10 iyul 2025-ci il tarixində Macarıstanın Türk mədəni əməkdaşlığı və Macarıstan-Türkiyə Elm və İnnovasiya İli üzrə Hökumət nümayəndəsi Péter Hoppálın və Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamás Tormanın Türk Mədəniyyəti və İrsi Fonduna səfəri baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, fondun prezidenti Aktotı Raimkulova ilə keçirilən görüşdə təşkilat ilə Macarıstan arasında əməkdaşlığın mövcud vəziyyəti, həyata keçirilmiş birgə təşəbbüslər və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Macarıstanın müşahidəçi ölkə kimi Fonda verdiyi töhfələr xüsusilə vurğulanıb.
Görüş zamanı mədəni diplomatiyanın gücləndirilməsi, türk və macar xalqları arasında tarixi bağların əhəmiyyəti vurğulanıb. Xüsusilə ekspert mübadiləsi, akademik əməkdaşlıq və ortaq nəşr layihələri kimi mexanizmlərin daha da inkişaf etdirilməsi müzakirə olunub.
Xanım Aktotı Raimkulova Macarıstanın təşkilatın fəaliyyətinə davamlı maraq göstərməsini və mədəni təşəbbüslərdə fəal iştirakını yüksək dəyərləndirib. O bildirib ki, Macarıstanla əməkdaşlıq mədəni körpü rolunu oynayaraq, Türk və Avropa xalqları arasında qarşılıqlı anlaşma və mədəni yaxınlaşma baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hökumət nümayəndəsi cənab Péter Hoppál Macarıstanın Türk Dünyası ilə əməkdaşlıqda, eləcə də Fondun genişmiqyaslı fəaliyyətində iştirak etməsində hazır olduqlarını bildirib və gələcək əməkdaşlıq imkanlarına dair tövsiyələrini ifadə edib.
Tərəflər arasında uğurla həyata keçirilən layihələrdən biri kimi Türk xalqlarının folkloruna həsr olunmuş çoxcildli nəşrin hazırlanması xüsusi qeyd olunub. Layihənin əsas məqsədi türk xalqlarının zəngin qeyri-maddi irsini – nağıllar, əfsanələr, atalar sözləri, bayatılar, dastanlar və digər folklor janrlarını sistemləşdirərək gələcək nəsillərə çatdırmaqdır. Macarıstan bu təşəbbüsdə iştirak edir və bu layihəyə göstərilən dəstək xüsusi təqdir olunub.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)