
Super User
Cəlilabadda "Qərbi Azərbaycan irsi" kitabının I cildinin təqdimatı olub
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Cəlilabadda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə, həmçinin Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
RİH başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır və hamımız bunun şahidiyik. Həmçinin, bildirib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.
QAİ-nın Aparat rəhbəri Qalib Qasımov çıxış edərək, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir. Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalmasından ilhamlanan Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilib.
Digər çıxış edənlər qeyd ediblər ki, Ermənistan dünyada nadir monoetnik və monokonfessional bir cəmiyyət strukturuna malik dövlətdir. Bu da təbii olaraq orada başqa mədəniyyətə nifrət hissini alovlandırıb və hətta dövlət təbliğatının bir formasına çevirib. Bu əməllər təkcə tarixi ədalətin deyil, beynəlxalq hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO konvensiyalarının və digər mühüm sənədlərin də kobud şəkildə pozulmasıdır.
Material işlənərkən Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinin materiallarından istifadə edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
"YAŞAT" düşərgəsində yazıçı Varislə görüş olub
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə şəhid övladları üçün keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 4-cü həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN”a istinadən xəbər verir ki, yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Materikinin Ədəbiyyat üzrə 3-cü LiFFt Festivallar Festivalını qızıl laureatı Varislə keçirilən görüş həyatda düzgün hədəflər seçmək və onlara doğru irəliləmək mövzusunda idi. Şəhid övladları habelə müxtəlif mövzularda yeni bilik və bacarıqlara dair məlumatlar alıblar, Varis fəal iştirakçılara Azərbaycan yazıçılarının və şairlərinin kitablarını, eləcə də mütaliə vərdişlərini aşılayan broşürlər hədiyyə edib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Bilim Bakı” mərkəzinin dərslərində uşaqlar innovativ biliklərini daha da təkmilləşdiriblər. “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən isə texniki idman növü kimi raket və peyk modelçiliyinin əhəmiyyəti mövzusunda təlim keçirilib.
“Focus” Kamandan Oxatma Məktəbinin nümayəndələri tərəfindən reallaşdırılan və iştirakçılar tərəfindən maraqla qarşılanan dərsdə bu idman növünün əsasları, düzgün duruş, hədəfə yönəlmə və atış texnikaları praktiki şəkildə izah edilib.
“Leyla Medical Center” tərəfindən ilkin tibbi yardımın əsaslarına dair təlim proqramında bu mövzuda vacib nəzərə alınmalı əsas məqamlar həm nəzəri, həm də praktiki olaraq nümayiş etdirilib və iştirakçılara təşəkkürnamələr təqdim olunub.
Düşərgənin əsas dəstəkçilərindən biri olan “Shokki Mokki” konsert proqramında uşaqlara şirniyyat hədiyyələri verib.
Həftə çərçivəsində düşərgə iştirakçıları Güllü Bərxudarlının və Zəhra Əsgərlinin doğum günləri də qeyd olunub.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında gənc müğənni Leyla Rəhimova müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.
Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə uşaqlara hədiyyələr təqdim olunub.
Tərəfdaşlar: "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotel;
Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “QSC, “Badamlı Mineral Suları”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, “Bilim Bakı” mərkəzi, “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi, “Shokki Mokki” , “Leyla Medical Center”, “Focus” Kamandan Oxatma Məktəbi;
Media dəstəyi: ASAN Radio/TV
“Ədəbiyyat və incəsənət”
(12.07.2025)
CƏLİL XƏLİLOV: “Cənubi Qafqazda tarixi dönüş baş verir”
2025-ci ilin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş verən hadisə Cənubi Qafqaz tarixində yeni bir səhifənin başlanğıcını qoydu. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən beş saatlıq görüş bir çoxlarının mümkünsüz saydığı sülhün əlçatan olduğunu nümayiş etdirdi. Görüşdə Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak ediblər.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Əbu-Dabi görüşü barədə fikirlərini “Ədəbiyyat və incəsənət” portalının oxucuları ilə bölüşür:
Əbu-Dabi görüşündə ən mühüm razılaşmalardan biri sərhədlərin delimitasiyası məsələsi ilə bağlı oldu. Liderlər bu istiqamətdə əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək müvafiq dövlət qurumlarına əməli tədbirlərin davam etdirilməsi üçün göstəriş verdilər.
Zəngəzur dəhlizi də müzakirələrin mərkəzində dayanan əsas məsələlərdən biri oldu. Artıq məlumdur ki, bu layihə yalnız regional deyil, qlobal maraq dairəsindədir. Moskva, Tehran, Brüssel və Vaşinqtonun maraq dairəsində olan bu yol, əslində yeni iqtisadi və siyasi düzənin əsas arteriyası ola bilər. Ermənistan öz suverenliyi və yurisdiksiyası çərçivəsində qərarlar qəbul etməkdə israrlıdır. Bu isə göstərir ki, dəhliz məsələsi yalnız infrastruktura deyil, siyasi iradəyə və beynəlxalq münasibətlərə dair ölçü daşıyır. Azərbaycanın mövqeyi birmənalıdır: bu dəhliz açılmalıdır. Lakin Rusiya, İran və digərlərini mövqeləri hələ tam aydın deyil.
ABŞ-ın dəhlizə nəzarət ehtimalı və beynəlxalq aktorların bu məsələdəki rolu isə danışıqlara yeni çalarlar gətirir.
Sülh müqaviləsinin 17 maddəsindən 15-nin razılaşdırılması, prosesin nə qədər yetkin mərhələyə çatdığını sübut edir. Əsasən qarşılıqlı iddialardan imtina, sərhəddə xarici qüvvələrin yerləşdirilməməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in funksiyasını itirmiş Minsk Qrupunun ləğvi kimi məsələlər ön plandadır. Ən aktual məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistan hələ də sənədlərində Azərbaycana qarşı ərazi iddialarına yer verir. Bunun dəyişməsi üçün referendumun keçirilməsi və ərazi bütövlüyünə dair açıq öhdəlik verilməsi vacibdir. Digər əsas məsələ isə ATƏT-in faktiki fəaliyyətsiz Minsk Qrupunun ləğvidir. Azərbaycan artıq bu qurumu tarixin arxivinə göndərməyi təklif edir. Azərbaycan danışıqlarda dəqiq, prinsipial və nəticəyönümlü yanaşma nümayiş etdirərək sülhə sadiqliyini növbəti dəfə ortaya qoydu.
ABŞ Dövlət Departamenti, eləcə də Avropa İttifaqı prosesə açıq dəstək ifadə etdi. Aİ sözçüsü Anitta Hipperin fikirləri də bu mənada əlamətdardır: “Bu, regionda davamlı sülh və təhlükəsizliyin bünövrəsini qoyacaq”. Bu görüş bir daha sübut etdi ki, sülh üçün yalnız bəyanatlar deyil, konkret təkliflər, real zəmanətlər və davamlı dialoq tələb olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan birbaşa və vasitəçisiz danışıqlar formatı istər sərhədlərin razılaşdırılması, istər azad olunan kəndlərlə bağlı, istərsə də sülh müqaviləsinin detallarında regionda sabitliyin təməlini möhkəmləndirir.
Əbu-Dabidə atılan addımlar gerçək barışa aparan yolun başlanğıcıdır. 30 illik münaqişənin, minlərlə insanın həyatına son qoyan faciələrin ardından gerçək sülh görünür. Ermənistan rəhbərliyi bu tarixi fürsəti əldən verməzsə, Cənubi Qafqaz bölünmədən əməkdaşlığa, şübhədən qarşılıqlı etimada keçid edə bilər. Görüş həm də iki lider arasında son vaxtlar müşahidə olunan gərginliklərin yumşaldılmasına və qarşılıqlı anlaşmanın inkişafına töhfə verdi. Dialoqun sakit, səmimi və konstruktiv atmosferdə keçməsi danışıqların məhsuldarlığını artırdı.
Veteranlarımız və bütövlükdə cəmiyyətimizin müxtəlif təbəqələri Əbu-Dabi görüşünü Cənubi Qafqazda davamlı sülhə aparan yolun mühüm mərhələsi kimi qiymətləndirir və bu istiqamətdə atılan addımları alqışlayırlar. Veteranlar Əbu-Dabi görüşünü yüksək dəyərləndirərək bildirirlər ki, Prezident İlham Əliyev milli maraqları qətiyyətlə qoruyaraq xalqın etimadını bir daha doğrultdu. Onların fikrincə, bu liderlik təkcə bu günün yox, həm də gələcək nəsillərin sülh və sabitlik şəraitində yaşamaq haqqının təmin olunması istiqamətində atılmış strateji addımdır. Əbu-Dabi görüşü yalnız iki dövlətin deyil, bütün regionun taleyinə təsir göstərə biləcək əlamətdar bir diplomatik hadisə oldu. Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü təkliflərə konstruktiv cavab versə Cənubi Qafqazda yeni bir dövr başlanacaq. Bu dövr qarşıdurmanın deyil, qarşılıqlı əməkdaşlığın; daimi gərginliyin deyil, dayanıqlı sabitliyin dövrü ola bilər.
Tarix yenidən - bu dəfə sülhün dili ilə yazılır.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Macarıstan nümayəndə heyətinin Türk Mədəniyyəti və İrsi Fonduna səfəri baş tutub
10 iyul 2025-ci il tarixində Macarıstanın Türk mədəni əməkdaşlığı və Macarıstan-Türkiyə Elm və İnnovasiya İli üzrə Hökumət nümayəndəsi Péter Hoppálın və Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamás Tormanın Türk Mədəniyyəti və İrsi Fonduna səfəri baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, fondun prezidenti Aktotı Raimkulova ilə keçirilən görüşdə təşkilat ilə Macarıstan arasında əməkdaşlığın mövcud vəziyyəti, həyata keçirilmiş birgə təşəbbüslər və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Macarıstanın müşahidəçi ölkə kimi Fonda verdiyi töhfələr xüsusilə vurğulanıb.
Görüş zamanı mədəni diplomatiyanın gücləndirilməsi, türk və macar xalqları arasında tarixi bağların əhəmiyyəti vurğulanıb. Xüsusilə ekspert mübadiləsi, akademik əməkdaşlıq və ortaq nəşr layihələri kimi mexanizmlərin daha da inkişaf etdirilməsi müzakirə olunub.
Xanım Aktotı Raimkulova Macarıstanın təşkilatın fəaliyyətinə davamlı maraq göstərməsini və mədəni təşəbbüslərdə fəal iştirakını yüksək dəyərləndirib. O bildirib ki, Macarıstanla əməkdaşlıq mədəni körpü rolunu oynayaraq, Türk və Avropa xalqları arasında qarşılıqlı anlaşma və mədəni yaxınlaşma baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hökumət nümayəndəsi cənab Péter Hoppál Macarıstanın Türk Dünyası ilə əməkdaşlıqda, eləcə də Fondun genişmiqyaslı fəaliyyətində iştirak etməsində hazır olduqlarını bildirib və gələcək əməkdaşlıq imkanlarına dair tövsiyələrini ifadə edib.
Tərəflər arasında uğurla həyata keçirilən layihələrdən biri kimi Türk xalqlarının folkloruna həsr olunmuş çoxcildli nəşrin hazırlanması xüsusi qeyd olunub. Layihənin əsas məqsədi türk xalqlarının zəngin qeyri-maddi irsini – nağıllar, əfsanələr, atalar sözləri, bayatılar, dastanlar və digər folklor janrlarını sistemləşdirərək gələcək nəsillərə çatdırmaqdır. Macarıstan bu təşəbbüsdə iştirak edir və bu layihəyə göstərilən dəstək xüsusi təqdir olunub.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 4
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan növbətisi:
4.Naviqasiya qanunu.
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Vətən adam - ŞAHİN MUSAOĞLU
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ondan həm də, yaxşı diplomat olardı, sanki diplomat doğulub. Düşündüklərini olduqca yumşaq şəkildə çatdıra, başqalarını inandıra və düzgün motivasiya qura bilir. Həmişə nəzakətlidir və həmsöhbətini başa düşməyə çalışır. Gözəl nitq qabiliyyəti var. Öz natiqliyi sayəsində fərdlərə və bütövlükdə böyük toplumalara təsir etməyi bacarır. Şux, zərif və təravətli görünür, çünki təbiət ona qüsursuz görkəm bəxş edib. Rahat yaşamaq üçün faydalı əlaqələr qurmaq, insanlarla dost olmaq onun üçün çətin deyil. Fitri zəkası güclüdür, sürətli düşünə bilir...
Deyir ki: - “O vaxt Azərbaycan Radiosunun "Çapar" adlı uşaq verilişi var idi. 2-3 dəfə dəvət etmişdilər. Şeirlərimi oxumuşdum. Məni həm ədəbiyyata, həm də musiqiyə "İgid əsgər, möhkəm dayan" gətirdi. O dövrdə belə mahnıya ehtiyac çox idi. Sovet dövründə bir-iki mahnı yazılsa da, həmin effekti vermirdi. Vətənin harayı var. Vətən övladları da öz borcunu yerini yetirməyə gedir. Bu istiqamətdə nəsə yazmaq lazım idi. O zaman ordumuz təzə-təzə formalaşdığı üçün könüllülərdən ibarət batalyonlar yaradılırdı. Həmin könüllülər Şəhidlər Xiyabanında and içərək, birbaşa cəbhəyə yollanırdılar. O uşaqlar, Azərbaycan ordusunun canlı tarixləridir. İlk yaranan batalyon isə “birinci batalyon” oldu. Mən də orada idim. Əksəriyyət xüsusi təlim keçmiş əsgər və zabitlərdən ibarət idi. Qürurverici anlar yaşayırdım. Heç kəs ölüm haqda fikirləşmirdi. Hamı qələbədən, zəfərdən danışırdı. Bax, “İgid əsgər möhkəm dayan” şeirini o dönəm yazdım. Oxudum razı qalmadım, yenidən yazdım. Yenə razı qalmadım. Elə bil, nəsə çatmırdı tamamlanmağa. Xeyli çək-çevirdən sonra gitarama sarıldım. Melodiya özü barmaqlarımın arasından süzülməyə başladı və nəhayət ürəyimcə oldu. Bu, mənim ilk bəstəm idi. Və mən, necə deyərlər, musiqiyə gəldim. Böyük, nəhəng və zəngin musiqi dünyasına. Başa düşdüm ki, şeirlərimdə anlada bilmədiyim hislərimi, düşüncələrmi musiqi ilə ifadə edə bilərəm. O vaxtdan əksər mahnılarımın musiqisi kimi, sözlərinin də mənə aid olmasının səbəbi budur. Bəstəni əvvəlcə xalq artisti Faiq Ağayevə verdim. Lakin onun Sankt- Peterburqa qastrol səfərinə yollanması ilə əlaqədar, mahnının yazılma prosesinin yubancağından ehtiyat edib, bəstəni Şəmistan Əlizamanlıya verdim...”
Haqqında söhbət açmaq istədiyim Şahin Musa oğlu Əbilov (Şahin Musaoğlu) əslən Təbrizdən olsa da, 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində dünyaya gəlib. Orta təhsilini bu kənddə alıb. 1980–1986-cı illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb institutunda ali təhsilə yiyələnib. Və təyinatla Biləsuvar rayonuna yollanıb. Dörd il burada həkim- terapevt kimi çalışdıqdan sonra yenidən paytaxta dönüb. 1990-cı ildə Xəzər Dəniz Hövzə Xəstəxanasında “USM” üzrə öz həkimlik təcrübəsini artırmağa başlayıb. Burada həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında o, Müdafiə Nazirliyi Tibb İdarəsi, “HET”-(Hərbi Elmi Tədqiqatlar) idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq gözəl bir ilkə imza atıb. Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradıb...
Münasibətlərdə etibarlı və sabitdir. Kimisə rədd etməkdən xoşu gəlmir. Onun üçün həyatda rahatlıq və başqalarının da qayğısına qalmaq çox vacibdir. Yalnız etibarlı insanlara güvənməyə çalışır və dostlarının köməyinə həvəslə gedir. Əsas xarakter xüsusiyyətləri isə: həssaslıq, şəfqətlilik, təvazökarlıq, inadkarlıq, mülayimlik, mərhəmətli və mühafizəkar olmaqdan ibarətdir. Qəfil dəyişiklikləri və dramatik dönüşləri sevmir...
“1991-1994-cü illər ərzində mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq etmişəm. İlk əməkdaşlıq etdiyim idarə tibb idarəsi idi. Ağır döyüşlər gedirdi. Ön xətdən çoxlu yaralılar gəlirdi. Onların hansı xəstəxanada və ya hospitalda yerləşdirilməsi ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox idi. Yaralıların valideynləri, yaxınları Müdafiə Nazirliyinin, baş qərargahın, tibb idarəsinin, respublikanın şəhər, rayon xəstəxanalarının qapısı qarşısında saatlarla vaxt itirir, ən xırda məlumatı belə ala bilmirdilər. Məhz o zaman bu məqsədlə operativ qərargah yaradıldı. Mən həmin qərargaha rəhbərlik edirdim. Və biz o dönəm ilk hərbi tibbi arxivi yarada bildik. Sonralar yaradıcılıq əlaqələri məni Müdafiə Nazirliyinin “Hərbi sənədli filmlər kino-tele studiyası”-na gətirib çıxardı. Mən orada bu studiyanın qurucuları olan Seyidağa Mövsümlü, Şəmistan Əlizamanlı, Nəriman Əbdülrəhmanlı, Nizami Abbas, Rahib Qərib, Nadir Diridağlı və sairləri ilə birlikdə çalışdım. Bununla yanaşı, həm də Müdafiə Nazirliyi “HET” idarəsi ilə əməkdaşlıq edirdim. “Hərbi bilik” jurnalı, “Azərbaycan ordusu” qəzetlərində yazılarla, reportajlarla çıxış edirdim.”- söyləyir.
Bəli, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur "Əsgər marşı"ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Və Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan bu mahnı- "İgid Əsgər, Möhkəm Dayan!"- ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra o, növbəti savaş türkülərini yazır.Heç şübhəsiz ki, 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunan "Qərib Karvan", Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon", "Cənab Leytenant" və s. bu kimi bir-birinin ardınca bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırıb. Şahin Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirib. Sözləri Rəsul Rzaya aid "Elegiya", Şəhriyarın vətən yanğısıyla qələmə aldığı eyni adlı "Azərbaycan", Bəxtiyar Vahabzadəyə məxsus "Bay yurdum", Əhməd Cavadın sözlərinə yazdığı "Bismillah", Anarın şeirlərindən biri olan "Gedirəm Zəngilana", Ramiz Rövşənin şeri əsasında bəstələdiyi "Yalquzaq" mahnısı və başqa türküləri ilə, o başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verib...
Deyir ki:- “Bəziləri hərbi vətənpərvərlik mahnılarının olmamasından gileylənirlər. Amma bir faktı unudurlar ki, bu, içdən gəlməlidir . Bu janrda işləmək məsuliyyət və professionallıq tələb edir. Bu tip mahnılarda bir tərəfdən zəfər, qələbə, savaş, qisas ruhu, digər tərəfdən isə qan-qadaya, ölümə meydan oxumaq, sülhü tərənnüm etmək xətti olmalıdır. Ona görə də vətənpərvərlik mahnıları deyiləndə təkcə marşlar yadda düşməməlidir. Vətəni tərənnüm edən, onun dağı, daşı, təbiətini vəsf edən hər hansı melodiya da vətənpərvərliyə aiddir. Bu sahədə xeyli populyar mahnı və marşlarımız var. Təkcə mənim yaradıcılığımda 30-a yaxın mahnı var ki, bunların hamısı sırf hərbi vətənpərvərlik mahnılarıdır. Məsələn, “Cənab Leytenant” mahnısı. Yadınızdadırsa orduda bir müddət leytenant poqonunda iki kiçik ulduz və ay vardı. Mahnı o vaxtlara təsadüf edir. Sonralar uniforma dəyişildi. Bəziləri buna irad tutsalar da mən sözlərdə redaktə etmədim. Çünki bu, bizim ordumuzun tarixi idi. “Səngər başındakı çatdığım ocağın” misrasını da kimlərsə- səngərdə ocaq çatmaq olmaz- deyib uğursuz misra kimi qələmə verirlər. Razıyam. Əslində mən ilk dəfə cəbhə bölgəsinə gedəndə qış idi. Hər tərəf qarın içindəydi . Blindaja girdik. Ortada bir odun peçi var idi. Bilindaj soyuq, peç isə yanmırdı . Daha doğrusu yandırmaq olmazdı. O zaman anladım ki, düzgün iraddır. Axı müharibə verilişlərində görmüşdük ki, əsgərlər həmişə tonqal ətrafında toplaşırlar. Yəqin bunun assosasiyası olub.”
Şahin Musaoğlunun qələmə aldığı şeirləri, o cümlədən bəstələdiyi mahnıları təftiş edəndə, adam heyran qalmaya bilmir. Bu adamın mayası necə deyərlər, vətən sevgisilə yoğrulub- büsbütün VƏTƏN ADAMDIR. İnanıram ki, qismətinə düşən bu tale, ona həmişə uğur gətirəcək...
Bu gün - iyulun 11-də Şahin Musaoğlunun 62 yaşı tamam olur. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında, isanları döyüşə, qələbəyə səsləyən mahnıları ilə əvəzsiz xidmətləri olan bu həkim, şair, bəstəkar qardaşımızı təbrik edirəm. Çox yaşasın!..
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
“Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” – Furqanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Furqanın “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” hekayəsini təqdim edir.
FURQAN
MUSTAFA HƏBİBZADƏNİN MEYİDİNİ MƏN OĞURLAMIŞAM
1.
Jurnalist otaq yoldaşımdan xahiş etmişdim ki, aktyor Mustafa Həbibzadəni tapsın və onu müsahibəyə razı salsın.
– Çətin məsələdi, – demişdi.
Amma bir gün işdən qayıdanda dedi:
– Muştuluğumu ver, Mustafa Həbibzadəni tapmışam.
– Doğrudan? – dedim, inanmağım gəlmirdi.
– Hə! Doğrudan.
– Müsahibə verməyə razı oldu?
– Güc-bəla razı saldım.
– Əla, – dedim, – mən də gəlirəm.
– Sən hara?
– Müsahibəyə. Sənin fotoqrafın olacam.
Otaq yoldaşım bilirdi ki, Mustafa Həbibzadə mənim ən sevimli aktyorumdu və onu yaxından görmək, onunla söhbət etmək ən böyük arzularımdan biridi. Və onu da bilirdi ki, tutduğumu qoparmamış əl çəkən deyiləm. Yəni “mən də gəlirəm” dedimsə, deməli, gələcəm. Dirəşməyin mənası yoxdu.
2.
– Bax ha, – deyərək son tapşırıqlarını verməyə çalışan otaq yoldaşım əlavə etdi, – orda sən çox danışma. Qəşəng şəkillər çək. Müsahibə bitəndən sonra nə istəsən, soruşarsan Mustafa müəllimdən.
– Yaxşı, – dedim, – narahat olma!
Avtobusdan düşüb meyvə-tərəvəz satılan marketə yaxınlaşdıq. Redaksiyanın fotoaparatı da əlimdə idi. Otaq yoldaşım satıcıdan soruşdu:
– Bilmirsiz, Mustafa Həbibzadə hansı evdə yaşayır?
– Niyə bilmirəm ki?! – deyə satıcı gülərüzlə cavab verdi. – Bu yolla təxminən iki yüz metr gedin, qırmızı darvazanı da keçib sağa dönün, birinci darvaza yox, ikincisi. Göy rəngdə.
Satıcı sözünü bitirib bizi başdan-ayağa süzdü:
– Deyəsən, jurnalistsiz.
Otaq yoldaşım sevincək:
– Hə, – dedi.
– Boş yerə əziyyət çəkməyin!
Satıcının bu sözlərinə ikimiz də təəccübləndik:
– Niyə?
– Oğlu maşın qəzasında vəfat edəndən sonra o, hamıdan qaçır. O vaxtdan bəri nə kinoya çəkilib, nə televiziyaya çıxıb, nə də müsahibə verib.
– Biz özüylə danışmışıq. Müsahibə verəcək, – otaq yoldaşım dedi.
– Həə? Lap yaxşı. Yaxşı kişidi o, həm də gözəl aktyordu.
Daha çox vaxt itirmək istəmədik. Satıcıya təşəkkür edib onun dediyi yolla getdik.
Otaq yoldaşım üçün bu müsahibə böyük əhəmiyyət daşıyırdı. Dediyinə görə, illərdi heç yerdə görünməyən aktyorun birdən-birə ortaya çıxması, müsahibə verməsi ölkədə böyük səs-səda doğuracaqdı. Və bu, bəlkə də, otaq yoldaşımın maaşının artmasına vəsilə ola bilərdi.
3.
Mustafa Həbibzadə pıçıltıyla:
– Bir şərtlə müsahibə verməyə razıyam! – dedi.
Biz bir-birimizə baxdıq.
– Hansı şərt? – deyə otaq yoldaşım soruşdu. Mustafa Həbibzadə eyni pıçıltıyla danışmağa davam etdi:
– Həkimlər mənə diaqnoz qoyublar. Pis xəstəliyim var. Uzağı bir ilə öləcəm. Bunu sizdən başqa heç kimə deməmişəm. Heç həyat yoldaşıma da.
Qısa sükut yarandı. Biz ikimiz də donub qalmışdıq. Adicə “Allah şəfa versin!” də deyə bilmirdik. Sükutu aktyorun özü pozdu:
– İstəyirəm ki, bu müsahibə mən ölən gün üzə çıxsın.
Otaq yoldaşım yenə mənə baxdı. Baxışları deyirdi ki, neyləyək? Astaca başımı yellədim. Yəni razı ol, onsuz da buracan gəlmişik.
Otaq yoldaşım dilləndi:
– Şərtinizlə razıyıq!
4.
Müsahibə, məncə, çox yaxşı alınmışdı. Mən də xeyli şəkil çəkmişdim.
Bir gün sonra otaq yoldaşım işdən qayıdanda qırımından bildim ki, sözü var, deməyə çəkinir.
– Nə olub? – deyə xəbər aldım.
– Heç nə! – dedi.
– Sözlü adama oxşayırsan.
– Hə, baş redaktor müsahibəni çap eləmək istəyir.
– Necə ki?
– Deyir, indi çap edək, partlasın. Ölümündən sonraya qalsa, yaxşı olmayacaq.
– Bəs şərti demədin?
– Dedim.
Kefim get-gedə pozulurdu.
– Demədin ki, kişiyə söz vermişik?
– Dedim.
– Nə dedi?
– Dedi ki, bu dövrdə kişi var?
– Tfu! – dedim, – lənət şeytana.
– Bilmirəm neyləyim... Bu gün şəkilləri vermədim. Dedim ki, kartı evdə unutmuşam. Sabah aparmalıyam.
– Aparmasan, olmaz?
– İşdən qovar məni.
– Xəstəliyi olduğunu da yazacaqsız?
– Bilmirəm.
5.
Baş redaktor istəyinə nail olmuşdu. Otaq yoldaşım çarəsiz qalıb şəkilləri və müsahibəni ona təqdim etmişdi. Müsahibə şəkillərlə birgə qəzetdə iki səhifə tutmuş, qəzetin saytında da dərc olunmuşdu. On il ərzində heç yerdə görünməyən Mustafa Həbibzadənin ortaya çıxması sənət camiəsində, doğrudan da, partlayışa səbəb olmuşdu. Otaq yoldaşım sözünün üstündə dura bilmədiyinə görə kədərlənsə də, baş redaktorun maaş artımı ilə bağlı dediyi sözlərin xoşbəxtliyini yaşayırdı.
Amma bu sevinc çox çəkmədi. Bir həftə sonra Mustafa Həbibzadənin ölüm xəbəri yayıldı.
Bütün saytlar ölüm xəbərinin ardınca aktyorun son müsahibəsini paylaşırdı. Otaq yoldaşım evin içində gəzə-gəzə təkrarlayırdı:
– Düz eləmədik. Gərək müsahibəni dərc etməyəydik.
Aktyorun dəfni sabah olacaqdı.
6.
Dəfn günü xəbər saytlarında dəhşətli bir xəbər yayıldı:
“Aktyor Mustafa Həbibzadənin meyiti yoxa çıxıb”.
Otaq yoldaşım işə getməyə hazırlaşırdı. Ordan da guya dəfnə gedəcəkdi. Xəbərdən ikimiz də sarsıldıq.
Elə bu anda qapı döyüldü. Otaq yoldaşım qapını açıb məni çağırdı:
– Tez bura gəl!
Qonaqları görəndə təəccübdən yerimdə dondum. Otaq yoldaşım ağappaq olmuşdu.
– İçəri girmək olar?
Cavab gözləmədən mənzilə daxil oldular. Dörd nəfər idilər. Çiyinlərində də tabut. Yorulmuşdular. Tabutu koridora qoyub otağa keçdilər.
– Çaydan, sudan nəyiniz var? – biri soruşdu.
Otaq yoldaşım titrəyə-titrəyə mətbəxdən su gətirdi.
Gələnlər, Mustafa Həbibzadənin müxtəlif filmlərdə yaratdığı mənfi obrazlar idi. Tabutdakı da, çox güman ki, aktyorun özü idi.
Su içdikdən sonra kresloda oturan mənfi obraz dilləndi:
– Yəqin, bilirsiz də, həkim ona diaqnoz qoymuşdu. Xəstəliyi var idi.
Otaq yoldaşım hələ də titrəyirdi:
– Hə, – dedi titrəyə-titrəyə, – bi... bilirik...
– Onu da bilirsiz ki, sizin üzünüzdən ürəyi partladı, öldü?
– Mənim günahım yoxdu, – dedim, – mən heç qəzetin işçisi deyiləm, sadəcə, Mustafa müəllimi görmək üçün fotoqraf olmuşdum.
– Kəs səsini! Əclaf! Günahı yox imiş. Buna bax!
Divana yayxanan mənfi obraz çox əsəbiləşmişdi, mənə qanlı-qanlı baxırdı, halbuki o, ən sevdiyim filmdəki obraz idi.
– Yaxşı, – dedi kresloda oturan, – olan olub, keçən keçib. Dəfnə az qalıb. – Sonra otaq yoldaşıma tərəf çevrildi:
– Zəng vur baş redaktoruna. Tez gəlsin bura. Vaxtımız azdı. Meyit iylənəcək.
7.
Baş redaktor koridorda qurumuşdu. Tabut və tanış simalar onu çox qorxutmuşdu.
– Deməli, belə! – dedi mənfi obrazlardan biri. – Zəng vurursan redaksiyaya. Belə bir xəbər verirlər saytda: “Mustafa Həbibzadənin meyitini mən oğurlamışam”. Yəni sən...
Mənfi obrazlardan biri qapının ağzını kəsdirmişdi ki, baş redaktor qaçmasın. Baş redaktor isə eynən otaq yoldaşım kimi əsirdi. Əsə-əsə cibindən telefonu çıxardı. Danışanda dili topuq çalırdı.
On beş dəqiqədən sonra xəbər hazır idi. On dəqiqə ərzində bütün xəbər saytları bu dəhşətli xəbəri tirajlamışdı.
Bayaqkı mənfi obraz dedi:
– Biz daha gedə bilərik.
Onlar getdilər, tabut evdə qaldı. Baş redaktor koridorda dizləri üstə çökmüşdü. Başını əlləri arasına almış, səssiz ağlayırdı.
Qorxa-qorxa tabutun qapağını qaldırdım. Boş idi. Otaq yoldaşım da, baş redaktor da gəlib baxdılar.
– Qəribədi, – baş redaktor dedi.
Xəbər saytlarına girdim. Sən demə, Mustafa Həbibzadənin meyidinin yoxa çıxma xəbəri yalan imiş. Hansısa sayt oxucuların marağına səbəb olsun deyə, yalandan paylaşıbmış.
Baş redaktor acı-acı dilləndi:
– Şərəfsizlər, ağızlarına gələni yazırlar.
Televizoru yandırdım. Mustafa Həbibzadənin baş rolda çəkildiyi film gedirdi. Məni söyən mənfi obrazı görən kimi tanıdım.
P.S. Dəfndə o qədər adam vardı ki, iynə atsan, yerə düşməzdi. Otaq yoldaşımın dəfndən hazırladığı reportajın böyük hissəsi baş redaktorun məzar üstündə çıxışından ibarət idi.
Həmçinin onun qələmə aldığı “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” adlı köşə yazısı da saytda oxunma rekordu qırmışdı.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
BÖYÜK ABBAS SƏHHƏT – o da erməni qurbanıdır
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət"
Bir gün ondan soruşurlar ki:
- Mirzə, siz həkimsiniz, niyə uzun illərdir ki, müəllimlik edirsiniz?
O isə cavabında deyir:
- Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm.
Bu gün Azərbaycan ədəbi-ictimai fikri tarixində əhəmiyyətli yer tutan ictimai xadim, Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şeir nəzəriyyəçisi, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndəsi, şair, nasir, dramaturq, tərcüməçi, müəllim, həkim kimi tanınmış Abbas Səhhətin anım günüdür.
Abbas Əliabbas oğlu Mehdizadə 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. 1900-cü ildə Tehran Universitetinin Tibb fakültəsini bitirən, rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən şair 1901-ci ildə Şamaxıya qayıdıb və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyib.
Yaradıcılığının əsas mövzusu vətən olan şair ik şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirib və sonralar da mütəmadi olaraq Azərbaycan dövri mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edib.
1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görüb.
“Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub və onun görkəmli nümayəndəsi olub.
Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan şair Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirib.
1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görüb. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunub.
Dövri mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutub. O, həmçinin Sabirin əsərlərini toplayaraq, vəfatının ildönümünə qədər ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirib. Və çox gözəl ön sözüylə Mirzə Ələkbər Sabirin yığcam tərcümeyi-halını qələmə alıb.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirib və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyib.
1918-ci ildə Azərbaycanın şərqində ağalıq edən bolşeviklər başda erməni Stepan Şaumyan olmaqla Azərbaycanı erməniləşdirmək üçün bolşevik-daşnak ordusu ilə azərbaycanlılara qarşı kütləvi qətliama başlayıblar, tarixdən bu sizə bəllidir. Xüsusən Bakıda, Qubada və Şamaxıda bu qətliam misilsiz həddə çatıb.
Əliyalın Şamaxı əhalisi qaçıb canını qurtaranda Abbas Səhhət və ailəsi də onların içində olub. Gedib Gəncədə sığınacaq tapıblar. Amma ölüm sanki onu qarabaqara izləyirmiş, şair Gəncədə yatalaq xəstəliyinə tutulub, 1918-ci il iyulun 11-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Qorxu fimləri - "Güzgülər"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Film metro stansiyadan keçən təhlükəsizlik xidməti əməkdaşından başlayır. Mühafizəçi qaçır və otağa girəndə görür ki, bütün güzgülər onu əks etdirir. O güzgüdən onu öldürməməyini xahiş edir. Qəfildən güzgü çatlayır və ondan bir parça yerə düşür. Mühafizəçi yerdəki, güzgü parçasını əlinə alır və onun güzgüdəki əksi öz boğazını kəsir. Və mühafizəçi ölür…
Magik qorxu filmi...
Polis detektivi vəzifəsindən müvəqqəti kənarlaşdırılan Ben Karson on il əvvəl yanğından xaraba qalmış Mayflauerdə təhlükəsizlik əməkdaşı kimi işə başlayır. Yanğında sonra da bina bir çox güzgüləri özündə saxlayırdı. Ben həqiqətdə qapının bağlı, güzgüdə isə açıq olduğunu görür. Uzun müddət Benin başına bir çox belə hadisələr gəlir və Ben elə bilir ki, bu hallyusinasiyalardır. O tezliklə Qerri Luisin sənədlərini tapır və onun ondan əvvəl burada işləyən gecə mühafizəçisi olduğunu bilir (filmin başlanğıcında ölən şəxs). Ben Qerrinin cinayət fotoşəkilllərinə baxdıqdan sonra başa düşdü ki, bunu onlar yox, onların güzgüdəki əksləri edir. Ben bacısının işlədiyi yer gedəndə ona deyir ki, "mən hərdən güzgüyə baxanda mənə elə gəlir ki, mən güzgüyə yox, güzgü mənə baxır."
Eyni zamanda, Benin bacısı güzgünün qabağından çəkiləndə əksi güzgüdə qalır. Onun əksi çənəsini hər iki tərəfdən tutur və yavaş-yavaş dartmağa başlayır. Bacısının çənəsi kənarlardan tamamilə çırılır və hər yer qan olur, o ölür. Ben onu tapanda çox hirslənir və Mayflowerə gedir. O əsas güzgünü qırmağa cəhd edir və bu zaman güzgüdə çatlarla bir soyad yazılır: "ESSEKER". O Mayflauerin yarısı su altında qalan zirzəmisinə daxil olur və oradakı "Psixiatrik Tədqiqatlar"-ın aparıldığı yeri tapır. O divardan suyun sızdığı yeri görür və divarı dağıtmağa başlayır. O hər tərəfdən güzgülərlə əhatə olunmuş və ortada stul olan otağı tapır. O buradakı xəstəni təyin etmək üçün polis dostu Lerridən bunu xahiş edir və Lerri Onun adının Anna Esseker olduğunu və onun dəli olduğunu deyir. Anna 12 yaşında kütləvi intiharda öldüyünü sənədlərdə yazılırdı. Lakin Ben Annanın fayılına baxır və onun Ölüm Haqqında Şəhadətnamasini danmış İcazəni və Razılıq formalarını tapır. Bu vaxt Benin həyat yoldaşı Emi (rol Paula Patton) Mayklın güzgünün qarşısından duranda əksinin güzgüdə qaldığını gördü. Emi dərhal Benə deyir və onlar bütün əks etdirən əşyaları boyayırlar.
Ben Annanın əvvəl qaldığı evi tapır və məlum olur ki, onu uşaq vaxtı zirzəmidə ciddi nəzarət altında saxlayırmışlar. Onu güzgülü otaqda saxlayıb müalicə etdikdən sonra onu Monastıra göndərirlər. Çünki, Monastırda güzgüyə baxmaq qadağandır və ümumiyyətlə orada güzgü olmur. Ben Monastıra gedib Annanı tapır. Elə bu vaxt Maykl boyanmış əşyaların üzərini bıçaqla təmizləyir və evdəki bütün suları açıq qoyur və bütün yer su olur. Emi Deyzini təhlükəsiz yerə qoyur və Mayklın yanına gedir amma Maykl qaçır. Ben Annanı Monastırdan çıxarıb Mayflauerə gətirib güzgülü otaqdakı stula bağlayır. Maykl yerdəki sudan qəfildən dartılmağa başlayır və batır. Mayflauerdəki işıqlar partlayır və güzgüdəki ilbislər yenidən Annaya qayıdır və bütün güzgülər partlayır. Eyni zamanda, Maykl yerdən çıxır. Anna Benə hücüm edir və onlar dalaşmağa başlayır. Ben qaz xətdini yandırır, Annanı öldürür və bina partlayır. Ben çıxışa tərəf qaçır və binadan çıxmağı bacarır. Küçə polis və yanğın söndürənlərlə dolu idi. Ben onların yanına gedir ancaq heç biri Benə fikir vermir. Ben görür ki, bütün yazılar güzgüdəki kimi əksinə yazılıb. O başa düşür ki, güzgü dünyasına düşüb. O küçədəki güzgünün yanına gedir və öz əksini görmür və o əlini güzgüyə qoyur və həqiqi dünyadakı həmin güzgüdə onun əli meydana çıxır.
Bu filmə daha çox yeniyetmələr baxır, statistika belədir.
Görünür, böyüklər acı həyatda ciddilikdən kənara çıxmağı lüzumsuz hesab edirlər.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Bütün ömrünü teatra bağlayan aktrisa
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət
Bütün həyatını teatra bağlayan adamlar tək-tük olur. Azərbaycan sənətçisi, aktrisa Ofeliya Məmmədzadə belələrindəndir.
O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərib. Arada teatrını dəyişib, sonra yenidən bura qayıdıb. 1999-cı ildə yenidən teatrdan çıxıb, amma 6 il sonra bir daha teatra qayıdası olub.
Teatr onu ömrü boyu öz cazibəsində saxlayıb.
Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış edib.
Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaradıb. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabili olub.
Ofelya Məmmədzadə Əməkdar Artist fəxri adına layiq görülüb.
1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaradıb.
Filmoqrafiya
1. 777 №-li iş
2. Arşınmalçı
3. Arvadım mənim, uşaqlarım mənim
4. Bir cənub şəhərində
5. Burulğan
6. Əlavə iz
7. 7. Gethagetdə
8. Köç
9. Poçt qutusu
10. Yenilməz batalyon
11. Zəncirbənd
O, 11 iyul 2007-ci ildə dünyasını dəyişib.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)