də. 2010-cu ilin iyununda Baffet öz varidatının təqribən yarısını – 37 milyard dollarını xeyriyyə fondlarına verərək tarixə düşüb.
- Omaxalı «sehirkar» adlanan bu şəxsin digər insanlardan hər bir cəhəti kimi uzunömürlülük sirri (hazırda 88 yaşı var) də tam fərqlidir, burada daim eşitdiyimiz «sağlam həyat tərzi» atributlarından heç birini görə bilməzsiniz. Təsəvvürünüzə gətirin ki, o, gün ərzində 5 banka Coca-cola içir və əminliklə deyir ki, Coca-cola ona gümrah olmağa, özünü yaxşı hiss etməyə kömək edir.
- O, misilsiz gücə və iradəyə malikdir. 2012-ci ildə Baffetdə ikinci dərəcəli prostat vəzi xərçəngi aşkarlanmışdı. Bu, aprel ayında baş vermişdi. Xərçəngi çarəsiz xəstəlik sayırıq. Xüsusən orqanizminin bərpası qeyri-mümkün hesab edilən yaşlı insanlar üçün (həmin vaxt Baffetin 82 (!!!) yaşı var idi) xərçəng xəstəliyindən qurtulmaq ağlasığmazdır. Amma həmin ilin 15 sentyabrında Baffet elan etdi ki, 100 günlük radioterapiya kursunu tam olaraq keçib və artıq tamamilə sağlamdır.
Mən uğur düsturunu açıqladığım kitabımda öz kumirimin məsləhətlərinə də yer ayırmağa borcluyam. Odur ki, növbəti hissədə planetin ən varlı insanının məsləhətlərini mütləq təqdim edəcəyəm.
Sonda onu deyim ki, mənimçün uğur qazanmağın ən qızıl qaydaları sırasında «fərqlənmək üçün fərqlilərdən nümunə götür» postulatı əvəzsiz yer tutur.
Əziz oxucularım, həyatda uğur qazanmış bütün məşhurların, tanınmışların həyatlarını öyrənin, onlardan bəhrələnin. Mütləq bunun xeyrini görəcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)