Dünən onun məzarı tər güllərə bürünmüşdü Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Dünən onun növbəti onsuz keçən doğum günüydü, I Fəxri Xiyabandakı məzarı tər gül-çiçəyə bürünmüşdü. İnsanlar bu böyük sənətkarı anmağa gəlmişdilər...

 

Sənət elə bir möcüzədir ki, ona toxunan hər kəs ya onun sehrinə düşür, ya da özü bu sehri yaradanlardan birinə çevrilir. Azərbaycan muğamının nəhəng simalarından biri, unudulmaz xanəndə Əlibaba Məmmədov da məhz belə bir sənətkar idi. O, öz səsi və ifa tərzi ilə insan ruhuna toxunur, dinləyicilərini bəzən hüznə, bəzən də ilahi bir rahatlığa qərq edirdi. Onun muğama gətirdiyi yeniliklər və yaratdığı musiqi xəzinəsi yalnız Azərbaycan mədəniyyəti üçün deyil, bütün Şərq musiqisi üçün əvəzsiz mirasdır.

 

Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989),musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi, ictimai xadim, Şöhrət,  Şərəfİstiqlal ordenli Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının qədim, sənətə möhkəm bağlı Maştağa kəndində dünyaya göz açıb. O torpağın nəfəsi, küləyin qoxusu, dar küçələrində səslənən muğam ona beşiyindəcə sirayət etmişdi. Bəlkə də elə buna görə idi ki, səsi həm ana laylası kimi sakitlik bəxş edir, həm də yurd həsrəti kimi qəlbi göynədirdi.

128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib. Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

 

Uşaq yaşlarından musiqiyə olan marağı onu böyük ustadların dərgahına apardı. Seyid Şuşinski kimi bir dühanın tələbəsi olmaq, ondan muğamın sirlərini öyrənmək, sanki qədim bir irsi daşımaq demək idi. Amma Əlibaba Məmmədov bu irsi yalnız qorumaqla kifayətlənmədi, onu yeni çalarlarla zənginləşdirdi. Bir müddət sonra onun səsi təkcə ustadlarını deyil, bütöv bir xalqı heyran qoydu.

 

Onun ifasında muğam yeni bir həyat qazanırdı. Hər bir səs, hər bir titrəyiş qəlbin dərinliklərindən süzülüb gəlirdi. "Rast", "Bayatı-Şiraz", "Şur" muğamlarını elə oxuyurdu ki, adam sanki bir qədim dastanın içində özünü tapırdı.

Amma Əlibaba Məmmədov təkcə möhtəşəm bir xanəndə deyildi, o, həm də bəstəkar idi. "Azərbaycan", "Bənövşə", "Qoca dağlar" kimi mahnıları xalqın ruhuna hopmuşdu. O, mahnılarında təkcə melodiyanı deyil, torpağın nisgilini, suyun şırıltısını, yellərin pıçıltısını da canlandırırdı.

Onun bəstələdiyi "Vətən yaxşıdır" təsnifi illər sonra yeni bir ruh, yeni bir anlam qazandı. Şəhid Xudayar Yusifzadənin səsində bu təsnif başqa bir ahəng tapdı, başqa bir fədakarlıq simvoluna çevrildi. O gün Əlibaba Məmmədovun musiqisi Vətənin torpağına qarışdı, şəhid qanına, qəhrəman ruhuna bələndi. Bəlkə də bu, sənətin əbədiliyinin ən böyük sübutu idi: bir sənətkar dünyadan köçsə də, onun səsi yeni nəsillərin ruhunda yenidən doğulurdu.

 

Ömrü Boyu Muğama Bağlılıq və Əbədi Yaşayan Səs

 

Əlibaba Məmmədov muğamın keşikçisi idi. Onun səsi hələ də  köhnə lent yazılarında, radio dalğalarında səslənir və hər dəfə insanlara keçmişin şirin xatirələrini, muğamın əbədi sehri ilə dolu dünyasını xatırladır.

Amma mənim üçün o, sadəcə bir böyük sənətkar deyil. Mən onun doğulduğu torpağın adamıyam. Eyni küçələrdə addımlamışıq, eyni küləyin sərtliyini hiss etmişik. Onun səsi mənə tanışdır, çünki o, bu torpağın səsidir.

Əlibaba Məmmədov 25 may 2022-ci ildə 92 yaşında bu dünyadan köçdü.

Birinci Fəxri Xiyabanda dəfn olundu.

Amma onun səsi hələ də yaşayır. Və bilirsinizmi, muğam heç vaxt susmaz… Çünki onu oxuyan torpaq, onu dinləyən xalq sağdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.