Super User

Super User

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən saatlar, günlər, aylar keçmək bilmir, amma bəzən də dönüb geriyə baxanda zamanın necə də tez keçdiyini görürük.

Nə keçirdiyimiz narahatçılıqlar fayda verir, nə sevinclərimiz bizimlə qalır. Bizimlə qalan sadəcə və sadəcə ötüb keçən zamanla birlikdə geridə qalan acılı-şirinli xatirələr olur.

 

Bəzən zaman özü ilə birlikdə sadəcə xoş anlarımızı, uşaqlığımızı və ya gəncliyimizi deyil, məsumluğumuzu, hisslərimizi də alıb aparır.

Hər şeyin nisbi olduğu bu dünyada şam kimi əriyən ömür payında hamı öz səhvləri ilə öz doğrusuna sığınaraq, kimi arzuları, kimi də peşmanlıqları üçün yanır.

Hamı bir şeylərin mübarizəsində, hamı bir şeylərin təlaşındadır.

Lakin, bir az dərin düşünəndə görürük ki, əslində insanın ən böyük mübarizəsi elə özüylədir.

Və hamıya qalib gəlsə belə insan adətən bu mübarizədə həmişə özünə uduzur.

Hər daim azadlığa can atan insan mütləq özünü nələrəsə qurban edir.

Bəzən o qurbangahına özü can atır, bəzənsə ora məcburən aparılır.

Və insan bu ziddiyyətli istək və əməli arasında sərgərdana çevrilir.

 

Mən kiməm? Mən Heyran Zöhrabova!

Həyatım boyu mənə çox güvəndilər. 

Ailəm, dostlarım, müəllimlərim həmişə mənə şübhəsiz etibar etdilər.

Bəlkə də ilk baxışda bu ki, çox yaxşı bir şeydir deyəcəksiniz, amma mən bunun bədəlini çətinliklər qarşınıda həmişə tək buraxılmaqla ödədim.

Sən bacararsan, Sən onsuz da bilirsən, sən tək də öhtəsindən gələ bilərsən, sən bunu edərsən, sənə inanıram sözlərinin ağırlığı heç vaxt çiyinlərimi tərk etmədi.

Bəzən insanın güvənə deyil dəstəyə ehtiyacı olur.

Hamı məni zirvədə gördü lakin ora hansı zəhmətlə çıxdığımı görmədi.

Kənardan xoşbəxt görünürük, ya da elə görünməyə çalışırıq, amma kənardan saray stunlarını xatırladan bu dik duruşumuzun neçə yerdən qırıq, neçə yerdən dayaqlı, neçə yerdən yamaqlı olduğunu kimsə bilmir.

Hər döyüşdə qalib, hər mühitdə məğrur olan ədamızın kölgəsində uyuyan məğlubiyyətləri yuxuya verməkdən ötrü neçə gecə yuxusuz qaldığımızdan şübhəsiz heç kəsin xəbəri yoxdur.

Bəzən söylədiyimiz, bəzən udduğumuz, amma ən çox da heç özümuzlə təklikdə belə dilə gətirə bilmədiyimiz sözlər bizi aram-aram öldürür.

Dünyalar qədər dəyərliykən bəzən kiçik bir ehtiyatsızlıq səbəbi ilə özümüzü gözdən sala bilirik.

Bəzən bir nöqtəyə kilitlənib çata bilməyəcəyimiz, bəlkə heç dəyməyəcək olanlara tələsərkən dəyərimizə layiq olanları itirdiyimizin fərqinə belə varmırıq və gecikirik.

İnsanlar termus kimi sınır və bəzən biz onları qırmadıgımızı düşünüb eyni istiliyi gözləyirik. Hər halda buna sadəlövlük deyə bilmərik.

Bəzən eqomuzu təmin etmək üçün insanları sevgi adı altında əzirik.

Deyirlər hamı sevdiyini öldürür,  Santiaqoda deyirdiki "Hamı bir-birini və ya nəyisə müəyyən bir bəhanə, bir yolla öldürür." Yəqin onun da balığı sevərək öldürdüyü kimi.

Mələyi də elə ona azadlıq istəyən xalq parçalamışdı, Arturun ölümünü təsdiqləyən ona mənim dünyada səndən başqa heç kimim yoxdu söyləyən Montorelli olmuşdu.

Həsənin əzabına göz yuman səndən ötrü min yol dediyi Əmir idi.

Mumunu çayda boğan da, Lennini çayın qırağında güllələyən də onları hamıdan qoruyan Gerasim və Corc idi.

Mən heç vaxt uşaq olmadım. Uşaqlar uşaqlıqlarını yaşayıb böyüdülər mən isə bir para uşaqlıqdan bir para yetkinlikdən yarım qaldım.

Mən həmişə özümün ən yaxşı versiyası olmaq istədim amma heç vaxt bir başqası və ya bir başqasının yerində olmaq istəmədim.

Bir yandan sonuncu ölən ümidin yasını tutarkən digər yandan kiçik qığılcım görsəm oduna pərvanəyəm.

Deyəsən ulduzda batsa, şamda ölsə, hamıda getsə, kimsə qalmasada, yarımda olsa, yarımçıq da olsa yenə yaxşı olmağın hələ də mümkünolduğuna inanmaqdayam.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Ayaz Abasov

 

Ayaz Abasov Nizami oğlu 1998-ci il dekabrın 20-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Şəhidlər harda olur,

Dünyanın harasında?

Məzarına baxıram

Məzarlar arasında.

 

Vətənin hər yerindən,

Şəhidliyin görünür.

Üzündə körpəliyin,

İgidliyin görünür.

 

Lap uzaqdan seçilir

Şəhidlərin başdaşı.

Məzarını bəzəyir

Bir atanın əl izi,

Bir ananın göz yaşı.

 

Göz yaşından məzarın

Çiçək açır, gül açır.

Elə bil şəhidlərin

Məzarı işıq saçır.

 

İşıq saçır şəhidlik

Zirvəsindən hər yana.

İşıq saçır Şuşadan

Bütün Azərbaycana.

 

Mən indi bilirəm ki,

Şəhidlərin məzarı

Ocağım, pirim imiş.

Vətən, millət, şəhidlik

Bir yazar kimi mənim,

Ən həssas yerim imiş.

 

Bəlkə, yerim buradır,

Bu məzarın ayağı?

Döşək – vətən torpağı,

Yorğan – vətən bayrağı.

 

 “Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət

  

Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfovu bu gün xatırlamaq, yada salmaq borcumuzdur.

 O, 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib. 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib.

 

Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var. 2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini hazırlayıb. Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir. 2019-cu ilin yanvarında onun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilib.

 

 "Azərbaycan SSR əməkdar incəsənət xadimi", "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Fazil Nəcəfov 2023-cü il iyulun 11-də, 88 yaşında vəfat edib.

 

Filmoqrafiya

 

- Üfüqlü ötənlər

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

 

 

 9 iyul 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində “YARAT – Daxilindəki sənətkarı oyat!” devizi altında növbəti master-klass keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, yardıcı məşğələdə iştirak edən uşaqlar müxtəlif bədii fiqurlar hazırlayaraq onları öz zövqlərinə uyğun rəngləyiblər. Nağıl və hekayə personajlarından ilhamlanan uşaqların əl işləri fərdi yanaşma və yaradıcı təsəvvürlə seçilib.

Kitabxana əməkdaşları proses boyu onlara texniki və estetik istiqamətdə dəstək göstəriblər. Master-klassı keçirtməkdə əsas məqsəd uşaqların incəsənətə marağının artırılmasına, əl bacarıqlarının inkişafına və yaradıcı düşüncələrinin formalaşmasına xidmət etməkdir.

Qeyd edək ki, “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində bu tip maarifləndirici və yaradıcı tədbirlərin təşkili davam etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu cür xəbərlər həqiqətən də insanın sevincinə səbəb olur. “Azərsun Holdinq” şirkəti Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibəti ilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin yaz semestrinin imtahan sessiyasında ən yüksək bal toplayan tələbələrinə təqaüd ayırıb.

 

Bu münasibətlə fakültədə təşkil edilən görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev milli mətbuatın 150 illik yubileyi ərəfəsində belə bir addımın atılmasının sevindirici hal olduğunu qeyd edib. O bildirib ki, BDU-nun fəaliyyətində universitet-sənaye işbirliyi əsas tendensiyalardan hesab olunur. BDU-da son illərdə bu istiqamətdə müxtəlif qurumlarla ortaq layihələr həyata keçirilib: “Sevindirici haldır ki, Jurnalistika fakültəsində də bu ənənənin əsası qoyuldu. “Azərsun Holdinq” ölkənin ən iri şirkətlərindən biridir. Bu təqaüdlər tələbələr üçün böyük motivasiya olacaq, onların peşəkar mütəxəssis kimi formalaşmasına dəstək verəcək”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələr üçün yaradılan bu şəraitə görə Universitetin və “Azərsun Holdinq”in rəhbərliyinə təşəkkür edib, bunun gənc jurnalistlərin yetişməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb: “İnanırıq ki, digər şirkətlər də belə layihələr həyata keçirəcəklər. Gələcəkdə çox maraqlı, gənclərimizin inkişafı üçün səmərəli ola biləcək təqaüd proqramları elan edə biləcəyik”.

“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov isə holdinqin bu il mətbuatla bağlı silsilə layihələr həyat keçirdiyini söyləyib: “Bu layihələr çərçivəsində əsas tərəfdaşlarımızdan biri də BDU-nun Jurnalistika fakültəsidir. Şirkətlər qrupu növbəti tədris ili ərzində ən yaxşı nəticə göstərən 6 tələbəyə dəstək göstərəcək”.

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli və “Azərsun Holdinq”in müşaviri Oruc İbrahimov çıxışlarında tələbələri təbrik edib, tövsiyələrini paylaşıblar.

 

Sevindirici haldır ki,portalımızın əməkdaşı olaraq bəndəniz Nigar Həsənzadə də bu təqaüdə layiq görülən 6nəfərdən biridir!

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət

  

Bəli, o hər bir kəsə "Cənab Leytenant" və "İgid Əsgər, möhkəm dayan!" türkülərinin müəllifi kimi tanışdır. Zaman-zaman bu türküləri başqa adamlar da mənimsəməyə çalışıblar, amma haqq öz yerini tutub.

 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980–86-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Şahin Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayıb.

 

İlk təyinatı isə Biləsuvar rayonuna olub. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönüb. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Şahin Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirib.

 

Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürüb. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradıb.

 

1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur "Əsgər marşı"ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı -"İgid Əsgər, möhkəm dayan!" ilk dəfə televiziya ekranında səslənib.

 

Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazıb. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş "Qərib Karvan", Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon", "Cənab Leytenant" və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırıb.

 

8 kitab müəllifidir:

 

1.İgid Əsgər Möhkəm Dayan 2.Yaşamaq gözəldir, Yaşatmaq sonsuz

3.Ağ Ümid

4.Cəng əsgəri — ييجيت سولدير الوقوف ثابتة

5.Güllədən biçilmiş bir köynək

6.Светить всегда, светить везде!

7.Mübariz

8.Beş qapı

 

Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və Badam Medikal center klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Musiqi əsərlərinin siyahısı:

 

- İgid Əsgər Möhkəm Dayan

- Çağırır Vətən

- Vətən Əmanəti

- Öncə Vətəndir

- İstiqlal marşı

- And İçirik

- Cənab Leytenant

- Ağ Ümid

- Birinci Batalyon

- Səma Şahinləri

 

Şahin Musaoğlunun esseləri

 

1. Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.

2. Adları əbədi yaşayacaqdır və ya "Yalnız Tanrı bilir

3. Herkes ona "Bey" derdi

4. Nizami Gencevi

5. Əmir Teymurun qılıncı

 

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

  

Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi ofisində Fondun aparat rəhbəri Fəxri Hacıyevin müəllifi olduğu “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı oldu.

 

Nəfis tərtibatlı kitab Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Demokratik Respublikası arasında qeyd olunmuş dövrdə diplomatik və siyasi münasibətlərin təhlilinə həsr olunub.

Dövlət rəsmilərinin, Azərbaycanda akkreditə olunmuş səfirlərin, elm xadimlərinin və media mənsublarının qatıldığı, fondun əməkdaşı, yazıçı Fərid Hüseynin moderatorluğu ilə keçən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova ilk çıxış edərək öncə xatırlatma etdi ki, Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə liderlərinin dəstəyi ilə yaradılıb və o vaxtdan bəri türk mədəni irsinin qlobal miqyasda təbliği istiqamətində fəal beynəlxalq fəaliyyət göstərir. Bu ildən isə Özbəkistan da bu birlikdə təmsil olunur.

Aktoti Raimmkulova Fondun son illərdə həyata keçirdiyi əsas layihələr, uğurlu beynəlxalq proqramlar və yerli təşəbbüslər barədə də məlumat verdi. Xüsusilə gənclərlə iş sahəsinə toxunaraq bildirdi ki, artıq Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərində Türk İrsi Mərkəzləri fəaliyyət göstərir, yaxın zamanda isə oxşar mərkəzlərin Azərbaycan, Türkiyə, Türkmənistan və hətta Polşada da açılması planlaşdırılır.

Həmçinin söylədi ki, yaxın gələcəkdə Türk dünyasında Fondun həyata keçirəcəyi layihələr çərçivəsində rəqəmsal mədəniyyət və irs bazası yaradılacaq.

Daha sonra xanım Raimkulova qeyd etdi ki, bu nəşr təkcə tarixi bir araşdırma deyil, həm də xalqlar arasında mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən səylərin rəmzidir.

“Azərbaycan və Gürcüstan əsrlər boyu qarşılıqlı hörmət və strateji əməkdaşlıq əsasında münasibətlər nümayiş etdirir”, – deyən Aktoti Raymkulova vurğuladı ki, iki ölkənin diplomatik əlaqələrinin araşdırılması regionun ortaq mədəni və tarixi ənənələrini daha dərindən anlamağa imkan verir.

“Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922)” kitabının müəllifi — Dr. Fəxri Valehoğlu‑Hacıyev əsərin diplomatlar üçün dəyərli irs olduğunu və heç şübhəsiz, bu sahəyə yeni yanaşmalar gətirdiyini vurğuladı.

Hacıyev nitqində bildirdi ki, həmin dövrdə qurulmuş səfirliklər iki ölkə arasında kommunikasiya və əlaqənin təməlini formalaşdırıb və monoqrafiyada bu tarixi irsin davam etdirilməsi əsas məqsədlərdən biridir.

O, qeyd etdi ki, Gürcüstanın coğrafi mövqeyi əsrlər boyu türk xalqları arasında bir körpü rolu oynayıb və bu amil bu gün də öz aktuallığını qoruyur.

“Bizi birləşdirən çox sayda amil var. Gürcü xalqının mədəniyyəti, mənəvi dəyərləri, mətbəxi və daha bir çox sahələr türk xalqlarının ənənələri ilə sıx bağlıdır. Bu baxımdan kitabın məhz Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə çap olunması xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğuladı.

Müəllif əlavə etdi ki, bu gün Gürcüstan bütün türk dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurur və gələcəkdə türk əməkdaşlıq qurumlarında müşahidəçi statusu qazanmasına səmimi istək vardır.

F.Hacıyev həmçinin Tbilisidəki diplomatik fəaliyyəti zamanı şəxsi xatirələrini bölüşdü. Bildirdi ki, səfirlikdə və baş konsulluqda çalışarkən tez-tez düşünürdü ki, yüz il əvvəl Azərbaycanın adından burada kimlər diplomatik missiya aparıb, onların qarşısında hansı vəzifələr olub, kimlərlə görüşüblər, harada işləyiblər, harada yaşayıblar?

Hər dəfə düşünürmüş ki, münasib vaxt gələcək, bu mövzunu daha dərindən araşdıracaq.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncam imzaladıqdan sonra sərəncam bütün səfirliklərə göndərildi və konkret tapşırıqlar verildi: fəaliyyət göstərdikləri ölkələrdə Cümhuriyyət irsi ilə bağlı materialları toplayıb araşdırmaq və toplanmış materialları mərkəzə - Bakıya göndərmək. Bu da müəllifi kitabı məhz indi yazmağa sövq etdi.

Tədbir panel müzakirəsi ilə davam etdi. Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, A. Bakıxanov adına AMEA tarix institutunun direktoru Kərim Şükürov nəşrə elmi qiymət verdilər, ekspertlərin və digər iştirakçıların fikirləri dinlənildi.

 

İki saata kimi davam edən tədbirdən sonra kfe-breyk zamanı müəllifdən ərsəyə gətirdiyi kitabla bağlı fikirlərini aldım.

O söylədi:

-Kitabın hazırlanması zamanı Gürcüstan və Azərbaycan arxiv materiallarından geniş istifadə etdim. Ümumilikdə 33 fonddan 237 mənbə, o cümlədən qəzetlər, memuarlar, rəsmi yazışmalar və tarixi oçerklər işlənildi. Bu sənədlər əsərə elmi təməl verdi və yeni faktların gün işığına çıxmasına şərait yaratdı.”

Kitabın da, bu təqdimatın da əsas mesajı diplomatik irsin tədqiqi və qorunmasıdır. Bu istiqamətdə reallaşdırılan tədqiqat layihələri Türk dünyasının ortaq tarixini daha geniş oxucu auditoriyasına çatdırmaq üçün vacib addımdır.

 

Snda onu qeyd edim ki,  diplomatiya tariximizə yeni baxış gətirən “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922)” kitabı və onu müşayiət edən tədbir bir daha göstərdi ki, keçmişin işığında gələcəyin yolunu görmək mümkündür. Türk dünyasının ortaq irsini qorumaq və gələcək nəsillərə ötürmək yolunda Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

Bu cür elmi tədqiqatlar təkcə tarixçilər üçün deyil, milli kimliyimizi anlayıb yaşatmaq istəyən hər bir vətəndaş üçün dəyərli yol göstəricidir.

Təqdimatı yerində izləyən jurnalist kimi deyə bilərəm ki, tədbir boyu səslənən fikirlər, təqdim olunan əsərin məzmunu və ümumi atmosfer bir daha sübut etdi ki, tarix sadəcə keçmişin aynası deyil, gələcəyin istiqamətverici kompasıdır.

Gənc tədqiqatçı olaraq portalımızın Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə layihəsi çərçivəsində apardığım araşdırmaları genişləndirməyim üçün tədbir məndə xüsusi ruh yüksəkliyi yaratdı.

Türk mədəniyyətinə, tarixinə dair maraqlı nüansları növbəti yazılarda daha dəqiq və sistemli şəkildə sizlərlə bölüşəcəyəm.

 

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

Cümə, 11 İyul 2025 08:27

Femida təbiətli xanım

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

         Haqqında söhbət açmaq istədiyimiz femida təbiətli bu xanımın adı və soyadı belədir: Mahitac Əsədova.

Mahitac Elməddin qızı Əsədova 1939-cu ildə keçmiş Vartaşen (indiki Oğuz) rayonunun Baş Daçağıl kəndində müəllim ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Baş Daşağıl, orta təhsilini Muxas kənd məktəbində almışdır. Orta məktəbi “əla” qiymətlərlə başa vurmuşdur.

         1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirmişdir. 1960-1978-ci illərdə rayondakı Bucaq kənd orta məktəbində müəllim işləmişdir.

         1978-ci ildə Bakı şəhərinə köçmüşdür. Keçmiş Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda ixtisası üzrə müəllim işləməyə başlamışdır. 23 il fasiləsiz həmin kollektivdə çalışmışdır.

         Şeirləri o dövrün mətbuat səhifələrində ardıcıl olaraq dərc olunmuş, “Ayrılıq günümüz olmasın, Vətən!” adlı kitabı çap olunmuşdur.

         M.Əsədova ilə 23 il bir kollektivdə işləmiş, onu yaxından tanıyan pedaqoji elmlər doktoru, professor Yusif Talıbov “Ayrılıq günümüz olmasın, Vətən!”  kitabına yazdığı “Femida təbiətli xanım” adlı ön sözdə qeyd edirdi: “Qarşımda kiçik bir şeirlər kitabı var. Kitabın müəllifi haqqında bir neçə söz demək istərdim, çünki 23 il onunla birlikdə işləmişik”. Daha sonra Y.Talıbov M.Əsədovanın şeirlərində ifadə etdiyi vətənpərvərlik duyğuları ilə vətənini dərin məhəbbətlə sevdiyini, çox səbrli, təmkinli, intizamlı, Femida kimi ədalətli bir insan olduğunu göstərir. Qeyd edir ki, “Onun şeirləri vətənpərvərlik duyğuları ilə, düşmənə nifrətlə yoğrulmuşdur. Vətən, Vətən Şəhidləri onun şeirlərinin fəqərə sütünudur. Bu mövzudakı şeirlərdə onun göz yaşları, düşmənə dərin kini və nifrəti ifadə olunur. Milli Qəhrəman G.Əsgərovaya həsr etdiyi poema da belələrindəndir. “Şərəfli ölüm” poeması, onun Vətənə, Vətən şəhidlərinə həsr etdiyi şeirləri bir haray, çağırış kimi səslənir”.

         M.Əsədova 15 may 2003-cü ildə vəfat etmişdir. Sonsuzluq tale qisməti olmuş Mahitac xanımdan təkcə şeirləri, bir də onu tanıyanların ürəyində yaşayan xatirələr qalmışdır. Allah rəhmət eləsin!

         Azərbaycan Yazıçılar      Jurnalistlər birliklərinin üzvü, tanınmış yazar N.Hüseynli özünün “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz” kitabında M.Əsədova barədə yazır: “Hər bir şəxs, hər bir insan ölümündən sonra öz işi, əməli ilə xatırlanır. Xoşbəxt o kəsdir ki, ona rəhmət oxuyurlar. Mahitac xanım belə şəxslərdən biridir”.

         Sonda Mahitac Əsədovanın “Gülə biləydim” adlı şeirini oxucularımıza təqdim edirik

 

Ömür karvanımdan qırılan teli,

Ürəyim başında boş qalan yeri,

Hökmü, taleyimi yazan o əli,

Allah dərgahından silə biləydim,

Həyatda ürəkdən gülə biləydim.

 

Bəxtimin bağında solan gülləri,

İlan zəhərindən acı dilləri,

Qadalı, qayğılı keçən illəri,

Arxada qoyuban gələ biləydim,

Həyatda bir anlıq gülə biləydim.

 

Daşdan-daşa dəyən san gümanımı,

Qismətdə olmayan ömür payımı,

Xoşbəxtlik diləyən ömür payımı,

Həqiqət mülkündə görə biləydim,

Nə ola ürəkdən gülə biləydim.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)                                                   

 

Cümə, 11 İyul 2025 08:03

11 iyul -ABBAS SƏHHƏT günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət

 

 Abbas Səhhət — Vətəni və xalqı üçün yazan şair olub. Birinci cümləmiz mütləq belə olmaldır. Xalqın mövhümatdan, cəhalətdən qurtulması yolunda bütün gücünü əsirgəməyib. Bu gün onun günüdür. Onun vəfatının 107-ci ildönümüdür.

 

Abbas Səhhət 1874-cü ildə Azərbaycanın gözəl şəhərlərindən biri olan Şamaxıda anadan olub. Onun əsl adı Abbas Əliabbas oğlu Mehdizadədir. Ailəsi dinə yaxın idi və atası onu əvvəlcə mədrəsəyə göndərib. Lakin Abbas hələ uşaq yaşlarından elmə, oxumağa və təhsilə böyük maraq göstərib.

O, əvvəlcə Şamaxıda, sonra isə İranın Məşhəd və Tehran şəhərlərində təhsil alıb. Orada tibb elmini öyrənib və həkim olub. Ancaq onun içində bir şair qəlbi var olub – o, təkcə bədənləri sağaltmaq yox, həm də qəlbləri oyatmaq istəyib.

 

Həkimlikdən ziyalılığa gedən yol

 

 Azərbaycana qayıtdıqdan sonra həm həkim, həm də müəllim kimi çalışıb. O, məktəblərdə uşaqlara Azərbaycan dili və ədəbiyyatı öyrədib. Öz xalqını çox sevirdi və istəyirdi ki, hər bir uşaq savadsızlıqdan qurtulsun, oxusun, elm öyrənsin.

 

 Şairlik fəaliyyəti

 

Abbas Səhhət romantik ədəbi cərəyanın nümayəndəsi olub. Bu, o deməkdir ki, o, yazılarında duyğu, vətən sevgisi, azadlıq, gözəllik və insanlıq kimi mövzulara çox yer verib. Onun şeirləri oxucunun qəlbinə toxunub, düşündürüb, ruhlandırıb.

 

O yazırdı:

 "Vətənimdir, vətənimdir bu səfalı torpaq,

Qucağında böyümüşəm, mənə doğmadır ancaq."

Bu misralardan görmək olur ki, Abbas Səhhət üçün vətən hər şeydən əziz olub.

 

 Əsərləri

 

Bir çox gözəl şeir və poemaları var. Onun yazdıqları həm böyük, həm də uşaqlar üçün çox faydalıdır.

 

Məşhur kitabları:

 

"Sınıq saz" – burada xalqın dərdi, ağrısı və arzuları öz əksini tapıb.

"Qərb günəşi" – Qərb mədəniyyətinə açılan pəncərə, təhsilə və inkişafa çağırış.

"Əhmədin şücaəti" – qəhrəmanlıq və vətən sevgisi haqqında poemadır.

Uşaq şeirləri – “Quşlar”, “Ayı və şir”, “Ana və oğul” kimi sadə, maraqlı və öyrədici şeirlər yazıb.

 

Tərcüməçilik fəaliyyəti

 

Təkcə öz şeirlərini yazmayıb, həm də rus və Avropa ədəbiyyatından tərcümələr edib. O, Puşkin, Lermontov, Krılov, Hüqo, Nadson kimi klassiklərin əsərlərini Azərbaycan dilinə çevirərək, onları xalqına tanıdıb. Bu işi ilə o, Şərq ilə Qərbi birləşdirən bir körpü olub.

 

Ölümü

 

1918-ci ildə Şamaxı şəhərinə erməni daşnakları hücum edib. Bu səbəbdən Abbas Səhhət Gəncə şəhərinə köçməli olub. Təəssüf ki, orada yatalaq xəstəliyinə tutulub və 1918-ci il iyulun 11-də vəfat edib. Onun ölümü Azərbaycan ədəbiyyatı üçün böyük bir itki olub.

 

İrsi

 

Abbas Səhhət bizim üçün yalnız bir şair deyil, həm də bir maarifçi, bir müəllim, bir vətənsevər ziyalıdır. Onun yazdığı şeirlər bu gün də məktəblərdə oxunur, yaddaşlarda yaşayır. O, millətini oyatmaq, təhsilə və elmə çağırmaq üçün qələmini silah kimi istifadə edib.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Gah illərin o tayında, gah illərin bu tayında amma həmişə sözün içində olan bir şairimiz var - özü həmişə əzimli, artıq beş ildir ki, eli də şən olan Elşən Əzimi deyirəm!

Bu yazı əsasən, şairin “İllərin o tayı” şeirlər kitabı əsasında araya-ərsəyə gəlib. Redaktoru olduğum bu kitabın gün üzü görməsindən on ildən çox, şairin öz doğuluşundansa əlli il keçib.

 

Elşən Əzimin yaradıcılığı ilə tanış olan oxucu ilk növbədə tənhalıqla barışıq, ruhla vətən arasında çəkilmiş bir yol görür. Bu yol “İllərin o tayı” adlanan kitabda həm xatirə, həm gələcək, həm də içsəl dialoq kimi mövcuddur. “İllərin o tayı” təkcə şeirlər toplusu deyil, eyni zamanda ruhun tarixi, necə deyərlər, bir yaradıcı insanın öz zamanının poeziyasıdır.

 

Kitabın adı – “İllərin o tayı” – ilk baxışda keçmişi ifadə etsə də, bir ruhi aralığın olduğunu da bildirir. Şair “o tay” dedikdə nəyi nəzərdə tutur? - Mən yalnız bir misra, bir bənd və bir şeirə köklənib qalmaq istəməzdim, deyirəm, şair bəlkə də öz uşaqlıq çağını, yaxud sevda itiyini, ola da bilsin savaşdan dönməyən dostunu göz önündə tutub, könül içində saxlayıb, qələm ucunda bəsləyib? Amma daha dərinə baxanda bu “o tay” – elə sözün o tərəfi, səssizliyin özüdür. “Arazın o tayı” deyib Vahid Azərbaycanı, “Xəzərin o üzü” deyib Türküstanı haraylayan ulusun düşüncəli oğlu öz şair qələmində (Zəlimxan Yaqub üslubunda desək) ən zərif döndərmələri, incə xalları üfüqün o tayına, mənanın dərinliyinə daşımazmı ola?..

 

Elşəndə yaddaşın ritmi, düşüncənin alqoritmi az qala hər şeirində görsənir. Onun şeirlərində ritm, sadəcə vəzn, simmetrik bölgü və ya ahəng deyil, düşüncənin göyüzünün açıqlığı, genişliyi və məna tutumudur. Bu ritm içsəl monoloqla, özünə dönmə ilə başlayır, sonra, necə deyərlər, kollektiv yaddaşa qarışır, qarışır və sanki durna qatarına dönüb göyüzüncə qanadlanır...

Orxan Vəli demiş: “Şeir Yer üzündəki bütün quşları eyni anda havalandırma hərəkətidir”.

 

“İllərin o tayı” adlı şeirdə (s. 9) oxuyuruq:

 

“Körpü çaydan keçir, adam körpüdən,

Əcəl də şığıyıb adamdan keçir.

Sözünü yeyən var, səsini udan,

Sükuta gedən yol sədamdan keçir”…

 

Bu misralarda zamanın keçməsi ilə insanın öz dünyasında keşməkeşlər, keçim-keçməyim dilemmaları, körpüsalma, körpü yandırma və bir körpüyə yüklənə biləcək çox nəsnə vardır, vardır… Sanki sürgünlə qayıdış arasında metafizik bağ qurulur. Elşən Əzim üçün yurd, əlbəttə, coğrafidən ziyadə, mənəvi hadisədir.

 

Elşən Əzimin poeziyasında “mən” – fərdi etirafla kollektiv qavrayışın yaxud daha böyük miqyaslı düşünsək, ulusal dəyər yaradıcılığının sintezidir. O, öz içindən danışsa da, oxucu hər şeirdə elə özünü tanıyır.

 

“Ayılıb gördüm ki sağam” adlı şeirinə (s. 27) diqqət edək:

 

“Bir edamın mürgüsündən,

Ayılıb gördüm ki, sağam.

Qanım gülaba çevrildi,

Yuyulub gördüm ki, sağam.

 

Bu ömrü, günü soyundum,

Məndən ötəni soyundum.

Ruhdan bədəni soyundum,

Soyulub gördüm ki, sağam.

 

Adil fərmana tuş oldum,

Əcəl ağzında nuş oldum.

Qan ətrindən bihuş oldum,

Bayılıb gördüm ki, sağam.

 

Fikrim əyan olmayanda,

Şərhim bəyən olmayanda.

Öldüm duyan olmayanda,

Duyulub gördüm ki, sağam”.

 

Şeir ölüm və həyat, təslimiyyət və dirəniş, maddi və mənəvi varlıq arasında gedən içsəl dialoqun poetik təcəssümüdür. Ayılmaq – fiziki yox, ruhi oyanışdır. “Soyulmaq”, “bihuş olmaq”, “duyulmaq” kimi ifadələr vasitəsilə insanın yoxluq sınırına gedib geri dönməsi, mənəvi baxımdan yenidən doğuluş təqdim edilir. Bu, varlıq fəlsəfəsinin (ontoloji) poetik formasıdır.

Şeir, Gündoğar sufi poeziyasına və klassik Türk-İslam düşüncəsinə bağlanan simvolik dillə yazılıb. “Gülab”, “ədalətli fərman”, “duyan olmayanda” kimi obrazlar mistik-mənəvi sınaqları, göyüzündən gəldiyinə inanılan sınavları və kül olub… ucalmaq fəlsəfəsini çağırır. Burada ölüm – son yox, dirilişə keçid, edam – təmizlənmə, ağrı – oyadıcı qüvvə kimi kodlaşdırılıb. Bu şeir Nəsimi ruhuna salama durmaq eyləmidir.

 

Kəlbəcər doğumlu, Aran yaşamlı, Bütöv Azərbaycan sevdalı, Turan inanclı şairin poetik “mən” ilə göyüzü, kainat bağı, ontoloji dialoq söz konusudur. Şair bəzən anlayışları sanki üz-üzə qoyaraq dil və varlıq münasibətini poetik çözümə yetişdirərkən, özü lap azca spikerlik, daha çox monarxlıq edir (Azad Mirzəcanzadənin təbiriylə desək)...

 

“İllərin o tayı” kitabında şairin yaradıcılıq yönündə önəmli yer tutan motiv – köç və qayıdış iradəsidir. Bu, təkcə məcburi köçkünlüyün nostalji çaları deyil, həm də ruhi transformasiyanın izahıdır. Qayıdış və köç – “İllərin o tayı”nda ekzistensial motivlərdir.

 

2013-cü ilin ilk ayında yazdığı “Qayğılar qağayı kimi” şeirində (s. 43) şair deyir:

 

“Ömrə baş vurmuram, 

                          günüm –

Keçir ömrün sahilində.

Zamanı çəkir başına,

İçir ömrün sahilində.

 

Bu da məndə bir qaydadı,

Payım-püşküm o taydadı.

Ümidim uşaq boydadı,

Qaçır ömrün sahilində”.

 

Elşən bu şeirində vaxtın keçiciliyini, insanın həyat axarı qarşısında günahsız və taleyibəlli duruşunu təsvir edir. “Ömrün sahili” obrazı, həm həyatın sınırı, həm də tale qarşısında dayanan insanın müşahidə məkanı kimi təqdim olunur. “Qayğılar qağayı kimi” bənzətməsi isə azadlıqla yük arasında yellənən bir metafordur – yüngül görünən, amma dərindən düşündürən...

 

Burada bədii məkan coğrafilikdən çıxıb, fərdin içsəl strukturu kimi çıxış edir. Şairin yolu – zamanın içindən keçən mənlik xəttidir.

 

Elşən Əzimin bəzi şeirləri ilahi axtarışların, imanla şübhə arasında var-gəl edən düşüncələrin izlərini daşıyır. Görünür, o, sadəcə dini deyil, fərdi-etiksəl bir qiyamət və qiymətləndirmə içindədir. Bu olunca insanın özünə hesabatı, vicdan məhkəməsi, axirət deyil, içsəl haqq-hesab önplana çıxır. - Bu cümlələri Elşənin bir çox şeiri üçün qurmaq mümkündür.

 

Onun yaradıcılığında doğa olayları, adi əşyalar, hətta sükut belə simvolik dəyərlə yüklənmişdir. O, bir “qapı” haqqında yazırsa, bu qapı evin yox, yaddaşın qapısıdır; şeirində bir “pəncərə” varsa, oradan hava yox, azadlıq axır... Hətta, o pəncərədən axın edən rüzgar belə… konkret hava axını olmazdı, keçmişin metaforu, unutmaq istədiklərimizin xəbərçisi olardı. - Necə ki elə də olub…

 

Elşən Əzimin şeirləri “az sözlə çox deməy”in örnəyidir. Bu isə yalnız texnika deyil, əlbəttə - əxlaqi estetikadır.

 

Elşən Əzimin yaradıcılığı – şəxsi taleyin elin yaddaşına çevrildiyi və eyniylə ulusun qayğılarının onun şair ömrünə çökməsinin poetikasıdır. Onun şeirləri ağrının estetikası, düşüncənin mədəni arxividir...

 

50 illik yubiley – yalnız ömrün özü olmaqda qalmayıb, ədəbiyyatda iz salmış bir nəfəsin dönüb geriyə baxdığı məqam olsa gərək...

Və bu nəfəs – sözə sadiq, duyğuya talib, mənaya sədaqətli bir nəfəsdir… 

 

Beş il öncə olsaydı, bu yazını Kəlbəcər özləmiylə başlayıb, Kəlbəcərlə davam edib, Kəlbəcərlə də bitirər, ən sonda “Kəlbəcər eşqinə!” deyərdim; indi “Bütöv Azərbaycan eşqinə!” deyirəm, deyirəm ki, Bütöv Azərbaycanlı Turanımız, Turanlı dünyamız var olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

25 -dən səhifə 2325

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.